UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                       
3-03-2023, 08:34
“GÖYÇƏ HƏSRƏTLİ BİR ÖMÜR” ADLI KİTAB ÇAP OLUNUB

“GÖYÇƏ HƏSRƏTLİ BİR ÖMÜR” ADLI KİTAB ÇAP OLUNUB

Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasının baş müəllimi olmuş Göyçəli şair Maksim Sarıqayanın “Göyçə həsrətli bir ömür” adlı 760 səhifəlik kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çap olunub.
Saz, söz, sənət beşiyi olan Göyçə mahalında dünyaya göz açan müəllifin kitabında olan şeirlər mövzu, məzmun, forma baxımından müxtəlif və rəngarəngdir. Şeirlərdə müasir həyatımızın müxtəlif sahələrinə - ictimai-siyasi proseslərə, tarixi hadisələrə, milli-mənəvi dəyərlərə, cəmiyyətimizdəki nöqsan və qüsurlara aid məsələlərə toxunulur. Kitabda hər bir hadisəyə müəllif baxışı, vətəndaş ziyalı mövqeyi öz əksini tapır.
Kitab “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə Maksim Sarıqayanın əziz xatirəsinə həsr olunub. Kitaba ədəbiyyatşünas, şair Salman Qaralar “Gec tapıb, tez itirdiyim dostum” başlıqlı ön söz yazıb.
Şairə Güllü Eldar Tomarlı da Maksim Sarıqayanın yaradıcılığı haqqında “İkiyə bölünmüş Göyçəli və Göyçəsiz ömür” adlı məqaləsində öz fikirlərini oxucularla bölüşüb.
Kitabın redaktorları Güllü Eldar Tomarlı və Araz Yaquboğludur.
Kitabda çap olunan şeirləri şairin bacısı Əntiqə Cabbarlı və oğlu Ceyhun Şamiloğlu toplamışlar. Kitabın məsləhətçiləri “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli və Maksim Sarıqayanın yaxın dostu Rəşid Süleymanov, dizayneri Vüsal Sehranoğludur.
Maksim Sarıqaya (Cabbarov Şamil Hümbət oğlu) 9 mart 1952-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. Onu el-oba arasında hamı Maksim adıyla tanımışdır.
Şamil Cabbarov 1969-cu ildə Daşkənd kənd orta məktəbini bitirmiş və həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur. Şamil Cabbarov istədiyi fakültəyə daxil olmadığından institutda təhsilini davam etdirməmiş, 1971-ci ildə həqiqi hərbi xidmətə gedib.
1975-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun “Riyaziyyat” fakültəsinə qəbul olub və 1979-cu ildə həmin institutu bitirərək məzunu olduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində riyaziyyat müəllimi işləməyə başlamışdır. O, 1986-1988-ci illərdə Daşkənd kənd orta məktəbində dərs hissə müdiri vəzifəsində çalışmışdır. Müəllim işlədiyi ilk illərdən savadlı bir riyaziyyatçı kimi ad-san qazanmışdır. 1988-ci ildə ailəsi ilə birlikdə doğma Göyçə mahalından deportasiya olunan Maksim müəllim Bakı şəhərində məskunlaşmışdır.
Bakı şəhərindəki orta məktəblərdən bir neçəsində müəllim işlədikdən sonra Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

Onun “Riyaziyyat nəyi sevir” (Bakı, “Elm və təhsil”, 2012) kitabı riyaziyyatsevərlərə ən layiqli töhfədir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında tədris edilmək üçün “Ehtimal nəzəriyyəsi və riyazi statistika” (Bakı, “Elm və təhsil”, 2012), “Ali riyaziyyat kursundan mühazirələr və məsələlər” (I, II hissə, Bakı, “Elm və təhsil”, 2013), “Ehtimal nəzəriyyəsinin qısa kursu” (Bakı, 2016), “Ehtimal nəzəriyyəsinə dair çalışmaların həlli üsulları” (Bakı, 2016) kitabları (həmmüəllif) da tələbələr üçün ən yaxşı metodik vəsaitlərdir.
Maksim müəllim həmçinin ədəbiyyatı da riyaziyyat qədər dərindən mənimsəmiş, müxtəlif janrlarında şeirlər yazmışdır. Şeirlərini “Maksim Şamil”, “Müəllim” və “Maksim Sarıqaya” imzası ilə çap olunmuşdur. “Tufandan tez yeli çatar” (Bakı, “Nurlan”, 2013) adlı şeirlər kitabı çap olunmuşdur. Kitabdakı ustadnamələrlə zəngin şeirlər tərbiyəvi ruhda yazılmışdır. “Sabirsayağı” tənqidi şeirlər də çoxluq təşkil edir.
Şamil Cabbarovun 9 mart 2022-ci ildə 70 illik yubileyi qeyd olunmuş, Azərbaycan aşıq yaradıcılığının inkişafandakı xidmətlərinə və Dədə Ələsgərin 200 illik yubileyi tədbirlərindəki aktiv iştirakına görə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuşdur.
Dəyərli insan olan Maksim müəllim 22 mart 2022-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin.
3-03-2023, 07:58
Yaxşı ki, böyümüşük!


ZAUR ƏRMUĞAN
Hekayə

Yaxşı ki, böyümüşük!

- Ay Ağarza, xoş gördük səni. Nə var, nə yox? İşlərin necədir? Nə edirsən, özün yatıb, özün dura bilirsənmi? -- deyə Məlik Ağarzanı görən kimi hal-əhval tutmağa başladı.
- Əşşi, bu zəmanədə adamdan hal xəbər alarlar? -- Ağarza könülsüz halda dindi, küçə qapısının ağzındakı daşın üstündən qalxdı, Məliklə əl-ələ tutub görüşdü.
- Nə olub yenə? -- Məlik yenə soruşdu. -- Qaş-qabağın yer süpürür, gəmilərin dəryada batıb?!
Ağarza başını qaşıya-qaşıya cavab verdi:
- Gəmi köpəkoğlu daha nə etsin?!
Batar də belə dəryada.
Məlik ciddiləşdi:
- Mənə bax, deyəsən, sözlü adama oxşayırsan? Bir əməlli-başlı danış görüm, nə olub.
Ağarza əyilib yenə bayaqkı daşın üstündə oturdu. Məlik kərpicdən tikilmiş hasarın dibində çöməlib sualedici nəzərlərlə Ağarzanın sir-sifətini süzdü, dirsəyini qıçının üstünə qoyub ovcunu çənəsinin altına sıxdı.
Ağarza dedi:
- Ay Məlik, yenə sən bilərsən...
Məlik Ağarzanın sözünü ağzında qoydu:
- Guya sənə nə olub ki?! Oturduğun yerin iki min beş yüz metr dərinliyində nə var, onu bilirsən. Sən bilməyən şeyə qurd düşər ki. Bir əməlli-başlı danış görüm, nə olub.
Ağarza gözlərini yumub üzünü o yana çevirdi, gözlərini o tərəfdə açıb dodağının altında mızıldadı:
- Üçdə alacağın yox, beşdə verəcəyin yox! Əlini qoymusan əlinin üstünə, oturmusan yanımda. Sənin nə vecinə!
Məlik özündən biixtiyar ayağa qalxdı, səsini bir qədər artırıb bu dəfə acıqlı-acıqlı dedi:
- Üz-gözünü turşumuş qatıq kimi nə turşutmusan ey üstümə?! Danış də! Biz də bilək ki, nə olub? Təkər kimi nə pısmısan? Səni danışdırmaqdan ötrü cibinə pul basmalı deyiləm ki?!
Məlikin köpü yatdı. Dərindən bir ah da çəkib içini boşaltdı elə bil. Sonra yenə çöməldi. Ağarza başını aşağı dikəndə Məlikin özü də, səsi də mülayimləşdi:
- Can, Ağarza! Dərdin ürəyimə! Yetim elə yetimdir də! Kasıb nə vaxt dövlətli olur ki?! Gorun oldu ki, kəfənin də ola?! Nə olub ey?
Ağarza iki-üç dəfə "əşş", bir-iki dəfə də "of" deyəndən sonra üzünü Məlikə tutdu:
- Nə deyim ey?! Bu qədər dərd-sər olar?! Gün-güzəran bir dərd, arvad-uşaq bir dərd, azar-bezar bir dərd, qonum-qonşu bir dərd, toy-düyün bir dərd, hüzür bir dərd, borc dəftəri bir dərd, kredit bir dərd!... Ay kişi, mən olmayım, sən ol, dözə bilərsən bu qədər cəfaya? Dünyadır bu, həyatdır bu?
Məlik dostunu səbirlə dinləyib dedi:
- Darıxma! Düzələcək hamısı! Elə bundan ötrü narahatsan?
- Nə vaxt düzələcək? Mən öləndən sonra? -- Ağarza dilləndi. -- Deyirəm, ay Məlik, amma heyif o uşaqlıq vaxtlarımızdan! Nə yaxşı vaxtlar idi! Heç nəyin dərdini çəkmirdik, yaşayırdıq özümüz üçün. Ver yeyim, ört yatım, gözlə, canım çıxmasın! Dəf kimi idi, vallah! Dərdimiz nə idi ki?! Tut nə vaxt yetişəcək? Dərdə bax ey, sən Allah!
Məlik gülümsünüb cavab verdi:
- Uşaqlıq vaxtlarımızın da öz keşməkeşləri var idi, ay Ağarza. Sillə, təpik yeməkdən gömgöy göyərmişdik. O qədər davaya düşüb döyülmüşük ki! Onun, bunun qulluğuna getməkdən təngə gəlmişdik. Nə ixtiyarın var idi ki, əli ətəyindən uzun gələsən. Həddin nə idi ki, göndərildiyin yerdən gec qayıdasan. Yerə tüpürərdilər, deyərdilər ki, quruyunca gəl. -- Məlik yerindən qalxıb əllərini belinə qoyandan sonra yerə tüpürcək atdı. -- Sən başı daşlı da al günün altında ayağıyalın təng-nəfəs olurdun ki, söyülməyəsən, döyülməyəsən. Məktəbdə də günümüz, rüzgarımız yox idi. Bir ayağı üstündə qırx beş dəqiqə az dayanıb durmusan otağın küncündə? Məmmədağa müəllim boynunun ardına sillə çəkəndə gözlərindən od tökülürdü ki. Dinc dolanmırdıq axı. Dərs oxumurduq. Adam balası kimi sözə qulaq asırdıq ki?! Rəhmətlik dədən Bağır kişi çıxarardı kəməri şalvarının belindən, salardı səni ayağının altına. Əlindən güc-bəla ilə çıxıb bizə qaçıb gəldiyin günlər yadındadır?
Məlik sözünü deyib qurtardı. Özü də elə deyib qurtardı ki, elə bil indiyə kimi heç belə danışmamışdı.
Daha susmuşdu, daha danışmırdı, gözlərini Ağarzanın gözlərinə zilləyib onun nə deyəcəyini gözləyirmiş kimi kirimişdi.
Ağarza dedi:
- Sənin dərdin mənim dərdimdən də betər imiş ki!
- Bəs nə bilmişdin?! Başlamısan ki, uşaqlıq belə oldu, elə oldu. -- Məlik yenə qızışdı. -- Çoban Yarəhməd yadından çıxmaz. Sürüyə bir az gec gələn kimi gözünü yumub çomağını tullayardı haraya gəldi; Yarəhmədin çomağı, sənin başın! Yalan deyirəm?
- Çomaq da çomaq idi ha! Pa atonnan, kürəyimin ortası paralanırdı, az qala!
- Mən də onu deyirəm də. Yenə indi yaxşıdır. Sən də bir adamsan özün üçün. Beş kişinin içində adın çəkilir. Ev-eşiyin, suyun, çörəyin. Nə olub ki?! Uşaqlığın nəyi yaxşı idi? Uşaq olub, yenə qulluğa yüyürəcəkdin də! Qapaz da başında!
Ağarza çənəsinin altından boğazına axan isti təri cibindən çıxardığı dəsmalla silərək burnunu çəkib, qaşlarını yuxarı qaldırdı. Sonra ürəyindən tikan çıxaran bir kəlmə işlətdi:
- Dilinə qurban olum, a Məlik. Vallah, düz deyirsən. Yaxşı ki, böyümüşük!

"Bütöv Azərbaycan" qəzeti
3 mart 2023
3-03-2023, 00:01
Həzin, duyğusal görüş

Həzin, duyğusal görüş

( Fevralın 25-də Qafan Rayon icma nümayəndələrinin görüşü keçirilib)

Hər bir Qərbi Azərbaycanlının gözlərində vətən həsrəti hiss edilirdi. Amma buna rəğmən onlarda sabaha inam hissi, bu hissi yaşatmağı bacarmaq duyğusu qabarıq şəkildə özünü büruzə verirdi. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz xidmət göstərib dünyadan köçənlərin və qardaş Türkiyədə zəlzələdən ölənlərin xatirəsi sükutla anıldı.

Tədbiri giriş sözü ilə açan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev sözü və aparıcılığı Qərbi Azərbaycan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasova verdi. Eldar Abasov ilk olaraq Qərbi Azərbaycan İcmasının qarşıda duran vəzifələrindən danışdı, eləcə də icmanın fəaliyyət proqramını elan etdi.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış Konsepsiyası və bununla bağlı İcma qarşısında duran vəzifələr barədə ətraflı məlumat verdi. Xatırlatdı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. İcmanın başlıca məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiyaya məruz qalmış azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq səviyyədə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.
Prezident İlham Əliyevin tarixi çıxışı ilə daha çox bəlli edildi ki, Qərbi Azərbaycan məsələsi artıq dövlət əhəmiyyətli siyasi bir məsələdir. Biz Qərbi Azərbaycana qayıdanadək bu məsələ davam edəcək öz aktuallığını qoruyacaq.
İcmanın İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən öz çıxışında Qafan rayonunda anadan olduğunu bildirdi və qeyd elədi ki, Qərbi Azərbaycanda doğulmuş, uşaqlıq illərini orada keçirmiş, eyni zamanda deportasiya siyasətinin ağırlığını öz üzərində hiss eləmiş şəxs kimi, Qərbi Azərbaycan İcmasının işinin təşkilində yaxından iştirak etdiyi üçün özünü şanslı hesab edir. İcmanın fəaliyyəti, Qərbi Azərbaycana qayıdış məsələləri, beynəlxalq müstəvidə görüləcək və görülməli olan işlər haqda geniş məlumat verdi. Qeyd etdi ki, ilk dəfədir ki, 34 il ərzində Qərbi Azərbaycan məsələsi BMT masası üzərində müzakirəyə çıxarılıb və BMT -nin rəsmi dillərində 190 dövlət arasında deportasiya məsələsi yayılıb. Eyni zamanda bildirdi ki, bizim əsas məqsədimiz oğurlanmış mədəniyyətimiz, tariximiz barədə həqiqətləri masa üzərinə yatırıb dünya ictimaiyyətinə çatdırmaqdır.
Qayıdış konsepsiyasını analiz edən, çox saylı izahlar verən Ramil Həsən vurğuladı ki, "Düzdür, bizim -nənə babalarımız, Vətən -Vətən deyərək bizi tərk elədilər. Amma mən inanıram ki, gün gələcək biz Qərbi Azərbaycan torpaqlarından bir ovuc gətirib onların məzarları üzərinə qoyacağıq. Onu da bilin ki, Qərbi Azərbaycan torpaqlarımıza qayıdış könüllüdür, lakin biz inanırıq ki, hər bir Qərbi azərbaycanlı öz soykökü gələn yeri görməyi çox istəyir.
Biz o ərazilərə qayıtmaq istəyirik, ora bizim ata- baba yurdumuzdur. Bu hüquqi qanun təkcə orada doğulanlara yox, eləcə də ata soyu ilə gələn hər bir Qərbi azərbaycanlıya şamil edilir. Hər kəs o mülkdən öz haqqını-payını tələb edə bilər".
AMEA Tarix İnstitutunun “Qrbi Azərbaycan tarixi” şöbəsinin rəhbəri, tarixçi alim Cəbi Bəhramov çıxış edərək Qərbi Azərbaycanın, o cümlədən Qafan rayonunun tarixinin araşdırılması üzrə görülən işlərdən bəhs etdi. Tədbir iştirakçılarının tarixlə baxlı verdikləri sualları cavablandırdı.
Daha sonra Əkbər Vəliyev, Musa Məlikov, Eldar Qoşunoğlu, rəssam Səməni Qasımova, Nəzrin Fəyyaz, Şəhriyar Kərimov, Ülviyyə Namiq və başqaları çıxış edərək görülməli olan işlərdən, özlərinin İcmanın fəaliyyətinə dəstək naminə görə biləcəyi işlərdən, sosial mediada fəallıqdan, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətin gücləndirilməsi zərurətindən danışdılar.
Bütün çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Qərbi Azərbaycan İcmasına göstərdiyi yüksək səviyyəli dəstəyə görə minnətdarlıq ifadə olundu. Eyni zamanda ölkə başçısının apardığı xarici və daxili siyasəti tam dəstəklədiklərini bildirdilər.
Tədbirin yekununda Eldar Abasov çıxışçıların irəli sürdükləri təkliflərə münasibət bildirdi. Qəbul edilmiş qərarlar və hər bir təklif haqqında da xüsusi tədbir görüləciyini, heç kəsin təklifinin nəzərdən yayınmayacağını vurğuladı.
Rəsmi hissədən sonra 35 ilin həsrətliləri baş-başa verib dərdləşdilər, xatirələr çözələndi. Kimisi sinif yoldaşını, kimisi uşaqlıq dostunu, qonşusunu tapdı. Xatirə şəkilləri çəkdirildi. Bir sözlə Zəngəzur mahalının qafan camaatı, kövrək duyğulu, xoş ovqata köklənən yeni bir gün yaşadılar. O günə şahidlik etdi:

Tehran BƏHRUZ,
“Bütöv Azərbaycan” qəzetinin Qərbi Azərbaycan üzrə xüsusi müxbiri. Fotolar müəllifindir.








































26-02-2023, 09:32
Qafan Rayon icma nümayəndələrinin görüşü olub

Qafan Rayon icma nümayəndələrinin görüşü olub

Hər bir Qərbi Azərbaycanlının gözlərində vətən həsrəti hiss edilirdi. Amma buna rəğmən onlarda sabaha inam hissi, bu hissi yaşatmağı bacarmaq duyğusu qabarıq şəkildə özünü biruzə verirdi. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, Dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz xidmət göstərib dünyadan köçənlərin və qardaş Türkiyədə zəlzələdən ölənlərin xatirəsi sükutla anıldı. Tədbiri giriş sözü ilə açan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev sözü və aparıcılığı Qərbi Azərbaycan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasova verdi. Eldar Abasov ilk olaraq Qərbi Azərbaycan İcmasının qarşıda duran vəzifələrindən danışdı, eləcə də icmanın fəaliyyət proqramını elan elan etdi.

Sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Ramil Həsən və başqaları çıxış etdilər, təkliflərini səsləndirdilər.
Görüş barədə daha ətraflı “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında, Qərbi Azərbaycan üzrə xüsusi müxbirimiz Tehran Bəhruzun geniş reportajından məlumat ala bilərsiniz.
18-02-2023, 22:27
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının ilk iclası keçirilib.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının ilk iclası keçirilib.

Bu gün Qərbi Azərbaycan İcmasında Ziyalılar Şurasının ilk iclası keçirilib. Şuranın sədri, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynovun rəhbərliyilə keçən ilk tədbirdə Qərbi Azərbaycandakı dədə-baba yurdlarından mərhələlərlə deportasiya olunan soydaşlarımızın pozulmuş hüquqlarının bərpası və digər mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Tədbir barədə geniş materialı "Bütöv Azərbaycan" qəzetinin növbəti sayında oxuya bilərsiniz.

17-02-2023, 07:08
MƏNİM GÖZƏL TÜRKİYƏM

MƏNİM GÖZƏL TÜRKİYƏM

Bütün dünya bilir ki,
Sənin bayrağın enməz!
Bağrını min dərd sarsın,
Türk sarsılar, əyilməz!
Ey əziz qardaş ölkə,
Mənim gözəl Türkiyəm!
Sənə göz dəydi, nədi?!
Bəlkə mələklər deyə,
Bu nə tale, nə bəxtdi?!
Allah özü qorusun
Səni bu imtahandan!
Zəlzələlər, yanğınlar
Qoy əl çəksin yaxandan!
Axı, dünənə kimi
Dünya səni anırdı,
Görüb xoş növrağını,
Sevib xoş məramını
Qoynuna can atırdı.
Səfalı yaylaqların,
Çölün, çəmənin, bağın,
Dənizlərin, cayların
Aləmə "Gəl!" deyirdi.
Nə oldu birdən- birə
Fələyin çərxi çöndü?!
Ğül-çiçəkli Türkiyə
Bir gecənin içində
Qorxunc kabusa döndü?!
Bu bəla hardan gəldi,
Bu külək hardan əsdi?!
Yer yerindən oynadı,
Anaların fəryadı,
Balaların imdadı
Ucaldı, ərşə qalxdı.
Gözəl evlər, binalar
Yerin dibinə çökdü.
Xoşbəxt yurdlar, yuvalar
Xarabalığa döndü.
Vallah, belə zor olmaz,
Türkün bəxti kor olmaz!
Gözlərim qan ağlayır
Bu halını görüncə,
Mənim gözəl Türkiyəm!
Sənə qıcanan dişlər,
Sənə uzanan dillər,
Xain əllər, xəbislər,
Daha kimlər, kimsələr
Hələ az imiş, sanki--
Bir dərd də...heçdən gəldi,
Ğöydən, ya yerdən gəldi?!
Mənim gözəl Türkiyəm,
Dost qəlbi kövrək olar.
Səni məyus görəndə
Ürək alışar, yanar.
Eşit, gözəl Türkiyəm:
Sənin dərdin-- dərdimiz,
Kədərin-- kədərimiz!
Hər dəqiqə, hər bir an
Yanındayıq sənin biz!
İnşallah, tez sağalar
Yaraların, Türkiyə!
Təki, başın sağ olsun,
Tanrı türkü qorusun!
Qoy yaşasın, var olsun
Bu dostluq, bu qardaşlıq,
Azərbaycan-- Türkiyə!!!
Mirzə Yusif
15-02-2023, 07:15
İlham Məmmədli-60: Çeşmə kimi dumduru - Şirindil Alışanlı yazır

Şirindil Alışanlı
Filologiya elmləri doktoru, professor


İlham Məmmədli-60: Çeşmə kimi dumduru


İstedadlı ədəbiyyatşünas alim və publisist İlham Məmmədli yetişib pərvazlandığı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, həmkarları, qələm dostları və oxucuları arasında təvazökar şəxsiyyət, söz sənətinin incəliklərini dərindən duyan tədqiqatçı, həyatın ən çətin məqamlarında belə öz ləyaqətini qoruyub saxlayan qələm əhli kimi hörmət və nüfuz qazanmışdır. İlham otuz ildən artıqdır ki, Respublika mətbuatında ədəbi-elmi və publisist yazıları ilə çıxış edir. Onun yaradıcılığında müstəqillik illərinin ağrıları, əzabları ilə yanaşı, milli azadlığa qovuşmağın və doğma torpağın qayıdışın təlqin etdiyi fəxarət hissinin şahidi oluruq. İlhamın bir jurnalist, publisist kimi fəaliyyətinin vətəndaşlıq, milli qeyrət tutumunu onun redaktoru olduğu qəzetin adı sərrast ifadə edir: "Bütöv Azərbaycan". Bu qəzetdəki adi xəbərlər də, tarixi mövzulu yazılar da siyasi bir ustalıqla Vətənimizin bütövlüyünə xidmət missiyasını icra edir.
İlham Məmmədli ədəbiyyatşünaslığa gələndə kifayət qədər təcrübəsi var idi. Xeyli müddət idi ki, Kəlbəcərdə yaranan ədəbiyyat, zəngin saz-söz sənəti haqqında monoqrafik tədqiqat aparmaq iqtidarında olan müəllif sorağında idim. İlhamla ilk tanışlıqdan qəti qənaətə gəldim ki, axtardığımı tapmışam. İnstitutun Elmi Şurasında İlham Məmmədli üçün "Kəlbəcər ədəbi mühiti" adlı dissertasiya mövzusunun təsdiqi böyük müzakirəyə səbəb oldu. Bilənlər də danışdı, bilməyənlər də. Səs çoxluğu ilə mövzunu təsdiq etdik. Onu da deyim ki, mövzu əleyhinə meydan sulayanlar müdafiə zamanı bu əsəri ən çox tərifləyənlər oldular. Qəribədir, bütün istedadlı tələbələrimin mövzularının təsdiqi zamanı xeyli əsəb gərginliyi keçirmişəm.
İlham Məmmədli tədqiqat işinə haqlı olaraq ədəbi materialın toplanması və nəşri ilə başladı. Əllidən artıq öz sözünü demiş şairin şeirlərindən ibarət antologiya hazırladı. "Kəlbəcərin söz sərvəti" adlı bu kitaba yazdığı geniş müqəddimə, şairlərin qısa tərcümeyi-halı da əlavə olunmaqla elmi prinsiplərə söykənən sanballı bir məcmuə meydana çıxdı, elmi-nəzəri ümumiləşdirmələr üçün geniş meydan yarandı. İlham Məmmədlinin "XX əsr Kəlbəcər ədəbi mühiti" monoqrafiyası son on ildə bu səpgidə yazılmış sanballı əsərlərdəndir. Bu monoqrafiya ilə İlham Məmmədli bir ədəbiyyatşünas alim kimi özünü ədəbi-elmi mühitdə təsdiq etdi. Ən başlıcası isə bu əsər "ədəbiyyatşünaslıq vərdişləri" ilə yazılmamışdı. Onun müəllifi poeziyanın ideya-bədii tutumunu, estetik daşıyıcılarının tarixi təkamülünü və hər bir tarixi mərhələdə kəsb etdiyi bədii funksiyanın çalarlarının duyur və doğru şərh edir.
Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycanda vahid ədəbi prosesin formalaşması və təkamülündə ayrı-ayrı regionlarda müəyyən tarixi-sosial və ədəbi şərtlərin reallaşdırdığı yaradıcılıq mühitlərinin böyük rolu olmuşdur. Hələ ümummilli ədəbi prosesin formalaşmadığı tarixi dövrlərdə Şuşa, Tiflis, Şamaxı, Bakı və s. ədəbi mühitlərini birləşdirən ümimi amillərlə yanaşı fərdi bədii-estetik dəyərlər də mövcud idi.
Öz spesifık cəhətlərini saxlayan sonuncu ədəbi mühit kimi Kəlbəcər ədəbi mühiti bu regionun erməni faşizmi tərəfindən işğalından sonra tarixi gerçəkliyə çevrildi. Bu ədəbi-estetik gerçəkliyin tədqiqi Azərbaycan ədəbiyyatının zəngin bədii çalarlara məxsus bir qolunu üzə çıxarmaq kimi nəcib bir missiya daşıyır.

İlham Məmmədli incə poetik ruhu olan tədqiqatçıdır. O, Kəlbəcərdə yazıb-yaratmış yüzdən artıq söz sahibinin poeziyasını tədqiqata cəlb etmişdir. İ.Məmmədli bu regionda yaranan ədəbi nümunələri və şəxsiyyətləri dərindən öyrənmiş, onların bir çoxu ilə yaradıcılıq əlaqələri yaratmışdır.
İlham Məmmədlinin monoqrafıyası elmi strukturu və təhlil prinsipləri baxımından mükəmməl əsərdir. O, birinci növbədə bu mühitin formalaşmasını şərtləndirən tarixi-coğrafı, ictimai-sosial və ədəbi-bədii nümunələr zəminində konseptual elmi təsəvvür yarada bilir. Tarixi və bədii materialların vəhdətdə, bir- birini tamamlayan amil kimi təhlilə cəlb edilməsi müəllifə öz qənaətlərində ardıcıl olmağa əsas yaradır.
Kəlbəcər ədəbi mühitinin bədii-estetik fərdiliyini üzə çıxartmaq üçün müəllif səriştəli təhlillər aparır, tipik nümunələr seçir. Bədii nümunələrin poetikası səpkisində aparılan təhlillər həmin mühitin fərdi sənətkarlıq cəhətlərini üzə çıxarır.
Bu əsərin digər elmi və ictimai əhəmiyyəti ondadır ki, Kəlbəcər ədəbi mühiti artıq tarixi anlamdır və onun bərpasının mümkünlüyü şübhə altındadır. İlham Məmmədlinin bu kitabı ədəbi-ictimai fıkir tariximizdə belə bir spesifık mühitin varlığının təsdiqidir.
İlham Məmmədli püxtə qələm sahibidir. Onun jurnalistik fəaliyyəti, ədəbi-ictimai həyatla daim təmasda olması zəngin faktik materialı seçməkdə, dəyərləndirməkdə ona yardımçı olmuşdur. Onun elmi-nəzəri ədəbiyyatla tanışlığı mühakimə və qiymətləndirmələrinin dəqiqliyinə zəmin yaradır.
"XX əsr Kəlbəcər ədəbi mühiti" monoqrafiyasının digər üstünlüyü ondadır ki, vaxtında yazıldı. Bu bölgədən çıxan sənətkarların bir çoxu dünyasını dəyişdi, özü də Kəlbəcər həsrəti ilə qovrula-qovrula dünyadan köçdülər. Yerdə qalanlar bu gün doğma torpağa qovuşdular. Ancaq çətin ki, "Kəlbəcər ədəbi mühiti" anlamını şərtləndirən vaxtı ilə gördüyümüz, yaşadığımız aura bərpa oluna.
İlham Məmmədli xeyli vaxtdır Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi çalışır. Azərbaycan poeziyasında dördlük formasının tarixi təkamülü barədə ciddi araşdırmalar aparır. Bu mövzuda nüfuzlu elmi dərgilərdə dərc etdirdiyi məqalələr qədim tarixi ənənələri olan bu şeir şəklinin poeziya tariximizdəki yerini müəyyən etməyə yardımçı olur. Şübhə etmirəm ki, İlham tezliklə bu monoqrafiyasını tamamlayıb müzakirəyə təqdim edəcək.
İlham əməkdaşı olduğu şöbənin sanballı nəşrlərinin əsas müəlliflərindən biridir. Onun Səməd Vurğun, Mir Cəlal, M.İbrahimov, İ.Əfəndiyev, M.Hüseyn, B.Vahabzadə, H.Kürdoğlu, M.Aslan, Fikrət Sadıq haqqında tədqiqatlarında poetika məsələləri əsas hədəf kimi götürülür və müəllifin ilk monoqrafiyasında qazandığı təcrübə ona yardımçı olur. Çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biri kimi onun yeni yaradıcılıq keyfiyyətləri üzə çıxır. Tarixi gedişatı müasir nəzəri-praktik qənaətlər əsasında dəyərləndirmək onun seçdiyi doğru metodoloji prinsipdir.
Mən öz yetirmələrimlə (onların çoxu artıq həmkarım kimi ədəbiyatşünaslıq elmimizi təmsil edirlər) fəxarət duyuram. Bu cərgədə İlham Məmmədlinin öz yeri var. O, vaxtından əvvəl "ağsaqqal" statusu qazananlardandır. Doğulduğu Kəlbəcərin çeşmələri kimi saf və dumdurudur.
60-ın mübarək, əzizim İlham!

11-02-2023, 11:38
Loru-Pəmbək zonası ilə tarixi bir görüş.


Loru-Pəmbək zonası ilə tarixi bir görüş.

Əziz Ələkbərlinin Qərbi Azərbaycan İcmasında Loru-Pəmbək Zonasının əhalisi ilə görüşü hələ uzun müddət yaddaşlardan silinməyəcək. Elə görüşlər var ki, onu "tarixi görüş" hesab etmək olar, Məhz Əziz müəllimin bizim zonanın müraciətinə səmimi münasibət bildirməyi, işinin çoxluğuna baxmayaraq vaxt ayırıb onları qəbul etməsi və əhalimizi səbrlə dinləməsi, bütün verilən suallara ətraflı cavabı bizdə bir məmnunluq yaratdı.
Qərbi Azərbaycan İcmasının iş prinsipindən gələcək planlarından geniş məlumat verdi. Görüşdə Saral, Qursalı, Arçut, Haydarlı, Hallavar nümayəndələri iştirak edirdilər. Arçutdan olan görüş iştirakçısı Raminin çıxışı çox maraqlı oldu və öz proqramını təklif elədi. Onu da xatırlatdı ki, beş dil bilir:
"Mən kənddən çıxanda 8 yaşım vardı, indi atayam, mənim uşaqlarım oraları görməyib, heç təəssüratları da yoxdur. İndi bizim boynumuza düşən bu yükün məsuliyyətini dərk edib indiki yeni yetmələrimizi dədə-baba yurdlarımıza sahib çıxmalarının onların haqqları olduğunu başa salmalı və bu səpkidə böyütməliyik. Onu da bildirim ki, icmaya kömək məqsədilə mənə aid olan bütün işlərə canla- başla köməklik etməyə hazıram”.
Loru-Pəmbək zonasının ziyalıları da "İlham Əliyevin "ad günümü öz evimdə, sizin yanınızda keçirirəm" mesajını verməsi bizim boynumuza düşən məsuliyyəti artırdı və biz də həmişə onun arxasında olacağıq" deyə cavab verdilər.
İclası Aztv nin qocaman jurnalisti Miraslan Bəkirli aparırdı və iştirakçıların hamısını danışması üçün şərait yaradırdı. Görüş bizim üçün çox məhsuldar bir görüş oldu.

Şəmsiyyə Mustafayeva

6-02-2023, 19:31
Başın sağolsun Türkiyə!

Başın sağolsun Türkiyə!

Çox təəssüf ki, Türk Dünyasının bu səhəri acı xəbərlə açıldı. Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən zəlzələ zamanı dağıntılar nəticəsində 1121 nəfərin ölümü, 7 min 634 nəfərin xəsarət alması hamımızı sarsıtdı. Azərbaycan Prezidenti İlham Əliyevin həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına xalqımız adından başsağlığı verməsi, ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını bildirməsi, 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərməsi ürəyimizdən xəbər verdi.
Biz də Zəngəzur mahalının Qafan Rayon icması olaraq ürəyimizin Türkiyədəki qardaşlarımızla birgə döyündüyünü diqqətə çatdırırr, dərin hüznlə başsağlığı verir, hər zaman yanlarında olduğumuzu bildiririk.
Sevgi və sayğılarla: Qafan Rayon İcması adından
İcmanın sədri Pofessor Eldar Abasov
6-02-2023, 15:26
KARVAN YOLU

KARVAN YOLU

Ulu Yaradanın möcüzələrindən biri də Karvan Yoludu, o yol ki, zəvvarların azmadan, sağ-salamat mənzil başına çatması – müqəddəs yerləri ziyarət etməsi üçün bələdçilik edir. Ulduzlar toplusu olan bu “səmavi yol” insan övladlarının arzularına qovuşmasına xidmət edən yoldu...
Azərbaycan millətinin bu günkü Karvan Yolu Zəngəzura, Göyçəyə, İrəvana gedən yolu – bizim üçün dünyanın ən müqəddəs məkanına, Məkkə-Mədinəyə gedən kimi, dədə-baba yurdlarına gedən yol. Bu yol azadlıq yoludu, haqq yoludu, Qarabağdan, Şuşadan keçən yoldu – odlar ayaqlayandan, necə ağrı-acılar görəndən sonra, necə igid oğullarımızın, şəhiddlərimizin müqəddəs qanı bahasına gedilən yol. Bu, həm də zamanın hər cür haqsızlıqlarına qatlanmış, iblisdən yaman olan düşmənin çirkin, murdar sifətini görmüş, saysız-hesabsız üzüntülər yaşamış didərgin insanların sınaq yoludu – həm Allah qarşısında, həm də müqəddəs baba yurdlarına dönüşün sınaq yolu. Özünə “türkəm”, “azərbaycanlıyam”, “müsəlmanam”, “haqqın tərəfindəyəm”, – deyən hər kəsin sevə-sevə, göynəyə-göynəyə, yana-yana illərlə, ümidlə gözlədiyi yoldu bu yol.
Bu səfərin gerçəkləşməsi üçün tarix bizə gözəl bir şans yaradıb – Karvan Yolumuza parlaq ulduzlar düzüb ki, biz təkcə 1988-1991-ci illərdə yox, iki yüz ilə yaxın bir zaman kəsiyində zaman-zaman baba yurdlarımızdan min bir siyasi hiylə ilə, min bir əzabla qovulan, didərgin salınan, sürgünlərə, məşəqqətlərə, deportasiyalara, soyqırımlara məruz qalan insanların övladları öz halal torpaqlarına qayıtsınlar. Bu gün ən parlaq ulduzlarımız məhz Karvan Yolunda parlamalıdırlar ki, qədim İrəvanımıza, Zəngəzurumuza, Göyçəmizə dönə bilək.
Qərbi Azərbaycanlıların öz yudrlarına dönməsi ilə İrəvan qalasında öz yurdlarını qoruyarkən rus süngüsü ilə qətlə yetirilən, şəhid olan Hüseyqqulu xanların ruhlarını şad etmiş oluruq. Bunun üçün əlimizdən gələni etməli, yüz illərdi Təbrizə, Dərbəndə, İrəvana – dörd-beş yerə parçalanan və öz dədə-baba torpaqları ilə həmsərhəd olan millətin bütövləşməsi üçün tarixi şansdan bəhrələnməliyik. Bu gün Azərbaycan dövləti, dövlət rəhbəri, Azərbaycanı sevən hər ziyalı, hər kəs üçün Qərbi Azərbaycana qayıdış işi, konsepsiyası müqəddəs Karvan Yolunda bir ulduz olmağı bacarmaqdı. Bu məqsəd üçün atılan hər addım bizi tarixi qələbəyə aparır, itirdiklərimizi qaytarmağa aparır, özümüzü özümüzə qaytarmağa, müqəddəs qəbirlərimizi və ziyarətgahlarımızı ziyarətə aparır. Bu müqəddəs səfərə hazırlaşan hər kəs özlüyündə bir zəvvardı, onun büründüyü ehram onun mənəviyyatı, ata-babasına olan məhəbbəti, millətinə, dövlətinə, torpaqlarının bütövlüyünə sədaqətidi...

Əksinə, bu işə mane olanlar üçün isə ən yüngül söz: “Sapı özümüzdən olan baltalar”dı. Zəngəzura, Göyçəyə... – qədim Azərbaycan torpaqlarına qayıdış üçün Qərbi Azərbaycan İcmasının apardığı məqsədyönlü iş üçün dövlətimizin rəhbərinin xeyir duası, tövsiyə, kömək və göstərişi bu gün gündəmdədi və Azərbaycanı sevənlər üçün bir sevinc, qürur dolu tarixi hadisədir. Bu işdə baba yurdlarına dönüş var, mədəni, mənəvi irsimizin, yüz illərdi itirilənlərin bərpası var və hər şeydən qabaq düşmən ayağı altında olan torpaqlarımıza – ata-baba yurdlarımıza qayıdış var . Buna kömək etmək, xeyir-dua vermək əvəzinə bəziləri, özü də özünə “ziyalı” deyən, yüksək vəzifələrdə işləmiş, babasının qəbirləri düşmən ayağı altında olanlar hədyan deyir, irad tuturlar. Gündəmdə qalmaq naminə, “mən də varam” naminə öz mənliyini ayaqlar altına atan, təlxəklik edənlər düşünmürlərmi ki, bu, millətin, dövlətin ümumxalq işidir. Bu, yağı dəyirmanına su tökmək, dünyanın hegemon dövlətlərindən dəstək alan, başımıza min cür müsibətlər gətirən çox hiyləgər və bizə qarşı sonsuz nifrəti olan, son dərəcə haqsız bir düşmənə dəstək olmaqdı. Və çox maraqlıdır ki, elə bir ziyalıya qara yaxmağa çalışırlar ki, özlərinin və gördüyü işlərin çəkisi o ziyalının – Əziz Ələkbərlinin Qərbi Azərbaycanla bağlı tədqiqiatlarının, əsərlərinin bir vərəqinin çəkisi qədər deyil. Onların bu çirkin addımları təkcə Ə.Ələkbərliyə yox, həm də mənə və mənim kimi yüz minlərlə Qərbi Azərbaycanda doğulmuş insanlara qarşıdır. Və həm də dövlət rəhbərinə qarşıdır. Çünki Azərbaycan Respublikasının Prezidenti doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə: – doğum günümü ancaq ailə üzvlərimlə qeyd eləmişəm və hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm, – deməsi Azərbaycanı sevən və bizə düşmən olanlara çox tutarlı bir mesaj deyilmi?!
Burda Azərbaycanın bütöv olması üçün millətimizin birliyinə, bütün çətinlikləri, problemləri yalınız doğma insanlarla həll etməyin mümkünlüyünə eyham deyilmi?! Bəli, prezidentin Qərbi Azərbaycan İcmasına rəhbərlik etməyi ehtimad etdiyi insana – Ə.Ələkbərliyə qarşı deyilən hər söz Azərbaycanın bütövlüyü üçün çalışan hər kəsə deyilən sözdü. Siz fərqindəsinizmi bu alim hansı əzab əziyyətlə, hansı zəhmətlə Qərbi Azərbaycanla bağlı qırxa yaxın tədqiqat əsərini ərsəyə gətirib?! Siz fərqindəsinizmi ki, bu gün sizin gündəmdə olmaq üçün bir ziyalıya qarşı dediyiniz söz yurdlarımıza dönmək üçün qayıdan karvana mane olmaqdı. Siz düşünə bilərsiniz ki, mən həmin icmanın şöbə müdiri olduğuma görə ona yarınmaq üçün bu sözləri deyə bilərəm...
Mən Əziz müəllimi otuz ilə yaxındır ki, tanıyıram və bəlkə də kitabları işıq üzü görəndə də, dörməmişdən qabaq da ilk oxucularından biri mən olmuşam. Biz bir məfkurənin, bir əqidənin adamları olduğumuzdan, onun millətə, dövlətə və dövlətçiliyimizə xidmət etdiyindən, həm də dədə-baba torpaqlarımızın tarixini yaratdığından mən onun silahdaşı, milli ideya, milli mənlik soydaşıyam. Bizim bir-birimizə hörmət və münasibətimiz də vətənpərvərlikdən qaynaqlanır. Mən onlarla bədii, publisistik əsərlərin, kitabın müəllifi olan yazaram və bədii yazılarımdakı vətən həsrəti, yurd istəyi, başımıza gələn fəciələri də Əziz müəllim özününkü sayır və sayıb. Otuz ildən çoxdur ki, mənim bütün əsərlərimin redakroru da məhz Əziz Ələkbərlidir.
Biz tanış olduğumuz ilk gündən ata-baba yurdlarımıza qayıtmaq amalı üçün çalışmışıq. Mən yazıçı kimi bədii əsərlərimdə, telejurnalist kimi verilişlərimdə, Əziz müəllim də bir alim kimi öz tədqiqatlarında, araşdırmalarında. Belə bir insana qara yaxmaq millətinə, dövlətinə qara yaxmaqdır, düşməni sevindirib, dostu kədərləndirməkdir. Sizdə vətənpərlik, təəssübkeşlik olsa Qərbi Azərbaycandan, ya ölkəmizin başqa guşələrindən olan ziyalılar kimi gəlib deyərdiniz ki, mən nə kömək edə bilərəm. Azərbaycan Respublikasının Prezidentinin QAİ-nin binasının açılışındakı çıxışına qulaq asandan sonra siz qayıdış konsepsiyası haqqında təklifinizi vermiş olsaydınız öz ziyalılığınızı ortaya qoymuş olardınız.
Amma çox təssüflər... Elə ümummilli təəssübkeşlik var ki, orda nə iqtidar, nə müxalifət, nə də Şəkili-Bakılı sərgilənmir, 44 günlük müharibədə olduğu kimi. Qərbi Azərbaycana qayıdış da o müharibənin davamıdır, amma topsuz-tüfəngsiz – silahsız, sülhlə. Burda ziyalı da, fəhlə də, qulluqçu da mərhum S.Vurğunun dediyi kimi olmalıdır:
Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən...

Qərbi Azərbaycanlı “ziyalısı”, dediyin sözlərin, atdığın addımın fərqindəsənmi ki, bu gün Şimaldan, Cənubdan, Qərbdən Vətənimizə olan düşmən təpkilərinə dəstək olursan?! Ay ata-baba qəbirləri düşmən ayağı altında olan insan. Görünür sizin kimilər üçün fərqi yoxdu – rəhmətlik Sabir demiş: “millət necə tarac olur-olsun nə işim var, düşmənlərə möhtac olur-olsun nə işim var?!”
Sizin Əziz Ələkbərliyə atdığınız “tolamazdı” balalarınıza, babalarınıza atdığınızdı, əgər özünüzü dərk edirsinizsə. Bəli, bu gün Qərbi Azərbaycan İcmasının yolu Karvan Yoludu – dədə-baba yurdlarımıza gedən yol!
Miraslan BƏKİRLİ
yazıçı-jurnalist


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!