Mahmud Səfəralıyev HƏBS EDİLDİ .....                        Ermənistanda daha bir keşiş tutuldu .....                        Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir .....                        Putin Hindistana getdi .....                        Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI .....                        Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır .....                        DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi .....                        ATƏT-in sədrindən Bakı və İrəvana mesaj .....                        Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi .....                       
Tarix : Bu gün, 13:01
Dron havası


Dron havası

(hekayə)

Qorxuram ki, bir gün texnologiya
insanlararası ünsiyyətin önünə keçəcək və
axmaq bir nəsil meydana gəlməyə başlayacaq.


Albert Eynşteyn


Drono müasir döyüş dronlarının bir göz qırpımında viranə qoya biləcəyi kiçik ada dövlətlərinin birində dünyaya göz açmısdı. O ada dövlətində ki, əcdadları, əcnəbilər oraya ayaq basana qədər qamış daxmalarda yaşamış, balıqcılıqla məşğul olaraq kasıbçılıqıarın etmişlər. Elə ki, əcnəbilər həmin adaya ayaq basdılar və orada zəngin filiz yataqları aşkarladılar, adanın əhalisi dənizdən balıq tutmaq sənətinə son qoyub torpaqdan filiz çıxarmaga üz tutdular. Elə həmin vaxtdan da adada həyat dəyişdi və qamış komalar yaraşıqlı evlərlə, balıqçı arabaları güclə hərəkət edən palçıqlı küçələr xarici maşınlar şütüyən asfalt kücələrlə əvəz olundu. Artıq toy mərasimləri də “Sinyor Robinzo” filmindəki kimi deyil, tavanında dronlar firlanan büllur çıraqbanlı saraylarda təmtəraqla keçirilməyə başladı. Və belə toyların birində pərvanətək şadlıq sarayına toplaşanların başları üzərində dolanaraq toy mərasimini yaddaşlara köçurən dron, bəylə gəlinin o qədər xoşlarına gəldi ki, toydan 6 ay sonra dünyaya gələn övladlarının adını Drono qoydular.
Adada iqtisadi tərəqqinin nailiyyəti sayəsində bütün doğuş prosesini ayfon telefonu vasitəsilə onlayn izləyən ata, ana olmaq istəyən həyat yoldaşının bağırtısından və işıqlı dünyaya qədəm qoyan körpənin ilk çıgırtısından elə qorxub diksindi ki, bir daha uşaq dünyaya gətirmək fikrindən vaz keçdi və çoxuşaqlı ana olmaq arzusu ilə alışıb-yanan arvadının könlünü almaq, istəyini qarşılamaq üçün ona planşet hədiyyə etdi. Sən demə planşet tək ananın deyil, həm də balanın başını qatmaq üçün əla vasitə imiş. Ata-anasının yeganə sevimli övladı olan körpə Drono valideyinlərinin toy mərasimində göydə fırlanan drona baxıb gülümsədikləri kimi, planşetdə toy mərasimini seyr edərək elə hey gülümsünürdü və nə yediyinin, nə içdiyinin fərqinə varmırdı. Ana südündən müxtəlif kaşalara keçid olunarkən uşağın diqqətini daha da yayındırıb qarnını doydurmaq üçün planşetdəki toy mərasimini müxtəlif multfilmlərlə əvəz edəsi oldular. 1 yaşından isə artıq kaşalardan cətin həzm olunan müxtəlif yeməklərə keçid edildiyindən və həmin yeməklər Drononun qarnında gurultu yaratdığından, həmin gurultuları evə gələn qonaqların eşitməməsi üçün planşetin yaddaşına gurultulu dava-dalaş oyunları yükləməli oldular.
Döyüş oyunları körpə Drononu o qədər cəlb etdi ki, saatlarla planşetdən ayrılmadı və məktəb yaşına nə vaxt gəlib çatdığını heç günlərini WhatsApp və tik-tokda keçirən valideyinləri də hiss etmədi. Adamayovuşmaz, ünsiyyət qurmaqda çətinlik çəkən, virtual həyatı real həyatdan ayırd edə bilməyən Drononu məktəbə qoya bilmədilər və çıxış yolunu onlayn təhsildə tapdılar. Bu tapıntı valideynləri yollarda yaranan tıxac problemindən də azad etdi...

***
Orta məktəbi onlayn oxuyan və boş vaxtını yalnız kompüterdə döyüş oyunları ilə keçirən Drono dronlarla silahlanıb düşmən üstünə hücum edən vaxtlar artıq onun ölkəsi də müasir silah sayılan dronlarla silahlanmağa başladı və dövlət büdcəsinin yarıdan çoxu xarıcı ölkələrdən dron almağa sərf olunduğundan adada iqtisadi tənəzzül başladı. Silahlanmaqda məqsəd isə qonşu kiçik ada dövləti ilə daha kiçik bir ada üstündə yaranan münaqişə idi. Əmin-amanlıq vaxtlarında hər iki kiçik ada dövləti həmin adada birgə balıq ovuna çıxardılar və Drononun atası ilə anası da elə həmin balaca adada balıq ovu zamanı tanış olub ailə qurmuşdular. Drononun ölkəsində faydalı qazıntılar tükəndiyindən əcnəbi kəşfiyyatçılar onun valideyinlərinin səadətə qovuşduğu kimsəsiz adada filiz axtarmağa, ada sakinləri isə köhnə peşələrinə qayıdaraq həmin adada balıq tutmağa başladılar. Ada sakinləri balıq üçün ona görə həmin adaya üz tutası oldular ki, filiz emalı nəticəsində axıdılan çirkli sular səbəbindən artıq öz adalarının sahillərində balıq sürülərı yoxa çıxmışdı. Əcnəbi kəşfiyyatçılar sahilində balıqlar tüğyan edən kiçik adada faydalı mineral qazıntılar tapdığından kimsəsiz ada hər iki ada dövləti üçün mataha çevrilməyə başladı və hər iki dövlət həmin adanı öz sərhədləri daxilinə salmağa çalışdılar. Bunun üstündə də mübahisə düşdü, mübahisə münaqişəyə çevrildi və qarşıdurmaya səbəb oldu. Əllərində nizədən başqa silah tutmayan hər iki ada sakinləri müasir silah sayılan dron davasını öyrənmək üçün yarışa girəsi oldular və bu sahə üzrə ixtisaslı mütəxəssislər hazırlamağa başladılar...

***
Gününün çoxunu kompyüterdə döyüş oyunları oynamaqla keçirməyinə baxmayaraq orta məktəbi onlayn olaraq əla qiymətlərlə bitirən Drono xarici dövlətlərin universitetlərindən birinə onlayn qəbul olundu və onlayn təhsil almağa başladı.
Universtetdə onlayn oxuduğu müddətdə iki ada dövləti arasında konflikt daha da şiddətləndiyindən gediş-gəliş kəsildi və Drono real aləmdə yeganə həmdəmi sayılan dayısı qızından ayrı düşdü. Sevgilisinin əlindən tutub onun dəniz kimi mavi gözlərinə tamaşa etmək xoşbəxtliyindən məhrum oldu. Dayısı qızı ilə ancaq onlayn əlaqə saxlaya bilən Drono onlayn olaraq kompyuter texnologiyası üzrə ali təhsil aldı və elektron idareedilmə sistemi üzrə magistr pilləsini keçdi. Bu sahə üzrə ixtisaslı kadr kimi yetişərək çoxsaylı sertifikatlar və diplomlar aldı. Elə bu qabiliyyətinə görə də hərbi xidmətə çağırılarkən onu hərbi dronların hərəkətinə nəzarət-müşahidə məntəqəsinə xidmətə götürdülər.
Kimsəsiz adaların birində keçirilən təlim zamanı, 15 illik döyüş oyunları zamanı qazandığı təcrübə Drononun köməyinə yetdi. O, düşmən obyektlərinin dronlarla darmadağın edilməsində ən yaxşı nəticə əldə edərək hərbi komandanlıq tərəfindən mükafatlandırıldı. Məhz bu qabiliyyətini nəzərə Yeni il axşamı dronların idarəolunma məntəqəsində gücləndirilmiş növbəçəkənlərin siyahısına Drononun adını da əlavə etdilər. Növbə iştirakçılarını dronsatan ölkənin kiçik ada ölkəsinə ezam olunmuş təlimatçıları bir daha təlimatlandırdılar və kompyuter və monitorlardan digər məqsədlər üçün istifadə etməməyi tövsiyyə etdilər. Müşahidə kameraları vasitəsilə onlar da növbəçəkənlərin növbə zamanı vaxtlarının tez ötməsi üçün həmin avadanlıqlardan qeyri-məqsədyönlü istifadə etdiklərini, müxtəlif döyüş oyunları oynadıqlarını bilirdilər. Lakin bu oyunlar növbəçəkənlərin praktik vərdışlərinin möhkəmləməsinə kömək etdiyindən çox da dərinə getmirdilər...
Məntəqədə dronların idarəetmə postunda 2 ədəd iri monitor (əsas və ehtiyat monitorlar) quraşdırılmışdı və bu monitorlarda faydalı filizlərlə zəngin lap kiçik adaya iddialı olduğu üçün düşmənə çevrilən digər kiçik ada dövlətinin sputnikdən canlı izlənilən xəritəsi əks olunurdu. Əgər döyüş baş verərsə, uzağı 23 dəqiqə ərzində ada döyüşə hazır 150 PUA (pilotsuz uçuş aparatı) vasitəsilə viranəyə çevrilə bilərdi. Qonşu ada dövləti də bunu bildiyindən və dron hücumundan müdafiə sistemi zəif olduğundan başıbəlalı balaca adanın, balıq ovunda olduğu kimi, birgə istismar olunması təklifi ilə BMT-yə müraciət ünvanlamışdı və Yeni ildən sonra bu məsələnin müsbət həlli gözlənilirdi. Lakin daha güclü sayılan Drononun ölkəsi filiz emalı zamanı adalarında yaranmış ekoloji fəlakəti həll etmək və iqtisadi tənəzzüldən yaxa qurtarmaq üçün daha çox mənfəət əldə etmək niyyətində idi. Bu məsələdə onu silahlandıran dövlətlər də maraqlı idi. Ona görə də sülh bağlamaq üçün ciğallıq edir, gah ərazisinin böyüklüyünü, gah əhalisinin çoxluğunu, gah da lap balaca adanın onlara daha yaxın olduğunu bəhanə gətirərək adanın istismarı üçün bağlanan müqavilədən yüksək faiz əldə etmək istəyirdi.
Drono isə faydalı qazıntıdan mənfəət əldə etmək əvəzinə hal-hazırda münaqişədə olduqları və bütün əlaqələri kəsilmiş adadakı dayısı qızını əldə etmək üçün alışıb yanırdı və bu səbəbdən də münaqişənin tez həll olunmasının tərəfdarı idi. Bığ yeri təzəcə tərləyən Drononun orqanizmindəki fizioloji dəyişikliklər onun dayısı qızını əldə etmək ehtirasını daha da artırırdı və artıq onlayn sevışmə və əzizləmələr ona ləzzət etmirdi. Odur ki, tez-tez depressiyaya düşür və yeri gəldi-gəlmədi antidepressantlardan istifadə edirdi.
***
Yeni il axşamı növbədə olmağına baxmayaraq texnologiyanın müasir imkanlarından istfadə edərək yeganə həmdəmi olan dayısı qızı ilə onlayn olaraq doyunca yazışdı və sonda zarafatcasına bildirdi ki, iki ada dövləti sülhə gəlməzsə, sılah gücünə olsa da dronların köməyi ilə onu qaçıracaq. Xüdafizləşib bir-birinə öpücüklər göndərdikdən sonra vaxt boşluğunu doldurmaq üçün yenə də, təlimatçıların tapşırıqlarına əhəmiyyət vermədən cibində gəzdirdiyi oyun fleş kartını kompüterə qoşaraq monitorların birində son zamanların sevimli oyununa çevrilmiş dava oyununu oynamağa başladı. Həmin oyunun proqramını Drononun özü hərbi xidmətdə olarkən yazmışdı və oyun hərbi komandanlığın ən ali rütbəlisindən tutmuş sıravi əsgərinə qədər hamının xoşuna gəlmişdi. Oyun hazırda yeganə düşmən sayılan qonşu kıçık ada dövlətinin dronlarla darmadağın edilməsindən bəhs edirdi və obyekt olaraq qonşu ada dövlətinin sputnikdən götürülmüş ərazisi, həmin ərazini viranə qoymaq üçün isə öz dövlətlərinin dronlarının sayı qədər dron götürülmüşdü və real döyüşdən heç də fərqlənmirdi. Oyunda rekord Dronoya məxsus idi və 150 dron ilə qonşularını 24 dəqiqəyə darmadağın edirdi. Adanın ərazisi 99 % dağılır və Xirosimanı xatırladırdı. Dağıntı100 faizə ona görə çatmırdı ki, oyun zamanı Drono dayısıgilin evlərinə toxunmurdu. Bu dəfə də 99 faiz dağıntı ilə rekordu 2 saniyə yenilədi və bu atəşfəşanlığa və şampan şərabı fantanına səbəb oldu və bu atəşfəşanlıq ilə şampan fəvvarəsi saatın əqrəbinin qoşalaşması ilə, yəni Yeni ilin gəlişi ilə üst-üstə düşdü. Odur ki, növbə yoldaşı ilə “şampanski” partladıb içdilər və pəncərədən şəhərdəki atəşfəşanlığı canlı olaraq izlədilər.

***
Gecəni ilkin olaraq Drono 3 saatlığa dincəlməyə yollandı və qonşu istirahət otağında nə qədər çalışdısa yuxuya gedə bilmədi. İlk yeni il idi ki, daysı qızı olmadan, özü də evdə yox, xidmətdə keçirirdi və dayısı qızının yanında olmaması ona rahatlıq vermirdi. Odur ki, yuxuya getmək üçün antidepressant və yuxu dərmanları qəbul edərək yuxuya getdi. Səhər ssat 4-də oyun oynamaqdan yorulan və Drononun rekorduna heç cür yaxın düşə bilməyən növbə yoldaşı onu oyatdı və növbəni ona təhvıl verərək istirahətə yollandı. Gözlərini ovuşduran Drono pəncərədən çölə baxdı. Dan yeri sökülməkdə idi və adətən buludlu olan adada göyun üzündə bir dənə də olsun bulud görünmürdü. “Əsl dron havasıdı” düşünərək rekordunu yeniləmək üçün yenə kompyuterin arxasına keçdı və dronlarla həmişəki kimi qonşu ada dövlətini darmadağın etməyə başladı. Bu dəfə heç rekorduna yaxın düşə bilmədi və 50-dən çox dronu düşmən tərəfindən vuruldu. Heç bir oyunda bu qədər dron itirməyən Drono yeni oyuna başlamazdan əvvəl zehnini itiləmək və yuxusunu qaçırmaq üçün özünə qəhvə süzmək qərarına gəldi və istirahət otağı ilə növbətçi otagın arasında yerləşən yemək otağına keçdi. Artıq günəşin şəfəqləri aydın səmanı bürüməkdə idi. Təkcə üfüqdə, sevgilisinin ölkəsində, düşmən dövlətin üzərində qara buludlar peyda olmağa başlamışdı. Özünə qəhvə süzərkən həmişə açıq qalan və səsi alınmış televizordakı xəbərlər diqqətini cəlb etdi. Yaxınlaşıb televizorun səsini yüksəltdi. Televizorda “CNN”-nin canlı xəbərlərı gedirdi. “ Sülhün bir addımlığında olan kiçik ada dövlətləri arasındakı münaqişə yeni ilin ilk günü yenidən qızışdı və sülh imzalanması üçün BMT-yə müraciət ünvanlayan kiçik ada dövləti bu saatlarda qonşu dövlət tərəfindən dron hücumuna məruz qalaraq darmadağın edildi...”.

Elman RÜSTƏMOV

16-17 noyabr 2024-cü il


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!