Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 16-03-2025, 20:29
NƏNƏM

Məhəbbət SƏFA


NƏNƏM
Xatirə-esse

Uşaqlığım Kokandda keçib. Kəndimizi “Şöxay” adlandırırdılar. Mən doğulanda valideynlərim tələbə olduqları üçün məni nənəmə veriblərmiş. Nənəm danışardı ki, o zaman valideynlərim nənəmə “bu qızı həmişəlik sənə veririk, bir daha geri almayacağıq”, – deyiblər. Yeddi aylıq doğulduğuma görə çox zəif olmuşam. Nənəm həmişə: “Qaloşumun içinə yerləşəcək qədər balaca idin”, – deyirdi. Mən isə gah nənəmin üzünə, gah da onların qapqara qaloşlarına baxıb dediklərinə inanırdım.
Məktəbə getdiyim vaxtlarda Həmid Alimcanın nağıllarını oxuduqca nənəmin və mənim haqqımda yazıldığını düşünürdüm. Ötkir Haşımovun “Dünyanın işləri” əsərini oxuduqda isə nənəm ilə yaşadığım günlər və sonralar onun tək qalması gözümün önündə canlanırdı. Bu kitabı oxuyanda nənəm üçün necə çox darıxdığımı hiss edirdim. Kitabın cırılmış səhifələrini neçə dəfə göz yaşlarım ilə islatmışam. Nənəm dünyadakı yeganə sirdaşım və qayğıkeşim idi. Onlarsız uşaqlığım necə keçərdi, təsəvvür belə edə bilmirəm. Mənə bütün həyatım üçün dərs verən, dünyada ən xoşbəxt uşaqlıq bəxş edən nənəmdən bir ömür boyu minnətdaram.
Həyətimiz başdan-başa üzüm tənəkləri ilə əhatə olunmuşdu. Hüseyni, çərəz, kişmiş üzümləri başımızın üstündə nabat kimi parıldayırdı. Nənəm hər dəfə çörək bişirəndə, “gözəl olasan” –deyə təndir başında mənə isti çörəklə üzüm yedizdirirdi. Həyətimizin bir küncündə böyük tut ağacı vardı. Biz o tuta marvartak deyirdik. Marvartak erkən yazda yetişirdi, meyvəsi iri-iri, ağ-sarı rəngdə olub həyətə səpələnirdi. Mən tut yeməyi çox da xoşlamazdım. Nənəm isə, “Gələn il tutun yetişənə qədər qüvvətli olarsan” deyərək məni yeməyə həvəsləndirirdi. Marvartakın güclü budaqları çox əzəmətli görünürdü. Onun budaqlarından yelləncək asmışdılar.
Kuklamı yanıma alıb dayanmadan yellənirdim. O qədər çox yellənirdim ki, nənəm, “Başın fırlanmır ki?” –deyə narahatlıq edirdi. Mən isə daha da çox sevinirdim. (Qışda yelləncəyi yığışdırıb budaqların arasına qoyurdular).
Tut ağacının altında kiçik bir taxt vardı. Yay axşamları ulduzlara baxaraq, gecə yarısına qədər nənəm başından keçən hadisələri danışardı. Elə bil, Marvartak da nənəmin sözlərini dinləmək üçün budaqlarını aşağı əyirdi. Mən, nənəm və Marvartak bir-birimizi çox yaxşı anlayırdıq. Nənəm ulduzlara baxaraq sabahkı havanı və payızın necə keçəcəyini deyərdi. Onun dedikləri həmişə doğru çıxardı.
Mən düşünürdüm ki, nənəm ulduzların dilini başa düşür. Bəzən onların yerinə baxaraq təhlükə və ya sevindirici xəbərlər barədə də proqnoz verərdi. Nənəmin hər şeylə, elə bil, insanla danışırmış kimi danışmaq adəti vardı. Tövlənin qarşısına gedəndə qoyunlar, toyuqlar, arxda axan su, hətta bağ çəpərində yamyaşıl böyüyən böyük qoz ağacı ilə də danışardı.
Bəzən günorta vaxtları taxtın üstünə günəş düşəndə, həyətin hansısa üzüm tənəyinin sıx kölgəsi olan yerinə həsir sərib çay içərdik. Mən həsir üstündə oturmaq istəmirdim. Nə qədər etiraz etsəm də, nənəm onun faydalı olduğunu, hətta ayaq ağrılarına yaxşı gəldiyini deyərək məni oturmağa sövq edirdi. Marvartakın gövdəsində böyük bir oyuq vardı. Ora evdəki xırda-para əşyaları qoyurduq. Bəzən qəsdən oyuğun içinə girib gizlənirdim. Nənəm məni hər tərəfdə axtaranda çox xoşuma gəlirdi. Həm sevələyəndə, həm də hirslənəndə tez-tez “Qaran öçsün” deyərdi. Məni Məhəbbət çağırardı. Əvvəlcə, “Məhəbbət, haradasan, anam?” deyə bir az səslənir, sonra narahatlıq artanda, “Ha, qaran öçsün, hardasan, çıx buraya!” deyib məni tapmağa çalışardı. Bir dəfə oyuğun içində yatıb qalmışdım. O gündən sonra məni daha tez tapmağa başladı. Amma yenə də oyuq gizlənməyə yeganə yerim idi.
Nənəm çoxlu nağıl bilirdi. Marvartakın oyuğu mənə onun danışdığı “Yarılt daş” nağılını xatırladırdı.

Şirin qarğıdalı dənəciklərini çox xoşlayırdım. Ona görə nənəm xüsusilə Kokand bazarına gedib alıb gətirərdi. Bir gün çox yediyimdən halım pisləşdi və xəstələndim. Nənəm buna çox hirslənib qarğıdalıları qonşu uşaqlara payladı.
– Bu qaran öçsün uşağımı xəstə elədi, – deyərək bütün gün həyətin o başından bu başına əsəbi halda gedib-gəlirdi. İki hörüyünün ucuna bağlanmış gümüş pulcuqlar bir-birinə dəyib cıngıldayırdı. Mən bu səsləri çox sevirdim. Bəzən həmin hörükləri əlimdə saxlayıb bir-birinə vuraraq oynayırdım.
...Günortaya yaxın halım yaxşılaşdı. Axşam isə taxtın üstündə uzanıb, göyə baxaraq nənəm ilə uzun-uzadı söhbət etdik. Bəzən nənəm alçaq səslə zümzümə edirdi. Onun mahnıları çox kədərli və təsirli idi.
– Alın yazısı ilə məni tək qoyan iki övladım hərəsi bir tərəfə uçub getdi. Qız uşağı ola-ola, anan da mərhəmətsiz çıxdı. Qardaşı hərbidədir, ardınca bu birisi də oxumağa getdi, ard-arda getdilər. Bu tərəfdə isə mən varam, deyən olmadı. Anası gözlərinə görünmədi. Ah, bədbəxt ömrüm, bədbəxt ömrüm! Hə, sevgi yox olsun, sevgi yox olsun! “Şöxay”da oğul nəslinin qırğını olmamışdı. Saçının teli kimi oğul idi...
Nənəm bu sözləri deyəndə anamın uzun, tərtəmiz qara saçları gözümün önünə gəlir. Yuxarı siniflərdə oxuyanda anam bizə fransız dilindən dərs deyirdi. Stolun arxasında yazı yazanda iki hörük saçı yerə qədər sallanırdı. Bəzən xırda hörüklərini sayırdım – 120-130 hörük çıxırdı. Qızlar ona həsədlə baxıb arxasınca gedirdilər. Mən isə nədənsə anamı onlardan qısqanırdım.
Nənəm zümzümə edərək ağlayar, aydınlıqda göz yaşları uzun-uzun qırışlarından yanaqlarına süzülüb tökülərdi.
Fərqanədə od yandırsam, Xivədə tüstüsü,
Bu dünyada varmı ki, ürək-bağrı bütövü?
Bu dünyada varsa da, ürək-bağrı bütövü,
Kağızdan ocaq çataq, güldən odun edim.

Bir ağı başqa ağı bağlayıb davam edərdi:
Xivə, yolun daşdır,
Övladımın bağrı daşdır.
Həsrət qaldım, nə edim,
Gözlərim sel kimi yaşlı.

Nənəmin uzun müddət zəif çiyinləri titrəyər, mən də hönkürüb başımı onun paltarının arasına sıxardım. Əlimdən heç nə gəlməməsi, nənəmə kömək edə bilməməyim məni çox üzərdi. Əzilməyin nə demək olduğunu, yəqin ki, o vaxtlar başa düşməyə başlamışdım.
Həyətimizin üstündən təyyarə keçəndə, anamı gətirməsini istəyə-istəyə bütün gücümlə qışqırır, arxasınca qaçırdım. Bəzən təyyarənin səsi eşidilən kimi pilləkənlə divara çıxar, oradan da damın üstünə dırmaşardım. Belə etsəm, təyyarə səsimi daha yaxşı eşidər, deyə düşünürdüm. Nənəm isə həmişə, "Ananı dəmirqanadlı quş apardı", – deyərdi. Özüm-özümə bir mahnı da düzəltmişdim. Amma nə qədər yalvarırdımsa da, dəmirqanadlı quş dəfələrlə damımızın üstündən uçub keçdi, amma anamı qaytarmadı...
Nənəmlə ikimiz xırda ticarətlə məşğul idik. Dükanın qarşısındakı söyüdün kölgəsində skamya qurub onun üzərinə əşyalarımızı səpirdik. Qış-yay bazarın yaxınlığında, dükanın önündəki tut ağacının kölgəsində piştaxta qoyar, üstündə nəyimiz varsa sərgiləyərdik. Mallarımız arasında qurut, tənbəki, püstə və nənəmin "rus saqqızı" adlandırdığı şirin çeynənən saqqız olardı. Yayda, önümüzdəki arxdan su şırıldayaraq axardı, mən də dükancının ətrafını təmizləyib su səpərdim. Gəlib-keçənlər, gənc və yaşlılar kölgədə oturub dincələr, nənəmin hazırladığı tənbəkini və püstəni tərifləyərdilər. Onları özümüz hazırlayırdıq. Böyük qazanlarda qovrulan günəbaxan tumları günboyu yorğanlara bükülü saxlanırdı. "Belə olanda ləpəsi dadlı və xırt-xırt olur," – deyirdi nənəm. Tənbəki də, qurud da çox satılırdı. Bəzən siqaret də gətirirdik. Ağ və qırmızı kağız qutularda, üzərinə dəmirqanadlı quş təsviri çəkilmiş siqaretlərimiz olurdu. "Bu, kəndin zənginləri üçündür," – deyib, ağ rəngli qutuları xüsusi ilə qoruyurdu.
Tənbəki tez tükəndiyi üçün nənəm tənbəki satıcılarına əsəbi halda deyərdi:
Gör sizin bəxtinizə bax, gətirdiyiniz tənbəki bir həftə çatmır. Mən də buna görə iki dəfə Kokandboya düşməli oluram. Əlinizdə az qala yoxmuş kimi, puluma görə versəniz nə olar?
Mən gün boyu çayın qırağındakı qəbiristanlıqda uşaqlarla qoyun otarardım. İndi qəbiristanlıqda qorxmadan necə gəzdiyimi düşünəndə, özümə heyrət edirəm. Baharın ilk müjdəçiləri orada üzə çıxardı. Xırda çiçəklər dəstə-dəstə açar, onları dərib nənəmə gətirərdim. Nənəm otları üzünə sürtüb mənə, "Daha dərmə," – deyərdi.
Demək olar ki, gecənin yarısına qədər ticarət edərdik. Yorulub yuxuya getdiyim vaxtlar nənəm məni kiməsə çiynində aparmağı tapşırardı. Hər dəfə birinin məni apardığını yarıaçıq başa düşsəm də, gözlərimi açmaq istəməzdim.
Qış gələn kimi bağdakı şirin ərikdən qurudulmuş meyvələr, heyva, qoz, kişmişlə bir qutunu doldurub anam üçün göndərərdik. O vaxtlar belə şeylərin Xivədə olmadığını düşünürdüm.
Qış gələndə pəncərənin yanına sandal qoyulardı. Sandalın isti olması cana çox rahatlıq gətirərdi. Çöldən üşüyüb gələndə tez yorğanın altına girərdim. Gecələr ayaqlarımın közə düşəcəyindən qorxub yorğanı tez-tez qaldırıb baxar, nənəmin hirslənməsinə səbəb olardım. Bəzən nənəm yorğun olub tez yuxuya gedərdi, mən isə sandaldakı yorğanın altına başımı soxub qıpqırmızı közə baxaraq daxilimdə müxtəlif şeylər uydurardım.
Nənəm loğmanlıqla da məşğul olardı. Hər dəfə dağa çıxıb torba-torba ot yığıb gətirərdik. Otlardan hər birini yığıb, hansı xəstəliyə yaxşı gəldiyini deyərdi. Otları damda qurudub, kiçik mis dibəkdə üyüdər, sonra hər birini ayrıca bükərdik. Qış aylarında nənəm həmin mis dibəkdə mənə düyü unu üyüdərdi. Dibəkdə üyüdülmüş düyü unu mənim çox xoşuma gələrdi. Düyünü incə üyüdüb köz kimi qızarmış tavada qırmızı rəngə çatana qədər qovurardıq, sonra qurudulmuş çörək qırıntıları və qoz ləpəsi ilə birlikdə düvəyə (həvəngdəstə) töküb un halına gətirərdik. Bir az şəkər əlavə edib qarışdırardıq, sonra çayla yeyərdik. İsti çayın qoxusu və qovrulmuş düyü sıyığının ətri bütün otağa yayılardı. Nənəmin qovrulmuş düyü sıyığı həm doyumlu, həm də çox dadlı idi.
Evimizə xəstə uşaqları gətirər, qadınlar nənəmə “kinna” (şəfa duası) etdirərdilər. Mən də nənəmə baxıb, oyuncaqlarıma, həmişə qoz ağacının altında uzanıb qalan, uzun tükləri və böyük, sallanan qulaqları olan “Aləvay” adlı oyuncağıma təndirdən kül gətirib “dua” oxuyardım.
Gözlərini yumub uzun-uzadı dua edən nənəm nağıllardakı sehrli qarıları xatırladırdı.
(İxtisarla)

Xarəzmli qızı Məhəbbət SƏFA 1969-cu ildə anadan olub. Urgənç Dövlət Universitetində Ali təhsil alıb. Mətbuatda çalışır. Onun “Sirli baxışlar”, “Adsız saplar”, “Məhəbbət” şeir topluları, “Ömür çiçəyi” publisistik məqalələri çap olunub. Məhəbbət xanımın maraqlı hekayələri var. Adama elə gəlir ki, bu hekayələrin hamısı müəllifin tərcümeyi-halıdır – indi siz oxuculara ixtisarla təqdim etdiyimiz “Nənəm” xatirə-essesi kimi. Ən böyük arzularından biri də Azərbaycana gəlmək, Bakıda kitabını nəşr etdirməkdir.
Almaz Ülvi


Paylaş



Bölmə: Ədəbiyyat / Turan / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!