Turan UĞUR
AYB üzvü, ssenarist
GECİKMİŞ CAVAB (Araşdırma-yazını tarixçi İqrar Əliyevin dilimizə və etnogenezimizə qarşı yazdığı və söylədiyi mülahizələrinə cavab olaraq yazmağı şəxsim və ulusum adına şərəfli bir borc sayıram)
“Lui Pasterin ibrətli sözlərini tarix bu gün də yaşadır:
Elmin vətəni yoxdur, alimin Vətəni var! Faktları bilə-bilə təhrif edənə, baş-ayaq döndərənə necə “yaxşı alim”, ümumiyyətlə necə “alim” demək olar? O vaxt - tələbəykən deməmişdik, indi ağlımız elm kəsəndən sonra heç demərik.”
Rafael Hüseynov
AkademikBelə deyirlər ki, dünyasını dəyişmiş insanların arxasınca ya yaxşı danışın, ya da ki, ümumiyyətlə susun. Bəs söhbət bizim etnogenezimizdən – mənşəyimizdən, babamızdan, atamızdan, dilimizdən gedirsə, necə olsun?! Onda da susaqmı?
Susaq ki, yanlışlar illərdən qərinələrə, qərinələrdən əsrlərə doğru uzanıb getsin?!Bağışlayacaqsız, mən mənşəyimizlə bağlı bildiyim gerçəkləri yazacam, fəqət ağa ağ, qaraya qara demək prinsipi ilə.
Əvvəla nəyə görə - “Gecikmiş cavab”. Mənə qədər də İqrar Əliyevin fikirlərini alt-üst edən mülahizələr deyilib və səslənib. Akademik Tofiq Hacıyevin, Akademik Nizami Cəfərovun tutarlı və sanballı cavablarını dəfələrlə eşitmiş və oxumuşuq. Bundan başqa türkoloq Elməddin Əlibəyzadənin “İqrar Əliyevin əleyhinə 9 məqalə” adlı kitabı da bu qəbildən xeyli önəm daşıyır. Amma “Gecikmiş cavab”ı məhz öz mövqeyimdən çıxış edərək söyləyirəm ki, bunun da əsaslı səbəbləri var. Çünki İqrar Əliyevlə aramızda çox böyük -59 il yaş fərqi olduğundan, tarixçinin sağlığında belə bir cavabda bulunmaq şansım olmayıb. Yəni İqrar Əliyev dünyasını dəyişəndə mənim hərbi xidmətimi başa vurmağıma hələ 20 gün qalırdı. Belə bir fürsət onun sağlığında olsaydı, lap yaxşı olardı. Bütün bunlara rəğmən tarixçiyə cavab verməyi şəxsim adına şərəfli bir missiya, vacib bir görəv sayıram.
Əvvəlcə ondan başlayaq ki, ana dilimizdə sınıq-salxaq, əcaib şəkildə danışan, daha doğrusu, danışmağa cəhd edən mərhum İqrar Əliyev kimi tarixçilərin millətimizin etnogenezi və doğma türkcəmiz haqqında rəy verməyə haqqı varmı?
-Məncə, yox!
İqrar Əliyevin sağlığında etdiyi çıxışlarına və yazdığı oçerklərinə diqqət yetirin! Bilhassə də məlum toplantıda, rəhmətlik Heydər Əliyevin rəhbərliyi ilə, 1995-ci ildə Konstitusiyamızın qəbulu ərəfəsində təşkil olumuş müşavirədə çıxışçılardan biri olan İqrar Əliyevin mətnini təfərrüatı ilə yazacam və ona əks arqumentlərimi mütləq sadalayacam.
Qədim mənbə və məxəzlərlə işləyən İqrar müəllim latın və yunan dillərini də doğma türkcəmiz kimi sınıq-salxaq, kəm-kəsir formada bilirdisə, onda vay başıbəlalı dilimizin halına...
Haçansa, hardasa eşitmişdim ki, “tarix təkərrür edər, fəqət bir dürlü ibrət alınmaz”. Yəni tarixi gerçəkliyi danan, bütün elmi titullardan istifadə edib, bizim mənşəyimizi İran xalqlarına calayan, mülahizələrində heç bir normal arqument gətirə bilməyən, hətta “türk yazılsa, mən yazmayacam, mən yazmayacam” deyibən uşaqtək cırtqozluq edən birisi mütləq bilməli idi ki, nahaqdan Cinni Cəfər qoşunu kimi üstümüzə yüyürənləri, mənşəyimizin adını təhrif edənləri hansı aqibət gözləyir.
Etnogenez məsələsinə olan fikirlərimi ötən ilin, 2024-cü ilin oktyabrın 5-də təşkil olunmuş “Türk Dünyası Gənclərinin I Bakı Forumu” nda 10 dəqiqəlik çıxışım əsnasında bildirsəm də, bu, bütövlükdə mülahizələrimin, əsaslarımın cüzi hissəsidir. Ona görə də
“Gecikmiş cavab” yazımda bu məsələni bir daha gün işığına çıxarmaq niyyətindəyəm.
Hələ orta məktəbdə oxuyarkən təhsilini Mikayıl Müşfiq kimi, Məmmədhüseyn Təhmasib kimi bilgələrdən, münəvvərlərdən almış İqrar Əliyev əslində ömürboyu dilini və mənşəyini türk saymış müəllimlərinə qarşı iqrarsızlıq göstərib. Keçək əsas mətləbə.
Ana dilimizlə bağlı təşkil olunmuş həmin müzakirədə İqrar Əliyevin məlum çıxışını xatırlayaq: Qeyd edim ki, mən o çağlar 12 yaşımda olsam da, atamla çox həyəcanla həmin çıxışları izləmişdim.
İnsaf naminə deyək ki, Anar, Elçin, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Vaqif Cəbrayılzadə (Bayatlı) dilimizin adını – türk adını müdafiə etmişdilər. Sayğıdəyər Tofiq Hacıyevin də yerindən qalxıb İqrar Əliyevə cavab verdiyini dumanlı da olsa xatırlayıram. Türkoloq Firudin Cəlilov isə həmin müşavirəni belə şərh edir:
“Məhəmməd Əmin Rəsulzadə dövründə dilimizin adı, xalqımızın adı türk olur. Və 1936-cı ilə kimi mənim atamın-anamın pasportunda türk yazılır. Stalinin göstərişi ilə sonradan türk sözünü silib azərbaycanlı yazıblar. Bu, imperiyanın türkçülüyə qarşı səlib müharibəsi idi. Niyə məni o toplantıya çağırmadılar? Çünki bu sözləri orada deyəcəkdim. İqrar Əliyevi çağırdılar. O da deyirdi ki, mən türk sözü eşidəndə elə bil məni söyürlər.”
Görəsən niyə özünü söyülmüş bilirdi İqrar Əliyev, nədən hürkür, nədən xoflanırdı. Onu bu kontekstdə rahatsız edən nə idi əcəba?
Əvvəla dilimiz məsələsinə lap az toxunacam, zira müxtəlif yazılarımda və çıxışlarımda bu barədə fikrimi bildirmişəm. Heç bir emosiyaya qapılmadan, filoloq kimi deyim ki, dilimizin adı türk dilidir. Yəni xalis türk dili – azərbaycan dili, azərbaycan türkcəsi, azərbaycan-türk dili, azəri dili bütün bu təbirlər qüsurludur.
Başlayaq “azərbaycan dili” variantından.
Birincisi, Azərbaycan coğrafi anlam daşıyır, məmləkətimizin, Cümhuriyyətimizin adını bildirir. Dili isə millət danışır, torpaq daş, divar yox;
İkincisi, dünyanın heç bir yerində İngiltərə dili, Fransa dili kimi bir ifadə yoxdur. Yəni coğrafi məkanı dil adı kimi götürmək linqvistikanın prinsiplərini ciddi şəkildə pozur. Mən klassik linqvistikanı, dilçiliklə bağlı ağıla gələn bütün elmləri nəzərdə tuturam. Sadə desəm, bu gün azərbaycan dili – ölkənin adı ilə ölçülürsə, Təbrizdə, Borçalıda, yaxud Dərbənddə yaşayan azərbaycan türkü üçün bu amil keçərli olmur. Bu minvalla o da doğma türk dilimizə İran dili, yaxud Gürcüstan dili, yaxud Dağıstan dili deməlidir. Belə yanaşma dilçilik nöqteyi-nəzərdən doğru deyil;
Üçüncüsü, azərbaycanlı sözü ümumiyyətlə, yalnız “Kəşkül” qəzetində 1891-ci ildən dövriyyəyə buraxılıb. Ünsizadə qardaşlarının – Səid, Cəmaləddin və Kamal Ünsizadə qardaşlarının qəzetlərində ilk dəfə kimlik kimi istifadə olunub; onlar da Mirzə Kazım bəyə istinad ediblər. Söhbət Azərbaycan sözünün müxtəlif mənbələrdə toponim kimi işlənməsindən getmir, yalnız milli identiklik anlamında gedir. Bəs ondan əvvəl babalarımızın dili ilə bizim dilimizin adı ayrı-ayrı səslənirsə, Xaqani Şirvaniyə, Məhəmməd Füzuliyə, Qövsi Təbriziyə, Molla Pənah Vaqifə, Mirzə Şəfi Vazehə, Zikri Ərdəbiliyə, Hacı Əbülhəsən Raciyə,
Seyid Əbülqasım Nəbatiyə, Mirzə Ələkbər Sabirə, Hüseyn Cavidə, Əhməd Cavada, Məhəmmədhüseyn Şəhriyara, Mikayıl Müşfiqə, Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya hansı haqla babamız deyə bilərik?! Axı onlar özlərinə və dilimizə türk deyiblər. Vazeh cüngündə “irqim türk, lisanım türk” deyir. Sən azərbaycan deyirsənsə, M.Ş.Vazeh artıq sənin baban olmur.
Azərbaycan türkcəsi təbiri də nöqsanlıdır. Sanki bu ölkədə türk dilinin onlarla ləhcəsi var və azərbaycan türkcəsi də onlardan biridir. Yəni bu variantda ana dilimiz müstəqil dil kimi yox, ləhcə kimi təqdim olunur.
Azərbaycan-türk dili də qüsurludur və estetik deyil. Hər dəfə sənədləşmələrdə, tərcümələrdə bu variant çətinlik yaradır, öncə məkanın, sonra dilin adının çəkilməsi metodoloji baxımdan, sistemlilik aspektindən düz gəlmir. Axı bu ərazidə məskunlaşmazdan əvvəl də bir ulus kimi mövcud olmuşuq. Ulusumuzun dilinin coğrafi ərazidən asılı düşməsi, birincliyin ikinciliklə əvəzlənməsi, həmçinin sanki “bu ərazilər olmazsa, türk milləti də olmaz!” kimi mənalarını şərtləndirir;
Təbii ki, azəri dili də kökündən yanlışdır. Əvvəla, azəri təbiri farscadır, nəyə görə farslar dilimizə ad qoymalıdırlar? Sonra isə bu azəri ifadəsi ötən əsrin 20-ci illərində Əhməd Kəsrəvi İran rejiminin əli ilə aparılan kampaniyanın təzahürüdür. Bəzi tarixçilər isə azəri sözünü İrandilli tayfalardan biri kimi dəyərləndiriblər. Azəri sözü həm siyasi, həm də elmi baxımdan səhv variant kimi tarixdən boy verir. Bütün hallarda, azəri təbirini qəbul etmiriksə, azəri dilini heç qəbul etmək olmaz!
Ən düzgün variant xalis türk dilidir. Hətta bunun tərəfdarları belə bəzən çəkinirdilər ki, birdən dilimiz Anadolu türkcəsi ilə qarışıq salınar. Əvvəla, salınmaz! Dilin strukturu, kökü, qrammatikası, qaynaqları eynidirsə, adı da eyni olmalıdır. Leksikonumuzda müəyyən sözlər var ki, orada işlənir biz də yox, yaxud əksinə. Bunu vurğularla, intonasiyalarla fərqləndiririk. Bundan ötrü dilin adını dəyişmirlər ki?!
Azərbaycanda da Naxçıvan, Şəki, Lənkəran və başqa ləhcələrdə bəzən elə danışılır ki, bir-birimizi başa düşməkdə çətinlik çəkirik. İndi qalxaq dilimizin adını dəyişdirək?! Bu da faktdır ki, dost-düşmənimiz də bizə türk deyir, bu da türk versiyasını qüvvətləndirir.
Başqa bir narahatlıq yaradan məqam isə bununla bağlıdır: özbək, qazax, qırğız və.s axı onların da müstəqil adı var, belə çıxır biz onlardan fərqliyik. Ərz edim ki, bizim dilimizin başında edilən dəlləklik onların da başında edilib və qardaşlarımızın da dilinin türk kökənindən ayrılması, ümumi halqadan qoparılması üçün Sovetlər Birliyində bütün addımlar atılıb. Ona görə tarixi köklərə qayıdıb, zənciri qırıldığı nöqtədən yenidən bağlamaqda fayda var. Yəni Türküstan qardaşlarımız da tarixin çarxını döndərməli, türk kimliklərinin haqqını verməlidirlər. İsveçrədə, yaxud Belçikada fransızca danışan və Fransada fransızca danışanlar bu dilə fərqli-fərqli adlar qoymağa lüzum görməyiblər. Hərçənd onların da ləhcələrində fərq az deyil. Dilin adını dəyişmək millətin diffuziya olunmasına qədər yollar açır ki, Mərkəzi Asiya türkləri də bu barədə uzun-uzun, qara-qara düşünməlidirlər.
Xülasə, dilimizin adının türk dili olması haqqında çox yazdığımdan digər arqumentlərimi burada təkrarlamağa ehtiyac qalmır. Onu da ərz edim ki, dilimiz Altay dil ailəsinin Oğuz dil qrupuna aid olaraq türk dili kimi təzahür edir. Bunu da çox bölgülərə bölmək dili daha çox məhəlliləşdirir. Bu yanaşmada “dilimiz inkişaf edib, bunun nəticəsində azərbaycan dili olub” kimi yanaşmalar cəfəngdir. 50 il sonra dilimiz bir qədər də zənginləşsə, yaxud inkişaf etsə, onda yenəmi adını dəyişdirməliyik?! Belə yanaşma dünya praktikasında yoxdur. Dil canlı bir varlıqdır. Dilə yeni sözlər gəlir, köhnəlmiş, istifadədən çıxmış sözlər-arxaizm yaranır və.s. Bu zəruri və təbii haldır. Avropa dillərində 500 il öncə olan dilin lüğət tərkibi bugünkündən kəskin şəkildə fərqlənir. Dünyada baş verən sənaye inqilabları, elmi-texniki tərəqqi, müxtəlif icadlar nəticəsində yaranmış terminlər – ixtisaslaşmış sözlər və.s dilllərin lüğət tərkibini zənginləşdirib, lakin nə fransız, nə ingilis dilinin adını bu niyyətlə dəyişməyib. Türkün də danışdığı dil türk dili olmalıdır.
Gələk, həmin məşhur müzakirəyə. Gerçəkdən də mən o vaxt həmin müzakirəni izlədiyimdə Akademik Ziya Bünyadovun, İqrar Əliyevin antitürk çıxışlarından atamın xeyli təəssüfləndiyini, habelə Bəxtiyar Vahabzadənin, Zəlimxan Yaqubun çıxışlarını isə böyük rəğbətlə qarşıladığını əla xatırlayıram. Sonra dəfələrlə həmin görüntüləri sosial platformalarda izləmək şansım oldu. Hər bir məruzəni diqqətlə dinlədim. Bu dəfə atamın təəssüflənmə hissini yenidən öz köksümdə, öz içimdə daha qabarıq şəkildə hiss etməyə başladım.
Qeyd: Ana dilimizdə və rus dilində kamil şəkildə danışan, nitqi səlis, məntiqli və bəlağətli olan rəhmətlik Heydər Əliyevin yanında bir professorun, Əməkdar elm xadiminin, sovetin ideoloji dayaqlarına söykənərək bütün titulları mənimsəmiş İqrar Əliyevin kəkələyə-kəkələyə danışması da ayrı bir xəcalət, ayrı bir faciədir. Özü də həmin çıxışda səsinin bir qədər ucadan çıxması, adətən ətrafdıkalara çımxıraraq təşəxxüslü nəzərlərlə üsyan etməsini, içindəki türk xofundan qaynaqlanan psixoloji bir amillə də izah etmək olar: Həmin çıxış əsnasında “Həqiqətlər pıçıltı ilə, yalanlar hayqırılaraq deyilər” deyimi bir daha gerçəklik qiyafəsinə büründü.
-Əl-qərəz, həmin məlum çıxışında nə deyirdi İqrar Əliyev? Yadımıza salaq:
“Hərdən məsuliyyətsiz danışıqlar olur. Deyir ki, bizim adımız olsun türk, azərbaycan türkü, azərbaycan türkcəsi. Niyə görə mən bu türkün əleyhinəyəm? Çünki, Heydər Əliyeviç, bu mənbələrə görə 500 ailədən ibarət olan türklər, Aşinanın rəhbərliyi altında olan türklər türk dilində danışmırdılar.Onlar monqol dilində danışırdılar. Niyə biz, niyə biz.... onlar üçün qondarma dil olan, 6, 7-ci əsrlərdə o türklərin qalan hissəsi türk adını qəbul ediblər. Türk millət kimi, xalq kimi məhv olub getdi. Düzdür, türk adını daşımıyan digər türkdilli xalqlar rus demişkən, “s lexkoy ruki arabom, i tak dale” qəbul elədilər türk adını.Türk adını bu saat qəbul eləmək bu saat türklər üçün, osmanlı türkləri üçün qəbahətdir, çünki türk böyük bir ailənin, 23-24 dilin nümayəndəsi olan böyük bir ailənin adıdır. Bəs indi əgər biz...rusca yenə də var...”razniça est” birinə tyurok deyilir, o birinə “türk” deyilir. Bizim dildə bu ayrılma yoxdur. Biz türk dilində, türk xalqlarını başa düşürük, ya müasir türk....Osmanlı türkcəsini düşünürük? Bəziləri deyirlər ki, biz niyə o müəyyən dövrdə qəbul elədiyimiz türk adını ataq üstümüzdən? Məgər Osmanlılar 5-6 əsr işlətdiyi osmanlı məfhumunu atmadılarmı üstlərindən. Müəyyən siyasi məqsədləri güdüb, türk...inqilabdan sonra türklər özlərini türk adlandırmadılarmı?!Türk rəhbərlər dedilər ki, bizə 100 milyonluq türk milləti lazımdır. Buna görə Türkiyənin adını türk etdilər. Bizə bu saat 100 milyonluq türk lazım deyil! Bizim özümüzə bəsdir azərbaycanlılar. 35-40 milyonluq azərbaycanlıyıq. Bizim bu saat o siyasi oyunlara baş qoşmağa nə həvəsimiz, nə imkanımız var. Və mən ona görə də, hesab edirəm ki, azərbaycan dili olmalıdır. Azərbaycan Respublikasının dövlət dili azərbaycan dili olmalıdır. Nə azərbaycan türkcəsi, azərbaycan türk dili olmamalıdır.”
İqrar Əliyevin bu rabitəsiz, məntiqsiz, habelə monqoldan türkə, türkdən osmanlıya hoppana-hoppana keçid etməsinə təəccüb etməmək olmur. Tarixçinin çıxışının lap sonundan başlayıram. Deyir ki, “biz 35-40 milyonluq azərbaycanlıyıq, türk lazım deyil.”
Hörmətli “alimimiz” necə coşubsa unudub ki, onun dilə gətirdiyi 35-40 milyonluq azərbaycanlı, (Nəzərə alsaq ki, həmin çıxışdan 30 il keçib, bu gün təxminən sayı 50 milyondan çoxdur ki, onların da güneydəki hissəsi 35 milyondan az deyil) özünə türk deyirlər. Vurğulayım ki, mənim babam İsmayıl Paydar güneydən quzeyə pənah gətirənlərdəndir. Əmioğlanlarımız ildə, yaxud iki ildə bir bizdə müsafir olurlar. Söhbət əsnasında Mahmud əmioğlu deyəndə ki, “Turan, filan sözü türki yaz görüm”, mən deyəndə ki, “azərbaycanca?” onda həmin andaca İqrar müəllimin bütün arqumentləri puç olur. Əgər dilimizin adını ayrı-ayrı deyiriksə, obrazlı desəm, əmioğıumuzla ayrı-ayrı havalara qol götürüb oynayırıqsa, onda bizim qardaş, əmioğlu olmağımıza haqqımız çatırmı?!
İqrar Əliyev 35-40 milyonluq azərbaycanlının taleyini düşünürdüsə, nəzərə almalı idi ki, bizim daha çoxumuz –ulusumuzun daha böyük kəsimi özünə türk deyir. Tarixçi daha sonra deyir ki:
“Osmanlılar 5-6 əsr işlətdikləri osmanlı sözünü atdılar, türkü götürdülər”.
Bu əcaib fikri ancaq İqrar Əliyev səsləndirə bilərdi
Əvvəla, bildirir ki, siyasi məqsədlərə görə atmaq olar. Gəlin, elementar bir misal çəkək, fərz edək ki, yurdumuzun sadə bir vətəndaşı, tutalım Əli kişinin oğludur, 10 il keçir deyirlər yox, sən Məmməd kişinin oğlusan, bir az keçir məqsədlərinə görə deyirlər Vəli kişinin oğlusan. Necə təsir edər, adama? Təsir edər nədir, bir azacıq ləyaqəti olan gedib kəndir axtarar özünə. Özünü asmaq üçün. İqrar müəllimin sözünə və məntiqinə görə isə kəndirə ehtiyac yoxdur, çarx hara dönür, o tərəfə də yükünü götür, köçünü elə!
İkincisi, osmanlı sözünü atmaq məsələsinə gələk, guya “osmanlı” haranın sözü idi, erməni sözü deyildi ki!!! Osmanlı sözünə diqqət yetirək:
24 oğuz boyundan ən sonuncusu kınıkların qurduğu, Səlcuqlar dövlətinin üzərində pərvəriş tapan osmanlı dövlətinin əsasında daha çox kayılar, (yəni oğuzun ikinci qəbiləsi) iştirak ediblər. Sonuncu övladın, yəni Oğuz boyunun sonuncu qəbiləsi olan kınıkların Səlcuqların qurucusu sayılması tarixi gerçəklikdir.”Osmanlı” adı qərbdəki mənbələrdə, məxsusən fransızcada Ottoman, “L”empire Ottoman” kimi tələffüz edilir. Yəni od qoruyan – “Ottoman”. Türk gələnəklərinə görə ailənin odunu qorumaq, evin çırağını yandırmaq adəti üzrə kiçik övladlara həvalə edilirdi. Bu gün də Azərbaycanda və Anadolunun bir çox elində evləndikdə, kiçik övlad ata ocağında qalır, böyük övlad isə evdən çıxır. Yəni bir imperiyanın çöküşü və əvəzində Türkiyə Cümhuriyyətinin onun yerində yaranışı, oraya başqa millətin gəlib başqa adı götürməsi anlamına gəlməz. Bu əcaib fikri ancaq İqrar Əliyev səsləndirə bilərdi ki, bu da gözlənilən idi. Çünki, hələ ötən əsrin 50-ci illərindən etibarən “Azərbaycan tarixi” nin üçcildlik akademik nəşrinin birinci cildində İqrar Əliyevin baxışlar sistemi özünü göstərməyə başlamışdı.”
İqrar Əliyevin etnogenez konsepsiyası” kimi formalaşan həmin sistem xalqımızın mənşəyini iran xalqlarına calamaq niyyətindən başqa bir şey deyildi.
Gələk, məlum çıxışın davamına:
- “Türklər 500 ailədən ibarət olub”. Təsəvvür edirsiz., oğuz, uyğur-karluq və qıpçaq türklərinin milyonlarla insanı olan, böyük bir coğrafiyanı qapsayan türklər vur-tut 500 ailədən ibarət imiş. 500 ailə, orta statistika göstəricisi ilə bir ailədə 4 nəfər götürsək 2000 türk edir. Avrasiya materikindəki türklərin ümumi sayı bu saat 300 milyon civarındadır. 500 ailədən 300 milyonluq insan almaq “məharəti” yəqin ki, fanstastik bir “istedad”, ya da ki, müdhiş bir sehrbazlıqdır.
Lütfən, birisi çıxsın 1000 il öncə 500 ailədən ibarət olmuş və günümüzdə sayı 300 milyona çatmış millət göstərsin. Tarixçi deyir ki, Aşinanın rəhbərlik etdiyi türklər türkcə danışmırdılar, monqolca danışırdılar.
Orxon-Yenisey abidələri elə həmin dövrdən, Aşina nəslindən bizə ərməğan deyilmi?! Ordakı ibrətamiz sözlər, çağırışlar türk ərinə ünvanlanmayıbmı? Bilgə Xaqan Aşina nəslindən deyildimi?
“Göydə mavi göy çökməzsə, altda yer dəlinməzsə, türk milləti, Sənin birliyini, törəni kim poza bilər?!”
Bilgə Xaqanın bu sözləri türkcə deyildimi? Qədim runik yazılar bizim türkcəmizlə səsləşmirmi?! Ərz edim ki, Orxon abidələrində həm də türk dilinin bütün incəlikləri təhrifsiz şəkildə əksini tapır.”Oğul” sözü həm qız, həm oğlan övlada aid edilib.”Kişi” sözü də ümumiyyətlə, insan mənasında işlədilib. Ancaq bizdə sonradan bu sözlərin semantikası daralıb, həmin sözlər cinsiyyət anlamında fərqləndirilib. Bəs osmanlılarla necə oldu ki, həmin yazılar eynilik təşkil etdi? Axı İqrar Əliyevin təbiricə onlar türk deyildilər.
İqrar Əliyev dərs dediyi müddətdə də belə uydurma, cəfəng fikirləri ilə tələbələrin beynini çox “yumuşdu”. Yaxşı ki, rəhmətlik Əbülfəz Elçibəy həmin dərslərdən sonra bu millətin öz mənşəyini özünə qaytaran mühazirələri ilə yaddaşlarda qalıb.
7 mart 2025-ci il
"Bütöv Azərbaycan" qəzetiƏvvəli keçən sayımızda Elə bu konteksdə Akademik Rafael Hüseynovun bir xatirəsini xatırlamaq lap yerinə düşərdi.
Rafael Hüseynov:“Bizə Əbülfəz müəllimi ilk təqdim edən 1972-ci ildə Azərbaycan tarixi dərslərimizi aparan Şamil Məmmədbəyli olmuşdu. Oxumalı olduğu mühazirələrindən bir neçəsini İqrar Əliyevə həvalə etmişdi.
Şamil müəllim özü də bizimlə oturub qulaq asırdı. İqrar Əliyev kökümüzdən, əslimizdən 1980-90-cı illərdə necə danışır və yazırdısa, onda da o cür idi. Ardınca Əbülfəz müəllim gəldi.
Tam əks olan bir mövqe.
İrançı baxışa qarşılıq olan turançı baxış. Bizi İran, fars mənşəli elan edən konsepsiyaya qarşı təmiz türk əsilliyimizə aid düşüncə şəbəkəsi dayandı. 2-3 mühazirəsi boyunca dərsliyimizə artıq yazılmış (ovaxtkı üçcildlik Azərbaycan tarixi dərsliyinin ən məsul və mühüm olan birinci cildinin redaktoru İqrar Əliyev idi) az öncə isə artıq şifahi şəkildə beyinlərimizə pərçim etdirilən saxta təsəvvürü dağıtdı. Bizə əvvəlki mühazirəçinin şəxsiyyəti haqqında bircə kəlmə belə bəhs etmədən onun guya böyük alim olması haqda mifin puç olduğunu anlatdı.”
Gerçəkdən İqrar Əliyevin fikri belə idi ki, guya biz iran xalqlarından biriyik və hamımız eramızın 6-7-ci əsrində öz mənşəyimizi dəyişib türk adını götürmüşük. Bəs ay İqrar müəllim, bəs bizim etnogenezimiz digər türk uluslarından - türkmənlərdən, qazaxlardan, qırğızlardan, özbəklərdən cüzi fərqlənir axı. Bənzərliyimiz,daha doğrusu, eyniliyimiz fərqliliyimiz fonunda daha mükəmməl və daha ardıcıl görünmürmü?!
Folklorumuzun İraq türkmanları, Kıbrıs türkləri ilə tamamən eyni olması İqrar müəllimin arqumentlərini kökündən alt-üst edir. Çünki İqrar müəllimin məntiqi ilə getsək gərək mən irandilli xalqlarla eyni düşünəydim, ancaq göründüyü kimi farsla, taciklə, əfqanla, talışla, zaza ilə, kürdlə, tatla yox, türk soyundan gələnlərlə eyniyik. Bayatılarımız fonunda etnogenezimizin türk faktoru bu dəm daha ucaboylu görünür. Bir az da incələyək:
İraq türkmanları ilə eyni bayatıları bölüşməyimiz, eyni təfəkkürün və eyni qanın daşıcıyısı olmağımız anlamına gəlir. Kərkük türkmanlarının “xoyrat” dediyi bayatılar bizim öz şeiriyyatımız, öz folklorumuzdur.
Karıdı,
Bu iş adam karıdı.
Eyiliyə qarşı eyilik,
Hər igidin karıdı.
Seyran olu,
Bahardı, seyran olu.
İki geyvil bir olsa,
Samanlıq seyran olu.Sarı Aşıq bayatılarının Kərkük elində bu gün də əzbər oxunması ruhlarımızın əkiz olmasının bir nişanəsi deyilmi, əcəba?! Nəzərə alsaq ki, Kıbrıs Türk toplumunda da mani – yəni bayatı söyləmək adəti çox yayğındır, onda bayatı coğrafiyasının sərhədləri daha da uzanar. Kıbrısda anonim xalq ədəbiyyatı adlanan manilər sevilən bir şeir növüdür. Lefkoşa, Limasol, Baf yörələrində isə “beyit”, ya da sadəcə Lefkoşaya xas olaraq “mane” adlanır. Əsasən toy-düyündə, əyləncəli məclislərdə mani yarışmaları da keçirilir. Bu yarışmalara “mani çatışması” da deyilir. Eynən bayatıda olduğu kimi, mani 4 misradan ibarətdir ki, 1-ci, 2-ci və 4-cü misraları həmqafiyə, 3-cü misrası isə sərbəst olur.
Ovalarda labsana,
Qız üzümə baxsana.
Ağzımda diş qalmadı,
Məzləkidən yapsana.
Ay gidiyor batmağa,
Salam söylə Fatmaya.
Gargolayı onarsın,
Gəliyorum yatmağa.
Təyyarələr qırmızı,
Gəzərlər həp Gıbrızı
Gıbrızın qızları da
Sanki sabah ulduzu.Diqqətimi bir məqam cəlb etdi. Kıbrısda da bizim kimi uçaq yox, təyyarə deyilirmiş. Bir də əski Kıbrıs türkcəsində Gıbrız deyilir, lap bizim ahıl insanlarımızın təbiri ilə.
Gadifə yorğanım var
Mənim bir əfkarım var
Lefkoşanın içində
Bir ufacık yarım var.
Özünü türk sayan hər kəsin bir bənd də olsa bayatı yazma təcrübəsinin olması faktı da ortaq folklor mazimizin olması arqumentlərimi gücləndirir.
Başqa bir nümunə gətirim. Türkologiyanın banisi Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” də yer almış ortaq atalar sözlərimizdən. Kaşğarlı Mahmud bəyin tərtib etdiyi həmin lüğətdə folklorumuz da geniş şəkildə ehtiva olunub. Türküstan coğrafiyasındakı işlənən atalar sözlərinə diqqət yetirəndə həmən-həmən eyni təfəkkürün daşıyıcısı olduğumuz üzə çıxır.
Lüğətdəki atalar sözləri:1 Beş ərüngək tüz ərməs - Beş barmaq düz (bir) olmaz-
2 Bir karqa birlə kış gəlməs –Bir qarğa ilə qış gəlməz.
3 Kanıq kan bilə yumas – Qanı qanla yumazlar;
4 Bir tilku terisin ikilə soymas – Bir tülkünün dərisini iki dəfə soymazlar
5 Alplar birlə uruşma, bəklər birlə turuşma- Qəhrəmanlarla vuruşma, bəylərə qarşı durma.
Göründüyü kimi demək olar ki, eyni atalar sözləridir.
İqrar Əliyevin məntiqinə görə biz İranlı olaraq uyğur, qıpçaq türklərindən fərqli düşünməli idik ki, fərqli də atalar sözlərimiz olsun. Bəs necə oldu ki, mən uyğurla, qıpçaqla eyni təfəkkür yiyəsi oldum? Deməli, bizim soy kökümüzdə türk amili dominant rol oynayıb və bizim irandilli olmağımız iddiasını irəli sürmək tezisi saxtakarlıqdan başqa bir şey deyil.
Yəni bu boyda coğrafiyada yaşayan türklərin eyniliyini danmaq ən azı korafəhmlikdir. Ulu sözümüzdən nümunələr gətirirəm: Bəy sözü bütün türk dilləri və dialektlərində yayğın şəkildə işlənir. Ortaq türkcəmizdə bir boyun, ya da qəbilənin başçısına - bəyə - “beg” formasında rast gəlirik. Birinin əmri altında, tabe olan xalq hakimi məna çalarında da istifadə olunur. Əski Oğuz yazı dilində beg, Orxon-Yenisey mətnlərində bek kimi ehtiva olunur. Qədim mənbələrdə “bəy” sözünə əfəndi, mal sahibi kimi mənalarda-yəni Bey Tenqri kimi rast gəlirik. Qıpçaq türkcəsində beg-bəy, əfəndi, əmir kimi istifadə olunur. Çağdaş Qıpçaq qrupu ədəbi dili və dialektlərində biy formasında işlənir. Qaraqalpaq ədəbi dilində biy-bəy, bir boy, ya da qəbilənin başçısına noqay ədəbi dilində də biy kimi rast gəlirik. Azərbaycan türkcəsində bəy-ortaq türkcəylə eyni anlamda istifadə olunur. Doğma türk dilimizin Şimal ləhcəsində - Qax-Zaqatala dialektində bey-ilahi qüvvə anlamında ehtiva olunur. İqrar Əliyev və onun kimi alimlərin məntiqi ilə getsək bəy sözünün bu boyda arialda fərqli-fərqli deyilişlərinə rast gələrdik. Ancaq tam əksinə demək olar ki, oğuz türkcəsinin qıpçaq türkcəsindki bəy sözü ilə bənzərliyini, hətta bəzi vaxtlarda eyniliyini müşahidə edirik. Bu cür nümunələr minlərlədir. Məsələn, daha bir nümunə.
Ortaq türkcədə “yemək”, xüsusilə səfər üçün hazırlanan “yemək” mənasında işlənən “azuq” sözü qədim türkcədə də azuq, azuqə kimi istifadə edilib. Orxon-Yeniseydə azuk-azuqə, yemək, ərzaq mənasını verən bu sözə Mahmud Kaşğaridə də azuk-azuqə kimi rast gəlirik. Qıpçaq lüğətlərində azık, azuk,-yeyəcək qida, müasir qıpçaq qrupu ədəbi dili və dialektlərində isə azıq formasında işlənir. Qazax ədəbi dilində azıq-azık, yemək, yem, ot kimi, qaraqalpaq ədəbi dilində yemək, iaşə, ərzaq, yeməli məna çalarlarında istifadə olunur. Noqay ədəbi dilində azıq-azüqə, azərbaycan türkcəsində isə azuqə-yemək, qida ehtiyatı mənasında işlədilir.
İqrar Əliyev öz qeyri-müəyyən, əsassız tezislərini bizə sırıya bilməyəndə başlayırdı coşmağa.”Burada türk yoxdur, türk yoxdur!”- deyə nifrət kükrəyən akademiki görəsən özündən çıxaran nə idi?
Mərhum alimimiz Tofiq Hacıyevin haqlı sualı olsun onlardan biri.
Tofiq Hacıyev
Akademik-“Siz deyirsiz ki, yerli İran mənşəli etnos ilk orta əsrlərdə gəlmə türklərin dilini qəbul etdi. Ancaq nəzərə almırsız ki, məğlub dilin qalib dildə hər hansı bir substratı qalmalı idi axı! Elə deyilmi?...” Akademik İqrar Əliyevin cavabı isə həmişəki kimi yayındırıcı olur.
“Ola bilər ki, substrat qalmasın...”
Necə yəni ola bilər ki, qalmasın. Bu alim cavabıdırmı?!
Bu millətdir – onun folkloru var, onun mifologiyası var, onun ədəbiyyatı var, etno-psixiologiyası var, mental kodları var. Bəs özümüzdən əvvəlki mənşəyimizin atalar sözü hanı, dili hanı, yazılı abidələri hanı? Bu proses hansı mərhələdə olub ki, onun izi qalmayıb?!
...Və maşallah həmin məchul mənşəyimiz min ildən yuxarıdır ki, özünü yaxşıca “gizlədir”. Axı hörmətli “alim” gərək biləydi ki, tarixin izini heç nə suvaya bilmir.
Danimarkalı alim Vilhelm Tomsenin Orxon-Yenisey mətnlərini 1893-cü ildə oxuması ilə min illər əvvəlki runik yazılarımızın üzə çıxması faktı arqumentlərimi qüvvətləndirir. Baxın, təbiətin sərt rüzgarları, yağmurları, keşməkeşli olayları Orxon-Yenisey yazılarının sonunu gətirə bilməyib.
İqrar Əliyev məxəzlərlə işləyən alim kimi gərək biləydi ki, Tanrının yazısına pozu yoxdur. Gərək onu da biləydi ki, bu millətə yad babalar tapmaq bu ulusun övladlarının tənəsindən bəzən sivişib çıxmağı mümkünsüz edir. Özü də bunu elmi saxtakarlıqlar, elmi təhriflər bahasına etmək, “Alim öldü, aləm öldü” kimi atalar sözümüzü boynu bükülü, gözükölgəli edir.
İndi isə tarixçi, arxeoloq Tofiq Əzizbəylinin İqrar Əliyevi yanlışlayan mülahizələrinə diqqət kəsilək:
Tofiq Əzizbəyli:“İqrar Əliyev Ə.Kəsrəvi və tərəfdarlarına haqq qazandırmaq üçün Midiyanın tərkibində olmuş Cənubi Azərbaycan ərazisini də irandillilərin sıx şəkildə yaşadıqları Arianaya daxil edərək yazır:
Strabon Eratosfenin öz əsərində Makedoniyalı Aleksandrın silahdaşlarının məlumatlarından istifadə etmişdir. Eratosfenə görə, Parsanın, Midiyanın, Baktriyanın və Soqdiananın əhalisi azınadək birdillidir. (yəni mahiyyətcə birdillidir) Əslində isə, yunan coğrafiyaşünası Strabonun e.ə.7-ci ildə yazıb başa çatdırdığı “Coğrafiya” əsərindəki həmin məlumat belədir:
“Parsa və Midiyanın bir hissəsi, həmçinin baktriyalıların və soqdiyalıların ölkələrinin şimal hissələri Ariana adlanır. Arianada yaşayan bütün Ari xalqları – bir birindən azacıq fərqlənir, demək olar ki, bir dildə danışırlar. Göründüyü kimi, İqrar Əliyev yunan coğrafiyaşünasları Eratosfen və Strabonun Ariana və əhalisi haqqında verdiyi məlumatları tamamilə təhrif edib. İqrar Əliyevdən fərqli olaraq, Rusiya Elmlər Akademiyasının akademiki, qədim İran və Mesopotamiya tarixi üzrə mütəxəssis M.A.Dandamayev yazır ki, Eratosfen və Strabonnun verdiyi məlumatlara görə, Arianaya Midiyanın bütün ərazisi yox, ayrı-ayrı hissələri daxildir.”
Sayğıdəyər akademikimiz Nizami Cəfərov “Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq” adlı silsilə yazılarında İqrar Əliyevin etnogenezimizin təhrifi məsələsinə tutarlı cavablar verib:
Nizami Cəfərov,
Akademik“Azərbaycan xalqının hansı dövrdə təşəkkül tapmasından asılı olmayaraq tarix səhnəsində türk mənşəli bir etnos kimi çıxdığı hamıya məlumdur. Bu isə o deməkdir ki, Azərbaycan xalqının tarixi araşdırılarkən metodoloji xətt kimi türklüyün coğrafi, etnoqrafik, linqvistik, siyasi və.s bölünməsi (differensiyasiyası) prosesi əsas götürülməlidir. Halbuki Azərbaycan MEA-nın nəşr etdiyi “Azərbaycan tarixi” nin birinci cildində müəlliflər “türk” sözünü işlətməkdən qəti şəkildə imtina etmişlər. Sovet dövrünün antitürk “ustanovka”sı ilə yazılsa da, hər halda müstəqilliyimizin ilk illərində üzərində işlənilmək imkanı olmuş (1998-ci ildə işıq üzü görmüş) bu cildin məsul redaktoru, xalqımızın etnogenezinə aid bütün oçerklərin müəllifi akademik İqrar Əliyev olduğuna görədir ki, sözügedən “ustanovka” nəinki yumşaldılmamış, hətta subyektiv ehtimallarla bir az da sərtləşdirilmişdir. İqrar Əliyev dilçi-dil tarixçisi olmadığına görə öz sələfləri kimi o da ciddi səhvlərə yol verir. Nəzərə almır ki, əgər Albaniyada qafqazdilli etnos geniş yayılsa (və hər hansı Qafqaz dili ədəbi dil səviyyəsinə çatsaydı) onun yazılı abidələri qalardı. Və nə Azərbaycanın şimal rayonlarında, nə də Dağıstanda hər kəndin az qala öz “dil”i olmazdı. Dilin assimilyasiyası barəsində İqrar Əliyev elə danışır ki, elə bil bir etnosun başqasına çevrilməsindən asan heç nə yox imiş...”
Göründüyü kimi Nizami müəllim də polad mülahizələri ilə İqrar Əliyevin uydurmalarını təməlindən alt-üst edir. Nizami müəllimin yapışdığı məqam bu alim duelində İqrar Əliyevə məğlub qiyafəsi geyindirir. Zira Nizami Cəfərov dilçidir, dil mütəxəssisi kimi bilir ki, dil insanın mahiyyətidir. ”Danış, səni görüm!” deyimi də dilimizdə təsadüfi yaranmayıb. Yəni dil insanın həm də mənşəyindən xəbər verir, tarixi kökünün formalaşması yolunda ona simsarlıq, bələdçilik edir. Çünki insan danışarkən öz kimliyini, soyunu obrazlı desək yaxşıca
“ələ verir”. Nizami müəllimdə ikinci haqlı məqam ondan ibarətdir ki, dil düşüncənin təzahürüdür, yəni təfəkkürsüz, düşüncəsiz dil hadisəsi baş vermir.
Fransız dili mütəxəsisi olduğum üçün sizə öz sahəmdən bir misal gətirəcəm. Mən Azərbaycan Dillər Universitetində tələbə olarkən müəllimlərimizdən biri tez-tez bir epizodu danışardı. Xalqların düşüncəsinin tamam fərqli olduğundan, təbii olaraq da dilimizdəki idiomlar, frazeoloji söz birləşmələri və.s tamam fərqlənir.
Mirzə Fətəli Axundzadənin məşhur komediyalarını çoxunuz oxumusuz yəqin ki.”Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” komediyasında belə bir epizod var. Jordan ağa Şahbaz bəyi Parisə aparmaq istəyir. Hətəmxan ağanın övrəti və qızı əsəbiləşir, bu vəziyyətə Hətəmxan ağanın xanımı Şəhrəbanu bu sözləri deyir: “Şahbazın Parisdə nə iti azıb?” Onu fransızcaya hərfi tərcümə eləyən həmin müəllimimiz çox qınanılırdı. Fransız mütəxəssislər hər dəfə haqlı olaraq irad tuturmuşlar ki, axı əsərdə itdən söhbət getmir, pyesin harasında it vardı və bu it indi hardan çıxdı?
Sonradan fransızlara anladıblar ki, dilimizdə “nə işi var?” ifadəsi həm də “nə iti azıb?” kimi işlənir, amma bu düşüncə fransıza yad olduğu üçün, onlar bunu anlamayıb və fransız oxucusu əsər boyu hansısa bir köpəyi aramalı olub. Yalnız sonrakı nəşrlərdə ifadənin doğru ekvivalenti tapılaraq düzgün
tərcümə ediblər.
Gerçəkdən də:-“Quele chien est perdu du Shahbaz a Paris?”cümləsini fransızca oxuyan oxucu söhbətin nədən getdiyini hardan anlasın ki?!
Bu cür misallar minlərlədir.Yəni növzənbillah bu gün 50 milyonluq xalqımız mənşəyini danıb keçib avropalı olsa, ola biləcəkmi?!
Bəs bu cəfəng fikrin qayəsi və mayası hardan gəlir? Əlbəttə, bəndəniz İqrar müəllimin soyunu, kökünü təftiş etmək niyyəndən uzaqdır. Hər zaman demişəm ki, hər kəsin öz milli mənsubiyyəti ilə öyünmək və özünü hansısa xalqın nümayəndəsi seçmək haqqı var. Türklük DNT testi verib qanında türklük aramaq kimi əbləh yanaşmanı şərtləndirmir. Türklük Tanrının qədər-qismətinə verdiyi paya şükür edib, köklü bir etnosun məziyyətlərini, nəcibliyini daşımaq, ulularına sayğılı davranmağı aşılayır. Bəşəri dəyərləri milli dəyərlər kontekstində əldə etməyi öyrədir. Dilinə və mənşəyinə sayğını ön plana çəkir.Türkçülük nə faşizmdir, nə şovinizm. Türkçülük elə bir millyyətçilikdir ki, bu da həmin ideyanı bəzən mənfi çalarlara bürümək və guya başqasına xor baxmaqdan ibarət olması iddialarını bizə sırımaq istəyənlərə qarşı bir sipərdir. Zatən “türk” sözünün ən qədim mənalarından biri də ədalətli, adil olmaqdır ki, adil millətin övladlarına da adil davranış yaraşar.
İqrar Əliyevin dediyi kimi eramızın 6-7 əsrdən etibarən meydana çıxmağımızı yalanlayacaq məqalələrdən biri də Asif Ataya (İnam Ata) məxsusdur. Ümumiyyətlə, bütün ömrü boyu Asif Ata Midiyanı, bu torpaqlarda bərqərar olan dövlətləri türk dövləti sayıb, əski inanc sistemlərindən olan Zərdüştü də türk təfəkkürlü, türk insanı bilib. Asif Atanın fəlsəfi baxışları, onun erudisiyası, türkçülüyümüzə qənirsiz xidmətləri, hizmətləri mübahisə doğurmadığı üçün Atanın yazılarından müəyyən fraqmentləri İqrar Əliyevə cavab kimi nümunə gətirmək olar. Asif Atanın 1992-ci ilin mayında “Zərdüştçülüyümüz- İşıqçılığımız” yazısında “Kimdir Zərdüşt, kimindir Zərdüşt” bölümündə yazır:
“Midiyalıdır, Midiyanındır - Azərbaycanlıdır (türkdür) Azərbaycanındır. Yeni eradan əvvəl VI əsrdə indiki Güney Azərbaycanda həyata gəlmiş, yaşamışdır. Əsərlərinin çoxu Makedoiyalı İsgəndər tərəfindən yandırılmış, yandırılmayanlar Pəhləvi dilinə tərcümə olunmuşdur. Midiyanın süqutundan sonra Əhəmənilər dövründə Zərdüştlük İranın dövlət dini olub.
Midiyadan-Azərbaycandan dünyaya işıq saçıb Zərdüşt. Zərdüşt – Azərbaycandır (türkdür), Şərqindir, Dünyanındır.”
Asif Ata: Elməddin Əlibəyzadənin “Avesta kitabı” əsərinə yazdığı “Ön söz”- ə fikir verək:
Zərdüştün “Avesta”sı qaranlığa qarşı yazılıb. İnsandan xaricdəki qaranlığa qarşı – zülmə, ədalətsizliyə, zorakılığa, əsarətə.
Kitabda Şumer –Türk ruhunun dahiyanə ifadəsi kimi mənalandırılır və bu əsl həqiqətdir. Avesta Midiya mədəniyyətinin zirvəsidir, midiyalılar şumerin davamıdır. ”Avesta”nı Zərdüşt yaradıb-şumer ənənələri əsasında: şumerlər – turanlılar, türklərdir, Nəsimilər, Füzulilər Zərdüşt bulağından su içiblər. Babək xürrəmiliyi Zərdüşt işığıydı – fərəhli Qorqud ağsaqqallığı Zərdüşt işığıydı - müdrik, muğam ülviliyi Zərdüşt işığıydı – ilahi saz cuşu Zərdüşt işığıydı.”
“Ön söz” dən də görünür ki, Asif Ata Midiyanı, Zərdüştü türk sayır. Asif Ata hesab edir ki, türk vahid etnosdur, ruhani birlikdir-unudulan, danılan “Midiyanı Türk dünyasından ayırırlar, Atropatenanı İranlaşdırırlar, Azərbaycan türkü ilə osmanlı türkü arasında sədd çəkirlər; qıpçaqla oğuzu yadlaşdırırlar, türk təklənir “yırtıcı, qəddar türk” ideyasını dirildirlər, türkün “Bizans qatilliyi”ni təkrarlayırlar. Özgələşmə fəlakəti göz qarşısındadır. Əgər türk musiqisi, muğamlarımız, bayatılarımız, laylalarımız, aşıqlığımız yaşayırsa, bu, ruhani möcüzədir – xalqın yaratdığı, mümkünsüzlükdən yaranan imkandır az qala...”
Bu məqama ən dolğun təsbit Oljas Süleymenovun
“Az i Ya” əsərinin 2-ci fəslində “Şumernamə” bölümündə yer alıb. Burda dilçilik nöqteyi nəzərdən şumerlə olan oxşarlıqlar, atalar sözləri hətta mifoloji bağlar ehtiva olunub. Bu səpkidə müxtəlif ssenarilərimdə, yazdığım müxtəlif formatlı verilişlərdə çıxış etdiyim üçün şumer-türk faktorundan yazmağa bir o qədər lüzum görmürəm. Fəqət Qazaxıstanın Xalq yazıçısı, şair, linqvist, ədəbiyyatşünas-alim, geoloq, ictimai xadim Oljas Süleymenovun başqa əsərlərindən gətirəcəyim dəlillərə ehtiyac var. Ümumən Oljas Süleymenov elə bir dəryadır ki, ondan bir damla götürsək belə İqrar Əliyevin tezislərini alt-üst etməyə yetər.
14 mart 2025-ci il“Bütöv Azərbaycan” qəzeti(Ardı var)