"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 26-10-2024, 08:57
Azərbaycan dilçiliyində Məmmədağa Şirəliyev mərhələsi


AKADEMİK MƏMMƏDAĞA ŞİRƏLİYEV - 115
Azərbaycan dilçiliyində Məmmədağa Şirəliyev mərhələsi

Professor Bəkir Çobanzadənin istedadlı tələbəsi Azərbaycan Respublikası¬nın dövlət mükafatı laureatı, əməkdar elm xadimi, sovet dövrü Azərbaycan dilçiliyini ilk yaradanlardan biri, Azərbaycan EA-nın dilçilik sahəsində ilk akademiki, milli elmimizi dünya miqyasında tanıdan parlaq şəxslərdən biri, görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 115 ili tamam oldu.
Məmmədağa Şirəliyev 1909-cu ildə sentyabrın 13-də Şamaxı şəhərində doğulmuşdur. O, 1927-ci ildə Bakıda orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (BDU-o zaman belə adlanırdı) Şərq fakültəsinin dilçilik şöbəsinə qəbul olmuş və 1931-ci ildə oranı bitirmişdir. Ömrünün iki ilini Ağdam rayonunda dil-ədəbiyyat müəllimi işlədikdən sonra 1933-cü ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (APİ) aspiranturasına daxil olmuşdur. Aspirantura illərindən sonra həmin institutda Azərbaycan dili fənnindən dərs demişdir.
Məmmədağa müəllim ömrünün 30 ildən çoxunu Respublikamızın müxtəlif ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxumuşdur. 1933-41-ci illərdə APİ-də müəllim, dekan müavini, dekan, 1941-45-ci illərdə və 1949-1960-cı illərdə Azərbaycan Dövlət Universitetində (BDU-da) Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya fakültəsinin dekanı, Universitetin rektor müavini, 1949-cu ildə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. M.Şirəliyev ali məktəblərdə yüksək vəzifələr tutsa da, onun 1950-ci illərdən sonrakı fəaliyyəti (1950-1991) Azərbaycan dilçilik elminin inkişaf və zənginləşməsi işinə həsr olunmuşdur.
O, 1952-1960-cı illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun dialektologiya şöbəsinin müdiri vəzifəsində işləmiş, həmin illərdə BDU-nun (o zamankı ADU) professoru olmuşdur. M.Şirəliyev 1960-1968-ci illərdə (1968-ci ilin fevral ayına qədər) Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsində işləmiş, 1968-ci ilin fevral ayından 1969-cu ilin oktyabrına kimi Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik katibi vəzifəsində çalışmışdır. 1969-cu ildə Azərbaycan EA-da müstəqil Dilçilik İnstitutu təşkil olunduqdan sonra 1988-ci ilə qədər həmin instituta rəhbərlik etmişdir. Bütövlükdə o, 31 il Dilçilik institutunun direktoru olmuşdur.
M.Şirəliyev 1949-cu ildə Azərbaycan EA-nın müxbir, 1962-ci ildə isə həqiqi üzvü seçilmiş, 1960-cı ildə Azərbaycanın Əməkdar elm xadimi adına, “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyasına görə 1972-ci ildə Dövlət mükafatına layiq görülmüşdür. M.Şirəliyev 1944-cü ildə “Qafqazın müdafiəsinə görə” və Böyük Vətən müharibəsində “Əmək igidliyinə görə” (1941-45) medalları ilə, 1946-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1954-cü ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
1953-1954-cü dərs ilində M.Şirəliyev Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya Universitetinin türk filologiyası kafedrasının müdiri vəzifəsində çalışmış, 1957-ci ildə Türk Dil Qurumunun VIII qurultayında nümayəndə kimi iştirak etmiş və bu qurumun müxbir üzvü seçilmişdir.
Akademik M.Şirəliyevin elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. O, Azərbaycanda dilçilik elminin yaranması, inkişafı və çiçəklənməsində böyük xidmətlər göstərmişdir. Bu elmin bir çox yeni sahələrinin diferensiallaşıb müstəqil elm kimi formalaşmasında, Azərbaycan dilçiliyinin dünyada, xüsusilə Türkdilli ölkələrdə tanınmasında, onun müqayisəyəgəlməz əməyi elmi ictimaiyyətə yaxşı bəllidir.
Görkəmli elm xadiminin adı dialektologiya, ədəbi dil tarixi, müasir Azərbaycan dili, türkoloji dilçilik, ümumi dilçilik, Azərbaycan dilinin qrammatikası və habelə nitq mədəniyyəti, orfoepiya məsələləri, üslubiyyat, Azərbaycan dilinin dialektoloji atlasının və b. sahələrdən hər birinin mötəbər tədqiqatçıları sırasında iftixarla, şərəflə çəkilir. Onu elmi yaradıcılığı, elmi irsi, türkologiya elminin ən dəyərli əsərləri sırasına daxildir. M.Şirəliyev 200-dən çox elmi əsərin, 8 kitabın müəllifi, 21 kollektiv monoqrafiyanın əsas müəlliflərindən biri və redaktoru olmuşdur.
Dilçiliyimizin əksər sahələrinin yaranıb zənginləşməsində Məmmədağa müəllimin özünəməxsus, seçilən xidmətləri olsa da o, dilçilik arenasında daha çox görkəmli dialektoloq kimi tanınmış, bu sahə ona dünya şöhrəti qazandırmışdır. Onun 1941-ci ildə müdafiəyə namizədlik dissertasiyası kimi təqdim etdiyi “Bakı dialekti” araşdırması Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və heç bir tərəddüdsüz o, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Obrazlı şəkildə ifadə etsək, rus ədəbiyyatında hekayə M.V.Qoqolun “Şinel”indən, Azərbaycan nəsri Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxdığı kimi, dialektologiyaya həsr olunmuş sonrakı hər bir araşdırma da Məmmədağa Şirəliyevin “Bakı dialekti” monoqrafiyasından doğmuşdur, yaranmışdır. M.Şirəliyevin bu tədqiqat əsəri nəinki Azərbaycanda, eləcə də digər türk respublikalarında dialektoloji araşdırmalar, xüsusilə monoqrafik tədqiqatlar üçün bir örnək, etalon kimi dəyərlidir.
M.Şirəliyev həmçinin ekspedisiya yolu ilə də Azərbaycan dialektlərini öyrənmək üçün 1933-1958-ci illərdə fasilələrlə Qafqaz ərazisində, o cümlədən Azərbaycanın rayonlarında elmi səfərlərə başçılıq etmiş, materiallar toplamışdır. O haqlı olaraq, Azərbaycan dialektologiyası məktəbinin qurucusu sayılır. Bu gün onun bu sahədəki “Bakı dialekti” (1949, 1957)”, Azərbaycan dialektologiyasının əsasları” (1962, 1968, 2006), “Диалекты и говоры азербайджанского языка” (1983) və başqa əsərləri Azərbaycan dilçiliyinin nadir nüsxələrə çevrilmiş inciləri sırasında durur. M.Şirəliyev həmçinin türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi ideyasının müəllifidir. Onun rəhbərliyi və şəxsi təşəbbüsü ilə Azərbaycan dialektoloqları bu işə başlamış və 20 il gərgin əmək sərf etməklə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası”nı 1990-cı ildə nəşr etdirməyə müvəffəq olmuşlar. Bu atlasın redaktorları akad. M.Şirəliyev və prof. M.İslamovdur. Bu atlas dünya türkologiyasında ilk təcrübə, ilk nümunə olduğundan dünyanın görkəmli dilçiləri tərəfindən sonsuz maraqla qarşılanmış və yüksək elmi qiymət qazanmışdır. Azərbaycan dilçilərinin bu uğurundan sonra akademik M.Şirəliyev haqlı olaraq keçmiş SSRİ məkanındakı türk dillərinin ümumi dilçilik atlasının yaradılmasına rəhbərlik etmiş və həmin atlas üzrə təşkil olunmuş komissiyanın sədri seçilmişdir.
M.Şirəliyev sözün əsl mənasında böyük şəxsiyyət və pedaqoq idi. Elmi fəaliyyəti ilə yanaşı, Məmmədağa Şirəliyev həm də pedaqoji işdə, təhsil sahəsində də xalqımıza əvəzsiz xidmətlər göstərmişdir. Onun professor Muxtar Hüseynzadə ilə birgə yazdıqları “Azərbaycan dilinin qrammatikası” (II hissə, sintaksis) orta məktəb dərsliyi 1940-cı ildən çap olunmağa başlayaraq 50 ildən artıq müddətdə tədris işinə alternativsiz xidmət etmişdir. Həmin dərslik bu gün də elmi-pedaqoji dəyərini saxlamaqdadır.
Azərbaycan dilinin dialektoloji lüğətlərinin tərtibi və nəşri sahəsində də akademik M.Şirəliyevin dəyərli xidmətləri olmuşdur. Belə ki, o, 1964-cü ildə çapdan çıxmış bircildlik Azərbaycan dilinin dialektoloji lüğəti”nin redaktoru olmuşdur. Sonralar bu lüğətin sözlüyü artırılaraq Ankarada 1999-2000-ci ildə ikicildlik kimi nəşr olunmuşdur. Bəllidir ki, XX əsrin 60-70-ci illərində Bakı şəhəri hələ Sovet dönəmində də türkologiyanın mərkəzi sayıldığına görə və akad. M.Şirəliyevin türkologiya elminin inkişafında dəyərli xidmətləri və onun böyük nüfuzu nəzərə alınaraq “Советская тюркология” (indi «Türkologiya” adı ilə çıxır) ümumittifaq jurnalı 1970-ci ildən Bakı şəhərində nəşr olunmağa başladı və baş redaktoru isə təbii ki, akad. M.Şirəliyev oldu. O, düz 20 il bu jurnalın baş redaktoru olmuşdur.
Görkəmli elm xadimi M.Şirəliyevin Azərbaycan dilinin tətbiqi məsələlərinə aid dəyərli araşdırmaları və kitabları vardır. Onun əlifba, terminologiya, orfoqrafiya, durğu işarələri, orfoepiya, bədii əsərlərin dili, nitq mədəniyyəti, lüğətçilik və dilçilik məsələlərinə aid apardığı tədqiqatlar Azərbaycan dilçiliyini zənginləşdirmişdir.
Akad. M.Şirəliyevin yüksəkixtisaslı dilçi kadrların, xüsusən dialektoloqların hazırlanmasında da xidmətləri böyükdür. O, onlarla doktorların elmi məsləhətçisi və 40-dan yuxarı elmlər namizədinin elmi rəhbəri olmuşdur (bu sətirlərin müəllifinin də elmi rəhbəri olmuşdur, onu hər zaman minnətdarlıqla xatırlayır və ruhu şad olsun deyir). Akad. Ağamusa Axundov, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev, professorlar Rəhilə Məhərrəmova, Musa Adilov, Musa İslamov, Məmməd Qasımov, Müseyib Məmmədov, Qəzənfər Paşayev, İsmayıl Məmmədli və b. alimlərin elmi rəhbəri olmuşdur. Onun rəhbərliyi ilə həmçinin türkdilli respublika və vilayətlərdə çoxlu elmlər namizədi və doktorları yetişmişdir. Özbək, qaraqalpaq, tatar, qazax, türkmən, çuvaş, başqırd, Qaraçay-balkar, qumuq, yakut (saxa) dilçi kadrlarının hazırlanmasında akad. M.Şirəliyevin nəcib əməyi unudulmazdır. Buna bariz nümunə olaraq göstərmək istərdik ki, Qaraqalpaq, Muxtar Respublikasının Ali Soveti akademik M.Şirəliyevi bu respublika üçün kadrlar yetişdirməsinə və anadan olmasının 70 illiyinə görə 1979-cu ildə fəxri fərmanla təltif etmişdir.
Görkəmli elm adamı akademik M.Şirəliyev 1991-ci il aprel ayının 19-da uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişdi. Məmmədağa müəllimin müasirləri onun yüksək elmi duyumunu, həssaslığını bu gün də 33 il sonra da heyrətlə, məhəbbətlə xatırlayırlar. Akademik Məmmədağa Şirəliyev belə bir insan idi: diqqətli, tələbkar, son dərəcə qayğıkeş, səmimi, nikbin, yüksək həyat eşqi ilə yaşayan, həssas...
115 illik yubileyini qeyd etdiyimiz dünya şöhrətli türkoloq, böyük Azərbaycan dilçisi, görkəmli akademik Məmmədağa Şirəliyevin əziz xatirəsi heç bir zaman unudulmayacaq, həmişə məhəbbətlə yad ediləcək, elmi ictimaiyyətin, onun tələbələrinin və onu tanıyanların qəlbində əbədi yaşayacaq. M.Şirəliyevin elmi irsi hər zaman dilçiliyimiz üçün örnəkdir, dəyərlidir və gərəklidir. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.

İsmayıl MƏMMƏDLİ


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!