Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
10-02-2024, 13:56
Zaməddin kişinin bəxtəvərliyi


Akif Cabbarlı


Zaməddin kişinin bəxtəvərliyi
(hekayə)

Qızmar avqust günəşi dağların arxasında çoxdan gizlənsə də uzun və darıxdırıcı, biz yaşda olan məktəb uşaqları üçün olduqca üzücü və mənasız keçən tətil günlərindən birini kəndin aşağısından keçən enli, dərin və gur sulu arxın kənarında, sıx söyüdlüyün arasında keçirmək istəyimizə sinfimizin əksər oğlanları birağızdan “hə” demişdilər. Anamızdan xəlvət özümüzə ütülü olmasa da təmiz alt paltarları da götürmüşdük ki, çiməndən sonra əynimizə keçirək. Çünki nəm paltarda evə qayıtmağın “ləzzəti”ni atamızın şapalağı, anamızın danlağı nümunəsində çox görmüşdük.
Arxın dupduru sularına baş vurduq, əgər buna üzmək deyirlərsə xeyli aşağı- yuxarı çapaladıq və söyüdlüyün sərinliyində ağzı göyə uzanıb sinfimizin qızlarından, məktəbin həyətində bizi vecinə almadan gəzişən cavan müəllimlərdən, məktəbə təyinatla təzə gələn forslu müəllimələrdən xeyli danışdıq, orta məktəbi qurtarandan sonra hara gedəcəyimizdən, hansı peşənin yiyəsi olacağımızdan dəm vurduq, böyüklərdən eşitdiyimiz lətifələri qolun – qabırğasını sındırıb xeyli məzələndik də. Söhbətimzin şirin yerində söyüdlüyə tərəf gələn iki nəfərin siluetini apaydın görüb, bu barədə sinfimizin “ağsaqqalı” Namizədin qulağına pıçıldayanda yekəpər dostum sakit olmağımı, dilimi dinc qoymağımı tapşırdı.
- Mirhəsən, səsini çıxarma, başını vurub qarpız kimi tən yarı bölərəm – dedi.
Nə deyə bilərdim, iki il dalbadal sinifdə qalan, ayı pəncəli, nataraz görkəmli Namizədin sözündən çıxmalı deyildim ki... Bir az keçdi, o iki nəfər yanımızdan sanki bizi görməmiş kimi, saymazyana keçdilər və biz onları qaranlıq düşməsinə baxmayaraq olduqları kimi tanıdıq; - Məktəbimizin təsərrüfat işlərinə baxan Zaməddin kişi ilə məktəbin xadiməsi tot Polya- Polina xala paltarlarını çıxara – çıxara söyüdlüyün lap sıx olan tərəfinə keçdilər. Sonra timsah balası kimi şappıltı ilə arxın dupduru sularına atıldılar. Maraq bizi götürmüşdü. Turgenevin “Mumu” hekayəsindəki Çerasimə bənzəyən, kələ - kötür sifətli, gödərək boylu Zaməddinlə maya kimi ağappaq sifətli, ucaboy Polina xala ilan kimi bir-birinə elə sarılmışdılar ki, sanki bir daha ayrılmayacaqdılar. Sonra ayrıldılar və suyu ovuclayıb bir – birinin üzünə, sinəsinə çırpdılar. Lap körpə uşaqlar kimi sevinir, çığırır, gülüşürdülər. Səkkizinci sinifdə oxuyan uşaqlar təbii ki, belə mənzərəni heç yuxuda da görəmməzdi. Uzaqbaşı televiziyada, ya da ki, həftədə bir dəfə kənd klubunda göstərilən hind filmlərində görə bilərdik belə mənzərəni.
Polya xala Zaməddinin başını lap balası kimi sığallayır, arabir də daz başından öpürdü. Sonra da uzun burnundan yapışıb astadan pıçıldayırdı – “Moy milıy, tı xoroşiy, tı moy Rasputin”
Bəzi sözləri kart – kurt başa düşsək də Rasputin məsələsi bizə illər sonrası, Bakıda ali məktəbdə oxuduğumuz dövrdə agah oldu. Təbii ki, Zaməddin kişinin əslində savab işləkləri çar İkinci Nikolayın sarayında sözün əsl mənasında “at oynadan” Qriqori Yefimoviç Rasputinin “nümunəvi” əməllərinin yanında toya getməlidir.
Nə isə. Səsimizi içimizə salmış, Zaməddinlə Polya xalanın çıxardığı oyunlardan, pəstahlardan sanki qıc olmuşduq. Namizəd şəhadət barmağını dodaqlarının üstündən götürmürdü ki, nə isə danışaq, heyrətimizi qırıq – qırıq da olsa sözlə ifadə edək. Çimdilər, sonra da lüt – üryan sudan çıxıb üzüquylu çəmənliyə sərildilər. Aydın səmadan gülümsəyən ay bu cütlüyə sarı sanki bir rahatlıq duyğusu səpələyirdi. Daha “birinci seriya” bitmişdi və kino – mexanik lenti dəyişənə qədər gözləyə bilməzdik. Namizədin işarəsi ilə sürünə-sürünə mövqelərimizi tərk edəsi olduq. Heç tələsdiyimizdən alt paltarımızı dəyişməyə macal da tapmamışdıq deyəsən...
Namizəd yolda bizə bərk – bərk tapşırdı ki, bu barədə kimsə danışsa dəqiq bilsin ki, dili kəsiləcək. Onun sözü bizim üçün qanun idi və təbii ki, gördüklərimiz barədə evdə də, məktəbdə də bircə kəlmə olsun danışmadıq. Onlarla rastlaşanda çalışıb yanlarında çox qalmırdıq ki, birdən nə isə hiss edərlər. O illərdə kəndimizə hələ qaz çəkilməmişdi və siniflərimiz də, elə məktəb direktoru Əziz müəllimin əsgərlik dostunun dul qalmış və bizim kəndə sığınmış Polina İvanovnanın məktəbin həyətində yaşadığı təkotaqlı mənzil də Zaməddinin doğradığı odunla, yardığı yarmaçalarla qızırdı. Polina xalanın ocağında bişən yeməklərin ətiri az qala bütün kəndi bürüyürdü.
Yaz-yay aylarında da Zaməddin Polina xalaya bütün işlərində kömək edirdi. Pal – paltar yumaqdan tutmuş, təndirə çörək yapmağa qədər – hər işdə Zaməddin bu rus qadına yardımçı olurdu. Zaməddin də bizim kəndə hansısa dəmiryol stansiyasından gəlib çıxmışdı. Yetim oğlanı kənd mollasının qarımış qızı ilə evləndirirlər və heç bir il çəkmir ki, Zaməddin övladı olmayan arvadını torpağa tapşırır və tənha qalır. Məktəbimizin direktoru, ürəyiyumşaq və səxavətli, həm də çox əzmkar və prinsipial kişi olan Əziz müəllim Zaməddinin qayğısına qalır, isə götürür, çörək yiyəsi edir. Zaməddin də məktəbin bütün işlərini elə vaxtında, səliqə ilə görür ki, sanki məktəbdə bütöv bir briqada işləyir.
Nə isə, mətləbdən çox uzaq düşməyək. Sentyabr gəldi, dərslər başladı. Avqustda, söyüdlükdə gördüyümüz, amma heç harada danışa bilmədiyimiz mənzərənin təəssüratı altında biz səkkizincilər də məktəbə yığışdıq. Heç beş – on gün keçməmişdi ki, böyük tənəffüsdə hamımızı məktəbin geniş idman meydançasına yığdılar. Direktorumuz da gəldi və toplaşanlar qarşısında qısa, amma çox mənalı bir çıxış elədi.
-Əziz müəllimlər və şagirdlər, Sizə böyük məmnuniyyət hissi ilə bildirirəm ki, bu gün mənim əsgərlik dostum, rəhmətlik İqor Sergeyeviçin həyat yoldaşı, bizim bacımız Polina İvanovnanın əlli beş yaşı tamam olur. Mən onu hamınızın adından təbrik edir, cansağlığı arzulayıram. İndi də sözü onu qardaş kimi sevən, əzizləyən və qulluğunda duran, uzun illər bir yerdə bacı-qardaş kimi ömür sürən Zaməddin kişiyə verirəm. Zaməddin danışdı, özü də gözü yaşarmış halda, çənəsi əsə - əsə özünü saxlaya bilmədi, Polya xalaya yaxınlaşıb bərk- bərk qucaqladı və ağladı. Ədəbiyyat müəllimləri Sabir müəllim və Ədil müəllim, fransız dili müəllimi Rəsul müəllim, rus dili müəllimi Ağabala müəllim çox təsirli, ürək sızladan, həm də qəlb sevindirən çıxışlar elədilər. Bunu Polina xalanın ağappaq dəsmalı ilə tez – tez göz yaşını qurulamağından bilirdik.
Sonra direktorumuz rus dilində də təbrik çıxışı elədi və yığıncağın rəsmi hissəsi başa çatdı.
İllər keçdi, hərəmiz bir yerə dağılışdıq. Alı məktəbə girənimiz də oldu, kolxozda mexanizator, zavodda fəhlə işləyənimiz də. Sonralar yaxın adamların birindən eşitdim ki, Polya xala köçüb, Krasnodara gedib, onun qaldığı evdə də paytaxtdan gələn bir rus dili müəlliməsi yaşayır. Adı Rənadır, subaydır, artıq yaşlaşsa da hələ canı sulu olan Zaməddin kişidən başqa üz tutası, sığınası kimsəsi yoxdur bu fani dünyada...
Neçə onilliklər əvvəl şahidi olduğum əhvalat müxtəlif yozumlarda kənddə hələ də danışılmaqdadır. Özünə damar üyütmüş oğlanlar, hətta saqqalı çallaşmış kişilər Çerasimə oxşayan təsərrüfat müdirindən söhbət düşəndə bu cümləni də dillərinə gətirməyi unutmurlar; “Zaməddin kişinin sağ əli bizim də başımıza”.
10-02-2024, 13:09
ZAUR USTACIN YENİ KİTABI


ZAUR USTACIN YENİ KİTABI
(“Sevgi dolu şeirlər” kitabı haqqında)
Özəl günlər ərəfəsində tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.
Kitab gözəl insan, əsl ziyalı bu sahədə öz sözünü çoxdan demiş təcrübəli naşir Zaur Qafarzadənin rəhbərlik etdiyi “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla “Zaur Ustac-50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı artıq satışdadır. Yuxarıda qeyd etdiyimiz kimi kitab yubiley tədbirləri çərçivəsində nəşriyyat tərəfindən şairin yubileyinə hədiyyə olaraq nəşr olunmuşdur. Ərəfəsində olduğumuz xüsusi günlərdə kitabın satışından əldə olunacaq gəlir də eyni zamanda “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrin həlli istiqamətində sərf olunacaq.
Kitab geniş oxucu kütləsi-ilk növbədə özəl günlərdə hədiyyə axtarışına çıxan uşaqlı-böyüklü, qızlı-oğlanlı, cavanlı-qocalı, kişili-qadınlı hər kəs üçün nəzərdə tutulub. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “...Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır...”
Dünyanın təməli sevgidir, gülüm!
Dərdin, ah-nalənin özü də sevgi... Deyən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı bütün özəl günlərdə (doğum günlərində, dostunuzu, sevgilinizi, ananızı ziyarət edərkən) sizin ən gözəl, ən dəyərli sovqatınız olacaq. Kitab eyni zamanda son 30 ilin Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan mütəxəssislər - filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar üçün də faydalı mənbə rolunda çıxış edə bilər və bu baxımdan çox əhəmiyyətli qaynaqdır.
Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınmış nümayəndələrindən biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən, onun şeir modellərinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək, onun müasir olduğu qədər də öz soy-kökünə bağlılığını əks etdirmək baxımından olduqca faydalı olmaqla bərabər, ana dilimizin leksik tərkibini onun aktiv və passiv fondu kimi də böyük əhəmiyyət kəsb edir, öyrədir. Burada köhnəliklə yenilik arasında əlaqəni, dilimizin zəngin söz ehtiyatlarından faydalanmaq qabiliyyətini, istifadə yollarını əyani şəkildə görür və zövq alırıq.
Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin ön sözü ilə başlayan kitabın redaktoru filoloq, çağdaş dünya ədəbiyyatı üzrə ixtisaslaşmış müstəqil ədəbiyyat tənqidçisi Günnur Ağayeva, rəssamı isə Azərbaycan Rəssamlar İttifaqının üzvü tanınmış xalçaçı rəssam Natiq Nəcəfzadədir.
Kitab artıq satışdadır istənilən şəxs onu əldə edib sevgi dolu şeirlərlə tanış ola bilər.
Zaur Ustac demişkən: “Sevin ki, seviləsiniz!”
Tuncay ŞƏHRİLİ
"Bütöv Azərbaycan" qəzeti
9 Fevral 2024
28-01-2024, 19:40
Elimizin vurğunu, yollar yorğunu!


Elimizin vurğunu, yollar yorğunu!

Ürəyi, idrakı dərya, dili düz, zəka əhli, elmli, irfanlı, adı mənim üçün əziz olan Rahil müəllimi mən ağlım kəsəndən tanıyıram.
Ömür kitabımı vərəqlədikcə orada adı yazılmış, namusla həyat sürən, adı cəmiyyətdə kişi deyilərək çağrılan Rahil müəllimin imzasını görürəm.
Rahil Gülağa oğlu Məmmədov 1951-ci ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmiş və həmin ildən də doğulduğu kənddə müəllimlik fəaliyyətinə başlamışdır. Bu bir həqiqətdir ki, cəmiyyətdə kişi adını qazanmaq hər insana nəsib olmur. Uşaqlıqdan ömrün sonuna qədər qazanılan adlar səninlə bağlıdır və bunlar sənin şəxsiyyət kimi formalaşmağında, cəmiyyətdə tutduğun mövqenin hansı səviyyədə olmasında mühüm rol oynayır. Elə insanlar var ki, yaşadıqları dünyanın qədir-qiymətini, mənasını dərk etmədən dünyadan köçürlər. Əhsən o insanlara ki, yaşadığı həyatı gözəlləşdirir, qurub-yaratmaq əzmi ilə yaşayırlar, özlərindən sonrakı nəslə xeyirxah əməllər yadigar qoyub gedirlər.
Rahil müəllim insanpərvərliyi ilə bu dünyada elə əməllər sahibi olmuşdur ki, bütün bunlar üçün ona saysız-hesabsız sağollar, təşəkkürlər düşür. Həddindən artıq həssas, duyğulu insan olduğu üçün heç kimin xətrinə dəyməz, hamıya kömək etməyə çalışar və imkanından xaric olan işləri edə bilmədiyi üçün narahatlıq keçirər-budur onun həyat fəlsəfəsi! Qəribə insandır; onu bir balaca tərifləyən kimi körpə uşağ kimi utanıb başını aşağı salır. Təbidir ki, belə əqidə sahibləri nəyə qadir olduqlarını bildikləri halda hamının yanında özlərini eyniləşdirirlər və tərif edənlərin söhbətini başqa səmtə yönəldirlər. Rahil müəllim, siz əqidəsində saflıq olan şəxsiyyət kimi mənəvi kamilliyə çatmışsınız və bu vaxta qədər kişiliyinizi, ləyaqətinizi, dostlara sədaqətinizi qoruyub saxlamısınız. Sizin kimi dəyərli insanların Rəbbimizin yanında da mükafatları var, onların heç nədən qorxusu olmur. Rahil müəllim, siz həmişə idrakın dəlillərinə, vicdanınızın səsinə qulaq asan olmusunuz, vicdan sizin kişilik rəmziniz olmuşdur.
Həyat dediyiniz o gözəl məna,
Tale dediyimiz müqəddəs dünya
Yaranır insanın arzularından,
Hər təmiz vicdanın ilk baharından...

Səməd Vurğun
Qısa da olsa, namusla, səmimiyyətlə keçən ömür uzun sürən yalanlarla dolu şərəfsiz ömürdən min dəfə yaxşıdır. Dünyanın həqiqətlərinə yoldaşlıq edənlərin həyatı gülzara dönər, mala, dövlətə həris olanların həyatı isə viranəlik, xarabalıqdır.

Hörmətli Rahil müəllim, həyat sərt məktəbdir. Yaşamaq üçün kişilik məktəbi keçib kişi kimi mübarizə aparmaq lazımdır.
Rahil Məmməd 1980-cı illərdən mətbuatda şeir, hekayə, povest, roman, publisistik məqalələrlə çıxış edir. Bir sıra xarici ölkələrdə bədii yazıları nəşr edilmişdir. Bu günümüzə qədər 7 kitabı işıq üzü görmüşdür. 2007-ci ildə çap olumuş “Qoruyaq dünyanı” adlı ilk kitabında müxtəlif səpkili şeirləri və iki poeması çap olunmuşdur. Müqəddəs seyidlərimizdən olan Mirsultan ağaya həsr etdiyi poemada insana məxsus olan bütün əxlaqi keyfiyyətləri açıqlayan Rahil müəllim “minacatda” böyük dahilərimizdən ona yadigar qalmış poetik düşüncələrini inci kimi sapa düzmüşdür. “Qoruyaq dünyanı” kitabında yazdıqlarından görünür ki, Rahil Məmmədin nizamında caizlik yoxdur. 2010-cu ildə “Yarpaq sevgisi” işıq üzü gördü. Rahil Məmməd ucuz şöhrət dalınca qaçmır, ürəksizlərə ürək vermir, simasızlarla çörək kəsmir, halal zəhmətlə çörək qazandığı kimi, yazdıqlarını da halallıqla yazır, hamısı öz beyninin məhsuludur, heç kimdən oğurluq etmir, vətəninə, xalqına bağlı şairlərdəndir. Qəzəl janrına girişmək hər şairin işi deyil, burda da Rahil Məmmədin qələmi öz gücünü göstərmişdir. Arifanə yazılan bu qəzəllər onun əruzu yaxşı bilməsindən xəbər verir.
“Onun tanımadığı tanışlar” romanı 2012-ci ilin məhsuludur. Burada da Rahil müəllim əxlaqi dəyərlərimizi, mənəviyyatımızı ön plana çəkir, surətlərin hər birinin xarakterini açır və keçmişin yaxşısını bu günümüzün reallığı ilə müqayisə edir.
Rahil Məmmədin 2016-cı ildə çap olunan “Gəl süzül qəlbimə” seirlər toplusu şairin kamillik dövrünün çağlayan, coşan, istedadının Kürü, Arazıdır. Oxuduqca oxunur, mənası dərin olan bu şeirlərdə mahir bir şair nəfəsi ətir saçır, dərk edənlər burada müxtəlif suallara cavab tapır və Rahil Məmmədin hikmət nəhənglərimizin varisi olduğuna əmin olursan.
Azərbaycanımızın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyev haqqında 2016-cı ildə yazdığınız “Vətən Oğlu” poeması Sizin xalqımızın qeyrət sahibi olan vətəndaşlığınızdan xəbər verir; halal olsun Sizin kimi vətən övladına. Murad bütöv Azərbaycanımızın 50 milyonluq Azərbaycan Türkünün, bütün Türk dünyasının qəhrəman oğludur. Siz və kəndimizin yaşlı əhalisi bunu yaxşı bilir ki, anası Güllübəyim xanımın atası Məmmədov Məmmədağa Allahverən oğlu və mənim atam Ağayev Əliağa Əliağa oğlu 5 il İkinci Dünya Müharibəsində bir cəbhədə və bir yerdə döyüşüb geri qayıtmışdır. Hər ikisi 1-ci dərəcəli Vətən müharibəsi əlili idi. Ömürlərinin axırına kimi bir yerdə oldular və hamı onların dostluğuna qibtə edirdi. İkisi də Muğangəncəli kəndinin qəbirstanlığında dəfn olunmuşdur. Mənim də uşaqlığım və orta məktəbdə təhsil aldığım illər Məmmədağa əminin evində keçmişdir. Muradın böyük dayıları Vahid və Rasim mənim həmyaşıdlarım, qardaşlarım olmuşlar. Nənəsi Səfayət xala məni hamıdan əziz tutardı.
İnsan anadan nə yaxşı, nə də pis xasiyyətli doğulmur, yaxşılığa və pisliyə meyillilik həyatda formalaşır və qazanılır.
İnsanın özünü dərk etməsi yalnız o kəslərdə olur ki, onlar həyatın fəlsəfəsini anlayır, duyurlar. Rahil müəllim batində bir, zahirdə başqa cür olmamışdır. Hər bir insan öz əqidəsinin şəklidir. Rahil müəllim üçün doğru sözlülər dost, xain gözlülər isə içilməyən su axarıdır. “Müqəddəs savaş “ -can yanğısı ilə yazılan bu kitab müəllifin vətən sevgisindən doğan fəryaddır, göz yaşıdır, ağrıyan ürəyinin naləsidir. Ay mənim Koroğlu mayasından yoğrulub , Həcər anadan doğulan qardaşım, çoxları bilməsə də axı mən bilirəm sənin halal zəhmətindən başqa bir manat da gəlir mənbəyin yoxdur! 20-dən artıq rayonumuzu, kəndimizi, qapı-qapı gəzib şəhidlərimiz, qazilərimiz haqqında materiallar toplayıb əsərlər yazmaq hər oğulun işi deyil. “Müqəddəs Savaş” 2022-ci ildə çapdan çıxmışdır, amma mən bu kitabı oxuduqdan sonra sənin bu hadisələrin iştirakçısı olduğuna əmin oldum. Müharibəni sakitcə seyr edən qələm sahiblərindən(yazıçıların bir qismi) fərqli, oxunaqlı dildə yazdıqların, vətənimiz, torpağımız, analarımız, bacılarımız, qeyrətimiz, namusumuz yolunda özlərini qurban vermiş, şəhid etmiş, qazi olmuş oğullarımızın igidliklərini bizlərə çatdırdığın üçün mərhaba Rahil Məmməd!

Tam qətiyyətlə deyə bilərəm ki, 26 şəhidimiz və 15 qazimiz haqqında yazılmış bu kitab şəhidlərimizə və qazilərimizə həsr edilmiş ən qiymətli kitablardan biridir. Vətənpərvərlik ruhunda, can yanğısı, ürək ağrısıyla yazılmış bu əsər müəllifin xalqına olan məhəbətinin reallıqdan doğan təzahürüdür. Analarımızın, bacılarımızın namusunu göz bəbəyi kimi qoruyan şəhid oğullarımız, məkanınız cənnət olsun, qeyrətləri ilə qeyrətsizlərə meydan oxuyan qazilərimiz qarşınızda baş əyirəm! Əhsən Rahil Gülağa oğlu!
“Qələbə müjdəsi” Rahil Məmmədin 7-ci kitabıdır. Müəllif burda da vətənimizin unudulmaz övladlarına ünvanlı şeirlər, poema həsr etmişdir. Rahil Məmməd “Analı dünyamın nəğmələri” poemasında bizə həyat vermiş analarımızı elə tərənnüm etmişdir ki, bunu həyəcansız oxumaq olmur. Bəzən sağlıqlarında qədrini bilməyənlər dərk edə bilsəydilər ki, analarımız olmasaydı yer üzündən bizim nəslimiz kəsilərdi, həyat, məhv olardı. Yazdıqlarına, yaratdıqlarına halal olsun! Əhsən Rahil müəllim!
Şəhid övladlarımızın ruhu şad olsun!
Ruhunuz şad olsun, şəhid oğullar,
Dəniztək çağladı Vətən sevginiz!
Ölümün gözünə dik baxa-baxa
Şəhidlik zirvəsi fəth etdiniz siz!
Ali baş komandanımız var olsun!
Ali Baş Komandan, sən də var ol ki,
Qələbə sevinci yaşatdın bizə!
Hünər tariximə yazdın adını,
Sanki işıq verdin gözlərimizə!

Rahil müəllim, insan müqəddəs bəşər övladı və kainatın dəyər ölçüsüdür, onu ya sevərlər, ya da söyərlər, Sizin kimi insanlar sevilərək dünyadan köçəcəklər. Dünyanın həqiqətlərinə yoldaşlıq edənlər xöşbəxt insanlardır, belə insanlardan biri də sizsiniz.
Rahil müəllim peşəsinin kamil bilicilərindəndir. Onun poeziya lampası yanacaqla doludur, yandıqca poeziyamızda çox şölələr saçacaqdır. Rahil müəllim, Siz əqidəsində saflıq olan bir insansınız, bu vaxta qədər kişiliyinizi, ləyaqətinizi qoruyub saxlamısınız, vicdanınızın səsinə qulaq asmısınız. Həyatda hər şeyi bir neçə dəfə almaq olar, təkcə ömürdən başqa. İnsanlara müftə bəxş edilmiş nemətlərdən biri ömürdür, biri də sağlamlıq. Ömrünüz uzun, canınız sağlam, işiniz uğurlu, həyatınız nurlu olsun!
İbadulla AĞAYEV
Azərbaycan Tibb Universitetinin
epidemiologiya və biostatistika
kafedrasıının müdiri, əməkdar
elm xadimi, əməkdar müəllim,
tibb elmləri doktoru, professor
27-01-2024, 23:23
Zəngəzur mahalında Kurud mədrəsəsi

Səxavət HACIYEV
Tarixçi


Zəngəzur mahalında Kurud mədrəsəsi

Məlumat üçün qeyd edim ki, hələ XIX əsrin sonlarında Zəngəzur mahalının Kurud kəndində mədrəsə fəaliyyət göstərmişdir.
Mətləbə keçməzdən əvvəl oxucularımızın yaddaşını təzələmək naminə mədrəsə barədə qısaca xatırlatma:
Mədrəsə - ərəb sözü olub “dərs oxumaq, dərs deyilən yer” deməkdir. İslamın yayıldığı ilk dövrlərdə ilahiyyatçı alimlərin mühazirə oxuduqları yer, eləcədə böyük məscidlərdə daima məktəb və ya mühazirə kursları mövcud idi ki, burada da dini və dünyəvi elmlər tədris olunurdu. Mədrəsə adlanan xüsusi tipli orta və ali ilahi-hüquqi məktəblər tarixinə nəzər saldıqda görərik ki, Zəngəzur mahalının Kurud kəndində 1880-ci ildə Molla Əbdurrəhimin açdığı mədrəsə bu tip tədris mərkəzi idi.
1038-ci ildə Nişapurda öz dövlətlərini qurmuş Səlcuqlar tərəfindən yaradılmış mədrəsə təhsil sistemi daha sonra Nişapurda, Mərvdə, Xorasanda və oradan da dovlətin qərb vilayətlərinə yayılmışdır. Mədrəsələr yalnız inzibati idarəetmə sistemi üçün kadrlar hazırlanması məqsədi ilə yaradılmışdır. Lakin gələcək inzibatçılar öz fəaliyyətləri üçün vacib olan elmləri də öyrənirdilər. Bəzi tətqiqatçıların fikrincə, mədrəsədə Qazı vəzifəsi hazırlanırdı ki, bu da dini xarakter daşıyırdı və məhkəmələrdə şəriət qanunlarına istinad edərək fətvalar verib hakimlik edirdilər. C.Maqdisi və K.Klauzer kimi alimlər hesab edirdilər ki, mədrəsədə təhsil almış şəxslər fiqhdə yəni qanunvericilik və hüquqşünaslıqda mükəmməl məlumatlı olan şəxs hesab olunurdu. O məhkəmədə Qazı vəzifəsində çalışa bilər, mədrəsədə müdərris kimi işləyə bilər və tədris hissəsində başçılıq edə bilərdi. Bu baxımdan bütün müsəlman dünyasının tədris mərkəzi sayılan Bağdad Nizamiyə mədrəsəsi dövrün tələbi idi. Səlcuq sultanı Alp Arslanın hakimiyyəti illərində onun vəziri olmuş Nizamülmülkün təşəbbüsü ilə 1067-ci ildə açılmış Bağdad Nizamiyyə mədrəsəsi əslində orta əsrin ilk universiteti sayılır. Mədrəsə elmi inkişaf etdirmək üçün açılmışdır ki, sonralar bütün islam alimlərini özündə birləşdirmiş bu mədrəsədə ildə 6000 tələbə təhsil alırdı.
Bu tələbələrdən biri də 1853-cü ildə Zəngəzur mahalının Kurud kəndində dünyaya göz açmış Molla Hacıbaba oğlu Əbdürrəhim olub. Qeyd etmək yerinə düşər ki, Molla Əbdürrəhimin atası Molla Hacıbaba və babası Molla Allahyar da ilk təhsilini atalarından aldıqdan sonra ata-babalarının yolu ilə gedərək Əhərdə sonra isə Nəcəf və Bağdad şəhərlərində Ali Ruhani məktəblərində təhsillərini başa vuraraq mükəmməl ilahiyyatçı, müdərris (günümüzün professoru) olmuşlar. Molla Əbdürrəhim də 1880-ci ildə Bağdad da Ali dini təhsilini başa vurub Kurud kəndinə qayıdaraq orada mədrəsə açıb. (Mənbə: S.Qarayev “ Qazangöl həsrəti səh.201 Bakı-2002-ci il)
Molla Əbdürrəhimin mədrəsəsində təhsil almış tələbələrin bizə məlum olan qisminin siyahısını təqdim edirik:

Kurud kəndi 1988-ci ildə

1) Molla Əbdülsəlam (qardaşı) – Kurud kəndi;
2) Molla Ziyad – Kurud kəndi;
3) Molla Həsənxan – Kirs kəndi;
4) Molla Dosdu – Çiriş kəndi;
5) Molla Alı Rzaqulu oğlu- Kurud kəndi;
6) Molla Hacı Hacıyev-Kurud kəndi;
7) Ziyəddin Hacıyev-Kurud kəndi;
8) Canıbaba Hacıyev- Kurud kəndi;
9) Əminə Hacıyeva-Kurud kəndi;
10) Maral Hacıyeva-Kurud kəndi;
11) Molla Pəpiş (əsl adı Həsənov İsrafil Hacı Səməd oğlu)-Qubadlı rayonunun Qiyaslı kəndi.
12) İbiş Nəzərəliyev(Sovet dövründə Naxçıvan Muxtar Respublikasının Prokuroru olub)-Qubadlı rayonunun Göyyal kəndi.

Atam və əmilərim bizə söyləyirdi ki, babanız Molla Hacıbaba Pirdavdan kəndində bacısı Səlbigildə qonaq olarkən bir gün mal növbəsinə getməli olur və çöldə kənd uşaqları ilə savaşıb döyülür. Bacısı Səlbi nənə qardaşını Qazının yanına aparıb şikayət edir ki, qardaşımı kənd uşaqları döyüblər.
Qazı babamdan soruşur:
-Bala kimin oğlusan?
-Cavab: Molla Allahyarın.
Cavabı eşidən Qazı Hacıbabaya bir şapalaq vurub deyir: Gərək səni elə vurardılar ki, gözün çıxardı. Molla Allahyar ölüb deyə,- çoban olacaqsan? Niyə Dədə-babalarının təhsil yolunu yarımçıq qoymusan?!
Rəhmətlik Səlbi nənə bu sözdən sınaraq pul-para toplayıb qardaşını Təbrizə oxumağa göndərir. Qeyd etmək yerinə düşər ki, Səlbi nənənin övladları 1918-1920-ci illərdə Pirdavdan kəndi ermənilər tərəfindən dağıdılıb əhalisi qırılanda, Mustafa kimi igidin köməkliyi ilə, Ordubada-Qoruqlar, Kələki, Bis, Əbrəqunus kəndlərinə pənah aparıblar.
Mən 1971-ci ildə Culfa rayonunda yaşayan bibimoğlu Məhəmməd İmaməliyev ilə Naxçıvan Muxtar Respublika Prokurorluğunda yüksək vəzifə tutan İbiş Nəzərəliyevin evinə getdik. Cay süfrəsində tanışlıqdan sonra biləndə ki, mən Hacının oğluyam, dedi- sənin atanın adı Hacıbabadır. Əbdürrəhim baba öz atasının adını oğluna qoymuşdu. İbiş müəliim qohumluq və kimliyimiz haqqında xeyli söhbət eləyəndən sonra dedi ki, Molla Əbdürrəhim- sizin babanız bizə həftədə 3 dəfə dərs keçirdi. Hacıbaba, Canıbaba, Ziyəddin, Əminə, Maral, Alı, Əsəd, Davud, Pəpiş, Həsənxan və.s yadımdan çıxan tələbələr də vardı. Hər cümə namazından sonra yarış keçirərdi. Molla Pəpiş ilə Alı hamımızdan əzbərçi və savadlı idilər. Hər ikinci gün bizim dərsimiz hədrə-cavablıq yəni hazır cavablıq dərsi idi. Mərhum Molla Əbdürrəhim mütəmadi olaraq Gığıdan Molla Fərzalını, Molla Gəncalını Kuruda-mədrəsəyə dəvət edib bizi imtahana çəkərdi...
Əslində sizin soyadınız da Hacıyev yox, Əfəndiyev olmalıdır. Çünkü siz Əfəndi uşağı gedirsiniz. Canılı tayfası-Əfəndilər yəni oxumuş, təhsilli adamlar.
Bu məqamda hörmətli oxucuların diqqətini Əfəndi sözünün mahiyyətinə yönəltmək istərdim;
Əfəndi-Sünnü din alimlərinə verilmiş xüsusi tituldur. Əfəndi fiqh elmini mükəmməl bilən, Qazı rütbəsi almış, şəriət məhkəmələrini aparan ilahiyyat alimlərinə deyilir. İslami fətvaların verilməsində səlahiyyəti olan sünnü alimlərinə Əfəndi titulu verilirdi ki, bizim babalarımız bu titula laiq olduğu üçün el-oba arasında bizlərə Əfəndilər, Əfəndi uşağı deyə,- müraciət edirdilər.

Ermənilərin viran qoyduğu Kurud kəndi

Arxiv sənədlərinə əsasən 1853-cü ildə Kurud kəndində anadan olmuş Molla Əbdürrəhim Molla Hacıbaba oğlu haqqında Azərbaycan MTN-nin iyun 1993-cü il tarixli 11/14-H631 saylı arayışında babamızın soyadı Əfəndiyev Molla Əbdürrəhim Hacıbaba oğlu olaraq qeyd olunub. O, bir sentyabr 1937-ci ildə Sovet Höküməti əleyhinə fəaliyyətdə ittiham olunaraq üçlüyün qərarı ilə güllələnmiş, məscidi mədrəsəsi isə sökülüb dağıdılmışdır.
Beləliklə sənədlərə baxdıqda görürük ki, hələ 1832-ci ildə çar I Nikolayın fərmanına əsasən Qafqazda əhalinin siyahıya alınması və vergi sisteminin tətbiqi ilə keçirilmiş siyahıyaalma zamanı babalarımızın adı, soyadı, doğum tarixi və ödədiyi vergi dərəcələri qeyd olunmuşdur. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan xanlıqları Araz çayı sərhəd olmaqla digər xanlıqlar kimi Naxçıvan və İrəvan xanlıqları da, o cümlədən Zəngəzur Rusiyanın tərkibinə qatıldı. 1801-ci ildən Gürcüstanı işğal etmiş Rusiya Qafqazda öz hökmranlığını, vergi sistemini həyata keçirməyə başladı. Belə ki, Zəngəzurda da yeni iqdisadi layihə 1826-1828 Rusiya-İran müharibəsi başa çatdıqdan sonra maliyyə naziri Kankrinin təqdimatı ilə I Nikolayın fərmanına əsasən həyata keçirildi. 1830-cu ildən Zəngəzur mahalında komeral təsvir aparılır.
Kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin “Zəngəzur mahalının komeral təsviri” 1832-1833 -cü illər kitabında Kurud mədrəsəsinin qurucuları haqqında məlumata rast gəlirik. Belə ki, kitabın 277-ci səhifəsində Gığılı obası haqda yazılır. 3978 nomrəli arxiv işində Abdulla Canı oğlu 35 yaşında, 1797-ci il doğumlu, oğlu Allahverdi 6 yaşında, 3979 nömrəli arxiv vərəqində yazılmışdır-Molla Allahyar Canı oğlu 58 yaşında-1774-cü il doğumlu. Hər ikisi gümüş pulla 2 rubl və məhsulun 1/5 hissəsini mal-cahat olaraq ödəyiblər. Babalarımın demiyyə yararlı torpağı və dəyirmanı var idi. Həmin müəllifin kitabının 403-ü səhifəsində qeyd olunur ki, Kurud kəndi elmin inkişafı və fəaliyyətində dövlətə xidmətində mollaların xüsusi rolu olmuşdur. 54 nömrəli arxiv işində göstərilir ki, Molla Hacıbaba Molla Allahyar oğlu- 1834-cü il təvəllüdlü. Qeyd edək ki, yoxlamanı həyata keçirtdi Zəngəzur qəza rəisi Artunov. (bax N.Əhmədli Zəngəzur mahalının komeral təsviri səhifə 277. Bakı 2021 )
Arxiv materiallarından aydın olur ki, Nəcəf və Bağdad şəhərləində təhsil almaqlarına baxmayaraq babalarımız Zəngəzur mahalı Kurud kəndinin daim yaşayan sakinləri olaraq kənddə hökumətə vergi vermiş, Mədrəsə açmış, ilahiyyatçı alimlər kimi özlərinə sünnü alimlərinə verilən Əfəndilər titulunu qazanmışlar.
Bu faktlar bir daha sübut edir ki, Zəngəzur mahalında XIX əsrin 80-ci illərindən ilk təhsil ocaqlarından biri kimi Kurud mədrəsəsi fəaliyyət göstərmişdir.
19.01.2024
"Bütöv Azərbaycan" qəzeti
26 Yanvar 2024
26-01-2024, 23:14
Telejurnalist

Zaur RZAYEV


(Telejurnalistin həpəndlər seriyasından)

ŞƏXSİYYƏTSİZ
Günlərin bir günü televiziya sahəsində çalışan iki əməkdaş axşam çağı işdən çıxıb piyada, söhbət edərək evlərinə gedirlər. Yolda qərara gəlirlər ki, gedib Nefçilər metrosunun yaxınlığında yerləşən kafelərin birində adama bir pors xəngəl yeyələr, bir 200 qram da araq içələr. Nefçilər metrosunun ətrafında kafelər çox olduğundan bunlar xeyli çək-çevir etsələr də, dəqiq seçim edə bilmirlər. Biri deyir Faxralıya (kafenin adıdır) gedək, digəri- ora yaxşı deyil, Mübarizin(kafenin icarədarının adıdır) kafesinə gedək, deyə israr edir. Nəhayət kafe seçimilə bağlı aralarında mübahisə yaranır. Dostlar istirahətdən vaz keçib mübahisə edə-edə metronun girişinə yaxınlaşırlar. Başları o qədər qarışır ki, ictimai yerdə olduqlarını unudurlar...
Bu arada bir haşiyə edim ki, əməkdaşlardan biri ucaboy, enlikürək, təxminən 120 kq çəkidə, digərinin görünüşü isə az qala, dostunun yarısı boyda- arıq, çəlimsiz, çəkisi də uzaqbaşı 50 kilo ola-olmaya.
Əlqərəz mübahisə qızışdıqca səs ətrafa yayılır. Bu zaman metroda xidmət aparan polis serjantı mübahisə etdiklərini görüb onlara yaxınlaşır. Üzünü yekəpərə tutaraq müraciət edir:
Vətəndaş, ay yoldaş, ay qardaş bir dəqiqə sakit olun! Kənardan qadın keçir, uşaq keçir, bir az mədəni olun də... Polisin mədəni olun sözü yekəpərin xoşuna gəlmir. Yanındakından əl çəkib başlayır polislə mübahisəyə – Sən bilirsən mən kiməm? - Mən Filan Tv-nin redaktoruyam, bu yoldaş da həmin Tv-nin rejissorudur...
Balacaboy və bədən görnüşünə görədə çəlimsiz olan zavallı rejissor isə gözlərini döyə-döyə, həyəcanla bunlara baxır. Üzündən oxunur ki, ürəyində deyinir- mən nə qələt elədim, bununla yol- yoldaşı oldum. Qəzəblənən polis əsəbi şəkildə boydan uca olan redaktora üzünü tutaraq deyir-ay vətəndaş hələ bir şəxsiyyət vəsiqəni ver görüm sən kimsən axı?!. Bayaqdan od-alovlu danışan bu tv əməkdaşı işinin çətinə düşəcəyini anlayaraq məzlum görkəm alaraq deyir, rəis başına dönüm, gərək adamın şəxsiyyəti ola ki, şəxsiyyət vəsiqəsi də ola. Əsəbdən üzü pörtən polis bu sözü eşidən kimi başlayır şaqqanaq çəkib gülməyə:
Bax burasını düz deyirsən, boy-buxun olmaqla deyil, gərək adamın şəxsiyyəti ola . O da səndə yoxdur, keç get, ay ŞƏXSİYYƏTSİZ!
25-01-2024, 16:42
Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək


Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlamaq tapşırılıb.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.
21-01-2024, 07:52
Deyəsən yağış yağacaq axşama...


Deyəsən yağış yağacaq axşama...

Hərdən sözdən də küsürəm, sözün yiyəsindən də. Sadəcə küsürəm. Heçnəsiz, filansız. Sözün ağırlığını ruhumun çəkə bilmədiyi vaxtlar da az olmur. Çəkib aparır söz məni qaranlıq quyunun düz dibinə. "İndi hünərin var, çıx bu quyunun dibindən"- deyirəm öz-özümə. Onda da hardansa bir söz peyda olur, tutur ruhumun əlindən, cıxarır məni bu dar quyudan və dönürəm öz işıqlı hücrəmə. Özümə. O zaman əlimi haqqın dərgahına qaldırıb "Şükür sənə, ilahi"-deyirəm, nə yaxşı ki, söz var. Nə yaxşı ki, sözün yiyəsi, dünyanın sahibi var -deyirəm. Bax o vaxt o şükranlığımı da, bu bir ovuc ümid işartısını da o Sözə borclu qalıram. Dönüb qayıdıram öz mənimə.
Onu da deyim ki, məni heçnəylə heyrətləndirmək olmaz. Bircə Sözdən başqa. Söz də söz ola ha. Axı sözün əlindən tutub yeriyənlər də çox deyil. Sözün ucundan tutub ucuzluğa gedənlərsə o qədərdi ki...
Sözü urvatdan salanlar biz bildiyimizdən də çoxdu indiki zamanda. Sözdən boluq eləcə. Hər sözdən danışmıram ha. İlahi sözdən, sufi sözdən danışıram .
Sözüylə yaralayıb (yaxşı mənada) sözüylə məlhəm qoyanların duyğularının qonağı olduğum vaxtlar da az olmur. Elə gözəl doyururlar ki, adamı sözlə, "şükür varlığına" deməkdən başqa əlindən heç nə gəlmir. Varlığına şükr etdiklərim, əsl söz sahibləri elə də çox deyil. Bu gün Qəşəm Nəcəfzadədən söz açmaq istəyirəm. Dəliliyi, çılğınlığı, küsəyənliyi, hövsələsizliyi ilə birgə şairdi ki şair. Ayağı yer tutar deyə heç üzünə də vurmamışam bu vaxtacan düşündüklərimi.
Hərəmiz bir qaranlıqda işıq axtaranlardanıq. Amma dünyalarımız birdi. Fikir ayrılıqlarımız olsa da sözümüz eyni odda bişib. Bizi söz bir araya gətirir sözün həqiqi mənasında. Axı bütün şairlərin ruhu ürəkdən su içir. Hər nə qədər boyunlarına almasalar da bütün şairlər tənhadı, kimsəsizdi. Bunu mən deyirəm. Bütün şairlər ruhla cismin çəkişdiyi nöqtədə ruhuyla can çəkişdirir və bu xüsusiyyətdi hamımızı eyni havaya kökləyən, eyni ruhda birləşdirən, eyni küləklərdə, yağışlarda yol yoldaşı edən. Bəlkə bu çağacan Qəşəm haqda yüzlərlə məqalə, esse, hətta şeir də yazıblar. Bəlkə yox, elədi ki, var. Amma onu olduğu kimi tanıyan, tanıdan, ruhunun qapılarını ərklə açan, sözlə döyən, sonra da elə sözlə də sığal çəkən olmayıb bəlkə də. Bəlkə də olub. Bilmirəm.
Mən bu gün istədim bir ayrı pəncərədən baxım şairin söz dünyasına. Qorxmadan, çəkinmədən, bəzəksiz, düzəksiz, olduğu kimi. Çünki bilirəm ki, o da yorulub boğazdan yuxarı təriflərdən, yalançı alqışlardan. Səmimiyyət gəzir o da mənim kimi. Şeirləri kimi pafossuz, içdən, ərkyana yazı gözləyir, bilirəm. Axı mənim tanıdığım Qəşəm qocalığa can atan, atları baxışları ilə qamçılamaq istəyən, yerdə qalan ömrünü çəlik ayaqları ilə döyəcləmək arzusunda olan dəli yolçudu. Dəli şair demirəm, çünki şairlik elə dəlilikdi. Sözünü tutub gedir o da ruhunun uçduğu yerə. Elə başı da sözə bərk qarışıb. Nə bilmək olar, bir də gördün, arzuları çin oldu, saqqalında dən bitdi, əllərində əsa. Gözünü açıb yumacaq və görəcək ki, bir özüdü, bir sözü, bir də dünyası. Məncə, illərin yorğunluğudu Qəşəm Nəcəfzadəni qocalığın eşqinə salan. Əlini, ayağını uzadıb dincəlmək istəyir azacıq. Amma inanmağım gəlmir nəsə Qəşəmin nə vaxtsa dinc oturacağına. Təki sağlıq olsun.
Gözlərim eynək gətirsin,
Saqqalım qar.
Əllərim çəlik .
Yaşım qocalıq pulu

-deyən şair əslində qocalmaq yox, yaşamaq eşqindədi. Qocalınca, əlləri çəlik tutunca, saçı, saqqalı ağarınca, gözləri torana düşüncə yaşamaq həm də. Tanrı arzusuna çatdırsın.
Sükutun içində qərib hay-harayı var Qəşəm Nəcəfzadənin həm də. Ərkyana səsi-küyü ilə bir andaca götürər sükutu başına. Özü demiş, bütün yorğunluğunu düymə gözlərində gizlədərək bir gümrahlıq qatar səssizliyə. Heç kim hiss etməz içindəki təlatümü, ağrını. Yox, hiss edərik. Üzünə vurmarıq sadəcə. Qoşularıq hamımız ona. Ortalığa bir söz atar, hamı düşər o sözün dalınca. Dildən-dilə gəzər söz. Sözdən söz doğar və vaxtın keçməsindən heç kimin xəbəri olmaz.
Mənim də gümanım sözümə çatır,
Kənddən gətirdiyim hirsimə çatır.
Arzum dilə düşür, söz eləyirsiz,
Məni nişan verib göz eləyirsiz

-deyir Qəşəm Nəcəfzadə.
Amma əslində o qaş-göz edənlərin hamısı onu yaxşı mənada nişan alıb. Bəziləriyçün işıqdı, bəziləriyçün ümid, bəziləriyçün dəli şair, bəziləriyçün vətəndaş, bəziləriyçün adicə Qəşəm. Amma hamısının könlündə ona qarşı müqəddəs Qəşəm sevgisi var. Onu nişan verməyənlər, o olan tərəfə baxmayanlarsa sadəcə varlığından qorxub ürkənlərdi. Bəlkə də özü bilmir, bəlkə də bilir. Bəlkə də…
Qəşəmin kini, küdurəti də bircə saatlıq, bircə günlük, bircə həftəlik, bircə aylıq, uzaqbaşı bircə fəsillikdi. Elə küsməyi də. Unutqandı. İncikliyi, nifrəti ürəyinə yük eləməz. Uşaq kimidi. Bircə sözlə ovutmaq olar onu. Söz deyirəm haa.
Şeirlərindən tanıyıram Qəşəm Nəcəfzadəni. Nə yol yoldaşı olmuşam, nə illərin sınağından çıxmış dostluğumuz olub, nə hansısa layihələri bir yerdə işləmişik.Heç dünənəcən (müsəlmanın dünəni) üzünü də görməmişdim. Yazdıqlarından ürəyini oxuyurdum sadəcə. Elə indi də uzaqdan uzağa oxuyuram şairin fikrindən keçənləri. Necə olmasa həmkarıq. Arada bir söz körpümüz var.
Bəzən gülür, bəzən ağlayır, bəzən uşaq kimi atılıb düşür, bəzən küsür, bəzən barışır Qəşəm Nəcəfzadənin sözü. Amma neynirsə özü olmaqdan çıxa bilmir. Hər şeydə özüdü. Hərdən elə şeirlər yazır ki, gözümüzü döyə-döyə qalırıq. Qafiyəsiz, nizamsız, dağınıq, tör-töküntü. Bax belə:
Mən gözəl oğlanıydım, qəşəng qızlar,
Məni tanımadınız, məni görmədiniz.
Bir də məni nə vaxt görəcəksiniz,
Nə vaxt şeirimi oxuyacaqsınız,
Hansı minillikdə, hansı əsrdə.
Bilirik ki, ruhunu yazır. Bilirik ki, əhvalının yorğun, qərarsız, yuxusuz, ac, susuz vaxtıdı. Amma onu da bilirik ki, bu vaxtında da özüdü. Bu vaxtında da sözü yaddan çıxarmayıb. Yazıb. İş orasındadı ki, bu dağınıq, tör-töküntü şeirlərdə də bir nizam var və adamla dialoqa girməyi bacarır. Cansız deyil. Ruhu var. Doğmalaşır səninlə.Hərdən öz əhvalımızın korşalan vaxtında elə yazıyla çıxır ki, qarşına az qalırsan döyəsən bu şeiri. Özü də hönkürə-hönkürə, sızlaya -sızlaya. Deyəsən ki, axı hardan oxudum səni? Mənə lazım idi ağlamaq gecənin bu vədəsi? Bilirsiz niyə? Əslində o yazıda özünü, öz həyatını, hiss etdiklərini, yaşadıqlarını oxuyursan Qəşəm Nəcəfzadənin dili ilə. Axı yazı səni düşündürə, özündən qopara, özündən ala bilirsə, demək şair bacarıb. Demək, bu da uğurdu. Şairin uğuru. Elə bu misra kimi:
Əllərin bulud kimi kölgə salır
Saçlarımın işığına.
Deyəsən yağış yağacaq axşama,
Xəbərin varmı, bilmirəm.
Və ya:
Hecanı dodağınla ölçdüm,
Çiçəyi nəfəsinlə ölçdüm.
Küləyi saçınla ölçdüm,
Həsrəti küsməyinlə ölçdüm.
Əslində bütün sevənlərin, həsrət çəkənlərin hiss etdiyi , ancaq ifadə etməkdə çətinlik çəkdiyi duyğulardı şair ruhundan süzülüb gələnlər. Sevdanın, hicranın ən ali mərtəbəsində yaşananlardı bəlkə də, şair qələmə alıb. Hər misrada heca-heca özüdü şair.
Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər?

Bundan səmimi, saf şeir ? Yalvarış var bu misralarda sanki. Sevdiyini səsdən belə qorumaq, mühafizə etmək eşqi var həm də. Yenə sevginin ali Qəşəm Nəcəfzadə mərtəbəsi. Hiss edirsən ki, birnəfəsə qalxıb bu pillələri şair. Özü də ürəklə, sevə-sevə qalxıb.
Qol-qola,
Əl-ələ səndən keçərlər şeirlərim.
Bayraqları nidalar.
Demişdim, mən ölsəm
Tabutumu səndən aparsınlar.

Yenə ürəyin sufi sevdası İlahiyəcən yol alıb gedir şair düşüncələrində. Misralar kilidləyir duyğularını. Çıxa bilmirsən bu İlahi eşqin ağuşundan. Gözlərini yumub düşürsən bir dəli sevdanın qucağına. Sanki gözünü açsan əlindən uçub gedəcəkmiş kimi kirpiklərini çəpər edirsən bu eşqin dörd yanında. Özü də yorulmadan, usanmadan. Yenə şairin sözünə dua edirsən avaz-avaz. Elə sözün yiyəsinə də - Tanrıya da.
İcazə verin bu siqareti yandırım
Unutmağın eşqinə.
Böyük oğlan olsun unutmaq,
Yüz yaşını qeyd edək.
Sevgidən birinci olduğu üçün
Onun sağlığına siqaret çəkək -

-deyən şairin unutmağı da sevməyi kimi əzabdı. İndi bütün yarımçıq sevdaların şərəfinə yazılmış ən ağır unutmaq şeirini çəkə bilirsən çək sinənə.
Divarı siqaret tək çəkmək olar,
Həmişə belə eləyirəm,
Siqaret yerinə divarı çəkirəm.
Divara söykənmək adama səbr gətirir.

Bu da bir zəfəridi unudulanların məncə . Amma unudulurmu unudanlar? Bunu da şair bilər.
Əllərimin uçmaq səsi
Şeirlərimdi, dinlə.
Hərf-hərf, heca-heca sevgiyə sarı uçan barmaqların pıçıltısı gəlir qulağına bu misralardan. Özü də şeir-şeir.
Qəşəm Nəcəfzadə ruhunu şeirə qoyduğu üçün bəlkə də yorğun düşür. Yox! Nə qədər yazsa da ürəyindəkiləri deyib qurtara bilmir məncə. Bir tərəfdən bu da yorur şairi. Yaşadıqlarını, hiss etdiklərini olduğu kimi sözə çevirə bilməmək də yorur axı adamı. Demək, duyğuları sözün fövqündə dayanıb Qəşəm Nəcəfzadənin. Söz aciz qalanda duyğularının qarşısında susur şair. Elə susqunluğunun özü də şeirdi onun.
Heç fikir eləmə, qurbanın olum,
Adam başqasını gedib sevər də.
Adam sevdiyini ata bilər də,
Təzə iş deyil ki, başıma gələn,
Başına dönüm.

Bundan böyük sevgi, bundan acı həsrət, bundan möhtəşəm ayrlıq nəğməsi harda var? İncikliyi də, barışı da, bağışlamağı da mükəmməldi Qəşəm Nəcəfzadənin. Sevdiyini onsuzluğa uğurlamağı da, küsməyi də, getməyi də özünə bənzəyir şairin. Heç kimi təkrarlamır vüsalı da, hicranı da söz yolçusunun. Həmişə sözünə sarılır, həsrətin dar boğazından sözüylə keçir. Ruhunu qoruya-qoruya həm də.
Qəşəm Nəcəfzadənin sevgisi bütövdü, yarımçıq deyil. Övlad sevgisi, ata sevgisi, yar sevgisi, dost sevgisi, qələm, vərəq sevgisi - hamısı eyni şəkildədi. Günəşli havada da, sazaqda da bu sevgi dəyişməz. Bircə ürəyindən nigarandı. Özü kimi şıltaqdı ürəyi də. Bəlkə bu inamsızlıqdı onu gecə-gündüz rahat qoymayan. Onun yazılarını oxuduqca adama elə gəlir ki, şair yatmır. Ya da bir gözü açıq yatır. Qələmi də əlində. Barmaqları sözə keçib sanki. Özü də bərk-bərk. Bir ovucda gizlədib ürəyini şair. Kim qopara bilər sözdən bu əlləri?
Təndir çörəyini kökə elədik,
Torpağını seçdik, bölgə elədik.
Böldük səni tikə-tikə elədik,
Bacın ölsün, anan ölsün, ay Vətən!
- deyən şair torpağı bütöv görsə də keçmişin ağrısını yaşaya-yaşaya daddı bu möhtəşəm sevinci. Gedib müqəddəs Şuşa divarlarına dedi bu şeiri. Orda qoyub gəldiyi gəncliyini axtara-axtara dedi. Saçlarının dəninə dedi, üzünün qırışına, gözlərinin kədərinə dedi. Amma bir az ötkəm, bir az məğrur, bir az dəli, havalı dedi. Bu dəfə qalib idi Qəşəmin sözü. Başı dik idi sözünün. Utanmırdı dediklərindən. Amma hər şeyə rəğmən yenə göynərti vardı içində özü boyda. Olsun. Buna da şükür.
Bəzən özü də bilmədən ətrafdakıların xətrinə dəyir. Bəzən haqlı, bəzən haqsız. Bir az keçir, peşman olur. Bəlkə də boynuna almır. Amma bilirsən ki, peşmandı. Gözünün içindən bilirsən, səsindən bilirsən, sözündən bilirsən. Uşaqlaşır gözündə bir anın içində. Yaddan çıxır umun, küsün. O anda unudursan hər şeyi və bağışlayırsan olanları. Sözə bağışlayırsan, qoşmaya, gəraylıya bağışlayırsan. Axır ki, bağışlayırsan.
Öləndən sonra istəyirəm bir şəklim olsun,
O şəkli heç kəs oxuya bilməsin,
Ortasını qat kəssin-

-deməklə əslində hələ heç kəsin, elə bu dünyanın da onu yaxşı tanıya bilməməsi qənaətindədi şair. Amma mən səni yaxşı tanıyıram, Qəşəm Nəcəfzadə. Sözündən tanıyıram, səsindən tanıyıram, baxışından, yerişindən, duruşundan, tənhalığından tanıyıram. Ürəyini buz kimi saxla və o yana tələsmə hələ. Bu yanda o qədər deyilməyən sözün, verilməyən cavabların, açmadığın qapıların var ki. Hələ oxucular qapını çox çalacaq. Hazır ol. Onsuz da mesaj qutuların doludu. Məndən də incimə. Səni bir az fərqli yazdım. Bir az öyə- öyə, bir az küsdürə-küsdürə, bir az incidə-incidə, bir az sarıya-sarıya. Bəlkə sənin ürəyincə olmayacaq dediklərim. Amma mənim ürəyimcədi.
Bayaq bir şəklini gördüm instaqram səhifəndə, əziz dost, şeir adam.
Əllərində qar, başında qar, əynində sazaq, gözündə od. Şeir deyirdin qarın eşqinə qar altında:
Görəsən bu qar kimin göz yaşıdı,
Gözlərim dolunca yağsın,
Gözlərim doyunca yağsın.

Əlində qar sevinirdi, gözündə sevgi. Hardansa bir dəli Söz gəlirdi sənə sarı ağappaq qar rəngində.

Təranə DƏMİR,
AYB-nin üzvü, şairə publisist
.

20-01-2024, 16:39
BİR ŞEİRİN TARİXÇƏSİ


BİR ŞEİRİN TARİXÇƏSİ

1967-ci ildə Aşıq Hüseyn Saraçlı Ağbaba mahalına səfər edir. Ustad Təpəköy kəndində konsert verərkən bir nəfər cavan oğlan ayağa durub, aşığa üz tutur:
- Ustad, olarmı sizə bir sual verim?
Aşıq Hüseyn Saraçlı:
- Buyur!
- Ustad, niyə bığınız qaradı, saçınız ağ.
Aşıq Hüseyn Saraçlı bığlarını eşib soruşur:
- Bala evlisənmi?
Oğlan:
Bəli, ustad ailəliyəm, iki uşağım var.
Aşıq Hüseyn Saraçlı:
- Onda de görüm, uşaq anadan olanda başında saç olurmu?
Oğlan:
- Bəli, ustad, olur.
Aşıq Hüseyn Saraçlı:
- Bəs bığı olurmu?
Oğlan:
- Xeyr, ustad, olmur.
Aşıq Hüseyn Saraçlı:
- Bəs neçə ildən sonra, insana bığ gəlir ?
Oğlan:
- Ustad, şübhəsiz ki, 18 ildən sonra.
Aşıq Hüseyn Saraçlı:
- Deməli, bığım saçımdan cavandı. Ona görə qaradır,18 ildən sonra da bığlarım ağaracaq.
Beləliklə, Hüseyn Saraçlı orada ikən “Bığlarım” şeirini qoşur.

Baş da, saç da bizə irsi-mirasdı,
Öz gücünü başdan alır bığlarım.
Başım kimi qeylü-qala düşməyib,
Ona görə cavan qalıb bığlarım.

Ərşi-gürşü, yeri-göyü baş bilər,
Bu dünyada hər bir şeyi baş bilər.
Qoca aşıq bığı saçdan baş bilər,
Çox bığsıza bir dərd olub bığlarım.

Dedilər ki, bel büküldü, ay haray,
Ay Saraçlı, diş töküldü, ay haray.
Elə bildim düşmən güldü, ay haray,
Sən deməynən, bir tük salıb bığlarım.

Alıntı Aşıq Nurəddin Qasımlının 2001-ci ildə lentə alınmış söyləməsindəndir.

Hazırladı: Rəşad SARAÇLI
"Bütöv Azərbaycan" qəzeti
19 yanvar 2024
19-01-2024, 06:45
Qərbi Azərbaycan müəllimləri rubrikasından


Qərbi Azərbaycan müəllimləri rubrikasından
Fatma Muradova


Muradova Fatma Cəfər qızı 8 fevral 1934-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvan şəhərində orta məktəbi bitirdikdən sonra Ermənistan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və həmin ildə Basarkeçər rayonunun Çaxırlı kənd orta məktəbində fizika və riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 1960-cı ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda fizika və riyaziyyat fənni üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir.
Fatma Muradova 1960-cı ildə İrəvan Şəhər Komitəsinin Marksizm- Leninizm Universitetinə daxil olmuş və tam kursu müvəffəqiyyətlə bitirmişdir.
Fatma Muradova 1961-ci ildə İrəvan şəhər Lenin rayonu üzrə VIII çağırışa deputat seçilmişdir. O, 1963-cü ildə isə İrəvan şəhər Orcenikidze rayonu üzrə IX çağırışa deputat seçilmişdir.
Fatma Muradova 1963-cü ildə Kurud kəndinə gəlin köçmüşdür. Fatma xanım ailə həyatı qurması ilə əlaqədar iş yerini Qafan rayonunun Kurud kənd 8 illik orta məktəbinə dəyişmiş, kənddə riyaziyyat müəllimi işləmişdir. O, 1969-cu ildə Bakı şəhər keçmiş Oktyabr indiki Yasamal rayonu 13 nömrəli məktəbinə fizika müəllimi kimi işə qəbul olunur.
1970-ci ildən 2 nömrəli Dəmiryol texniki- peşə məktəbinə riyaziyyat müəllimi vəzifəsinə qəbul edilir. O, əmək fəaliyyəti müddətində: 1979-cu ildə “Təşəkkürnamə”, 1986-cı ildə “Əmək veteranı” medalı ilə və 1988-ci ildə “Fəxri Fərman”la təltif edilmişdir.
Muradova Fatma Cəfər qızı Kərimov Bəndəli Əli oğlu ilə ailə həyatı qurmuşdur. Onların 3 övladı, 7 nəvəsi və 10 nəticəsi var. Övladları və nəvələri ali təhsillidir. Onların övladları hərbi həkim, kimyaçı və müəllimə peşələrinə yiyələnmişlər. Nəvələri hal-hazırda müxtəlif dövlət qurumlarında çalışırlar.
Muradova Fatma Cəfər qızı 2019-cu il yanvar ayının 4-də Bakı şəhərində vəfat etmişdir.
"Bütöv Azərbaycan" qəzeti
19 yanvar 2024
18-01-2024, 16:17
Təbrik edirik!


Təbrik edirik!


Qərbi Azərbaycanın sayılıb-seçilən ziyalılarından olan Eldar Qarayevin doğum günüdür. Onu bu münasibətlə ürəkdən təbrik edir və oxucularımızla tanış etmək istəyirik:
Eldar Səməd oğlu Qarayev 1956-cı ilin yanvarında Zəngəzur mahalının Qafan bölgəsində, füsunkar gözəlliyilə insanları heyran edən Gərd kəndində dünyaya gəlib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olub. 1978-ci ildə universiteti bitirərək təyinatla AMEA-nın Fizika İnstitutuna göndərilib. Bir müddət Biomərkəzdə işləyib. 1979-1981-ci illərdə Sovet Ordusu sıralarında, zabit kimi, həqiqi hərbi xidmət keçib. 1982-cı ilin əvvəlindən doğma universitetə qayıdaraq Fizika fakültəsində-Ümumi fizika kafedrasında çalışıb, elmi dərəcə qazanıb. Az qalıb 20 il ola ki, fizika fakültəsində dekan müavini işləyir, dosentdir.
Eldar müəllim əlliyə yaxın məqalə və tezisin, bir neçə dərs vəsaitinin müəllifidir. Ən əsası gözəl ailə başçısıdır, 3 övladı və sevimli tələbələri var.
Eldar müəllim, sizi bir daha doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərinizdə uğurlar arzulayırıq!
Dərin ehtiramla:
“Bütöv Azərbaycan” qəzetinin kollektivi və
“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyəti adından
Tamxil Ziyəddinoğlu
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!