20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 30-08-2025, 10:15
Lilpar Cəmşidqızının qəzəlləri


Lilpar Cəmşidqızının qəzəlləri

Lilpar Cəmşidqızı 31 dekabr 1965-ci ildə Bərdə rayonunun Mustafağalı kəndində anadan olub. Həmin kənddə orta təhsil alıb. 1992-ci ildə Azərbaycan Neft və Kimya institutunu (indiki Neft Akademiyası) mühəndis-texnoloq ixtisasına yiyələnərək bitirib. Bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. İlk şeirlərini heca vəznində yazıb. "Tənhalıq içində əllər üşüyür", "Qəzəllər", "Rübailər", "Qarabağa gedən yollar", "Divan", "Şuşada bir gül soldu", "Tənha bir ananın fəryadı", "Zəfəri yaşadanlar" kitablarının müəllifidir. Hazırda ikinci "Divan" kitabı üzərində çalışır. “Divan” kitabı haqqında irihəcmli məqalə və qəzəlləri 2024-cü ildə Türkiyədə müasir dövrdə “Azərbaycanda Divan şairləri” kitabında çap olunub. Elə həmin ildə Türkiyədə keçirilən “Uluslararası Füzuli Sempozyemu”nda qəzəllərinə yer verilib və eyni adlı kitabda qəzəlləri çap olunub. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Çeşmə” ədəbi məclisinin sədridir. Lilpar xanımın qəzəllərini “Bütöv Azərbaycan”ın oxucularına təqdim edirik:

Nə qədri yolla gəlmişəm, ömür keçib qulac- qulac,
Gözüm tox oldu hər zaman, heç olmayıbdı nəfsim ac.
Halal çörək qazanmışam, düz olmuşam sözümdə mən,
Unum xəmirdə islanıb, fətir bişib, yananda sac.
Qazandığım qəpik- quruş, əlimdə kirlənib mənim,
Xəyanət eyləyib, Xuda, fələk gəlib alıb xərac.
Ömür yolunda döngələr çox oldu, Tanrı, yorğunam,
Sevinci solda gizlədib, yaratdı qüssə, qəm tıxac.
Çoxaldı xəstəlik, ölüm, çatıbdır aləmin sonu,
Yerin, göyün də dərdi var, Xudayə, tez gətir əlac.
Qərası yoxdur ismimin, şükür, vəfalı bəndəyəm,
Təmiz bir ad qazanmışam, həyam olub başımda tac.
Kitab- kitab qəzəllərin içində Lilpar olmuşam,
Alışmasam zaman- zaman, külün tökər, sönər sirac.
Sirac- şam, çıraq
***************
Ey can, ürəyim dözmür, dərmanımı sən tez tap,
Göndərdi şəfa Loğman, bax yerdədi, dur gəz, tap.
Dərdim çoxalan gündən, yazmışdı şirin bir həb,
Zülmətdə gözüm görmür, gəl çarəmi gündüz tap.
Bülbül kimi aşiqlər, əfqan eləyib hərdəm,
Gülşəndə, könül, axtar, tək lalə və nərgiz tap.
Ömrün tükənən vaxtın, alnımda yazıb Tanrım,
Ey bəxti qəra könlüm, ağlımda nə var, düz tap.
Hər yolda qalan bilməz, hardan dolanıb gəlsin,
Adəm, ayığ ol başdan, fırlanma, dəqiq iz tap.
Hərdən gəzirəm tənha, ruhum göyə bağlansın,
Dünyaya gələn gündən, vardır belə yalqız, tap?
Aləmdə nələr gördün, hərdən düşün, ey Lilpar,
Xoşbəxt ola bilmişdir, oğlan ilə bir qız, tap?


********
Ürəyim quş kimi pərvaz eləyir, dardı qəfəs,
Daralır yer göyün altında mən aldıqca nəfəs.
Gəl apar ruhumu, Allah, qoy özün can evinə,
Daha ömr etməyə səbrim tükənib, yoxdu həvəs.
Mənə xoş gün yaza bilsən, yaşaram ləzzət ilə,
Qara günlər yenə qismət eləsən, ömrümü kəs.
Heç azalmır fərəhimdən çox olan qüssə, qəmim,
Nə zaman dinləyəcəksən, de, mənim arzumu bəs?
Kor olan bəndəyə nur göndərər ancaq Yaradan,
Necə insan yaşayar, göydən əgər gəlməsə Səs?
Cücərən hər toxumun nəfsi kökündən su içib,
Bu təbiətdə bitib, xan çinar altında vələs.
Elə bil küldü bu torpaq, kor edib gözlərini,
Nə vəfa qaldı, a Lilpar, nə səfa yerdə, tələs.

****
Bağlamaz zülmətdə heç bir aşiqin röya gözün,
Bir ziyasan, nur verir, ey Dilbərim, şəhla gözün.
Gül ləbindən bal çəkir, hərdəm mələklər göndərir,
Bir şəfəqdir, dan yerindən parlayır rəna gözün.
Ayrılar ruhum bədəndən cənnətin tapmaz yolun,
Bir qulun üstündən, Allah, çəkməsin Zəhra gözün.
Çən gələr, dağlar dumandan, zirvələr qəmdən çökər,
Asimandan yol çəkilməz, aldadar xülya gözün.
Cəftəsiz qəlbin içindən yar gələr, mehman olar.
Keçsə Məcnun, can evindən, bağlayar Leyla gözün.
Sevgisiz torpaq gül açmaz, məhv olar, gülməz cahan,
Göydə şimşək çaxsa hər gün, gizlədər dərya gözün.
Ey Xudavəndim, bu şair bəndənin ruhun qoru,
Sevdi Lilpar göydə Yarın, çün tutub sevda gözün.


****
Çəkilən zəhmətə hər dəm özü qiymət verib O,
Gecə- gündüz çalışan bəndəyə sərvət verib O.
Yerin altında və üstündə nələr xəlq eləyib?
Onu kəşf etmək üçün adəmə qüdrət verib O.
Yaradıb aləmi, Adəm baba, Həvva nənətək,
Bu fəna mülkə gələn hər kəsə möhnət verib O.
Özü şah olmayanın məthəmətin zalım edib,
Qulu incitmək üçün güclüyə şiddət verib O.
Nəyi göndərsə təbiətdə bitib, məhsul olub,
Bəşər övladını doydurmağa nemət verib O.
Günəşin şöləsi Peyğəmbər odundan yaranıb,
Əli aydır, səpir öz nurunu, rüsxət verib O.
Qəzəlin bəhrini Lilpar rəməl üstündə qurub,
Yenə misradən alıb, hər sözə hikmət verib O.


*********
Bir qulam, qibləm, pənahım, ruhumun padşahı var,
Dönmərəm eşqin yolundan, hər kəsin öz rahı var.
Bir günəşdir çün Məhəmməd, göydə parlar, yer gülər,
İsmi Həzrət, lütfü sərvət, nurdur, Allah, mahı var.
Məzlumun qəlbin qıranlar, Tanrıdan üz döndərib,
Zülm edənlər bilmir ancaq bəndənin bir ahı var?
Mərhəmət eylər, bağışlar, səhv edib dönsən əgər,
Yer üzündən sonra, insan, Tanrının dərgahı var.
Kainat yerdən və göydən cəmlənib, dünya budur,
Bir çiçək yoxdan yaranmır, aləmin səyyahı var.
Axirətdən ayrı düşməz, sevməyən dünya malın,
Çün qiyamət vaxtı bir gün, aləmin dəsgahı var.
Bəndənin şeytan əlindən aldadır, ağlın alır,
Zikr edir Lilpar, yorulmur, dildə bismillahı var.
****
Seçib ömrümdə mənim ruhum əzəl qarəni rəng,
Eləyib tellərimin üstünə ağ rəngi çələng.
Nə qədər qan tökülüb torpağa, insan "qırılıb",
Gül açar yer üzü, Allah, bu cahan görməsə cəng.
Günəşin şöləsinə aşiq olar mavi səma,
Dağıdar köksünü tərpətsə əgər güllə- tüfəng.
İgid əsgər döyüşüb, bir daha qan axmasa ta,
Sevinər, nəşələnər, yerdə zəfər, göydə fişəng.
Meşənin sahibi var, qurdu-quşu ram eləyər,
Yemi ağzında gələr, şah olar ormanda pələng.
Yerin öz tarixi, öz fəlsəfəsindən yaranıb,
Gecə- gündüz dəyişən dairədi, şardı nəhəng.
Onu qızlar götürüb kəndə bulaq üstə gedib,
Qədim alətdi, sərinlik gətirib qəlbə səhəng.
Çalışan yayda qışın ruzisin aləmdə yığar,
Yatan insan küt olar, pas atar, olmazsa zirəng.
Daha, Lilpar, bəyaz üstündədir ömrün, dəyişib,
Yenidən bəxtinə gəlməkdə sənin qırmızı ləng.


Mehman edərəm xanəmə yar, etsə təvəqqe,
Ruhum eləyər eşqi nübar, etsə təvəqqe.
YaRəb, sənin eşqinlə zimistanda gül açmış,
Qəlbim duyar aləmdə bahar, etsə təvəqqe?
Bir gül nə zamandır ki, gülüstanda solubdur,
Qan eyləməsin bağrını xar, etsə təvəqqe.
Eşq atəşi çox aşiqi kül etdi cahanda,
Mən yandıracam qəlbimi, nar etsə təvəqqe.
Bir xəstə gedər çarəni loğmanda tapar, yar,
Dərman gətirər, bəlkə nigar, etsə təvəqqe.
Bağban sulayan hər ağacın məhsulu olmaz,
Verməz quruyan bir "qolu" bar, etsə təvəqqe.
Qəlbində məhəbbət çoxalıb Tanrıya, Lilpar,
Hər bir qulu Sultan qoruyar, etsə təvəqqe.

********
Getmişdi dağın köksünü viran edə Fərhad,
Bir canı Şirin eşqinə qurban edə Fərhad.
Sevda gülünün ruhunu qəlbində böyütmüş,
Niyyət eləmişdir, onu canan edə Fərhad.
Çəkmiş nə qədər cövrü cəfa, gəlməmiş afət,
Tökmüş gözünün yaşını, ümman edə Fərhad.
Sınmışdı könül aynası, çəkmişdi məşəqqət,
Allah yaradıb ömrünü zindan edə Fərhad?
Dərmişdi gözəl bir gülü bağban budağından,
Girmiş bağa, bülbül kimi əfqan edə Fərhad.
Rəsmin elə çəkmişdi, Şirin sanki dil açmış,
Vermişdi hərarət, onu insan edə Fərhad.
Lilpar, daş olan yerdə məhəbbət çiçək açmaz,
Yol vermə gəlib qəlbini ünvan edə Fərhad.

*****
Nə qədər şövq eləsən ruhumu Loğmanə tərəf,
Çəkirəm cismimi, ey dil, yenə dərmanə tərəf.
Mənim eşqim necə sığsın bu kiçik qəlbimə, yar?
Aparır cismimi yox, ruhumu cananə tərəf.
Bitirər həsrəti Canan, yenə vüslət gətirər,
Qovuşar ruhum əgər, getməsə hicranə tərəf.
Dolaşar flrtına hərdən, gəmi sahildə qalar,
Çevirər səmtini ancaq yenə ümmanə tərəf.
Yaradan sevdiyi hər bəndəyə verdikcə bəla,
Açılar çox qapılar dəhrdə insanə tərəf.
Sevən aşiq yerin üstündə gözəllik yaradar,
Gətirər bülbülü qəm sünbülə, reyhanə tərəf.
Mələk ismində olan qızları cənnət çağırar,
Səni, Lilpar, ürəyin göndərər ünvanə tərəf.

*****
Xudaya, səhvim olsa gər, mələklərin yazar günah,
Cinayət eyləyənlərin, qanında gizlənib tamah.
Yaratdığın yerin, göyün günahla doldu, gəl yetiş,
İbadətim azalmamış Sən arxa dur, gətir rifah.
Çətin günümdə hər zaman mənim yanımda durmusan,
Sevimli bəndənəm, Xuda, bu qəmli qəlbə ol pənah.
Bəyaz günümlə birgə hey toran gətirdi qismətim,
Telimdə qar çiçəkləyib, içində yoxdu bir siyah.
Çiyinlərimdə qoyduğun mələklərin yazır, pozur,
Savabı yazdı sağ cinah, günahı yazdı sol cinah.
Bədənlə ruhu vermisən, idarə eyləyir başım,
Xudaya, gözlərim görür, keçir zaman, gəlir sabah.
Sazaqda, qarda gözləyən, itaət eyləyən qulam,
İsinsə könlü Lilparın, demək ki, var yanında Şah.

*****
Ey sevgi- məhəbbət, darıxan könlümə yol aç,
Qəlbim, bu hərarətdən oyansan, yenə dil aç.
Yol bağlıdı, həsrət tökülür şor bəbəyimdən,
Kirpikləri yarın deyə bilmir, kora göl aç.
Zülfümdə pərişanlığı heç görmədi şanəm,
Əl çək bu dağılmışlara bir- bir yana tel aç.
Qəlbim selə aldanmasa, eşq atəşi sönməz,
Vur xəncəri, töksün qanı, köksümdə tunel aç.
Gün doğmasa, zülmət bürüyər aləmi, ey dil,
Çəkmişsə niqabın günəş olmaz onu, yel, aç.
Yarın qızaran çöhrəsi bir laləyə bənzər,
YaRəb, tumu eşqin səpilibdir, onu gül aç.
Lilpar, səni Allah nə gözəl bəxtəvər etmiş,
Vardırsa bu aləmdə günahın, Ona əl aç.


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!