MAVİ SƏMANIN XOŞ NƏVASIHazırda qarşımdakı əlyazması şəklində olan kitab özbək qızı Zilalə Xocaniyazovanındır (tərcüməsi gənc özbək şairi Rəhmət Babacana aid). Başdan-başa təbiət lövhələri, qədirbilənliklə ata-ana məhəbbəti, sevinc-kədər hissləri, uşaqlıq-gənclik coşqusu, gecənin zülməti – gündüzün parlaq işığı, kədərli mahnılar – şaqraq gülüşlər, həsrət ağrısı, həsrət ümidi – bir sözlə, insan ömrünü bəzəyən bütün naxışlar, ilmələr bu kitabda boxçalanıb.
Günəş işığından, dan nəfəsindən
Əlində bir dəstə çiçək var idi.
Ürəyim quş kimi çıxdı qəfəsdən,
Hər yan payız, qəlbimdəsə yaz idi.
Lirik, poetik tablo! Günəş nurundan, dan şehindən çiçək dəstəsi! Təbiətin bakirə anından bir qucaq şeir çələngi toxumaq, payızda yaz qoxusu, bahar dadı bilmək – bunlar ruhun yaşadığı ovqatdır! Şair bağrını eşqə saran duyğulardır! Bu duyğular “lirik mən”in qapısını qəflətən döyən,
Bəli, bir gün birdən, bilməm qəfildən...
Könül qapısını döyüb gəldi Bəxt.
– tale qismətinin yaşantılarıdır.Başqa bir şeirinə nəzər yetirirəm – şairə hisslərini bəzən dərvişanə notlarda qafiyələndirir:
Aşiq qəlbə qara dünya,
Səhv düşənə cəza dünya,
Bil, əsil dost Allah — dünya,
Gəl, dostum, sənə təşnəyəm,
Bu gün dərdə aşinayam.Özbəkistana səfərim çərçivəsində iki dəfə Dormanda – Yazıçıların Yaradıcılıq Evində olmuşam. Gözəl təbiəti, havası mülayim, suyu doyumlu, sözün gerçək mənasında, yaradıcı insan ruhuna sığal çəkəcək bir məkandır. Xoş nəvalı bağ-bağatı şair ilhamına “bir şeir də mənə yaz” – deyə pıçıldar. Belə bir yerdə şeir qoşmamaq mümkünmü?
Ah, Dorman bağları sərin, füsunkar,
Şairlər məskəni, ilham vətəni.
Payız ağuşunda gözəl, bənzərsiz,
Qızıl rəngə çalar Dorman bağları.– şeiri oxuduqca musiqi kimi səslənir. Ümumiyyətlə, Zilalə xanımın şeirlərinin ruhunda xoş bir nəva duyulur, sanki hansısa mahnıya yazılmış sözlərdir. “Qara gözüm” şeirini oxuduqca öz-özünə zümzümələnir, nəğmə kimi.
Zilalənin şeirlərində Ana mövzusu – ana məhəbbəti, ana laylası, ana həsrəti, ana ağrısı xüsusi yer tutur. Ana-bala, ana-qız bağlılığı bir ayrı incəlik, bir ayrı sehrdir:
Anam – unudulmaz nağılım,
ən həzin, ən məsum nağılım,
Həmişə yaxşılıq diləyən,
ən qədim nağılım.
Anam - mələyim
ağ köynəyindən
hər gecə mənə libas biçər.
Uzuun, lap ayaqlarımacan,
ətəyi topuğumu öpər.
Anam – unudulmaz nağılım,
ən qədim nağılım.Ürəyə qubar gətirən bu misralar Ana həsrətimi, yoxsa Ana ağısımı?! Anadan nə qədər yazsaq da nə qələm yorular, nə ruhun sakitləşir, heç əl də kağızdan qopmur, yazdıqca sözlər, misralar hey axır.
Bütün bu şeirlərin ruhuna, ahənginə bələd olandan sonra düşünürsən ki, şair üçün – bu misraların müəllifi üçün şeir nədir? Bir şair kimi özünü zamanın hansı fövqündə hiss edir? Cəmiyyətdəki tutduğu mövqe nədir? Misralar arasında cavab tapmaq elə də çətin olmur. Əslində, şeir yazmaq ruh məsələsi, könül çırpıntısıdır. Şairlik isə o çırpıntıları sözlə naxışlamaqdır. Ona görə də Zilalə xanımın ürəyi nə diktə edibsə, onu yazıb. Şeir qəm yüküdür. Şeir insan qəlbində yaşananların, hisslərin, ruhun üsyanıdır. Bəlkə də buna görə şairlər mənəvi aləmin vətəndaşları hesab edilir. O, həmişə öz aləmində özü-özünü həm kəşf edir və həm də ifa edir. Öz dünyasında həm xoşbəxtdir, həm də nisgilli.
Zilalə xanımın tərcümeyi-halı ilə tanış oluram: yazla yayın qarşı-qarşıya gələcəyi günlərin birində – 1973-cü ilin 16 iyun sabahı ata-anasının taleyinə günəş kimi doğub.
Adını Zilalə (Zilola) qoydular. (Zilalə adının mənası “Mavi səma” deməkdir. Azərbaycanda belə qız adı olmasa da, özbək qızlarına qoyulan və çox da sevilən bir addır. Baxtına həm də şeir yolu yazılmış bu xanım 2002-ci ildən Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. Uluğbəy mükafatı laureatıdır. “Ürəyimdə bir çiçək bitir”, “Qəlb yolu” “Həsrət pıçıltıları” şeir kitablarının, eyni zamanda “Publisistika və gəncliyin siyasi idealı”, “Kütləvi informasiya vasitələri və ictimai nəzarət”, “Qloballaşma şəraitində gənclərin mənəviyyatı”, “Ailə – tarix və inkişaf silsiləsində” adlı elmi-publisistik risalələrin (kitabçaların) müəllifi, “Vətən üçün yaşayaq!”, “Yeni Özbəkistan”, “Qadına ehtiram” respublika müsabiqələrinin qalibidir. Uzun illər Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Özbəkistan Respublikası Dövlət Əmlak Komitəsinin nəşriy¬yatın¬da, hazırda isə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Agentliyin “Standart” jurnalının baş redaktoru vəzifəsində çalışır”. Müsahibələrinin birində qeyd etdiyi kimi, “cəmiyyətdə mən də hamı kimi yerimlə, işimlə, ailəmlə, övladlarımla məşğulam. Təbii ki, könül adamı olan şairin cəmiyyət ölçülərində yaşaması çox çətindir. Əsas odur ki, cəmiyyətdəki fəaliyyətimdə xalqımın, ölkəmin inkişafına töhfə verə bilim”.
Hər şairin poeziya aləminə qədəm qoymasının qısa bir hekayəti olur. Zilalə xanımın ilk hekayəsi belə başlayıb: “Birinci şeirimi 6-cı sinifdə yazmışam. Yadımdadır, o vaxt ədəbiyyat müəllimimiz şagirdlərə tapşırıq verirdi ki, evdə sərbəst mövzuda şeir və ya inşa yazsınlar. O vaxt “Kəpənək” adlı şeir yazmışdım. Müəllimimiz həmin şeirimi bütün sinifə oxudu və alqışladı”. Qısaca xatırlanan həmin gün bu qızcığazın qəlbini söz eşqinə təşnə edib. İçində o günü – alqışları, tərifləri göyərdərək ədəbiyyata, şeirə könül bağlayıb. Həmin günü əfsanəyə çevirən notların dörd misrası belədir:
Güldən gülə qonarsan,
Ey, zərxallı kəpənək.
Sənə baxsam könlümdə
Oyanar parlaq arzu.Elə həmin parlaq arzunun qanadlarında taleyini sözün, misraların sehrinə büküb. Təbii ki, istedad ilahi hadisədir, poeziya ilhamın məhsuludur. Nə qədər çətin və zəhmətli iş olsa da, ilhamsız yaradıcılıq nümunəsi yüksək səviyyəyə qalxa bilməz. Bəli, gözəl sənət əsərləri yaratmaq üçün təkcə ilham kifayət etmir. Çox oxumaq, oxuyarkən layiqli və mükəmməl əsərlər tapmaq yaradıcının mənəvi dünyagörüşünün, fəlsəfi təfəkkürünün, dünyanı daha dərin qavramasının əsas mənbəyidir.
Zilalə xanımın şeirlərində ən çox “hansı mövzular üst qatda görünür” marağı ilə şeirlərini bir daha başdan-başa oxumağa ehtiyac qalmadı. İlk şeir kitabının adı “
Həsrət pıçıltıları”dır. Özünə ustad hesab etdiyi özbək şairəsi Həlimə Əhmədova həmin kitabına ön söz yazarkən “şeirlərində həsrət notları çoxdur” qərarını xüsusi olaraq qeyd edib. Bu mənada da deyə bilərik ki, şeirlərində həsrət mövzusu – yurd həsrəti, ata-ana həsrəti, bahar həsrəti, qismət həsrəti və s. kimi sətirlərdə dolaşan misralar onun həsrət narahatçılığını qabarıq görünür.
Yaxşı şair adını almaq üçün çox yazmaq, çoxlu kitab çap etdirməkmi lazımdır? Müdrik insanlarda “sənətdə və ədəbiyyatda keyfiyyət kəmiyyəti müəyyən edə bilər” – fikri çoxlarına məlumdur. Ədəbiyyatda önəmli olan nə qədər yazmaq deyil, necə yazmaqdır. Təəssüflər olsun ki, bugünkü ədəbiyyat aləmində də bir neçə kitabı işıq üzü görsə də, amma bir sətri də sevənlər tərəfindən oxunmayan çoxlu sayda “şair” var. Eyni zamanda, çox az sayda çapdan çıxmış böyük sənətkarlar da var. Hətta hər bir sətri pərəstişkarlarının qəlbində, ruhunda dolanan, amma təbliğatı unudulmuş böyük sənətkarlarımız da var. Bu kontekstdə yanaşanda hazırda qəribə bir şeir təbliğatı silsiləsi yaranıb. Baxırsan ki, bir şairin şeirləri Afrikada, Şimallı-Cənublu Amerikada, Avropa və Asiyada boya-boy nəşr olunur: jurnallarda və ya onlayn PDF-lər vasitəsilə. Bir-ikisini oxuyandan sonra bu şeirlərin dünya çapında olmadığını da görürsən. Sakitcə ötürürsən, daha elə “dünyaca məşhur şairin” ən gözəl şeirləri belə gözündən düşür. Belə dünyəvilik poeziyanı gözdən salmaqdır, yoxsa qoy belə də olsun, onsuz da zaman öz ələyi “sirat körpüsü” kimi qarşıdadır. Şeir qəlb nidası olaraq doğulur, “poetik söz eşq suyundan, iztirab torpağından yaranır”. Əslində bu işıqlı dünyada deyilməyən söz qalmayıb. Sənətkarın istedadı bu köhnədən yeni söz, yeni nəfəs, yeni mövzu tapmaqda görünür. Simurq quşunun dimdiyindən yenidən doğulması fəlsəfəsini xatırlamaq yerinə düşər. Yüzlərlə mütəfəkkirin yetişdiyi ölkələrimizdə öz sözünü, öz səsini tapmaq asan deyil.
Zülalə xanımın qəlbinin nidasını bura köçürmək istədim: “Ən çox yazmaq istədiyim mövzu Vətən hissi, milli dəyərlərimiz, bu xalqın ürəyində olan ana dilimizin taleyi, arzu və sevincləridir. Kim olmağımızdan asılı olmayaraq, hər şeydən əvvəl biz bu ölkənin övladlarıyıq, onun dərdi, kədəri, xoşbəxtliyi, kamilliyi bizdən ayrı deyil”.
Bu günkü şairlər klassik, yoxsa müasir üslubda yazmağa önəm verirlər marağı ilə da bəzi məqamlara toxunmaq istədim. Ulularımız “sözdə sehr, şeirdə hikmət var” – deyiblər. Bu qədim deyim, sözə-şeirə verilən yüksək qiymət qələm əhli üçün bir meyardır. Doğrudan da, şeirdə hikmət və elm-mərifət təcəssüm olunmalıdır. Xüsusən də bu meyarı klassik, ənənəvi poeziyamızda daha çox görə bilərik.
XX əsrə qədər qardaşlıq-dostluq çərçivəsində uğurla davam edən ədəbi ənənə, ədəbi təsir məsələsi bu gün də davam edir. Bu günkü gündə XXI əsrdə iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafı gənclikdən asılıdır. Gənclərimiz də bu missiyanı doğru istiqaamətləndirib, üfüqlər aydın görünür.
Üfüqünüz aydın olsun, Zilalə xanım! Azərbaycan oxucularına təqdim etdiyiniz şeir çələnginiz mübarək olsun!
“Günəş — göyün əbədi dəyirmandaşı!” - deyərək poetik lövhə cızan Zilalə xanım Vətən eşqli, Yurd məhəbbətli, Turan sevdalıdır”
Ey Turan oğlu, qalib oğlan,
Vətənin cəsur keşiyində ol!Almaz Ülvi
filologiya elmləri doktoru