TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 21-07-2014, 18:05

Mənalı və şərəfli ömür yolu

 

Elşad Qoca: Mənalı və şərəfli ömür yolu keçmişəm

 

Qonağımız yazıçı-jurnalist Elşad Qocadır. Ömrünün 55-ci baharına qədəm qoyan qələm dostumuzla yubiley ərəfəsində xeyli dərdləşdik. Maraqlı həyat yolu var həmsöhbətimin. Olub keçənləri birlikdə xatırladıq.

- Elşad müəllim, Sizin dostlar arasında daim xatırlanan məşhur bir fikriniz var, dünyanın ən gözəl şəhəri Bakı, ən gözəl kəndi isə Körpülüdür. Bəlkə, söhbəti-mizə burdan başlayaq?

- Yenə bu fikirdəyəm, mən özümü Bakıdan ayrı təsəvvür edə bilmirəm. Zarafat deyil, otuz yeddi ildir dünyanın ən gözəl şəhərində yaşayıram. Qədim türk tayfasının adını özündə yaşadan Yuxarı Körpülü isə sözün əsl mənasında dünyanın ən gözəl kəndidir. Onu görənlər həmişə mənim fikrimi təsdiqləyiblər. Heyf, onu qoruya bilmədik, düz iyirmi altı ildir Körpülüdən ayrı yaşamağa məcbur olmuşuq. Ümumiyyətlə, kəndimiz maraqlı bir coğrafi məkanda yerləşir. Bir tərəfdən sıx me-şələr, digər tərəfdən isə çılpaq dağlar onu əhatəyə alıb. Kəmənd qaya, Qızıl qaya, Şiştəpə, Yekə Yal, Böyük Kol, Tənbəkər və s. yerlər üçün burnumun ucu göynəyir. Saysız-hesabsız irmaqların, bulaqların şırıltısı hələ də qulaqlarımdan getməyib. Dünyanın ən gözəl şaftalı və badam sortları olan bağlarımızın ucu-bucağı görsən-mirdi. Yeri gəlmışkən, bir sirr açım, şaftalı körpülülərin simvoludur. Özü də bizdə şaftalıya “şoytəli” deyirlər. Körpülü əhlinin şaftalıya ayrı münasibəti var. Mən bax, belə bir kənddə, 2 may 1959-cu ildə müəllim ailəsində anadan olmuşam. İndi haqq dünyasında olan atam Qoca İsayev, anam Məleykə xanım və bacım Məhəbbət xanım da uzun illər bu məktəbdə dərs deyiblər. Qardaşlarım Binnət və Zahid də müəllim peşəsini seçdilər. Qardaşlarımın ikisi də elmlər namizədi idi, hər ikisi də ali məktəbdə dərs deyirdi. Bizim ailədə məndən başqa hamı bu müqəddəs peşə ilə məşğul olurdular. Ancaq mən ürəyimlə bacarmadım.

Ümumiyyətlə, mənim təhsil aldığım Yuxarı Körpülü kənd orta məktəbi çox güclü müəllim heyətinə malik idi. Özü də kəndimiz üç respublikanın sərhədində yerləşdiyindən hər tərəfdən buraya təhsil dalınca gəlirdilər. İndi Rusiyanın Mosk-va, Sankt Peterburq, Barnaul şəhərlərində, eləcə də Bakıda, Gəncədə onlarla elm,

mədəniyyət adamları Körpülü kənd məktəbinin yetirmələridir. 1966-cı ildə birinci sinfə qəbul olunmuşam. Bu günki kimi yadımdadır, anam səhər tezdən məni qaldı-rıb səliqə ilə geyindirdi. Çantamı götürüb məktəbə getdik. Təcrübəli və tələbkar Fatma müəllimənin sinfinə düşmüşdüm. Uşaqlıq dostlarım Tofiq, Məsim, Kazım, Məqsəd və başqaları ilə birlikdə məktəb proqramını mənimsəməyə çalışırdıq. Həm yaxşı oxuyurdum, həm də məktəbin ictimai həyatında yaxından iştirak edirdim. Hətta məktəbin komsomol təşkilatının katibi seçilmişdim. Dram dərnəyinin fəal üzvü idim. Eyni zamanda, məktəbdə keçirilən tədbirlərlə əlaqədar “Pioner” (indiki “Günəş”) jurnalına, “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” və “Sovet Ermə-nistanı” qəzetlərinə ara-sıra xəbərlər göndərirdim. O dövr başqa cür idi, hər hansı qəzetdə balaca bir xəbərin çap olunan kimi ayrı-ayrı kənd və rayonlardan onlarla məktublar gəlirdi. Hər yeni məqalədən sonra gələn məktubların ardı-arası kəsilmir-di.

- Görünür, elə o vaxtdan jurnalist ixtısasını seçmisiniz.

- Vallah heç özümdə bilmirəm necə oldu, bir də ayıldım ki, artıq bu sahənin içindəyəm. Valideynlərim seçdiyim yolu bəyəndilər. Yalnız böyük qardaşım, Gən-cədə, indiki Aqrar universitetin dosenti olmuş rəhmətlik Binnət müəllim ayrı bir fikir söylədi. Dedi ay lələ, özün bilərsən, yazmaq həvəsin varsa, yenə yaz. Ancaq çalışıb yazı-pozudan əlavə ayrı bir sahəni də öyrənsən daha yaxşı olar. Məsələn, ərəb, ya fars, ingilis, fransız, alman və s. dillərdən birini yaxşı öyrənsən, həm də tərcüməçilik edərsən. Axırda mənimlə razılaşdı və uğurlu yol arzuladı.

- Öz aramızdır, qardaşınızın fikri də maraqlı olub.

- Düz deyirsən, jurnalist ixtisasını seçsəm də qardaşımın sözləri daim yadda-şımda qaldı. Bəlkə də bu gün seçim qarşısında qalsaydım, Binnət müəllim deyən kimi olardı. Birdəki qismət, görünür hər kəs öz taleyini yaşayır. Peşman deyiləm. Orta məktəbi əla qiymətlərlə bitirdim. İndiki Bakı Dövlət Universitetinin jurnalis-tika fakültəsində təhsil aldım. Tələbəliyimi ömrümün ən mənalı illərindən sayıram. Qoy başqaları inciməsin, BDU-nun jurnalistika fakültəsi başqa fakültələrdən, eləcə də digər ali təhsil müəssisələrindən fərqlənirdi. Birinci kursdan beşinci kursadək oxuyan bütün tələbələr bir-birini şəxsən tanıyırdı. Burada oxumaq digərlərindən

asan idi demək istəmirəm, rahat idi desəm, daha doğru olar. Bəlkə də bu fakültədə işləyən və dərs deyən müəllim kollektivinin əksəriyyətinin yaradıcı insan olmaları ilə əlaqəli idi. Yaradıcılıqla məşğul olan müəllimlər tələbələrinə tələbə kimi deyil, qələm dostu kimi baxırdılar. Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Famil Mehdi, Ceyran Əbdürrəhmano-va, Yalcın Əlizadə, Əliş Nəbili, Mahmud Mahmudov, Nəsir Əhmədov, Akif Rüstə-mov, Cahangir Məmmədov və başqaları bu qəbildən idilər. Bundan başqa, görkəm-li alim və yazıçılardan Mir Cəlal, Abbas Zamanov, Qulu Xəlilov, Şamil Qurbanov, Abuzər İsmayılov, Vaqif Vəliyev, Sara Əliyeva, Yaqut Vəkilova, Zinət Əlizadə, Raifə Həsənova və başqaları da bizim fakültədə də dərs deyirdilər. Təkcə bu abı-havanın özü nəyə desən dəyərdi. Mən bu fakültədə oxuduğum ilk illər fakültəyə rəhmətlik Seyfulla Əliyev rəhbərlik edirdi. Allah rəhmət eləsin, çox yaxşı insan idi. Onun dövründə bir tələbənin belə burnu qanamadı. Yuxarı kurslarda oxuduğum illər fakültənin dekanı rəhmətlik Tofiq Rüstəmov seçilmişdi. Abı-hava həmişəkin-dən daha yüksək idi. Həftənin bir günü yaradıcılıq günü sayılırdı. Həmin günü hər bir tələbə qəzet, jurnal, radio və televiziyaya gedir, materiallar hazırlayır, bir sözlə yaradıcılıqla məşğul olurdular. Ancaq əksəriyyətimiz Azərbaycan radiosuna meyl göstərirdik. Çünki radioda hər bir yazıya yaxşı qonorar verirdilər. Bu da tələbə üçün böyük əhəmiyyət kəsb edirdi. Radio bir çox tələbənin ümid yerinə çevril-mişdi. Maşallah, bizim qrupda oxuyan uşaqların əksəriyyəti radioda, eləcə də dövri mətbuatda maraqlı yazılarla çıxış edirdilər. Tələbə yoldaşlarımdan Vasif Quliyev, Əli Həsənov, Cavanşir Cahangirov, Vahid İmanov, Ağasəf Məmmədov, Tahir Aydınoğlu, Namiq Əhmədov, Amil Novruzov, Aybəniz Məmmədəliyeva, Validə İsmayılova, Təranə Nuriyeva, Sədaqət Ağaliyeva və başqaları daha fəal idilər.

- Bu adların çoxu bu gün mətbuatdan mənə də tanışdır.

- Elədir, maşallah bizim iyirmi beş nəfərlik qrupumuzda istedadlı uşaqlar az deyildi. Bu gün onların əksəriyyəti ölkənin aparıcı qələm sahibləridir. Ancaq Ağa-səf Məmmədov, Validə İsmayılova, Aytən Qəhrəmanova, Vahid İmanov və Zamin Mehdiyev dünyalarını erkən dəyişdilər. Tələbəlik illəri necə gəldi keçdi, bilmədik, olub keçənlər xırdalığınacan xatirimdədir. Sonra hərə bir tərəfə qanadlandı, acığı o

vaxtlar mətbuatda, radio-televiziyada, nəşriyyatda, kinostudiyada iş tapmaq o qə-dər də asan məsələ deyildi. İstedadlı jurnalistlərin çoxu ştatdankənar işləməyə məc-bur olurdular. Əsl qayğılar universiteti bitirəndən sonra başlayırdı. Evsizlik, işsiz-lik, üstəlik qeydiyyat məsələsi. Bax, yenicə həyata atılan, xüsusən də əyalətdən gəlmiş jurnalist bu problemləri yoluna qoymalı idi. İnanın, bəzən iki il, üç il iş ax-taran gənçlər vardı. Ancaq biz dörd nəfər, mən, Namiq Əhmədov, Şamil Bağırov və Mehman Quliyev hələ yanvar ayından bilirdik ki, təyinatımızı SSRİ Müdafiə Nazirliyinə veriblər.

- O vaxtlar BDU-dan Müdafiə Nazirliyinə təyinat verirdilər ki?

- Digər ali məktəblərdə belə hallar olsa da, 1982-ci ilədək BDU-da belə şey olmamışdı. Müxtəlif instansiyalardan, o cümlədən rayon və respublika hərbi ko-missarlığından söhbətlərdən keçdik. Həmin il BDU-nun müxtəlif fakültələrini bitir-miş səksən tələbə keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərinə həqiqi hərbi xidmətə gön-dərildilər. On beş nəfər Sibir Hərbi Dairəsinə düşmüşdük. Hərbi Dairənin kadrlar şöbəsində mayor rütbəli bir nəfərlə söhbət zamanı dedi ki, Əfqanıstanda Sovet Ordusu çoxlu sayda əsgər itirib, ona görə ehtiyatda olan zabitləri orduya çağırırlar. Bəlkə sizi də Əfqanıstana göndərdilər. Nə isə...Biz dörd jurnalist Novosibirskdə piyada qoşunları hərbi hissəsində hərbi xidmətə başladıq. Eyni şəhərcikdə olsaq da mən ayrı bir hərbi hissədə işə başladım. Hamımız leytenant rütbəsində komandir vzvod vəzifəsinə təyin olunmuşduq. Yüksək maaş alırdıq. Yəqin bilirsiz, piyada qoşunları ən çətin qoşun növlərindən sayılır. Yağışda da, qarda da, küləkdə də çöl-dədir. Az qala hər həftə hərbi təlimlərdə olurduq, hələ qatarda hərbi yüklərin mü-şayiət edilməsini demirəm. Keçmış SSRİ-nin çox aş şəhəri tapılar ki, orada eza-miyyətdə olmayım. Əsgərlik sözün həqiqi mənasında ən böyük kişilik məktəbdir.

Günlərin bir günü adi bir təsadüf məni müvəqqəti olaraq xidmət sahəmi də-yişməyə gətirib çıxardı. Hərbi hissə üzrə əməliyyat növbətçisi idim, əsgər yemək-xanasında vəziyyəti yoxlayıb qayıdanda bir mərtəbəli binanın qapısının üstündə “Boevoye znamya” qəzetinin redaksiyası” yazılmış lövhə gördüm. Sanki gözümə işıq gəldi.

- Yəni əsgər qəzeti, düz başa düşdüm?

- Elədir, bizim polkumuzun da daxil olduğu diviziyanın qəzeti. Fikirləşmə-dən qapını döydüm. Serjant rütbəli bir əsgər məndən kimi istədiyimi soruşdu. Rəh-bərlikdən kim olsa, dedim. Bir az keçmiş balaca boylu praporşik gəldi və özünü təqdim etdi: Praporşik Bratsev. Dedim mən də ixtisasca jurnalistəm, Bakıda uni-versiteti bitirmişəm, gəldim tanış olam. İçəridən üç-dörd nəfər də çıxdı, Bratsev məsələni onlara danışdı. Üzləri güldü, tanış olduq, kapitan Martınov, baş leytenant Rusinoviç, şerjant Fatxullin və s. İnanın məni o qədər mehribancasına qarşıladılar. Belə danışdıq, baş redaktor qiyabi yolla Moskvada oxuyur, bir həftədən sonra işə çıxacaq, o vaxt gəlsən yaxşı olar. Dedilər, o istedadlı şairdir və yaxşı adamdır. Bir-də soruşdular ki, aktyor Fərhad İsrafilovu tanıyırsan. Dedim tanıyıram, ancaq şəxsi tanışlığım yoxdur. Söhbətlərindən hiss olunurdu ki, F. İsrafilovu yaxşı tanıyırlar və böyük hörmətləri vardır. Hərbi hissənin əsgər və zabit heyəti ilə birlikdə Fərhadın bir neçə filminə tanaşa ediblər. Özü də Fərhadın iştirakı ilə. Bir azərbaycanlı bala-sının uzaq Sibirdə belə hörmət qazanması məni sevindirdi. O, xidmətini başa vurub getsə də hələ unudulmamışdı, daim onu xatırlayırdılar.

Redaksiyaya bir də on beş gündən sonra gələ bildim. On günlük ezamiyyət-də olmuşdum. Qəzetin redaktoru mayor Valeri Anatolyeviç Latıninlə tanış olduq. Xoşsifət, hündürboylu don kazakı ilə tez dil tapdıq. Məlum oldu ki, V.Latınin Ros-tov vilayətində anadan olub, Alma-atada hərbi məktəbi bitirib, bir müddət piyada qoşunlarında xidmət edib. Sonra Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İns-titutuna daxil olub, qiyabi yolla təhsil alır. Və məni sevindirən bir məsələdə oldu. Sən demə, Valeri Anatolyeviç həm də şərq poeziyasının, eyni zamanda Azərbay-can şairləri Nizami və Füzulinin vurğunudur. Ömər Xəyyam ayrı bir aləmdir, deyirdi. Söhbətimiz necə tutmuşdusa bir də ayıldıq ki, üç saat keçib, nahar vaxtıdır. Söhbətin sonunda mənim bu hərbi hissəyə necə düşməyimlə maraqlandı. Dedim ki, mən Bakıda BDU-nu bitirmişəm, iki illik zabit qismində xidmətə göndərilmişəm. Mülki ixtisasım jurnalist olsa da, hərbi ixtisasım piyada qoşunları üzrədir. Dedi səni qəzetə gətirəcəyəm, orda sənin işin yoxdur. Dedim mənim rus dilində yazma-ğım problemdir. Bu məni o qədər də maraqlandırmır, bizim əməkdaşlar gündə üç xəbər yazır, sən həftədə üçünü yazarsan. Özünü qorxutma, nə qədər mən burda-

yam, heç bir problem olmayacaq, öyrənəcəksən. Belə danışırıq, səni birbaşa qəzetə gətirmək uzun məsələdir, ona görə də gecikmədən mən təqdimat yazıram, siyasi şöbənin razılığını alıram, səni üç aylıq bizim qəzetə ezam edirlər. Bitəndə yenidən təkrar edirik. Allah köməyi olsun, necə demişdisə elə də oldu.

- Heç bir problem olmadan oldunuz “Boyevoye znamya” qəzetinin xəbərlər bölməsinin müxbiri. Özü də təmənnasız, xahişsiz-minnətsiz.

- Ümumiyyətlə, mənim taleyimdə yaxşı adamların rolu az olmayıb. Onlar-dan biri də Valeri Latınindir. Onun köməyi ilə öz peşəmlə məşğul olmağa başla-dım. Bir məsələni də qeyd etmək istəyirəm, orduda mənim adımı yeganə düz ifadə edən də Valeri Latınin idi. Redaksiyada əməlli-başlı yaradıcılıq abı-havası hökm sürürdü, yavaş-yavaş mənim də materiallarım dərc olunmağa başlamışdı. İnanın, redaksiyanın əməkdaşları ilə o qədər mehribanlaşmışdım ki, mənsiz nahara getmir-dilər, mənsiz ad günləri keçirilmirdi. Qəfildən Valeri Latınini Sibir Hərbi Dairəsi-nin “Sovetskiy voin” qəzetinə məsul katib vəzifəsinə apardılar. Yenə əməkdaşlığı-mız davam edirdi, orada da mənim xəbərlərim dərc olunurdu. Beləliklə, mənim xidmət yerim dəyişənədək redaksiya ilə əməkdaşlığı davam etdirdim. 1983-cü ilin payızında məni Ural Hərbi Dairəsinin Kamışlov şəhərində yerləşən hərbi hissəsin-də rota komandirinin müavini vəzifəsinə təyin etdilər. Burada tamam başqa həyat başladı, düz bir il Uralın ucsuz-bucaqsız çöllərində vurnuxdum. Burada dərc edilən qəzet redaktorunun başı içkiyə elə qarışmışdı ki, dünyadan xəbəri yox idi, bir ilə yaxın orada xidmət etdim, ayıq vaxtını görmədim.

- Bəs, Valeri Latınin necə oldu? Sonra görüşmədiniz?

- Sözün açığı, elə o vaxtdan görüşə bilmədik. Sonralar öyrəndim ki, arada Moskvada, hərbi nəşriyyatda işləyib, polkovnik rütbəsində hərbi xidmətdən tərxis olunub. Şer kitabları dərc olunub. Nəsri də az deyil. Bu gün Valeri Latınin Ru-siyanın ən məşhur patriot şairlərindən sayılır. Ölkəsini dəlicəsinə sevən bir don ka-zakıdır. Rusiya Kazaklar İttifaqının sədr müavinidir. Bir müddət Krasnoyarsk Di-yarında qubernator işləmiş general Lebedin müavini vəzifəsində çalışıb. Yəqin ya-xın vaxtlarda əlaqələrimizi bərpa edəçəyik.

Yadıma bir xatirə düşdü. Hələ Novosibirskdə xidmət vaxtı dostum Namiq Əhmədov günlərin bir günü mənə dedi ki, qardaş gəl dərdləşək, ikimiz də kənddən gəlmişik, Bakıda nə evimiz, nə də işimiz var, heç qeydiyyatımızda yoxdur. Bunlar ciddi problemlərdir, yaşımız da az deyil, biz Bakıda neyləyəcəyik? Bəlkə, müqavi-lə bağlayıb xidmətimizi davam etdirək, maaşımızda az deyil. Düzü, bir anlıq çaşıb qaldım, nə cavab verəcəyimi bilmədim. Xeyli düşündükdən sonra fikrimi bildir-dim, Bakıya qayıdırıq. O da dinmədi. Beləliklə, iki ildən sonra qayıtdıq Bakıya. Onu da deyim ki, mənə ordu və xususi şöbənin rəhbərliyi də xidməti davam etdir-məyi məsləhət görmüşdü. Ancaq fikrim qəti idi.

- Problemlər başladı. Bu rayondan şəhərə təhsil almağa gələn demək olar ki, əksəriyyətin başına gəlib. Ən problem məsələlərdən biri də qeydiyyat idi. Bunsuz işə götürmürdülər. Hələ digər qayğıları demirəm.

- Tamamilə düzdür, bir müddət iş tapa bilmədik, ancaq radioda başımızı qat-mağa başladıq. Allah radionu icad eləyənin atasına rəhmət eləsin, bəlkə də onlarla yazı-pozu əhli çörəyini oradan çıxarıb, ailəsinə çörək pulu aparıb. Sonra kinostudi-yaya gedib-gəldim, hətta bir bədii uşaq filmi də tərcümə etdim. Yaxşı qonorar da verdilər. Bununla da məsələ bitdi. Ancaq mətbuatda bədii-publisistik yazılarla çıxış edirdim. Nəhayət, “Kənd həyatı” jurnalında işə düzəldim, işlər qaydasına təzəcə düşürdü ki, məlum Qarabağ hadisələri ilə əlaqədar Ermənistandan azərbaycan-lıların deportasiyası başladı. Mənim də valideynlərin, bacımın ailəsi, qohumlar doğma yurd-yuvalarından pərən-pərən düşdülər. Təsəvvür edin, mən də ailəmlə Bakıda bir erməni qadının evində kirayədə yaşayırdım. Bir müddət yaşadıq, baxdıq ki, ümid ancaq özümüzə qalıb, borc-xərc erməni qadının evini pulla aldıq. Və belə bir vəziyyətdə işlədiyim redaksiyadan da uzaqlaşmalı oldum, çünki jurnalın redak-toru elə mühit yaratmışdı ki, artıq işləmək mümkün deyildi. Bağlanmış müqavilə pozuldu. Bir müddət “Günəş” (keçmiş “Pioner”) jurnalında işlədim. Jurnalın re-daktoru görkəmli uşaq yazıçısı Nəriman Süleymanov gözəl yaradıcı mühit yarat-mışdı, artıq burada yazmamaq mümkün deyildi. Hətta hər ay tələbə yoldaşım Va-siflə mənə bir səhifə ayırırdı ki, qonorar ala bilək. Yüksək mədəniyyəti olan Nəri-man müəllimdən çox şey öyrəndim. Allah ona rəhmət eləsin. Nəriman müəllimin

“Günəş” jurnalı mənimçün sanki bir həyat məktəbi oldu. Sonra ölkənin ilk xəbər qəzeti olan “Səhər”də, Azərbaycan Gənc Publisistlər və Poliqrafçılar Cəmiyyətində işlədim. Və paralel olaraq bədii yaradıcılıqla da məşğul olurdum, bir sıra yazılarım rus və özbək dillərinə tərcümə olunmuşdu. Hətta “Gənçlik” nəşriyyatı uşaq heka-yələrindən ibarət kitabımı tematik plana salmışdı. Sovetlər birliyinin dağılması ilə hər şey bitdi. Kitabların çapı məsələsinə bir də on ildən sonra qayıtdım. Belə ki, şair-publisist Qardaşxan Əzizxanlı ilə təsadüfi görüşümüz məni o vaxtlar təzəcə yaradılmış Dövlət Sərhədini Mühafizə Komitəsinin mətbuat və informasiya şö-bəsinə gətirib çıxardı. Onda şöbənin rəisi polkovnik, tanınmış şair Ramiz Duyğun idi. Dedi ki, özünlə gələndə bir-iki dərc olunmuş yazı gətirsəydin əla olardı. Allahın işinə bax, həmin gün yazıçı Nəriman Əbdürrəhmanlının redaktorluq etdiyi “Sabah” qəzetində hekayələrim çap olunmuşdu. Ramiz müəllimin kefi açıldı, əlaqə saxla, dedi. Və məsələ həllini tapdı. Komitənin rəisi İsgəndər Allahverdiyev də gö-rüşdən razı qaldı. Bir neçə gündən sonra müstəqil Azərbaycanın sərhəd qoşunların-da hərbi xidmətə başladım.

- Bayaqkı söhbətimizə qayıtmaq istəyirəm, əvvəl orduda xidmət etmək is-təmirdiniz, bəs fikrinizi niyə dəyişdiniz?

- Görünür qismətim beləymiş, bir də açığı həmin vaxtlar maaş problemi də vardı. Nə isə, tale məni sərhəd qoşunlarına gətirdi, özü də yaxşı insanların əli ilə. Şair Ramiz Duyğun, general-mayorlar İsgəndər Allahverdiyev, Abbasəli Novruzov kimi insanlarla işlədim. Yeni qurulan dövlət sərhədimizi, döyüş bölgələrimizi qarış-qarış gəzmişəm. Sərhəd zastavalarının, komendantlıqların rus qoşunlarından qəbulunda iştirak etmişəm. Yadıma bir hadisə düşdü. Beyləqan istiqamətində yer-ləşən zastavaların birinin təhvil-təslimi başa çatdı. Zastavaya şəxsi heyətin gəlişi gecikirdi. Ona görə də üç zabit orada gecələməli idik. Səhərdən yemək yeməmişdik. “Sərhəd” qəzetinin foto müxbiri Elxan da bizimlə qalmışdı. Yaxın-lıqda yerləşən kəndin sakinləri təzəcə kəsilmiş quzu əti və bir az da tut arağı gön-dərdilər. Soyuqdan donurduq, kababdan yeyib, araqdan vurduq. İşlər düzəldi, gözlərimizə sanki işıq gəldi. Növbə ilə karaulda dayandıq. Ümumiyyətlə, həmin günlər az qala hər gün yeni bir tarixin şahidi olurduq. Bu barədə “Sərhəd” qə-

zetində onlarla materiallarım dərc olunub, televiziyada verilişlərim verilib. Mükafatlar almışam. Sərhədçilərdən ibarət döyüş batalyonunun tərkibində Ağdərə, Kasapet döyüşlərində olmuşam. Xatirələrim var, qismət olsa dərc etdirəcəyəm.

Və günlərin bir günü Sərhəd qoşunları MTN-in tərkibinə verildi. Mən xid-mətimi uzun illər ölkənin təhlükəsizlik orqanının müxtəlif qurumlarında davam et-dirməli oldum.

- Elşad müəllim, yazı demişkən, bəs MTN-də işlədiyiniz vaxtlar yaradıcı-lıqla məşğul olmadınız? Axı, mən biləni Sizin dövrü mətbuatda materiallarınız dərc olnurdu.

- Bir vaxtlar daha çox tərcümə ilə məşğul olurdum. İlk illər bu mənimçün daha rahat idi. Sonra yavaş-yavaş kitablarımı səliqəyə saldım. “Gənclik” nəşriyya-tında yatıb qalmış “Oğlum mənim, arxam mənim” adlı kitabını çapa hazırladım. Bir məsələni qeyd etmək istəyirəm, doxsanıncı illərin sonlarında MTN-də müstəqil Azərbaycan təhlükəsizlik orqanlarının yaradılması ilə əlaqədar araşdırma aparılma-sı üçün işçi qrupu yaradıldı. Mən də qrupun tərkibində olduğumdan həm MTN-in arxivində, həm də Dövlət arxivində araşdırmalar apardım. Nəticə olaraq “Azərbay-can təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920)”, “Tariximiz, taleyimiz”, “Azərbaycan xüsusi xidmətləri” kitablarım ərsəyə gəldi. Qeyd edilən kitablarda 1918-1920-ci illərdə öz milli dövlətçiliyini bərpa etmiş Azərbaycan Xalq Cümhu-riyyətinin kəşfiyyat və əks-kəşfiyyat orqanlarında çalışmış kornet Ağalarovun, yesaul Yusupovun, polkovnik İrza bəy Hacıbəylinskinin, Məmmədbağır və Nağı bəy Şeyxzamanov qardaşlarının, Ələkbər xan Şahsuvarovun, Məmmədtağı Dada-şovun, Əli Razi Şamçızadənin və başqalarının, eləcə də Azərbaycandan kənarda fəaliyyət göstərən ilk kəşfiyyatçılarımız polkovnik Məmməd bəy Əliyev və Şahza-də Məmmədin fəaliyyəti çoxsaylı arxiv materiallarına əsasən işıqlandırılır. Sonra arxiv materialları əsasında qələmə alınmış “Cəllad etirafı” və “Sibir dərsi” publisistik kitablarım işıq üzü gördü. Bu kitablarda 1920-1950-ci illərdə qırmızı bolşevik terrorunun qurbanı olmuş onlarla milli ruhlu ziyalılarımızın, o cümlədən tanınmış nəsillərdən Şahtaxtinsikilər, Topçubaşovlar, Şamxorskilər, Aşurbəyovlar, Makinskilər, Usubbəyovlar və digərlərinin acı taleyindən bəhs olunur. “Gizli xid-

mətin sirləri”ndə isə gözə görünməyən cəbhədə – kəşfiyyat, əks-kəşfiyyat və xüsusi təyinatlı dəstələrdə çalışmış peşəkar insanların xatirələri dilimizə tərcümə olunmuşdur. Yeri gəlmişkən, bu kitabların çapında mənə maddi və mənəvi dəstəyi olmuş insanlara, o cümlədən Hikmət İsmayılova və Azər Süleymanova təşəkkürü-mü bildirirəm.

- Övladlarınızdan jurnalistika peşəsini seçən oldumu?

- Onlar başqa peşələrə üstünlük verdilər. Düzdü, oğlum Orxan orta məktəbin yuxarı siniflərində oxuyanda maraqlı nağıllar tərcümə etməyə başlamışdı. Həmin hekayələrin əksəriyyəti “Günəş” jurnalında dərc olunub. Düz bir kitablıq material toplanmışdı. Sonradan fikrini dəyişdi, BDU-nun hüquq fakültəsini bitirdi. Qızım Əsmət ingilis dilini bitirsə də bu sahəyə marağı olmadı. Hər ikisi də hüquq-mühafi-zə orqanlarında çalışır. Hər ikisi də ailəlidir. Oğlumun iki övladı var. Allahımdan çox razıyam, valideynlərimin mənə verdiklərini mən də övladlarıma ötürə bildim.

- Sonuncu sualımı verəcəyəm, uzun illər milli təhlükəsizlik orqanlarında ça-lışmısınız, sizcə, MTN-dən Azərbaycan necə görünür?

- Günü-gündən güclənən, sabit və möhkəm Azərbaycan görürəm. Mən bu ölkənin əsgəriyəm. Mənalı və şərəfli ömr yolu keçmişəm. İndi MTN-in ehtiyatda olan polkovnikiyəm, bundan qürur duyuram. Vətən müharibəsi veteranıyam. Val-lah, özünü tərifləmək çıxmasın, müstəqil Azərbaycan tarixinin içindəyəm. Bilirsən, yazılası nə qədər materiallarım var, sağlıq olsun.

 

Söhbəti apardı: Emin İsmayılov



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!