Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 30-06-2025, 21:20
Qukasyandan yeni etiraflar


Qukasyandan yeni etiraflar

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 30-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxs Arayik Harutyunyana öz müdafiəçisi tərəfindən suallar ünvanlanıb. A.Harutyunyan suallara cavabında Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “müdafiə naziri”nə 2020-ci ildə general-leytenant rütbəsinin Ermənistan prezidenti tərəfindən verildiyini deyib.
O, qondarma rejimin “ordusu”nda (Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur – red.) belə bir qərar vermək səlahiyyətinin olmadığını deyib və əlavə edib: “Cəlal Harutyunyana general-leytenant rütbəsi Ermənistan Respublikasının prezidenti Armen Sarkisyan tərəfindən verilib. Baş nazirin təqdimatı ilə prezident bu əmri imzalayıb”.
Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarma qurumun “hərbi polisi”nin, “hərbi prokurorluğu”nun və “hərbi məhkəməsi”nin olmadığını da söyləyib: “Hərbi polis Ermənistan silahlı qüvvələrinin qurumudur. Hərbi prokurorluq da Ermənistan Prokurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəmə proseslərinin Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni, Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı”.
O, vəkilinin Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan erməniəsilli şəxslərin 44 günlük müharibədən sonra Azərbaycan Respublikasına inteqrasiyası ilə bağlı sualını cavablandıran zaman orada bəzi qrupların qisasa meyilli olduğunu deyib: “Elə qruplar var idi ki, onlar çox ekstremist idilər. Onlar haqq-hesab çəkməyə (qisas almağa – red.) hazır idilər və belə hadisələr də baş verib. Elə adamlarımız olub ki, onlar çox konstruktiv idilər. Elə adamlar var idi ki, məni xəyanətdə, əməkdaşlıq etməkdə ittiham edirdilər. Amma elə bir əhali təbəqəsi də var idi ki, onlar başa düşürdülər ki, başqa alternativ yoxdur. Mənə etimad səviyyəsinin azalması nəticə etibarilə o həddə çatdı ki, mən “istefa” verdim”.
A.Harutyunyan vəkilin “İstefa”dan əvvəl sui-qəsd olubmu?” sualına belə cavab verib: “Sui-qəsd olmayıb, amma elə şeylər olub ki... Çəkilişə də düşüb, bu barədə demək istəmirəm, susmağa üstünlük verirəm”.
Müdafiə tərəfinin digər vəkili A.Harutyunyandan qondarma rejimin “rəhbəri” kimi onun tabeliyində hərbi bölmə, manqa və s. olub-olmadığını soruşub. Təqsirləndirilən şəxs isə onun tabeliyində yalnız “polis” və “milli təhlükəsizlik xidməti”nin olduğunu söyləyib.
Vəkilin “İstənilən hərbi birləşmə Ermənistan ordusunun tərkib hissəsi idi?” sualına isə “Bəli” cavabını verib.
Daha sonra təqsirləndirilən şəxs Arkadi Qukasyan tribunaya dəvət edilib. Ona Baş Prokurorluğun dövlət ittihamçısı Fuad Musayev suallar ünvanlayıb. A.Qukasyan suallara cavabında qondarma rejimin “rəhbəri” olduğu dövrlərdə orada kənd təsərrüfatı və sənaye sahəsində xırda şirkətlərin mövcud olduğunu bildirib, həmçinin nəhəng “Base Metals” şirkətinin fəaliyyəti barədə danışıb. O deyib: “Orada həmin kəşfiyyat işlərini aparan şirkət prioritet hüquq qazanırdı ki, həmin yataqları işləsin. Məsələ onda idi ki, geoloji kəşfiyyat işlərini yalnız “Base Metals” şirkəti aparırdı və bu səbəbdən o, həmin sahələri işlətmək üçün prioritet hüquq əldə etmişdi. O dövrdə həmin istiqamətdə işləmək istəyən başqa bir şirkət yox idi. Bu, yeganə şirkət idi”.
A.Qukasyan “Base Metals” şirkətinin həmin vaxt Ermənistanın işğalı altında olan Azərbaycanın suveren ərazilərində 2001-ci, yaxud 2002-ci ildən fəaliyyətə başladığını, 2012-ci ilədək Heyvalı yatağından mis çıxardığını söyləyib.
Şirkətin yatağa qoyduğu sərmayələrin məbləği ilə bağlı isə bunları deyib: “Dəqiq deyə bilmərəm, amma burada on milyonlarla sərmayə yatırılırdı. Səhv etmirəmsə, orada 2 minə yaxın işçi çalışırdı. “Büdcədaxilolmaları” da kifayət qədər böyük bir rəqəmi əhatə edirdi. Şirkətin direktoru Mkrtumyan (Artur Mkrtumyan nəzərdə tutulur – red.), sahibi isə Valeriy Mejlumyan idi”.
A.Qukasyan əldə olunan misin Ermənistana aparıldığını da qeyd edib.
Təqsirləndirilən şəxs 2012-ci ildə Heyvalı yatağında misin bitdiyini, lakin şirkətin bu və digər istiqamətlərdə fəaliyyətini davam etdirdiyini deyib.
A.Qukasyan isveçrəəsilli erməni iş adamı Vartan Srmakeşin qondarma rejimin ərazisindəki fəaliyyəti barədə də danışıb. Deyib ki, o, “Artsaxbank”ın və Ermənistandakı “Armswissbank”ın sahiblərindən idi. Xankəndidə təxminən 20-25 nəfərin çalışdığı müəssisənin rəhbəri olub. İş adamı Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində balıq təsərrüfatı da yaradıb.
Təqsirləndirilən şəxs qondarma rejimin mobil operatoru - “Karabax Telekom”un fəaliyyətindən bəhs edərkən deyib ki, onun sahibi Livan ermənisi idi: “Onlar həmin vaxt Ermənistanda işləyirdilər, bizə də sərmayə yatırdılar”.
O, 2020-ci ildə Bako Sahakyanla birlikdə Arayik Harutyunyanla bunkerdə görüşdüyünü də söyləyib: “Arayik Harutyunyan dedi Ermənistanın rəhbərliyinə çatdırmalısınız və xahiş etməlisiniz ki, əlindən gələn hər şeyi etsin ki, bu müharibəni dayandırsın. Bu, təkcə Arayik Harutyunyanın xahişi deyildi, bir çox adamlar yaxınlaşıb bizdən xahiş edirdi”.
Təqsirləndirilən şəxs oktyabrın 18-20-də B.Sahakyanla birlikdə İrəvana gedərək baş nazir Nikol Paşinyanla görüşdüyünü, ona xahişi çatdırdıqlarını deyib: “Ondan xahiş etdik ki, əlindən gələni etsin ki, bu müharibəni dayandırsın”.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran A.Qukasyan qondarma rejimin “rəhbəri” qismində “Hayastan” ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb – red.) Himayəçilər Şurasının üzvü olduğunu bildirib.
Əlavə edib ki, fondun Himayəçilər Şurası arasında Ermənistan prezidenti, baş naziri, parlament sədri, maliyyə naziri, iki katolikos, tanınmış erməni diaspor təşkilatlarının rəhbərləri və s. şəxslər (ümumilikdə 30-40 nəfər) olub. O, fondun Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində gördüyü işlərdən də danışıb. Bu sıraya Ermənistanla qondarma rejimi birləşdirən yolun çəkilməsi, məktəblərin tikilməsi və s. daxildir. Təqsirləndirilən şəxs fond üçün vəsaitlərin telemarafonlar vasitəsilə yığıldığını, özünün də telemarafonlarda iştirak etdiyini bildirib. Deyib ki, telemarafonlar ABŞ-da (Los-Ancelesdə), Fransada (Parisdə), Almaniyada, Avstriyada, İsveçrədə keçirilib: “İnsanlar telemarafonlar vasitəsilə ianələr edirdi, biri 5 dollar, o biri 10 min dollar, başqası 50 min dollar verirdi”.
A.Qukasyan Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində 2001-ci ildə məskunlaşma ilə bağlı onillik strateji planın qəbul edildiyini təsdiqləyib. Lakin iddia edib ki, bu qərar qondarma rejimin ərazisindən gedənlərin geri qaytarılması məqsədilə qəbul olunub. Bununla yanaşı, etiraf edib ki, qondarma rejimin ərazisinə Ermənistandan daimi yaşamaq üçün gələnlər olub.
A.Qukasyanın mənzilinə baxış zamanı aşkarlanmış erməni dilində olan sənəd - Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində məskunlaşma ilə bağlı xəritə məhkəmədə tədqiq edilib. Burada müxtəlif ərazilər və ailələrin, sakinlərin sayları göstərilib.
A.Qukasyan prokurorun suallarını cavablandırarkən belə bir sənədi xatırlamadığını deyib və əlavə edib: “Bu, mənim dövrümə aid sənəd deyil. Ola bilsin 2015-2016-cı illərə aid olan sənəddir”.
Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!