Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
17-03-2024, 08:02
“Qılınc və qələm” Özbəkistanda


“Qılınc və qələm” Özbəkistanda

Özbəkistanda “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində XX əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadinin özbək
dilində çap olunan “Qılınc və qələm” tarixi romanının təqdimatı keçirilib. Tədbir
iştirakçıları əvvəlcə Azərbaycan Mədəniyyət Mərkəzinin Nizami Gəncəvi
yaradıcılığının “Gəncədə doğan günəş” adlı kitab sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edən Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin
kafedra müdiri və Nizami Gəncəvi adına Beynəlxalq Elmi-Tədqiqatlar Cəmiyyətinin
sədri Nurbay Cabbarov romanın özbək dilində nəşrini Özbəkistan ədəbi həyatı üçün
tarixi hadisə kimi qiymətləndirib:
“Ötən müddət ərzində Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin
apardığı sistemli iş nəticəsində Azərbaycan yazıçılarının əsərləri, habelə dahi
N.Gəncəvi haqqında yazılan bədii, elmi-tədqiqat əsərlərinin tərcümə və çapı həyata
keçirilib. Bu sahədə boşluqlar tam şəkildə aradan qaldırılıb. Görülən işlərin uğurlu və
ardıcıl şəkildə reallaşması üçün Azərbaycan, Özbəkistan və Türkiyənin tanınmış
ədəbiyyatşünaslarının iştirakı ilə Nizami Gəncəvi adına Beynəlxalq Elmi-Tədqiqatlar
Cəmiyyəti yaradılıb”.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin
prorektoru, professor Sultan Nurmatov Özbəkistan və Azərbaycan ədəbi əlaqələrinin
qədim köklərindən söz açaraq, ədəbi əlaqələrin yüksək səviyyəyə çatdığını söyləyib.
O qeyd edib ki, son on ildə Azərbaycan ədəbiyyatına dair yüzlərlə nəşr özbək dilinə
tərcümə olunub.
Samir Abbasov oxucuların azərbaycanlı müəlliflərin əsərlərinə böyük maraq
göstərdiyini bildirib. O, 2021-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami
Gəncəvi ili” elan olunduğunu və bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsi ilə Özbəkistanda dahi mütəfəkkirin “Xəmsə”sinin, Nizami Gəncəvi
əsərlərində türkçülüyə dair özbək alimlərinin monoqrafiyasının nəşr edildiyini
vurğulayıb.
Xatırladaq ki, “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri
alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur, nəşrin redaktoru və
“Ön söz”ün müəllifi isə Abdulla Uluqovdur.
14-03-2024, 20:24
Daha bir ləyaqətli elm xadimi itirdik...


Daha bir ləyaqətli elm xadimi itirdik...

Bu gün Azərbaycan xalqı özünün ən ləyaqətli oğullarından birini itirdi. Filologiya elmləri, doktoru, professor Şirindil Alışanlı haqqın dərgahına qovuşdu.
Müasir ədəbiyyatşünaslıq elmimizin ən parlaq simalarından biri, dərin savadı, geniş erudisiyası, yüksək intellekti ilə fərqlənən Şirindil Alışanlı yeri doldurulmayacaq tək-tük ziyalılarımızdan biri idi. Böyük tribunalarda səsi nə qədər gur, fikirləri nə qədər məntiqli, alim mövqeyi obyektiv idisə, sinəsində gəzdirdiyi ürəyi də bir o qədər yumşaq, dağ çiçəkləri kimi zərif idi.
Uca Tanrı ona hər şeyi bol-bol vermişdi. Alp ərənlər kimi boylu-buxunlu, müdrik filosoflar kimi İmran dilli, ensiklopedik yaddaşa malik, dostluqda sədaqətli, ailədə ailəcanlı bir Vətən oğluydu Şirindil müəllim.
Neçə-neçə aspirantına, dissertantına təmənnasız kömək göstərən, iş yoldaşlarının hər birinin ən kiçik qayğısını özünün böyük problemi hesab edən Şirindil müəllimin belə vaxtsız gedişi bütün xalqımız üçün böyük itkidir. Məkanın cənnət olsun, əziz Şirindil müəllim! Xalqımız, Ulu Sözümüz var olduqca sən də var olacaqsan!
P.S. Professor Şirindil Alışanlı ilə vida mərasimi sabah saat 10.00-dan 12.00-dək "Təzə Pir" məscidində olacaq. Allah rəhmət eləsin!
12-03-2024, 13:54
Pirəkəşkül - Çaylı kəndində görüş

Pirəkəşkül - Çaylı kəndində görüş

12 Mart 2024-cü il tarixində Abşeron rayonunun Pirəkəşkül - Çaylı kəndində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi "Əməkdar Müəllim" Bilman Vəliyev orada məskunlaşmış ziyalılarla görüş keçirib. Görüşdə İcmanın yaranma zəruriliyi, İcma üzrvlərinin siyahıya alınması və "Qayıdış Konsepsiyasının" siyasi əhəmiyyəti barədə ətraflı söhbət aparılıb. Çıxış edənlər İcmanın işinə uğur diləyib, dinc yolla, ləyaqətli şəkildə doğma ocaqlarına qayıtmaq arzularını bildiriblər.
9-03-2024, 15:37
Aynur Familqızı Yazır: Əyilməz vicdanın uca heykəli…


Aynur Familqızı Yazır: Əyilməz vicdanın uca heykəli…

Dağ kimi uca, vüqarlı, məğrur, əyilməz, əsl kişilik simvolu - mənim ATAM! Bu gün xatirələrdə yaşasan da, hər zaman səninlə qürur duymuşam, fəxr etmişəm ki, sənin kimi Kişinin qızıyam. Bir qız üçün Ata tam başqa dünyadır. Güvəndiyin, inandığın, məsləhət yerin, çətinə düşəndə arxan-dayağın, çiynində hüzur tapdığın, saçını tumarladıqca dünyanın ən xoşbəxti olduğun, səni bütün təhlükələrdən qoruyan himayədarın… Yadıma bir əhvalat düşdü. Deyirlər ki, körpünün üstü ilə gedəndə bir qızcığaz atasına deyir ki, ata, qorxuram, əlimi bərk tut. Ata deyir ki, qızım sən mənim əlimi bərk tut, qorxma. Qızcığaz deyir ki, yox ata, sən mənim əlimi tut ki, nə təhlükə də olsa, heç vaxt əlimi buraxmazsan, amma mən buraxaram. Atalar canı bahasına da olsa, heç vaxt övladlarını buraxıb getməzlər…
Atam, sən də belə idin! Üç övladınla fəxr edirdin, sanki bir bağban kimi becərdiyin ağacların meyvəsini daddıqca dünyanın ən xoşbəxt atası olurdun, bizimlə söhbətdən doymazdın... O qəfil gecə (09.03.2013) səni yuxuda bizdən aldı… 11 il keçsə də, qəlbim için-için sızlar, gözüm hər yerdə səni gəzər, yoxluğunla barışa bilmirəm… Ömrünün 61-ci baharında özün də bilmədən ani gedişinin geriyə dönüşü olmadı, ürəyimdə sənə deyiləsi o qədər sözlərim qaldı. Bu da bir tale, qismətiymiş…Neynəmək olar?! Sən sağlığında rəhmət qazanmışdın. Adına layiq övlad böyütdüyün üçün, Sənin qızın olduğum üçün sonsuza qədər Tanrıya şükür edirəm. Rahat uyu, canım Atam! Amma yaman ağır imiş ATASIZ DÜNYA!
Atası olanlar qədirini bilin...
Yaman ağır imiş atasız dünya...
Ona səcdə qılın ona baş əyin...
Yaman ağır imiş atasız dünya...

Qapıya baxıram qapını açmır...
Şəklinə baxıram dinmir danışmır...
Könlüm yas saxlayır könlüm barışmır...
Yaman ağır imiş atasız dünya...

Yerini heç kim verə bilməz🖤 Səni sonsuzadək bütün varlığı ilə sevən qızın - Aynur FAMİLQIZI
28-02-2024, 05:42
VƏTƏNİN TARİXİNDƏ ƏBƏDİ İZİ QALDI...


Məşədixanım Nemət – 100

VƏTƏNİN TARİXİNDƏ
ƏBƏDİ İZİ QALDI...


Var idim İZİM qaldı,
Od idim KÖZÜM qaldı.
Əsrin DAŞ YADDAŞINDA
Mənim də SÖZÜM qaldı...
(Məşədixanım Nemət)

Tanınmış tarixçi-alimimiz Firdovsiyyə Əhmədova deyəndə ki, Məşədixanım Nemətin 100 illiyidir, istər-istəməz 25 il əvvələ qayıtdım, gözlərim önündə xoş xatirələr canlandı. Yüksək mövqeyinə baxmayaraq, seçdiyi peşəsi, sadəliyi, mehribanlığı, bir az da zarafatcıllığı ilə qəlbimdə özünə əbədiyyət qazanan “Şöhrət” ordenli AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, görkəmli epiqrafçı alim Məşədixanım Sədulla qızı Nemətlə bağlı xoş təəssüratlar onun haqqında yazı yazmaq istəyi yaratdı məndə. Lakin əvvəl tərəddüd etdim. Zərif çiyinlərində yüz illər boyunca haqsızlıqlar içində boğulan xalqının ağır yükünü daşıyan alimlərimizdən biri haqda yazmaq çox məsuliyyət tələb edir axı...
Azərbaycanımızın Amazonkası adlandırılan, “Əsrin daş yaddaşında mənim də sözüm qaldı...” deyən Məşədixanım Nemət öz dəyərini çox gözəl bilirdi... Bilirdi ki, qızmar yay günəşi altında ilanmələyən çöllərdə, qışın sərt soyuğunun insanın iliyinə işləyən çağlarında Vətənini qarış-qarış dolaşıb min bir əziyyətlə araya-ərsəyə gətirdiyi, hələliksə öz layiqli dəyərini almayan tapınt ıları nə zamansa xalqının, Dövlətinin əlində ən “kəskin silaha” çevrilib düşmənin və onun havadarlarının sinəsinə tuşlanacaq və əsrlər boyu zülm, zillət çəkən xalqı nəhayət ki, rahat nəfəs alacaq...
Və o gün gəldi... Bir az gec oldu, təəssüf... Bu günün gələcəyini səbirsizliklə gözləyən yurd həsrətli valideynlərim kimi, cəfakeş alimimiz də bu şərəfli, tarixi günlərin cismən şahidi ola bilmədi. Ruhlarınınsa azad Qarabağımızı bizdən də artıq sevincək ziyarət etdiklərinə əminəm...
Məşədixanım Nemətə Qarabağ xanlığının banisi Pənahəli Xan Cavanşir nəslinin kiçik bir nümayəndəsi kimi də mənim ayrıca təşəkkür borcum var. Və bu, məni daha da ürəkləndirdi yazı yazmağa. Bugünkü Böyük Qələbəmizin qazanılmasında məhz onun fundamental axtarışlarının, tapıntılarının rolu əvəzsizdir. Qarabağın, Zəngəzurun və zaman-zaman “qonşu¬lara” pay-püş edilən digər ərazilərin Azərbaycana məxsus olduğunu, azərbaycanlıların isə ta əzəldən bu ərazilərin qədim-qayım sakinləri olduğunu sübut edən məhz bu cür dəlillər Dövlətimizin başçısına bütün dünyaya nəinki Qarabağın, indiki Ermənistanın belə Azərbaycanın qədim tarixi əraziləri olduğunu cəsarətlə söyləməsinə təkan verdi...
Bu təkzibolunmaz faktlar qarşısında erməni və onun havadarlarının susmaqdan başqa çarəsi qalmadı...
Yaxşı xatirimdədir... 1997-ci ildə tale mənə respublikamızın ən populyar elmi nəşri olan “Elm və həyat’’jurnalı redaksiyasında işləməyi nəsib etdi. Əvvəl yazıçı Cəmil Əlibəyovun direktoru olduğu “Elm və həyat” nəşriyyatında, sonradan isə “Elm və həyat” jurnalında. Ağır illər idi, xalqımız üçün də, elmimiz, təhsilimiz üçün də. Milli Elmlər Akademiyasının elmi nəşrləri siyahısında olmasına baxmayaraq, maddi məhrumiyyətlər içində olan jurnalın cəfakeş kiçik kollektivi - Ülkər Hüseynova, Maral Poladova, Mehparə Axundova, Binnət Süleyman öz hesablarına bu jurnalı tərtib edir, ədəbiyyatşünas alimimiz Şirindil Alışanovun rəhbəri olduğu “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya mərkəzində nəşr etdirirdilər. Bu cəfakeşliyin nəticəsidir ki, jurnal bu gün də fəaliyyətini davam etdirir.
Bu elm ocağının mənim həyatımda, bir vətəndaş kimi formalaşmağımda böyük rolu oldu. Demək olar ki, Azərbaycanın necə deyərlər, “qaymaqları” - tanınmış şairlər, yazıçılar, alimlər, bir sözlə, böyük bir ziyalı ordusu bu kollektivə gəlir, Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, bu ocağın istisinə yığışırdılar.
Mən məcburi köçkünlük səbəbindən təhsilimi axıradək davam etdirib yüksək təhsil ala bilməsəm də, burada böyük bir akademiya təhsili aldım. Həyatımda böyük rolu olan şəxsiyyətlərə yazılarımda dəfələrlə minnətdarlığımı bildirmişəm...
...Bir gün əməkdaşlarla birgə kompüter otağına zərif, çöhrəsindən nur yağan, gözləri gülən bir xanım daxil oldu. O dəqiqə tanıdım. Dedim ki, mən sizi tanıyıram. Ona xoş olsa da, dinmədi.
Bilirsiz sizi hardan tanıyıram? - soruşdum. Gülümsədi, - hardan?
Dedim Zəngəzurda aşkar etdiyiniz Urud abidələri haqqında 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qarşısında çıxış edəndə televiziyada görmüşəm sizi... Atamla birgə sonadək izləmişəm verilişi.
Əlavə etdim ki, o zaman üçün böyük siyasi əhəmiyyəti olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi ilə bağlı Heydər Əliyevin üzünü tarixçilərə tutub həyəcanla dediyi: “...Biz ermənilərin bütün bu iddialarının əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün əsaslı sənədlər, fundamental elmi, populyar nəşrlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaqdan ötrü çox güclü bir konsepsiya yaratmalıyıq. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan Respublikası yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin...” - sözlərindən sonra siz tribunaya qalxıb Zəngəzurdakı Urud abidələri haqqında çıxış edərkən Heydər Əliyevin əlini çənəsinə dayayıb Sizə necə maraqla və fəxrlə baxdığının canlı şahidiyəm...
Bu sözlərim alimimizə çox xoş oldu. Xeyli danışdı o barədə. Ürəyi dolu idi...
Səmimi münasibətimiz yarandı. Sonra bizdə 85 illiyi ilə bağlı qızı - görkəmli tarixçimiz Vəfa Quliyevanın tərtibçiliyi ilə “Daşlaşan sirlərin sirdaşı” adlı kitabı capa hazırlandı. Onda daha da doğma münasibət yarandı. Kitab çap olunanda məni də unutmadı. Öz xətti ilə kitaba təşəkkür avtoqrafı yazıb göndərdi...
Ulu babalarım Cavanşirlərlə bağlı yazılarım qəzetlərdə, jurnalda dərc olunanda Vəfa xanım telefonla məni təbrik etdi, bildirdi ki, yazını oxuyub kövrəldim. Anam da, mən də təbrik edirik səni, uğurlar olsun.
* * *
Urud abidələrinin aşkar edilməsinin Dövlətçilik tariximizə necə böyük töhfə verdiyinin illər sonra şahidi olduq.
Zəngəzurda aşkarlanmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində 1961-1963-cü illərdə apardığı tədqiqatların nəticəsi olan bu tapıntılar Məşədixanım Nemətin epiqrafika elmində demək olar ki, 50 illik araşdırmalarının zirvəsi hesab edilir. Onun bu tapıntısı Cənubi Qafqazda yeni tarixi konsepsiyanın əsasını qoydu.
...Tarixi dədə-baba torpaqlarımız olan İrəvan xanlığının ərazisinin ermənilərə məxsuz olmasını sayıqlayan erməni alimi Papazyana cavab məktubunda alimimiz əsaslı olaraq soruşur: “...əgər Urud qəbiristanlığı erməni abidəsi idisə, o qəbiristanlığı nəyə görə dağıtdınız, viranə qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz, bu gün də onu şüşənin içinə salıb bütün dünyanı gəzdirərdiniz ki, bu, bizim tariximizdir. Sübut edə bilmədiyiniz üçün dağıtdınız!”
Bu məntiqli cavabın özü bir dəlil, bir əsaslı sübut deyilmi?!
Məhz bu cür fundamental dəlillərin nəticəsidir ki, Azərbaycan Ordusu 44 günlük savaşla Dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, Dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı.
Bu gün Zəngəzurun, Qarabağın, Təbrizin və digər tarixi torpaqlarımızın göyləri üzərindən gülümsər bir çöhrə məmnunluqla bizə baxır:

“Müqəddəs bir torpaq olan,
Haqqı, səadəti anan
Zəngəzur, Mehri, Qarabağ,
Təbriz, Şuşa, can Dilican,
Qalxmış artıq Azərbaycan!

Didərgindir ocağından,
Dədə-baba torpağından,
Xan, Bülbülün oylağından.
Müntəzirdir Göyçə, Qafan,
Qalxmış artıq Azərbaycan!” —

deyib sevincimizə şərik olduğunu bildirir... Bizi daha böyük qələbələrə səsləyir!..

Ruhunuz şad olsun! Böyük Xanım! Məşədixanım!
Qalxmış artıq Azərbaycan!


Aliyə CAVANŞİR,
tədqiqatçı
25.02.2024

22-02-2024, 20:03
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı keçirilib


Qərbi Azərbaycan İcmasında kitab təqdimatı keçirilib

Qərbi Azərbaycan İcmasında filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin Qərbi Azərbaycan İcmasının dəstəyi ilə nəşr edilən "Qərbi Azərbaycan mətbuat tarixi" kitabının təqdimatı keçirilib.
Butov.az xəbər verir ki, İcmanın sədri, Millət Vəkili Əziz Ələkbərli bildirib ki, müəllifin kitabında Qərbi Azərbaycanda 1914-1988-ci illər dövrünü əhatə edən, ictimai-ədəbi fikir tariximizdə mühüm yer tutan milli mətbuatın yaranma tarixi və onun keçdiyi mürəkkəb inkişaf yolu araşdırılır. Eyni zamanda Qərbi Azərbaycanda nəşr olunan milli mətbuat orqanlarının meydana gəlməsində və onların fəaliyyətində böyük fədakarlıq göstərmiş görkəmli ziyalılar barədə məlumat verilir.

Digər çıxış edənlər kitabın ərsəyə gəlməsinə görə müəllifə təşəkkürlərini bildirib, Azərbaycan mətbuatı tarixi ilə maraqlananlar üçün faydalı mənbə olduğunu vurğulayıblar.
Tədbirin sonunda xatirə şəkili çəkdirilib.
22-02-2024, 15:11
Əməkdar artist dəfn olundu


Əməkdar artist dəfn olundu

Ötən gün 81 yaşında vəfat edən Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub.
Modern.az xəbər verir ki, Xalq yazıçısının cənazəsi günorta saatlarında Şamaxıya gətirilib, rayonun Kərkənc kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, yazıçının ailə üzvləri, qələm dostları, eləcə də ictimayyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Yazıçının həyat və yaradıcılığından söhbət açılıb, barəsində xoş xatirələr danışılıb.
Sonra yazıçının vəsiyyətinə uyğun olaraq Kərkənc kənd qəbiristanlığında anasının qəbri yanında dəfn edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib. Əklil mərhum yazıçının məzarı üstünə qoyulub.
21-02-2024, 18:36
Xalq yazıçısı vəfat etdi


Xalq yazıçısı vəfat etdi

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.
Ju barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb.
Xalq yazıçısının bu gün 81 yaşında dünyasını dəyişdiyi bildirilib.
M,Süleymanlı bu günlərdə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. Onun “Köç”, “Ceviz qurdu”, “Səs” romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.
17-02-2024, 10:09
Gənc şairin şeirlərini təqdim edirik:


Gənc şairin şeirlərini təqdim edirik:

Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub. “Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü və işçi qrupunun koordinatorudur. Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nümayəndəsidir. Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun
"Unutmaz məni, bağım", Usman Nasir,
"Berdak Karagbay oğlu" xatirə nişanlarının sahibidir. Türkiyənin "Güzel Alanya"
mükafatı laureatı, Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib. Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, İspaniya, Albaniya, Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub. 2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib.
Həmmüəllifliktə
“Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib,
“Uşaq aləmi” qəzetinin müxbiri.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.

ÖZÜMÜ ANLADIM

Özümü anladım, Sənisə danıb,
Bu dünya fanidir, sevgi min əsrin.
Yağışlar dilədim, utanıb, yanıb,
Göz yaşları axdı Həsən Bəsrinin.

Özümü itirdim bir an içində
Məcnunluq istirab, cənnətlik azar,
Ruhu cəm et deyib eşqin gücündə
“Məlamət” et dedi, pir Həmdun Qəssar.

Dörd tərəfim Qiblə, hər yan işıqlı,
Sərxoşam, xəyalım göy eşqindədi.
Sevgidə huşyar ol, oyaq ol deyə,
Səsini qaldırdı Cünəyd Bağdadi.

Yollarım eşq ilə yaşıllanardı,
Dövrəyə səslərdi “Zikri dövran”i.
Ruhuma səbirdən dərs oxudardı,
Şeyxül Abdulqədir özü - Cilani.

Açılardı bir-bir səmada sirlər,
Dünya tanınardı geniş bu ara.
Gözlərim qamaşardı, parladı nurlar,
Bir nəzər salanda Nəcməddin Kübra.

Ayrılıb gedirəm özümdən özüm,
Göylərim yamyaşıl, bir gözəl- mavi.
Təsbehə çevrildi indi hər sözüm,
Dualar etməkdə Əhməd Yəssavi.

YENI SƏHIFƏ

Köhnə təşvişlərə sarmaşıb qaldım,
Yenə iztirabdan çıxmadı başım.
Boşa ağlamaram deyirdim, sonda,
Yağış olub axır gözümdən yaşım.

Bu gün gözlərimdə qayğılar şəkli,
Köhnə kitab kimi, toz basıb könlüm.
Yersiz xəzan oldu ümid güllərim,
Dəli küləklərtək dağılmış ömrüm.

Mən oyaq qalıram yuxularımda,
Dualar edirəm xoş yatışımda.
Harada itirib qoydum özümü,
Xuşumda deyiləm, hətta huşumda.

Göydəki ulduzlar – qayğı-həsrətim,
Zil qara gecədir, ən sadiq dostum.
Özümün özümə gəlir nifrətim,
Məgər sevilmədin, sevmədin, köksüm?

Məni xatirata çəkir xəyallar,
Əlimdə qırışmış bir topa şəkil.
Təkrar yenə mənə dönüb gələydin,
Cansız şəkillərdə sən bəxt idin, bil.

Sinəmdə ilahi dərdlər gül açdı,
O böyük məhəbbət, eşq dönür nəzmə.
Qəlblərdə əbədi, daim səslənir,
Mənim ürəyimdən doğulan nəğmə.

Ruhum, məğlub olma rütubətlərə,
Həmişə hazır ol, güləşə, cəngə.
Qəlbdə dünya-dünya arzular ilə,
Nurlu sübh önünə çıxdım yenicə.

Ürəyim, təmiz ol, ağ kağı kimi,
Arzular başşqadır, məqsədlər türfə.
Bunda rahatlığa yer yoxdur, əsla,
Sənin adın bəxtdir, yeni səhifə.

DUYĞULAR

Bağlandım arzunun zəncirlərinə,
Gərəyidən artıq duydum ehtiras.
Eşq varmı könlümdə, ömrümdə mənim,
Bilmirəm kimləri etmişəm xilas?

İstədim, ürəkdə canlandı tüğyan
Gücləndi nəfsimin küləkləri də.
Qəlbimdə təlatüm, ruhumda üsyan
Məyusam, kövrəyəm, bu qədər sirdə.

Duyğular tüfantək daşmaqda dinməz
Təşbeh, şeirlərim söz çevirməsi.
Sözsüz, öz-özümə gəldim diksinməz,
İndi məndən mənlik üz çevirməzmi?

Hər bir dəqiqəmi sözlərə yazdım,
Hər ötən günüümü eylədim kitab.
Qayğı-şadlığımı hesaba aldım,
Hələ də özümə gətirmirəm tab.

Bildim, anladım ki, nə varsa sərab,
Dünyəvi, ötəri çox dərdi gördüm..
Sevgidən yaranmış ürəyim xarab,
Eşqin gecələrin yatıb ötürdüm...

Aldanıb aldanmış xəyallarıma,
Faydasız öyməkdə baharlar, yazlar.
Müəzzinlər azan verdiyi anda
Zirəklikdə məni ötdü xoruzlar...


EY BAHARIM

Ey baharım, sən hardasan, ey baharım,
Soyuq qışda qəlbim yatıb, buz tutmuşam.
Kim dinləyər, ürəyimdə ahu-zarım,
Dərdlərimlə kağızlaraüz tutmuşam.

Ey baharım, sən hardasan, ey baharım,
Sənsiz ömrüm gül açmadan xəzan oldu.
Yaddaşsızdır aydan aydın arzularım,
Örpəyini tapa bilmək yaman oldu.

Ey baharım, sən hardasan, ey baharım,
Ürəkdəki ümidlərim sönüb bitdi.
Sən olmasan ilham mənə biganədir,
Qələmimin qara rəngi bitib getdi.

Ey baharım, sən hardasan, ey baharım,
Darıxıram, qəlbə hisslər salıb, qayıt.
Çanım, candan ötdü mənim arzularım,
Yenə mənə şadlıqları aılb, qayıt.

Ey baharım, sən hardasan, ey baharım,
Gəl, indi gəl, qəlbimə yol başla indi.
Məni əsla tərk eləmə ömür boyu,
Sən gəl, mənim ürəyimdə yaşa indi.

EŞQ

Eşqsiz qalaraq, verməyəsən can,
Eşq ilə can ver ki, diri qalasan.

Mövlanə Cəlaləddin Rumi

Bu sevən ürəyim sızlayıb ağrıyar,
Sümüklərim donar, buzlayıb ağrıyar.
Elə bil möhtacam bir yeni eşqə,
Qəlbim bunu sayar ayıb, ağrıyar.

Niyə deyib bahar, payız ağrınmam,
Alnımı bassa da tər, duz, ağrınmam.
Ağlıma gəlməsə bir qız, ağrınmam,
Qəlbim bunu sayar ayıb, ağrıyar.

Duyğususz bir mahnı, hava istəməm,
Heç kimə heç zaman dava istəməm.
Bu dərdimə çarə, dəva istəməm,
Qəlbim bunu sayar ayıb, ağriyar.

Nə qədər ağırdır hissiz yaşamaq,
Adsız, nişanəsiz, izsiz yaşamaq.
Həyat deyil axı üşqsiz yaşamaq,
Qəlbim bunu sayar ayıb, ağrıyar.

İçimdən içimə dolar nəfəsim,
Getdiyin tərəfdə solar nəfəsim.
Adını söyləsəm, güllər nəfəsim,
Qəlbim bunu sayar ayıb, ağrıyar.

Kövrəyəm, göylərə baxıram hər an,
Bu dərdlər ürəyi etməkdədir qan.
Hər gecə yuxusuz, dərdli, nigaran,
Qəlbim bunu sayar ayıb, ağrıyar.


Eşqsiz nədir mənim insanlıq qədrim,
Eşqin haqqındadır hər şeir sətrim.
Ey İlahi, mənim müqəddəs dərdim,
Ey İlahi, yalnız aşiqlik dərdi,
Qəlbim bunu sayar ayıb ağrıyar.

DÜNYA RƏNGLƏRİ

Gözü qamaşdırdı dünya rəngləri,
Hamısı həqiqət, hamısı yalan
Duymuram dünyanın hikmətlərini,
Söyüdlər baş əyib xəyala dalan…

Möcüzə məkanı bu köhnə boşluq,
Ətrafa nur saçıb özü sönər şam.
Xəyala dalmağın, düşünmən neçün,
Ölməzdi şam kimi yşasa adam

Səmada ulduzlar azmış, dağınıq,
Saysız xəyalımtək cəpilib yatar.
Yuvasın qəlbimdə qurubdur günəş,
Odlu əllərilə günü oyadar.

Göydə guruldayan mavi ildırım,
Bütün bir varlığı lərzəyə salar.
Asta, damcı-damcı yağan yağışlar,
Dərdlərimi yuyar, qəmləri alar.

Dəvətsiz qonaqdır dünyada hamı,
Ağaca əmanət yaşıl yarpaqlar.
Biz də əmanətik, yarpaqlar kimi,
Həyatın qədrini bilin, qonaqlar!

VƏTƏN ŞƏKLİ

Ürəyimdə adsız, bir böyük duyğu.
Dağtəki könsümə sağmaz, gedər dan.
Ulduzlzr yoluma səpələyər nur,
Ulduzlar məkanı Vətən – asiman.

Baharda yurduma gələn qaranquş,
Elimin feyzidir, bəxti, iqbalı.
Səmandakı günəş heç sönməz, abad,
Vətən – göylərimin dolmuş hilalı.

Vətən – bağ-bağatdır, gözəl bir çəmən,
Vətən – kəpənəklə gülün vüsalı.
Vətən – ürəyimdə işıq dalğası,
Pakizə hisslərim, şövqün nur halı.

Boş, yüksək sözləri axtarmaram heç,
Qəlbimə ən böyük bir söz yazılıb.
Rənglərim o qədər parlaqdır mənim,
Qəlbimə “Vətənin şəkli” cızılıb.

HƏSRƏT IYI GƏLIR KÖYNƏKLƏRIMDƏN…

Səninçün çoxluca darıxdım yaman,
Hicran cığırından keçəmmirəm mən.
Unutsam da köhnə xatirələri,
Həsrət iyi gəlir köynəklərimdən…

Məsafələr bizi ayırdı, canım,
Yollar sevgimizə oldular zaval.
Görüş istəməklə ötər hər anım,
Həsrət duran yerdə gözləyir vüsal…

Rəngləri saralıb, tökülməkdədir,
Səninçün açılan qızılgüllərim.
Qəlbimdə gül açan həsrətim, sənə
Bahar güllərindən ətir yolladım.

TANRIM, MƏNI AĞLIMDAN OYAT

Ağırlaşıb gedir addımlar,
Gedən səmtdə ağırdır yollar.
Bilmədim mənə Allahım,
Sınaqları qayğınmı yollar?..

Qaranlığı çəkər danlarım,
Dinclik ilə birgə oyansam.
Ümidlərim tökülər bir-bir.
Xəzanlara qoşulub yansam.

Tənha qalıb tənhalıqla,
Qədəh alıb qayğıları içsəm.
Göz açandan yuxudayam,
Yuxularımda göylərə uçsam…

Həyatıma çevrilin, yuxular,
Bəxtsiz günlər, ondakı yuxusan.
Tanrım, məni ağlımdan oyat,
Oyatma heç zaman yuxudan...
Oyatma heç zaman yuxudan…

QƏLƏBƏLƏR ÜÇÜN GƏLMIŞƏM!

Dayanmasam, alınmır indi.
Cana dəyir, eh, bu deyimlər.
Axı sizə necə yaraşım,
Mənə yaraşmayan geyimlər.

Ağrıları hələ də getməz,
Ayağımı sıxan məslər,
Çıxmadan boğazımda sındı,
Ürəyimdən çıxan səslər.

Ah, bu anda sevimli səbrin,
Ümidin də dərgahları gen.
Nə olsa da, mənə hamsı – bir
Əzablar da bir yaraya tən.

Dəyişməsəm olmayır indi,
Yenilik yox, yeniyəm həm.
Bu meydanda arımı gözləyib
Qələbələr üçün gəlmişəm!

ÖZÜNƏ GƏL, ÖZÜM

Şəbnəmlər tökülüb yaşıma gəldi,
Qayğılar düzülüb qarşıma gəldi.
Bütün süvda mənim başıma gəldi,
Özünə gəl, özüm!

Ötdü payızla qış, günəş saçdı nur,
Çiçək yarpaqladı, qönçə acid gül.
Sinəmi yandırdı oxuyan bulbul,
Özünə gəl, özüm!

Şansız şərəfimə şan gəldi sonda,
Damarıma alov, qan gəldi sonda.
Cansız canıma da can gəldi sonda,
Özünə gəl, özüm!

Yuxuma dünyanın bazarı girdi,
Meçə övliyanın məzarı girdi.
Cana yuxuların azarı girdi,
Özünə gəl, özüm!

Durduğun yolumda izim yoxdu, bax,
Kitablarda bircə sözüm yoxdu, bax.
Göyün güzgüsündə gözüm yoxdu, bax,
Özünə gəl, özüm!

Xəyalımın gözəl bağçalarını,
Gəzirəm nur saçan ay gecəsində.
Bəxtlərə bələnib yatıram sərxoş,
Səmanın ulduzlu guşələrində.

Laylalar söyləyir mənə mələklər
Yatıram qayğısız qoynunda aram.
Sabahkı günümdən parlaq ümidlər,
Könlümdə daha da böyüyər inam.

Qollarımı tamam göylərə açsam,
Ulduzlara çatar, Aya da yetər.
Bircə an günəşə dik baxsam əgər,
Günəşin gözləri qaralıb gedər.

BƏXTIN MƏNZILI

Bunca uzaq bəxtin mənzili,
Bunca uzağa uzandı yollar.
Həsrətimin küləklərində
Kirpiyimdən töküldü güllər.

Təngənəfəs uzaq yollarda
Doğrudanmı itirdim izimi.
Baxıb keçmiş güzgüsünə bir
Tanıya bildimmi özümü?

Əzab vedim özümə dinməz,
Duzlar səpdim yaralarıma.
Allahım, bir söylə mənə,
Layiqəmmi yaratmağına?
Dəyərəmmi yaratmağına?

Tanrım, özün əcrini ver,
Çəkdiyim əzab, kədərin.
Mənə həyat verdi dəyər,
Mənmi həyatın dəyərin?

Dözüb gəldim mən hər şeyə,
Yumub gəldim nahaqqa göz
Yalanları şeirə sığdırdım,
Həqiqətdən necə açaq söz?

İnanmamış qaldım özüm də
Özüm yazan nağıllara.
Rəngi sarı xəzəllər doldu.
Güllər yox, bəxtə bir ara…

Daxilimdə amansız cənglər,
Güləşməkrə arzumla ahım.
Ürəyim sozalıb getməkdə,
Öz nurundan pay ver, Allahım…

Gücüm yalnız sənin əlində,
Tək Özünə itaət etdim.
Hədsiz ixlasla könüldən,
Nicat umub, ibadət etdim.

Duaçınam, ey Xilaskarım,
Yetər, saxla tüfanlarımı.
Parça-parça edib, at getsin,
Yolda mane olanlarımı…

Əfv et nakəs, şıkketməmi,
Rahatlığımı qaytar ürəyə.
Tanrım, mənə xoşbəxtlik yağdır,
“İxlas” duasını oxuyum deyə.

Ərasətə qalsın ərasət,
Yenə Özün izimə qaytar,
Özüm ola bilməyimçün,
Tanrım, məni özümə qaytar!

BİR GÜN

Bir gün yenə bahar gələr,
Bir gündə hər şey dəyişər.
Daş altda yatan duyğular
Tərpənər, qəlbdən deyişər.

Bir gün də gəlib məhəbbət,
Ox olub köksümə sancılar.
Bir gün günahımı ağlayar,
Gözdəki mirvari damcılar.

İÇİMDƏKİ ÜSYANLAR

Gücümdəki üsyanlar,
Öcümdəki üsyanlar.
Dayansın, Pərvərdigar,
İçimdəki üsyanlar…

Yalanlardan söz yonar,
Qaralıqdan üz yanar.
Yetişib xəzan fəsli,
Ağlayar, payız yanar.

Dırnağım içində dərd
Oynağım içində dərd.
Qəlbə axar yuxuya
Baxmağım içində dərd.

Fürsətdi, bil, Allahım,
Gözümü sil, Allahım.
Mənim düşmənlərimlə,
Özün tap dil, Allahım.

Ruhuma gül bəxş elə,
Bir aydın yol bəxş elə.
Nurlansın bütün ömrüm,
Tükənməz nur bəxş elə.

Ağlaşa yolumu tut,
Səhv işə əlimi tut.
İnsan kimi payıma
Bir gözəl ölümü tut.

Gülləndir bağlarımı,
Aç düyün-dağlarımı.
Ey Allahım dikəlt ver
Yıxılan dağlarımı.

Gücümdəki üsyanlar,
Öcümdəki üsyanlar.
Dayansın, Pərvərdigar,
İçimdəki üsyanlar…

HANI, İNDİ QANAD OLSA…

Gah zarıyıb ağrı verən dişlərimdən
Heç özümə gəlmədiyim huşlarımdan.
Yuxulardan, yuxudakı boşlarımdan
Çaşıb gedərəm.

Narahatam, xəstə ürək səsindən,
Boğulub gedirəm eşq nəfəsindən.
Yenə kimlərinsə xatirəsindən,
Acıb gedərəm.

Dadılanım qənd, nabat, həm şəkər olsun,
Gördüklərim ancaq qğ səhər olsun.
Qədəhdəki həyat, ya zəhər olsun,
İçib gedərəm.

Getməyim yox eyşü-işrət toylarına,
Çarə tapmam nədən fakir, səylərimə.
Tənhalıqdan yatıb qalan evlərimə,
Qaçıb gedərəm.

Doyub getdim şeytanların nəğməsindən
Qurtulaydım o borc adlı damğasından.
Hamısından sonra, sonra hamısından,
Keçib gedərəm.

İstər yad yer, hər tərəfim abad olsa,
Azad olsa, ruhum əgər azad olsa.
Hanı? İndi məndə bir cüt qanad olsa,
Uçub gedərəm.

Cahangir NOMOZOV
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu
12-02-2024, 20:57
BEŞ AVARA TOYDANSA...


BEŞ AVARA TOYDANSA...

Sizə xəbər verəcəm Borçalı mahalının, Başkeçid rayonunun Yaqublu kəndindən. Yaqublu kəndində kimdən – “zakupşik” Quludan. Qulu kişi kənddə sayılıb seçilən, arxasıza arxa duran, yetimə sahib çıxan, həm də saz-söz vurğunu olan bir kişi olur. Mal alıb-satmaqla məşğul olduğuna görə ona “zakupşik” Qulu deyərmişlər, yəni alverçi Qulu. Vaxt olur Qulu kişi qocalıb ölüm yatağına düşür. Kişi son nəfəsində oğlu İsmayılı yanına çağırıb, bir vəsiyyət edir. Görək nə vəsiyyət edir, tərəfindən ərz edək qulluğunuza. Xoşbəxt olun.

Bir az yaxına gəl, İsmayıl, oğlum,
Taleyim göndərir güzara məni.
Ömür yollarımı qanlı sel alır,
Ajalsız öldürür bu yara məni.

Gərək bundan belə torpaqda yatam,
Çoxdu bu səfərə karvanlar çatan.
Bir daha görünməz arxanda atan,
Dünyada yüz axtar, yüz ara məni.

Qulu ki, görmədi dostu gözünən,
Getdi qiyamətə yanar közünən.
“Yanıq Kərəmi”ynən, telli sazınan,
Saraçlı götürsün məzara məni!


Qulu kişi sözünü tamamladıqdan sonra haqq dünyasına qovuşur. İsmayıl isə atasının vəsiyyətini yerinə yetirmək üçün gejə ilə Saraçlı kəndinə gəlir və taqqırbaz Aşıq Hüseyn Saraçlının qapısını döyür. Aşıq Hüseyn qapını açır ay bala, buyurun, gejənin bu vaxtında xeyir olsun. İsmayıl isə özünü təqdim edərək deyir, – ay ustad, qadan alım, mən Yaqublu kəndindən Qulu kişinin oğluyam. Atam rəhmətə gedib, bizə çox böyük əməyi keçib. Vəsiyyət elədi ki, mənə ehsan-zad lazım deyil, Aşıq Hüseyn Saraçlının sazı mənə bəsdi. Ay ustad, bu dünyalığını verəjəm atamın vəsiyyətidi, nə olur olsun sabah gəl dəfnində bir "Yanıq Kərəm"i çal, – deyib, bir paçka pulu Aşıq Hüseynin cibinə basır. Aşıq Hüseyn Saraçlı isə öz-özünə fikirləşir ki, ayə, mən ömrümdə cənazə üstündə saz çalmamışam. Mən nətər eliyəjəm, bu, gejə yarı cibimə bir paçka pul basdı. Aşıq fikrindən keçirdi ki, yəqin bu dəmdi, içib keflənib, bir havaya bu qədər pul verməkmi olar?!
Nəysə, onlar bir az söhbət edəndən sonra aşıq görür ki, yox bu, ayıxdı.
İsmayıl ağlaya-ağlaya deyir:
– Ustad, ağrın ürəyimə gəlsin, yaman yaralı yerimdi, mən atamı çox istəyirdim. Sabah mütləq gəl, atamın vəsiyyəti yerinə yetsin.
Aşıq Hüseyn Saraçlı deyir:
– Yaxşı ay oğul, Allah atana rəhmət eləsin, narahat olma, savax işıqlaşmamışdan oradayam.
Səhər tezdən Aşıq Hüseyn Yaqublu kəndinə gəlir və görür ki, doğrudan da yas yeridi. Allah rəhmət eləsin dedikdən sonra Aşıq Hüseyn Saraçlı sazı götürüb "Yanıq Kərəm" havasında nə oxuyur, tərəfindən ərz edək qulluğunuza. Allah hər kəsi arzusuna çatdırsın.

Arzunu yerinə yetirdim, Qulu,
Qəmlərə bağladım eşqi, avazı.
Yayın istisində o zalım fələk,
Tutdu qar-borana çiçəkli yazı.

Kədərdən inlədi sazımın simi,
Ömür sarayımın söküldü himi.
Sinəmin üstündə ölənə kimi,
Ürəkdən çalaram sən deyən sazı.

İşıqlı dünyada neçə ki varam,
Yadıma düşdükcə göynəyər yaram.
Axirət günədək mən unutmaram,
Qəlbi yaralını, sinə çarpazı.

Söz tamam olur Qulu kişini ədəb ərkanla, dəm dəstgahla dəfn edirlər. Aşıq Hüseyn kəndə qayıdanda, İsmayıl yenə onun cibinə əvvəlkindən də iri bir paçka pul qoyub yola salırl. Aşıq Hüseyn Saraçlı kəndə çatan kimi, cənazənin üstündə saz çaldığını eşidən dost-tanışları soruşur ki, Aşıq Hüseyn işin nətəri oldu? Aşıq Hüseyn cavab verir ki, nətəri olasıdı, beş dənə avara toydan, ildə bir belə qeyrətli yas yaxşıdı.

Əhvalatı Hüseyn Saraçlının sonbeşik şəyirdi, ustad aşıq-sazbənd Kövrək Muradın dilindən yazıya aldı:
Rəşad Əliyev Saraçlı.

21.04.2023
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!