20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 23-04-2022, 07:38
Sənəti O sənətə məftunlar yaşadır

Sənəti O sənətə məftunlar yaşadır
Aşıq sənəti milyonların ehtiramına layiqdir. El məclislərinin bəzəyi olan aşıqlarımız həm də milli mədəniyyətimizin və incəsənətimizin daşıyıcılarıdır. Hər kəs kimi mənim də Aşıq sənətinə böyük məhəbbətim var. Saz ifalarına, melodiyalı aşıq mahnılarına qulaq asanda könlüm durulur...
Bugünlərdə yolum Azərbaycan Aşıqlar Birliyinə düşmüşdü. Orada ilk olaraq qarşıma aşıq Şahniyar Mikayıloğlu çıxdı. Onunla görüşüb hal-əhval tutandan sonra dostum, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu ilə görüşüb söhbət etdik. Sonra Musa müəllimlə birlikdə Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, şöhrət ordenli, professor Məhərrəm Qasımlı ilə görüşdüm, özümün "Sazın, sözün sehrində" kitabımı Məhərrəm müəllimə hədiyyə etdim. Məhərrəm müəllim kitabı vərəqlədi, bir neçə səhifəyə baxandan sonra dedi:
“Mən sənin yaradıcılığını sosial şəbəkələrdə, qəzet və jurnallarda izləyirəm. Görürəm, aşıq yaradıcılığına dərindən bələdsən. Aşıq Əkbər Cəfərov, aşıq Mikayıl Azaflı, aşıq İsfəndiyar Rüstəmov, aşıq Şəmşir Qurbanov, Molla Cümə, aşıq Ələsgər və başqa ustad aşıqlarımız haqqında silsilə yazıların gedir. Sizə bu yolda uğurlar arzulayıram. – Sonra o, Aşıq sənətinin keçdiyi yollar, aşıqlarımızın bizə miras qoyduqları havalar haqqında maraqlı sözlər dedi. Aramızda səmimi bir dialoq yarandı. Əvvəlcə mən Məhərrəm müəllimin aşıq sənətinə vurğunluğu barədə bir-iki kəlmə dedim. Bildirdim ki, rəhmətlik Hüseyn Arifdən sonra Azərbaycan Aşıq sənətində boşluq yaranmışdı. Ancaq Xalq şairi Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri seçiləndən sonra bu boşluq dolduruldu. Azərbaycan aşıqları yeni yaradıcılıq dövrünə qədəm qoydu. Çox şükürlər olsun ki, Zəlimxan Yaqub ənənəsini bu gün sizin kimi asiqşünas bir alim davam etdirir və yaşadır.
Məhərrəm müəllim fikirlərimi təsdiqlədi və Aşıq sənətinin hazırda daha yüksək zirvələr fəth etdiyini vurğuladı. Onu da əlavə etdi ki, aşıq yaradıcılığının ana xəttinin əsas qollarından biri də dastançılıqdır. Ancaq dastan söyləyən aşıqlarımız son vaxtlar barmaq sayı qədər qalmışdır. Deyərdim ki, gənç aşıqlar dastan söyləməkdən qaçırdılar. Allaha çox şükür olsun ki, bugünlərdə aşıq Vəli Şınıxlı, aşıq Elməddin Məmmədli, asiq Şəhriyar Qaraxanlı, aşıq Əli Zeynalabdin, Əli Tapdıqoğlu, aşıq Babək Şakirli, aşıq Nəbi, aşıq Nazim cütlüyü və neçə-neçə aşıq televiziya kanallarında dastan söyləyir, bu ənənəni davam etdirirlər.
Dastanların iki növü var: məhəbbət və qəhrəmanlıq dastanları. Bu dastanları yüz illərdir ustad aşıqlarımız bu günümüzə qədər gətirib çatdırmışlar. Bu da gənç aşıqlar üçün çox gözəl təbliğatdır.
Məhərrəm müəllim son illər görülən işlərdən, Tovuz rayonunda Aşıq Muzeyinin yeni binasının açılışından, Dədə Ələsgərin 200 illik yubileyinin Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin dəstəyi ilə yüksək səviyyədə keçirilməsindən geniş bəhs etdi, ded ki, bu işlərin görülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əvəzsiz işlər həm Aşıq sənətinin, həm də incəsənətimizin inkişafına xidmət edir. Həmçinin, Aşıq sənətinin UNESCO-nun maddi-mədəni irs siyahısına salınmasında, beynəlxalq aləmdə Azərbaycanın mədəniyyətinin tanıdılmasında Mehriban xanımın böyük xidmətləri var, bunu danmaq olmaz.
Söhbət əsnasında Məhərrəm müəllimdən soruşdum ki, 2023-cü ildə aşıq Əkbər Cəfərovun 90 illik yubileyi olacaq. Bu tədbiri Aşıqlar Birliyi keçirəcəkmi?
Məhərrəm müəllim gülümsəyərək cavab verdi ki, Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyi aşıq Əkbər Cəfərovun 90 illik yubileyini həm Bakıda, həm də doğulub boya-başa çatdığı Tovuz rayonunda çox yüksək səviyyədə keçirəcək.
Bu xəbər mənə sevinc bəxş etdi, ayağa qalxıb professorun əlini sıxdım, ayrılmaq istəyəndə, dedi,- bir dəqiqə ayaq saxla. Mən də sənə bir neçə kitab verim. Otağındakı rəfdən mənə Azərbaycan Aşıqlar Birliyinin çox nəfis şəkildə tərtib etdiyi "Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası", "Əllərini uzat mənə" və bir neçə başqa kitab verdi.
Məlumat üçün bildirim ki, çağdaş Azərbaycan aşıqlarının antologiyasını Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, fəlsəfə doktoru Altay Məmmədli hazırlayıblar. Bu kitabda həm ustad aşıqlar, həm də gənc nəsildən olan yaradıcı aşıqların şeirləri yer alıb.
Ən çox diqqətimi çəkən isə "Əllərini uzat mənə" kitabı oldu. Kitabın müəllifi Orxan Paşa təxəllüslü şəxsdir. Kitabda onun müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb. Müəllif doğulub boya-başa çatdığı Tovuz haqqında silsilə şeirlər də yazıb. Aşağıdakı şeir də elə bu silsilənin bir təzahürüdür:
Könül beşiyimsən, ay isti qucaq,
Sənə ürək deyim, göz deyim, Tovuz?!
Sirli gözəlliyin qoymur ki, heç vaxt
Adına yaraşan söz deyim, Tovuz!

Şeirin son bəndində deyilir:
Mən Orxan Paşayam, sazın kimiyəm,
Suyunam, otunam, yazın kimiyəm.
Ayrı oxşarım yox, özün kimiyəm -
Gərək bu gerçəyi düz deyim, Tovuz,
Adına yaraşan söz deyim, Tovuz!

Şairin bu şeirindən anlaşılır ki, bir parça yurd yerini də vəsf etmək çox çətindir, gərək şəninə elə tərif verəsən ki, quru alınmasın.
Şair "Ayrıldı" qoşmasını yaradıcı aşıq, məlahətli səsi ilə hər kəsin qəlbində özünə yer tapmış ustad aşıq Əkbər Cəfərovun unudulmaz xatirəsinə həsr edib. O, şeirdə yazır:
Yayın ortasında, yaylaq çağında,
Bülbüllər bülbülü bizdən ayrıldı.
Qəfil xəzan əsdi ömür bağında,
Çığırdan yığışdı, izdən ayrıldı.

Belə yaratmışdı onu Yaradan,
Sözü şəhdi-şəkər, özü nur adam.
Başı açılmazdı qonaq-qaradan,
Məclisdən çəkildi, sözdən ayrıldı.

Bənövşə duyğulu ürəyi vardı,
İlin hər çağında könlü bahardı.
Səsində bülbüllər cəh-cəh vurardı,
Heyif ki, tez soldu, yazdan ayrıldı.

Yanıb Orxan Paşa, qorda qalıbdı,
Həsrətlə gözləri yolda qalıbdı,
Tanrının insafı harda qalıbdı,
Əkbər köç eylədi, sazdan ayrıldı.

Bu şeirdə hətta Tanrıya asi düşmək məğzləri diqqət çəksə də, bir elin itirdiyinin sanbalı - aşıq Əkbər Cəfərov kimi dəyanətli bir aşığın erkən köç etməsi müəllifə haradasa haqq qazandırır.
Sənəti o sənətə məftunlar yaşadır. Allah dünyasını dəyişmiş ustadlara rəhmət eləsin. Qalanlar isə sənətimizin sütunlarıdır, Allah onları qorusun!

Hüseyn Məmmədov
AJB-nin üzvü


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!