“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
30-12-2024, 11:59
Əlli bir ildən sonra çöysüyən həsrət


Əlli bir ildən sonra çöysüyən həsrət

1988-ci ilin acı rüzgarı Qərbi Azərbaycandakı soydaşlarımızı pərən-pərən saldı. Ailələr ev-eşiyindən, min illərin məskunları yurd-yuvalarından, qohum-əqraba bir-birindən, yeniyetməlik dövrünü yaşayanlar tay-tuşlarından, məktəblilər uşaqlıq dostlarından, bir sözlə, hər kəs öz ata ocağından, dost-tanışından ayrı düşdü. Bu qanla gələn qada Zəngəzur mahalını da bürüdü. Bu mahalın ən füsunkar təbiətə malik olan, bütün gözəllikləri özündə cəmləyən guşələrindən biri Qafan rayonu idi.
Rayonun mərkəzi olan Qafan şəhəri Zəngəzur Mahalının demək olar ki, sənaye mərkəzi idi. Burdakı 4 nömrəli məktəb isə bir elm- təhsil ocağı kimi rayonun bütün kəndlərinin, hətta Şimali Azərbaycanın ora yaxın rayonlarının-Qubadlı, Zəngilan, Cəbrayılın şagirdlərinə də öz isti qucağını açıb, onların təhsil almasında bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rolu olmuşdur. Rus İmperiyasının məkrli siyasəti sayəsində zaman-zaman ermənilərin bu qədim Oğuz yurdunda məskunlaşdırılması nəticəsində əhalinin say tərkibi getdikcə ermənilərin xeyrinə dəyişmişdir. Bütün bunlara, erməni millətçilərinin cürbəcür təzyiqlərinə baxmayaraq, Qafan şəhər 4 nömrəli tam orta məktəbi bir məbədgah kimi orada yaşayn Azərbaycan türklərinin həm təhsil almasında, həm də milli ruhda, vətənpərvərlik ruhunda böyüməsində çox böyük əhəmiyyət kəsb etmişdir.

Məktəbin 1973-cü il 10B sinif məzunları da bir çox soydaşlarımız kimi, erməni-rus faşistlərinin silahlı basqınları nəticəsində deportasiyanın acısını-ağrısını yaşaya-yaşaya keçmiş Sovet İtifaqının müxtəlif şəhərlərinə, Azərbaycanın yaxın rayonlarına, Naxçıvana, Gəncəbasara, Sumqayıta, Bakıya səpələnərək əlaqələrini itirmişlər. İndi nəvə-nəticə sahibi olan, ahıl çağlarının qayğısını yaşayan soydaşlarımız ürəklərində dərin izlər buraxmış gözəl Vətənləri Zəngəzurda yaşadıqları xoşbəxt günlərin həsrətini çəkirlər. Uşaqlıq çağlarını, təhsil aldıqları ibtidai və orta məktəbləri, sevimli müəllimlərini, dəcəl, şən, sinif yoldaşlarını heç unuda bilmədilər. Harda olsalar da, nələr çəksələr də, həmişə bu xoş xatirələrlə yaşadılar. Övladlarına, nəvələrinə hər zaman Zəngəzurumuzun təbiətinin gözəlliyindən, orada yaşamış insanlarımızın qoçaqlığından, vətənpərvərliyindən, işgüzarlığından, zəhmətsevərliklərindən, elmə-təhsilə olan həvəslərindən, fitnəkar, qaniçən ermənilərlə yanaşı yaşayaraq öz ana dillərini, adət-ənənələrini, milli təəssübkeşliklərini, ləyaqətlərini necə qoruduqlarından danışırlar. Onları qədim-dədə baba yurudumuz Qərbi Azərbaycanımıza, Zəngəzurumuza, ləyaqətlə qayıdacağımıza və öz ata-baba ocağımızda tonqallar qalayıb, qazanlar asacağımıza, yenidən qurub yaradacağımıza əmin edirlər.

Deyirlər ki, o illər bambaşqaydı. 15, 16, 17 yaşlar arası. Yeniyetməlikdən gəncliyə keçid dövrü, ömrün ən qaynar çağı. Qonşu kəndlərdən qəşəng qızlar, çılğın-çılğın yaraşıqlı oğlanlar bir mərkəzə- Qafan şəhər 4 saylı orta məktəbinə axışırdı. Bəzən od çıxan, şimşək çaxan baxışlardan ürəklərə eşq atəşi düşürdü. Kimisi səadətini burda tapırdı, kimisi bir ömür daşıyacağı könül yarası alırdı, kimisinnin də qismətinə sevdasını ürəyinə gömmək düşürdü. Beləcə hərə öz taleyinə düşəni götürüb ömür yoluna davam edirdi.

Budur, 51 ildən sonra yollar yenə kəsişib. Amma hərənin bir umudla gəldiyi bu yollar o yollar deyil. Nə Bakı-Qafan qatarının fit səsi gəlir, nə də kəndlərdən mərkəzə gələn var. Nə dərsdən qaçıb, Dəmiryolu stansiyasına gedən var, nə də dərsdən çıxıb kəndlərə səpələnən yeniyetmələr. Nə haçalanan dağ yolları var, nə yol üstündəki sıldırım qayalar, nə də Gülxacın köhlənyoran yoxuşları. Nə Yuxarı Gödəklidə işıq yanır, nə Xələcdə tüstü çıxır, nə də Qazangöldə kef məclisi, çal-çağır var. Bu dəfə Arzuların, xəyalların qanadında bir araya gələnlərin hərəsi öz öləzimiş arzularının qanadıyla yurd həsrətini körükləyir...


68 illik ömürlərinin yarıdan çoxunu yurddan aralı, qürbətlərdə odsuz-ocaqsız, bir-birindən xəbərsiz keçirən dostlar, rəfiqələr nəhayət görüşə bildilər.
Görüşə gələnlər içərisində, Yuxarı Gödəkli kənd sakinləri Əlövsət Xalıqverdiyev, həyat yoldaşı Rəqibə İsbiyeva, Nazilə Hüseynova, Süleyman Mehdiyev, Firudin Həsənov, Xələc kəndindən Gülşən Abdullayevə, Oxtar kəndindən Gülşən Qəhrəmanova, Bəkdaş kəndindən Adilə xanım, Qaraçimən kəndindən Qızılgül Həziyeva, həyat yoldaşı Turab Hüseynov, Fəxrəddin Mirzəyev, Şünasim Qasımov var idi. Görüşü Əlövsət Xalıqverdiyev açaraq Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın, dünyasını dəyişən müəllim və sinif yoldaşılarının xatirəsini bir dəqiqəlıik sükutla yad etməyi xahiş etdi.
Bütün şəhidlərimizə və dünyadan köçən müəllimlərimizə, şagirdlərə Allahdan rəhəmət dilədikdən sonra yaddaqalan bir gün yaşandı. Görüş gözəl təamlarla zəngin süfrə arxasında, çox maraqlı və şən ovqatla keçdi. Hər kəs öz uşaqlıq xatirələrini bölüşdü. Bu uzun ayrılıq illərində hər birinin həyatında olan acılı-şirinli günlərdən, ailələrindən, övladlarından danışdılar. Bir sözlə hər kəsin keçdiyi həyat yoluna qrup şəklində ekskurs etdilər. Yekunda son zəngdə çəkilmiş xatirə şəkili üzərində əks olunmuş böyük tord kəsildi, xatirə şəkilləri çəkildi və sinif yoldaşları bundan sonra daha tez-tez əlaqə yaradıb, ünsiyyət quracaqlarına əminliklərini bildirdilər.
Əlövsət Xalıqverdiyev 51 illik ayrılıqla bağlı keçirdiyi hissləri belə ifadə etdi:

SON ZƏNGİMİZ...
Başımız çox qarışmışdı.
Ayrılığa alışmışdıq.
Son zəngimin səsi gəldi.
Sinif yoldaşlarım görüşə gəldi.
Axtarıb bir-bir tapmışıq.
İlləri yola salmışıq.
Sizlər üçün darıxmışıq.

Nə az, nə çox 51 il.
Ayrılanda 17 yaş.
Görüşürük 70 yaşda.
Kədər, sevinc çöküb yaşa.
Alınlarda o qırışa.
İlləri yola salmışıq.
Sizin üçün darıxmışıq.

Nəzər saldım hər söhbətə.
Uzun çəkən bu həsrətə.
Oxuduğum o məktəbə.
Sizlə ötən o illərə.
Nə yaxşı ki, görüşürük.
O illərin xatirəsin
Bircə-bircə bölüşürük.
Vətənimiz Qafan olub.
Son zəngimiz orda olub.


Əlövsət XALIQVERDİYEV
19.11.2024






21-12-2024, 21:26
Seyfəddin RZASOY yazır:

Seyfəddin RZASOY yazır:

“Vətəndaş – Vətən daşı” konsepti


“Azərbaycan” qəzetinin 15 dekabr 2024-cü il tarixli sayında Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanovun “Heydər Əliyevin milli yaddaş siyasəti” adlı məqaləsinə rast gəldim və böyük maraqla oxudum. Yazıda bir eposşünas kimi Oğuz milli yaddaş sistemi haqqında dediyimiz ““Kitabi-Dədə Qorqud” oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyasıdır” fikrimizə də isnad olunması bizdə təbii məmnunluq hissi yaratmaqla bərabər, hörmətli millət vəkilinin milli düşüncə sisteminin aktual məsələlərinə toxunması və bu kontekstdə, bir növ, folklorşünasların “sahəsinə” nüfuz etməsi, bununla bağlı bəzi konseptual məqamları, xüsusilə ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptini diqqət mərkəzinə gətirməsi bizi bir sahə mütəxəssisi kimi bununla bağlı bir sıra aktual məsələlərə toxunmağa vadar etdi. Həmin məqamlar etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bağlıdır.
S.Qurbanov mətbuatda müntəzəm yazılarla çıxış edir. Onların içərisində milli yaddaş, milli düşüncə sistemi, folklor mətnlərində inikas olunmuş etnoenergetik potensiya kimi məsələlərdən bəhs edən yazılar diqqətimizi bilavasitə çəkir. Get-gedə bu məsələlərə marağı daha da artan riyaziyyatçı-hüquqşünas millət vəkilinin fikirləri sahənin aktuallaşdırılmasının zəruriliyini ortaya qoymaqla yanaşı, onlarla bağlı mütəxəssisləri (ən azı, folklorşünasları) aktivləşməyə, fikir söyləməyə, müzakirə açmağa və s. sövq edir.
Bu, bir reallıqdır ki, “Kitabi-Dədə Qorqud” və ondan daha qabaq aşıq sənəti və yaradıcılığı çağdaş Azərbaycan siyasi reallığının qurucusu Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Azərbaycan müstəqilliyini qazanandan sonra Heydər Əliyevin diqqəti daha çox “Kitabi-Dədə Qorqud” eposunun üzərinə yönəlmiş və o, bu möhtəşəm oğuz eposunun etnofəlsəfi mahiyyətini təşkil edən “birlik” formulundan istər daxili (Azərbaycan), istərsə də xarici auditoriyada (Türk dünyası) geniş şəkildə istifadə etmiş, bu istiqamətdə hamımızın gözləri önündə cərəyan etmiş və iştirakçısı da olduğumuz nəhəng işlərə imza atmışdır.
Bu nüfuzlu dövlət xadiminin “Kitabi-Dədə Qorqud” eposuna olan diqqətinin, onu Azərbaycanın daxili və xarici mədəni siyasət ritorikasının əsas ifadə vasitəsinə çevirməsinin səbəbləri nə ilə bağlı idi?
Təbii ki, bu suala Heydər Əliyevin etdiyi çıxışlardan, söylədiyi nitqlərdən çoxlu örnəklər gətirməklə geniş şəkildə cavab(lar) vermək olar. Ancaq hörmətli millət vəkili S.Qurbanovun da yazdığı kimi, bir dövlət xadiminin, siyasət adamının nitqlərinin həmişə alt məna qatları olur. Bu cəhətdən, mərhum Prezidentin də “Kitabi-Dədə Qorqud”la bağlı çıxışlarının alt qat(lar)ı var idi və həmin mənalar qeyd etdiyimiz etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bilavasitə bağlı idi.
“Kitabi-Dədə Qorqud” – epoxal mənsubiyyəti baxımından Oğuz abidəsi, başqa sözlə, oğuzların dastanıdır. Bədii-magik söz abidəsi olan bu dastanın Oğuz cəmiyyətindəki ən mühüm funksiyası “oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyası” olmaq idi. Başqa sözlə, “Dədə Qorqud” eposu Oğuz milli düşüncə və davranış sisteminin sakral söz kodu ilə inikas olunmuş modeli, proqramı, yaxud mexanizmi idi. H.Əliyevin bu dastana olan marağının əsasında da məhz bu faktor – “Kitabi-Dədə Qorqud”un milli düşüncə sisteminin “birləşdirici” mexanizmi olması dururdu.
Eposun etnosdaxili birləşdiricilik mexanizmi iki əsas səviyyəni əhatə edir:
a) Oğuz etnokulturoloji səviyyəsi;
b) Ümumtürk etnokulturoloji səviyyəsi.
Eposun bu iki səviyyəsi tarixi-epoxal xarakterlidir. Oğuz epik modeli bütün hallarda ümumtürk epik nüvəsinə bağlıdır. Bu cəhətdən, Oğuz epik modelinin tarixi-diaxron baxımdan hansı inkişaf xəttini təmsil etməsindən asılı olmayaraq, o, sinxron strukturu baxımından bütün hallarda ümumtürk düşüncə modelini təmsil edir. Bu fikri bir qədər sadələşdirib desək, oğuzların dastanı olan “Dədə Qorqud” bütün poetik mahiyyəti, etnoepik fəlsəfəsi və etnoenergetik mahiyyəti ilə ümumtürk abidəsidir. Heydər Əliyev də eposun bu iki səviyyəsini çox gözəl görmüş və onlardan uyğun şəkildə istifadə edərək türk xalqlarını dastanın etnoepik düşüncə nüvəsi ətrafında, ən azı, dastanın 1300 illik yubiley tədbirləri səviyyəsində konsentrasiya edə bilmişdi. Bu, etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırılmasının beynəlxalq səviyyədə həyata keçirilmiş nəhəng nümunəsi idi.
Sadiq Qurbanovun ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu olan Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptinə istinad etməsi, onun epoxal-milli yaddaş dərinliklərinə enməsi də eposun etnoenergetik düşüncə potensiyası olması ilə əlaqədardır. Əgər “Dədə Qorqud” dastanı bu potensiyanın Oğuz-Türk enerjisini özündə daşıyırsa, “Koroğlu” eposu türk xalqlarının milliləşmə dövrünün etnik enerjisini özündə ehtiva edir.
Ölkə Prezidentinin milli qəhrəmanlıq simvolu Koroğlunu müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması onillər boyunca qatı düşmənlərlə üz-üzə dayanmış xalqımızın milli qəhrəmanlıq ruhunun oyadılmasına xidmət edirdi. Bu cəhətdən, məhz qəhrəmanlıq eposuna “xitab edilməsi” tamamilə məntiqi idi.
Epos – hər bir xalqın etnokosmik düşüncə tərzini özündə yaşadan bədii düşüncə sistemidir. O, bügünün gözü ilə daha çox epik janrları əhatə edən bədii sistem olsa da, o, tarixi kökləri və mahiyyəti etibarilə ümumən bədii düşüncə sisteminin bütün arxetipik başlanğıclarını əhatə edir və şərti başlanğıcı etibarilə mifə gedib dayanır. Epos bu mənada mifologiyanın tarixi düşüncə çağındakı paradiqmatik varisidir. Mifin əsas funksional aspekt və səviyyələri mifik şüurun parçalanaraq tarixi şüura keçidi zamanı eposa transformasiya olunur. Məhz bu cəhətdən epos bir sözlü mətn, bədii janrlar sistemi olmaqdan daha iri anlayış olub, ilk növbədə milli düşüncə sisteminin əsasını təşkil edir.
Eposun, o cümlədən “Koroğlu” eposunun ən mühüm funksiyası onun etnosun yaşamasının bütün genetik struktur sxemlərini özündə qoruyan bədii düşüncə sistemi və etnosu düşüncə enerjisi ilə təmin edən milli energetik sistem olmasında ifadə olunur. Bu cəhətdən, milli qəhrəmanlıq ruhunun bütün davranış modellərini özündə arxetipləşdirən Koroğlu, əslində, hər bir azərbaycanlının qəhrəmanlıq ruhunun ayrılmaz parçasıdır. Koroğlu haqqında söylənmiş “Vətəndaş – Vətən daşı” konsepti də məhz bu müstəvidə məna kəsb edir. Üzərində doğulduğu və qoynunda boy atdığı torpağı özünə ana bilən hər bir Azərbaycanlının içərisində bir Koroğlu yaşayır. Bu cəhətdən, Koroğlunun Bakıda ucaldılmış heykəlində bir əlində qılıncı, o biri əlində sazı olan qəhərmanın Qıratın belində buludların fövqünə qalxması Azərbaycan qəhrəmanlıq ruhunun intəhasızlığını və qarşısıalınmazlığını ifadə edir. Bunu biz 44 günlük Vətən savaşında gördük və yaşadıq. Azərbaycan xalqı bu savaşda Vətənin və Vətəndaşlığın Vətənin hər bir daşından başlandığını bütün dünyaya nümayiş etdirdi.

Seyfəddin RZASOY,
AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor
15-12-2024, 17:41
Abşeronda Qərbi Azərbaycan həqiqətləri


Abşeronda Qərbi Azərbaycan həqiqətləri

14 dekabr 2024-cü il tarixdə Xırdalan şəhərində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə konfrans keçirildi. “Qərbi Azərbaycan Həqiqətləri” və “Qərbi Azərbaycana qayıdış siyasi hədəfimizdir” mövzuları ilə işə başlayan konfransda Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova da iştirak etdi.
Konfransda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi.

Ulu Öndərin və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda Şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirak etməsinə həsr edilmiş video-çarx nümayiş etdirildikdən sonra “Əməkdar Müəllim” Bilman Vəliyev son iki əsr ərzində xalqımızın başına erməni faşistləri tərəfindən gətirilən amansız zorakılıqlar və soyqırımlarından, deportasiyalardan danışdı.

XIX əsrdə azərbaycanlılar yaşayan ərazilərə ermənilərin köçürülməsi, onların apardıqları etnik-təmizləmə siyasəti, İrəvan xanlığında yerləşən Qala məscidi, Şah Abbas məscidi və Göy məscidin minarələrinin və türbələrin, qəbirsitanlıqların vəhşicəsinə dağıdılmasına dair faktları sadaladı.
Çıxış edənlər- Qadınlarla iş üzrə məsul şəxs-Günay Ərəbxanova, Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev və tarixçi Könül Əlizadə Qərbi Azərbaycana qayıdışın siyasi və beynəlxalq hüquqi əsasları haqqında öz fikirlərini bildirdilər.

Tarixçilərdən Təzəgül Allahverdiyeva, Nuray Qaydarova, Jalə Cavadova və Sədərək döyüşlərinin fəal iştirakçısı Səxavət Hacıyev çıxış edərək son iki yüz ildə ərazilərimizdə baş verən hadisələr- Qərbi Azərbaycan həqiqətləri barədə tarixi faktlar əsasında geniş məruzə etdilər.
Konfransın sonunda Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini yekun sözü deyərək, nümayəndəliyin işinə, Qərbi Azərbaycana qayıdış uğrunda aparılan ideoloji mübarizədə uğurlar arzuladı.


7-12-2024, 23:23
İrəvan: Tarixi həqiqətlər və Şəxsiyyətlər


İrəvan: Tarixi həqiqətlər və Şəxsiyyətlər

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Mərkəzində Filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: Tarixi həqiqətlər və Şəxsiyyətlər” kitabının təqdimat mərasimi keçirilib. Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çap olunan kitabın gərgin zəhmət nəticəsində, nəfis şəkildə gözəl tərtibatla ərsəyə gələn kitaba görə, Fəridə xanıma təşəkkür etdi.

Tədbirin aparıcı, Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov diqqəti kitabda nəşr edilən materialların zəngiliyinə və nə qədər milli-mənəvi dəyər daşıdığına yönəltdi.
Lalin Həsənova Kanada- Azərbaycan Evinin rəhbəri, Hüseyn İbrahimov, Fəlsəfə doktoru Nazir Əhmədli və digər çıxış edənlər bildirmişlər ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından nə qədər əziyyət çəksə də, Azərbaycan Türklərinin izini öz dədə-baba yurdlarından silməyə çalışsa da bu mümkün deyil. Fəridə Səfiyevanın Azərbaycan və ingilis dillərində nəşr edilmiş “İrəvan: Tarixi həqiqətlər və Şəxsiyyətlər” kitabı milli-mədəni irsimizin qorunmasında, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.

Bu cür dəyərli Kitabın az tirajla çap olunması, tədbir iştirakçılarında təəssüf hissi yaratdı. Fransadan, Kanadadan və digər ölkələrdən tədbirə qatılan diaspor nümayəndələri bu kitabın erməni yalanlarının ifşa olunmasında müstəsna əhəmiyyəti olacağını vurğuladılar.
Kitabın müəllifi “Kainat” Milli-Mənəvi Dəyərlərin Dəstək İctimai Birliyinin təsisçisi, “Qərbi Azərbaycan İcması”nın İrəvan şəhəri üzrə sədri Fəridə Səfiyeva zəhmət çəkib tədbirə qatılanlara təşəkkür etdi.Layihələrini dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Sonda xatirə şəkili çəkdirildi.
Əziz oxucular, maraqlı fikir mübadiləsi şəraitində keçən tədbirdən hazırlanmış geniş reportajı “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında oxuya bilərsiniz.
“Butov.az”
[center]





7-12-2024, 20:58
Müəllimimizi təbrik edirik!


Müəllimimizi təbrik edirik!

Bu gün bir vaxtlar Zəngəzur mahalının Gığı kənd orta məktəbində fizika fənnini tədris edən sevimli müəllimimiz Sucəddin Məmmədovun doğum günüdür. Həmin məktəbin 1975-ci il məzunları adından müəllimimizi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür və sağlamlıq arzulayırıq. Əziz Sucəddin müəllim, biləsiniz ki, hələ də keçən il mayın 28 -də sizin də iştirakınızla müəllimlərimizin görüşündəki xoş ovqatın təəssüratı ilə yaşayırıq. Məktəbimizdə yaratdığınız bədii özfəaliyyət dərnəyini, bizə verdiyiniz rolları hələ də xatırlamaqdayıq. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizim müəllimimiz olmusunuz. Nə yaxşı ki, sizin kimi müəllimlərdən dərs almışıq.
Bütün müəllimlərimizə sayğılarla: 1975-ci ilin məzunları adından Tamxil Ziyəddinoğlu
1-12-2024, 01:05
Gığı məktəbinin 100 illiyi qeyd olunub


Gığı məktəbinin 100 illiyi qeyd olunub

Qərbi Azərbaycan İcmasında, Qafan rayonunun Gığı kənd orta məktəbinin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Tarix dolu bir məkanın təhsil ocağının keçdiyi bir əsrlik yolun təntənəsini qeyd etmək üçün təşkil olunan bu tədbir, həm də vətən sevgisinin, yurd həsrətinin çulğaşdığı mərasim idi.
Tədbir Qərbi Azərbaycanın Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun açılış nitqi ilə başladı. İlk növbədə, vətən yolunda canını fəda edən şəhidlərimizin və Gığı kənd orta məktəbinin dünyasını dəyişmiş müəllimlərinin əziz xatirəsi yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və tədbir rəsmi olaraq açıq elan olundu.
Məruzə ilə çıxış edən Bəhruz Piriyev Gığı kəndinin tarixi və kənddə yaradılan məktəbin keçdiyi şərəfli yoldan danışdı. O, nitqində məktəbin tarixi missiyasını belə ifadə etdi: "Vətən həsrəti, yurd həsrəti ilə döyünən qəlbimizdə daim ucalan Gığı kənd orta məktəbi Qafan rayonunun ən uca zirvələrindədir."

O, Qərbi azərbaycanlıların özlərini ifadə etmələri üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi və Qərbi Azərbaycana qayıdış yolunda milli birliyin əhəmiyyətindən danışdı.
Tədbir çərçivəsində Gığı kənd orta məktəbinin keçmiş müəllim heyəti və məzunları haqqında hazırlanmış videoçarx nümayiş etdirildi. Bu videoçarxda məktəbin yetirdiyi professorlar və ziyalıların həyat hekayələri, təhsil uğurları təqdim olundu. Tədbir iştirakçıları bu anlarda duyğulu anlar yaşadı, məktəbin əsrlik zəhmətinin şərəfini bir daha hiss etdilər.
AMEA-nın Tarix İnstitutunun əməkdaşı, professor Cəbi Bəhramov tədbirdə çıxış edərək Gığı kəndinin Osmanlı dövrünə aid sənədlərdə adının keçdiyini, Gığı kəndində müsəlman-türklərin yaşadığını qeyd etdi.
Tədbirin digər iştirakçısı, professor, şair Paşa Qəlbinur Sovetlər dönəmində dostları ilə birlikdə Gığı kəndinə etdiyi səyahətdən, kəndin mehriban insanlarının qonaqpərvərliyindən, təbiətinin gözəlliyindən bəhs elədi, o yerlərlə bağlı xatirələrini bölüşdü.

Tədbirin ən vacib mesajı isə iştirakçıların Qərbi Azərbaycana qayıdışa və Azərbaycanın bütövləşəcəyinə olan inam idi. İştirakçılar Prezident İlham Əliyevin rəhbərliyi altında bu arzunun gerçəkləşəcəyi ümidi ilə birləşdilər. Onların qəlbində yurd sevgisi və əqidələrinə sədaqət ən yüksək dərəcədə hiss olunurdu.
Gığı kənd orta məktəbinin 100 illik yubileyi yalnız bir təhsil müəssisəsinin tarixini deyil, həm də bir xalqın əzm və iradəsini nümayiş etdirdi. Tədbir, keçmişin xatirələri ilə gələcəyin ümidlərini birləşdirərək yaddaşlara yazıldı. Sonda xatirə şəkilləri çəkdirildi.
P.S.Tədbirdən hazırlanacaq geniş reportajı “Bütöv Azərbaycan” qəzetində oxuya bilərsiniz.
Tehran YUSİFLİ,
“Bütöv Azərbaycan” qəzetinin
Qərbi Azərbaycan üzrə Xüsusi müxbiri






[center]
27-11-2024, 18:39
Kaş biz də qayıdıb gələ bilərdik:

Kaş biz də qayıdıb gələ bilərdik:

Təranə Dəmir kəndlərimizin halını çox sənətkarlıqla nəzmə çəkib. O duyğuları yaşamaq keçdi könlümdən. Amma dəli-doluluqdan əsər qalmayıb. Kəndimə qayıtmaq istədim, yolları bağlıdı. Anamın bişirdiklərindən dadmaq istədim. Anamın nə özü var, nə qab- qaşığı. Ata ocağında qızınmaq istədim. Atamın nə özü var, nə ocağının közü. Qonşumun qapısından keçmək istədim. Nə qonşum qalıb, nə də qapı-bacası. Tay tuşlarımla oynamaq, bir az da dalaşmaq istədim, gördüm hamısı həsrətimi çəkir. Erməni-fars faşistləri yurdumuzu elə viran qoyub ki, daş üstə daş qalmayıb. Təranə Dəmir yaradıcılığına sevgi, özünə sayğı ilə bu şeirini oxucularımızla paylaşıram. Kaş hamı kəndinə qayıda bilə...
Tamxil ZİYƏDDİNOĞLU

Biz kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz mələk çağıydı.

Qayıdıb gələndə gördüm yaz hanı?
Bu kəndin çəməni, otu qocalıb.
Qocalıb böyürkən kollarınacan,
Pişiyi qocalıb, iti qocalıb.

Mənim gəlişimə sevinmədi heç,
Yollar tanımadı məni deyəsən.
Yadından çıxmışam torpağın, daşın,
Dumanın, çiskinin, çənin deyəsən.

Suvağı tökülən köhnə evlərin
Qapısı qocalıb, damı qocalıb.
Məni tanımadı təzə qonşular,
Məni tanıyanlar hamı qocalıb.

Üşüdüm buz kimi baxışın altda,
Yer tapa bilmədim özümə burda.
Düşdü baxışlarım fikir toruna,
Durdu xatirələr üzümə burda.

Biz kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz, mələk çağıydı.
Təranə Dəmir.
23-11-2024, 09:30
AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25


AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25

TƏBRİK EDİRİK, UĞURLARINIZ DAVAMLI OLSUN ...

1999-cu ilin oktyabr ayında yaradılan Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi təkcə nur timsallı bu şəhərdə deyil, ətraf bölgələrdə də yaşayan yazarların üz tutduqları ədəbi mərkəzdir. Bölmənin xəttiylə həyata keçirilən yubiley və poeziya gecələri, kitab təqdimatı mərasimləri, oxucularla görüşlər klassik və çağdaş Azərbaycan ədəbiyyatının təbliği və bölgədə yaşayan yazarların tanınması baxımdan mühüm əhəmiyyət kəsb edir.
Mingəçevir ictimaiyyətinin, ədəbiyyat sevərlərin və yerli yazarların AYB Mingəçevir bölməsinin 25 yaşını qeyd etməyə hazırlaşdıqları bir ərəfədə bölmədə təmsil olunan söz adamlarının əsərlərini oxuculara təqdim edir, onlara uğurlar arzulayırıq. Dostlar, uğurlaınız davamlı, yolunuz açıq olsun!


İSMAYIL MƏRCANLI (İMANZADƏ)

YAXŞI Kİ...

Məni əldən salıb hərdən qüssə-qəm,
Tapdayıb keçdiyim nalədi-ahdı.
Başıma gəlibdi... yaxşı bilirəm,
Haqsızlıq ən böyük suçdu-günahdı.

Tamahı qılıncdan iti kəslərin,
Sonuncu qisməti boş bir təsəlli.
Tozanaq qoparan bəhsə-bəhslərin
Elə əzəli də, sonu da bəlli...

Bədxahlıq birinin qarnında sancı,
Aqillər bilir ki bu necə işdi.
Yaltağın, məddahın müftə “qazancı”
Qarğışdı, lənətdi, yağlı söyüşdü.

Məzlum ayaq altda qalsa əzilir,
Artır gündən-günə qana hərislər.
Yaxşı adamlara qənim kəsilir,
Hoppanıb qabağa keçəndə pislər.

Gör, indi insanlıq hansı gündədir,
Yamanlıq dünyanın artan mərəzi.
Yaxşı ki Tanrının əllərindədir,
Sonuncu haqq-hesab, mizan-tərəzi...
06.10.2024


NAMİQ ZAMAN
NECƏ SEVMƏYİM

Gözüm gözlərinin əsiri olub,
Baxışım üzündə ilişib-qalıb.
Varlığın gözümdən qəlbimə dolub.
De, necə sevməyim axı mən səni?!

Gözümü qınama, gözüm neyləsin,
Vəsfinə söz çatmaz,-sözüm neyləsin?
Sevdalı könülə dözüm neyləsin -
De, necə sevməyim axı, mən səni?!

Sinəmdə çağlayan selə dönmüsən,
Ruhumu oxşayan telə dönmüsən.
Elə bil mələksən, göydən enmisən -
De, necə sevməyim axı, mən səni?!

Bir ömür sevinci-qəmi bölüşsən,
Kim səni sevməz ki, bəxtinə düşsən?!
Bədrlənmiş Aysan, doğan Günəşsən -
De, necə sevməyim axı mən səni?!

Baxsa cəmalına, budur gerçəyi,
Utanar dünyanın gözəl-göyçəyi.
Ay payız ömrümün bahar çiçəyi -
De, necə sevməyim axı mən səni?!


ELÇİN MƏHƏRRƏM

TAKSİ

Dünən qazandığım son quruşumu
qoydum, solğun üzlü
taksi sürücüsünün
suluq tutmuş ovucuna.
Apar məni, taksi!
Çatdır məni
kəpənək qanadındakı
sakit dünənlərə,
xoşbəxt dünənlərə,
məktublarım var ölənlərə...

* *
Paslı mis qab
İçimdə bir sıxıntı,
içimdə bir boşluq var.
Daşla, qumla,
xəzəllə doldurun o boşluğu.
Bacarsanız
bir quruş da xoşbəxtlik tullayın
bu səfil dilənçinin
ÖMÜR adlandırdığı
PASLI mis qabına...



MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU
MƏNİ
Ötəri bir həvəs bilmə eşqimi,
Bənzətmə vədəsiz qonağa məni.
Sənin işıq saçan qara gözlərin
Bağlayıb o qaymaq dodağa məni.

Bənövşə qoxuyur bəyaz buxağın,
Lalə qönçəsidi bəlkə yanağın?
Şərbət çeşməsidi dilin-dodağın,
Tamarzı qoymusan bulağa məni.

Nəfəsindən gəlir cənnət havası,
Yıxdı Məhyəddini eşqin havası.
Ay bizim yerlərin nazlı sonası,
Axır ki, gətirdin qınağa məni.


BƏHMAN GÜLÖVŞƏLİ
GƏL

Nə vaxtdır gözlərim yollarda qalıb,
Qəm-qüssə qəlbimi ta əldən salıb.
Başımın üstünü duman-çən alıb,
Bir gün həsrətindən solasıyam, gəl.

Səni axşam-səhər axtarır gözüm,
Sinəmdə sızlayan dərd düzüm-düzüm.
İndi nə gecəm var, nə də gündüzüm,
Əl atıb saçımı yolasıyam, gəl.

Bağçamda bir ağac bitirməmisən,
Dar gündə özünü yetirməmisən.
Nəvəmi görüşə gətirməmisən,
Buludtək boşalıb dolasıyam, gəl.

Övlad dönüklüyü yamanmış, yaman
Dizimdə taqət yox, üzülübdü can.
Hələ ölüm mənə versə də aman,
Sənsiz gözü yaşlı qalasıyam, gəl.

Məndən başqa hər kəs gecələr yatır,
Xəbərim yox, günəş çıxır, ya batır…
Bilsəm dərd əlimdən yapışıb dartır,
Əcəl sorağında olasıyam, gəl.

ƏHMƏD ƏFSUN
DEYİN
Əhli-hal olanlar, ərzi-halım var,
Ərzimi car çəkin, birbaşa deyin.
Dağlara deməyin, dağlar dağılar,
Gəlsə rastınıza sal daşa deyin.

Buludlar götürmür daha tüstümü,
Aman Allah, göylər məndən küsdümü?
Qayğılar hər yandan alıb üstünü,
Üzübdü canını qarğaşa, deyin.

Gördüm bu dünyanın çoxun-azın da,
Çoxları yaşadı qurdun ağzında.
Bir aşiq qırx arşın quyu ağzında,
Qalıbdi sallaşa-sallaşa,-deyin.

Əfsun yada salmır odu(r) yar məni,
Dinsəm dirigözlü odduyar məni.
Bircə o anlayar, o duyar məni,
Mənim dərdlərimi Saldaşa deyin.

MAHİR MUSA
MİNGƏÇEVİR

İsti odum-ocağım,
Doğma elimsən mənim.
Ətirli gül-çiçəyim,
Şirin dilimsən mənim.

Neçə kəndlər, şəhərlər
Üz tutubdur nuruna.
Hamı heyran qalıbdır
Tükənməz qüruruna.

Günəş kimi nurlusan,
Dillərdə gəzir adın.
Halallıqdan söz açır
Sənin gücün-inadın.

Fəxrimsən, vüqarımsan
Mənim doğma şəhərim.
Hüsnünə heyran olur,
Hər gecəm, hər səhərim.

Bir möhtəşəm qalasan
Bozdağın ağuşunda.
Göz oxşayır həmişə,
Baharın da, qışın da.

MƏMMƏD MƏRZİLİ
QƏRİBƏM
Perik düşdüm öz elimdən, obamdan
Necə dözsün bu sitəmə axı can?
Qarabağsız sızlayıram mən hər an -
Heç bilmirəm necə deyim qəribəm?

Dərd yükü var çiynimdəki şələdə,
Tamarzıyam çiçəyə də, gülə də.
Əlim çatmır uzaqlara, hələ də -
Qan ağlayır yerim-göyüm, qəribəm.

Girovuyam fitnələrin-fellərin,
Tuşmu gəldim qarğışına dillərin?
Hesabını ititmişəm illərin -
Dərd sinəmdə düyüm-düyüm, qəribəm.

Gündə yüz yol dirilirəm, ölürəm
Göz yaşımı nisgilimlə silirəm.
Kimsə məni qınayacaq bilirəm,
Öz-özümü necə öyüm, qəribəm.

FƏXRƏDDİN ƏZİZ
OLASAN
Bağda gül ol, düzdə lala,
Gözəllikdə izin qala.
Yazdan soraq ala-ala,
Budaqda yarpaq olasan.

Neyləyirsən adı-sanı,
Alasan yar qadasını.
Qəfil döyüb qapısını,
Bir şirin soraq olasan.

Çarxı dönsə göyün-yerin,
Boşa çıxacaq əllərin.
Qeybə çıxa dərdin-sərin,
Sevincə ortaq olasan.

Yurda sahib çıxa ərən,
El düşməyə pərən-pərən.
Gül ətrindən soraq verən
Bir ovuc torpaq olasan.


ELŞƏN ƏZİM
AĞLA, MƏNİM ÜÇÜN...

Ağla, mənim üçün ağlayan adam,
Ağla, göz yaşların quruyanadək.
Yaşın qurudumu, quru səhrasan,
Yanağın gül açmaz, dodağın çiçək.

Ağlama, mənimçün ağlayan qadın,
Mənə yüz ox dəydi, mən ağlamadım.
Ömrüm peşkəşidir oğlun, övladın,
Mən bircə özümə gün ağlamadım.

Məni ağlamağa hər ağıçının
Sözü də yetişməz, dili də çatmaz,
Məni ağlamağa bizim dağların,
Siləli, qıjovlu seli də çatmaz.

Gözünü bu qədər isti eləmə,
Sudur, dondurmağa qış saxla bir az.
Gözünün yaşını sıxma hər qəmə,
Qəbrimin üstünə yaş saxla bir az.
Ağlama, mənimçün ağlayan qadın,
Ağla, mənim üçün ağlayan qadın.

MEHMAN RƏSULOV
AĞLAYIR
(20 yanvar şəhidlərinin xatirəsinə)

Vətənin dərdi böyük, gözləri al-qan ağlayır,
Mərd oğullar itirimiş analar hər an ağlayır.

Azadlıq yolundadır tökülən gunahsız qanlar,
Haqq səsi boğulursa, bu zülmə cahan ağlayır.

Baş əymədiniz zülmə, ey azadlıq yolçuları,
Bu mərdliyi anlayan, vicdanlı insan ağlayır.

Xalqıma qəsd edildi, yurdumu kor qoymaq üçün,
Ən böyük itgidir bu, sirri anlayan ağlayır.

Göz yaşı içindədir gecə-gündüz ana Vətən,
İgidlər nakam getdi, dərdə tar-kaman ağlayır.

Tənhalıq yaman dərddi, taleyin acı hökmüdür,
Bu ağır gündə Vətən görmədi həyan, ağlayır.

Xalqının haqq işinə əzəl gündən inansa da,
Ömründə sızlamağı görməyən Mehman ağlayır.

ELDƏNİZ CƏFƏROĞLU
ŞÜKR ELƏ
(Şərəfsizliyinə şükr edənlərə)

Bir olan Allah kimə nə bəxş edir,
Yaxşı bilir bəndəsi qul bəndədir.
Ömrünü zülmət gecəyə döndərir,
Sən bu qaranlıq gecəyə şükr elə.
Dörd tərəfin yar-yaraşıq, gül çiçək,
Pəncərədən bax küçəyə şükr elə.

Dərdi azar alsa əgər hər yanı,
Yoxdu pulun, pul yerinə ver canı,
Çox bahasa dərdlərinin dərmanı,
Burda sağalmaz yarana şükr elə,
Baş götürüb get İrana şükr elə.

Tez qızışıb, düz danışıb, düz demə,
Gəlsə əgər, Əzrailə söz demə,
Ver canını, heç sabahı gözləmə.
Əzrailin gəlməyinə şükr elə,

Lap dədənin ölməyinə şükr elə.
Dünyanı versən də yenə az deyən,
Eh, azad Avropadan olmaz deyən,
Beş kişidən sonra mənəm qız deyən,
Arvadının ismətinə şükr elə,
Hər nə düşüb qismətinə şükr elə.


NİCAT HUNALP
BİR AĞRI VAR ÜRƏYİMİN İÇİNDƏ
Məlhəmi yox, davası yox, həbi yox,
Bir ağrı var ürəyimin içində.
Könlümündə şeir yazmaq təbi yox,
Bir ağrı var ürəyimin içində.

Tanrı bilməz, Tanrı duymaz yerdəyəm,
Ruhum dalğın meyə uymaz yerdəyəm,
Tanrı məni göyə qoymaz, yerdəyəm,
Bir ağrı var ürəyimin içində.

Mən gecikdim yenə vallah bu köçə,
Doğma gəlmir daha bu yol, bu küçə,
Ağrılarla yaşayıram iç-içə,
Bir ağrı var ürəyimin içində.

Mən nə hayda, bu dünya nə haydadı,
Ömür-günüm gah yasda, gah toydadı,
Mən çəkdiyim həsrət Araz boydadı,
Bir ağrı var ürəyimin içində.

Saçlarıma daraq küsüb daramaz,
Məni daha bir dost-tanış aramaz,
Dinc qoymurki rahat qalam yaramaz,
Bir ağrı var ürəyimin içində.

AĞABALA SALAHLI
BƏNÖVŞƏ
Nə müddətdi həsrətini çəkirik,
Niyə görünmürsən gözə, bənövşə?
Səni görmək üçün çıxdıq çöllərə,
İzimiz qarışdı izə, bənövşə.

Bəd kəlməni ürəyində bitirmə,
Etibarı, sədaqəti itirmə.
Namərdlərin sözlərini götürmə,
Sığın bu torpağa, bizə bənövşə.

Mən necə ayrılım səntək gözəldən,
Hər ləçəyin bir bayraqdır əzəldən.
Gəlir xoş sorağın şeir-qəzəldən,
Vətən torpağını bəzə, bənövşə...
18-11-2024, 05:44
“Sazlı-sözlü kəlağayı” Tiflisdə

“Sazlı-sözlü kəlağayı” Tiflisdə

Tbilisidə “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib.

Noyabrın 16-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib. Azərbaycanın Gürcüstandakı Səfirliyinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin, Azərbaycan Kəlağayı Muzeyinin təşəbbüsü və təşkilatçılıgı ilə keçirilən layihə çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi açılıb. Sərgidə yaşı əsrlərə söykənən qədimi kəlağayılarla yanaşı, Şəki və İsmayıllının məşhur Basqal qəsəbəsinin istehsalı olan müasir kəlağayılar, Güllü Eldar Tomarlının yaşıl dünyanı özündə əks etdirən əl işləri nümayiş etdirilib.
İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlar üçün nəzərdə tutulan kəlağayılar iştirakçıların marağına səbəb olub. Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı deyib ki, şəhid Zaur İsmayılzadənin anası Sevil İsmayılzadə və şəhid Saleh Əliyevin anası Solmaz Əliyevanın Kəlağayı Muzeyinə təqdim etdikləri qədim kəlağayıların öz tarixi var. Bu kəlağayılar hər iki şəhidin gələcək həyat yoldaşları üçün saxlanılırdı. Lakin onlar şəhidlik zirvəsinə ucaldıqdan sonra hər iki ailə kəlağayını muzeyə təqdim edib.
Sərgidə yaşı bir əsrdən çox olan Aşıq Solmaz Kosayevaya məxsus kəlağayı, eləcə də üzərində Mirvarid Dilbazi, Pənahəli xan, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, xan qızı Natəvan, Qasım bəy Zakirin fotolarının həkk olunduğu kəlağayılar muzeyin maraqlı eksponatları sırasında olub. Həmçinin satış üçün Basqal kəlağayıları da təqdim edilib.
Gürcüstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva tədbirin əhəmiyyətindən danışıb.

Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Azərbaycan kəlağayısı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə cari ildə Azərbaycanın bölgələrində, Sankt-Peterburqda festivallar, tədbirlər, sərgilər keçirilib. Bu cür tədbirlər ilin sonuna qədər davam edəcək.
Daha sonra sabiq deputat Ramiz Əliyev, müəllimlərdən- Fatma Aslan, Növrəstə Həsənoa, Mədinə Həsənova, Savalan Osmanlı, Vənnahar Qəhrəmanova , Nurlana Mehmanqızı, '' Ceyran'' rəqs ansamblının sədri Ceyran Qurbanova və başqaları çıxış edərək kəlağayının tarixi, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğindəki rolu, dünyada kəlağayıya olan marağın artması, barədə məlumat veriblər. 44 günlük vətən müharibəsi şəhidi Orxan Məhərrəmovun bacısı Nuray Nəbiyevaya Mirvarid Dilbazi Poeziya Məclisi tərəfindən qırmızı rəngli Basqal kəlağayısı hədiyyə olunub.
Tədbirdə aşıqlardan Nargilə Mehdiyevann, Nuray Nəbiyevanın, Rustavi şəhər 18 saylı məktəbin şagirdlərinin milli rəqsləri, kəlağayı haqqnda söylədikləri şeirləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. İmir Məmmədlinin tərcüməsində Güllü Eldar Tomarlınn kəlağayı haqqında şeirlərini Rustavi məkbliləri gürcü dilində səsləndirdilər.
Sonda xatirə şəkili çəkildi.

5-11-2024, 07:20
İcmada professor Fərrux Rüstəmovun kitabının təqdimatı olub.


İcmada maarifçilik hərəkatı

İcmada professor Fərrux Rüstəmovun kitabının təqdimatı olub.

Qərbi Azərbaycan İcması böyük maarifçilik hərəkatı yaradıb. Maarifçilik bütün dövrlərin ən güclü silahı olub. Noyabrın 4-də İcmada professor Fərrux Rüstəmovun "İrəvan kişi gimnaziyası və onun Azərbaycanlı məzunları" kitabının təqdimatı keçirilib. Kitabda XIX əsrin 30-cu illərindən XX əsrin əvvələrinə kimi İrəvanda demokratik təhsil mühitinin formalaşmasında əhəmiyyətli rol oynamış qəza məktəbi və progimnaziya haqqında dolğun məlumat verilmiş, kişi gimnaziyasının təşəkkülü və inkişafını şərtləndirən amillər təhlil edilmiş, orta təhsilin məzmununun inkişaf tendensiyaları müəyyənləşdirilmiş, İrəvan quberniyasında yaşayan Azərbaycan türklərinin Rusiya və Avropa universitetlərinə çıxışını təmin edən gimnaziyanın Pedaqoji Şurası, şagird kontingenti, pansionu, kitabxanası, fizika kabineti, direktorları, məzunları və Azərbaycan dili və şəriət müəllimləri haqqında məlumat verilib.

Kitabın ideya müəllifi sənətşünaslıq elmləri doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru, Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, deputat Əziz Ələkbərli, ön sözün müəllifi AMEA müxbir üzvü, Əməkdar elm xadimi Misir Mərdanovdur.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!