20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 6-04-2017, 16:29
HƏR DAŞDA-QAYADA İZİM VARIYDI

Eldar İsmayıl 75


Bu günlərdə yağı tapdağındakı isti yurd-yuvasının həsrətiylə yatıb, niskiliylə oyanan, dünya ədalətsizliyinə biganə qala bilməyən, haqq səsini dünyaya yayan Əməkdar jurnalist, şair, yazıçı, publisist, 50-yə yaxın irihəcmli romanlar, şeir kitabları, poemalar, oçerklər müəllifi Eldar İsmayılın 75 yaşı tamam oldu. Sevimli Göyçəsindən uzaqlarda təmtəraqlı böyük miqyaslı yubiley keçirməyəcəyini eşidəndə çox kövrəldim. Axı niyə Zəngəzurdan Dərbəndə, Bakıdan Qarsa, Ərzuruma qədər tanınan, ehtiram göstərilən Eldar İsmayıl həmişə yubiley yaşlarını ad günü səviyyəsində keçirməyi üstün tutur?

Nədir Eldar İsmayılı bu kədərli notlara kökləyən? - Vətən niskilimi? Yurd həsrətimi? Dədə-baba torpaqlarından uzaq düşən xalqının ahı, fəryadı, ürək sızıltılarımı? Ac canavar kimi qanlı caynaqlarını türk dünyasına uzadanların məkrli hiyləsimi? Daha nələr, nələr..? Bax bunlardır 75 yaşın sevinclərinə qoşulmaq əvəzinə onu təlatümlü dəryaya döndərən. O, başına gətirilən siyasi oyunbazlıqlarla barışa bilmir.

Dini bir, dili bir, ay qan qardaşım,
Halalca çörəyim, duzum varıydı.
Geniş ev-eşiyim, isti ocağım,
Müqəddəs təndirim, közüm varıydı.

Gəncədən, Qazaxdan gələr qonağım,
Qüdrətdən yanardı mənim çırağım.
Ağır məclislərim, ağır yığnağım,
“Misri”yə köklənmiş sazım varıydı.

Qəbrim, qəbristanım - ziyarət yerim,
Məscidim, minarəm - məhəbbət yerim,
Bulaqların başı - ziyarət yerim,
Hər daşda-qayada izim varıydı…

Bu anda gözlərim önündə iki Eldar dayandı. Biri vaxtı ilə Göyçəsində yaşayıb yaradan, ad-san üçün şəhərlərə qaçmayıb doğma el-obasının içində ola-ola yurdunun şan-şöhrətini göylərə qaldıran sevincli Eldar, digəri isə 29 ildir ki, Göyçə, Qarabağ, Zəngəzur, Dərələyəz, Ağbaba,

İrəvan həsrətlərini, dərdini, qəmini, türk dünyasından narahatlığını 50-yə yaxın kitabında dünyaya bəyan edən bugünkü qəmli Eldar.

Eldar Ələsgər oğlu İsmayılov (Eldar İsmayıl) 1942-ci ilin mart ayında onun öz poetik deyimi ilə desək Ulu Göyçə mahalının Ağbulaq kəndində dünyaya gəlib. Bu torpağın havasının, suyunun saflığı Eldar İsmayılın bütün mənəviyyatına hopub. Doğma kəndi Ağbulaqda, rayon mərkəzi Krasnoseloda, vətəndən didərgin düşdükdən sonra Bakı şəhərində çalışdığı vəzifələrdə də öz amalına sadiq qalaraq bu saflığı həmişə qoruyub saxlayıb.

Gözəl insani keyfiyyətləri özündə cəmləşdirən Eldar İsmayıl həmişə vicdanla, qeyrətlə çalışıb, xalqının müqəddəratını həmişə öz müqəddəratından yüksəkdə tutub. Sözünü açıq, cəsarətlə deməkdən çəkinməyib. Bütün türk dünyasının müqəddəsliyini qorumağa xidmət edən əsərlər yaradıb. Əsərləri yüksək dəyərləndirilib.

Eldar İsmayılın vətən sevgisi saf, ülvi və pak olub. Onun bütün yaradıcılığı boyu bir qürur, əzəmət, vüqar, qüdrət, şərəf, vicdan, ləyaqət, qeyrət müşahidə olunur.

Bir vaxtlar:

Doğma Ağbulağım dağlar dilbəri,
Nurlu gələcəyim, səhərim mənim.
Göyçədə ən kiçik kəndlərdən biri,
Dünyada ən böyük şəhərim mənim…

- deyəndə bu doğma torpaqdan zorla çıxarılacağını fikrinə belə gətirməzdi. Onun müqəddəs ana torpağında xoş növrağı, açıq alını, firavan həyatı, uzun dili varıydı. Elinin, obasının şən çağlarıyla öyünürdü.

Yaradıcılığını Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Yaşar Qarayev… kimi söz sərrafları mətbuatda yüksək dəyərləndirirdilər. Ondan daha parlaq, daha yaxşı nümunələr gözləyirdilər. O, gələcəkdə bunlara yüksək səviyyədə nail oldu da.

Lakin arxalı düşmənin məkrli niyyəti onun və soydaşlarının gur məşəl kimi alovlanan şən büsatına, isti ocağına soyuq su caladı. O, doğma Azərbaycanına pənah gətirdi. Onu Bakıda “Sən burda qəribsən, yurd orda qərib” deyə, ürək ağrısı ilə qarşılayan Hüseyn Arifə cavab olaraq:

Baş əydim bu dürlü hikmət önündə,
Sən mənə verdiyin qiymət önündə,
Qalmışam ay ustad, töhmət önündə,
Mən burda qəribəm, yurd orda qərib…

rədifli şeirində kədərini, köməksizliyini, üstünə diş qıcamış köpəyin arxalı olduğunu ifadə edirdi.

Bəli, bu ağrı-acıları yaşaya-yaşaya Eldar İsmayılın 75 yaşı tamam oldu. Torpaqlarımızın bir hissəsi işğal altında olduğundan həmişə təmtəraqlardan, ziyafətlərdən imtina etdiyinin şahidiyəm. Onun mənəviyyatına, daxili aləminə, əqidəsinə, məsləkinə çox yaxşı bələdəm.

Zəng edib onu təbrik etdim, ovqatını şənləndirməyə çalışdım. O isə:

Çalxannam qəmlər gölündə
Yuyunnam dərdlər selində.
Vətənim yadlar əlində,
Güldürə bilməzsən məni…

deyərək kövrəldi. Bulud kimi dolmuşdu Eldar müəllim. Yenə də könlünü almağa çalışdım. Bu gözəl gündə ona xoş əhval-ruhiyyə, təpərli ürək, sağlam can arzuladım.

Gözləri uzaqlara dikildi:

Görüm xəcil olsun belə dövranı,
Mənə pay göndərdi qəmi, hicranı.
Eldarın ürəyi, Eldarın canı
Qaldı Ağbulaqda, qaldı Göyçədə.

Çəkdiyi vətən dərdi, vətən sızıltısı tək onun özünün dərdi, qəmi, hicranı deyil, bütün türk dünyasının ağrılarıdır.

Hər kənar havaya köklənməz Eldar,
Bölünməz, üzülməz, təklənməz Eldar,
Təkcə öz dərdinə yüklənməz Eldar,
Dərd çəkir qoy çəksin, bu el dərdidi.

Mən deyərdim ki, Eldar İsmayıl qüruru, əzəməti elə bundadır. Xalqının taleyinə biganə qala bilməyən, xalqının bütün ağrılarını onlarla birgə paylaşan bu qüdrət sahibinə, qeyrətli yubilyara eşq olsun. Onun bu sadə, təvazökar ucalığı qarşısında baş əyirəm.

Hörmətli Eldar İsmayıl! Sizi 75 illik yubileyiniz münasibəti ilə təbrik edirəm. Sizə uzun ömür, sağlam ürək, cansağlığı arzulayıram. Siz heç zaman ümidsiz olmayıbsınız. Qoy etdiyiniz arzular həyata keçsin. Çəkdiyiniz iztirablar növbəti yubileyinizə qədər sevincə çevrilsin. İtirilmiş torpaqlarımız işğaldan azad olunsun. Bütün türk dünyamız sevinsin.

80 illik yubileyinizi bütün xalqımızla böyük təmtəraqla, sevinclə keçirmək arzusu ilə

Yusif HÜSEYNOV,
“Qızıl qələm” mükafatı laureatı

"Bütöv Azərbaycan" qəzeti
06aprel 2017


Paylaş



Bölmə: Göyçə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!