20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 21-08-2022, 08:10
"Nur ocağı" ədəbi məclisi Samirə Sahibin şeirlərini təqdim edir:


"Nur ocağı" ədəbi məclisi Samirə Sahibin şeirlərini təqdim edir:
Vaxtında qıl namazı
Gəldi azan avazı,
Hazır et canamazı.
Alaraq dəstəmazı,
Vaxtında qıl namazı.

Boş keçirmə zamanı,
Tanı Rəbbini, tanı.
Eşidəndə azanı,
Vaxtında qıl namazı.

Demə zaman var hələ.
Ümid yox ildən ilə.
Allah buyurub belə:
Vaxtında qıl namazı!
Ömrünü vermə yelə,
Dən düşər qara telə.
Savabın dönsün selə,
Vaxtında qıl namazı.

Şeytan qurar min tələ,
Gəl, uyma sən hər felə.
Qulaqda sırğa elə-
Vaxtında qıl namazı.

İmana gəl, ey adam,
Rəbbi an səhər-axşam.
Sübh, Zöhr, Əsr, Xüftən, Şam,
Vaxtında qıl namazı.

Oruc tut Ramazanda,
Rəcəbdə, həm Şabanda.
Nə qədər güc var canda,
Vaxtında qıl namazı.

Samirə, bil nəhayət,
Vardır Həşr, Qiyamət!
Allaha et itaət,
Vaxtında qıl namazı.

Çağırsan
Elə dəyişmişəm mən, mən deyiləm,
Müqəddəs sevgiyə düşmən deyiləm.
Səni sevdiyimə peşman deyiləm,
Sevirəm, çağırsan gələrəm yenə.

Ümidim, pənahım, güman yerimsən,
İçimdə çağlayan ümman yerimsən,
Andım, sədaqətim, iman yerimsən,
Sevirəm, çağırsan gələrəm yenə.

Kök salıb qəlbimə odlu məhəbbət,
Taleyə yazılsın gözəl səadət.
Bu sənə agahdır, bilirsən əlbət,
Sevirəm, çağırsan gələrəm yenə.

Ayırmaq çətindir yaxşıdan pisi,
Günahkar bilmirəm, vallah, heç kəsi.
Ölməz ürəyimdə sevgi həvəsi,
Sevirəm, çağırsan gələrəm yenə.

Rəbbimdən dilərəm, olasan qəmsiz,
Samirə sənindir, olsa da sənsiz.
Yaşamaq istəsən sən, əgər mənsiz,
Çağırsan, sevsəm də gəlmərəm yenə.

Gəl
Düşünürəm səni hər an,
Ayrılığa vermə aman,
Elə indi, bax bu zaman ,
Gözləyirəm, sən mənə gəl.

Yağsa yağış, əssə külək,
Qoymaram ki, zalım fələk
Sevgimizə qursun kələk,
Bir ömürlük güvənə gəl.

Yollarına düzdüm çiçək,
Yarpaqları ləçək-ləçək,
Samirəyəm tənha və tək,
Səni qəlbən sevənə gəl.

Gedirəm
Aldanmışdım sənin şirin sözünə,
Ay kimi parlayan nurlu üzünə,
Məni məftun edən ala gözünə,
Son dəfə uzaqdan baxıb gedirəm.

Hicran libasını mən geyə-geyə,
Həsrət süfrəsində qəm yeyə-yeyə,
Sənə acı kəlmə deməyim deyə,
Dilimi dişimlə sıxıb gedirəm.

Samirəyəm eşqə deyib "əlvida",
Nakam sevgimizə qoyuram nida,
Üz tutub dənizə tapıb bir ada,
Sən olan şəhərdən çıxıb gedirəm.

Şair qəlbi
Gördü, açıb tər yasəmən,
Göz oxşayır yaşıl çəmən,
Qələm işə düşdü həmən,
Şair qəlbi kövrək olur.

Gah boşalıb, gah da dolan,
Həm saralıb, həm də solan,
Duyğulara əsir olan,
Şair qəlbi kövrək olur.

Yazdı sağdan, yazdı soldan,
Dalandakı o dar yoldan,
Həm moruqdan, həm də koldan,
Şair qəlbi kövrək olur.

Yazdı ana ürəyindən,
O qanadsız mələyindən,
Hər anına gərəyindən,
Şair qəlbi kövrək olur.

Yazdı qaçan uşaqlardan,
İgid, ərən, qoçaqlardan,
Gur-gur yanan ocaqlardan,
Şair qəlbi kövrək olur.

Yazdı yarın vəfasından,
Məhəbbətin cəfasından,
Xoşbəxtliyin səfasından,
Şair qəlbi kövrək olur.

Yazdı quşun lələyindən,
Xoş ətirli çiçəyindən,
Arzu, istək, diləyindən,
Şair qəlbi kövrək olur.

Yazdı toydan, yazdı vaydan,
Küçədəki hay-haraydan,
Allah verən gözəl paydan,
Şair qəlbi kövrək olur.

Samirə, düz elə düzdür,
Odun sonu sönən közdür,
Kim deyibsə, doğru sözdür,
Şair qəlbi kövrək olur.

Biləydim
Deyirlər, yar mənsiz saralıb, solub
Həsrətdən gözləri qan ilə dolub.
İstərdim əlində bir dəsmal olub,
Axan göz yaşını silə biləydim.

Zülmət gecələrə nur saça-saça,
Sən olan mənzilə yol aça-aça,
Son qoyub hicrana mən, uça-uça,
Quş olub yanına gələ biləydim.

Qəlbimdən qüssəni, nisgili atıb,
Sənə qovuşaraq murada çatıb,
Sevgimi ən şirin duyğuya qatıb,
Bir gün mən ürəkdən gülə biləydim.

Sözümü, sirrimi deyərdim sənə,
İnamlı ümidlər verərdin mənə.
Arzumdur, qayıdıb yenə dünənə,
Səninlə dərdimi bölə biləydim.

Samirə, həyatın oldu qəm, kədər,
Yardan ayrı düşmək ölümdən betər.
Kaş ki, son nəfəsi verməyib hədər,
Sənin qollarında ölə biləydim.

Baş əymədim
Sevinc əkdim, kədər biçdim,
Bal istədim, zəhər içdim.
Şükür olsun haqqı seçdim,
Baş əymədim nahaqqa mən.

Axar sular bulandı çox,
Qüssə boldur, sevincsə yox.
Güvənimə dəysə də ox,
Baş əymədim nahaqqa mən.

Şeytan məni saldı dara,
Fikirlərim oldu qara.
Əzabları yara-yara,
Baş əymədim nahaqqa mən.

Tərs dolanır sanki dünya,
Kabus oldu hər bir röya.
Çətinliyi duya-duya,
Baş əymədim nahaqqa mən.

Bahara mən qış demədim,
"Pambıqla kəs baş" demədim.
Olan oldu, "kaş" demədim,
Baş əymədim nahaqqa mən.

Boğdu məni dərddən qəhər,
Zülmət oldu aydın səhər.
Gətirərək tab birtəhər,
Baş əymədim nahaqqa mən.

Ömür yolum çətin olub,
Qəmim yüz yox, min-min olub.
Samirəyəm, mətin olub,
Baş əymədim nahaqqa mən.

İmtahanım
Heç bilmədim necə oldu,
Gündüzlərim gecə oldu.
Dərdin sayı neçə oldu?
Nə ağırmış imtahanım?!

Həyat mənə qurdu tələ,
Xəyallarım getdi yelə.
Nədən bəxtim gəldi belə?
Nə ağırmış imtahanım?!

Bağım-bağçam xəzan oldu,
Gül-çiçəyim vaxtsız soldu.
Taleyimə zülmət doldu,
Nə ağırmış imtahanım?!

Dost dediyim nankor çıxdı,
Zalım fələk yaman yıxdı.
Qüssə-kədər məni sıxdı,
Nə ağırmış imtahanım?!

Şikayəti kimə yazım?-
Qışa döndü bahar, yazım.
Qəliz oldu alın yazım,
Nə ağırmış imtahanım?!

Qaranlıqlar sirdaşımdır,
Çarəsizlik qardaşımdır,
Tənhalığım yoldaşımdır,
Nə ağırmış imtahanım?!

Gileylənib çox ağladım,
Gənc ömrümə yas saxladım.
Arzulara daş bağladım,
Nə ağırmış imtahanım?!

Donub sanki, keçmir zaman...
İtdi ümid, itdi güman.
Şər gələrsə, verməz aman,
Nə ağırmış imtahanım?!

Yaşananlar bir hikmətdir,
Axirətə zəmanətdir.
Belə demək qəbahətdir-
Nə ağırmış imtahanım?!

Samirə, üz tut dərgaha,
Pənah apar tək Allaha.
Yetər, bəsdir, demə daha
Nə ağırmış imtahanım?

Cavab tapmadım
Yamanlıq çoxalır, yaxşılıq itir,
Xeyir geriləyir, şər öndə gedir.
İblislər nə üçün sultanlıq edir?
Düşündüm bunları, cavab tapmadım.

Dərdini deməyə tapmırsan bacı,
Xəyanət olubdur indi baş tacı.
Yalan niyə şirin, həqiqət acı?
Düşündüm bunları, cavab tapmadım.

Sevən seviləndən gözləyir vəfa.
Yaxşı insanların qisməti cəfa.
Bəs hanı xoşbəxtlik, hardadır səfa?
Düşündüm bunları, cavab tapmadım.

Böyüyə-kiçiyə qalmayıb hörmət,
Quruşa satılır namus, ar, iffət.
Haradan alırlar bir belə cürət?
Düşündüm bunları, cavab tapmadım.

Samirə, de görüm, hanı ədalət?
Haqlılar, doğrular çəkir xəcalət.
Nə üçün insanlar edir ədavət?
Düşündüm bunları, cavab tapmadım.



Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!