Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 23-11-2024, 09:30
AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25


AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25

TƏBRİK EDİRİK, UĞURLARINIZ DAVAMLI OLSUN ...

1999-cu ilin oktyabr ayında yaradılan Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi təkcə nur timsallı bu şəhərdə deyil, ətraf bölgələrdə də yaşayan yazarların üz tutduqları ədəbi mərkəzdir. Bölmənin xəttiylə həyata keçirilən yubiley və poeziya gecələri, kitab təqdimatı mərasimləri, oxucularla görüşlər klassik və çağdaş Azərbaycan ədəbiyyatının təbliği və bölgədə yaşayan yazarların tanınması baxımdan mühüm əhəmiyyət kəsb edir.
Mingəçevir ictimaiyyətinin, ədəbiyyat sevərlərin və yerli yazarların AYB Mingəçevir bölməsinin 25 yaşını qeyd etməyə hazırlaşdıqları bir ərəfədə bölmədə təmsil olunan söz adamlarının əsərlərini oxuculara təqdim edir, onlara uğurlar arzulayırıq. Dostlar, uğurlaınız davamlı, yolunuz açıq olsun!


İSMAYIL MƏRCANLI (İMANZADƏ)

YAXŞI Kİ...

Məni əldən salıb hərdən qüssə-qəm,
Tapdayıb keçdiyim nalədi-ahdı.
Başıma gəlibdi... yaxşı bilirəm,
Haqsızlıq ən böyük suçdu-günahdı.

Tamahı qılıncdan iti kəslərin,
Sonuncu qisməti boş bir təsəlli.
Tozanaq qoparan bəhsə-bəhslərin
Elə əzəli də, sonu da bəlli...

Bədxahlıq birinin qarnında sancı,
Aqillər bilir ki bu necə işdi.
Yaltağın, məddahın müftə “qazancı”
Qarğışdı, lənətdi, yağlı söyüşdü.

Məzlum ayaq altda qalsa əzilir,
Artır gündən-günə qana hərislər.
Yaxşı adamlara qənim kəsilir,
Hoppanıb qabağa keçəndə pislər.

Gör, indi insanlıq hansı gündədir,
Yamanlıq dünyanın artan mərəzi.
Yaxşı ki Tanrının əllərindədir,
Sonuncu haqq-hesab, mizan-tərəzi...
06.10.2024


NAMİQ ZAMAN
NECƏ SEVMƏYİM

Gözüm gözlərinin əsiri olub,
Baxışım üzündə ilişib-qalıb.
Varlığın gözümdən qəlbimə dolub.
De, necə sevməyim axı mən səni?!

Gözümü qınama, gözüm neyləsin,
Vəsfinə söz çatmaz,-sözüm neyləsin?
Sevdalı könülə dözüm neyləsin -
De, necə sevməyim axı, mən səni?!

Sinəmdə çağlayan selə dönmüsən,
Ruhumu oxşayan telə dönmüsən.
Elə bil mələksən, göydən enmisən -
De, necə sevməyim axı, mən səni?!

Bir ömür sevinci-qəmi bölüşsən,
Kim səni sevməz ki, bəxtinə düşsən?!
Bədrlənmiş Aysan, doğan Günəşsən -
De, necə sevməyim axı mən səni?!

Baxsa cəmalına, budur gerçəyi,
Utanar dünyanın gözəl-göyçəyi.
Ay payız ömrümün bahar çiçəyi -
De, necə sevməyim axı mən səni?!


ELÇİN MƏHƏRRƏM

TAKSİ

Dünən qazandığım son quruşumu
qoydum, solğun üzlü
taksi sürücüsünün
suluq tutmuş ovucuna.
Apar məni, taksi!
Çatdır məni
kəpənək qanadındakı
sakit dünənlərə,
xoşbəxt dünənlərə,
məktublarım var ölənlərə...

* *
Paslı mis qab
İçimdə bir sıxıntı,
içimdə bir boşluq var.
Daşla, qumla,
xəzəllə doldurun o boşluğu.
Bacarsanız
bir quruş da xoşbəxtlik tullayın
bu səfil dilənçinin
ÖMÜR adlandırdığı
PASLI mis qabına...



MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU
MƏNİ
Ötəri bir həvəs bilmə eşqimi,
Bənzətmə vədəsiz qonağa məni.
Sənin işıq saçan qara gözlərin
Bağlayıb o qaymaq dodağa məni.

Bənövşə qoxuyur bəyaz buxağın,
Lalə qönçəsidi bəlkə yanağın?
Şərbət çeşməsidi dilin-dodağın,
Tamarzı qoymusan bulağa məni.

Nəfəsindən gəlir cənnət havası,
Yıxdı Məhyəddini eşqin havası.
Ay bizim yerlərin nazlı sonası,
Axır ki, gətirdin qınağa məni.


BƏHMAN GÜLÖVŞƏLİ
GƏL

Nə vaxtdır gözlərim yollarda qalıb,
Qəm-qüssə qəlbimi ta əldən salıb.
Başımın üstünü duman-çən alıb,
Bir gün həsrətindən solasıyam, gəl.

Səni axşam-səhər axtarır gözüm,
Sinəmdə sızlayan dərd düzüm-düzüm.
İndi nə gecəm var, nə də gündüzüm,
Əl atıb saçımı yolasıyam, gəl.

Bağçamda bir ağac bitirməmisən,
Dar gündə özünü yetirməmisən.
Nəvəmi görüşə gətirməmisən,
Buludtək boşalıb dolasıyam, gəl.

Övlad dönüklüyü yamanmış, yaman
Dizimdə taqət yox, üzülübdü can.
Hələ ölüm mənə versə də aman,
Sənsiz gözü yaşlı qalasıyam, gəl.

Məndən başqa hər kəs gecələr yatır,
Xəbərim yox, günəş çıxır, ya batır…
Bilsəm dərd əlimdən yapışıb dartır,
Əcəl sorağında olasıyam, gəl.

ƏHMƏD ƏFSUN
DEYİN
Əhli-hal olanlar, ərzi-halım var,
Ərzimi car çəkin, birbaşa deyin.
Dağlara deməyin, dağlar dağılar,
Gəlsə rastınıza sal daşa deyin.

Buludlar götürmür daha tüstümü,
Aman Allah, göylər məndən küsdümü?
Qayğılar hər yandan alıb üstünü,
Üzübdü canını qarğaşa, deyin.

Gördüm bu dünyanın çoxun-azın da,
Çoxları yaşadı qurdun ağzında.
Bir aşiq qırx arşın quyu ağzında,
Qalıbdi sallaşa-sallaşa,-deyin.

Əfsun yada salmır odu(r) yar məni,
Dinsəm dirigözlü odduyar məni.
Bircə o anlayar, o duyar məni,
Mənim dərdlərimi Saldaşa deyin.

MAHİR MUSA
MİNGƏÇEVİR

İsti odum-ocağım,
Doğma elimsən mənim.
Ətirli gül-çiçəyim,
Şirin dilimsən mənim.

Neçə kəndlər, şəhərlər
Üz tutubdur nuruna.
Hamı heyran qalıbdır
Tükənməz qüruruna.

Günəş kimi nurlusan,
Dillərdə gəzir adın.
Halallıqdan söz açır
Sənin gücün-inadın.

Fəxrimsən, vüqarımsan
Mənim doğma şəhərim.
Hüsnünə heyran olur,
Hər gecəm, hər səhərim.

Bir möhtəşəm qalasan
Bozdağın ağuşunda.
Göz oxşayır həmişə,
Baharın da, qışın da.

MƏMMƏD MƏRZİLİ
QƏRİBƏM
Perik düşdüm öz elimdən, obamdan
Necə dözsün bu sitəmə axı can?
Qarabağsız sızlayıram mən hər an -
Heç bilmirəm necə deyim qəribəm?

Dərd yükü var çiynimdəki şələdə,
Tamarzıyam çiçəyə də, gülə də.
Əlim çatmır uzaqlara, hələ də -
Qan ağlayır yerim-göyüm, qəribəm.

Girovuyam fitnələrin-fellərin,
Tuşmu gəldim qarğışına dillərin?
Hesabını ititmişəm illərin -
Dərd sinəmdə düyüm-düyüm, qəribəm.

Gündə yüz yol dirilirəm, ölürəm
Göz yaşımı nisgilimlə silirəm.
Kimsə məni qınayacaq bilirəm,
Öz-özümü necə öyüm, qəribəm.

FƏXRƏDDİN ƏZİZ
OLASAN
Bağda gül ol, düzdə lala,
Gözəllikdə izin qala.
Yazdan soraq ala-ala,
Budaqda yarpaq olasan.

Neyləyirsən adı-sanı,
Alasan yar qadasını.
Qəfil döyüb qapısını,
Bir şirin soraq olasan.

Çarxı dönsə göyün-yerin,
Boşa çıxacaq əllərin.
Qeybə çıxa dərdin-sərin,
Sevincə ortaq olasan.

Yurda sahib çıxa ərən,
El düşməyə pərən-pərən.
Gül ətrindən soraq verən
Bir ovuc torpaq olasan.


ELŞƏN ƏZİM
AĞLA, MƏNİM ÜÇÜN...

Ağla, mənim üçün ağlayan adam,
Ağla, göz yaşların quruyanadək.
Yaşın qurudumu, quru səhrasan,
Yanağın gül açmaz, dodağın çiçək.

Ağlama, mənimçün ağlayan qadın,
Mənə yüz ox dəydi, mən ağlamadım.
Ömrüm peşkəşidir oğlun, övladın,
Mən bircə özümə gün ağlamadım.

Məni ağlamağa hər ağıçının
Sözü də yetişməz, dili də çatmaz,
Məni ağlamağa bizim dağların,
Siləli, qıjovlu seli də çatmaz.

Gözünü bu qədər isti eləmə,
Sudur, dondurmağa qış saxla bir az.
Gözünün yaşını sıxma hər qəmə,
Qəbrimin üstünə yaş saxla bir az.
Ağlama, mənimçün ağlayan qadın,
Ağla, mənim üçün ağlayan qadın.

MEHMAN RƏSULOV
AĞLAYIR
(20 yanvar şəhidlərinin xatirəsinə)

Vətənin dərdi böyük, gözləri al-qan ağlayır,
Mərd oğullar itirimiş analar hər an ağlayır.

Azadlıq yolundadır tökülən gunahsız qanlar,
Haqq səsi boğulursa, bu zülmə cahan ağlayır.

Baş əymədiniz zülmə, ey azadlıq yolçuları,
Bu mərdliyi anlayan, vicdanlı insan ağlayır.

Xalqıma qəsd edildi, yurdumu kor qoymaq üçün,
Ən böyük itgidir bu, sirri anlayan ağlayır.

Göz yaşı içindədir gecə-gündüz ana Vətən,
İgidlər nakam getdi, dərdə tar-kaman ağlayır.

Tənhalıq yaman dərddi, taleyin acı hökmüdür,
Bu ağır gündə Vətən görmədi həyan, ağlayır.

Xalqının haqq işinə əzəl gündən inansa da,
Ömründə sızlamağı görməyən Mehman ağlayır.

ELDƏNİZ CƏFƏROĞLU
ŞÜKR ELƏ
(Şərəfsizliyinə şükr edənlərə)

Bir olan Allah kimə nə bəxş edir,
Yaxşı bilir bəndəsi qul bəndədir.
Ömrünü zülmət gecəyə döndərir,
Sən bu qaranlıq gecəyə şükr elə.
Dörd tərəfin yar-yaraşıq, gül çiçək,
Pəncərədən bax küçəyə şükr elə.

Dərdi azar alsa əgər hər yanı,
Yoxdu pulun, pul yerinə ver canı,
Çox bahasa dərdlərinin dərmanı,
Burda sağalmaz yarana şükr elə,
Baş götürüb get İrana şükr elə.

Tez qızışıb, düz danışıb, düz demə,
Gəlsə əgər, Əzrailə söz demə,
Ver canını, heç sabahı gözləmə.
Əzrailin gəlməyinə şükr elə,

Lap dədənin ölməyinə şükr elə.
Dünyanı versən də yenə az deyən,
Eh, azad Avropadan olmaz deyən,
Beş kişidən sonra mənəm qız deyən,
Arvadının ismətinə şükr elə,
Hər nə düşüb qismətinə şükr elə.


NİCAT HUNALP
BİR AĞRI VAR ÜRƏYİMİN İÇİNDƏ
Məlhəmi yox, davası yox, həbi yox,
Bir ağrı var ürəyimin içində.
Könlümündə şeir yazmaq təbi yox,
Bir ağrı var ürəyimin içində.

Tanrı bilməz, Tanrı duymaz yerdəyəm,
Ruhum dalğın meyə uymaz yerdəyəm,
Tanrı məni göyə qoymaz, yerdəyəm,
Bir ağrı var ürəyimin içində.

Mən gecikdim yenə vallah bu köçə,
Doğma gəlmir daha bu yol, bu küçə,
Ağrılarla yaşayıram iç-içə,
Bir ağrı var ürəyimin içində.

Mən nə hayda, bu dünya nə haydadı,
Ömür-günüm gah yasda, gah toydadı,
Mən çəkdiyim həsrət Araz boydadı,
Bir ağrı var ürəyimin içində.

Saçlarıma daraq küsüb daramaz,
Məni daha bir dost-tanış aramaz,
Dinc qoymurki rahat qalam yaramaz,
Bir ağrı var ürəyimin içində.

AĞABALA SALAHLI
BƏNÖVŞƏ
Nə müddətdi həsrətini çəkirik,
Niyə görünmürsən gözə, bənövşə?
Səni görmək üçün çıxdıq çöllərə,
İzimiz qarışdı izə, bənövşə.

Bəd kəlməni ürəyində bitirmə,
Etibarı, sədaqəti itirmə.
Namərdlərin sözlərini götürmə,
Sığın bu torpağa, bizə bənövşə.

Mən necə ayrılım səntək gözəldən,
Hər ləçəyin bir bayraqdır əzəldən.
Gəlir xoş sorağın şeir-qəzəldən,
Vətən torpağını bəzə, bənövşə...


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!