20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 9-10-2022, 11:46
"Nur ocağı" ədəbi məclisi Ramilə Əliyevanın şeirlərini təqdim edir:

"Nur ocağı" ədəbi məclisi Ramilə Əliyevanın şeirlərini təqdim edir:

Vətən
Yenə kədərlidir, yenə qəmlidir,
Ruhumu titrədən bu anın, Vətən.
Həsrət qorxuludur, gözü nəmlidir,
Yüksək zirvələrdə dumanın,Vətən.
Şəhid xəbəriylə açıldı səhər,
Yenəmi göz yaşı, yenəmi qəhər?
Yenə ölməzliyin kitabın yazdı,
Vətən sevdalısı olan Şəhidlər.
Bir Vətən sevgisi ürəyimizdə,
Sanki bir məşəlli yoldu bu sevgi.
İsti otaqlardan, rahat yataqdan,
Soyuq səngərlərə doldu bu sevgi.
Oğullar Vətənçün qurban getdilər,
Deməyin heç zaman öldü Şəhidlər.
Uca bir millətin, yenilməz xalqın,
Zəfər salnaməsi oldu Şəhidlər.
Vətən, açılacaq nurlu sabahlar,
Kədər yox olacaq, bitəcək həsrət,
Müqəddəs ruhların məskən saldığı,
Torpaq gülüstana dönəcək, əlbət.
Şəhid
Yenə payız fəsli gəldi yurduma,
Yenə xəzan oldu, töküldü yarpaq.
Əzəli-əbədi yurd yerimizdir
Şəhid qanı ilə yoğrulan torpaq.
İndi qəm nidası düşüb köksümə,
Səmadan bir həsrət qoxusu gəlir,
Vətən ana kimi basıb köksünə,
Gör neçə Şəhidin yuxusu gəlir.
Şəhidin məqamı ucadan uca
Nə desək bəlkə də azdı, Şəhidlər
Öz Vətən eşqiylə, Yurd sevgisiylə
Şərəfli bir tarix yazdı Şəhidlər!
Həsrətimin duyğusu
Mən bir qəmli həsrətin
Nakam qalmış arzusu,
Mən bir coşğun dənizin
Aşıb-daşan duyğusu,
Mən bir qumlu Sahilin
Tənha qalmış iziyəm.
Mən bir ömür yaşadım,
Duyğuları rəngbərəng.
Mən bir bağı becərdim,
Hər tərəfi gül-çiçək.
Qayğılar hücum çəkdi ,
Məni hədəf seçərək
Yordu bu zaman oxu,
Taleyimdən keçərək.
Çox həsrətin duyğusu
Yuva salıb gözümdə,
Çox mahnının bəstəsi
Yarım qalıb sözümdə,
Bəzən ağrıya dönür
Yanlışım da, düzüm də,
Mən kədərdən yarandım,
Kədər mənim özümdə.
Öz kədərli dünyamın
Sahilində itmişəm,
Bəlkə də yorulmuşam,
tükənmişəm, bitmişəm.
Şəhid balam
Canım balam, gözlərimin işığı,
Ürəyimdə qübar qoyub getmisən.
Tellərinə daha çatmır sığalım,
Sevincimi nübar qoyub getmisən.
****
Arzularım yarım qalıb gözümdə,
Taqətim yox, güc qalmayıb dizimdə,
Sənlə olan hər kəlməmdə,sözümdə,
Acı, şirin nə var qoyub getmisən.
****
Elmir balam, könlüm səni soraqlar,
Vaxtsız gəldi yaz ömrünə son bahar,
İndi mənim Şəhid adlı dünyam var,
Məni sənsiz naçar qoyub getmisən.
****
Sən dilimin şirin-şəkər sözüydün,
Sən qəlbimin atəşiydin, közüydün.
Hər işində dəqiq idin, düzüydün,
Bir əzəmət,vüqar qoyub getmisən.
****
Vətən üçün əsgər oldun, ər oldun,
Şəhid oldun, torpağa sipər oldun.
Gözümdə yaş, könlümdə qəhər oldun,
Mən ananı bimar qoyub getmisən.
****
Şəhid balam, cənnət olsun məkanın,
Ali olsun, uca olsun, məqamın.
Aygün anan həsrətində hər anın,
Vaxtsız solan bahar qoyub getmisən,
Bir əzəmət,vüqar qoyub getmisən.
Ömrümüz
Bir nəğmə səslənir sakit, astaca,
Bir həzin mahnıya dönür ömrümüz,
Bizmi günahkarıq yoxsa zəmanə,
Niyə ulduz kimi sönür ömrümüz?
Əlimi uzatsam yetmir əlinə,
Səslənsəm sözlərim çatmır yerinə,
Qoşulub qəlblərin duyğu seline,
Ümmantək çağlayır, daşır ömrümüz.
Həsrətin quyusu dərindən- dərin,
Yorulub yollarda ayaq izlərim,
Büdrəmə ayağım,əsmə dizlərim,
Tükənib taqətdən düşür ömrümüz.
Həyat dalğalar tək coşur, çağlayır
Qəlbimdə duyğular qaysaq bağlayır
Ümidlə sabahı hey soraqlayır
Dolanbac yollarda çaşır ömrümüz.
Bu ömrü bizlərə verib Yaradan
Yaşanar bir tale ağdan- qaradan
Tanrı hifz eləsin min bir bəladan
Çətin dolayları aşır ömrümüz.
Vətən
Dünya sirli bir nağıla bənzəyir-
Acısı da, şirini də bizimdir.
Vətən eşqi ruhumuzu bəzəyir,
Vətən çoşqun harayımdır, səsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!
Anaların laylasıyla böyüdük,
Qəlbdə Vətən sevgisiylə öyündük.
Vahid idik- parçalandıq, bölündük,
Hünərin var bu həsrətə döz indi,
Vətən mənim ruhumdur, nəfəsimdir!
Düşündükcə vətənimi, yurdumu,
Vəsf elədim ocağımı, odumu.
Xatirələr dilləndirdi duyğumu,
Vətən mənim yaşamaq həvəsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!
Biz dünyada nələr görüb gəlmişik,
Bir həsrətin soyuğunda dinmişik.
Zərrələrə, qətrələrə dönmüşük,
Cığırında itib-batan izimdir,
Vətən mənim ruhumdur, nəfəsimdir!
Ana yurdum, çiçəklənən diyarım,
Sənsən fikrim, xəyalım, duyğularım!
Xoşbəxt olsun elim, obam, mahalım,
Ağrı, acı kifayətdir, bəsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!
Bacarmıram mən
Ruhum bir körpənin laylası mənim,
Göz yaşım bir yağış damlası mənim,
Hislərim qəlbimin aynası mənim
Başqa cür olmağı bacarmıram, mən
Dünya bir saraydır şahı,əyanı
Hanı mətləb bilib söz anlayanı?
İnsan itirəndə abrı-həyanı
Onu anlamağı bacarmıram,mən
Bir nağıl ömrünü yaşayırıq biz,
Yorulur fikrimiz, əməllərimiz
Hər kəsə laqeyd, səssiz- səmirsiz
Ürək daşımağı bacarmıram, mən
Kimsəni incidib qəlbinə dəymək
Könlünü sındırıb, qəddini əymək
Doğruya göz yumub yanlışı öymək
Bunu heç bir zaman bacarmaram, mən
Ədalət insanın içində gərək
Mərhəmət don deyil,biçilsin geyək
Vicdanının yoxdursa rəzilsən demək
Belə bir həyatdan güc almıram mən
Yəqin yaşamağı bacarmıram,mən...
Şəhid balası
Bapbalaca oğlandır
Kövrək, həssas, şipşirin
Onun körpə dünyası
Nələr çəkir bir bilin.
Ata həsrəti çəkir,
Onun kövrək ürəyi.
Ata onun qüruru,
Ata onun gərəyi.
Göz yaşları içində
O, hıçqırır, ağlayır.
Ata, bir de, hardasan?
Atasın soraqlayır.
Baxışlarda lal sual,
Düşüncələr qarışıq.
Biz hələ, çox sualın
Cavabın tapmamışıq.
O, bir Şəhid övladı,
O, bir Şəhid balası.
Şəhidliyə yüksəlib
Onun məğrur atası.
Atasıyla fəxr edir,
Qürur duyur balaca.
Amma gözündə yaş var,
O,ağlayır astaca.
Ata onun varlığı,
Atasız dünya heçdi.
"Atam bizi sevirdi
Amma Vətəni seçdi".
Ağlama, oğul bala,
Gözün yaşla dolmasın.
Atan Şəhid olub ki,
Gül bənizin solmasın.
Atan şərəfli əsgər
Mübarizdi, mətindi.
Xatirəsi qəlbinin,
Ruhuysa cənnətindi.

Qaldı
Könlümün ağrısı,qəlbim niskili
İlişib bəmbəyaz telində qaldı
Səninçün darıxır qəmli ürəyim
Sənsizlik bir həsrət selində qaldı.
Baxır hey yollara qəmli gözlərim
Kədərdən yol biçir nəmli gözlərim
Daha susqunlaşıb sənli sözlərim
Şirin kəlmələrim dilində qaldı.
Titrəyir ruhumun sarı simləri
Məndən uzaq gəzir sevinc dəmləri
Sənlə keçib gedən o xoş günlərin
Duyğusu bir bahar yelində qaldı.
Doğuldun baharda ömrün qış oldu
Zamanın dövranı tərs gərdiş oldu ,
Ağrılar-acılar mənə tuş oldu
Sacımın tumarı əlində qaldı.
Sən mənim ömrümün əfsanəsiydin,
Sən mənim ruhumun həzin səsiydin,
Şeirdin, nəğməydin, sən nəfəsiydin,
Hissim o nəğmənin zilində qaldı.
ATA
Sənə əl uzatdım,çatmadı əlim,
Səslənmək istədim,dönmədi dilim,
Sənsiz keçir artıq hər ayım,ilim
Nəm olub gözümə dolmusan,ata.
Kövrək xatirəmdə qalmısan,ata.
***
Hər il torpaq yazlibasın taxacaq
Çox sevdiyin bənövşələr çıxacaq
Bu sənsizlik məni daim sıxacaq
Könlümə həsrətdən yolmusan,ata?
Kövrək xatirəmdə qalmısan,ata.
***
Şirin-acı xatirələr hallanır,
Qəmli gözlər keçmişlərə boylanır
Fikrim sənli günlərimə yollanır
Qəlbimə bir niskil salmısan,ata.
Kövrək xatirəmdə qalmısan,ata.
***
Kədər kölgələnib yetim gözündə,
Artıq itib yanlış-doğru sözümdə
Səndə gördüm iradə də,dözüm də
Yenə fikirlərə dalmısan,ata.
Kövrək xatirəmdə qalmısan,ata.
***
Qəmli xatirələr ruhumu didir
Sənsizlik duygusu məni incidir
Agriya-acıya dözmək çətindir
İndi soyuq məzar olmusan,ata.
Kövrək xatirəmdə qalmısan ata.
Bahar duyğusu
Təbiət canlanır, arzular kimi
Hər yerdə Baharın ətri duyulur.
Bir həzin nəğmənin qanadlarında
Bir kövrək şeirin sətri duyulur.
Təbiət səsləyir fəsli Baharı,
Soyuğu, şaxtası gedir sazağı.
Yaşıla bürünür Vətən torpağı
Bir həzin meh belə, əsdi duyulur.
Əssin ömrümüzdə bahar yelləri
Titrətsin qəlblərdə sarı simləri
Kədəri aparsın bahar selləri
Gözlərdə bir sevinc hissi duyulur.
Gecikmə, tezcə gəl , nazlı Baharım
Qoy sənə nəğmələr qoşsun Diyarım
Qərib bir yolçuyam,saf duyğularım
Şeirdi, nəğmədi,səsdi duyulur.
Duyğum
Ülvi bir sevgidən yaranmışıq biz
Safdır hislərimiz,əməllərimiz
Hər şeydə gözəllık duyan qəlbimiz
Şirin bir sevdanın havasındadır.
Arzumuz şirindir, sevgimiz dərin,
Bəzən titrək olar duyğun, sözlərin,
Yollara dikilmiş qəmli gözlərin,
Bir həsrət dərdinin dəvasındadır.
Qoy bahar ətrini versin təbiət
Gözəllik ruhunu oxşasın əlbət
Səni incitməsin yersiz söz-söhbət
Deməsinlər bu qəm yuvasındadır.
Bir ananın iki şəhid balası
Bir ananın iki şəhid balası,
Bir ürəyin iki həsrət laylası,
Vaqif, Mehman yenilməzlik qalası
Əzəmətdi, fəxarətdi, yurduma

Uca Allah, güc-qüvvət ver orduma.
***
Bu dünyaya mərd oğullar gətirdin
Gül bağçanda tər çiçəklər bitirdin
Vətən eşqin qəlblərinə ötürdün
İki şəhid oğul verdin xalqıma
Qadir Allah, güc-qüvvət ver orduma.
***
Zeynəb ana Mehmanını arzular
Vaqif üçün gör nə qədər arzu var
Bu ananın əzəməti xan çinar
Kök salıbdır vətənimə,yurduma
Uca Allah, güc-qüvvət ver,orduma.
***
Zeynəb anam, gözün yaşla dolmasın,
Gül bağçanı daha xəzan almasın
Vətən, daha qoy şəhidin olmasın
Gözəl günlər nəsib olsun xalqıma
Qadir Allah güc-qüvvət ver, orduma.
Gözəlliklər ruhunuzu oxşasın

İnsan qəlbi arzularla doludu,
Həyat qısa, ömür karvan yoludu,
Bir təbəssüm bir ürəyin nurudu.
Gözdə gülüş, qəlbdə sevinc solmasın,
Gözəlliklər ruhunuzu oxşasın.
***
Ümidlərlə qoy döyünsün ürəklər,
Çiçək açsın xoş arzular, diləklər,
Sarsılmasın,bükülməsin biləklər.
Mərd namərdin ümidinə qalmasın,
Gözəlliklər ruhunuzu oxşasın.
***
Dalğalansın üçrəngli bayrağımız,
Azad olsun müqəddəs torpağımız ,
Alovlansın odumuz,ocağımız,
Qərib, köçkün çadırları olmasın,
Gözəlliklər ruhunuzu oxşasın.
***
Vətən eşqi xoş arzudur,diləkdi,
Duyğularım təzə-tərdi, kövrəkdi,
Görən gözdü, duyan qəlbdi, ürəkdi.
Ümidimiz vaxtsız xəzan olmasın,
Gözəlliklər ruhunuzu oxşasın.
***
Azərbaycan, Ana yurdum var olsun,
Düşmən məyus, pis niyyətlər xar olsun,
Tanrı bizə kömək olsun,yar olsun
Qəlb niskillə, gözlər yaşla dolmasın,
Gözəlliklər ruhunuzu oxşasın.
Bağışla
Bir ömür istədim səssiz səmirsiz
Bir ömür bəxş etdin qarla, yağışla.
Taleyin nisgilli yamaclarında
Gəzərkən, ey ömrüm,məni bağışla.
Bir ömür istədim sevinclə dolu,
Bir ömür bəxş etdin kədərdi yolu,
Varmı bu həsrətin bir sağı, solu
Gözlərimdə qalan nəmi, bağışla.
Düşünmə, ey könül, bu hələ sondu,
Bir çox xəyallarım şaxtaydı dondu.
Bu ömür bir sirli nağıla döndü,
Saçlarıma düşən dəni, bağışla.
Dağlara baxıram dumandı,çəndi
Bir sükut ağrı tək qəlbimə endi
Bəlkə də anlamaq ,duymaq çətindir
Könlümə saplanmış qəmi, bağışla.


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!