Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 10-02-2024, 13:56
Zaməddin kişinin bəxtəvərliyi


Akif Cabbarlı


Zaməddin kişinin bəxtəvərliyi
(hekayə)

Qızmar avqust günəşi dağların arxasında çoxdan gizlənsə də uzun və darıxdırıcı, biz yaşda olan məktəb uşaqları üçün olduqca üzücü və mənasız keçən tətil günlərindən birini kəndin aşağısından keçən enli, dərin və gur sulu arxın kənarında, sıx söyüdlüyün arasında keçirmək istəyimizə sinfimizin əksər oğlanları birağızdan “hə” demişdilər. Anamızdan xəlvət özümüzə ütülü olmasa da təmiz alt paltarları da götürmüşdük ki, çiməndən sonra əynimizə keçirək. Çünki nəm paltarda evə qayıtmağın “ləzzəti”ni atamızın şapalağı, anamızın danlağı nümunəsində çox görmüşdük.
Arxın dupduru sularına baş vurduq, əgər buna üzmək deyirlərsə xeyli aşağı- yuxarı çapaladıq və söyüdlüyün sərinliyində ağzı göyə uzanıb sinfimizin qızlarından, məktəbin həyətində bizi vecinə almadan gəzişən cavan müəllimlərdən, məktəbə təyinatla təzə gələn forslu müəllimələrdən xeyli danışdıq, orta məktəbi qurtarandan sonra hara gedəcəyimizdən, hansı peşənin yiyəsi olacağımızdan dəm vurduq, böyüklərdən eşitdiyimiz lətifələri qolun – qabırğasını sındırıb xeyli məzələndik də. Söhbətimzin şirin yerində söyüdlüyə tərəf gələn iki nəfərin siluetini apaydın görüb, bu barədə sinfimizin “ağsaqqalı” Namizədin qulağına pıçıldayanda yekəpər dostum sakit olmağımı, dilimi dinc qoymağımı tapşırdı.
- Mirhəsən, səsini çıxarma, başını vurub qarpız kimi tən yarı bölərəm – dedi.
Nə deyə bilərdim, iki il dalbadal sinifdə qalan, ayı pəncəli, nataraz görkəmli Namizədin sözündən çıxmalı deyildim ki... Bir az keçdi, o iki nəfər yanımızdan sanki bizi görməmiş kimi, saymazyana keçdilər və biz onları qaranlıq düşməsinə baxmayaraq olduqları kimi tanıdıq; - Məktəbimizin təsərrüfat işlərinə baxan Zaməddin kişi ilə məktəbin xadiməsi tot Polya- Polina xala paltarlarını çıxara – çıxara söyüdlüyün lap sıx olan tərəfinə keçdilər. Sonra timsah balası kimi şappıltı ilə arxın dupduru sularına atıldılar. Maraq bizi götürmüşdü. Turgenevin “Mumu” hekayəsindəki Çerasimə bənzəyən, kələ - kötür sifətli, gödərək boylu Zaməddinlə maya kimi ağappaq sifətli, ucaboy Polina xala ilan kimi bir-birinə elə sarılmışdılar ki, sanki bir daha ayrılmayacaqdılar. Sonra ayrıldılar və suyu ovuclayıb bir – birinin üzünə, sinəsinə çırpdılar. Lap körpə uşaqlar kimi sevinir, çığırır, gülüşürdülər. Səkkizinci sinifdə oxuyan uşaqlar təbii ki, belə mənzərəni heç yuxuda da görəmməzdi. Uzaqbaşı televiziyada, ya da ki, həftədə bir dəfə kənd klubunda göstərilən hind filmlərində görə bilərdik belə mənzərəni.
Polya xala Zaməddinin başını lap balası kimi sığallayır, arabir də daz başından öpürdü. Sonra da uzun burnundan yapışıb astadan pıçıldayırdı – “Moy milıy, tı xoroşiy, tı moy Rasputin”
Bəzi sözləri kart – kurt başa düşsək də Rasputin məsələsi bizə illər sonrası, Bakıda ali məktəbdə oxuduğumuz dövrdə agah oldu. Təbii ki, Zaməddin kişinin əslində savab işləkləri çar İkinci Nikolayın sarayında sözün əsl mənasında “at oynadan” Qriqori Yefimoviç Rasputinin “nümunəvi” əməllərinin yanında toya getməlidir.
Nə isə. Səsimizi içimizə salmış, Zaməddinlə Polya xalanın çıxardığı oyunlardan, pəstahlardan sanki qıc olmuşduq. Namizəd şəhadət barmağını dodaqlarının üstündən götürmürdü ki, nə isə danışaq, heyrətimizi qırıq – qırıq da olsa sözlə ifadə edək. Çimdilər, sonra da lüt – üryan sudan çıxıb üzüquylu çəmənliyə sərildilər. Aydın səmadan gülümsəyən ay bu cütlüyə sarı sanki bir rahatlıq duyğusu səpələyirdi. Daha “birinci seriya” bitmişdi və kino – mexanik lenti dəyişənə qədər gözləyə bilməzdik. Namizədin işarəsi ilə sürünə-sürünə mövqelərimizi tərk edəsi olduq. Heç tələsdiyimizdən alt paltarımızı dəyişməyə macal da tapmamışdıq deyəsən...
Namizəd yolda bizə bərk – bərk tapşırdı ki, bu barədə kimsə danışsa dəqiq bilsin ki, dili kəsiləcək. Onun sözü bizim üçün qanun idi və təbii ki, gördüklərimiz barədə evdə də, məktəbdə də bircə kəlmə olsun danışmadıq. Onlarla rastlaşanda çalışıb yanlarında çox qalmırdıq ki, birdən nə isə hiss edərlər. O illərdə kəndimizə hələ qaz çəkilməmişdi və siniflərimiz də, elə məktəb direktoru Əziz müəllimin əsgərlik dostunun dul qalmış və bizim kəndə sığınmış Polina İvanovnanın məktəbin həyətində yaşadığı təkotaqlı mənzil də Zaməddinin doğradığı odunla, yardığı yarmaçalarla qızırdı. Polina xalanın ocağında bişən yeməklərin ətiri az qala bütün kəndi bürüyürdü.
Yaz-yay aylarında da Zaməddin Polina xalaya bütün işlərində kömək edirdi. Pal – paltar yumaqdan tutmuş, təndirə çörək yapmağa qədər – hər işdə Zaməddin bu rus qadına yardımçı olurdu. Zaməddin də bizim kəndə hansısa dəmiryol stansiyasından gəlib çıxmışdı. Yetim oğlanı kənd mollasının qarımış qızı ilə evləndirirlər və heç bir il çəkmir ki, Zaməddin övladı olmayan arvadını torpağa tapşırır və tənha qalır. Məktəbimizin direktoru, ürəyiyumşaq və səxavətli, həm də çox əzmkar və prinsipial kişi olan Əziz müəllim Zaməddinin qayğısına qalır, isə götürür, çörək yiyəsi edir. Zaməddin də məktəbin bütün işlərini elə vaxtında, səliqə ilə görür ki, sanki məktəbdə bütöv bir briqada işləyir.
Nə isə, mətləbdən çox uzaq düşməyək. Sentyabr gəldi, dərslər başladı. Avqustda, söyüdlükdə gördüyümüz, amma heç harada danışa bilmədiyimiz mənzərənin təəssüratı altında biz səkkizincilər də məktəbə yığışdıq. Heç beş – on gün keçməmişdi ki, böyük tənəffüsdə hamımızı məktəbin geniş idman meydançasına yığdılar. Direktorumuz da gəldi və toplaşanlar qarşısında qısa, amma çox mənalı bir çıxış elədi.
-Əziz müəllimlər və şagirdlər, Sizə böyük məmnuniyyət hissi ilə bildirirəm ki, bu gün mənim əsgərlik dostum, rəhmətlik İqor Sergeyeviçin həyat yoldaşı, bizim bacımız Polina İvanovnanın əlli beş yaşı tamam olur. Mən onu hamınızın adından təbrik edir, cansağlığı arzulayıram. İndi də sözü onu qardaş kimi sevən, əzizləyən və qulluğunda duran, uzun illər bir yerdə bacı-qardaş kimi ömür sürən Zaməddin kişiyə verirəm. Zaməddin danışdı, özü də gözü yaşarmış halda, çənəsi əsə - əsə özünü saxlaya bilmədi, Polya xalaya yaxınlaşıb bərk- bərk qucaqladı və ağladı. Ədəbiyyat müəllimləri Sabir müəllim və Ədil müəllim, fransız dili müəllimi Rəsul müəllim, rus dili müəllimi Ağabala müəllim çox təsirli, ürək sızladan, həm də qəlb sevindirən çıxışlar elədilər. Bunu Polina xalanın ağappaq dəsmalı ilə tez – tez göz yaşını qurulamağından bilirdik.
Sonra direktorumuz rus dilində də təbrik çıxışı elədi və yığıncağın rəsmi hissəsi başa çatdı.
İllər keçdi, hərəmiz bir yerə dağılışdıq. Alı məktəbə girənimiz də oldu, kolxozda mexanizator, zavodda fəhlə işləyənimiz də. Sonralar yaxın adamların birindən eşitdim ki, Polya xala köçüb, Krasnodara gedib, onun qaldığı evdə də paytaxtdan gələn bir rus dili müəlliməsi yaşayır. Adı Rənadır, subaydır, artıq yaşlaşsa da hələ canı sulu olan Zaməddin kişidən başqa üz tutası, sığınası kimsəsi yoxdur bu fani dünyada...
Neçə onilliklər əvvəl şahidi olduğum əhvalat müxtəlif yozumlarda kənddə hələ də danışılmaqdadır. Özünə damar üyütmüş oğlanlar, hətta saqqalı çallaşmış kişilər Çerasimə oxşayan təsərrüfat müdirindən söhbət düşəndə bu cümləni də dillərinə gətirməyi unutmurlar; “Zaməddin kişinin sağ əli bizim də başımıza”.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!