Azadə NOVRUZOVA
Şəhidlər Xiyabanında34 ildir ki, bu müqəddəs Xiyabanı ziyarət edirəm. İlk illərdə məktəbli idim. Ömrümdən nə qalıbsa, o tarixdən bəri yaşadığım illər kimi yenə də bura bağlı olacaq. Şəhidlərimizin dəfn gününü heç unutmaram...
Sinif yoldaşlarımızla Əhmədlidən piyada dizəcən qara bata-bata gəlib çıxmışdıq dəfnə. İnsan izdihamı göz qaraldırdı... Səması tutulmuşdu küləklər şəhərinin. Qar, boran az görən Bakıda şaxtalı bir gün idi. Al qərənfil yağışı yağmışdı Azadlıq tələb edən xalqımızın ana qucağına - Bakıya.
Uzaq dağ kəndindən sənə sarı çox boylanmışdım, Bakı! Poçt yolumuzdan poçt maşınını kəndimizin asfalt yoluna burulan görən kimi məhlə uşaqları ilə birlikdə poçtumuza qaçardıq. Bir Allah bilir ki, poçtalyon Savalan dayıya, Gülqala, Nazgül xalaya neçə dəfə - Bizə Bakıdan məktub var? Bizə Bakıdan bağlama var?- suallarını vermişdik. Cavabında mehriban - mehriban bağlamaları hələ açmamışıq. Nə olsa, axşamüstü poçt paylananda gətirəcəm deyərdilər...
Əmidən, bibidən, dayıdan, xaladan, qohum-əqrabadan məktub, bayram açıqcalarını nə qədər səbirsizliklə gözləyərdik... Poçtdan birimiz sevincək, beşimiz məyus (məktub almayanlar) qayıtsaqda, bu hal həmişə belə təkrarlanardı. Həm sevinənlər, həm də məyus olanlar poçta bir yerdə gedib, gələrdik. O məktubları qaranəfəs evə çatdırınca necə sevinc yaşamışam, İlahi... İlk nənəmə oxuyardım, həyəcanlı-həyəcanlı... Sonra atam oxutdurardı, sonra da anam. Özüm isə yeni məktub alana qədər dönə-dönə oxuyurdum. Sanki sehirli idilər bu məktublar... Özləri ilə nə qədər ümid, sevinc gətirirdilər. İçindəki xəbərlərdən belə asılı olmazdı bu sevinclər. Bəzən xoş olmayan acı xəbərlər gətirsələr də ...
"Sizə Bakıdan məktub gəlib"- sevinci ayrı idi...
Qohum uşaqları yazırdılar ki, Bakının işıqları o qədər al-əlvandır zülməti aydınladır! Gecələri ecazlı, gündüzləri füsunkar Bakı... Bir ucqar dağ kəndindən necə möhtəşəm görünürdün, Doğma Bakı, Əziz Bakı!
Bu gün də Dağüstü park yüksəkliyindən seyr edib qürurlandım səninlə,
Gözəl Bakım, Mehriban Bakım!Adətən belə başlayardı məktublar... Salam. Biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edirik. Yazın görək, necəsiniz? Burda, bizdə havalar yaxşı (soyuq, sərin, isti və s.) keçir, bəs orda, sizdə havalar necə keçir?....
Burda, bizdə...
Orda, sizdə...Havaların necəliyi sanki, bütövlükdə növbəti məktubu yazana kimi adamı toxtaq saxlayırdı. Bu məktublar ümumilikdə əhval-ruhiyyəni özündə cəm edib, məktub yazılana ötürürdü. Artıq 36 ildir ki, Bakıya məktub yazmıram... Poçt maşını yalnız xəyalımda kəndimizə burulur...
Bakıya ilk gəlişim 1988-ci ilin sentyabr ayında qaçqın uşaq statusunda olub...O ildən Bakı əlimdən bərk tutub. Bakının sakini olmuşam.
O illərin uşaqlarının çoxunun uşaqlığı Azadlıq Meydanındakı mitinqlərdə keçib. Məktəbdə dərslərimizi yarımçıq qoyub, qaçıb meydana gələrdik. Azadlıq mübarizəmizə qoşulardıq. Lenin baba deyə-deyə böyüyən biz sovet uşaqları Sovet İmperiyasının necə süqut etdiyini öz gözlərimizlə gördük, ağrı-acılardan keçib, müstəqilliyin dadını ilk dadanlardan olduq. Biz uşaqlar da elə birdən böyüdük...
Mən də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə böyüdüm... O dəhşətli yanvar gecəsində qaldı doğum günü sevincim... Günahsız məktəbli Larisanı, İlqarı qətl edən “bizim sovet ordumuz”un əsgərləri o sevinci də güllələdilər. Gecəni vahimə içində keçirdik. Nə baş verdiyi barədə hər hansı bir rəsmi məlumat əldə etmək mümkün deyildi. Azərbaycan Televiziyasının enerji blokunu partlatmışdılar. Radio da susmuşdu. O zaman mobil əlaqə yox idi. Yalnız şəhər telefonları ilə əlaqə saxlamaq olurdu. O da təhlükəli idi. Çünki dinlənilirdi. Qanlı Yanvar Şənbəsinə açıldı sabahımız. Heç kim bir-birindən xəbər tuta bilmirdi. Əslində nə baş verdiyini anlamaq çətin deyildi. Gözlə gördüklərimiz bunu diqtə edirdi. Bakıya Sovet Ordusu hücum etmişdi. Dinc əhali amansızlıqla qətlə yetirilmişdir.
Sovet ordusunun tankları Bakını hər tərəfdən əhatəyə almışdılar. Binamızın (Əhmədli qəs. Nəsirəddin Tusi küç. 43) başında, yolun ortasındakı tank hansı eyvandan boylanan olurdusa oranı atəşə tuturdu. Axşamlar işığı gələn pəncərələrə də atəş açılırdı. Bakı buxtasındakı gəmilərin qulaqlarımdan heç vaxt getməyən fit səsləri... Eyvanlardan 40 gün asılan qara bayraqlar... Nə tankdan, nə qandan qorxmayan xalqımızın əzmi, iradəsi, mübarizliyi... Dağüstü parka doğru irəliləyən insan seli...
Şərəfinə indi Bakının 20 Yanvar Meydanı adlandırılan o vaxtkı XI Qızıl Ordu meydanında heykəli ucalan, Qızıl Ordunun, əslində Qanlı ordunun törətdiyi faciəyə qarşı Bakının qəzəbi, nifrəti, sonsuz kədəri yaddaşımdan silinməyib, silinməz də ... Heç bu zorla dirənib Sovetlər Birliyini yaradanların özlərinində inanmadığı, uydurduqları sovet xalqı məfhumu və bu xüsusda yaratdıqları bu beynəlmiləl xalqa qarşı faşist münasibətləri təkcə Bakıdakı 20 Yanvar faciəsi ilə məhdudlaşmamışdı. Alma-Ata, Tbilisi, Oş, Düşənbə, Vilnüs, Riqada da bu Qızıl yox, Qırmızı ordu xalqları qanlarına qəltan etmişdi. Uşaq ikən qulağım çox eşitmişdi. Bala, Allah bu Şura hökumətini dağıtsın. Bizi quru yurdda qoydu. Sürgünlər, güllələmələr, yağmalamalar... Ağ günümüzü qara günə çevirdilər. Heç pis gündən gözümüz açılmadı... Evini yıxanlara qulluqçu olmaqdan ağır nə ola bilərdi? Sovet vətəndaşı, sovet ordusu və s. zor gücünə hamını sovetləşdirmişdilər. Müharibə, qan-qada, ölüm, itim...
Çox şeyimizi itirdik. Ərazi bütövlüyümüzü, əzizlərimizi, dostlarımızı... Dağıdılan varımızı-halımızı demirəm... Bircə ümidimizi itirmədik! Ümid ölmədi! Bizi diri saxladı!
2020-ci ildə 44 Günlük Zəfər salnaməsi yazıldı tariximizə. 2023-cü ildə ərazi bütövlüyümüz bərpa olundu. Bu zaman kəsimində Müstəqil dövlətimiz möhkəmləndi, ordumuz gücləndirildi və nəhayətdə Böyük Qələbə qazanıldı! Zəfər çalındı!
2024-cü il 20 yanvar tarixində Bakıdan - Bakıya yazılan bu məktubda – “Bu gün Bakıda hava şaxtalıdı. Gün işarsa da, soyuq adamın iliyinə işləyir” yazıldı. Əlimdəki qərənfillər isə əvvəlki illərdən fərqli olaraq, üşümədilər...
34 ildir ki, bu sevinc, sevgi, şadlıq çiçəkləri soyuq məzarlara düzülür... Şəhidlərimizin tökülən günahsız qanlarının simvoluna dönüblər, al qərənfillər.
Bu il qərənfilləri şəhid məzarlarına düzəndə həm şəkillərdən boylanan baxışlar, həm də qərənfillər gülümsəyirdi üzümə... Onlar birləşib ərazi bütövlüyümüzün sevincini əks etdirdilər bu gün biz ziyarətçilərə...
Bu gün, gözümüzdən yaşları, kədəri, qüssəni sildi AZADLIQ uğrunda əziz can fəda edən, ŞƏHİDLƏRİMİZ! Amalı azadlıq olan şəhid şairimiz Ülvi Bünyadzadənin anası bir dəfə söhbətimizdə söylədi ki, Ülvi gənc ikən şəhid oldu, yandım, kül oldum. Amma sonra gördüm ki, oğlum xalqımızın qəlbində yaşayır, o diridir! Əbədi ömür qazanıb. Məni bu toxdatdı. Ülvini və azadlığımız uğrunda can qurban verən bütün şəhidlərimizi qoynuna alan, Vətən sağ olsun! Allah hər birinin əziz ruhlarını şad etsin!
20 Yanvar, sən qaranlıqdan aydınlığa açılan səhər oldun. Qürur Günümüzsən! O Şura deyilən hökumət qurulan gündən qəlbimizə gizlin-gizlin əkilən Azadlıq toxumları bu gün al qırmızı qərənfillər gözəlliyində göyərdi!
Mən də yenidən doğuldum bu gün, hürr və azad!
Bakı, xoş vaxtın xeyir!20 Yanvar, 2024-cü il