TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 21-12-2024, 21:26
Seyfəddin RZASOY yazır:

Seyfəddin RZASOY yazır:

“Vətəndaş – Vətən daşı” konsepti


“Azərbaycan” qəzetinin 15 dekabr 2024-cü il tarixli sayında Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanovun “Heydər Əliyevin milli yaddaş siyasəti” adlı məqaləsinə rast gəldim və böyük maraqla oxudum. Yazıda bir eposşünas kimi Oğuz milli yaddaş sistemi haqqında dediyimiz ““Kitabi-Dədə Qorqud” oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyasıdır” fikrimizə də isnad olunması bizdə təbii məmnunluq hissi yaratmaqla bərabər, hörmətli millət vəkilinin milli düşüncə sisteminin aktual məsələlərinə toxunması və bu kontekstdə, bir növ, folklorşünasların “sahəsinə” nüfuz etməsi, bununla bağlı bəzi konseptual məqamları, xüsusilə ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptini diqqət mərkəzinə gətirməsi bizi bir sahə mütəxəssisi kimi bununla bağlı bir sıra aktual məsələlərə toxunmağa vadar etdi. Həmin məqamlar etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bağlıdır.
S.Qurbanov mətbuatda müntəzəm yazılarla çıxış edir. Onların içərisində milli yaddaş, milli düşüncə sistemi, folklor mətnlərində inikas olunmuş etnoenergetik potensiya kimi məsələlərdən bəhs edən yazılar diqqətimizi bilavasitə çəkir. Get-gedə bu məsələlərə marağı daha da artan riyaziyyatçı-hüquqşünas millət vəkilinin fikirləri sahənin aktuallaşdırılmasının zəruriliyini ortaya qoymaqla yanaşı, onlarla bağlı mütəxəssisləri (ən azı, folklorşünasları) aktivləşməyə, fikir söyləməyə, müzakirə açmağa və s. sövq edir.
Bu, bir reallıqdır ki, “Kitabi-Dədə Qorqud” və ondan daha qabaq aşıq sənəti və yaradıcılığı çağdaş Azərbaycan siyasi reallığının qurucusu Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Azərbaycan müstəqilliyini qazanandan sonra Heydər Əliyevin diqqəti daha çox “Kitabi-Dədə Qorqud” eposunun üzərinə yönəlmiş və o, bu möhtəşəm oğuz eposunun etnofəlsəfi mahiyyətini təşkil edən “birlik” formulundan istər daxili (Azərbaycan), istərsə də xarici auditoriyada (Türk dünyası) geniş şəkildə istifadə etmiş, bu istiqamətdə hamımızın gözləri önündə cərəyan etmiş və iştirakçısı da olduğumuz nəhəng işlərə imza atmışdır.
Bu nüfuzlu dövlət xadiminin “Kitabi-Dədə Qorqud” eposuna olan diqqətinin, onu Azərbaycanın daxili və xarici mədəni siyasət ritorikasının əsas ifadə vasitəsinə çevirməsinin səbəbləri nə ilə bağlı idi?
Təbii ki, bu suala Heydər Əliyevin etdiyi çıxışlardan, söylədiyi nitqlərdən çoxlu örnəklər gətirməklə geniş şəkildə cavab(lar) vermək olar. Ancaq hörmətli millət vəkili S.Qurbanovun da yazdığı kimi, bir dövlət xadiminin, siyasət adamının nitqlərinin həmişə alt məna qatları olur. Bu cəhətdən, mərhum Prezidentin də “Kitabi-Dədə Qorqud”la bağlı çıxışlarının alt qat(lar)ı var idi və həmin mənalar qeyd etdiyimiz etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması ilə bilavasitə bağlı idi.
“Kitabi-Dədə Qorqud” – epoxal mənsubiyyəti baxımından Oğuz abidəsi, başqa sözlə, oğuzların dastanıdır. Bədii-magik söz abidəsi olan bu dastanın Oğuz cəmiyyətindəki ən mühüm funksiyası “oğuzların etnik-milli kimlik sənədi, ana yasası – konstitusiyası” olmaq idi. Başqa sözlə, “Dədə Qorqud” eposu Oğuz milli düşüncə və davranış sisteminin sakral söz kodu ilə inikas olunmuş modeli, proqramı, yaxud mexanizmi idi. H.Əliyevin bu dastana olan marağının əsasında da məhz bu faktor – “Kitabi-Dədə Qorqud”un milli düşüncə sisteminin “birləşdirici” mexanizmi olması dururdu.
Eposun etnosdaxili birləşdiricilik mexanizmi iki əsas səviyyəni əhatə edir:
a) Oğuz etnokulturoloji səviyyəsi;
b) Ümumtürk etnokulturoloji səviyyəsi.
Eposun bu iki səviyyəsi tarixi-epoxal xarakterlidir. Oğuz epik modeli bütün hallarda ümumtürk epik nüvəsinə bağlıdır. Bu cəhətdən, Oğuz epik modelinin tarixi-diaxron baxımdan hansı inkişaf xəttini təmsil etməsindən asılı olmayaraq, o, sinxron strukturu baxımından bütün hallarda ümumtürk düşüncə modelini təmsil edir. Bu fikri bir qədər sadələşdirib desək, oğuzların dastanı olan “Dədə Qorqud” bütün poetik mahiyyəti, etnoepik fəlsəfəsi və etnoenergetik mahiyyəti ilə ümumtürk abidəsidir. Heydər Əliyev də eposun bu iki səviyyəsini çox gözəl görmüş və onlardan uyğun şəkildə istifadə edərək türk xalqlarını dastanın etnoepik düşüncə nüvəsi ətrafında, ən azı, dastanın 1300 illik yubiley tədbirləri səviyyəsində konsentrasiya edə bilmişdi. Bu, etnoenergetik düşüncə potensiyasının müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırılmasının beynəlxalq səviyyədə həyata keçirilmiş nəhəng nümunəsi idi.
Sadiq Qurbanovun ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli qəhrəmanlıq simvolu olan Koroğlu haqqında söylədiyi “Vətəndaş – Vətən daşı” konseptinə istinad etməsi, onun epoxal-milli yaddaş dərinliklərinə enməsi də eposun etnoenergetik düşüncə potensiyası olması ilə əlaqədardır. Əgər “Dədə Qorqud” dastanı bu potensiyanın Oğuz-Türk enerjisini özündə daşıyırsa, “Koroğlu” eposu türk xalqlarının milliləşmə dövrünün etnik enerjisini özündə ehtiva edir.
Ölkə Prezidentinin milli qəhrəmanlıq simvolu Koroğlunu müasir milli düşüncə və davranış sistemində reaktuallaşdırması onillər boyunca qatı düşmənlərlə üz-üzə dayanmış xalqımızın milli qəhrəmanlıq ruhunun oyadılmasına xidmət edirdi. Bu cəhətdən, məhz qəhrəmanlıq eposuna “xitab edilməsi” tamamilə məntiqi idi.
Epos – hər bir xalqın etnokosmik düşüncə tərzini özündə yaşadan bədii düşüncə sistemidir. O, bügünün gözü ilə daha çox epik janrları əhatə edən bədii sistem olsa da, o, tarixi kökləri və mahiyyəti etibarilə ümumən bədii düşüncə sisteminin bütün arxetipik başlanğıclarını əhatə edir və şərti başlanğıcı etibarilə mifə gedib dayanır. Epos bu mənada mifologiyanın tarixi düşüncə çağındakı paradiqmatik varisidir. Mifin əsas funksional aspekt və səviyyələri mifik şüurun parçalanaraq tarixi şüura keçidi zamanı eposa transformasiya olunur. Məhz bu cəhətdən epos bir sözlü mətn, bədii janrlar sistemi olmaqdan daha iri anlayış olub, ilk növbədə milli düşüncə sisteminin əsasını təşkil edir.
Eposun, o cümlədən “Koroğlu” eposunun ən mühüm funksiyası onun etnosun yaşamasının bütün genetik struktur sxemlərini özündə qoruyan bədii düşüncə sistemi və etnosu düşüncə enerjisi ilə təmin edən milli energetik sistem olmasında ifadə olunur. Bu cəhətdən, milli qəhrəmanlıq ruhunun bütün davranış modellərini özündə arxetipləşdirən Koroğlu, əslində, hər bir azərbaycanlının qəhrəmanlıq ruhunun ayrılmaz parçasıdır. Koroğlu haqqında söylənmiş “Vətəndaş – Vətən daşı” konsepti də məhz bu müstəvidə məna kəsb edir. Üzərində doğulduğu və qoynunda boy atdığı torpağı özünə ana bilən hər bir Azərbaycanlının içərisində bir Koroğlu yaşayır. Bu cəhətdən, Koroğlunun Bakıda ucaldılmış heykəlində bir əlində qılıncı, o biri əlində sazı olan qəhərmanın Qıratın belində buludların fövqünə qalxması Azərbaycan qəhrəmanlıq ruhunun intəhasızlığını və qarşısıalınmazlığını ifadə edir. Bunu biz 44 günlük Vətən savaşında gördük və yaşadıq. Azərbaycan xalqı bu savaşda Vətənin və Vətəndaşlığın Vətənin hər bir daşından başlandığını bütün dünyaya nümayiş etdirdi.

Seyfəddin RZASOY,
AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!