“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
14-08-2024, 10:00
İKİ ÖMÜR HAQQINDA BİR HEKAYƏ


KÖNÜL HƏSƏNOVA YAZIR: İKİ ÖMÜR HAQQINDA BİR HEKAYƏ

Babamı çox sevirdim və indi də onun məni qucaqlayıb öpəndə qəhərlənməyi, onun gözlərindəki nəmi ovcumla silərək göz yaşlarının axdığı yerdən öpməyim elə bil dünən olmuşdu. Əlimdən tutub həyəti gəzərdik, susardı, arabir elə dərindən “ah” çəkərdi ki, mən istər-istəməz dönüb onun üzünə baxar və “baba, qayıdaq, gedək evə”- deyərdim. Babamın bu pərişan halının səbəbləri barədə sonralar anam danışardı və deyilənləri diqqətlə dinləyərdim. Onda artıq babam yox idi və mən onun çəkdikləri ahın və bu dünyadan erkən getməyinin səbəbləri barədə təzə-təzə nələrisə bilir, itirdiyi Vətənin həsrətilə dünyasını tərk etdiyini öyrənirdim.
Bunları anam danışır, mənim isə düşmənə olan nifrətim son həddinə çatır, nə edəcəyimi bilmirəm. Axı babamın, babam kimi minlərlə insanın nə günahı vardı ki?! Anam aramla o günləri xatırlayır: 1988-ci ilin payızı, yox lap dəqiq desəm, 1988-ci il oktyabr ayının son günləri idi. Camaat arasında vahimə dolu çaxnaşma düşmüşdü. Hamı arasında bircə mövzu ətrafında söhbət dolaşırdı: Dərələyəz mahalında yaşayan bütün azərbaycanlıları uşaq-böyük demədən hamısını çıxarırlar. Niyə çıxarırlar? Kim çıxarır? İndi nə edək? İlahi, Sən özün kömək bizə! Qızım, atan, əmin yük maşını tutub Dilican tərəfdən qorxulu, hər dərədə, hər kolun dibində bir əlisilahlı “saqqallı”nın dayandığı yollarla Dərələyəzə – atasını, qardaş-bacısını gətirməyə getdilər. Mən qorxurdum, hər an hər şey ola bilərdi. Həmin vaxt eyni məqsədlə Dərələyəzə gedənlərin yolda saqqallı ermənilər tərəfindən öldürülməsi barədə xəbərləri çox eşidirdik. Beləcə, atan və əminin yola düşdüyü vaxtdan günlər keçir, onlardansa heç bir xəbər yox idi. Gecənin birində səhərə yaxın qapımızda bir maşın dayandı. Onda biz Mehdiabadda yaşayırdıq. Hay-küy və ağlaşma səsinə çölə çıxdıq. Maşının banında ev əşyaları, kabinəsində isə bütöv bir ailənin üst-üstə qalandığını görmək onların hansı vəziyyətdə gəlməsindən danışırdı. Payızın soyuq günləri, qışın ilk əlamətlərinin özünü göstərməsinə baxmayaraq onlar elə ev paltarındaca maşına doluşmuşdular. Hansı əzablarla deyə bilmirəm, onu o uşaqları görənlər bilər, onların ağlaya-ağlaya maşından düşüb evə girdikləri gözlərimin önündən getməyib. Atanla əmin, bir də sürücü maşını boşaldırdılar. Ev əşyalarından yığıb gətirə bildiklərini ehmallıca, zədələnmədən götürür, həyətimizdəki qarajın qabağına yığırdılar. Bu məqamda mənim nəzərimi bir-birinə bağlanmış dördayaq (duvax), oxlov cəlb etdi. Mən nə baş verdiyini anışdıra bilməyən adamlar kimi donuxub bir tərəfdə qalmışdım. Əslində, dağdan ağır qaynatamı əzizləməli, onun rahatlığı üçün çalışmalı idim, amma qəfildən gözümə sataşan və iki daşın arasında çəkib xatirələrin yanına aparan dördayaq və oxlovla danışırdım.
Mən təəccüblə anama baxdım. Anamsa gözlərini bir nöqtəyə zilləmişdi və eləcə də sözünə davam edirdi: “Bu oxlov-duvaq bir ailənin çörəyini bişirərdi. Təndirəsərlərdə çölün-bayırın çır-çırpısından gətirib təndiri qalayar, qız-gəlin yığışar, geniş süfrələr açar, obaşdan qırmızı buğdadan üyüdülmüş undan xəmir yoğurar, üstünü möhkəm-möhkəm basdırar və xəmirin acımasını gözləyərdilər. Aradakı vaxtı boş keçirməmək üçün iş axtarmaq lazım gəlmirdi, həmin vaxt ilkin olaraq təndirin üstündə məxsusi düzəldilmiş güncdəki çaydanda qaynayan sudan dəmlənən çay içilərdi. Bundan sonra yoğrulmuş xəmir süfrələrə gətirilər, dördayaqları qoyub üstündə kündə edərdilər. Kündələrin arasına un səpib qalaq-qalaq yığardılar, üstünü isə səliqəli ağappaq örtüklə örtərdilər, təndirin odu isə öləziməkdə olardı. Bu məqamı gözləyən çörəkbişirən qadın qollarına qolçaq geyinər, rəfətəni dizinin üstünə qoyar, təndirin qıpqırmızı qızarmış badını yaş əski ilə bir-iki dəfə silərdi. Qızlar da öz işində, duvaxların üstündə vərdənə yayılar, bir az sonrasa vərdənələr qulac-qulac lavaşlara çevriləcəkdi. Lavaşı təndirə vuran qadın köpəşimiş, bir qədər qızarmış lavaşları təndirdən çıxarar, qarşı tərəfə çin-çin yığardı. O, aradabir külfəni açıb təndiri nisbətən soyutmağı yaddan çıxarmazdı. Təndirarası isti dəstanalardan sapsarı inək yağında döyməncin döyülməsi isə adət halını almışdı. Lavaşlar biririlib yığılandan sonra qız-gəlin deyə-gülə döyməncdən yeyər, yenə işlərinə davam edərdilər. Beləcə gün başa çatardı və bütün bunlardan sonra xüsusən uşaqların hər dəfə təndir qalananda gözlədikləri məqam yetişərdi, məftilə düzülmüş şəkər çuğundurları təndirin öləzimiş közünə atılardı. Evin xanımı da öz işində idi. O, duvaxları, oxlovları təmiz əski ilə silib bir kənara yığar, qat-qat tığılanan lavaşlardan qız-gəlinlər üçün pay tutardı. Mənim üçün çoxdan doğmalaşan və hətta tez-tez onlar üçün darıxdığım oxlov-duvax bir evin yox, həmin evdə böyüyən hər kəsin azuqəsi kimi gəlir mənə. Onları görəndə gəlinliyimi, Dərələyəzdə keçən günlərimizi xatırladım, qızım. Bunlar mənə çoxdan doğmalaşan oxlov-duvax idi. İndi o da yetim qalmışdı. Gəl, qızım, kömək elə, onları əl dəyməyən bir yerə qoyaq”.
Mən anamın sözlərlə yaratdığı mənzərədən o qədər xoşhal olmuşdum ki, istəyirdim anam bu söhbəti davam etsin. İndi xətrinə dəymirəm, əziyyət vermirəm. Amma günün birində belə suallardan anama ünvanlayacağımı da bilirəm.
Anam kövrəlib susur, amma bu susqunluq elə də uzun çəkmir, babamın Ələyəzdəki evindən danışır, o həyətdəki təndirəsərdən danışır, o təndirdən ki, atam həmin təndirdə bişən çörəklə böyüyüb.
Anam danışdıqca gözlərimin qarşısına babam Əyyub Müseyib oğlu Hüseynov gətirirəm. O, Dərələyəz mahalının sayılıb-seçilən ziyalılarından biri olub. Onu deyim ki, babam indi mənim çalışdığım ADPU-nun Filologiya fakültəsinin məzunu olub. Sonralar öz doğma kəndi Ələyəzdə orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edib, yüzlərlə yetirmələri respublikamızın müxtəlif bölgələrində çalışaraq onun yolunu davam etdiriblər. Respublikamızın müxtəlif guşələrində deməkdə yanılmadım, çünki orta məktəbi bitirən, Bakıda və müxtəlif şəhərlərdə ali təhsil aldıqdan sonra vətənə qayıdan gənclər öz doğma yurdlarında müxtəlif bəhanələrlə sıxışdırılır, onların inkişafına yol verilmirdi. Bir sözlə, onlar sükutlu təzyiqlərin məngənəsinə düşür, özlərinindəki potensialı ortaya qoymaq üçün yollar axtarmaq məcburiyyətində qalır, müxtəlif bölgələrdə öz işlərini davam etdirirdilər. Deyim ki, onların əksəriyyəti özlərini təsdiq edə bildi. Həmin admların çoxu üçün 1927-ci il iyulun-də Dərələyəz mahalının Ələyəz kəndində anadan olan Əyyub babam bu gün də dəyərli müəllim kimi qalıb. Onun qaynatası Bayramqulu Dərələyəzin tanınmış ziyalılarından, sözü keçən ağsaqqallarından idi. Babamın fəaliyyətinin çox hissəsi sonralar Yeğeqnadzor adlandırılan Keşkənd rayon Təhsil Şöbəsinin inspektoru kimi keçib. İşini bilən, sayılıb-seçilən, ancaq rayonumuzda deyil, bütün mahalda hörmət-izzət yiyəsi olan Əyyub babam qaçqınlıq həyatını sinirə bilmədi. O, 63 yaşında üz çevirib bu dünyadan gedəndə- 1990-cı il yanvar ayının 18-də artıq mənim 3 yaşım var idi. Babamın söhbətlərindən bəziləri yadımdadır. Hələ o vaxtlar mənim çox da dərk etmədiyim məsələləri anam sonralar təfərrüatı ilə danışırdı.
Anam deyir ki, həyətimizdəki armud ağacının altında çay süfrəsi açmışdım. Baban süfrə arxasında oturub bizi gözləyirdi. Onu deyim ki, 2 əmin, 1 bibin olanda nənən Rəhilə dünyasını dəyişib. Sənin atan onda 6-7 yaşında olarmış. Təmkinli, vüqarlı Əyyub müəllim uzun zaman ailə qurmur, övladlarına öz bacıları baxır. Sonralar məsləhət görürlər ki, bu cür olmur, evlən. Ağbirçəklərin məsləhəti ilə babam Gülüş nənə ilə evlənir. 3 övladı Səidə, Ayna, Malik dünyaya gəlir. Yəni babanın həyatı da təlatümlü, əziyyətli olubdur. Hamı süfrədə əyləşəndən sonra baban aram-aram, özünəməxsus ləngərlə sözə başladı: deyirəm, yadınızdan çıxmasın, ölüm- itim dünyasıdır. Bu ermənilərə inanmaq olmaz, onlar öz işlədiyimiz halal əməkhaqqımızdan hər ay tutub Eçmiədzinə köçürürdülər. Guya kilsəyə kömək idi bu. Sən demə, öz pulumuzla silah alıb özümüzə tuşlayacaqmışlar. Süfrəmizdə əyləşib bizə düşmən kəsildilər, gəmiyə minib, gəmiçi ilə yola getmədilər, “özümə yer edim, gör sənə nələr edəcəyəm”- dedilər. Ev-eşiyimizə, var-dövlətimizə yiyə çıxdılar, bizi pərsəng saldılar, qəbirlərimizi girov qaldı, bala! Biz necə qayıdacağıq həmən yerlərə, bu beləcə nə vaxta qədər qala bilər? Onların havadarları- ilana zəhər verən kərtənkələlər çoxdur, gözümüzün içinə baxa-baxa silahlandırdılar, bu nankorlar isə etdiklərinin cəzasını görmədikcə həyasızlaşdılar. Onlar üçün uydurulan yalanlarlara inanıb ömrü boyu xəyallarında qurduqları “Böyük Ermənistan” sevdası ilə yol getdilər, həqiqəti deyən azsayda özününkülərini daşqalaq etdilər. Dünya malı üçün şeytana yoldaş olan alimləri, siyasətçiləri onları qəflət yuxusundan ayıltmaq əvəzinə, zəhər üstündən zəhər içizdirdilər, guya ki, dünyada hərşeydən üstün bildikləri xalqı qaynar qazanın içinə atdılar. Xalq bu yalanların içində çırpınır. İndi görərsiniz, bala, “çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstündə qalar, ayranı ayranlıq olacaq”. Bu bədbəxt xalq nə zamansa ayılacaq, hesab-kitab soracaq, amma onda gec olacaq, çox gec. İlahi, sən özün bu işləri yoluna qoy!- dedi və susdu. Süzülən çaylar soyumuşdu. Gülüş nənə ağlayırdı. Bibilərim bikef idi. Mən əmim Malikə “Balik” deyirdim. Balikin də gözləri dolmuşdu. Babamgil ailəliklə 2 il bizim evdə qaldı. Sonra Bakıxanov qəsəbəsində ev aldılar. Babam Ələyəzdəki evi bir erməni ilə dəyişmək istədi. Ona görə bir neçə adamla guya ki, sülh yaratmaq üçün bölgədə peyda olan rus ordusunun bir qrup hərbçisinin müşayiəti ilə Ələyəzə gedən və bir həftədən sonra qayıdan babam heç nə əldə edə bilmədiyini söyləyir. Babamdan Ələyəz haqqında qalan son xatirə isə bunlardır və onları tez-tez xatırlayıram: “Biz rus tanklarının müşayiət etdiyi hərbi maşınlarla Dərələyəzə gedirdik. Bu vəziyyətdə getməyimizdən o qədər təsirlənmişdim ki, daha ev filan da gözümdə deyildi. Sadəcə son dəfə doğma yurdun havasını alım, doyunca bir də baxım deyə, özümə təsəlli verirdim. Beləcə gəlib Ələyəzə çatdıq. Əli avtomatlı rus əsgərləri bizi məktəbin qabağına apardı. Bacım Qəmzənin evi məktəbə yaxın idi. Boş olduğunu bilə-bilə onların həyətinə boylandım. Ağ pişik həyətdəki qoz ağacının dibindəcə oturub naməlum bir nöqtəyə baxırdı. Sanki diksindim və üzümü döndərdim. Növbə mənə çatdı, mən, bir rus əsgərinin müşaiyəti ilə həyətimizə tərəf getdim. Uzaqdan evin qapısının açıq olduğunu gördüm. Düşündüm ki, “xaraba qalsın”- deyə bir söz varmış ha, bax, o səhnə bu imiş. Sarı inək həyətin ortasında dayanıb, hərdən açıq qapıya tərəf boynunu uzadıb mələyirdi. İlahi, bu türkürpədən mənzərə məni niyə orada öldürmədi?! Necə oldu ki, sağ qaldım?! Mənim də ürəyim daşdanmış ha! Qayıtdım. Məktəbin həyətinə döndüm. Sonra məndən nə soruşdular bilmirəm, ağzımdan təkcə bir söz çıxdı: Nə satmıram, nə də dəyişmirəm.
O yadıma gəlir ki, kəndimizə etdiyi sonuncu səfərdən sonra babam evə qapandı. Yanına gələnlərə, qaçqın düşmüş elinə isə “mən gördüyümü gördüm”-deyirdi. Daha babamın həyətdəki armud ağacının altında oturub kitab oxuduğunu da görmədim. Bir müddət sonra o, dünyasını dəyişdi.
Onu Mehdiabad qəbiristanlığında dəfn etdilər. İllər keçəcək və cavan yaşında qəfil vəfat edən atam babama əbədi qonşu olmaq üçün onun yanına köçəcək.

Könül Həsənova,
filologiya üzrə fəlsəfə doktoru, dosent
ADPU – Filologiya fakültəsinin dekanı
8-08-2024, 18:27
Yaxşıların önündəki  Məryəm Gəncəliyeva


Yaxşıların önündəki Məryəm Gəncəliyeva

Məryəm Gəncəliyevanın özündən duymuşam. Deyir ki, dünyanın bəzəyi insandır. İnsan oğlu dünyaya gəlişi ilə bəşəriyyətə bir düzən verir. Bu düzəndə xoşbəxtlik də var, firavanlıq da, sevinc də. Ən önəmlisi elinə, obasına, Vətəninə bağlı olmaq, onu sevərək yaşamaqdır.
Məryəm xanım, vətəni sevərək yaşamaq bir başqa, sevdirərək yaşamaq bambaşqa. Siz vətənimizi həm sevmisiniz, həm də sevdirmisiniz. O mübarək ömrünüzün yaşanmış illəri ərzində müəllim auditoriyanızdan keçən minlərlə şagirdinizin, 10 minlərlə övladlarımızın ruhuna vətən sevgisini, anamızın dilinin şirinliyini, şəhdi-şirəsini hopdurmusunuz.
“Bütöv Azərbaycan” qəzetinin səhifələrində çap etdirdiyiniz yazılarınızla, ayrı-ayrı insanlara olan sevgidolu münasibətinizlə təsdiqləyirsiniz ki, doğrudan da dünyanın əşrəfi insandır. Yaxşı ki yaxşıların önündəki Məryəm Gəncəliyevanı tanımışam. O Məryəm Gəncəliyevanı ki, hər kəsin xoş gününə sevinər, kədərilə kədərlənər.
Əziz Məryəm xanım, sizi- şərəfli müəllim peşəsinə ləyaqətlə xidmət edən bacımızı doğum gününüz münasibətilə təbrik edirəm. Arzularınızdan döğan bütün arzularınızın çin olmasını arzulayıram. Bir də arzu edirəm ki, 36 ildir həsrətini çəkdiyimiz Zəngəzurumuza qovuşmaq nəsibiniz olsun!

Sayğılarla: Tamxil Ziyəddinoğlu,
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri
6-08-2024, 16:26
Xırdalanda Qərbi azərbaycanlıların növbəti görüşü


Xırdalanda Qərbi azərbaycanlıların növbəti görüşü

6 avqust 2024-cü il tarixdə Xırdalan şəhərində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəliyində Qərbi Azərbaycandan deportasiya olunan bir qrup ziyalı ilə görüş keçirildi.
Görüşdə Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi “Əməkdar müəllim” Bilman Vəliyev çıxış edərək “Qaydış konsepsiyası” barədə ətraflı məlumat verdi.
Sonra görüşdə iştirak edənlər: Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev,Ziyalılar: Eldar Həziyev,Hikmət Ağayev,Fərhat Rzayev,Bəxtiyar Bəxtiyarov,İslam Mahmudov,Musa Kazımov,Ədilxan Mustafayev çıxış edərək Qərbi Azərbaycan İcmasının yaranma zəruriliyi və fəaliyyəti barədə öz fikirlərini bildirdilər.
Görüş geniş müzakirələr ətrafında keçirildi.


5-08-2024, 08:31
Arzu Əyyarqızının yeni kitabı işıq üzü gördü


Arzu Əyyarqızının yeni kitabı işıq üzü gördü

Arzu Əyyarqızının ''Ən müqəddəs pay kəlağay'' adlı yeni kitabı işıq üzü gördü. Kitab Mirvarid Dilbazi Poeziya Məclisinin mənəvi dəstəyi və xaricdə yaşayan Elvira Həmidlinin maddi dəstəyi ilə ''Elm və təhsil'' - nəşriyyayında nəşr olunub. Kitabın redaktoru- araşdırmaçı, yazar, publisist Vaqif Osmanlı, ön söz müəllifi- Güllü Eldar Tomarlı, məsləhətçi- Elvira Həmidli, rəyçi- Vüsal Sehranoğludu.
İnşallah, gənc şair Arzu Əyyarqızının kitabının təqdimatı Bakıda, sonra Cəlilabadda olacaq.
Arzu Əyyarqızının lirik dünyası onun milli ruhu, azadlıq, haqq-ədalət savaşı, sevgisi kimi saf və duyğuludur, şeirləri milli ruh nəğmələridir. Hər bənd, hər misranın çəkisi var. Gənc olsa da, müdrik düşüncələri oxucunu düşünməyə vadar edir. Çağdaş gənclərin əksəriyyətindən fərqli olaraq milli ruh, milli kimlik, milli əxlaq, milli dünyagörüş onun fkir dünyasının təməlidir. Başında, çiynində min illərdir Azərbaycan xanımlarının qürurla gəzdirdiyi, nənələrimizin mirası qədim milli baş örtüyümüz kəlağayını - abır, həya, ismət, namus, gözəllik, yaraşıq rəmzimizi bu gün ləyaqətlə gəzdirən, şeirlərində tərənnüm edən Arzu xanımın milli mənəvi dəyərlərə sayğısı sonsuzdur. Onun kəlağayı sevgisi özü, şeirləri qədər safdır.

Nə gözəl yaraşıq verirsən mənə,
Al rəngdə, butalı gözəl kəlağay.
Namusum, iffətim, başımın tacı,
Sən Odlar Yurduma özəl kəlağay.


Arzu xanım adını tariximizin şanlı səhifələrinə yazan, “Vətənin qoynuna köçən” şəhidlərin əziz və qədirbilən bacısıdır. Vətənin və onun şeirlərinin qəhrəmanları “sıldırım qayalara ayaq izləri ilə bərabər” cəsarətini, rəşadətini həkk edən ərənlərdi, dişiylə, yumruğuyla, düşmənə nifrətiylə silahlanan, keçilməzlikləri keçən igidlərdi.

Qalxıb zirvələrə sancdı bayrağı,
Əsdi qorxusundan, titrədi yağı.
Qurban hünərinə, Vətən dayağı -
Alqış bozqurduma, alqış əsgərə!

Arzu Əyyarqızı heç vaxt özündən razı deyil, özünü şair hesab etmir, ancaq onun şeirlərini oxuyan belə düşünmür, çünki onun yazdıqlarından poetik ətir var. Onun “dərdlinin dərdini bilən” və duyan lirik düşüncələri həmkarlarına “Haqqın dərgahından gələn şeirlər yazmağı” məsləhət görür. Nə olsun ki, Arzu xanım gəncdir, agıllı məsləhətin yaşı olmur. Sözün nahamar yolları gəncləri də kamilliyə doğru aparır:

Enişdi, yoxuşdu şairin yolu,
Cibləri boş olar, ürəyi dolu.
Onun var-dövləti - imzası, qolu,
Hər zaman tox olar gözü şairin.


O, “dünya vecinə olmayanları” sözünün qamçısı ilə tərbiyə etməyə çalışır. Ən yaxşı tərbiyə metodu söz olsa da, ilahi sözü anlamayanlara hərdən mənəvi qamçı da göstərmək lazımdır. Şair xanım “günahlar içində gərdiş edənlərə, nankora, nadana quyruq bulayan”lara xəbərdarlıq edir ki, “həyat bumeranqdır, çıxacaq qarşına etdiyin hər iş”.

Xor nəfsinə yenik düşmə,
Şeytanlara satar səni.

Arzu Əyyarqızı bu dünyadan, bəşər övladlarından, mənəvi dünyamızdan narahat, Türk qızıdır, xanımıdır, qələmlə silahlanıb eybəcərliklərlə, tamahının köləsinə çevrilənlərlə savaşan söz döyüşçüsüdür. Hər şeirində heç olmasa bir misra ilə incə-incə həssas məqamları vurgulayır:

Anlaqlılar susub, xəyala dalıb,
Qanmazlar məclisin başını seçir.

Varlı kimi görünürük,
Haqqımızı sata-sata.


Arzu Əyyarqızının lirik qəhrəmanının sevgi hissləri də özü kimi təvəzökardı. Həm də, çox şey istəmir, “gözü toxdu”. Yazır ki, “gözlərin gözümü, izlərin izimi, sözlərim sözümü sevsə bəsimdir”. Nəhayət istəyinin mənəvi zirvəsi lap ucadır:

Olsan da səbəbkar saçımda dənə,
Gəl, al ürəyimi verirəm sənə.
Nəfəsin, varlığın yetərdi mənə,
Ürəyin özümü sevsə bəsimdir.


Uğurlu söz adamını söz yaşadır və yaşadacaq. Arzu xanım da buna əmindi. Çünki sözün xidmətində vicdanla dayanıb. Nə olsun ki, zamanın ən ağır şələsi - söz və fikir yükü belindədi, yorulmur, usanmır, qələminə müraciəti qəlbinin hökmüdür: “haqsızlığın kəs bağrını, ədalətin hakimi ol, yaz, qələmim, yaz doğrunu, Vicdanıma salma ləkə, təriflərə etmə meyil, Haqqı qoru, Haqqa əyil!”.
Arzu Əyyarqızının söz, fikr, düşüncə dünyasının leytmotivi budur!
Mən hər şeirə poeziya demirəm. Arzu xanımın “Ruhum içir göz yaşımı” şeiri ilahi dərdin poeziyasıdır!

GÜLLÜ ELDAR TOMARLI
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri,
şəxsi “KəlağayıMuzeyi”nin direktoru,
AYB və AAB-nin üzvü
30-07-2024, 17:46
Şair Elman Tovuz vəfat etdi


[b]Şair Elman Tovuz vəfat etdi[/b]

Şair Elman Tovuz dünyasını dəyişib.
Bu barədə məlumatı mərhumun dostu Ehtiram İlham social şəbəkədə paylaşıb.
Xatırladaq ki, 1997-ci ildən yatağa düşən mərhum şair uzun müddətdir əlil arabasına məhkim idi və ağır xəstəlikdən əziyyət çəkirdi.
Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət kəndində doğulub. 1984-cü idə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) bitirib. 1998-ci ilədək müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşüb, elə o vaxtdan əlil arabasına məhkum idi.
Şair "Hara gedir bu yol belə?..", "Dünya, məni mənə qaytar", "Dəlir ürəyimi demədiklərim" adlı üç kitabın müəllifidir.
Allah rəhmət eləsin.
28-07-2024, 14:49
Misir müəllimi təbrik edirik!

Misir müəllimi təbrik edirik!

Zəngəzur Mahalının dəyərli övladlarından birinin- Misir Aslanovun doğum günüdür. Misir müəllim həmkəndlimiz və qohumumuz olsa da, 1988-ci ildən el-obamızdan ayrı düşdüyümüzə görə çox da yaxınlığımız olmamışdı. İnsan övladı da bir-birinə yaxınlaşmadıqca, yol yoldaşı olub, ünsiyyətə girmədikcə bir- birini yaxşı tanımaz, təsəvvvürü ağızdan qulağa olar. Eşitdiyindən, duyduğundan formalaşar. Biz də Misir müəllimlə yalnız xeyirdə, şərdə görüşər, ötəri hal-əhval tutardıq. Sözün düzü bir oxşar xasiyyətimiz var ki, heç birimiz insanların vəzifəsi, ictimai mövqeyi, nə işlə məşğul olması ilə maraqlanmarıq. Adamdısa, adamdı, adam deyilsə, hansı vəzifədə olursa olsun, fərq etməz.

Sözü uzatmadan demək istəyirəm ki, Misir Aslanovu keçən il “ZƏKA PRİNT” MMC-nin təşkilatçılığı ilə Caspian Plaza Biznes mərkəzində keçirilən “Dəyərli müəlliflərlə görüş”də daha yaxından, daha yaxşı tanıdım. Tanımaqla bərabər belə bir eloğlum olduğuna qürurlandım. Həmin görüşdə media rəhbərləri, ali təhsil ocaqlarının nümayəndələri, ziyalılar və onun nəşriyyatı ilə əməkdaşlıq edən müəlliflər iştirak edirdilər. Şəhid, qazi və aztəminatlı ailələrin övladları da tədbirə dəvət olunanlar sırasında idilər. “ZƏKA PRİNT” nəşriyyatının direktoru Misir Aslanov qonaqları salamladıqdan sonra qeyd etdi ki, biz bu gün təkcə dəyərli müəlliflərimizlə görüşmürük. Bu fürsətdən istifadə edib, həm də Qarabağımızı düşmən işğalından azad edən qazilərimizlə, Şəhid ailələri ilə və o zümrədən olan övladlarla görüşürük. Bu tədbir əslində Şəhidlərimizə ehtiramımızı bildirmək üçün bir vəsilədir.
Misir müəllim “ZƏKA PRİNT” MMC-nin xüsusi qonaqları olan gül balalara-Şəhid övladlarına, imkansız ailələrin məktəblilərinə hədiyyələr verərək onlara elm yolunda, təhsildə uğurlar arzulayaraq dedi:

Qarı düşmənə qalib gəlmək üçün həm qol gücünə, həm də zəkaya ehtiyac var. Bu yolda onların ən böyük yardımçıları “ZƏKA PRİNT” MMC-nin nəşr etdiyi kitablar olacaq. Dünyamıza sülh, insanlara əmin-amanlıq, uşaqlara isə həyatda daim ağıl güclərinin qalib gəlməsini arzu edirəm. Əmin olun ki, hər zaman yanınızda olacaq, imkanımız daxilində lazım olan ehtiyaclarınızı qarşılayacağıq.
Sonra məktəblilərə içi kitabla dolu çantalar hədiyyə edildi, uşaqların şərəfinə hazırlanmış tort kəsildi. Aslan Bayramov, Nahid Canbaxışlı, Məzahir Məmmədov, Tural Turan, Emil Rasimoğlu Misir Aslanova uşaqları sevindirdiyi üçün, bu gözəl addıma görə təşəkkürlərini bildirdilər.
Bir sözlə, bu balaca auditoriyada böyük ürək döyüntüləri, bu tədbirdəki mənzərə, kontingentin rəngarəngliyi, arzuların böyüklüyü məni həm duyğulandırdı, həm də qürurlandırdı. Əmin oldum ki, Qarabağ uğrunda qan töküb torpaqlarımızı düşmən tapdağından azad edənlərin övladları, varislərilə Bütöv Azərbaycan yolçuluğumuz uğurla başa çatacaq.

Misir Aslanov isə “ZƏKA PRİNT”in zəkası ilə əqidədaşımız, yol yoldaşımız olacaq. Odur ki, Misir müəllimi “Bütöv Azərbaycan” qəzetinin yaradıcı kollektivi və Hərbi Jurnalistlər Birliyinin İdarə Heyəti adından təbrik edir, ona sağlam ömür, ailəsinə səadət, övladlarına xoş gələcək və bu nəcib işlərində uğurlar arzulayıram. Hörmətlə: Tamxil Ziyəddinoğlu
26-07-2024, 09:50
Tofiq SALEHİN poeziyasından yarpaqlar


Tofiq SALEHİN poeziyasından iki yarpaq

Azərbaycan

Ey üçrəngli al bayrağım,
Göy üzündə sən dalğalan!
Öz rənginlə tutulubsan,
şəhidlərin al qanından!
Vətən kimi varlığısan, rəmzisən sən Azadlığın!
Qoy olmasın bu dünyada, bircə damcı sinə dağın,
Bir gün belə, tuş gəlmə sən nə borana, nə də qışa,
Qızıl donlu gün, Günəşlə, al baharla dur baş-başa,
Nə bir duman, nə çən qonsun, alnındakı o tunc qaşa,
Əbədi ol bu dünyada, min il belə, azad yaşa,
Azərbaycan! Azərbaycan!

Bu dünyada bircə gün də, dar ayağın, qoy olmasın,
Bu aləmdə nə düşmənin, nə də yağın, qoy olmasın,
Bağ, bağçanda bir çiçəyin, bircə gülün, qoy solmasın,
Azərbaycan! Azərbaycan!

Cəmiyyətim, sənsən mənim,
Hürriyyətim, sənsən mənim,
Səadətim, sənsən mənim,
Məhəbbətim, sənsən mənim,
Ədalətim, həqiqətim,
Qətiyyətim, sənsən mənim.
Canımdakı dəyanətim,
Qolumdakı güc-qüvvətim, sənsən mənim!
Hekayətim, rəvayətim,
Nemətim də sənsən mənim!
Sərvətim də sənsən mənim!
Andım, eşqim, saf niyyətim sənsən mənim,
Axşam, sabah söz-söhbətim sənsən mənim,
Azərbaycan! Azərbaycan!

...Ey ağ saçlı Odlar Yurdu, odu sönməz ocağımsan,
Sən ki, mənim yurdum, yuvam, qızıl, gümüş yatağımsan,
Müqəddəssən yaranışdan, cənnət, behişt torpağımsan,
Azərbaycan! Azərbaycan!

Bir dünyasan, bir həyatsan, külli-aləm, kainatsan!
Sən xoşbəxtsən,
Göylər aydın, yerlər rahat, sən azadsan!
Azərbaycan! Azərbaycan!


...Bəxtiyarsan, günəş kimi qaynar, isti qucağın var,
Od yurdusan min-min belə, odu sönməz ocağın var,
Yer altında neftin, qazın, fantan vuran yatağın var,
Qızıl, gümüş mədənisən, nemət dolu torpağın var,
Səmaları qucaqlayan Tanrı kimi dağların var,
Bar-bəhərli, tükənməyən min-min bağçan, bağların var,
Yazda, yayda qucağına, ellər axan yaylağın var,
Durna gözlü, sərin-sərin, diş göynədən bulağın var,
Maral gəzən, ceyran qaçan oymaların, oylağın var,
Bu dünyanın hər yerindən, axıb gələn, qonağın var!
Azərbaycan! Azərbaycan!

Sərdar olan qayalarda, şah dağlarda qar olmasın,
Torpağında nə yapalaq, nə də bayquş, sar olmasın,
Bircə gün də nəhəng dünya, övladına dar olmasın,
Quşların da yuvasına, şahmar girib, mar olmasın,
Bu qəhrəman millətimin bir kəsi də xar olmasın!
Azərbaycan! Azərbaycan!

Qucağında böyümüşəm, xanimanım, beşiyimsən,
Sən ki, mənim yurdum, yuvam, öz evimsən, eşiyimsən,
Mən ki, sənin şair oğlun, sən ki, mənim öz adımsan,
Sən ki, mənim vuran qəlbim, saf niyyətim, muradımsan,
Yerdə, göydə uğur verən, mənim qartal qanadımsan,
Azərbaycan! Azərbaycan!

Döyüş vaxtı düşmənlərə təslim olsam,
əsir düşsəm, fərmanım da sənsən mənim!
Xəstə düşsəm loğmanım da, dərmanım da sənsən mənim,
Ümidim də, inamım da, imanım da sənsən mənin!
Azərbaycan! Azərbaycan!
Bakı

Sevimli himni tək, oxunacaqdır

Vətənmiz nə böyük, bir aləm olub,
Həyatmız gah qılınc, gah qələm olub,
Gah sevinc, gah fərəh, gah da qəm olub,
O böyük dahilər, məndə cəm olub,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Şam kimi alışan, yanan bir canam,
O taylı, bu taylı Azərbaycanam!
Nə böyük aləməm, böyük cahanam,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Qızıl, gümüş mədənidir torpağım,
Aranım, yaylağım, cənnətdir dağım,
Şeirdir, sənətdir mənim qonağım,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Saçlarım çal-çaldır, qaşlarım dən-dən,
Yerlərlə, göylərlə yaranmışam tən,
İçimdə yerləşir, bu böyük Vətən,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Vətən qəmlənəndə, qəməm, ay ellər,
Vətən sevinəndə, şənəm, ay ellər,
Bu Vətən, bu torpaq mənəm, ay ellər,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Kitab tək önümdə açılır aləm,
Gecə də, gündüz də əlimdə qələm,
Mən də bir nəğməkar, şeyda bülbüləm,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Nələrə qadirdir, bizim bu torpaq,
Aç qoca tarixi, sən varaq-varaq,
O, Tanrı dağlara, dönüb, yaxşı bax,
Prometey odudur, bu od, bu ocaq,
Dünyanın ilkindən o, verir soraq,
Heyrətə qərq olur, hər gələn qonaq,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Başına döndüyüm, ay bizim ellər,
Ölərmi dahilər, böyük əməllər?!
O böyük dahilər, məndə cəm olub,
Həyatım gah sevinc, gah da qəm olub,
Fırtına qoparıb, xəyal başımda,
Bakı! Azərbaycan, durur qarşımda!

Vətənsiz gözlərim, müdam yaş olar,
Ağlım uçub gedər, ağlım huş olar,
Həyatım, varlığım qarlı qış olar,
Gözümdə nə yuxu, nə də tuş olar,
Ürək buz bağlayar, ürək daş olar!
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Çağlayan ilhamım şəlalələrdi,
Mənim od ürəyim, od lalələrdi,
Həmdəmim pərvanə, divanələrdi,
Yanmaqda günəşlə yarışıram mən,
Alovdan od tutub, alışıram mən,
Vətənlə, qəlbimlə danışıram mən,
Gecə də, gündüz də çalışıram mən,
Təbimdə çaylar tək aşıb, daşıram,
Şeirlər yaradıb, nəğmə qoşuram.
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Yaranan bir gündən, söz aşiqiyəm,
Yerlərə, göylərə sığmır düşüncəm,
Məndən şeir umur, bu böyük aləm,
Yazmağa, yazmağa çağırır qələm!
Qaynar təbim şeir, ilhamım şeir,
Məsləkim, məqsədim, məramım şeir,
Həyatım, varlığım, amalım şeir,
Əqidəm şeirdir, vicdanım şeir,
Ağlayan, inləyən kamanım şeir,
Fəryadım, fəğanım, amanım şeir,
Kədərim, möhnətim, dərdim, ələmim,
Gecə də, gündüz də yazan qələmim,-
Şeirdir, sənətdir, ay bizim ellər!
Yerlərə, göylərə sığmır düşüncəm,
Kitab tək önümdə açılır aləm,
Yazmağa, yazmağa çağırır qələm!
...Ay ellər, desəm ki, ilhamda təkəm,
Çoxunun qəlbinə toxunacaqdır!
Xalqımda bu mərdlik, bu hünər ki, var,
“Günəşə köçsə də, Aya köçsə də,
Yüz illər, min illər gəlib keçsə də”,
Mənim bu yazdığım şeirlər ki, var,
Məkkəm, Kəbəm olan Azərbaycanın, -
Sevimli Himni tək, oxunacaqdır!
Bakı,
14.02.2024
26-07-2024, 08:22
TƏBRİK EDİRİK!


TƏBRİK EDİRİK!

Bu gün gözəl ziyalı, uzun illərdi ətraflarda onu tanıyan, yardımına ehtiyacı olan hər kəsə təmənnasız xidmət göstərən Elman həkimin doğum günüdür. Onu bu münasibətlə ailə üzvləri, iş yoldaşları, dostları, doğmaları təbrik edirlər. Sağlamlıq, uzun ömür və fəaliyyətində uğurlar arzulayırlar.
Biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi olaraq qəzetimizin təəssübkeşi və redaksiyamızla daimi yaradıcılıq əməkdaşlığı edən qələm dostumuzu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyirik. Bir də arzu edirik ki, şirin qələmindən süzülən maraqlı, bəzən duzlu-məzəli, bəzən də kəskin satiralarını redaksiyamızın poçtundan əskik etməsin.
Əziz oxucular, fürsətdən istifadə edib öz geniş dünyagörüşü, nümunəvi davranışı və ləyaqətilə hamının rəğbətini qazanmış dostumuzu sizlərlə də tanış etmək istədik:
Rüstəmov Elman Süleyman oğlu 26 iyul 1966- cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Aşağı Girətağ kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 22 il Milli Orduda hərbi provizor kimi müxtəlif vəzifələrdə xidmət edib.
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantıdır.
“Xoşbəxt günlərimin açı göz yaşları”, “Başkəsənlər”, “Anama məktub”, “Novruzda açılan atəş”, “Dürmək restoranı”, “Tanrı ürəklərdədir” və s. kitabların müəllifidir. E. Rüstəmovun hekayələri xarici ölkələrdə tərcümə olunaraq çap edilib. 2014-cü ildə “Qafqaz Media”-nın “Nurlu qələm” mükafatına layiq görülüb.
Hərbi Jurnalistlər Birliyinin tədbirlərinin təşkilində fəal iştirakına və göstərdiyi dəstəyə görə “Vətənoğlu” Fəxri Diplomu ilə təltif olunub.
Elman Rüstəmov doğrudan da əsl Vətənoğludur. Vətənoğlu, bir daha təbrik edirik!
16-07-2024, 18:14
Ruh yüksəkliyi qəlbin işığını artırır


Ruh yüksəkliyi qəlbin işığını artırır

Duyğuların gözəlliyi, insan qəlbinin həyat eşqini çoxaldır.
Hisslərin harmoniyası, insanın ozünün -özüylə fikir mübadiləsini tənzimləyir.
Həyat işığının axtarışı, insan zəkasının gücündən asılıdır. İşıqlı həyat eşqinə sahib olmaq insanın mənəvi aləminin sublimasiyasından yararlanır. İnsanın özünün- özüylə apardığı fikir mübadiləsi , onun həyat düşüncəsinin ruhaniyyətindən qidalanır. Çağdaş şeirimizin sənət-söz dünyasına rəng qatan şairələrimizdən biri də Konul Şirvanlıdır. Şairin poeziyasının həyat müstəvisində, insanın mənəvi dünyasının ruhunda həyat eşqinin çalarları əks olunur.
"Dərd" geyindi , "çuxa"mı,
"Həsrət" bükdü, "yaxa"mı...
Səbri, "iman" toxumu,
Yaradana, "həmd" olsun!

Günəş batdı içimdə,
Qəm karvanı, "köç"ümdə...
Sığal gördüm saçımda, -
Yaradana, "həmd" olsun!

Həyat müstəvisi, insanın könül dünyasının aynasıdır.
Həyat müstəvisi, insanın yaşam tərzininin görsənən üzüdür.
Həyat müstəvisi, insanın yaşadığı həyatın unudulmayan canlılığıdır.
İnsanın könül dünyasının aynasında, onun həm keçmişi əks olunur, həm də gələcək arzularının umacaqları. Yaşam tərzinin həyat üzünün canlılığı, insanın könül dünyasının saflığına aydınlıq gətirir. Keçmişin işığında gələcək axtarışı insanın mənəvi həyat körpüsünün sağlamlığını ortaya qoyur.
Geriyə boylananda,
Gördüm, "xarabalıq"dı!
Ömrü, bölənlər- bölüb,
Yerdə qalan, "qalıq"dı!

Geriyə boylananda,
Dərd oynadı yerindən...
İnsanlıq görünmürdü,
Vicdanların, "kir"indən!

Geriyə boylananda,
Günəş "qara", Ay "qara”!
"Kürək", çəkirdi ömür,
"Zülməti", yara- yara!
...
Məhəbbət, insanın mənəvi dünyasının ruhu həyat dözgüsüdür.
Məhəbbət, insanın könül dünyasının həyat bağlantısıdır.
Məhəbbət, insan hisslərinin ən ali düşüncəsinin "öz"üdür.
İnsan qəlbinin ruhu həyat dözgüsündə, sevginin gücü var.
Könül dünyasının bağlantısı, insan qəlbinin həyat eşqini yaradır.
Insanın ali hisslərinin, "oz"ü, həyati hisslərin harmoniyasını üzə çıxardır.

Məhəbbətdən, "şeir" yaza bilmirəm,
O "duyğu"dan, çoxdan küsüb getmişəm.
Kim deyir ki, daha sevə bilmirəm?
Mən ömrümü, sevgiyə həsr etmişəm !

Olubsa da gözlərimdə, yaş- gilə,
Boylanmışam, bu həyata eşq ilə…
Tab gətirib, hər acıya - müşgülə,
Bu dünyanın, "sınağı"nı sevmişəm!
...
İnsanın könlü, insanın həyata şüurlu münasibətini yaradır.
İnsanın könlü, insanın mənəvi dünyasının ruhi əksini aşkarlayır.
Insanın könlü, insanın arzu və istəklərini həyata bağlayır.
Həyata şüurlu münasibətin qarşılığı, insanın özünü tapmasıdır.
Mənəvi dünyanın ruhi əksi, insanın əməlindədir.
Arzu və istəklərin həyat bağlılığı, insanın həyat duruşu ilə ölçülür.
Könül Şirvanlının lirikasının həyati rəngarəngliyi, insan hisslərinin dolğunluğu ilə seçilir.
Bir gün məni itirsən,
Darda düşün, darda gəz!
Görsən, izim bilinmir, -
Səslən, intizarda gəz!

Tapammasan üzülmə,
Düşün, xəyal olmuşam...
"Qorxu" olub, "dərd" olub ,
Gözlərinə dolmuşam!

Qəlbin həyat ruhaniyyətindən yaranan əsərlərdə, insanın mənəvi dünyasının ruhi həyat eşqi əks olunur. Ruhun həyat düzəni, daima insanın yaşam tərzinin görsəl üzüdür. Könül dünyasının həyat iztirablarının verdiyi kədər hissi, daima insanın mənəvi aləmini tənzimləməyə xidmət edir.
Mənəvi hiss, insanın könül axtarışını həyata şüurlu şəkildə bağlayır.
Həyat tərzinin sağlamlığını yaradan ruhi sağlamlıqdır.
Kədərin həyat məntiqi, insanın ruhunun iradə gücünü nümayiş etdirir.
Könül Şirvanlının lirikasının həyat ritorikası, insanın mənəvi aləminin gözəlliyini əks etdirir.
Qələm burda, mən də burda,
Dərdləşirik, Söz ağlayır...
İstəyirik, qaçaq dərddən,
Arxamızca, göz ağlayır!

Ürək vurub, ömrü başa,
Arzu - ümid, çıxıb boşa...
Xəyallar da, dəyib daşa,
"Çınqı" çıxıb, köz ağlayır!

...
Ruh, insanın əbədi dünyasının həyat ritmidir.
Ruh, insanın mənəvi dünyasının ülviyyətidir.
Ruh, insanın könül sevgisinin həyat axtarışıdır…
Əbədi dünyanın həyat ritmi, ruhun həyat atəşindən doğan arzuların gücündən asılıdır. Mənəvi dünyanın ülviyyəti, insanın yaşam tərzinin həyat üzünün canlılığı ilə yaranır. Könül sevgisinin hədəfində həyat insanın ruh yüksəkliyi var .
Könül Şirvanlının lirikasının həyat ritorikası öz sağlam həyat eçqi ilə seçilir daima…
Ən gözəl dostlara, Şirvan elindən,
Laləli- nərgizli, gül gətirmişəm…
Şeirdən-nəğməgən, min çələng hörüb,
Arzulu- dualı, dil gətirmişəm!

Aşmışam dağların, keçmişəm düzün,
Basmışam bağrıma, hər odun - közün…
Kökləyib saz üstə, ən şirin Sözün,
Coşdurub sevdasın, sel gətirmişəm!

..
Vida, insanın insana olan "ünsiyyət bağının" sonlanmasıdır.
Vida, insanın yaşam duyğusunun "həyat bağının" itməsidir.
Vida, insanın könül körpüsünün "sevgi bağının " qırılmasıdır.
Ünsiyyət bağının sonlanması, əlaqələrin durğunluğu ilə qurtarır.
Həyat bağının itməsi, yaşamın sona çatması anlamını daşıyır.
Sevgi bağının qırılması, nifrətin yaranması ilə nəticələnir…
Könül Şirvanlının poeziyasının həyat ruhu sağlam düşüncənin həyati-psixoloji ruhundan yaranan duyğularla tənzimlənir daima.
Burda son ayrılıq, burda son "vida",
Günəşin bərq vurub, batdığı yerdi...
Böyümək həvəsli, gənclik xəyallı,
Arzular ünvana, çatdığı yerdi!

Keçmişlə gələcək, durub üz - üzə,
Duyğular nə sətrə- sözə sığmayır..
Bitir bir "hekayə", ayrılır dostlar,
İndidən bu həsrət, gözə sığmayır!

Lirik düşüncə, insanın könül dünyasının həyat bağlantısıdır.
Lirik düçüncə, insanın mənəvi dünyasının ruhi həyat döngüsüdür.
Lirik düçüncə, insanın könül sevgisinin həyat axtarışıdır.
Könül Şirvanlının lirikasının həyat hədəfində, insan qəlbinin həyəcanverici duyğuları öz əksini tapır.
Şairənin poeziyasının həyat müstəvisində insan hisslərinin dolğunluğu öz həyat ruhunun ifadəliliyi ilə əks olunur.
Uğurlar arzulayıram Şairə xanıma!
..

Hörmətlə: Nəsib ABİD,
filoloq,
26 iyun 2024-cü il.


15-07-2024, 09:53


Onun kəlağayı sevgisi


Onun kəlağayı sevgisi

GÜLLÜ ELDAR TOMARLI – KƏLAĞAYINI URVATDA TUTAN XANIM

Bəllidir ki, hər kəs bu dünyanı fərqli düşüncələrlə görür. Kim maddi, kim mənəvi, kim isə elmi nailiyyətlərinin gücü ilə həyatın inkişafını çiyinlərində daşıyır. Seçimimiz həm də ruhumuza, tərbiyəmizə bağlıdır.
Haqqında yazmaq istədiyim insanın bir dəqidə belə boş vaxti yoxdur. Elə hey tədbirlərdə, ictimai fəallığındadır. Özü də bunu poetik dillə etiraf edir:
Zəmanə çağırır, yığnağa çəkir,
El-oba arxadan qınağa çəkir.
Bu necə qismətdi deyə bilmirəm,
Deyən, tale məni sınağa çəkir.

Hər kəsə üzü gülər, könlü açıq bir soydaşımızdır Güllü xanm. Əsl Azərbaycan qadınıdır. Belə insanlara seçilmişlər deyirlər, mənə görə onlar enerjilərini son damlasına qədər xərcləyən, müqayisə olunmayan zəhmətkeşlər, fədakarlardır.
Güllü Eldar Tomarli 1969-cu il iyulun 13-də Gürcüstanın Rustavi şəhərində anadan olub. Soykökü Qazaxın İncə dərəsinin Kəmərli kəndindəndir. Rustavi şəhərinin 7 saylı məktəbində təhsil alib. Gənc yaşlarından yazıları ilə Rustavi şəhər nəşriyyatlarında çıxış edib.
Haşiyə: Ona inam, ümid verən bir hadisədən yazmaq istərdim. Orta məktəb şagirdi olarkən tanınmış şairləri, ədəbi mühitin nümayəndələrini məktəbə dəvət edərək tədbirə hazırlaşır. Tədbirin vaxtından xeyli keçir, amma qapıda kimsə görünmür. Güllü çarəsiz qalıb ağlamağa başlayır. Bir az da keçir, anasını qapıda görür. Təəccüblənərək sakitləşir. Anasının tədbirdən xəbəri yox idi, sonra eşitmişdi. Bir müddətdən sonra məktəb qapısında maşınlar ğörünür və tədbir başlayır. Anasının tədbirə qəfil gəlməsi və ədəbi mühitin diqqəti ona güvən verir. O zamandan onun özünə məxsus maraqlı, bənzərsiz həyat səhifələrı başlayır. Rustavi Azərbaycanlıları Mədəniyyət mərkəzinin idarə heyətinin üzvü, qadınlar şurasının sədri, gürcü qəzetlərinin Azərbaycan üzrə xüsusi müxbiri, “Aşıq Pəri” məclisinıin sədr müavini, mətbuat katibi olub. Güllü xanım “Beləcə qal, nolar, könlüm”, “Bir az sazdan, bir az sözdən”, “Aşıq Pəri” inciləri tərtıbatçısı Aida xanım” kitablarının müəllifidir.
Güllü xanım artıq uzun illərdir Azərbaycanda, Bakidadır və burda fəaliyyətini davam etdirir. Şeirlərindən birində yazır:
Muraz verdi əzəldən bu yurd mənə,
Yollar açdı dağlarda boz qurd mənə,
Güllü bilər, yaxın düşməz dərd mənə
Anam dedim, Vətən dedim bu yurda.


Mübaliğəsiz demək olar ki, Ğüllü xanım ölkəmizin ədəbi-mədəni hadisələrinin dayaq nöqtəsindədir. Bu xanımın fəaliyyətini izləməyə imkan tapmırsan. Gürcüstanın, Təbrizin, Türkiyənin, Orta Asiyanın ədəbi mühitini bizlərə tanıdır. Həmçinin, bizim şairlərin də şeirlərinin özbək, gürcü və s. dillərə tərcüməsinin təqdimatını aparır. Bundan əlavə, o, daşnak terroristlərinin rejiminə qarşı mübarizəyə qatılan qaçaq həyatı sürən insanların həyatından bəhs edən Alı Kavkazyalının “Qartallar sınır tanımaz” kitabının təqdimatını keçirib. Şairə, publisist, Azərbaycan Yaziçilar Birliyinin, Aşıqlar Birliyinin, Jurnalistlər Birliyinin üzvüdür. Güllü xanım Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” kitabının redaktoru, Maksim Sarıqayanın “Göyçə həsrətli bir ömür”, Əhməd Qəşəmoğlunun “Eşqdən o yana bax”, Aqşin Əlikərimlinin” Təbrizdən Təbrizə təqdimat”, Səfər Boluşlunun “Məndən” və sair sənət adamlarının şeir kitablarının təqdimatlarını aparan və öz ifasında şeirlərdən parçalar da səsləndirəndir.
İllərdir ki, o, “Mirvarid Dilbazi Poeziya Məclisi” ictimai birliyinin sədridir. Mən də, arada bir o məclisin tədbirlərinə gedirəm. Amma ora necə düşdüyümü heç özüm də bilmirəm. Sadəcə sevinirəm ki, xalqın yaratdığı folklor nümunələrindən bəhrələndim. Çox vaxt tədbirlər onun Əhmədlidə yerləşən evində keçirilib. Sonralar tədbirlər üçün Güllü xanıma müxtəlif məkanlar qapı açdı. “Ev ofisi” isə öz yerində. Ora həm də Kəlağayı muzeyidir.
Mirvarid Dilbazi poeziya məclisində unudulmaz şairənin yaradıcılığı ətraflı təblığ olunur. Məclis folklorumuza, ənənələrimizə, xüzusi ilə aşıq yaradıcılığına güzgü tutur. “Dədə Qorqud” ictimai birliyinin sədri Xətai bəy məclisin daimi qonaqlarındandır. Şairlər, təşkilat nümayəndələri, rəssamlar, aşıqlar Güllü xanımın məclislərinin daimi qonaqlarıdır. Aşıq Gözəl Kəlbəcərlinin səsi bizi dağların çiçəklərinin ətrinə, sazı ozanların əks-sədasına kökləyirdi. Poeziya məclisinin idarə heyətinin üzvü Vüsal Seyranoğlunun xidmətını qeyd etməmək mümkün deyil. Tədbirlər M. Dilbazinin, Dədə Ələsgərin, Səməd Vurğunun Vətənimizi tərənnüm edən şeirləri ilə başlayırdı. Uzaqdan, yaxından gələn hər kəs özündə ruh dincəlişi tapırdı.
Mirvarid Dilbazi yaradıcılığının bu günkü oxuculara daha əlçatan olması ilə əlaqədar təşəbbüslər göstərərək şeirlərini ədəbiyyat nümayəndələri ilə birlikdə “Bənövşələr üstə göz yaşı” və “Öz içindən yanan bir ocağam mən” kitablarının latın əlifbasına çevrilməsinə nail olub. İctımai birliyin üzvləri ilə Qocalar evində konsertlərlə çixiş edirlər, çoxlu sayda şəhid tədbirləri keçirilir. Rəssam Gülnarə Məmmədova da Azərbaycanın uzaq bölgəsindən gələrək, çəkdiyi şəhid portretlərini, yaradıcı insanların rəsmlərini tədbir iştirakçilarına nümayiş etdirir.
Güllü haqqa olmaz əvəz,
Yurd verilməz, yurd bölünməz
Şəhid olan vallah ölməz,
Ağlama, şəhid anası.

Güllü xanımın ideyalarla dolu həyatı mənəvi harmoniyasına bağlıdır. Səmimi, olduqca diqqətli, ailə dəyərlərinə qiymət verən fəal Azərbaycan qadınıdır. O, II Türk Dünyası simpoziumunun iştirakçısı olub. II və III Türk Dünyası ədəbiyyat və kitab festivallarında ıştırakçı, moderator olub. Güllü xanım sabaha inamla, həyat yanğısı ilə yaşayır. Bir ğün nənəsinin ona verdiyi noxudu kəlağayını başına örtərkən fikrə gedir:
“Bəlkə yüz illərin yadiğarı olan kəlağayının təbliğatına başlayim?” Tərəddüd içərisində qalır. Əvvəlcə bu ideyanın reallığı onda şübhələr yaradır. Həyəcan dolu günləri başlanır. Evində şəxsi Azərbaycan Kəlağayı Muzeyi yaradır. Teleçəkiliş qrupları, qəzet müxbirləri bu ünvandan o qədər reportajlar hazırlayıblar ki!..

Azərbaycan qadınının bir ovuca yerləşən, amma içi dolu eşqi, isməti, mərhəməti, məharətı, qüssəsi, mərdliyinin rəmzi olan kəlağayı -şahanə baş örtüyümüz! Əğər kəlağayı bu günə qədər qorunub saxlanıbsa, bu Azərbaycan qadınının ruhunun, gözəlliyinin rəmzi, mənəvi qüvvəsinin təzahürüdür. Azərbaycan kəlağayısının təbliğatı elimizi bürüdü. Bu təşəbbüs kəlağayı haqqında olan təsəvvürümüzü təşkil olunan tədbirlərlə büsbütün dəyışdi. Azərbaycanın, demək olar ki, bütün bölgələrində keçirilən sazlı-sözlü kəlağayı tədbirləri el bayramına çevrildi. Bədii təfəkkürün məhsulu kəlağayımızda kökümüzün ruhu olan dühalarımızın – Nizami Gəncəvinin, Pənahəli xanın, Nəsiminin, Qasım bəy Zakirin, Abbas Tufarqanlının, Aşıq Ələsgərin, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun portretləri yaradıldı. 54 üsulla əmələ gələn kəlağayıda yaranan portretlər milli-mənəvi dəyərlərimizə böyük töhfədir. Azərbaycan kəlağayısı millətləri, müxtəlif sənət adamlarını birləşdirdi.
Güllü xanım Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqələrində qalib olaraq iki kitab ərsəyə gətirdi. Kəlağayı haqqında 76 şeir toplanmış kitab Dədə Ələsgərə istinadən “Kəlağayı əlvan qıyqacı” adı ilə nəşr edilib. İkincı kitabı “Azərbaycan kəlağayısı min illərin yadigarı” da bizlərə gözəldən-gözəl töhfədir. Bu uğurlar Güllü xanıma dövlət tərəfindən göstərilən diqqət və qaygının təzahürüdür. O, dayanmır, yenə ruhundan qaynaqlanır. Kəlağayı Güllü xanım üçün əfsanəvi baş örtüyü idi. O, artıq kəlağayı simvoluna çevrilmişdir.
Azərbaycanın müxtəlif bölgələrindən olan qadınlar Güllü xanımın ətrafına toplandı. Onlar yetərli kəlağayı qrupu təşkil etdilər. Qrup isti bir ailə ocağına çevrildi. Və aşkara çıxara bilmədikləri istedadlarını güvənli şəkildə biri-biriləri ilə bölüşməyə başladılar. Bu gün qrupu şairlər ocağı adlandırmaq olar. Hər bir xanım bacardığı qədər kəlağayını şeirlərində yaşatmaq həvəsindədir və çox istedadla Azərbaycan qadınının əfsanəvi baş örtüyünü mənəvi düşüncələrindən süzərək şeirlər məcmuəsinə çevirir. Şeirlərdə sevgi, həyəcan, həyat bilğiləri, talelər, insan xarakterləri əks olunur. Xanımların biri-birinə isti münasibətləri, kəlağayıya olan sevği şeir kitablarına həvəsi artırmağa başladı və nəticəsi yeni kitabların yaranması oldu. “Anam kəlağaydı, kəlağay anam” və “Anam kəlağaylı bir muğam idi” adlı kitabları işıq üzü gördü. Bu kitablarda Güllü ocağına yığılan xanımların duyğu və düşüncələri ipə-sapa düzülüb. Onlar-Brilyant Atəş,Yeganə Məmmədova, şairə, publisist Sevil xanım., Arzu Yaqubqızı, Könül İbrahimsoy, Sevda Səfərli, Adilə Nəzər, Şölə Cəlilə Məmmədova, Həvva Nazim, Mərziyə Sarvan, Məhluqə Gədəbəyli, Aliyə Rzayeva, Ağaminə xanım, Əzizə xanım, Xədicə xanım şeirləri ilə bizi dünyanın gözəlliklərinin seyrinə aparır.
Prezident təqaüdçüsü Tərlan xanım Musayeva, Hənifə xanım, Kəmalə xanım, Fatimə xanım, Yasəmən xanım, Lilpar xanım tədbirlərin fəal iştirakçılarıdır. Sadaladığım xanımların əksəriyyəti Azərbaycanın bütün bölgələrində keçirilən kəlağayı təbligatı tədbirlərində Güllü xanımın yanında olublar. Şəhidlərin ana və bacıları da qrupun üzvü kimi keçirilən tədbirlərdə iştirak edərək təsəlli tapırlar. Bu mənəvi qadın ordusunu birliyə gətirmək

Güllü xanımın əvəzsiz zəhmətidir.
Hər dəfə tədbir üçün lazımı ləvazimatları daşımaq, üstəlik 50 kəlağayı ilə məkanı bəzəmək və s. böyük zəhmət tələb edir. Bir dəfə tədbirdən sonra kəlağayiları toplayarkən Güllü xanım dedi bükməyin onu səhərə qədər oturub kitab formasında bükəcəyəm. İki il ərzində fasiləsiz o, bu işləri görürdü. Və nəhayət, 27 aprel 2024-cü ildə Azərbaycanda ilk dəfə möhtəşəm sazlı-sözlü kəlağayı festivali keçirildi.
Xanımların yaradıcılığına diqqət də davam edir. Bu yaxınlarda Güllü xanımın təşkilatçılığı ilə şairə, publisist Brilyant Atəşin “Nənəmin kəlağayısı”, Arzu Yaqubqızının “Nağıl kəlağayım, sirr kəlağayim” adlı şeir kitablarının təqdimatı keçirildi.
Neçə vaxtdır Gülllü xanım narahatdır. Yenə iç boğçası açılır. Muzeyi təsəvvüründə al-əlvan rənglərdə görür və Qurama toxunuşuna başlayır. Çox maraqlı əl işləri ilə bu ilin iyun ayının 20–21-i İçərişəhərdə keçirilən Beynəlxalq Qurama Festivalına dəvət alır.
İftixarla deyim ki, kəlağayı 2014-cü ildə UNESCO-nun geyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir. Güllü xanım kəlağayı təbliğatını ictimaillət arasında elə ürəkdən aparır ki, sazla-sözlə elə vəsf edir ki, artıq qadınlarımız kütləvi şəkildə kəlağayı örtməyə başlayıblar.
Güllü xanım torpağına, millətinə sonsuz sevgi ilə yaşayır. Ailəsinə də tövsiyəsi budur. Bu baxımdan oğluna müraciəti maraqlıdır:
Sevgi qapısına ol açar, oğlum.
O yolu getməyi düz bacar, oğlum.

Azərbaycana sevgi ilə baxan, onu gözəl görmək istəyən Güllü xanımı 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
...İki ilə yaxın fasiləsiz davam edən tədbirlərin birindən çıxarkən ondan soruşdum ki, artıq kəlağayı mövzusu bitdimi? Hələ indi başlayıram,-dedi.
Yolunuz açıq olsun Güllü xanım!
Natəvan ƏLİYEVA,
“Ailələrə Dayaq” xeyriyyə ictimai birliyinin sədri



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!