Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 12-10-2024, 08:32
40 gündür Səni axtarırıq

40 gündür Səni axtarırıq

(Bizim Qara oğlanın əziz xatirəsinə)
Tay-tuşlarımızla 65 illik ömrümüzün yarıdan çoxunu yurddan aralı, qürbətlərdə odsuz-ocaqsız, bir-birimizdən ayrı keçirmişdik. Uşaq vaxtımızın şıltaqlığı nə qədər çox olurdusa, böyüdükcə, yaşlandıqca da bir-birimiz üçün o qədər çox darıxırdıq. 1988-ci ildən sonra ümumilikdə ellərimiz pərən-pərən salındı. Hərəmiz dünyanın bir ucuna düşdük. İllərlə bir-birimizdən xəbər tuta bilmədik. Ömrümüzün ahıl çağlarında -Gığı kənd orta məktəbindən məzunluğumuzun 48-ci ildönümü münasibətilə görüşmək istədik.

Masazırda toplaşdıq. Yoldaşlarımızın hamısını tanıdım. Muxtarı bu illər ərzində heç görməmişdim deyə tanıya bimədim. O, sən Tamxilsən,- deyib məni qucaqladı. Bir-birimizə sarılıb həsrətli illərimizin acısını unutmağa çalışdıq. Acılı-şirinli xatirələrimizi bölüşə-bölüşə bir-birimizdən hal-əhval tutduq. Gözə dəyməyən yaşıdlarımızı bir-birimizdən soruşduq. Sən demə sıralarımız xeyli seyrəlibmiş. Bəzilərinin ölümündən heç xəbərimiz olmayıbmış. Məlum oldu ki, Söhbət Mətiyev, Zahid Kərimov, Əyyub Balakişiyev, İmamverdi Orucov, Adil Azadəliyev, Xavər Həmzəyeva, Zahid Quliyev, Elenora Mahmudova, İslah Mahmudov, Mirim Əsədov, Südabə və Tamella Niftalıyeva əmiqızları dünyadan köçüblər. Əzizlərimizin xatirəsini ehtiramla yad elədikdən sonra ömrümüzün yaddaqalan bir gününü yaşadıq. Yenə 48 il əvvəlki kimi uşaqlaşdıq. Qocaldığımızı unudaraq zarafatla, əyləncələrlə dolu gəncliyimizi yada saldıq. Acılı-şirinli xatirələrimiz çözələndi. Qərara gəldik ki, tez-tez görüşək. Sərvər Azadəliyev əlaqəmizin kəsilməməsi üçün WhatsApp qrupu yaratdı. Hər səhəri xeyir-dua ilə açdı, məzun yoldaşlarımıza xoş arzularını bildirdi. Təəssüf ki, sentyabrın 5-də qrupda o qara xəbəri- Muxtarın ölüm xəbərini paylaşdı. Sərvərin həzin səsi qulaqlarıma şimşək çaxışı kimi gəldi. Axı Muxtar o Muxtar deyildi...
Onun gümrah görkəmi, çevik hərəkəti, yüksək ruhu, həyat eşqi, qurub yaratmaq həvəsi ölüm ehtimalını sıfırlayırdı. Xəbəri ürəyimə yaxın buraxmaq istəmirdim. Amma vaxtsız əcəl öz işini görmüşdü. Bizə qalan yalnız Muxtarlı günlərimizin xatirələri idi. O günlər kino lenti kimi gəlib gözlərimizin önündən keçir...

26 mart 2023 Məzunluğumuzun 48-ci ildönümü
Görüşlərimizin birində qərarlaşdıq ki, növbəti dəfə müəllimlərimizin işığına yığışaq. Elə də oldu. Görüşümüzə gələn Sucəddin müəllim, Mübariz müəllim və Tofiq müəllim şagirdlərinin arasında çox bəxtiyar görünürdülər. Muxtar İsmayılov əvvəlcə bütün sinif yoldaşlarımız adından müəllimlərimizin qarşısında baş əydi. Sonra yaddaşına həkk elədiklərini bölüşdü, müəllimlərimizin xarakterindən də danışdı. Dedi,- Tofiq müəllim xasiyyətcə bir az mülayim idi. Ancaq Sucəddin müəllimin zəhmi bu gün də mənim gözümün qabağındadır:
“Hər adamın həyatda bir idealı olur. Sucəddin Məmmədov mənim idealım idi. Oturuşu, duruşu, bir müəllim kimi şagirdləri qarşısında davranışı, dediyi dərs, tələb elədiyi cavab və s. Bütün bu əlamətlərinə görə müəllimimə oxşamağa çalışırdım.”

28 May 2023-cü il- Müəllimlərimizlə görüşümüz
Muxtarın özünəməxsus xüsusiyyətləri vardı. Fenomenal yaddaşa malik idi. Həm də bizim yaddaşımızı yoxlamağı çox sevirdi. Bu illər ərzində unutduğumuz çox hadisələri yadımıza saldı. Gığı kənd klubunda Üzeyir bəyin “O olmasın, bu olsun” operettasını səhnələşdirməyimizdən tutmuş Sucəddin müəllimin necə qəşəng tar çalmasından Kərəmin zəngulələrinə qədər çox şeydən danışdıq. Ayrılanda dedi ki, eşitmişəm kitabın çıxıb, gələndə mənə də gətir.
Tapışdığımız qısa müddət ərzində Muxtarı daha yaxşı tanıdıq. Onun insani keyfiyyətlərinə, mərdliyinə, mərdanəliyinə, səxavətinə daha yaxından bələd olduq. Onda uşaq sadəliyi, dost səmimiyyəti, dağ vüqarı, əsl insan cəfakeşliyi vardı. İstəməzdi ki, kimsəyə əziyyət versin, amma tanıdığı hər kəsin qulluğunda durmağa can atardı. Yoldaş olduqlarının əlini cibinə salmasına imkan verməzdi.
Bir dəfə Kərəm bizi Çaylıya, öz evinə qonaq çağırmışdı. Demişdi sizə bir quzu bəsləmişəm, nə vaxt istəsəniz gəlin, dadına baxın! Muxtar bizi maşınına götürüb yola çıxdı. Yolüstü böyük bir marketə döndü ki, bir az bazarlıq edək, Kərəmə çox yük düşməsin. Mən onun xasiyyətini yaxşı bildiyim üçün tez ayrılıb meyvə-tərəvəz bölməsindən lazım olanları alıb kassaya yaxınlaşdım. Əlavə olaraq 100 manat da kassir qıza verdim ki, Muxtar gələndə hesabı bağlanmış görsün. Qız tərslik elədi,-dedi malı hesablamamış pul götürməyə ixtiyarımız yoxdur. Beləliklə bizim çək-çevirə qədər Muxtar özünü yetirdi. Əsl həngamə də onda başladı, az qaldıq əlbəyaxaya çıxaq. O məndən qüvvətli idi. Məni sıxışdırıb kassadan uzaqlaşdırdı. Bu hərəkəti xətrimə dəydi. Yol yoldaşlarımız kənarda olduqları üçün nə baş verdiyindən xəbərsiz idilər. Qanım qaralmışdı. Uşaqlar hey soruşurdular, sənə birdən-birə nə oldu. Cavab veriləsi bir şey yox idi.

Çaylı kəndində sinif yoldaşımız Kərəmin qonağıyıq
Sonra Muxtar məni qucaqlayıb öpdü. İncimə,-dedi yaşıd olsaq da, sən bizim ağsaqqalımızsan. Sənin əziyyət çəkməyinə qıymadım,- dedi. Beləcə giley-güzarlı, amma yaddaqalan bir istirahət günü keçirdik. Qayıdanda da gedəndə olduğu kimi, hərəni götürdüyü yerdə düşürmək istədi. Dedim yorğunsan, Bakıya çatdırdın bəsdir. Burdan o yana özümüz gedərik. Güldü, ay qardaş, dedi- özünüz gedəcəkdinizsə, mən bu maşını neynirdim alıb?!
Müəllifi olduğum “Güllə səsinə açılan qapı” kitabımı Muxtara bağışlamışdım. Bir neçə gündən sonra gecənin bir vaxtı zəng elədi. Heç zaman elə vaxtsız zəng eləməzdi. Sən demə kitabı oxuyurmuş, təsirləndiyindən saata baxmadan nömrəmi yığıb. Salam-kəlamsız, hal-əhval tutmadan dedi:
“Qardaş, mən səni kitabından tanıdım. Görünür məktəb illərində, bu aralarda bir-birimizi heç tanımamışıq. Kaşki bu illəri ayrı düşməyəydik! O kitabda özümü tapdım, millətimizin taleyini, alın yazımızı tapdım, nə yaxşı ki səni də tapdım. Bundan sonra tez-tez görüşməliyik. Sənə deyəcəyim, səndən eşidəcəyim çox şey var.”

Kərəmin nəvəsin Hərbi xidmətə yola salırıq
Muxtarın öz dünyası vardı. Zahirən çılğın olsada, zəngin daxili aləm, ruhsal və duyğusal qəlb, təmiz, həm də böyük ürək sahibi idi. Qrupda nəsə paylaşanda axırda, sözünü deyib qutarandan sonra deyərdi: “ Hörmətlə, sizin Qara Oğlan.”
Bizim Qara Oğlan çox həssas idi. Sözdən tez təsirlənirdi. Kiminsə xətrinə dəyəndə də uzun müddət peşmançılığın təsirindən çıxa bilməzdi. Tez-tez dalıb gedərdi. Bilməzdin ki, xəyal onu haralara aparır. Təbiətin, təbii gözəlliyin aşiqi, şeir, sənət dəlisi idi. Dost məclislərində Hafiz Baxışın “Bizim dost itirən vaxtımız deyil” şeirini deməyi çox sevərdi:
Gəlin itirməyək dostları, qardaş!
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il -
Bizim dost itirən vaxtımız deyil!

Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!

29 Oktyabr 2023 Sinif yoldaşımız Fəhyarın evində
Canını istəsə, dosta qurban de,
Dərdinə çarə qıl, ona dərman de.
Dost sənə "çor" desə, sən ona "can" de,
Düşməni dost edir xoş söz, şirin dil-
Bizim dost itirən vaxtımız deyil!

Doğrudan da Muxtar dost bildiyi kəsdən canını belə əsirgəməzdi. Dost itkisindən yaman qorxurdu. Təəssüf ki, biz onu tez itirdik. Çoxlarını itirmişdik, amma Muxtarın yeri bir ayrı idi. Onun aramızdakı yeri həmişə görünəcək, əziz xatirəsi biz yaşadıqca qəlbimizdə yaşayacaq. Muxtarın doğmalarına, dostlarına, Gığı məktəbinin 1975-ci il məzunlarına dərin hüznlə başsağlığı verirəm, səbr diləyirəm!
Muxtarın ruhuna sayğılarla:
Tamxil ZİYƏDDİNOĞLU














Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!