Mikayıl Azaflı-100
Qoca Azaflıyam, dilim var, lalam Aşıq sənəti, el məclislərinin bəzəyi olan aşıqlarımız milli mədəniyyətimizin və incəsənətimizin, şifahi xalq yaradıcılığımızın ən qiymətli xəzinələridir. Hər birimizin Aşıq sənətinə böyük məhəbbətimiz var. Saz ifalarına, aşıq mahnılarına, məlahətli səsi olan aşıqlara qulaq asanda könlümüz durulur. Həmin an xalq mədəni ruhu əhəmiyyətli proses kimi gözlərimizin önündə min şaxə qurur, içimizdə yeni əhval yaranır...
Sevindirici haldır ki, Aşıq sənəti UNESCO-nun maddi-mədəni irs siyahısına salınıb, bununla da beynəlxalq aləmdə Azərbaycan mədəniyyəti tanınır, həmçinin, aşıqlarımıza rəğbət artır.
Bildiyimiz kimi, Azərbaycan Aşıq sənətinin sütunları çoxdur. Onlardan biri də Mikayıl Azaflıdır. Ləngərli səsi və ifası ilə daim könüllərdə yaşayacaq Mikayıl Azaflı aşıq sənətinin ən mükəmməl qoruyucularından, çoxəsrlik keçmişə malik sənətin ən sadiq aşıqlarından biri olub. O, bu sənətin ənənələrinə ömrünün sonuna kimi şərəflə qulluq edib və tamlığı ilə yeni nəsillərə ötürüb.
15 yanvar 2025-ci ildə Azərbaycan Aşıqlar Birliyi və Tovuz rayon Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Rəşid Behbudov adına mahnı teatrında Əməkdar mədəniyyət işçisi, şair-aşıq Mikayıl Azaflının 100 illiyi ilə əlaqədar keçirilmiş ədəbi-musiqili gecə də Azaflı sənətinə verilən böyük dəyər, ümumxalq sevgisinin təntənəsi idi.
Gecəni Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açdı. Mikayıl Azaflının həyat və yaradıcılığı barədə geniş məlumat verdi. Bildirdi ki, Mikayıl Cabbar oğlu Zeynalov (1924- 1990 ) Tovuz rayonunun Azaflı kəndində anadan olub. O, lap gənc yaşlarından “Coşğun” təxəllüsü ilə şeirlər yazıb. Aradan bir müddət keçəndən sonra şeirlərini “Əzablı” təxəllüsü ilə nəşr etdirib. Ən sonda doğulub, boya-başa çatdığı kəndin adına şərəf hissi olsun deyə şeirlərini “Azaflı” təxəllüsü ilə elə-obaya çatdırıb.
Məhərrəm müəllim daha sonra bildirdi ki, Qurbanidən, Abbas Tufarqanlıdan, Sarı Aşıqdan, Hüseyn Şəmkirlidən, Aşıq Ələsgərdən, Molla Cumadan, Mirzə Bilaldan üzü bəri və son olaraq da XX əsrin görkəmli aşıqlarından Hüseyn Cavan, Hüseyn Saraçlı, Şakir Hacıyev, Pənah Pənahov Imran Həsənov, Əkbər Cəfərov kimi görkəmli aşıqlar arasında klassik aşıq ənənələrini layiqincə davam etdirmiş sənətkarlardan biri də bu gün 100 illik yubileyinə yığışdığımız Mikayıl Azaflı olub. Bu gün biz bura saz-söz məclisinə yığışmışıq. Ona görə sözü aşıqlarımıza vermək daha məqsədəuyğundur.
Beləliklə, söz tədbirin musiqili açılışı üçün ustadın nəvələri Raman Azaflı və Məzahir Azaflıya verildi. Onlar alqış sədaları altında səhnəyə gəldilər, babalarının yazdığı “Qoca qartal”, "Azaflı dubeytisi" ilə gecənin açılışını etdilər. Bu çıxış iştirakçılarda xoş əhval yaratdı.
Sonra söz ustadın sonuncu şəyirdi olmuş aşıq Nizami Cəlaloğluna verildi. Aşıq Nizami ustadının “Gözlərim” qoşmasını "Azaflı gözəlləməsi" üstündə ifa etdi. İfası zamanı da ləngərli səsi ilə ustadına olan sevgisini göstərdi.
Daha sonra söz Azaflı irsinin bilicisi professor Qəzənfər Paşayevə verildi. O, aşıq-şairin 1961-1964-cü illərdə yazdığı “Zindan” şeirindən danışdı. Bildirdi ki, zindanda olmasına baxmayaraq, yazdığı divanilər, gəraylılar, qoşmalar Türkiyədə, İraqda, Gürcüstanda, İranda aşıqların dilindən düşmürdü... Məsələn, onun bu qoşması indi də el dilində əzbərdir:
Qoca Azaflıyam, dilim var, lalam,
Təbrizdə qardaşım, Sibirdə balam.
Elə dərd varmı ki, çəkməmiş olam,
Onlar ağardıbdı başımı mənim...
və başqa bir qoşmasında yazır:
Azaflıyam, ağ saçlarım bir yana,
Gənclik getdi, könül oldu virana.
Deyəcəklər, dözəmmədi zindana,
Ağarmayın, ay saçlarım, amandı…
Qəzənfər müəllim bildirdi ki, Aşıq Mikayıl Azaflıya nə qədər təzyiq, işgəncə edilsə də, o, yolundan və dediyindən dönməyib. Ona görə ki, bu böyük sənətkar azadlıq, ədalət aşiqi idi. O, telli sazını sinəsinə basıb heç kəsin deyə bilmədiyini el şənliklərində mərd-mərdanə dilə gətirirdi:
Mən dustağa bir xəbər ver,
Açılıbmı yaz, ay bülbül?
Dərdim çoxdu, sənə deyim,
Qələm götür, yaz, ay bülbül.
və yaxud
İki qardaş bir zindanda,
O da məhbus, mən də məhbus.
Qollar bağlı, əl amanda,
O da məhbus, mən də məhbus.
başqa bir qoşmasında ustadı Aşıq Yusifə yazır:
Gözlərim yoldadır, qulağım səsdə,
Usta, sənə sözüm var, gələrsənmi?
Əsirəm, məhbusam polad qəfəsdə,
Axır qanlı yaşım car, gələrsənmi ?
başqa bir şerində yazır:
Azaflıyam, qaldım tər qan içində,
Dilim cilalanıb dahan içində,
Cəllad əlindəyəm, zindan içində,
Yollarım bağlıdı, gələ bilmirəm.Belə şeirləri o dövrdə demək, yazmaq əlbəttə böyük ürək və cəsarət tələb edirdi...Həbsxana həyatı ustada bir universitetdə qazanılacaq qədər təcrübə qazandırmışdı. Onun üzünə baxanda Dədə Qorqudun nur üzü gözlərimiz önündə canlanırdı. O, xalqın sevimlisinə çevrilmişdi. Xalq arasında “Qoca Qartal” kimi şöhrət qazanmışdı.
Qəzənfər müəllimin çıxışından sonra söz yenə saza verildi. Bu dəfə səhnəyə Gülarə Azaflının yetirmələri olan “Çeşmə” folklor qrupu, Gülarə Azaflı, Məhsəti Cabbarova və nəticəsi balaca Mikayıl “Nə yaxşı olar” bəstəsi ilə gəldilər…Aşıq Əli Zeynalabdinov və aşıq Nəcəf “Azaflı” gəraylısını ifa etdikdən sonra söz ustad aşıqlar- Şaiq İncəliyə və Aşıq Avdıya verildi. Onlar da ustada olan sevgilərini məlahətli ifaları ilə təsdiq etdilər.
Şirvan Aşıq Məktəbinin layiqli aşıqlarından olan Əhmədəlinin qızı Xalq artisti Nazpəri Dostəliyevaya söz verildi. Nazpəri xanım ustadın “Ağarmayın, ay saçlarım, amandı” qoşmasını “Naxçıvani” havası üstündə yüksək səviyyədə ifa etdi. Bu ifa səhnədə böyük coşqu, iştirakçılarda yüksək ovqat yaratdı.
Vüqar Şəmkirlinin, Xəlil Qaraçöpün, Aşıq Asudə Şınıxlının, aşıq Vüqar Şamilovun və Eldar Ələkbərli çıxışı çox yüksək səviyyədə qarşılandı. Hər bir oxuyan aşığı yastı balabanın mahir ifaçıları Ələkbər Ələkbərov və Sərdar Məmmədov müşayiət edirdi.
Tədbirin aparıcısı Məhərrəm müəllim bildirdi ki, Azaflı Mikayıl haqqında el şairləri, aşıqlar yüzlərcə şeirlər yazıblar. Onlardan biri də canlı ensklopediya olan Zərgər Abbasdır. Sözü də bu məqamda məhz ona verdi. Zərgər Abbas Mikayıl Azaflıya həsr etdiyi bir necə şeirini söylədi. Şair gurultulu alqışlarla yola salındı.
Aşıqlar Elməddin Məmmədli və Şəhriyar Qaraxanlı ustadın “Dünya” müxəmməsini baş müxəmməs havası üstündə ifa etdilər.
Sonda Roman Azaflı səhnəyə çıxıb babasının "Qoy ədalət zəfər çalsın!" çeirini “Ozan marşı" havası üstündə oxudu.
Tədbirin təşkilində göstərdikləri əzmkarlığa görə Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov, Tovuz Xeyriyyə Cəmiyyətinin vitse-prezidenti Çingiz Abbasov, Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Namazəli Məmmədovun təşəbbüsü ilə bir çox aşıq və şairlər “Azaflı” medalı ilə təltif olundular.
Azaflı Mikayılın övladları- Hakim Azaflı, Maral Azaflı, Gülarə Azaflı tədbiri belə yüksək səviyyədə təşkil etdikləri üçün Azərbaycan Aşıqlar Birliyinə və Tovuz rayon Xeyriyyə Cəmiyyətinin üzvlərinə, zəhməti keçənlərə minnətdarlıqlarını bildirdilər.
Əlavə: Aşıq Mikayıl Azaflının xalq ruhu ilə həmahəng olan əsərləri Azərbaycanın mədəniyyət xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Onun təbiətə məhəbbəti, vətənpərvərlik hissləri, ana dilimizin saflığına münasibəti, dərin koloritli yaradıcılığı Azərbaycan Aşıq sənətinin parlaq səhifələrindəndir.
Aşıq Mikayıl Azaflının zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizə diqqətdir. Nə xoş ki, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Mikayıl Azaflı irsi silinməz tarixi yaddaş kimi bu gün də yaşamaqdadır.
Elə bu gün də Aşıq Mikayıl Azaflı yaradıcılığı Azərbaycanın mədəniyyət inciləri kimi diqqət çəkir və gələcəkdə də bu ədəbi irs lazımınca təbliğ ediləcək.
Hüseyn İsaoğlu,A Y B-nin və AJ B-nin üzvü,
Yazıçı-publisist