Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                        Naxçıvanda külli miqdarda narkotik məhv edildi .....                        Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO .....                        Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar .....                        Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI .....                        İlin ən yaxşı qapıçısı seçildi .....                        Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı .....                       
Tarix : Bu gün, 19:35
16  DEKABR -  ŞAİRƏ  TƏRANƏ  DƏMİRİN  DOĞUM  GÜNÜ MÜNASİBƏTİLƏ

ZƏRİF DUYĞULAR…

16 DEKABR - ŞAİRƏ TƏRANƏ DƏMİRİN DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ
Hayana boylanırsan payız baxır gözünə,
Hardan keçsən xəzəllər ayağına dolaşır.
Ürəyindən bir dəli sevib sevilmək keçir,
Onda da payız qışa, qış payıza qarışır.

Bilmirsən nə umasan bu sapsarı payızdan,
Çılınçılpaq ağaclar durub üstünə gəlir.
Bir ümid çiçəkləyir payız arzularında,
Ona çatanacan da səninki sənə gəlir.


Bu gün zərif duyğuları ilə könülləri fəth edən, şeirlərini oxuduqca gözlərin misraların nizamladığı məna yükündən qopmaq istəməyən, dostlar üçün ən səmimi münasibəti ilə seçilən, tanıdığım gündən yaddaşımda olanlardan fərqli gördüyün şairə Təranə xanımın doğum günüdür.
Doğum günü həm sevincdir, həm də kədər. Sevinirsən bir yaş da yaşadın, həyatın yeni axarında bu bir ildə də nə isə öyrəndin, nə isə yaratdın. Kədərlidir ki, yaşadığın hər an öz əlaməti ilə köçdü yaddaşının tarixinə. Sən də içində şeirləşdin, gah kövrəldin, darıxdın… Gah sevincdən oynadın, qarşılaşdığın səmimiyyətdən düygularına zərif bir şölə sızdı, gülümsədin, yenidən baxdın ətrafına…
Bu gedilən yolda kimin qazancı nədirsə, şairənin də qazancı İlahi duyğuların nəzmə düzülməsi, şeirləşən ürəyinin ritmlərini arxaya boylandığı ömür yolunun axarına yazmasıdır. Təranə xanım bu ömür anlarında təkcə özü üçün deyil, eyni zamanda çoxları üçün könlünün təkliyini unutduran, əlinə kitabı almaqla şerin qanadlarında həyatı qarış-qarış gəzdirərək ürəyinə yol göstərən, işıqlandıran bir şairədir.
Bilirsinizmi, necə deyim, Təranə xanım bir başqa fərqli dünyadan baxan gördüm. Təranə xanımı ilk dəfə 2025-ci ildə Neftçala rayonunda şair-publisist Zabil Pərvizin rəhbərliyi ilə fəaliyyət göstərən “Xəzər nəğmələri” adlı Ədəbi Birliyimizin görüşündə görmüşdüm. Ailəsi ilə birlikdə uzaq yolu yaxın edən, çox səmimi bir ovqatla bizə qoşulan bu xanım nə qədər yaxın oldu bizə. Hədiyyə etdiyi kitablar onun dünyaya baxışı, qələminin yaşatdığı anlardır. “Səssizliyin melodiyası” şeirlər kitabını əlimə alıb oxuyanda hansı şeirinə baxdımsa, bunu məqaləmdə yazaram delə düşünərək səhifəni yadda saxlamağa çalışdım. Təranə xanım isə bu kitabda fərqli bir yolla gedərək şeirlərini adsız çap etdirmişdir. Bu adsız şeirlər o qədər cəzbedici oldu ki, “hansın qeyd edim?” deyə çətinlik çəkdim…Bir-birindən gözəl, dərin bir ümman… Bir dünya duyğular var qəlbində. Dəniz kimi kükrəyən, şahə qalxan, qartal kimi şığıyan, könülləri fəth edən, gözəl bir Azərbaycan xanımı-Təranə Dəmirin.

Ruhum bu dünyaya sığışmır yenə,
Çırpılır, sıxılır dar qəfəsində.
Neynirəm bir qarış yer tapammıram,
Özümə bu boyda Yer kürəsində.

Hələ ki, səhərə bir ömür qalıb,
Hələ ki, güzümdən asılıb gecə.
Qara paltarını çəkib əyninə
Gəlib pəncərəmə qısılıb gecə.


Şairə Təranə Dəmir -Təranə Ağaqardaş qızı Dəmirova -16 dekabr 1970-ci ildə Sabirabad rayonunda anadan olmuşdur.1987-ci ildə kənd məktəbini fərqlənmə ilə bitirdikdən sonra BDU-nə daxil olmuş, 1988-1993-cü illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil almışdır. Bu günə qədər doqquz kitabı, bəlkə də daha çoxu çap olunan bu şairə xanımın zəngin poetik dünyası var. Hikmət dolu, zəriflik, həlimlik, səmimiyyət qaynağı. Bunu izlədikcə kitablarının sayının doqquz yox, sanki doxsan olduğunu düşünürsən. Çünki bir dərya xəyal yolu vardır...

Nə sən bir də yoluma çıx,
Nə mən yolumu dəyişim.
Nə sən qaranlığa çəkil,
Nə mən zülmətlə döyüşüm...


Onun yaradıcılığını izlədikdə bir daha Yaradana təşəkkür edir insan. Düşünürsən ki, sonsuz kainatı nizamlayan Allah insanın qəlbindən keçənləri sözlə ifadə üçün nə gözəl bir bacarıq, anlam, ifadə etmək qabiliyyəti vermişdir. Tarixən Azərbaycan xanımlarının ədəbiyyat sevgisi düşür yadıma. Onların ruhu qonur otağıma. Yurdumuzun tarixi keçir gözlərimdən qərinələrlə... Nə gözəl bir xalqın övladıyıq, dəyərli mənəviyyatı ilə yüksələn, insanlığı ucaldan qələm sahibləri Allahın ucaltdıqlarıdır. Mən Təranə xanımın yaradıcılığını, insan olaraq özünü, şairə olaraq qələmini çox xoş gördüm. Bu tarazlıq qəlbimdə bir başqa mənzərə yaratdı. Bu gözəllikdir, sözün sehrinin ritmləridir könüllri ovsunlayan...
Bəli, əziz oxucular deyərdim ki, şairə Təranə Dəmirin şeirlər kitabını stolunuzun üstündə özünüzə dost olaraq seçəsiniz, uzaq yola çıxdıqda çox səmimi olaraq yoldaş edəsiniz. İnanın ki, heç darıxmayacaqsnlz. Çünki bu şeirlər sizi sanki milyonların içindən seçilmiş dostlar kimi heç tənha qoymayacaqdır.

Elə gözəl sevdirdin ki, özünü,
Zərrə-zərrə, tikə-tikə sən oldum.
Dərdi, qəmi yük elədim özümə,
Bircə elə sən sarıdan kəm oldum.

Yaman düşdü aralığa ayrılıq,
Bir quruca “sağ ol”a da dəymədim.
Ayaqlarım həsrət qaldı yoluna,
Nə gələndən, nə gedəndən doymadım.

Lap işlədi iliyimə bu həsrət,
Hardan tutdum yaralarım qanadı.
Günahları töküb getdin üstümə,
Hər kəs elə mən yazığı qınadı.

Məhəbbətdən küskün saldın könlümü,
Barışmağa ayaq yeri qoymadın.
Yaşamağın yolunu da unutdum,
Bircə səni unutmağa qoymadım.



Əziz oxucular, adətən şair və yazıçıların yaradıcılığından söz açarkən onların əsərlərindən, bəyəndiyin şeirlərindən məqalədə bir bənd yazıb fikirlərini ümumiləşdirirsən. Amma qeyd etdiyim kimi, şairə Təranə Dəmirin şeirlərini inanın ki, kiçik verməyə əlim gəlmir. Oxucunun diqqətinə şeirdəki həssas məqamları çatdıra bilmək üçün yalnız və yalnız şairənin öz ifadəsi ilə tam təqdim etmək ən gözəl təqdimatdır. Sanki şairə ürəyindən qələminə keçən yollara bir yasəmən, nərgiz, qızılgüllər kimi çiçəklər bəzəmişdir. İnsan ürəyinin sərrafımı bu şairə? Bəli, könül gözü oyaq olan, duyğuları ipəkdən yoğrulan, qanadlı olan nizam yarada bilmək elə əsl şairlikdir. Bu yerdə bir də Təranə xanımın Vətən sevgisinə baxaq:

Səni çiçək tək sevirəm,
Qaya-qaya, daş-daş Vətən!
Sevirəm başdan ayağa
Səni o baş, bu baş, Vətən!

Küçə-küçə, bina-bina,
Oba-oba, şəhər-şəhər-
Səni qarış-qarış, Vətən!
Səni məndən soruş , Vətən!

Ayağına hər dəyən daş
Gəlib ürəyimdən keçib.
Ağrıların, acıların
Mənim kürəyimdən keçib.

Tozum, torpağım olmusan,
Əlim, ayağım olmusan.
Hərdən çağatək sevmişəm,
Körpəm, uşağım olmusan.

Neçə kərə yıxılmışam
Dərdimdən, sərimdən, Vətən!
Yenə qalxmışam yerimdəm,
Yenə sənə vurulmuşam.
Durub başına dolanıb
Dönə-dönə vurulmuşam.

Səni sevməkdən savayı
Nə gəlir əlimdən, Vətən?!
...Səni özümtək sevirəm,
Səni Vətən kimi, Vətən!


Səmimi duyğular, həzinliyi könülləri oxşayan, sığal çəkən, ürəyinə çiçək düzür sanki. Qələminizə, ürəyinizə sağlıq, Təranə xanım.

Bir arzu tutasan gözündə,
Örtəsən kipriyini üstünə,
Toz qonmasın,
Külək aparmasın,
Dağda-daşda itməsin deyə.
Göz qapaqlarını yorğun edəsən,
Sarılasan bu arzuya təpə dırnaq...


Gözəldir... Şeirləri qısa verməyə əlim gəlməsə də, əziz oxucularımızı yormadan fikirlərimi burada tamamlayıram.

Sən gedəndən ürəyim də
Yiyəsizdi, yetimdi.
Heç olmasa payızda gəl,
Dünya ölüm itimdi...


Və yaxud:
Min ildir ki, yol ölçürəm,
Çatam özüm-özümə.
Nə yaman uzanır yollar
Durub gözümə-gözümə...

Göy gurlayır başım üstə,
Daş bitirir daşım üstə.
Yaş gətirir yaşım üstə,
Çəkir yüzümə-yüzümə...

İncə, zərif duyğularınız tükənməsin, əziz şairə xanım-TƏRANƏ DƏMİR.
Sizi Neftçala rayon “Neftçala-Gündoğar” qəzeti və “Xəzər nəğmələri” Ədəbi Birliyi adından doğum gününüz münasibətilə təbrik edir, qucaq dolusu səmimi təbriklərimizi ünvanınıza, SİZƏ göndəririk. Yazın, yaradın, dəyərli qələminiz var olsun. Allah arzularınıza yol açsın. Amin.
Bu arzular gedən yolu isə ən gözəl özü söyləyir:

“...Görən hardasa bir ağac varmı mənə bənzəyən,
Kökü torpağı ağrıdan, qolları səmanı,
Nə yerindən qopan, nə göyündən,
Varmı..
Hanı?...”

Bu gözəl doğum günündə şairə Təranə xanım Dəmirə ailəsi, sevdikləri ilə birlikdə can sağlığı diləyir, arzularınız günəşdən boy alan olsun, üzərində işıqlar sevincdən, dəyərdən daim bərq vursun deyirəm. Bu zəngin, səmimi duyğulardan insan qəlbini görünməz tellərlə, sözün, fikrin möhtəşəm maqnitində özünə çəkən yaradıcılıq yollarınıza uğurlar diləyir, bol oxucu, sevənləriniz azalmasın deyirəm.
Yeni yaşınız həyatınızı yaddaqalan işığı ilə yenidən zinətləndirsin. Amin.

Bədirə Rza Həsənqızı Niftaliyeva, Neftçala.
16 dekabr 2025-ci il.


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!