"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 24-06-2023, 11:34
Bitməyən dərs..

Bitməyən dərs...
(...Məzunların müəllimlərlə görüşü)

65 illik ömrümüzün yarıdan çoxunu yurddan aralı, qürbətlərdə odsuz-ocaqsız, bir-birimizdən ayrı keçirdik. Uşaq vaxtı nə qədər çox dalaşırdıqsa, böyüdükcə bir-birimiz üçün o qədər çox darıxdıq. Qarı düşmən bizə burnumuzu göynədən qəriblikdən xilas yolu saxlamadı. 1988-ci ildən sonra ümumilikdə ellərimiz pərən-pərən salındı. Bu dərd yükün şələlənib hərəmiz dünyanın bir ucuna üz tutduq. İllərlə bir-birimizdən xəbər tuta bilmədik. Sən demə sıralarımız yavaş-yavaş seyrəlirmiş. Bəzilərinin heç ölümündən xəbərimiz olmayıb. Ömrümüzün ahıl çağlarında -Gığı kənd orta məktəbindən məzunluğumuzun 48-ci ildönümü münasibətilə görüşmək istədik. Təəssüf ki, bu görüşə əzizlərimizdən Söhbət Mətiyev, Zahid Kərimov, Əyyub Balakişiyev, İmamverdi Orucov, Adil Azadəliyev, Xavər Həmzəyeva, Zahid Quliyev, Elenora Mahmudova, İslah Mahmudov, Mirim Əsədov, Südabə və Tamella Niftalıyeva əmiqızları gələ bilmədilər. Çünki ruhları göylərə çəkilib, xaraba kəndlərimizin viranələrini dolaşırdı. Yeniyetməlik illərimizin yadigarlarından bizə acılı-şirinli xatirələr qaldı:
Əzizim, dərdə sarı,
Dərd çəkər dərdə sarı.
Qürbətdə dərd əlindən,
Sinəm oldu dərd hasarı... (T.Z)


Bu görüş üçün özəl bir gün seçilmişdi- 28 may Azərbaycan Dövlətinin Müstəqilliyi günü. Zəngəzur mahalının Qafan bölgəsindəki Gığı kənd orta məktəbinin 1975-ci il məzunlarının 2023-cü ilə təsadüf edən görüşünün qonaqları da özəl idi. Əslində biz sinif yoldaşlarımızın bir qismi ilə martın 26-da Masazır qəsəbəsindəki “Qədim Naxçıvan” Ailəvi İstirahət Mərkəzində görüşmüşdük. Elə orda da növbəti dəfə müəllimlərimizin işığına yığışmağı qərara almışdıq.
Qəribədir ki, həmişə müəllimlərin sinif otağına geç girməsini arzulayan qoca “məktəbli”lər bu dəfə müəllimlərin gəlişini həsrətlə gözləyirdilər. Kimisi yola baxır, kimisi yaxınlaşan maşının qabağına qaçır, kimisi də bu duyğulu anları kameranın lent yaddaşına alırdı. Sucəddin müəllim məkana hamıdan qabaq gəlmişdi. Ürəyi çox yuxalmışdı. Heç kimdən dərs soruşmadı, heç gecikənləri tənbehləmədi də. Hər kəsi illərlə həsrətini çəkdiyi balası kimi bağrına basdı. Müəllimimiz 48 illik ayrılıqdan sonra bizi öpdü, biz də elə 48 il əvvəlki kimi uşaqlaşdıq...
Beləcə ömrümüzün ən yaddaqalan bir gününü yaşadıq... Yuxarıda adları qeyd olunan mərhum sinif yoldaşlarımızın xatirəsini sayğı duruşu ilə yad elədik. Dünyasını dəyişən müəllimlərimizin ruhları qarşısında, görüşümüzə gələn müəllimlərimizin- Sucəddin Məmmədovun, Mübariz Vəliyevin və Tofiq Hüseynovun şəxsiyyətləri qarşısında baş əydik.
Beləcə görüşün təşkilatçısı Sərvər Azadəliyev hər kəsə xoş gəldin deyib, Sucəddin müəllimdən məclisimizi axara salmağı xahiş etdi.

Sucəddin Məmmədov: Xoş gördük hamınızı! Aradan keçən illər ərzində çox şey dəyişib. Çöldə dayanmışdıq, gələnlərinizin bəzilərini çətinliklə tanıdım. Bunların hamısı deportasiyanın, ayrılığın yaddaşımızda buraxdığı izlərdir. Halbuki tanıya bilmədiyim “uşaq”ların hamısının adları mənim siyahımda var. Dediyim siyahıda ali məktəbə qəbul olan 1803 şagirdimin adı yazılıb. O cümlədən aranızda əyləşənlərin hamısının.
Mən arzu edirəm ki, belə görüşlər davamlı olsun. Çünki belə görüşlərin, ünsiyyətlərin davamlılığı insanlar arasında səmimiyyətin artmasına, mehribançılığın yaranmasına səbəb olur. Sizi görəndə mən 1973, 74, 75-ci illəri xatırladım. O vaxt sinif otaqlarına sığmayan, qanı qaynar yeniyetmələr idiniz. Amma indi hərəniz bir peşə sahibisiniz, bir süfrə arxasındayıq, artıq bəzilərinizlə iş yoldaşı olmuşuq. Yəni müəllim şagird münasibətləri fərqli çalar alıb. O vaxtkı mühit başqaydı, abu-hava isə bambaşqaydı. Bilirsiniz insanlar arasında səmimiyyətin azalması insanlığın yox olması ilə nəticələnir. Səmimiyyət varsa, demək hər şey var...
Bu arada Sucəddin müəllim öz müəllimlərini də xatırladı. Muxtar Baxşəliyevi rəhmətlə andı. Dedi ki, Muxtar Baxşəliyev həm mənim müəllimim olub, həm xeyirxahım olub, həm də ixtisas seçimimə vasitəçi olub. Beləki böyük qızı Nüşabə ailə həyatı quranda cəbr, həndəsə, fizika kitabları ata evində qalmışdı. Muxtar müəllimin mənə verdiyi həmin kitablar ali məktəbə qəbul olmağımda çox köməyimə çatdı. Gəlin fürsətdən istifadə edib aramızdakı tək bacımız, həm də Muxtar müəllimimin yadigarı İradə xanımı dinləyək:

İradə Baxşəliyeva: İnanın ki, bu görüşü çox həsrətlə gözləyirdim. Biz bu yaxınlarda bir WotshApp qrupu yaratmışıq. O qrupdakı sinif yoldaşlarımızın hamısının səsini eşitmək üçün ürəyim əsir. Uşaqlarımdan qabaq sinif yoldaşlarımın səsini dinləyirəm. Sinif yoldaşımız Muxtarın səsinə həmişə azı 3-4 dəfə qulaq asıram. Hər dəfə də gözlərim dolur. Çünki Muxtarın həm adı mənə doğmadır, atamın adını daşıyır, həm də elə danışıq forması mənə atamı xatırladır. Sizinlə hərəmiz bir kənddən gəlirdik, amma Sucəddin müəllimlə eyni kənddənik. Kartof əkini yerlərimiz yan-yana idi. Anası Əsmər xala həmişə kartof yığımı vaxtı bizi yanına çağırıb, böyük ağacın qanadları altında süfrə salardı, qonşuları qonaq edərdi. Bir də bizim çoxlu gilas ağacımız vardı. Atam ağacın birini Bakıda yaşayan əmilərim, birini də şagirdləri Sucəddin müəllim, Mübarək, Feruz, Oktay və Arif üçün ayırmışdı.
İradə xanım qonşuluq münasibətindən tutmuş kənd toylarına, müəllimlərimizin şagirdlərinə göstərdiyi diqqət və qayğıya qədər hamısını xatırladı...

Müəllimimiz Mübariz Vəliyev 28 May Respublika Günü münasibətilə müəllim yoldaşlarını və şagirdlərini təbrik etdi. Ünvanımıza bütün şagirdlərin öz müəllimindən eşitmək istədiyi ən xoş sözləri söylədi. Bizlərlə qürur duyduğunu bildirdi. Hamıya uzun ömür, sağlamlıq arzuladı. Bir də arzu etdi ki, bayrağımız həmişə yüksəklərdə dalğalansın. Onun şagirdləri olaraq dost, yoldaş və vətəndaş kimi bir-birimizin üzünə, gözünə dik baxa bilək.
Uşaq həkimi Ələmşah Əliyev, Şikarı müəllim Nəcəfov, Nəbi müəllim, mühəndis Ramiz Tahirov, Vahid həkim Umudov, Firudin, Kərəm Ağalarov və başqaları ayrı-ayrılıqda müəllimlərimizə olan sevgilərindən danışdılar. Məktəb illərinin xatirələri çözələndi...
Tamxil Ziyəddinoğlu bildirdi ki, insan həyatında 3 yaradılmış var ki, onlara münasibət ömür boyu dəyişmir. Birinci valideyndir ki, övlad onun qabağında 1 yaşında da uşaqdır, 100 yaşında da. İkincisi və daha müqəddəsi müəllimdir ki, şagirdi 7 yaşında da 77-sində də müəlliminin qarşısında şagirddir və hərtətəfli cavabdehdir. Müəllimlərim bağışlasın, ölüncə dəyişməyən üçüncü hiss isə valideynlik hissidir.
Tamxil Ziyəddinoğlu müəllimlərinin onun həyatında, ixtisas seçimində oynadığı rolu ibtidai sinifdən başlamış ali məktəbə qədər təhlil etdi. Müəllim sevgisi ilə fənn sevgisi arasında qırılmaz bağ olduğunu bildirdi. Qeyd etdi ki, ibtidai sinif müəllimim Əlayət Bayramov olub:
Yazmağı mənə Əlayət müəllim öyrətdi. Bizim sinfin bütün şagirdləri, necə oxumasından asılı olmayaraq, gözəl xətlə yazırdı. Çünki müəllimimiz fərq qoymadan hamımıza, özü kimi, yaxşı yazmağı öyrədirdi. İbtidai təhsil vaxtı mərhum Möhbalı Bəndəliyev hesab-riyaziyyat dərsi keçirdi. Bizi yarışdırır daha yaxşı oxumağa həvəsləndirirdi. Riyaziyyatı sevə-sevə öyrənib, yaxşı oxuyurdum. 1970-ci ildə sevimli müəllimim kənddən köçüb getdi. Sanki özü ilə bərabər riyaziyyata olan sevgimi də apardı. Texniki fənlərə marağım azaldı, həvəssiz oxumağa başladım. Kəndimizdə orta məktəb olmadığından 9-10-cu siniflərə Gığı kəndinə getdik. Orda məktəbə yenicə təyinat almış gənc, yaraşıqlı, ciddi görkəmi olan Sucəddin Məmmədovun şövqlə tədris etdiyi Fizika fənnini eyni şövqlə öyrənib, yaxşı hazırlaşırdım. Amma bu dəfə də bəxtim gətirmədi. Aradan üç ay keçmişdi, sevimli müəllimim Sovet Ordusu sıralarında xidmətə getdi. Fizikaya “qonan quşumu”da onun gedişi uçurdu.
Beləcə müəllimlərim dəyişdikcə ovqatım da, dünyaya baxışım da dəyişdi. Orta təhsil illərimin son ruhdaşı ədəbiyyat müəllimimiz mərhum İdris Piriyev bir gün mənə dedi ki, əgər yaxşı oxusan baban Əbdürrəhimin nağılını sənə danışacam...
Rüblük, illik 5 yazdı, amma nağılı danışmadı. İmtahandan 5 alarsan danışaram,-dedi. Beləcə məni ovuda-ovuda jurnalist elədi. Fəqət 1937-ci illərin repressiya qurbanı babamın nağılını danışmağa ömrü vəfa etmədi...

...O illər bambaşqaydı. 15, 16, 17 yaşlar arası. Yeniyetməlikdən gəncliyə keçid dövrü, ömrün ən qaynar çağı. Qonşu kəndlərdən qəşəng qızlar, çılğın-çılğın yaraşıqlı oğlanlar bir mərkəzə- Gığı kənd orta məktəbinə axışırdı. Bəzən od çıxan, şimşək çaxan baxışlardan ürəklərə eşq atəşi düşürdü. Kimisi səadətini burda tapırdı, kimisi bir ömür daşıyacağı könül yarası alırdı, kimisinnin də qismətinə sevdasını ürəyinə gömmək düşürdü. Beləcə hərə öz taleyinə düşəni götürüb ömür yoluna davam edirdi.
Budur, 48 ildən sonra yollarımız yenə kəsişib. Amma hərənin bir umudla gəldiyi bu yollar o yollar deyil. Nə Çayarasında haçalanan dağ yolları var, nə Həçətinin sıldırım qayaları, nə də Gülxacın köhlənyoran yoxuşları. Nə Pəyhanda işıq yanır, nə Pürülüdə tüstü çıxır, nə də Qazangöldə kef məclisi, çal-çağır var. Bu dəfə hərə öz öləzimiş arzularının qanadıyla yurd həsrətini körükləyir...
Xatirələrini bölüşən Xürrəm Bədəlov 28 may günü Türkiyədə prezident seçkilərinin ikinci turunun keçirildiyini xatırladaraq, Türk Dünyasının lideri Rəcəb Tayyib Ərdoğana müqəddəs Turan yolçuluğunda uğur dilədi. Bəlkə bu yol bizim də kəndlərimizdən keçər deyə,- öz şeirini oxudu:
Allah mənə qanad verə,
Göydə uçan quş olaydım.
Uçub gedib o yerlərə,
Bir anlığa tuş olaydım.

Getmə, dayan, a boz duman,
Dağlar yada düşüb yaman.
Əgər keçsəniz Qafandan,
Mən də sizə qoşulaydım.

Gəzəydim o dağ dərəni,
Görəydim bəndi, bərəni.
Toplayanda göy tərəni,
Toz torpağa bulaşaydım...


Muxtar İsmayılov əvvəlcə bütün sinuf yoldaşlarımız adından müəllimlərimizin qarşısında baş əydi. Sonra yaddaşına həkk elədiklərini bölüşdü, hətta bir az da irəli gedib müəllimlərimizi xarakterizə elədi. Dedi,- Tofiq müəllim xasiyyətcə bir az mülayim idi. Ancaq Sucəddin müəllim, sizin zəhminiz bu gün də mənim gözümün qabağındadır. Bizim heç birimiz sinifdə hansısa qeyri-normal hərəkət edə bilməzdik. Hər adamın həyatda bir idealı olur. Mənim idealım sizsiniz. Oturuşunuz, duruşunuz, bir müəllim kimi, şagirdləriniz qarşısında davranışınız, dediyiniz dərs, tələb elədiyiniz cavab və s. Gığı kənd klubunda Üzeyir bəyin “O olmasın, bu olsun” operettasını səhnələşdirmişdiniz. Tarda ifa edirdiniz, Kərəm də qəşəng zəngulə vururdu.
Muxtar o vaxtlar müəllimlərindən soruşa bilmədiklərini fürsət tapmışkən burda soruşdu. Amma deyim ki, soruşduqlarının fizikaya heç bir dəxli yox idi. Yəqinki elə o vaxtlarda bu emosianal gəncin fikri dərsdə yox, dağda-daşda, bir gözü müəllimlərdə, biri pəncərədən keçənlərdə, qulağı zəng səsində olub...
Görüşə yekun vuran Tofiq müəllim erməni faşizminin xalqımıza, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə vurduğu yaralardan, onların xisləti ucbatından sevimli şagirdlərindən ayrı düşməsindən təəssüflə söhbət açdı. Sucəddin müəllimlə deportasiyadan sonra da eyni kollektivdə çalışmasından danışdı...

...Arada yenə uşaq zarafatları, bir-birinə söz atmalar başladı. Müəllimlərimizin gözündən iraq düşən kimi qoca “uşaqlar” bir-birinin paxırın açdı. Bilmədiyimiz, unutduğumuz o qədər hadisələr yada düşdü ki, o illərə, o günlərə, elə o yerlərə qayıtmaq istədik.
Görüş təəssüratlarımı, 2004-cü ildə yazdığım və ilk dəfə sonradan quda olan sinif yoldaşlarım Əlisahiblə Tərgül xanımın övladlarının toyunda səsləndirdiyim “Özüm gələcəyəm, Qafanım mənim!” şeirilə yekunlaşdırıram:

Qafanım mənim!

Dözə bilməm sən yağıda qalınca,
Gözlə, ordum döyüş əmri alınca.
Azərbaycan əsgərinin dalınca,
Özüm gələcəyəm, Qafanım mənim!

İlanbaşlı yağıları əzməyə,
Əsir düşmüş oymaqları gəzməyə,
Lalələri, nərgizləri üzməyə,
Özüm gələcəyəm, Qafanım mənim!

Köç gözləyir bir gün geri dönməyə,
Gədiklərdən bulaq üstə enməyə,
Yorğa köhlənləri yenə minməyə,
Özüm gələcəyəm, Qafanım mənim!

Laçında düşmənin kəfənin biçib,
Mehridə atlanıb, Gorusdan keçib,
Orda qan içənin qanından içib,
Özüm gələcəyəm, Qafanım mənim!

Əl uzatdı qol boynuna salmağa,
Dədəm dözəmmədi sənsiz qalmağa,
Oğul böyüdürəm qisas almağa,
Özüm gələcəyəm, Qafanım mənim!

Çevirib düşmənin taxtı-tacını,
Siləcəm köksündən ağrı-acını,
Ziyarət etməyə Acıbacını.
Özüm gələcəyəm, Qafanım mənim!

Tamxil deyər, ormanlara baxmağa,
Qartal kimi qayalara çıxmağa,
Al bayrağı başın üstə taxmağa,
Özüm gələcəyəm, Qafanım mənim!


Tamxil ZİYƏDDİNOĞLU
Gığı məktəbinin 1975-ci il məzunu

"Bütöv Azərbaycan" qəzeti
23 iyun 2023


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!