Qalx ayağa Azərbaycan! .....                        Ermənilərin növbəti Gəncə terroru - 4 il... .....                        Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq .....                        Sumqayıtda yanğın .....                        “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub .....                        Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib .....                        Baş Prokurorluqdan Əhmədlə bağlı açıqlama .....                        İlham Əliyev strategiyanı təsdiqləyən fərman imzaladı .....                        Prezident COP29-la bağlı sənədi təsdiqlədi .....                       
8-06-2024, 17:27
İLAHİ SÖZÜN MÖCÜZƏSİ


İLAHİ SÖZÜN MÖCÜZƏSİ

Milli ruhumuzu sazın tellərində yaşadan, türkün böyüklüyünü çaldığı havalarda «dilə gətirən», sazı sinəsinə sıxaraq təzanəni simlərə toxundurub könlümüzün uçuşunu -Turan dünyasına yönləndirən, can evimizi ağappaq işıq selinə bürüyən Məhəbbət Kəlbəcərli «Aşıq təcnis deməsən…» kitabıyla (Bakı, 2024) - cığalı təcnislərlə, təcnis gəraylılarla, bir sözlə, ürəyə təsirsiz ötüşməyən təcnislərlə görüşümüzə gəlib və xoş gəlib. O, bu görüşüylə də əvvəlki görüşləri kimi sevincimizə sevinc qatmağı bacarıb, bizi sözün sehrində gah aşıq Ələsgər, gah Dədə Şəmşir dünyasında, gah da Azaflı Mikayıl, aşıq Əkbər dünyasında «gəzdirərək» ruhumuza sığal çəkə-çəkə, beynimizin qırışlarını sözlə aça-aça torpağa, yurd yerinə, vətənə daha qırılmaz tellərlə bağlaya bilib. Bizi fikir dünyasına qərq edərək dünyanın açılmayan sirlərilə üz-üzə qoyub və biz bu «sirləri» onun təcnislərində tapdığımıza sevinir, tapmayanda da ruhdan düşmürük, çünki Məhəbbət Kəlbəcərli ruh şairidir, könül adamıdır, eşq adamıdır və həm də Qorqud öyüdlü bir ağsaqqaldır. O, həm də dünyamızın dərviş şairidir, sufi şairidir. Onun dərvişliyi də, sufiliyi də eşq adamı, könül adamı olduğunu heç kimdən yox, qələmə aldığı və bizə ünvanladığı təcnislərdən öyrəndim.

Təcnislə «baş-başa» qalmaq, hər təcnisin hər misrasında gizlənmiş mənanı, fikri, fəlsəfi düşüncəni üzə çıxarmaq, arayıb-araşdırmaq, necə deyərlər, bu «dolaşıq kələfin» ucunu tapmaq üçün gərək dünya fəlsəfəsindən, dünya bilgilərindən az-çox xəbərdar olasan. Məhəbbət Kəlbəcərli həm öz fəlsəfi baxışlarını, fəlsəfi fikir və düşüncələrini sazda «gizlənən» milli qaynaqlardan alır, həm də aşıq elminə dərindən bələd olduğu üçün bildiklərinin üstünə dünya fəlsəfəsindən öyrəndiklərini də əlavə edib qələmilə möcüzələr yarada bilib. Bu möcüzələr onun inci kimi ipə-sapa düzülmüş təcnisləridir. Gəlin aşıq-şairin «Qəm şirə çəkdi» cığalı təcnisindən bu misralara diqqət yetirək:
Ürəyim bağlandı kaman telinə,
Naləsi nə dedi, görün teli nə?
Teldən salar…
Pərdədən, teldən salar.
«Payız» gəlib çatdımı,
Yolunu teldən salar.
Vaxtsız Məhəbbətin qumral telinə,
İllərin əliylə qəm şirə çəkdi!

Bu misralarda bir insan ömrü təsvir edilib. İnsanın yaz ömründən payız ömrünə qədərki vaxtı poetik sözün gücüylə təsvir edən şair az sözlə romanlara sığmayan fikri qələmə alıb. Payız insan yaşa dolanda yolunu teldən salır, yəni insanın saçını ağardır, belini bükür, ömrün sonunun yaxınlaşdığını bəyan eləyir. İllərin əliylə qumral tellərə qəm şirə çəkir, qayğısız günləri qayğılı günlər, sevincli günləri kədərli günlər əvəz eləyir. Vaxt ötüşdükcə kaman telinə bağlanan gənclik eşqi, gənclik həvəsi də pərdədən, teldən düşüb əlçatmazlığa qərq olur. Bu, misralar adi misralar deyil, şeirlə yazılmış olum və ölüm haqqında fəlsəfi fikirlərdir…
Ustadcasına, aşıq Alı, aşıq Ələsgərcəsinə deyilmiş bu misraların fəlsəfi yükü ağırdır, çox ağırdır. Şairin təcnisləri dərdə, sevincə, təsəlliyə, təskinliyə çevrilir, ona görə də şeir olur. Bu təcnislər ürəyə o qədər yaxındır ki, ruhu o qədər doğmadır ki, sanki hər misranı sən özün yazıbsan, sən özün qələmə almısan. Bax, əsl şeir belə olur və şairin təcnislər toplusunda sözlərin tərpəndiyini, diri olduğunu, nəfəs aldığını yüz ildən sonra da görəcəklər. Görəcəklər ki, Məhəbbət Kəlbəcərlinin oxuculara ünvanladığı, ədəbiyyat xəzinəmizə ürəklə, cəsarətlə daxil etdiyi kitabları - eləcə də «Aşıq təcnis deməsən…» təcnislər toplusu bir günlük, bir aylıq, bir illik oxunmaq üçün deyil, əbədilikdir, günəş sönənəcən oxunmaq üçündür. Belə bir cinaslar toplusunun müəllifi xoşbəxt taleli şair deyilmi?
Xoşbəxtliyi maddiyyatda yox, mənəviyyatda görən şairin bir təcnisinin qiyməti şah xəzinəsindən daha dəyərli deyilmi? Pul xərclənib qurtarar, dəyərini itirə bilər, amma Məhəbbətin təcnisləri heç vaxt dəyərdən düşməyəcək, öz əhəmiyyətini, məna zənginliyini həmişə qoruyub-saxlayacaq və özü ilə bərabər şairi də yaşadacaq. Xalqın yaddaşında, sazın ruhunda yaşamaq hər kəsə qismət olan xoşbəxtlik deyil və hər şair də «təcnis meydanı»nda Məhəbbət Kəlbəcərli ilə üz-üzə gələ və bu misraları qələmə ala bilməz:
«Haq» dedim - gözümə barmaq uzandı,
Yalan doğru çıxdı, düzümdən mənim.

Şair təcnislərində təkcə özünü yaşatmır, həm də Aşıq Alının, aşıq Ələsgərin, Dədə Şəmşirin, Azaflı Mikayılın, aşıq Əkbərin… ruhunu yaşadır. Çünki onun təcnislərini oxuyanda o qüdrətli və ölməz sənətkarları da istər-istəməz xatırlamalı olursan.
Məhəbbət Kəlbəcərli sözün həqiqi mənasında söz adamıdır, sözə könül verən, sözlə nəfəs alan söz ustadının misraları sevgilə, məhəbbətlə, vətən həsrətilə, olum və ölümlə, insan iztirabları, insan qayğıları ilə…eləcə də xalqın dərdilə, kədərilə yüklənib. Bu yükün ağırlığını ürəyində gəzdirən şair yazdıqları ilə mənəvi təskinlik tapır, ruhən sakitləşir, yeri-göyü az qala yandıra biləcək odlu nəfəsi sözlərə, misralara hopub oxucuya böyük təsir göstərir, onun dünyasına nüfuz edir, onu dərin düşüncələrə qərq edir və oxucu hər misrada «gizlənən» mənanı, fikri tapmaq üçün filosofsayağı fikrə gedir:
İfadə tərzinin gözəlliyi, obazlılıq və bədiilik Məhəbbət Kəlbəcərli şeirinin əsas xüsusiyyətlərindən biridir. Onun şeir dilinin məziyyətlərindən gələn poetik ifadələr şair sözünün qüdrətindən, mötəşəmliyindən xəbər verir:
Axır Məhəbbəti o gözlər əydi,
Toxundu qəlbimə göz «dəydi», gülüm!
Bu misraları oxuduğum zaman mənə elə gəldi ki, sevgi, məhəbbət haqqında bundan qüvvətli söz demək mümkün deyil. Bəli, Məhəbbətin şeirlərində dəbdəbəli sözlərə, yersiz ifadələrə rast gəlmədim. Şairin misralara hopmuş hiss və duyğuları, fikir və düşüncələri şeirə bir gözəllik qatır, təravət və istilik gətirir. Bədii sözdən bacarıqla istifadə edən şair misralarında sözlər inci kimi elə düzülüb ki, onların birinin yerini dəyişsək, bu nizam pozular və nəticədə məna da dəyişilər, fikir də.
Özünəməxsus ifadə tərzinə malik olan şairin şeirləri də özünəməxsus qəribə bir səmimiyyətlə səslənir. Şeirin gözəlliyi də elə onun səmimiyyətindədir.
«Aşıq təcnis deməsən…» təcnislər toplusunu düşünə-düşünə, hər misranın məna yükünü araşdıra-araşdıra oxudum və düzü, heyrətdən əllərim üzümdə qaldı. Məni heyrətləndirən şairin nadir poetik tapıntıları, nadir cinasları, cinaslı qafiyələri idi. Məni heyrətləndirən həm də şairin ustad aşıqlara məxsus ifadə tərzi, ifadə üslubu, tanıdığım təcnis ustalarından heç də geridə qalmaması, əksinə onlarla bir sırada, həm də birinci sırada dayanması oldu.
Görəsən, bu misraları aşıq-şair Məhəbbət Kəlbcərlidən savayı kim yaza bilər?
Mənim işim sənlə deyil, bağladı,
Zəncir zülfün divanə tək bağladı.
Sənin həsrətinlə «kitab bağladı»,
De, duydunmu Məhəbbət tək yazarı?

Məhəbbət tək yazarı duymaq üçün öncə gərək aşıq Ələsgəri, Dədə Şəmşiri, aşıq Əkbəri… duyasan! Bu misraları yazmaq üçün gərək aşıq Ələsgər ruhunu öz ruhunda daşıya biləsən. Bu, hər şairə qismət olan işdirmi? Hər halda bu qismət Məhəbbətin payına düşüb və bu gözəl tale payına görə şair Tanrıya şükür eləməsin, bəs neyləsin?!
«Aşıq təcnis deməsən…» təcnislər toplusunu hər şairin, hər aşığın, aşıq ədəbiyyatı ilə məşğul olan hər bir tədqiqatçının, folklorşünasın, bir sözlə, saza-sözə könül verən hər kəsin stolüstü kitabı olacağına ürəkdən inanıram. Bu inam ürəyimdə şairin ilk təcnisinin ilk misralarını oxuyan zaman yarandı və kitabı oxuyub başa vurandan sonra bu inam daha da möhkəmləndi. Elə bu inamla da Məhəbbət Kəlbəcərliyə üzümü tutub deyirəm: «Azərbaycan aşıq ədəbiyyatı xəzinəsini qiyməti olmayan incilərlə - təcnislərlə daha da zənginləşdirdiyinə görə sağ olun! Sağ olun ki, varsınız! Sizin varlığınız elə aşıq ədəbiyyatının varlığı deməkdir. Aşıq ədəbiyyatı dünya var olduqca yaşayacaq və deməli, siz də yaşayacaqsınız…».

Hüseyn İSAOĞLU (Məmmədov),
Yazıçı - publisist, AYB-nin və AJB-nin üzvü.

8-06-2024, 17:11
Şərqi Zəngəzurun Zəfər, Quruculuq və Böyük Qayıdışa həsr olunmuş kitab çıxıb


Şərqi Zəngəzurun Zəfər, Quruculuq və Böyük Qayıdışa həsr olunmuş kitab çıxıb

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən dərhal sonra Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabında zəngin informasiya və analitik materiallarla əks olunub.
Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovun “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı ön sözü ilə açılan kitabda Prezident İlham Əliyevin 44 günlük tarixi qələbədən bir neçə gün sonra - 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış fəsillərində təqdim edilib.
Kitabda Vətənimizin ayrımaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əlievin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən dövlət proqramlarının, reallaşan layihələrin bu günkü mənzərəsi və gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallar da yer alıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən kitabda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin regionda daimi sülhün, əmin-amanlığın bərpasına şərait yaradacağına inam ifadə olunur.
İctimai Birlikdən “Bütöv Azərbaycan” qəzetinə verilən məlumata görə, kitab Qarabağ və Şərqi Zəngəzur regionunun təhsil müəssisələrinə, kitabxanalara, icra, özəl strukturlara, ictimai təşkilatlara, şəhid ailələrinə, vətən müharibəsi iştirakçılarına, QHT və KİV-ə paylanır. “Füyuzat” nəşriyyatında rəngli formatda çıxan kitabın elektron variantı Birliyin www.zengezur.com saytının “Kitablar” bölümündə yerləşdirilib.
6-06-2024, 13:38
Şəhid ataları və qazilər Şərqi Zəngəzurda

Şəhid ataları və qazilər Şərqi Zəngəzurda

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Bakı, Lənkəran, Astara, Sabirabadda doğulub 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinin Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında erməni işğalçılarına qarşı savaşlarda igidlik göstərərk şəhid olmuş əsgərlərimizin valideynlərinin və yaralı döyüşçülərin həmin torpaqlara səfərini təşkil edib.
Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində gerçəkləşib.

Şəhid Mahsun Bağırzadənin atası Zahir Bağırov, şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov övladlarının şəhid olduqları məkanları ziyarət ediblər, onların səngər yoldaşları, son döyüşlərinin şahidləri baş leytenant Elnur Talıbov, II qrup əlil Möhnət Səmədovun xatirələrini dinləyiblər.
Şəhidlərin II Qarabağ müharibəsində hərbi xidmət keçdikləri N. hərbi hissəsinin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edən şəhid ataları və qazilər, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist, tarix üzrə fəlsədə doktoru Hacı Nərimanoğlu, AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, şair, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu və başqaları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin göstərdikləri igidlikdən danışmış, qazanılan möhtəşəm zəfərin tarixi-siyasi, mənəvi-psixoloji əhəmiyyətini vurğulamışlar.
Səfərdə iştirak edənlər Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda görülən genişmiqyaslı bərpa, tikinti işləri ilə, Zəngilan rayonunun Aşağı Ağalı kəndində yurd yerlərinə qayıdan ailələr üçün yaradılan nümunəvi şəraitlə əyani tanış olublar.


6-06-2024, 13:15
Şəhidlər ölməz…

Şəhidlər ölməz…

Əziz oxucular, 1987-ci ildə bünövrəsi qoyulmuş Bütöv Azərbaycançı Tələbə- Gənclər qrupunun ilk üzvlərindən olan Əbdüləli Əhmədov artıq tələbəlik illərini çox geridə qoyub. Ömrünün müdriklik çağlarını yaşayan həkim dostumuzun ürəyi yenə də Bütöv Azərbaycan eşqilə döyünür. Elə bu dəfəki paylaşımı da Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarından biri haqqındadır. Həmin paylaşımı və şəhidimizin fotosunu diqqətinizə çatdırırıq:
“Salam olsun Azərbaycan xalqınin dəyərli övladlarına. Sizlərə unudulmaz bir Şəhidimiz haqqında məlumat vermək istərdim. Ölməz Şəhidimiz 1974- cü ildə Zəngəzur mahalının Qafan rayonunun Pürülü kəndində Əsgər atanın və Qönçə ananın ailəsində dünyaya göz açmış Abış Məmmədovdur. Qəhrəman Şəhidimiz 1988- ci ilə qədər Zeyvə qəsəbəsində orta məktəbdə təhsil almışdır. Hərbi qulluğa gedən qeyrətli eloğlumuz 1993- cü ildə I Qarabağ Müharibəsində Qubadlının müdafiəsinə qoşulub.
Elə o vaxtdan da Abışdan xəbər tutmaq mümkün olmayıb. Bir sözlə uzun illər itkin hesab olunub. Nəhayət 31 ildən sonra 03. 06.2024 tarixində qəhrəmanımızın nəşi Füzuli royonunun kütləvi məzarlığında aşkarlanıb. Şəhidlik zirvəsinə yüksəlmış dəyərli eloğlumuzun nəşi 04.06.2024 tarixində Qızıldaş qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Cəmi Şəhidlərimizə Allahdan rəhmət diləyirəm məkanları cənnət, ruhları şad olsun, Amin! Torpaq uğrunda ölən varsa o torpaq Ana Vətəndir.
Şəhidlər ölməz,
Vətən bölünməz.
Bütün Şəhidlərimizin ruhuna ehtiramla:

Əbdüləli ƏHMƏDOV
6-06-2024, 12:25
Polad, daha bir 50…

Polad, daha bir 50…

Sosial medianın ən fəal və aparıcı nümayəndələrindən biri olan Polad Poladovu respublikamızda çox adam tanıyır. Qərbi azərbaycanlılar arasında isə, demək olar ki, tanımayan yoxdur. Çünki Polad bütün şüurlu həyatını Qərbi Azərbaycanın mədəni irsinin, milli-mənəvi dəyərlərinin, görkəmli şəxsiyyətlərinin, ziyalı zümrəsinin təbliğinə həsr edib. Elə bu məqsədlə də “Ellilər”(Qərbi Azərbaycan), “İrəvan”, “Qafan eli” qruplarını və bir neçə internet səhifəsi yaradaraq informasiya yayımı ilə məşğul olur. Poladın ictimai-siyasi fəaliyyəti göz qabağında olsa da, imzasını tanıtsa da, təvazökarlığından özünü tanıtmağa həvəs göstərmir.
Əziz oxucular, bu gün hamımızın sevimlisi, Qərbi Azərbaycan İcmasının formalaşmasında xüsusi xidmətləri olan, Qafan rayon icmasının qurucularından biri, cəfakeş, təəssübkeş və çoxumuzun mükəmməl informasiya mənbəyi olan Polad bəyin dogum günüdür. Bu münasibətlə onu “Bütöv Azərbaycan” ailəsi adından, özünün də bir tərəfinin mənsub olduğu Əfəndi uşağı adından və Kurud-Kirs icması adından təbrik edirik. Sağlam, uzun ömür və yorulmaz fəaliyyətində uğurlar arzulayırıq. Elə bu arzularla da Poladın qısaca tərcümeyi-halını diqqətinizə çatdırırıq.
Polad Osman oğlu Poladov 1974-cü il iyunun 6-da Zəngəzur mahalının Qafan rayonunun Kurud kəndində döğulub. 8 illik təhsilini doğma kənddə alıb. Tam orta təhsili Bakı şəhərindəki 106 nömrəli məktəbdə başa vurub. Müəllim ailəsində doğulan Polad sazın, sözün sehrində böyüyüb. Beşiyi başında saz çalındığından gendən, qandan gələn milli təəssübkeşlik, fədakarlıq ruhuna da hopub. Ona görə də Vətəninə, millətinə, elinə, obasına qırılmaz tellərlə bağlanıb.
Polad Poladov 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr pilləsini, 2001-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə həqiqi hərbi xidmət keçib. 2003-cü ildə baş leytenant hərbi rütbəsində ordu sıralarından tərxis olunub.
20 ildən çoxdur mülkü həyatını xeyirxah işlərə, el-obaya, dövlətə, millətə xidmətə həsr eləyib. 50 ilin aşırımından geri boylanan Polad bəyə daha bir 50 il irəli boylanmağı, doğulduğu Zəngəzura qovuşmağı arzulayırıq.

Sevgi və sayğılarla: Tamxil ZİYƏDDİNOĞLU
3-06-2024, 21:27
Leyla Əliyevanın yeni kitabı


Leyla Əliyevanın yeni kitabı

Tanınmış Azərbaycan şairi Leyla Əliyevanın seçmə şeirlərinin toplandığı “Seçilmişlər” kitabı işıq üzü görüb.
Kitaba şairin Vətən, həyat, mərhəmət, ölüm, sevgi kimi əbədi mövzuları əhatə edən şeirləri daxil edilib. Müəllifin öz yaradıcılığı ilə bağlı dediyi “Çoxları mənim poeziyamı emosiyalarımla, əhvali-ruhiyyəmlə əlaqələndirir və sanırlar ki, şeirlərim çox kədərlidir. Əslində isə o şeirlərin əksəriyyəti məndən bəhs etmir. Onların çoxu ümumən insan ruhunun mənzərələrini, hal və həyəcanını ifadə edir. Elə bilirəm, şeirlər mənə İlahidən gəlir. Mən sətirləri eşidirəm...” fikirləri ilə açılan kitaba toplanan şeir silsilələri “Vətən”, “Həyat nədir, ölüm nə”, “Haradasan, dünyanın yaxşı adamı?”, “Mənə güc ver, İlahi!”, “Gedim bir az ağlayım”, “O biri həyatda dönərsən geri” kimi fəsillərdə təqdim olunur. Şeirlər Azərbaycan dilinə kifayət qədər yüksək peşəkarlıq, bədii texnika ilə tərcümə olunub, şairin üslub özünəməxsusluğu, poetik intonasiyası qorunub saxlanılıb.
Nəşrin “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, şeirlərin tərcümə müəllifləri Xalq yazıçısı Afaq Məsud, şair-tərcüməçi Salam Sarvan, redaktoru isə yazıçı-tərcüməçi Yaşar Əliyevdir.
26-05-2024, 13:19
Tofiq Salehin poeziyas

Tofiq Salehin poeziyası

Azərbaycan

Azərbaycan! Odlar Yurdu, Ana Vətən, adım sənsən,
Bir müqəddəs Quran kimi, inam yerim, andım sənsən,
Altın atəş, üstün günəş, odu sönməz, odum sənsən,
Adım-sanım, şərəf-şanım, şöhrətimsən, Azərbaycan!

Ey ağ saçlı, qədim diyar, dünya görmüş məmləkətim,
Az olmamış qurbanların, ölüm-itim, fəlakətin,
Odlar Yurdu, əzəl gündən beşiyisən səadətin,
Sən ki, mənim behişt yerim, cənnətimsən, Azərbaycan!

Axşam-axşam səmalara, Ay-ulduza baxanda da,
Səhər-səhər mən oyanıb, çarpayımda qalxanda da,
Şam qəlbimi alışdırıb, oda-közə yaxanda da,
Axşam, sabah mənim sözüm, söhbətimsən, Azərbaycan!

Tarix deyir: qeyri-adi bir qəhrəman, Rüstəm-zalsan,
Nərəsindən yerlər, göylər lərzə gələn qeylü-qalsan,
At belində ömür sürən yaylı, oxlu bir mahalsan,
Qüvvətimsən, qüdrətimsən, qeyrətimsən, Azərbaycan!

Qılıncım sən, qalxanım sən, top-tüfəngim, oxum sənsən,
Mən şairəm, varım yoxdur, varım sənsən, yoxum sənsən,
Dünya yanır, aləm yanır, fəlakətdir, qorxum sənsən,
Qorxuram ki, itirərəm, zinətimsən, Azərbaycan!

Söz dağına külüng çalmış Nizami tək Fərhadın var,
Nəsimi tək, Füzuli tək, Vaqif kimi övladın var,
Şeriyyətin peyğəmbəri Vurğun kimi ustadım var,
Söz xəzinəm, şeriyyətim, sənətimsən, Azərbaycan!

Yer üstündə nəyin yoxdur? Bağın-bağçan, barın vardır,
Yaşıl tarlan, üzüm bağın, alman, heyvan, narın vardır,
Saçaq-saçaq qarğıdalın, arpan, buğdan, darın vardır,
Ətir saçan çörəyimsən, nemətimsən, Azərbaycan!

Füsunkardır yaşıl talan, göy ormanlar, yaylaqların,
Axar çaylar, saf çeşmələr, sərin-soyuq bulaqların,
Nələr demir, yaşıl meşən, xışıldayan yarpaqların,
Təbiətin, gözəlliyin surətisən, Azərbaycan!

Günəş kimi bir xilqətsən, tunc, mis qarışıq camalın var,
Aydan arı, sudan duru zəngin zəkan, kamalın var,
Azadlığa gedən yolsan, bir müqəddəs amalın var,
Peyğəmbərin hümmətisən, millətimsən, Azərbaycan!

Sənsən mənim cəvahirim, ləl-gövhərim, daş-qaşım da,
Sənsən mənim təvəllüdüm, ilk tarixim, son yaşım da,
Yayım, yazım, al baharım, zimistanım, sərt qışım da,
Xoş dövranım, səadətim, möhnətimsən, Azərbaycan!

Neft deyir: - Ömür adlı dastanında hər varağın,
Odur sənin görən gözün, şölə saçan şam-çırağın,
Dəmir-filiz yatağıdır, hər qarışı bu torpağın,
Qızıl, gümüş mədənisən, sərvətimsən, Azərbaycan!

Sənsən mənim çəmənzarım, laləzarım, gülüstanım,
Sənsən mənim ulu Tanrım, ilk əcdadım, - Qobustanım,
Sənsən mənim Tanrı yazan, Xuda verən, şah dastanım,
Məkkəm də sən, Mədinəm də, Kəbəm də sən, Azərbaycan!
Qazax,
27.07.2003


Bahar və mən
(poema)

Gəl bahar! Mən səni bağrıma basım,
Gəl, sənin qəlbinə bir qulaq asım.
Ey pərim, gözəlsən yaranışından,
Zövq aldıq sevdalı davranışından.
Gəl, gəl ətirlənək gül nəfəsindən,
Quşlar da silkinsin öz qəfəsindən.
Çaylar da gurlaşsın, qıjhaqıj axsın,
Təbiət gül açsın, otların qalxsın.
Quşlar bağçalarda versin səs-səsə,
Torpağa can ver ki, gəlsin həvəsə.
Lalələr boylansın, gen düzlərindən,
Günəş də şənlənsin od gözlərindən.
Açılsın qarşında zümrüd gecələr,
Günəş dağ dalında çətin gecələr.
Ay da gülümsəsin baxıb yerlərə,
Yerdə işıqlansın bütün dağ-dərə.
“Ulduzlar havanın bağrını dəlsin”,
Yerlərdən göylərə şərqi yüksəlsin.
Gün qızsın, quzeydə qarı dağlasın,
Uşaqlar çöllərdə dəstə bağlasın.
Danışsın, oynasın, desin, güləşsin,
Qoyunlar otlasın, quzu mələşsin.
Duman tək düzlərə sürü yayılsın,
Hər kolun dibindən bir gül ayılsın.
Bir daşın üstündə otursun çoban,
Uzaqdan seyr edim mən də bu zaman.
Çalsın tütəyində “Qaytar quzunu”,
Nəğməsi səs salsın, dərə uzunu.
Gecələr gündüzə qarışsın nurla,
Yolumuz başlasın, keçsin uğurla.
Gəlsin görkəmində alagöz səhər,
Kənd qursun, yaratsın, qaynasın şəhər.
Gəl bahar, gəl öpüm yanaqlarından,
Bal kimi nur əmim dodaqlarından.
Gəl ki, qoy göylərdən bulud əkilsin.
Çən-çisək yox olsun, duman çəkilsin.
Ətəkdən zirvəyə duman qalxmasın,
Bulud karvanları göydə axmasın.
Yurdumuz-yuvamız laləzar olsun,
Nə dava, nə qırğın, nə məzar olsun.
Bahar, ay bahar,
Davadan söz saldım, doldu gözlərin,
Səni sarsıtmasın mənim sözlərim.
Sən də bir az toxta,
fəqət qoy deyim,
Qəmli hava çalır nə vaxtdır neyim.
Düz altı ildir ki, vuruşuruq biz,
Vətənlə döyünür vuran qəlbimiz.
Dedim ki, toxta sən,
Sarsılma, sözlərim qəlbini sarsa,
Dünyanın nə qədər daşnakı varsa,
Bu gün hücum çəkib Azərbaycana...
Demək istəmədim dərdimi sana...
Bil ki sən, nə qədər yurdumuz yandı,
Könlümüz pərişan, qəlbimiz qandı.
Qoy deyim, sən də bil –
Dostum ilbəil,
Yandı od içində, yandı Xocalı,
Yandı Üzeyirin böyük mahalı,
Şuşam, məğrur qalam – alındı, bahar,
Laçınım kəməndə salındı, bahar.
O gecə yanmadı göylərin şamı,
Tutdular Ağdamı həmin axşamı.
Nizamlı orduyla hücum çəkdilər,
Kəlbəcər! Bu yurdda şumlar əkdilər.
Bahar, tonqal kimi obam yanırdı,
Bu dərddən sinəmdə qəlb dayanırdı.
Ah! Bahar!
Ömrümün min qəmli macərası var,
Əsgərlər tüfəngi yerə atdılar,
Doğmalar torpağı yada satdılar.
Beyləqan, Zəngəzur, el ağlaşırdı...
Çox adam həyatla vidalaşırdı...
Ölümlər...
qırğınlar... min azar oldu,
Könüllər sındıqca, ahu-zar oldu,
Döyüşən bir əsgər, bir məzar oldu.
Hər döyüş əsgəri döndü dastana,
Tanrı ölüm yazsın, Ermənistana!
Nə edək, qılıncı qoymadıq qına,
Hər yerdən hücum var Azərbaycana.
Torpaqlar dizəcən batıbdır qana,
Cənnətim dönürdü məzarıstana,
Tanrı ölüm yazsın, Ermənistana!
Hakim dairələri ara qatdılar,
Nankor oğullar da yurdu satdılar,
Min dəfə qan qusub, qana batdılar.
Neçə yol ayrıcı, neçə astana...
Tanrı ölüm yazsın, Ermənistana...
Torpaq səngər oldu, daş səngər oldu,
Hər qaya zirehli bir əsgər oldu,
Vətən başdan-başa səfərbər oldu.
Hər gəlin, hər ana döndü aslana,
Tanrı ölüm yazsın, Ermənistana.
Ey daşnak, dərsini verəcək zaman,
Hər oğlum, hər qızım igid qəhrəman.
Ey faşist, ey cəllad,
ey yağı düşmən,
De, necə qıydınız bu gülüstana?..
Tanrı ölüm yazsın Ermənistana!
Gəl bahar! Bir başqa təbiətin var,
Sənin səadət dolu bir xilqətin var.
Əsən küləklərlə gah əsnəyirsən,
Gah da sevgilim tək gülümsəyirsən.
Sənindir gözəllik, sənindir bu naz,
Tanrı camalını sevməmək olmaz.
Qoşuldum quşlara, uçum uzağa,
O ülvi göylərdən baxım Qazağa.
Kürün sahilində kiçik bir şəhər,
Şəhərin qoynunda Kür ağ bir kəhər.
Sahilə şığısın dalğalarınnan,
Sevinsin, şadlansın ellər varınnan.
Deyirəm, utansın yurdu satanlar,
Qırğın törədənlər, güllə atanlar.
Gəl bahar!
Ömrümün min qəmli macərası var,
Gəl ki, qoy göylərdən bulud əkilsin,
Çən-çisək yox olsun, duman çəkilsin.
Ətəkdən zirvəyə duman qalxmasın,
Bulud karvanları göydə axmasın.
Yurdumuz, yuvamız laləzar olsun,
Nə dava, nə qırğın, nə məzar olsun!

24-05-2024, 15:26
Dərbəndin müdafiə-istehkam qurğuları

“Dərbəndin müdafiə-istehkam qurğuları (qədim dövrdən XX əsrin əvvəllərinə qədər)” kitabı çapdan çıxıb

Milli Müdafiə Universitetində “Dərbəndin müdafiə-istehkam qurğuları (qədim dövrdən XX əsrin əvvəllərinə qədər)” kitabı işıq üzü görüb. Geniş oxucu üçün nəzərdə tutulan əsər müəllifi Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
AZƏRTAC xəbər verir ki, kitab Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb və Dərbənddə hərbi istehkamlar və müxtəlif təyinatlı müdafiə qurğuların inşası tarixinə həsr olunub.

Nəşrdə Dərbənd ərazisində qədim dövrdə və orta əsrlərdə baş vermiş tarixi hərbi-siyasi hadisələr və müharibələrdən bəhs olunur. Həmçinin Xəzər dənizinin qərb sahilləri uğrunda apardıqları qanlı mübarizədə Dərbənd keçidinin mühüm hərbi-strateji əhəmiyyəti əksini tapıb. Yadellilərin hücumlarından qorunmaq və müdafiə olunmaq məqsədilə həmin ərazilərdə müxtəlif təyinatlı müdafiə-istehkam qurğuların qədim dövrdə yaranması prosesi kitabda tədqiq olunur və orta əsrlərdə inkişafı məsələləri işıqlandırılır.
Hazırda Azərbaycan tarixşünaslığında Dərbənd Şimali Azərbaycanın ən qədim şəhərlərindən biri və Şərqin qədim memarlıq abidəsi kimi öyrənilir. Təqdim edilən nəşr respublikanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin adyunkt və dissertantları, professor-müəllim heyəti, tələbələri və kursantları, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
18-05-2024, 16:30
Şair İnqilab İsaq vəfat etdi


Şair İnqilab İsaq vəfat etdi

Şair İnqilab İsaq 71 yaşında dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, o, yaşadığı Göygöl rayon Üçtəpə kəndində vəfat edib.
İ.İsaq "Ümidə borclu dünya", "Deməyə sözüm var", "Aləm cənnətə dönsə", "Aydan axan bulaq", "Sabahın ümidləri", "Obaları gəzə-gəzə" və başqa əsərlərin müəllifidir.
14-05-2024, 23:07
Nobel mükafatı laureatı vəfat etdi


Nobel mükafatı laureatı vəfat etdi

Kanadalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Elis Munro vəfat edib.
O, 92 yaşında dünyasını dəyişib.
Yazıçı azı 10 il demensiyadan əziyyət çəkib.
Munro Kanadanın Ontario əyalətindəki qocalar evində dünyasını dəyişib.
Qeyd edək ki, Munro 2009-cu ildə yazıçı məcmu nailiyyətlərinə görə Beynəlxalq Buker Mükafatını qazanıb, dörd ildən sonra isə "müasir qısa hekayənin ustası" kimi Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!