Ədəbiyyat hər şeyi ifadə edə bilmiş, bircə yorğunluq ona naməlum gəlmişdi. İnsan yorular amma təsvirə çəkə bilməz. Hətta elə şeylərdən yorular ki, onu heç özü də aydın təsəvvür edə bilməz. Yorğunluq hər bir təcrübənin sonunda başlayar. O bəzən insan ruhunun tragediya üzərində qazandığı anlamsız zəfərdən sonra da yaranar. İnsan sevməkdən yorular, anlamaqdan, açıqlamaqdan, öyrənib, öyrətməkdən yorular. İnsan sözdən, mənzərədən, hiss etməkdən, inanmaqdan yorular. İnsan yorulanda dəyişər. Bir az buza oxşadar özünü bir az da sürətli küləklərin ortasında qalmış çinar ağacına. Yorğunluq arzulamadığın ssenarinin aktyoru olmaq kimidir hərdən. Yorğunluq həm də intihar kimidir. Ruhunu arzularına bağlayan damarı kəsmək kimi bir intihar. O, qoca və püxtələşmiş cərrah kimidir. Önündə ürəklər doğraq-doğraq olsa da soyuq baxan bir cərrah. O, dünyanı dəyişə biləcək adamlara verilən ən sərt cəzadır. Yorğunluq ağır bir savaşdır. İnsanın özü ilə olan savaşıdır. Qalibi və məğlubu eyni tərəf olan absurd bir savaş. Yorğunluq hansı dodağa oturacağını bilməyən və içində göz yaşı dadında bir dad daşıyan öpüşdür. Yorğunluq nə ədəbiyyatın işidir nə də ki, fəlsəfənin. Görünməz, rəngsiz və unudulandır. Bu yazı kimi, mənim kimi, sənin kimi və elə insan kimi.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!