Qalx ayağa Azərbaycan! .....                        “İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı .....                        Telli Borçalının adından dələduzluq .....                        Qalx ayağa Azərbaycan! .....                        Ermənilərin növbəti Gəncə terroru - 4 il... .....                        Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq .....                        Sumqayıtda yanğın .....                        “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub .....                        Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib .....                       
10-10-2024, 15:17
Ədəbiyyat üzrə Nobel mükafatı ona verildi


Ədəbiyyat üzrə Nobel mükafatı ona verildi

2024-cü il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb.
Nobel Komitəsi oktyabrın 10-da Cənubi Koreyadan olan Han Kanqın ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib.
O, tarixi travmaları və insan həyatının kövrəkliyini göstərən poetik nəsrə görə bu mükafata layiq görülüb.
8-10-2024, 15:42
“Daşa yazılmış tarix”in təqdimatı oldu


“Daşa yazılmış tarix”in təqdimatı oldu

Qazaxıstanın tanınmış ictimai və siyasi xadimi, görkəmli türkçü Darxan Kıdırəlinin “Daşa yazılmış tarix” kitabı türklərin qədim tarixindən bəhs edir və hər bir türk toplumu nümayəndəsi üçün gərəkli bir nəşrdir.
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə çevrilərək çap edilmiş kitabın təqdimat mərasimi X Bakı Beynəlxalq Kitab Sərgisində ötən gün baş tutub.
Kitabı Azərbaycan dilinə tanınmış araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk tərcümə edib.
Ttəqdimat mərasimində moderator Fərid Hüseyn türk xalqları ədəbiyyatının, elminin ortaq nöqtələrindən, istinad mənbələrindən bəhs edib. İlk olaraq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova çıxış edib, Darxan Kıdırəlinin türk tarixindən bəhs edən əsərinin böyük əhəmiyyətini dilə gətirib, onun Azərbaycan dilinə uyğunlaşdırılmasını böyük hadisə adlandırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Darxan Kıdırəli şəxsiyyəti, onun türkçülüyə verdiyi töhfələrdən bəhs edib, kitabı böyük maraqla oxuduğunu dilə gətirib.
Təqdimat mərasimində iştirak edən Milli Məcllisin deputatı Cavanşir Feyziyev Darxan Kıdırəlinin Türk dünyası, türk elmi üçün əvəzsiz xidmətlərindən, Beynəlxalq Türk Akademiyasının təşəkkül tapmasında müstəsna fəaliyyətindən, onun Azərbaycan ilə Qazaxıstan arasında elm sahəsində həyata keçirdiyi layihələrdən danışıb.
Filologiya elmləri doktoru Şərəf Cəlili “Daşa yazılmış tarix” kitabını İleriş-Kutluq Xaqanın, Tonyukukun, Bilgə Xaqanın göy türklərdən bu günə qədər gəlib çıxan səsi adlandırıb. Bu kitabın bütün ali və orta məktəblərdə tədris olunası kitab adlandırıb.
Xalq şairi Sabir Rüstəmxanlı Türküstan elinin görkəmli ziyalısı Darxan Kıdırəlinin kitabını daşlardan bizə gəlib çatan əmanət adlandırıb.
“Daşa yazılmış tarix” kitabını Azərbaycan türkcəsinə uyğunlaşdıran Aida Eyvazlı Göytürk isə belə bir kitabın tərcüməsinin məsulyyətinin onun çiyinlərinə düşməsini “Tanrıdan verilən xoşbəxtliyimdir” deyə izhar edib. Bildirib ki, bu kitab bir daha sübut edir ki, türk həm tarix yaradıb, həm də tarix yazıb.
Xatırladaq ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının yazarlarının, alimlərinin təbliğinə həsr edilmiş kitab seriyaları nəşr etdirir və bu layihə türk xalqlarının irsinin öyrədilməsində, inteqrasiyasında böyük əhəmiyyət kəsb edir.
3-10-2024, 12:36
"Məmməd Arazın "Səməd Vurğunla söhbət"i"


"Məmməd Arazın "Səməd Vurğunla söhbət"i"

Əziz oxucular, ədəbi tənqidin ədəbi mədhiyyəyə çevrildiyi, hər yerindən duranın pul gücünə kitab çap elətdirib təqdimat keçirtdiyi, Yazıçılar Birliyinin (eyni dəstə) Üzvlərinin topa-topa həmin təqdimat mərasimlərində bir-birini təriflədiyi(daha doğrusu həriflədiyi) bir vaxtda Qocaman tənqidçi Qurban Bayramovun aşağıdakı qeydlərini sizlərlə bölüşmək istədim. Söz qədri bilənlərə sayğılarla: Tamxil Ziyəddinoğlu- “Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru.

Qurban Bayramov:
“Belə düşündüm ki, bir mətləbi Sizlərlə bölüşüm. Xəbər vermişdim ki, 20 il bundan əvvəl əvəzedilməz milli şairmiz Məmməd Arazın 60 illik yubileyi münasibətilə elmi sessiyada etdiyim "Vətən daşını vətəndaşa çevirən Məmməd Araz" adında məruzənin mətni hissə-hisə "Bütöv Azərbaycan" qəzetində dərc edilir. (Bax: "Bütöv Azərbaycan", 25-30 sentyabr, 02-08 oktyabr 2013-cü il 31, 32 saylı qəzet.) Qəzetin 32-ci sayının 10-cu səhifəsindəki mətnin bir hissəsinə yeni başlıq qoyub diqqətinizə çatdırıram:”
"Məmməd Arazın "Səməd Vurğunla söhbət"i"
“Səməd Vurğunla söhbət” şerində vaxtilə güclü mənəvi keyfiyyətlər qazanmış ədəbi mühitdə baş verən əxlaqi-mənəvi mürəkkəblik, ziddiyyət, deqredasiya, təbəddülat bütün reallığı ilə əksini tapır, təsirli və ibrətamiz mahiyyət kəsb edir:
Alqış, alqış! Az qaldı ki, tavan sına!
Sən gəlmədin bu axşama, səsin gəldi;
Səsin əvvəl qulağıma həzin gəldi.
Sonra bir az nəfəsinə qüvvət gəldi.
ÇOX XƏBİSLƏR elə bildi, Səməd gəldi:
ÖN SIRADA TİTRƏDİLƏR,
ÖN SIRADA BÜDRƏDİLƏR,
Lent qurtardı, nəfəs dərib, “ox” –
dedilər...
Çox vəfalı dostların da
O gecədə yoxdu ancaq;
Bilirdilər Səməd bir də
Məruzəçi olmayacaq...

...Səndən sonra səni bir az silkələdik,
Çox aradıq, çox çevirdik, çox ələdik.
Böyüklərin faciəsi böyük olur...
Səndən sonra
...Görüşlərin hərarəti sənsizləşib,
Kürsülərin cəsarəti sənsizləşib.
Ağsaqqallar səxavəti sənsizləşib...
...Cavanlara vədlər artıb;
Vədlərin iki misli sədlər artıb...

Səməd Vurğunun vəfatından sonrakı dövrdə Azərbaycan ədəbiyyatında yeri, zənginliyi, milli şöhrəti, qüvvətli humanizmi, fəlsəfi dərinliyi və yetkinliyi, intellektual dolğunluğu bu şeirdə bir daha təqdir və təsdiq olunurdu... Burada Səməd Vurğunun şəxsində poeziyamızın müqtədir, korifey bir sənətkarının lirik qəhrəmana çevrilmiş mübariz, aparıcı, öncül xarakteri boya-boy görsənir...
Məmməd Arazın “Şair vüqarı” şerində də bu motivi davam etdirmiş vüqarı, qüruru, əyilməzliyi (“Əyilməz vicdanın böyük heykəli” misrasını xatırla) şairə xas olan əsas və gözəl xüsusiyyətlərdən biri kimi qeyd etmişdir:
Vüqarla yaşamış söz babaları,
Onu yaşatmasın şerimiz niyə?
Əyilmək bilməyən şair vüqarı
Yalnız baş əyibdir əyilməzliyə.

Əyilə-əyilə yaşayanlar, “tabelər”, “müti məhəbbətlər”, “həlim təbiətlər” şair şəxsiyyətinə uyğun gəlmədiyindən Məmməd Arazın şair qəlbini yaralayır, onların hökmranlar qarşısında qatlanmış dizlərini, əyilmiş bellərini düzəltmək istəyi ilə yazır bu şeiri və kişi vüqarı ilə təmiz, məğrur yaşamaq, şair-insan ömrünün ən qiymətli tarixi və əzəli səhifələridir, - deyilir bu şeirdə...
“Söz babalarına” xas mənəvi keyfiyyətləri, prinsipiallığı və vüqarı qorumağı və inkişaf etdirməyi umur qələmdaşlardan Məmməd Araz və sənətkar şəxsiyyətinin bütövlüyünü də bunda görür, yazıda-pozuda bir cür, həyatda, məişətdə başqa cür olan “qələm tutanları” mənəvi bütövlüyə çağırır... Əslində, yaradıcı şəxsiyyət yaradıcılığındakı iddiyaya uyğun bir şəxsiyyət olmalıdır...
O, öz fikrini demək üçün “ Səməd Vurğunla söhbət”dən ədəbi priyom kimi istifadə etmişdir. Söhbət mahiyyət etibarilə Səməd Vurğundan getmir. Şair xəbisləri, paxılları, dili ilə ürəyi bir olmayan, dırnaqarası “vəfalı dostları”, cəsarətsizliyi, hərarətsizliyi, Səməd Vurğunu bədxah niyyətlə “silkələmək” təşəbbüsündə olanları tənqid etmişdir. Səməd Vurğun olmasın, qeyrisi olsun, şair, ümumiyyətlə, ədəbi mühitdə müşahidə etdiyi haqsızlığa qarşı çıxır. Xəbisləri, paxılları, öz şöhrəti üçün başqalarını ləkələməyə çalışanları tənqid etmək lazımdır ki, bu hal davam etməsin, ədəbi mühitdə daha sağlam, daha mehriban münasibətlər yaransın. Xəbislər bilsinlər ki, onların haqsızlığı çoxlarının etirazına səbəb olur və unudulmur...
Bu şeirin üzərində ona görə belə dayandıq ki, şeir vaxtilə ədəbi mühitdə də mübahisə və müzakirə doğurmuşdu... Beləliklə, Məmməd Araz lirikası ardıcıl bir şəkildə dövrün yaradıcı pafosunu, fəlsəfi axtarışlarını əks etdirdiyindən ürəklərə asanlıqla yol tapır, öz hərarəti ilə qəlbləri isindirir, orada özünə yuva salır. "
Mənə elə gəlir ki, bu ilin ortalarında Səməd Vurğun şəxsiyyəti və irsi ilə bağlı baş verən insidentə böyük Məmməd Araz ən tutarlı cavabını vermiş, mən də bunu görüb 20 il bundan qabaq təqdir etmişəm...
03.10.2013.
1-10-2024, 22:09
Təbrik  Həyatından sevinc, sevgi əskik olmasın!


Təbrik

Həyatından sevinc, sevgi əskik olmasın!

(Dostum Fikrət həkimin yubileyinə)
Dünyada hamı yaşayır, amma elə insanlar var ki, kimsə onların niyə, nə üçün yaşadıqlarını düşünmək belə istəmirlər. Elələri də var ki, həm özünə, həm də dostlarına tez-tez sual ünvanlayırlar. Biz dünyaya nə üçün gəlmişik, ümumiyyətlə niyə yaşayırıq? Kimə lazımıq? Mənim dostum Fikrət Orucov bu sualları çox verib, həm də sualının cavabını özünün həyat tərzi, əməli işi və ətrafdakılara faydası ilə verməyə çalışıb. Oktyabrın 2-də əziz dostumun 60 yaşı tamam olur. Bu münasibətlə onu qəzetimizin oxucuları ilə də tanış etmək istədim:
Fikrət Orucov 1964-cü ildə Zəngəzur Mahalının Qafan rayonunun Baharlı kəndində dünyaya gəlib. Doğma kəndindəki 8 illik məktəbi əla qiymətlərlə bitirdikdən sonra orta təhsilinə Kacaran şəhərindəki Azərbaycan məktəbində davam edib. 1983-cü idə orta məktəbi dərs əlaçısı olaraq bitirib. Elə həmin il də Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Ali təhsili başa vurmamış hərbi xidmətə gedib. 1982-1984-ci illər arası Sovet Ordusunda qulluq edib. Xidməti başa vurandan sonra Universitetdə təhsilinə davam edib. 1985-1989-cu illərdə ali tibbi təhsili başa vurduqdan sonra 1 il Nəsimi Rayon Mərkəzi Aptekində interna keçib. Interna müddəti bitdikdən sonra Yasamal rayonundakı 50 saylı aptekdə provizor kimi işə başlayıb, bir müddətdən sonra böyük provizor olub. Qısa müddətdə əczaçılıq sahəsində qazandığı təcrübəni və nümayiş elətdiyi peşəkarlığı nəzərə alıb Fikrət Orucova etimad göstəriblər. Onu Sumqayıt şəhərindək 951 saylı aptekə müdir təyin ediblər.
Sovet İttifaqının çöküşündən, ictimai-siyasi formasiyanın dəyişməsindən sonra həkim öz ixtisası üzrə sahibkarlıq fəaliyyətinə keçib. “Zeytun 37” aptekini təsis edib. Elə o vaxtdan özü yaratdığı qurumun rəhbəri vəzifəsində çalışır.

Yuxarıda qeyd olunanlar Fikrət Orucovun ömrünün qısa ensiklopedik məlumatıdır. Ancaq onun 60 illik enişli yoxuşlu həyat yollarının keşməkeşləri də var. O hələ yeniyetmə çağlarından erməni faşistlərinin diskriminasiya siyasətinin şahidi olub. Doğulduğu Baharlı kəndini yerində göl qurmaq bəhanəsilə köçürüblər. Ulularının uyuduğu qəbiristanlığın sökülüb dağıdılması onun yaddaşında silinməz izlər buraxıb. Bütün Qərbi Azərbaycanlı soydaşlarımız kimi o da qaçqınlığın, ata yurdundan məhrumluğun ağrı-acısını yaşayıb. Qarabağdakı separatçıların vurduğu yaralardan onun da ailəsinə pay düşüb. Qardaşının oğlu Birinci Qarabağ Müharibəsində şəhid olub.
Deyirlər dərd gələndə batmanla gəlir. Fikrətin də dərdi batmanla gəldi, şəhidinin yarası qaysaqlanmamış öz ailəsində faciə baş verdi. İki qızının tək qardaşı İlkinin bəy taxtına oturmamış dünyadan köçməsi onu elə sarsıtdı ki...

Yaxşı ki doğmalarının, dostlarının nəvazişi, diqqəti sayəsində yenidən həyata tutuna bildi.
60 yaşa qədər həyatın hər üzünü görə-görə gələn, ximətdə, işdə cəmiyyət içində, ümumiyyətlə ətrafdakıların min cür əməlinin şahidi olan F.Orucov bu illər ərzində yalnız yaxşılardan örnək alıb. Pisliyi, paxıllığı qəlbinə yaxın buraxmayıb. Xeyirxahlığı, humanistliyi ruhunun qidası bilib, həyat amalına çevirib. O, həm də sədaqətli dost, istiqanlı qohum, cəfakeş ailə başçısı, qürurlu vətəndaşdır.
Bu gün ləyaqətli vətəndaşımız, təəssübkeş eloğlumuz haqqında nə qədər istəsəniz yazmağa mövzu var. Onu da qeyd edək ki, yaşadığı Sumqayıt Şəhərinin abadlaşdırılmasında imkan daxilində yardımını əsirgəməyib. Fıkrət Orucov Vətən müharibəsi dövründə öz maddi-mənəvi imkanlarını ordumuzun qələbəsi üçün səfərbər edib. İstər dərman tədarükü, istərsə də digər təminatlarda bütün imkanlarını ortaya qoyub. Bir sözlə onun mayası xeyirxahlıqdan yoğrulub. Yaxşılıq etməkdən zövq alır.

30 ili aşan tanışlığımız artıq dostluğa çevrilib. 60 illik ömrünün yarısından bəri tanıdığım Fikrət peşəsinə sadiq olduğu qədər də dostluqda vəfalıdır. Dürüstdür, sözübütövdür.
Əziz dostum, qardaşım Fikrət, yubileyin münasibətilə səni ürəkdən təbrik edirəm. Sənə sağlam, uzun ömür, peşə fəaliyyətində uğurlar, ictimai-siyasi həyatında nailiyyətlər arzulayıram! Bütün acıların keçmişdə qalsın. Uca yaradanımız gül balaları gözünə çıraq eləsin! Qalan ömrünü könül xoşluğu, ruh dincliyilə yaşayasan! Dostlara, doğmalara olan sevgin tükənməsin! Biləsən ki sevdiklərin səni daha çox sevirlər.
Əzizim həyatından sevinc, sevgi əskik olmasın! 100 yaşa!
Hörmətlə: Tamxil ZİYƏDDİNOĞLU,
Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri
27-09-2024, 08:51
Lazizbek Raximov yazır: "Şairi kiçiltməyin!"

Lazizbek Raximov
Buxoro Dövlət Universitetinin tələbəsi


Şairi kiçiltməyin

Şairi kiçiltməyin!
Şair də insandır!
Ürəyində həsrət, ürəyində acı var,
Məhəbbət var.

Şairi kiçiltməyin!
Ürəyi nazik, amma səbrlidir.
Sizin bir iliniz var,
Onun bir günü ilə bərabərdir.

Şairi kiçiltməyin!
Şair - binakardır.
Həqiqi memar.
O, qura bilər ən böyük bina,
Ona "Ürək binası" deyirlər.
Orada şair siması canlanır.

Şairi kiçiltməyin!
Şair - müəllimdir.
Beyni bütün biliklərin cəmləşdiyi yerdir,
Hiss edərsən, anlayarsan
Şeirlərini oxuduqca.

Şairi kiçiltməyin!
Şair - bu oğrudur;
Gerçək oğru;
"Ürək" oğrusu;
Amma ədalətli oğru.

Şairi kiçiltməyin!
Şair - həkimdir.
Hər hansı bir ağrıya dərman verir,
Onun şeirləri,
Onun sözləri,
Ruhunu sağaldan dərmandır.

Şairi kiçiltməyin!
Göyə qaldırın.
Quş kimi uçsun
Yazmağa qələmini yenidən hazırlasın,
Tamaşaçıların ürəyini abad etsin.
Şairi kiçiltməyin!
Göyə qaldırın!



25-09-2024, 16:00
Şair-yazıçı Göyərçin Kərimi vəfat edib


Şair-yazıçı Göyərçin Kərimi vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı-publisist Göyərçin Kərimi vəfat edib.
Bu barədə mərhumun dostu, şair Əvəz Qurbanlı bildirib.
Göyərçin Kəriminin infarktdan dünyasını dəyişdiyi qeyd edilib.
Allah rəhmət eləsin.
22-09-2024, 10:16
ŞAİR HƏYATI YAŞAYAN ŞAİR

ŞAİR HƏYATI YAŞAYAN ŞAİR

(Faiq Balabəylinin bal kimi şeirləri)

Belə düşünürəm ki, bütün digər Şərq xalqlarında olduğu kimi bizdə də (bax bu yazını yazdığım dildə oxuyub anlayanlar) şeir yazmağa meyillilik, aludəçilik var. İstiqanlıyıq, həssasıq… Tez coşuruq… Ağına-bozuna baxmadan şeir qoşuruq… Cild-cild kitablar yazırıq. Tacir də yazır, müəllim də qoşur, alım də nəzmə çəkir və d. Əlqərəz yazmaq, qoşmaq bizim üçün adi bir işdir. Vəzifə və sənətimizdən asılı olmayaraq bu işi çoxumuz bacarırıq. Bu qabiliyyət anamızın südü, çəkdiyi bayatılarla hopur canımıza, qanımıza… Bir balaca qəmlənən və ya sevinən kimi sövqi-təbii qoşmalar qoşulur, boylar boylanır, dastanlar bağlanır… Gündəlik qayğılarımızdan dolayı məcubur olduğumuz işlə yanaşı şairliyi də yaşadırıq… Hərəmiz öz bildiyimiz kimi; həkim şair, müəllim şair, taksi sürücüsü şair və hətta qəssab şairlərimiz də var… Bir sözlə hərə öz həyatını yaşayır, şairlik şələsini də çiynindən yerə qoymur… Hərənin də öz həqiqəti və ehtiyacları var. Ələxsus son otuz ilin söz dünyasına quşbaxışı bir nəzər salsaq, mavi suların qoynunda bir şair görürük. Mən mavi sulara, sonsuz səmanın ənginliklərinə qərq olmuş bu şairə nə dənizçi, nə təyyarəçi, nə balıqçı şair deyə bilərəm. Bu əsl şair həyatı yaşayan (bütün parametrlərilə) şairdir.
Şairin qələmə aldığı ən yeni nümunələrdən birinə nəzər salaq (onun ötən əsrin sonlarında müxtəlif məkanlarda, fərqli vəziyyətlərdə, zaman şərtlərində yazdığı şerlər də var):
Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!
Özümüzdən çox uzaq,
könlümüzə çox yaxın,

gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!
Burada şairin mühətabı Şuşa (Qala) şəhəridir. Qələmə aldığı hisslər ən son hadisələrin eyforiya qarışıq coşqunluğu ilə yoğrulsa da, cilalayıcı şair ruhu heç bir misrada çiy sözə yer verməmişdir. Bu nümunədə mühətabı Nəsimi ilə, M.Ə.Sabirlə, bütün Azərbaycanın özü ilə asanlıqla əvəz etmək olar. Əslində isə şair özü ilə söhbətləşir…
Çətin və bəzən hətta məşəqqətli olsa da şair həyatı yaşamaq hər şairə nəsib olmur… Dənizçi Faiq Balabəyli, tacir-sabunçu Sabir kimi, tacir-müəllim Hadi kimi əsl şair həyatı yaşayan barmaqla sayıla biləcək qədər az şairlərimizdən biridir.
Bu yazını yuxarıdakı qaydada əziz dostum, qardaşım Faiq Balabəylinin lap körpəlikdən qələmə aldığı istənilən nümunə ətrafında həcmcə nə qədər istəsəniz böyütmək olar. Bütün səmimiyyətimlə qeyd etmək istəyirəm ki, buna ehtiyac yoxdur.
Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi "Dəniz adamı" məqaləsindən kiçik bir hissəni xatırlatmaqla yazımı yekunlaşdırmaq istəyirəm: “Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan, öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır.”
Bəli, Faiq Balabəylini şair edən, onu bir ömürlük şair həyatı yaşamağa məhkum edən bu qayğıdır. Onun həssas qəlbində pərvəriş tapıb bir türlü ovunmayan intizar, həsrət Azərbaycan sevdası… Bu sonluğa ustad sənətkar Bəxtiyar Vahabzadənin “Payız düşüncələri” kitabının və “Vətəndaş” şeirinin adını yazmaqla xüsusi bir rəng qatmaq istəyi keçdi könlümdən…
Əziz və dəyərli oxucum düşün ki, qeyd etdiyim bu iki nümunə də Faiq Balabəyli üçün, onun adına yazılıb, onun həyatını əks etdirir. Mənim şair qardaşım Faiq Balabəyli, 60 nədir ki??! Allah sənə uzun ömür versin, 70-də, 80-də, 90-da görüşək… Bütün Azərbaycan dağlarına, çəmənlərinə bal toplamağa getmiş arıların öz pətəklərinə dönsün… Bal kimi şeirlərin süzülsün… Necə ki, belələri var:
Doyunca əyilib içdim suyundan;
Tamı tamahlandırdı, yumdum gözümü,
dadı damağıma köçdü, içimə çəkdiyim
havanı udmaq
geri qaytarmamaq... yordum özümü...
və yaxud:
İndi hay-həşir salacaq,
uçacaq ac qağayılar.
Qayığın saldığı izə
qonacaq ac qağayılar.

Ömrünü belə yaşayar -
nəfəsi kəsilənə qədər.
İçində qayğı daşıyar
Boğular nələr və nələr...

…Can Qardaş, can. Sənin nələr çəkdiyini mən bilirəm. Mən.
14.09.2024. Bakı ş.
Hörmətlə: Zaur Ustac
“Yazarlar” jurnalının baş redaktoru.
22-09-2024, 10:12
ƏDƏBİYYAT DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR


ƏDƏBİYYAT DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR

İnam Ata (Asif Ata) ilə bu ruhani təmasdan (müsahibədən) 31 il ötdü, 6 Köçəri ayı, 14-cü ildə (06.02.1993) yazılıb. Yazıda imperiyanın caynağından yenicə qurtulmuş, çaşqın durumda olan Azərbaycanın ədəbiyyatla bağlı çoxlu problemlərinə Ata münasibəti var.
İşıqlı Atalı: - Müqəddəs Ata, bu təmasda məqsədim Atamızın ədəbiyyatla bağlı düşüncələrini təqdim etməkdir. İlk sual belədir: Ocaq və ədəbiyyat. Doğrudanmı ədəbiyyat zamanın, şəraitin məhsuludur?
İnam Ata: - Ocağın məqsədi İnam, yalansız etiqad əsasında İnsanlaşma əməli yaratmaq, Azərbaycanda mahiyyətcə müqəddəslik səviyyəsində yaşayan xalq becərməkdir. Ədəbiyyatın məqsədi həyat hadisələrini mənalandırmaq, onun Mütləq - Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətini aşkara çıxarmaqdır. Bu baxımdan Ocaq ilə Ədəbiyyat arasında qırılmaz birlik var.
Çoxları elə bilir ki, ədəbiyyat dünyanı yalnız əks etdirir. Bu, kökündən yanlış bir fikirdir. Ədəbiyyat hadisələri Mənaya, Mahiyyətə yüksəldir. Bu səbəbdən də yaxşı ədəbiyyat mütləq şəraiti ötür, mühiti ötür, yaxşı ədəbiyyat, hətta realist ədəbiyyat belə zamandan üstün olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər ki, ədəbiyyatı zaman yetişdirir, şərait yetişdirir, mühit yetişdirir; unudurlar ki, şərait, mühit, zaman - siyasət yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən hadisələr yetirir, lakin ədəbiyyatı zaman yetirmir. Əgər ədəbiyyatı zaman yetirirsə, onda ədəbiyyat zamanla gərək heç döyüşməsin. Ədəbiyyat daim zamanla döyüşür. Əgər ədəbiyyatı şərait yaradırsa, onda gərək ədəbiyyat şəraitlə döyüşməsin. O şərait əgər onun anasıdırsa, onda o, "şərait" adlanan anasıyla döyüşməsin. Həmçinin də mühit. Əgər ədəbiyyatı mühit yaradırsa, onda ədəbiyyat gərək öz yaradıcısı ilə döyüşməsin, onu mədh eləsin, vəsf eləsin. Əslində isə dünya ədəbiyyatında böyük nə varsa, ali nə varsa, ülvi nə varsa, o, zamana qarşıdır mühitə qarşıdır, şəraitə qarşıdır. Füzulilər, Nəimilər, Nəsimilər; onların heç biri zamançı olmayıb, şəraitçi olmayıb, mühitçi olmayıb. Hamısı şəraitə qarşı olub, mühitə qarşı olub, zamana qarşı olub, əsas odur ki, dünyaya qarşı olub.
Elə Ocağın da əsas fəlsəfəsi odur ki, İnsan gərək şəraitə sığmasın, mühitə sığmasın, zamana sığmasın, şəraiti, mühiti, zamanı ötsün. Bu səbəbdən də ədəbiyyatla Ocağın yönündə bağlılıq var, o bağlılığı açmaq gərək. Ədəbiyyatı bizim estetika, bizim tənqid, bizim ədəbiyyat çox balacalandırır, ədəbiyyatın yaradıcı mənası çox qısalır. Onun inikas mənası, əksetdirmə mənası çox şişirdilir; nəinki ədəbiyyat, ümumən insan təfəkkürünün özü təkcə əks eləmir bu dünyanı, onu yaradır, özü də təzədən yaradır. Dünyada aşiqlər olub, Məcnunu isə Füzuli yaradıb. Füzulinin yaratdığı Məcnun Füzulininkidir. Dünyada balaca Hamletlər çox olub, ancaq Şekspirin yaratdığı Hamlet olmayıb dünyada. Çoxlu balaca Qobseklər olub, ancaq Balzakın yaratdığı Qobsek Balzakın yaratdığı Qobsekdir və sairə.
Mənim zənnimcə, vaxt gəlib çatıb ki, ədəbiyyatın Mütləqliyindən əməlli-başlı, heç bir sıxılmadan danışmaq lazımdır. Ədəbiyyat - dünyanın, həyatın, insanın mənasına çatmaq yoludur. Ona görə də Asif Ata Ocağına gərəkli olan, çox emosional, idraki bir vasitədir.
İşıqlı Atalı:-Ədəbiyyatda forma-məzmun məsələsi barədə fikriniz?
İnam Ata: - Ədəbiyyatın başqa növlərindən fərqi ondadır ki, ədəbiyyatda məzmun gözəlliyi olduğu dərəcədə forma gözəlliyi var. Ədəbiyyat - məzmun gözəlliyi ilə forma gözəlliyinin birliyidir. Forma burada elə-belə yalnız ifadə deyil, o, Mənanın gözəllik səviyyəsində təzahürüdür. Ona görə də ədəbiyyat sözün gözəlliyidir, təkcə mənası deyil. Bu, məsələnin bir tərəfidir. Başqa idrak növlərində fikir gözəl olmaya bilər, ədəbiyyatda isə gözəl olmayan fikir qeyri-ədəbidir. Ona görə də çox yazıçılar var ki, yaxşı mənalı sözlər deyirlər, fikirlər söyləyirlər, gözəl olmur. İstedad - müəyyən mənada gözəl fikir deməkdir, gözəl söz deməkdir, gözəl səs deməkdir, gözəl rənglərin ahəngi deməkdir. İkinci bir tərəfdən sənətdə məzmunla forma arasında zahirilik və daxililik əlaqələri olmur. Haradasa fikir deyəndə daxili məzmunun zahiri izharı nəzərdə tutulur. Ümumiyyətlə, fikir xaricilik mənasındadır.
- Atanın fəlsəfi-bədii tənqidi dünya ədəbi tənqidçiliyində Göy halıdır - bu vaxtacan olmayan. Bu barədə Atanın özündən eşitmək oxucularımız üçün çox maraqlı olardı.
- İndiyə qədər olan tənqiddə zirvə Belinski tənqididir, eyni zamanda Brandes tənqidi də yüksək qiymətləndirilir. Başqa tənqidçilər də var, ancaq bu iki qütb - Belinski və Georq Brandes əsas sayılır. Bədiyyat da, ayrı-ayrı fəlsəfi fikirlər, düşüncələr də var, inkar etmək olmaz, ancaq mənə bunlar az gəldi: oradakı bədiilik də, fəlsəfilik də az gəldi. Onlar nə qədər istəsələr də, istəməsələr də, hər halda ədəbiyyatın özündən asılı oldular, hədsiz dərəcədə asılı oldular və fəlsəfə burada tam aşkarlanmadı, bədiiyyat da burada tam aşkara çıxmadı. Mən isə Şərq adamı və fəlsəfəyə bağlı olduğum üçün, eyni zamanda bədii ədəbiyyata çox meyil elədiyim üçün elə ilk tənqidçiliyimdən tənqidin yönünü tamamilə dəyişdim. Mənim əsas məqsədim - ədəbiyyatı yaxşı mənada vasitəyə çevirməkdir. Bunun ədəbiyyata qəti ziyanı yoxdur və qəti onu alçaltmır. Ədəbiyyatı vasitəyə çevirmək, ədəbiyyat vasitəsilə dünyanın, həyatın böyük fəlsəfi problemini həll eləmək.
Ədəbiyyat buna çox gözəl imkan verir. Buna ədəbiyyat qədər imkan verən heç nə yoxdur. Yəni əgər filosoflar fikirlərini təsdiq etmək üçün həyata müraciət edirlərsə, burada sən həyatdan artq olana - ədəbiyyata müraciət edirsən: burada filosofluq üçün təzə üfüqlər açılır.
Mənim bütün yazılarım bu filosofluqdur: "Sənət və şəxsiyyət", "Sənət və kəşf", "Fəlsəfə və poeziya", "Yerdəkilərin Göy Həsrəti", "Həqiqət və Yarımhəqiqət", "İnam və Şübhə"...Bunlar hamısı fəlsəfi məsələlərdir. Beləliklə, burada üstünlük fəlsəfənin özünə verilir. Əgər Belinskidə ədəbiyyat üstünlük təşkil edirdisə, burada fəlsəfənin özü əsas olur və bu, ədəbiyyatın xüsusiliyini inkar etmir, onu heç cür də alçaltmır, əksinə, onu daha da böyüdür. Onda rüşeym halında olan balaca fikirlər böyüyür. O dərəcədə ki, yazıçı özü bilmədiyini burada görür. Burada ədəbiyyat öz imkanlarından artıq olur. Bu, həmçinin bədiiyyata da aiddir.
Onu da deyim ki, Azərbaycan ədəbiyyatı nə qədər böyük olsa da, Azərbaycan tənqidi onun yanında balacadır. Hər kəs, mənim zənnimcə, azdan-çoxdan ədəbiyyatçı olan, yaxud özünü ədəbiyyatçı kimi qələmə verən adam başa düşür ki, Mirzə Fətəli Axundov tənqidi mifdir. O, tənqidi əsər yazmayıb, tənqid necə olmalıdır haqda məktublar yazıb. Onun dramaturgiyası özfəaliyyət səviyyəsindədir. Fəlsəfəsi yoxdur. "Kəmalüdövlə məktubları" fəlsəfi əsər deyil, yaxşı bir publisistikadır olsa-olsa.
Belinskidən öyrəndim, Brandesdən öyrəndim, onlar məni təmin etmədi, özümdən öyrəndim. İndi Azərbaycan ədəbiyyatında Asif Atanın yaratdığı fəlsəfi-bədii tənqid var, heç kəs bunu dana bilməz. Tamamilə təzə və dünya tənqidinin fövqündə.
- Müasir Azərbaycan ədəbiyyatı haqqında Ata fikrini bilmək istəyirəm.
- Müasir Azərbaycan ədəbiyyatı gərək indi tövbə eləsin. Tövbə ədəbiyyatı gərəkdir məncə. Tövbə eləsin ki, yolunu azmışdı. Ayrı-ayrı əsərlər yəqin ki, var. Söhbət yöndən gedir və "sosializm" adlanan bir varlığı süni şəkildə mədh eləyirdi.
Ədəbiyyat özünün mahiyyətindən uzaqlaşmışdı. Ədəbiyyat heç zaman şəraitlə, zamanla uyğunlaşmır, zamanı ötür. Zamana bərabər ədəbiyyat olmayıb. Burada isə hər şey sosializmə bağlanmışdı, kommunizmə bağlanmışdı. O dərəcədə ki, heç kəs görmürdü sosializm də həmişəlik deyil. Konkretlik adıyla ədəbiyyatı cılızlaşdırdılar, Əbədiyyətdən uzaqlaşdırdılar. Əbədi məsələləri mücərrəd məsələ adıyla damğaladılar. O tendensiya qalıb, beşgünlük ədəbiyyat yarandı. Kommunizmə ilişib qalan ədəbiyyat yarandı, partiyalılıq prinsipinə ilişib qalan ədəbiyyat yarandı. Ədəbiyyatın üfüqləri hədsiz dərəcədə daraldı.
İndi tövbə vaxtıdır. Təzə Füzulilərə qayıtmaq vaxtıdır, Nəsimilərə qayıtmaq vaxtıdır. Ədəbi ideyalar vaxtıdır. Ədəbiyyatın özü olması vaxtıdır: özgələşib ədəbiyyat.
- Ədəbiyyatda xəlqilik və dünyəvilik məsələsinə Ata necə baxır?
- İndikilər belə düşünürlər ki, əgər məni dünyanın hansısa bir əcnəbi ölkəsi çap edirsə, deməli, mən böyük adamam. İkincisi, əgər kimisə dünya tanıyırsa, o, böyükdür. Bu, illüziyadır. Səni dünya tanıyar, sən dünyada olmazsan. Səni dünya tanımaz, sən dünyada olarsan. Dünyəvilik coğrafi anlayış deyil, dünyəvilik məna anlayışıdır. Dünya boyda məna var sənin yaradıcılığında. Budur dünyəvilik. Sən Nizami Gəncəvi kimi Gəncədən qırağa çıxmazsan, dünyəvi ədəbiyyat yaradarsan. Və sən bizimkilər kimi orada-burada, Fransada, hardasa bir əyalətdə çap olunarsan, sənin ədəbiyyatın heç özünə də lazım olmaz, balaca bir otağına da, nəinki dünyaya.
Şəxsən mənim heç arzum yoxdur ki, məni tanısınlar haradasa. Mən burada otura-otura öz dünyəvi işimi görürəm. Heç dünya məni tanımasın da.
Hədsiz dərəcədə formalçı olmuşuq. Füzulini dünyada tutaq ki, Folknerdən az tanıyırlar, Heminqueydən az tanıyırlar. Məgər onlar bir yerdə Füzulinin bir beytinə bərabərdirlərmi? İndi deyək ki, Folkner böyükdür, Füzuli böyük deyil? Bu səviyyədə anlam var. Bu səviyyədə anlamaq - anlamsızlıqdır. Dünyəvilik - xəlqilik deməkdir. Xüsusi dünyəvilik yoxdur. Əgər xəlqilik əsildirsə, o, elə dünyəvidir. Şərq ölkələrindən başqa muğamatı tanıyan yoxdur. Məgər bunun muğamatın dünyəvi mahiyyətinə bir ziyanı var? Özündən küssün. Mahiyyətcə olan dünyəvidir, mənası dünyəvi mənadır, insanın pillə-pillə artması, müəyyən bir səviyyədə ilahiləşməsidir. Camaat savadsızlığından, idraksızlığından hər şeyi çox bəsitləşdirir, çox asanlaşdırır. Filan sənətkar getdi Amerikada qastrolda oldu, deməli, bu, dünyəvidir. Bu isə burada oturdu "Bayatı-Şiraz" yaratdı, dünyəvi deyil.
Son 70 ildə insanların beyni azaldı. Ona görə çox bəsit, çox yanlış, tələm-tələsik fikirlərlə dolub tənqid də, ədəbiyyat da, fəlsəfə də.
- Atamızın romantizm və naturalizmə qiyməti.
- Ümumən "izm"lərin əleyhinəyəm indiki səviyyəmdə. Burada çox ehtiyatlı olmaq lazımdır. Yazıçıları bağlayırlar məktəblərə, cərəyanlara bölməyə və yazıçı şəxsiyyəti itir. Məgər Bayron romantik məktəbin nümayəndəsi idi, yoxsa böyük şair idi?
Bu nümayəndəlik, bu məktəblər, bu sxemlər hamısı buxovdur, ədəbiyyat üçündür. Realizm: Balzak olmasaydı, realizm olacaqdı? Mən belə deyərdim: xəyalın gerçəklik üzərində üstünlüyü olur ki, sonra o da gətirib fəlakətə çıxardır və "romantizm" adıyla sxematik şəkildə təsvir olunan hadisə budur. Xəyala vurulurlar, hadisəyə vurulurlar, istəyə vurulurlar Bayronlar; sonra həyat bunların bütün bu istəklərinin hamısını məhv eləyir, onlarda dəhşətli bədbinlik əmələ gəlir.
15-ci, Bakı (1993-cü il, fevral)
11-09-2024, 18:21
“Ən müqəddəs pay kəlağay”


Respublika Gənclər Kitabxanasında gənc şairə Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc şair Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət, ədəbiyyat, ictimaiyyət, media nümayəndələri, tələbə-gənclər iştirak edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı gənc şairə Arzu Əyyarqızını yaradıcılığı haqqında geniş məlumat verərək, “Ən müqəddəs pay kəlağay” kitabı, müəllifin sayca üçüncü kitabı olduğunu qeyd etdi. Redaktoru araşdırmaçı, yazar, publisist Vaqif Osmanlı, ön söz müəllifi Güllü Eldar Tomarlı, məsləhətçisi Elvira Həmidli olan kitabın Azərbaycan kəlağayısının UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə bir töhfə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq, bu səpkili tədbirlərin, kitab təqdimalarının, gənc müəlliflərlə görüşlərin kitabxanalarda, keçirilməsi əhəmiyyətindən və gələcəkdə geniş audioriyada təbliğ olunması imkanından danışdı. Şairə Arzu Əyyarqızının poeziya janrında yazıb-yaratdığını və yaradıcılığında müşahidə edilən mövzu rəngarəngliyindən, şeirlərində vətənpərvərlik ruhunun, Vətənə, həyata ali sevgi motivlərinin üstünlük təşkil etdiyini söylədi. Poeziyanın, ədəbiyyatın çox mühüm, eyni zamanda çox həssas, incə bir janrı olduğunu vurğulayaraq, bu gün poeziya janrında vətənpərvərlik ruhlu əsərlərin yazılması əhəmiyyətini vurğuladı. Gələcəkdə müəllifin kitablarının elektron variantının hazırlanaraq Respublika Gənclər Kitabxanasının elektron kitabxanasına verilməsini də təklif etdi.

Tədbir iştirakçıları Arzu Əyyarqızının lirik dünyasının onun milli ruhu, azadlıq, haqq-ədalət savaşı, sevgisi kimi saf və duyğulu olduğunu, şeirlərinin milli ruh nəğmələri olduğunu bildirdilər, şairənin poetik nümunələrində Əlibəy Hüseynzadə, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun dəsti-xəttinin sezildiyini dilə gətirdilər. Şairənin gənc olsa da, müdrik düşüncələri, milli mənəvi dəyərlərə sonsuz ehtiramı ilə hər bir oxucusuna nümunə olduğunu söylədilər.
Müəllif Arzu Əyyarqızı poeziyanı, şeiri ruhunun, qəlbinin ayrılmaz bir hissəsi olduğunu deyərək, yaradıcılığa gənc yaşlarından başladığını və bu gün kitablarının işıq üzü görməsindən, geniş oxucu auditoriyasına təqdim edilməsindən qürur duyduğunu söylədi, tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.
Tədbirdə şairənin “Kəlağay”, “Düşüb könlümə”, “Kaşki”, “Alın darıxmağın əlindən məni” və digər şeirləri, sözlərinə bəstələnən mahnılar səsləndirildi. Tədbirin sonunda müəllif kitablarını kitabxanaya hədiyyə etdi.
7-09-2024, 09:47
Yeni nəşrlər

“Məni oxumağa vaxt tapılarmı?”

Yaxın vaxtlarda dil-ədəbiyyat müəllimi Vidadi Loğmanoğlunun “Məni oxumağa vaxt tapılarmı?” kitabı şapdan çıxıb. “Kəlbəcər harayı" qəzetinin baş redaktoru Zahid Muxtar kitaba ön sözü yazıb. Həmin ön sözü və şairin kitabda çap olunmuş şeirlərindən bir neçəsini oxucularımızın diqqətinə çatdırırıq.
Vidadi müəllim 1952-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1979-cu ildə Naxçıvan DPİ-nun dil-ədəbiyyat ixtisasını bitirib.
"Hələ bu dünyaya sözüm var mənim" kitabından sonra bu, Vidadi Loğmanoğlunun ikinci kitabıdır. "Tanrıya gedən yol" şeirində belə yazır Loğmanoğlu:
Üzü Tanrı dağınayam,
Həm Göytürkəm, Qara xanam,
Dədəm Qorqud, Oğuz xanam,
Oğul olan qandan keçir.

Çox-çox uzaqlara boylanır şeir müəllifi, keçmişi ilə nəinki fəxr edir, iftixar hissi ilə söz açır öz keçmişindən. Öz torpağına bağlı olanları, ölümün üzünə dik baxanları, qanını bu torpağa halal edənləri əsl oğul hesab edir. Elə bu niyyətlə də başqa bir şeirində erməni faşistlərinin təcavüzünə məruz qalmış xalqımıza belə səslənir:
Tanrı dözüm vermə mənə,
Bu halımdan məst olaram.
Qaytar məni öz donuma,
Qürurumdan qurd olaram.

Şair Vidadi Loğmanoğlu "Özündən güc alana bax" şeirində özgəsinin quyusuna su tökənləri ittiham edir:
Dərman gəzmə yad qapıda,
Səni, məni tapsa qada.
Gəl üzünü tutma yada,
Özündən güc alana bax!

Zaman-zaman sərhədləri kiçilən Vətənin bu gün azadlığa qovuşduğunu, nəhayət özünə gəldiyini "Sən ocaqsan Məmməd Araz" şeirində aşağıdakı kimi qələmə alır:
Yüzillərdir söndüyüm gün,
Çox bölündüm həmin o gün,
Gəl, özümə döndüyüm gün,
İndi gəlib Məmməd Araz.

Dərdi çox böyükdür Loğmanoğlunun; dünyada bütün xalqların birləşdiyi halda bu Vətənin hələ də ikiyə bölünməsi bir düyün kimi qalır. Açılmır bu düyün, ona görədir ki, "De bildinmi, de kiməm mən?!" şeirində belə yazır müəllif:

Bir bədəndə iki canam,
İki canda bir bədənəm,
Çoxu bilməz daha kiməm,
De, bildinmi, de kiməm mən?!


Qədim Naxçıvan torpağına bağlı olan Loğmanoğlu "Naxçıvanım" şeirində onun yetirdiyi dahi şəxsiyyətlərlə belə öyünür:
Ordubadi, Cavid oğlu,
Mirzə Cəlil qəlbə nurdu,
Məmməd Araz çələng qurdu,
Zirvələrdə zirvəm, tacım,
Heydər yurdu Naxçıvanım.

İmzası şeir-sənət pərəstişkarlarına çoxdan tanış olan Vidadi Loğmanoğlunun şeiriyyət aləmi çox zəngindir. Burada mövzu rəngarəngliyi ilə forma müxtəlifliyi vəhdət təşkil edir. Şeirin hansı formasında, hansı mövzuda bir şeir yazıbsa hamısı xoşagələndir, hamısı diqqəti cəlb eləyəndir, çünki burada bir əsl şair ürəyi döyünür, bir əsl şair qələmi tərənnüm eləyir. İnsan qəlbinin incə hissləri olan məhəbbət də, təbiət təsvirləri də, nəsihət- didaktika da, haqq-ədalət də, Vətən sevgisi də bu şeirlərdə çox məharətlə, kamil ustalıqla öz əksini tapır.
Azərbaycan xalqına çox görkəmli söz övliyaları, dahi şəxsiyyətlər bəxş eləyən Naxçıvan torpağının boya-başa yetirib ilham verdiyi Vidadi Loğmanoğlu poeziyası fəxrə, fəxarətə layiqdir. Çünki, əvvəlcədən də qeyd etdiyim kimi, burada əsl bir vətəndaş şair ürəyi çırpınır.
Dağımız, qanımız, canımız, dərdimiz, sevincimiz bir olan Naxçıvan torpağının od qoruyanı qüdrətli bir qələm sahibi şair qardaşım Vidadi Loğmanoğluna əzəmətli Kəlbəcər dağlarından, İstisu hərarətindən qucaq-qucaq sevgi dolu salamlar çatdırır, ona yeni-yeni yaradıcılıq uğurları, can sağlığı arzulayır və yeni bir şeir toplusu ilə onu oxucuları ilə baş-başa qoyuruq.
Zahid Muxtar,
"Kəlbəcər harayı" qəzetinin baş redaktoru,
Azərbaycan Mətbuat Şurasının üzvü.


ÖZÜNDƏN GÜC ALANA BAX..!

Zaman mənə dərs veribdi,
Qanı saxta olana bax,
Kimlərəsə tərs veribdi,
Ruhu yalan olana bax.

Tarixləri salsan yada,
Oda salar məni oda.
Yol birsə də bu arada,
Düyünləri salana bax.

Namərd olan yola gəlməz,
Girov düşən bir də gülməz,
Belə dərdi naşı bilməz,
Dön saçını yolana bax.

Uyma düşmən hiyləsinə
Qazsan quyu pilləsi nə?
Gəlsən tamah gülləsinə,
Söylədiyin yalana bax.

Dərman gəzmə yad qapıda,
Səni, məni tapsa qada,
Gəl üzünü tutma yada,
Özündən güc alana bax.

SAZ VƏ ONUN QARA KÖYNƏYİNƏ
Duydum niyə, duydum nədən,
Biçilib qara köynəyin,
Örtüyün özündən incə,
Tikilib qara köynəyin.

Sən tarixim, sən yaddaşım,
Sən əzəlim, sən yurddaşım,
Söylə, nələr çəkib başım,
Tikilib qara köynəyin.

Gülüşümü çəkdin dara,
Çeşid-çeşid dərdim ara,
Ürəyimə düşən yara,
Tikilib qara köynəyin.

Dərd bilənsən, dil bilənsən,
Çox ağlayıb, az gülənsən,
Hərdən məni öldürənsən,
Tikilib qara köynəyin.

Dərdlərimin yaşın saxlar,
Hamı dağılar, yox olar,
Sən qalarsan, tək saz qalar,
Tikilib qara köynəyin.

Dərdimlə əkiz doğuldun,
Əhdinə sadiq sən oldun,
Sən Nəsimi tək soyuldun,
Tikilib qara köynəyin.

Loğmanoğlu təbib olsun,
Bilsin ki, nəyin var, nəyin.
Səni duymayanım ölsün,
Tikilib qara köynəyin.
"Bütöv Azərbaycan" qəzeti
6 sentyabr 2024-cü il
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!