Özündən gen düşmək .....                        Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                       
Tarix : 6-04-2017, 15:17
Gizli xidmətimizin ilk general-leytenantı


Gizli xidmətimizin ilk general-leytenantı


II hissə

Ziya müəllim nəsə demək istədi, ancaq demədi. Bir anlıq susdu, mən də susdum, gözlədim. Handan-hana “mən də belə güman edirəm”, dedi.

Nağı bəy Şeyxzamanlının xatirələrində bir məqam da diqqəti cəlb edir. 1950-ci illərdə İstanbulda özünü dolandırmaq üçün əntiqvarçılıqla məşğul olan Nağı bəyin dükanına təsadüfən bir nəfər gəlir. Uzun sözün qısası, məlum olur ki, həmin təsadüfi adam İstanbulda sovet baş konsuludur. Beş gündən sonra həmin konsul yenə gəlir. Gərgin dialoqdan sonra konsul deyir ki, dünyada barışıq və sülh olmasını istəmirsiniz, bilirsiniz Stalin öldükdən sonra Rusiyanı (SSRİ nəzərdə tutulur) üç nəfər idarə edir: Beriya, Molotov və Malenkov. Eşitdiyimə görə, Beriya sizin idarənizdə (ƏMT nəzərdə tutulur) işləmişdir, Moskvada hamı bilir ki, Beriya liberalizmə yuvarlanmışdır, kolxozun dağıdılmasının tərəfdarıdır. Ona məktub yazın, Qərb dünyası ilə anlaşsın, məktubda ikinizin də bildiyiniz məsələlərdən bəhs edin ki, məktubun sizin tərəfdən yazıldığı aydın olsun. Məktubunuzu kuryer vasitəsilə göndərərəm. Nağı bəy sərt şəkildə ona bildirir ki, mən də sülh tərəfdarıyam, lakin bir məktubla dünyada sülhün ger-çəkləşəcəyinə inanmıram. Və təbii ki, Nağı bəy məsələnin mahiyyətini anlayır və məktub yazmır. Aradan bir qədər keçir, Beriyanın güllələnməsi xəbəri bütün dünyaya yayılır. Həmin günlərdə Nağı bəy Beriya barədə İstanbulda çıxan “Vətən” qəzetinin müxbirinin suallarına cavab vermişdi. - Aydındır, elə bu müsahibəni də çox güman ruslar təşkil etmişdilər, ümumiy-yətlə, danışdığın bu məqamlarda maraqlı detallar vardır, deyə Ziya müəllim söhbətə müdaxilə etdi.

Nağı bəyin gəldiyi bir nəticə də Ziya müəllimin marağına səbəb oldu. Nağı bəy qeyd edir ki, Moskvada, 20-ci qurultayda Xruşşov Molotov, Malenkov və Kaqanoviçə deyir, “Beriya ölməsəydi, siz də burada oturmazdınız. O, alçaq milli Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat xidmətində çalışmış və xaricdə yaşayan müsavatçılar ilə əlaqə yaratmış və sözləşmişdir. Sovet hakimiyyətini yıxmağı düşünmüşdür. Bunu oxuyanda Moskvanın nə üçün Beriyaya məktub yazılmasını istədiyini anladım. Deməli, məktubu mənim adımdan yazmışdılar. Beriyanı bu məktubun əsasında öldürmüşdülər”.

- Hər şey gün kimi aydındır. Elşad, bir tədqiqatçı kimi, bir orqan əməkdaşı kimi sənə elə gəlmirmi ki, hələ çox qaranlıqlar aydınlaşmalı, gizlinlər açılmalıdır. İstanbulda baş verənlər də diqqəti çəkən məqamlardır. Əlbəttə, bunlar zamanın işidir. Ancaq bütün bunlara baxmayaraq çox sağ ol, yazdığın kitab da, gəldiyin nəticələr də maraqlıdır. Mən Beriya haqqında az oxumamışam, xüsusən də rus mətbuatından. Ancaq inanıram ki, çox mətləblərin açılmasına

ehtiyac vardır. Onlarla, bəlkə də yüzlərlə sənədlər arxivlərdə yatır. Yəqin ki, zamanı gələr, ar-xivlər açılar, bax onda çox məsələlər aydınlaşar.

Sözün düzü, qoca general-leytenantın dedikləri məni sonralar çox düşündürdü. Ancaq əldə olunan faktlardan geniş istifadə etmişdim. Dövlət və digər arxivlərdə işləyərkən materialları bir-bir vərəqləyirdim ki, bəlkə yeni nəsə tapa bildim. Bəzən əvvəl baxdığım toplulara birdə baxmağa çalışırdım, bəlkə, yeni materiallar əldə edə bildim. Bütün bunlara baxmayaraq, təzə bir şey tapa bilmədim. Çox güman qoca general Moskva arxivlərini nəzərdə tuturdu. Onu da qeyd etmək lazımdır ki, Beriya məhkəmədə Müsavat əks-kəş-fiyyatında işləməsini özünün ən ağır cinayətlərindən biri hesab eləmişdi. Doğrudan da bu fakt Beriyanı sovet hakimiyyəti dövründə qarabaqara izləmişdi. Eyni zamanda, bu faktdan Mircəfər Bağırovun da əleyhinə istifadə edilmişdir. Məhkəmə Mircəfər Bağırovun Beriyanın cinayətkar əməllərindən, xüsusən də onun Müsavat əks-kəşfiyyatında işləməsindən xəbərdar olan şəxs kimi günahkar hesab etmişdir. Təbii ki, Mircəfər Bağırovun bu məsələdən xəbəri vardı. Onun icazəsi olmadan Bakıda, respublikanın xüsusi xidmət orqanlarının arxivindən sənədlərin götürülməsi mümkün deyildi. Ziya müəllimin bu məsələ ilə bağlı fikri indi məni düşündürür. O, M.Bağırovun Beriyanın Müsavat əks-kəşfiyyatında işləməsini və onun haq-qında olan cinayət işindən müəyyən sənədlərin götürülməsini gizləməsi faktını bilən kimi maraqlı bir fikir söylədi: - Sluşi, sənə elə gəlmirmi ki, onların dostluqlarının, müəyyən məqam-larda bir-birilərini müdafiə etmələrinin əsasında bu faktın prinsipial əhəmiyyəti vardır.

Mən də bu qənaətə gəldim, təbii ki, Ziya müəllimin məlum fikrindən sonra.

Ziya müəllim ƏMT ilə əlaqədar bir məsələni də xatırlatdı: - Ümumiyyətlə, 1918-1920-ci illərdə müstəqil Azərbaycan xüsusi xidmət və təhlükəsizlik orqanlarının fəaliyyətini tənzimləyən hüquqi aktlar vardımı? Yox idisə, bu məsələ necə tənzimlənirdi?

- Əlbəttə vardı, dedim. Təşkilat 22 maddədən ibarət olan “Azərbaycan Respublikası əks-kəşfiyyat xidməti vəzifəlilərinin hüquq və vəzifələri haqqında” Əsasnamə əsasında fəaliyyətini qurmuşdu.

Əsasnamə ilə əlaqədar xeyli fikir mübadiləsi apardıq. Qəfildən Ziya müəllim sözümü kəsdi, dedi ki, ƏMT ilə söhbəti yekunlaşdır. Bu barədə çox danışdıq. Gələn dəfə İnformasiya şöbəsi və Azərbaycan Parlamentinin Mühafizə dəstəsi ilə bağlı söhbəti davam etdirərik.

Ziya Yusifzadənin cəmi 23 ay fəaliyyət göstərmiş gənc Azərbaycan Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanının işinə belə maraq göstərməsi əslində məni sevindirirdi. Təvazökarlıqdan uzaq da olsa deməliyəm, çünki məhz bu istiqlal tariximizin şərəfli səhifələrinin araşdırılmasında az da olsa mənim də zəhmətim var. Bu səbəbdən də Azərbaycan xüsusi xidmət və təhlükəsizlik orqanlarının böyük peşəkarlarından olan və adını bu qurumun tarixinə əbədi olaraq yazdırmış Ziya müəllimlə dialoqumuzun, fikir mübadiləsinin

mənim üçün özəl mənası vardı.

Növbəti görüşlərimizin birində Ziya müəllim məni görən kimi zarafatyana dedi: - ƏMT-nı ləğv elədin, təzəsini yaradırsan, ya yox? Ölkənin belə bir orqanı olmasa, nələr baş verər? Ümumiyyətlə, istənilən müstəqil ölkədə xüsusi xidmət orqanı saat kimi işləməlidir.

Onun fikrini başa düşdüm. Söhbətimizin davamını istəyirdi. Özü də mənə elə gəlirdi ki, Ziya müəllim nə danışacaqlarımı bilir, sadəcə mənimlə fikir mübadiləsi aparırdı. Zənnim doğru çıxdı, bu dəfə də zarafatından qalmadı: – Çikalonu döydünüz, buna görə də təşkilatı ləğv etdilər.

Həmsöhbətim doğru deyirdi. 1920-ci ilin fevralından bolşeviklərin təsir dairəsi böyüyürdü. Xərçəng kimi ölkəni addım-addım gəzirdi. Artıq dövlət rəhbərlərinin bəziləri uduzduqlarını dərk edir, hadisələrə ehtiyatla yanaşırdılar. Ancaq Vətəni sevən, onun müstəqilliyini qorumağa çalışan fədakar insanlar da vardı. Onlardan biri də Ələkbər xan Şahsuvarov idi. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna 52 gün qalmış ölkədə yeni xüsusi xidmət orqanı – İnformasiya şöbəsini yaratmağa razılıq verdi. 6 martda ləğv edilmiş ƏMT-nın əməliyyat və texniki təsərrüfatı İnformasiya şöbəsinə təhvil verildi. Qısa vaxt kəsimində şöbənin əməkdaşları ölkədə, xüsusən də Bakıda əks-kəşfiyyat təminatını yerinə yetirməyə başladılar. 52 gün ərzində 2 uğurlu əməliyyat icra edilmişdi. Onu da deyim ki, mən söhbəti daha çox Ziya müəllim istədiyi istiqamət üzrə qurmağa çalışırdım. Bilirdim nəyi soruşacaq. Ələkbər xan Şahsuvarov əslən cənubdan idi. Zadəgan ailəsində böyümüşdü. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi. Heç bir partiyanın üzvü deyildi. 1 mart 1919-cu ildən 6 yanvar 1920-ci ilədək Qarabağ general-qubernatorluğunda məsləhətçi vəzifəsində iş-ləmişdi. Söhbətin bu yerində Ziya müəllim sözümü kəsdi. Dedi ki, deyəsən Ələkbər xan 1918-1920-ci illərdə Azərbaycan xüsusi xidmət və təhlükəsizlik orqanlarında xidmət etmiş yeganə ali təhsilli əməkdaş imiş. Əlimizdə olan faktlara əsasən deyə bilərik ki, müstəqil Azərbaycan xüsusi xidmət və təhlükəsizlik orqanlarında işləyən azərbaycanlılar, ruslar, gürcülər və digər millətlər arasında ali təhsili olanlar yoxdur. Daha çox hərbi təhsilli şəxslər burada (əks-kəşfiyyat və kəşfiyyat Hərbi nazirliyin tərkibində olanda) xidmət edirdilər. Əksəriyyət orta və texnikum təhsilli idi. Ancaq qeyd etmək lazımdır ki, orqanda bir müddət türklər də işləmişdi. ƏMT-da Hüseyn bəy Mansurski (soyadı Bakıda qəbul etmişdi), İnformasiya şöbəsində isə Cəmil bəy xidmət etmişdi. Hüseyn bəyin təhsili barədə məlumat yoxdur. Ancaq Cəmil bəy İn-formasiya şöbəsində rəisinin köməkçisi və xüsusi tapşırıqlar üzrə məmur vəzifəsini yerinə yetirirdi. O, türk ordusunun polkovniki idi. Təbii ki, Cəmil bəyin ən azı ali hərbi təhsili vardı.

Sonra Azərbaycan parlamentinin mühafizə dəstəsi barədə danışdıq. Mühafizə dəstəsi ölkənin dövlət və parlament rəhbərliyini, eləcə də bir sıra strateji əhəmiyyətli obyektləri mühafizə edirdi. Dəstə ilə bağlı materiallar daha çox Qarabağda gedən döyüşlərlə əlaqəlidir.

Onlar döyüşlərdə yaxından iştirak edirdilər.

Ziya müəllimi bir məsələ də maraqlandırırdı. Sözün düzü, mən bu barədə heç vaxt düşünməmişdim. – Yaxşı, bunlar hamısı əla, yaxşı araşdırma aparmışsan. Ancaq bir məqamı istəyirəm aydınlaşdırasan. Ölkədə xüsusi xidmət və təhlükəsizlik orqanları üzrə peşəkar kadrlar yox idi, başa düşdüm. Ona görə də belə bir qurum yaradılanda hərbiçilərə, başqa peşə sahiblərinə üstünlük verilirdi. İlk olaraq Hərbi nazirliyin tərkibində yaradılan əks-kəşfiyyat və kəşfiyyat bölməsində bir qrup əməkdaş çalışırdı. Sonra kəşfiyyat Hərbi nazirliyin tərkibində qaldı, əks-kəşfiyyat isə müstəqil quruma – ƏMT-ya çevrildi. Aydındır, kəşfiyyatçılar Hərbi nazirlikdə fəaliyyətlərini davam etdirdilər, bəs əks-kəşfiyyatçılar? - Ziya müəllim, tamamilə düzgün buyurursunuz, onlar da Hərbi nazirliyin tərkibində qaldılar. ƏMT yuxarıda dediyim kimi, əsasən müsavat və hümmətçilərdən təşkil edilmişdi. İnformasiya şöbəsi yaradılanda da ƏMT-dan heç kimi xidmətə götürülməmişdilər. Əldə olunan siyahılarda onların adı keçmir. Yalnız bir sənəddə, ƏMT-nın Balaxanı-Sabunçu rayon bölməsinin rəisi vəzifəsində işləmiş Məmmədtağı Dadaşovun adı keçir. O da M.Dadaşovun İnformasiya şöbəsinə işə qəbul üçün yazdığı ərizədir. Ərizədə göstərir ki, ƏMT-da vicdanla işləyib və xahiş edir ki, onu şöbəyə işə qəbul etsinlər. Lakin bu xahiş nədənsə yerinə yetirilməyib. Ziya müəllim təəccübünü gizlədə bilmədi: - Bax, bunu başa düşmədim. Nə üçün peşəkar kadr qıtlığı dövründə az da olsa bu sahədə təcrübəsi olan şəxslərə üstünlük verilməyib? Hər dəfə qurum yenidən təşkil olunanda tamamilə təzə insanlar xidmətə qəbul edilirdi.

Məntiqli sual idi. Doğrudan da, nə üçün özlərindən əvvəl işləyənlərə etibar edilmirdi. Ziya Yusifzadənin bu sualını həmin dəqiqə cavablandıra bilmədim. O, bir qədər susdu. -Yəqin dedi, burada etibar məsələsi əsas rol oynayıb. Başqa nə ola bilərdi, deyə qoca general-leytenant yanındakıların üzünə baxdı. Əksəriyyət onun fikrini təsdiqlədi. Sonda hamı etibar məsələsinin üstündə dayandı. Lakin Ziya müəllim səslənən fikrin yalnız ehtimal olduğunu bil-dirdi. Sonra ətrafındakıların eşidəcəyi tonda hündürdən dedi: - Əzizim Elşad, bilirsən bu mə-sələ ilə bağlı niyə səninlə çoxlu müzakirələr aparıram. 23 aylıq istiqlal tariximizlə əlaqədar xeyli materiallar oxumuşam. Bu dövr hər bir azərbaycanlı üçün qiymətli tarixdir. Məni həm də Cümhuriyyətin xüsusi xidmət və təhlükəsizlik orqanlarının fəaliyyəti maraqlandırır. Bu sahədə də oxuduğum kitablar az deyil. Ancaq sənin tədqiqatların mənim diqqətimi çəkdi, onlarla faktlar var ki, xoruz səsi eşitməyib, ona görə də səninlə fikir mübadiləsi aparmaq mənə ləzzət elədi.

Qəfildən Ziya müəllim çevrilib ətrafındakılara diqqətlə baxdı: - Düz demirəm, yəqin ki, siz də oxumuşsunuz Elşad tədqiqatlarını, televiziyalarda və çıxışlarını dinləmişsiniz. Ancaq sifətinizdən hiss olunmur, deyə Ziya müəllim yaxınları ilə zarafat elədi. – Hə, yadıma düşdü, altı seriyalı sənədli filmdə, eləcə də televiziya verilişlərində etdiyin çıxışlar da xoşuma gəldi.

Bəs bu insanların taleyi necə oldu?

Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin ilk rəisi Ağalarov barədə məlumat yoxdur. ƏMT-nın ilk rəisi olmuş Məmmədbağır bəy Şeyxzamanlı və İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov bolşevik işğalının ilk günlərində güllələndilər. Bir müddət bolşevik qovğasından kənarda qalmış hərbi kəşfiyyatın rəisi general-mayor İrza bəy Hacıbəylinski və ƏMT-nın əməkdaşı Əli Razi Şamşızadə 1937-ci ildə bolşevik gülləsinə tuş gəldi. ƏMT-nın Balaxanı-Sabunçu rayon şöbələrinin rəisi Məmmədtağı Dadaşov və digərləri həbs olundular. ƏMT-nın ikinci rəisi Nağı bəy Şeyxzamanlı və onun müavini Mahmud Səfikürdski Türkiyəyə sığındılar.

Təbii ki, Ziya Yusifzadə kimi uzun və mənalı yol keçmiş böyük bir şəxsiyyətin mənim və yazdıqlarım barədə fikirlərini bildirməsi çox qiymətli idi. Mənim haqqımda həmişə bir söz deyib, “mədəni və ziyalı oğlandır”. Düzü, mən bu sözlərdən həmişə qürurlanmışam, çünki bu ifadələr böyük Ziya Yusifzadəyə məxsusdur.

2012-ci ilin iyun ayını yaxşı xatırlayıram. Səhhətimlə bağlı problemlər məni narahat edir, cərrahiyyə əməliyyatına hazırlaşırdım. Əməliyyatdan sonra bir müddət xəstəxanada və evdə müalicə aldım. Qəfil telefon zəngi məni yuxudan oyatdı və aramızda hörmət və ehtiram olan kadr əməkdaşlarından biri çətinliklə mənim hərbi xidmətdən ehtiyata buraxılmağım barədə məni məlumatlandırdı. Səhər tezdən işə gəlib mənə məxsus əşyaları yığdım. Uzun illər birgə işlədiyim, hörmət bəslədiyim əməkdaşlarla sağollaşdıq. Yadıma Ziya müəllim düşdü. Höku-mət rabitəsi ilə ehtiyatla nömrəni yığdım. Alçaqdan zəif səsi gəldi: - Harada itib batmısan, xeyli vaxtdır zəng də eləmirsən? Nə var, nə yox, təzə bir şey var? Nə oldu, bəs deyirdin “Yaxın, uzaq Körpülü” kitabı üzərində işləyirəm? Ancaq başqa bir yerdə oxudum, kitabın adını “Körpülü və körpülülər” qoymusan? Ortada bir şey yoxdur, axır vaxtlar yaman tənbəlləş-misən. Çox təəccübləndim, danışığımız olduğu kimi Ziya müəllimin yadında qalmışdı. Bildir-dim ki, kitabın əsas hissəsi hazırdır. Bir dəfə Tiflisə ezamiyyətə getməyə ehtiyac vardır. Mü-əyyən faktlar lazımdır, ona görə gecikir, dedim. Xeyli danışdıq. Az qala niyə zəng etdiyimi unutmuşdum. Pensiyaya getməyimi deyəndə sözümü kəsdi: - Dayan görək, nə pensiya-pensiya salmısan, sən hələ uşaqsan, mən bu yaşda işləyirəm, sən hara gedirsən? Dinmədim. Arif adam idi Ziya müəllim, hər şeyi başa düşdü. Sənə bir ay vaxt verirəm, dedi, dincəl, səni Akademiyada gözləyirəm. Birlikdə işləyərik, darıxma.

Qəhər məni boğdu, özümü güclə ələ aldım. Mənə heç bir ehtiyacı olmayan böyük bir şəxsiyyətin məni sakitləşdirməsi, isti münasibət göstərməsindən kövrəldim. Təşəkkür elədim, açığı Akademiyada, Ziya müəllimin rəhbərliyi altında işləmək istəyərdim və o günləri həyatımın ən uğurlu məqamları sayardım. Həyat yoldaşım da, qızım da bu təhsil ocağında xidmət edirdi. Hər ikisini də xidmətə Ziya müəllim götürmüşdü. Açığı bu səbəbdən də mən orada işləməyi arzu etmirdim. Düzgün başa düşülməzdi. Etika xatirinə telefonda ona heç bir

şey demədim. Bir müddət görüşmədik, nə də zəngləşmədik. Yavaş-yavaş hər şey unuduldu. Hərdən həyat yoldaşımdan məni və işimi soruşurdu. Yoldaşım bizim aramızda əlaqələndirici rolunu oynayırdı. Yazdığım materiallardan, müxtəlif informasiya vasitələrində etdiyim çı-xışlardan, tərcümələrdən xəbəri vardı. Mən də nə gizlədim, bu münasibətdən qürurlanırdım. Niyə də qürurlanmayaydım? Ulu Öndər Heydər Əliyevin yaratdığı peşəkarlıq məktəbinin ən layiqli və etibarlı nümayəndələrindən biri, Azərbaycanımızı sevən, onun inkişafını və güclən-məsini istəyən və özü də bu proseslərin içində olan böyük şəxsiyyət mənim yaradıcılığımla maraqlanırdı.

Ziya müəllimlə son əlaqəmiz 2015-ci ilin yay aylarına təsadüf etdi. Rəhbərlik etdiyi Akademiyada əlavə ixtisasların açılması ilə əlaqədar məni yenidən təhsil ocağına dəvət etdi. Yenə min bir bəhanələr gətirdim. İkinci dəfə idi ki, Ziya müəllimin dəvətini qəbul etmirdim. Ona görə də məsələyə çox həssaslıqla yanaşırdım. İnciyə bilərdi. Yoldaşım və orada işləyən yaxın əməkdaşlar vasitəsilə fikrimi ehtiyatla ona çatdırdım. Son qəti sözü isə Akademiyanın kuratoru dostumuz Seymur düşündük, elə bu da məsələni bitirdi.

Sonuncu dəfə Ziya müəllimlə hüzrdə görüşdük. Həmişə deyirdi ki, biz tərəflərə niyə gəlmirsən, axır vaxtlar ancaq hüzrlərdə görüşürük. Əvvəlki kimi gümrah deyildi, düşmüşdü. Sən demə, bu axırıncı görüşümüz imiş, xeyli söhbət etdik, hər şeydən danışdıq. – Sınıxmısan, özünə fikir ver, ay Elşad, sən də bu cavan yaşında çox əziyyət çəkdin. Az müddətdə bacını, atanı, ananı, qardaşını itirdin, yoldaşın xəstə, səni başa düşürəm. Bu həyatdır oğlum, acısı da var, şirini də, özünü qoru. Şükür allaha, xəbərim var, uşaqların ağıllı və qabiliyyətli balalardır. Bundan sonra səhhətinə ciddi fikir ver. Hələ hər şey qarşıdadır. Yazı-pozu işlərini davam elə, unutma, bundan gözəl iş yoxdur.

Elə həmin görüşdən sonra eşitdim ki, xəstəxanada yatır, müalicə alır. Mən həmin vaxtlar dövlət arxivində araşdırma aparırdım, maraqlı faktlar tapmışdım. Ziya müəllimlə müzakirə etməyə kifayət qədər faktlar vardı. Özü də bilirdim ki, bu arxiv sənədləri və digər materiallar onu maraqlandıracaq. Xüsusən də Beriya ilə əlaqədar deyiləsi sözüm vardı. Çünki bu, onu çox maraqlandırırdı. Ümid edirdim ki, xəstəxanadan çıxacaq, yalnız bundan sonra görüş və ya telefon zəngi baş tuta bilərdi. Xəstəxanaya getməyə hazırlaşırdım, Seymur dedi ki, vəziyyəti çox ağırdır. Ölüm xəbəri sanki ildırım sürəti ilə gəldi, inana bilmirdim. Bir neçə gün özümə gəlmədim. Ömrünün əlli ildən çoxunu Azərbaycan xüsusi xidmət və təhlükəsizlik orqanlarına həsr etmiş, Ulu Öndər Heydər Əliyevin sadiq əsgərlərindən olan Ziya Yusif-zadənin qəfildən dünyasını dəyişməsi hamı kimi mənim üçün də gözlənilməz oldu. Topladığım materiallar müzakirə üçün yetərli idi. Rəhmətlik yenə deyəcəkdi ki, təzə bir şey var, yoxsa tənbəlliyi davam etdirirsən? Mən də topladığım və oxuduğum materialları aram-aram danışacaqdım. Ona deyəcəkdim ki, Azərbaycan kəşfiyyatının və əks-kəşfiyyatının ilk

rəisi barədə də xeyli qiymətli materiallar toplamışam. Beriya barədə arxivdə rast gəldiyim materiallardan söhbət açacaqdım. Eləcə də bir-birindən qiymətli materialların müəllifi Adıgözəl Məmmədovun “Kremldəki türk agenti Beriya 0029 saylı iş” kitabını oxumağı məsləhət görəcək və ya onu maraqlandıran hissələri danışacaqdım. Tam məxfi sənədlər top-lanmış kitabda Beriyanın Bakıda, ƏMT-da işləməsi, onun nümayəndəsi Vsevolod Merkurovun Bakıya gəlməsi, Mircəfər Bağırovun köməkliyi ilə Beriyaya aid sənədlərin ar-xivlərdən götürülüb Moskvaya aparması və s. barədə maraqlı faktlar vardır. Beriyanın ƏMT-da işləməsi və onun bu orqana necə düşməsi məsələsi daim onun başağrısına çevrilmişdir. Müsavat hökumətinin dövlət və xüsusi xidmət qurumlarının kadr potensialı Türkiyənin bu sahədə çalışan zabitləri tərəfindən formalaşdırılmışdı. Adıgözəl Məmmədov kitabında bu məsələləri, o cümlədən Bağırovla Beriyanı bağlayan telləri konkret faktlarla aydınlaşdırır. Bu və digər materiallar mütləq Ziya müəllimin marağına səbəb olacaqdı. Onun danışılanlar barədə fikrilərini öyrənmək də ümumi işin xeyrinə olardı. Bunu nə üçün deyirəm, hər dəfə Ziya müəllimlə fikir mübadiləsi aparanda növbəti yazılarımda onun qiymətli düşüncələrini nəzərə alırdım.

Bir məsələni xüsusi ilə qeyd etmək istəyirəm. Yazının əvvəlində də bu barədə azacıq fikrimi bildirmişdim. Ziya Yusifzadə barədə illərdir ürəyimdə yığılanları sadəcə dalbadal, ardıcıllığı pozmadan bilgisayarın yaddaşına köçürdüm. İnanıram ki, bu yazı sonuncu olmayacaq, onun haqqında çoxlu yazılar yazılacaq, kitablar bağlanacaq. Ondan öyrənməli çox şey var: yüksək mədəniyyət, peşəkarlıq, idarəçilik, redaktorluq və redaktə qabiliyyəti, ya-şının çox olmasına baxmayaraq öyrənmək həvəsi, ali insani hisslər, qayğıkeşlik və s. Bir deyil, iki deyil, saymaqla bitən deyil.

Uzun və şərəfli həyat yolu keçmiş Ziya Məmmədiyyə oğlu Yusifzadənin olduqca maraqlı, öyrənilməli bioqrafiyası vardır. Əziz oxucular, isti xatirələrin fonunda Ziya müəllimin ruhu şad olsun deyərək, onun bioqrafiyasını birlikdə vərəqləməyi mədsədəuyğun sayıram. Ziya müəllim 15 fevral 1929-cu ildə Vətənimizin dilbər guşələrindən olan qədim Şəki şəhərində respublikamızın əməkdar mədəniyyət işçisi, yazıçı Məmmədiyyə Yusifzadənin ailəsində dünyaya gəlmişdir. Məmmədiyyə Yusifzadə Bakıda Pedaqoji Texnikumu bitirdikdən sonra bir müddət, Şəkidə, Qəbələdə və Zaqatalada müəllimlik etmişdir. Bu səbəbdən də gənc Ziya or-ta məktəbi qızıl medalla Zaqatala şəhərində bitirmişdir. İkinci Cahan Savaşı zamanı atası müharibəyə getdiyindən ailənin qayğıları gənc Ziyanın üzərinə düşüb. Bir müddət axşam fəhlə-gənclər məktəbində dərs deyir, rayon qəzetində məsul katiblik edir, yerli radioda müxtəlif səpgili verilişlər hazırlayır. Beləliklə, üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirir. Onun jurnalistlik fəaliyyəti sonralar onun karyerasında böyük rol oynayır. Gənc yaşlarından işləməsi onu həm də müstəqil həyata hazırlayır. Ali təhsilini Rusiyada, Moriz Terez adına

birinci Moskva Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsində almışdı. Özü də fərqlənmə diplomu ilə. Üç il Azərbaycan SSR-nin Maarif nazirliyində və Nazirlər Sovetində məsul vəzifə-lərdə işləmişdi. 1956-cı ildə Ziya Yusifzadə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Ko-mitəsində (DTK) həqiqi hərbi xidmətə qəbul edilir. Bu illərdə DTK-da yüksək vəzifə tutan Heydər Əliyevin bilavasitə təşkilatçılığı ilə bütün müqavimətlərə baxmayaraq, burada milliləşmə, saflaşma kimi siyasət həyata keçirməyə başlanılmışdı. Sovet dövründə bu, olduqca çətin və məsuliyyətli bir iş idi. Bu insandan həm iradə, həm də cəsarət tələb edirdi. Yeni bir mühit yaranmışdı, azərbaycanlı kadrlar rəhbər vəzifələrə təyin edilirdilər. Məhz belə bir vaxtda Ziya Yusifzadə Heydər Əliyevlə tanış olur və onun rəhbərliyi altında mühüm strukturların birində, əks-kəşfiyyat şöbəsində fəaliyyətini davam etdirir. Eyni zamanda, Heydər Əliyevin xeyir-duası ilə xidmətdə yavaş-yavaş irəliləyir, mühüm vəzifələr tutur.

Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbərlik edəndə də DTK-ni daim diqqətdə saxlayırdı. Xüsusən də azərbaycanlı kadrların irəli çəkilməsi məsələsində öz qəti fikrini deyirdi. Elə Ziya Yusifzadə həmin illərdə məhz Ulu Öndərin birbaşa dəstəyi ilə Azərbaycan SSR DTK-nın Əks-kəşfiyyat idarəsinin rəisi, bir müd-dət sonra sədrin birinci müavini kimi mühüm vəzifələrə irəli çəkilir. Bu barədə Ziya Yusifzadə “Ulu öndərimizə sevgimiz əbədidir” adlı xatirə yazısında belə deyir: “Tale elə gətirib ki, mən həyatımın böyük hissəsini Ulu Öndərimizin bilavasitə rəhbərliyi altında işləmişəm. Bu müddətdə onun yeritdiyi siyasi kursun ya iştirakçısı, ya da müşahidəçisi olmuşam. Heydər Əliyev istər DTK-da işləyəndə, istərsə də Azərbaycan KP MK-nın birinci katibi olanda özünə və tabeçiliyində olanlara qarşı olduqca tələbkar idi”.

Ziya Yusifzadənin DTK-nın sədri vəzifəsinə təyinatı ilə əlaqədar Ulu Öndər çıxışlarının birində söyləmişdi: “Nə çətinliklə mən özümdən sonra ənənə yaratdım ki, burada azərbaycanlı olsun. Nə çətinliklə! Bu da asanlıqla olmadı”. Nəhayət, 1980-cı ildə Ziya Yusifzadəni DTK-nın sədri vəzifəsinə təyin edirlər. O, bu vəzifədə düz səkkiz il xidmət edir. Azərbaycan xüsusi xidmət orqanlarında azərbaycanlı kadrların yerləşdirilməsi prosesi, Heydər Əliyev Bakıda, eləcə də Moskvada yüksək vəzifədə çalışanda da onun daim diqqət mərkəzində olmuşdur. Ziya müəllim Ulu Öndər haqqında xatirələrinin birində yazır ki, 1980-ci ildə mən DTK-ya sədr vəzifəsinə təyin olunandan sonra Heydər Əliyev qəti şəkildə göstəriş verdi ki, 1981-ci ildə 40, 1982-ci ildə isə 30 nəfər azərbaycanlı gəncin DTK-da işə götürül-məsini təmin edim. Bununla yanaşı, hər il yaşı 23-dək olan, orduda xidmət etmiş 20 nəfər azərbaycanlı gənci oxumaq üçün F.Dzerjinski adına SSRİ DTK-nın ali məktəblərinə göndərim. Göründüyü kimi, Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarında kadrların azərbaycanlılaşdırılması siyasətinə Ziya Yusifzadəni də cəlb etmişdi.

O, 1988-ci ildə 33 illik hərbi xidmətdən sonra istefaya gedir. Özü də general-leytenant

rütbəsində. Azərbaycan xüsusi xidmət tariximizdə ilk dəfə belə yüksək rütbəyə layiq görülən azərbaycanlı olur. Onu da deyək ki, 1970-1988-ci illərdə Ziya Yusifzadə bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilir. Azərbaycan KP MK üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvü seçilmişdir.

İstefada olan general-leytenant Ziya Yusifzadənin təcrübəsini, bacarığını, idarəçiliyini nəzərə alıb yenidən Azərbaycan SSR Nazirlər Sovetinə işə dəvət edirlər. Düz dörd il, 1992-ci ilədək millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışır. Məlum hadisələrlə əlaqədar pensiyaya çıxır.

1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi. Bütün sahələrdə ciddi islahatlar başladı. Şərəfli ömrünün 25 ilini dövlət təhlükəsizliyi orqanlarında keçirmiş Ulu Öndər ölkədə təhlükəsizlik orqanlarının milli maraqlar istiqamətində və müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirirdi. O, eyni zamanda, orqanların konkret fəaliyyət istiqamətlərini müəyyən edərək, ölkədə təhlükəsizlik konsepsiyasının əsaslarını yaratdı. Azərbaycan dövlətinə sadiq, vətənsevər, savadlı və geniş dünyagörüşə malik milli kadrların yetişdirilməsinə böyük ehtiyac vardı. Bunları nəzərə alan Ulu Öndər Heydər Əliyev 1998-ci ilin dekabr ayının 1-də tarixi bir qərar qəbul etdi, keçmiş MTN-in Akademiyasının yaradılması haqqında sərəncam verdi. O, böyük peşəkar olaraq yaxşı bilirdi ki, bu sahənin mütəxəssisləri ancaq respublikanın özündə hazırlanmalıdır. Beləliklə, ölkədə ilk dəfə olaraq xüsusi xidmət və təhlükəsizlik orqanları üçün milli kadrların hazırlanması işinə başlanıldı. Təbii ki, belə mö-təbər təhsil müəssisəsinə rəhbərlik üçün təcrübəli və peşəkar kadra ehtiyac vardı. Məhz belə bir məqamda Ulu Öndər verdiyi yeni sərəncamla növbəti bir tarix yazdı. Uzun illər özünün rəhbərliyi altında işlədiyi, Heydər Əliyev ideyalarına daim sadiq və onun peşəkarlıq məktəbinin ən yaxşılarından olan Ziya Məmmədiyyə oğlu Yusifzadəni Akademiyanın rəisi və-zifəsinə təyin etdi. Heydər Əliyev onu şəxsən qəbul edərək qarşıya qoyulan vəzifələr barədə danışmış, müvafiq tapşırıqlarını vermişdi. Elə həmin gündən Akademiyanın bütün fəaliyyəti məhz Ulu Öndərin dəyərli tövsiyələri, tələbləri əsasında qurulmuşdur. General-leytenant Ziya Yusifzadənin rəhbərliyi ilə Akademiyada böyük işlər görülmüş, xüsusən də peşəkar kadrların hazırlanmasında müxtəlif kompleks tədbirlər həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, Akademiya fəaliyyətə başladığı vaxtlarda peşə hazırlığı üzrə ədəbiyyatlar çox az idi. Bi-lavasitə onun redaktorluğu ilə xüsusi xidmət orqanlarının peşə fəaliyyətinə dair çoxsaylı dərsliklər, dərs vəsaitləri və xüsusi proqramlar hazırlanmışdır. Xidmət etdiyi 17 il ərzində Ziya Yusifzadə Ulu Öndərin ona göstərdiyi etimadı layiqincə doğrultmuşdur. Müstəqil Azərbaycan Respublikasının xüsusi xidmət orqanının Akademiyası özünəməxsus elm və tədris ocağına çevrilmişdir. Bu işdə Ziya müəllimin böyük və əvəzsiz əməyi danılmazdır. Sevindirici haldır ki, bu gün Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xid-mətlərinin müxtəlif əməliyyat struktur bölmələrində Ziya müəllimin onlarca yetirmələri çalışır.

Yeri gəlmişkən, bir məsələni də xatırlatmaq istəyirəm. Hələ orta məktəb illərindən Ziya müəllimin jurnalistikaya xüsusi marağı vardı. O, həmin illərdə rayon qəzetində və yerli radioda

maraqlı yazılarla, reportajlarla çıxış edirdi. Təsadüfi deyildi ki, o, yaradıcı ailədə böyümüşdü. Atası Məmmədiyyə Yusifzadə Yazıçılar Birliyinin üzvü idi. Kitabları çıxırdı, teatrlarda pyesləri oynanılırdı. Belə bir mühitdə böyüməsi ona təsir etməyə bilməzdi. Dövlət işində çalışanda da, DTK-da xidmət edəndə də Ziya müəllim sənədlərin tərtibinə, hazırlanmasına, yazılışına xüsusi fikir verirdi. Yazılarının sadə, aydın və mənalı dili vardı. Azərbaycan dilinin gözəlliklərindən məharətlə istifadə edirdi. Azərbaycan və rus dillərində təqdim olunan materialları dilin qayda-qanunlarına uyğun olaraq redaktə edir, oxunaqlı formaya salırdı. Hələ sovetlər dönəmində, Azərbaycan təhlükəsizlik orqanlarının 60 illiyi ilə əlaqədar həm azərbaycan, həm də rus dillərində çap olunmuş “Azərbaycan çekistləri” kitabı da Ziya müəllimin redaktəsindən çıxmışdı. O, eyni zamanda, onlarla publisistik məqalələrin müəllifi, dərslik və tədris vəsaitlərinin, təhlükəsizlik problemləri ilə bağlı elmi əsərlərin, monoqrafiyaların məsləhətçisi idi. Onun Ulu Öndərin həyatından və ideyalarından bəhs edən saysız-hesabsız yazıları, xatirələri və müsahibələri vardır. Ziya müəllimin bu materiallarını səliqə ilə toplayan istedadlı şair-jurnalist, dostumuz Mahir Cavadlı xeyirxah bir iş görmüşdür. “Böyük insan” adı ilə nəfis şəkildə çap olunmuş kitab Ulu Öndər Heydər Əliyev dühasını öy-rənmək istəyənlərə Ziya Yusifzadənin layiqli hədiyyəsidir. Sadalananları elə-belə xatırla-madım. Mənimlə söhbətlərində bəzi rus sözlərinin dilimizə çevrilməsinə və səslənməsinə son dərəcə həssaslıqla yanaşmağının səbəbini anladım. Ziya müəllim xüsusi xidmət və təhlükəsizlik orqanlarının böyük peşəkarı olmaqla yanaşı, həm gözəl qələm ustası, həm də redaktor imiş.

29 sentyabr 2016-cı ildə dünyasını dəyişmiş görkəmli ictimai-siyasi xadim, peşəkar, pedaqoq, adını Azərbaycan xüsusi xidmət və təhlükəsizlik orqanlarının tarixinə qızıl hərflərlə yazdırmış, keçmiş SSRİ DTK və Azərbaycan MTN-in fəxri əməkdaşı, xidməti fəaliyyətində 35-dək orden və medalla təltif edilmiş general-leytenant Ziya Məmmədiyyə oğlu Yusifzadənin xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Uzun, eyni zamanda zəngin və mənalı həyat yolu keçmiş böyük şəxsiyyət Ziya Məmmədiyyə oğlu Yusifzadəyə Uca Allahdan rəhmət diləyir, qəbri nurla dolsun deyirəm.

P.S. Ziya müəllim haqqında bu xatirə yazısı hələ ötən il, böyük şəxsiyyətin vəfatının ildönümündə, 29 sentyabr 2016-cı ildə oxucuların ixtiyarına verilməli idi. Heç özümdə bilmirəm, nədən və niyə belə oldu? Özüm-özümə təsəlli verirəm. Qabaqdan 28 mart, müstəqil Azərbaycan xüsusi xidmət və təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gəlir. Fikrimcə, bu tarix daha münasibdir.

Elşad QOCA
Bakı, 27 mart, 2017-ci il.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!