"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 13-03-2014, 20:01

 

XX əsrdə Türk dünyasının görkəmli şəxsiyyətləribarədə öyrənmək, bilmə hər bir vətənini sevən Türkün borcudur. Türk dünyasının görkəmli şəxsiyyəti, Krım tatarlarının lideri, həyatını xalqının Vətənə dönməsinə həsr etmiş, SSRİ adlı imperiyada insan haqlarının tanınmış müdafiəçisi, dissident Mustafa Cəmilev barədə söz açmaq istərdik. İnanırıq ki, canlı əfsanə və Krım türklərinin lideri olan Mustafa Cəmilevin (Krımoğlunun) həyatı oxucularımızın marağına səbəb olacaq. 


Mustafa Əbdülcəmil oğlu Cəmilev (Krımoğlu) 1943-cü ilin noyabrın 13-də o zaman Rusiya Federasiyasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Bütün Krım tatarları kimi onun da ailəsi 1944-cü il mayın 18-də Krımdan Orta Asiyaya köçürüldü.

Haşiyə: “ISN Security Watch” media agentliyinə bu il iyulun əvvəllərində verdiyi müsahibəsində Mustafa Cemilev deyib: “Bizim xalq soyqırımın qurbanıdır. II Dünya Savaşının sonunda bizim milləti Stalinin əmri ilə Orta Asiyaya köçürdülər. Heyvanlar üçün nəzərdə tutulmuş vaqonlarda köçürülərkən və Orta Asiyadakı yeni yerlərdə Krım tatarlarının yarısı acından, xəstəlikdən məhv oldu... Mən uşaq olanda, ana və atamın axşamlar göz yaşı içində pıçıldaşmalarından anladım ki, bizim Vətənimiz olub. Bu Vətən - müasir müstəqil Ukraynanın tərkibində olan Krımdır.”

1959-cu ildə orta məktəbi bitirən Mustafa bəy sənədlərini Daşkənddəki Orta Asiya Universitetinin Şərqşünaslıq fakultəsinə verir. Lakin ona bildirilir ki, Krım tatarlarını bu fakultəyə qəbul etmirlər. Bundan sonra Cəmilev Özbəkistanın Mirzəçaul təmir-mexaniki zavodunda çilingər, tokar, elektroçilingər işləyir, daha sonra Daşkəndə köçərək aviasiya zavodunda tokar sənətində çalışır.

1961-ci ildə M. Cəmilev gizli yaradılmış “Krım tatar gənclərinin ittifaqı” (KTGİ) təşkilatında tarixi şöbəyə başçılıq edir. Təşkilat bir neçə ay fəaliyyət göstərir və SSRİ “KQB”-si (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən repressiyaya məruz qalır. Təşkilatın rəhbərləri Marat Ömərov və Səid Həmzə Ömərov həbs edilərək, 3 və 4 il olmaqla ciddi rejimli əmək-islah kolonunda cəzaya məhkum edilirlər. Gənc Mustafa bəy “antisovet fəaliyyətində” ittiham edilərək işdən çıxarılır və KQB-nin nəzarətinə götürülür.

1962-ci ildə o, Daşkənd İrriqasiya İnstitutunun Hidromeliorasiya fakultəsinə daxil olur. 1965-ci ildə isə, millətçilik və anti-sovet baxışları üstündə institutdan qovulur. Əsas səbəb isə onun KTGİ-ni bərpa etməsi və tələbələr arasında özünün yazdığı “XIII – XVIII əsrlərdə Krımın türk mədəniyyətinin qısa tarixi oçerkləri” əsərini yayması olur. 1966-cı ildə o, “sovet ordusunda qulluqdan yayınma” kimi formal ittihamla 6 ay müddətinə həbs edilir.

Həbsdən azad olduqdan sonra Cəmilev Moskva hüquq müdafiəçiləri ilə yaxınlaşır, SSRİ-də insan hüquqlarının tapdanması, 1968-ci ildə Çexoslovakiyanın sovet işğalı əleyhinə sənədlərin hazırlanması və imzalanmasında fəal iştirak edir. Moskvada akkreditə olunmuş xarici KİV nümayəndələri vasitəsilə Krım tatarlarının problemini dünyaya çatdırmağa çalışır.

1969-cu ilin mayında digər məşhur hüquq müdafiəçiləri ilə birgə “SSRİ-də insan hüquqlarının müdafiəsi təşəbbüs qrupunun” təsisçilərindən biri olur. Həmin ilin sentyabrında Cəmilev yenidən həbs edilir. “Sovet dövlət və ictimai quruluşuna böhtan atmaq” ittihamı ilə ona qarşı qaldırılmış cinayət işi, artıq həbsdə olan dünya üzrə tanınmış hüquq müdafiəçiləri Pyotr Qriqorenko və İlya Qabayın cinayət işləri ilə birləşdirilir. 

1970-ci il yanvarın 19-da məhkəmə zalında onun son çıxışı SSRİ imperiyasına və kommunist rejiminə qarşı ittiham manifesti kimi qiymətləndirilə bilər. Bu çıxış sonralar əlbəəl gəzərək SSRİ-dəki azadfikirli insanları ayağa qaldırırdı.

Haşiyə: Onun çıxışının son sözləri: “Krım tatar xalqına qarşı qəddar repressiyalara etiraz olaraq, bu xalqın müqəddəs hüququnun – Vətənə olan hüququnun tapdanmasına etiraz olaraq, bizim ölkədə insan hüquqlarının kobud surətdə pozulmasına etiraz olaraq, mən Krım tatar xalqının milli hərəkatının iştirakçısı kimi, SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə Təşəbbqs qrupunun üzvü kimi otuz günlük aclıq aksiyası elan edirəm.

Mən tam dərk edirəm ki, bu aksiya mənim sağlamlığım və hətta həyatım hesabına baş verə bilər. Lakin öz milli və vətəndaş hüquqlarımın bu cür kəskin müdafiə formasına əl ataraq, mən ümid edirəm ki, bu olay bir çox insanın yatmış vicdanını oyada biləcək.

Ya Vətən, ya ölüm! Yaşasın azadlıq!"

Daşkənd şəhər məhkəməsinin hökmü ilə, Cəmilev və Qabay 3 il həbs cəzasına, Qriqorenko isə, “psixi qüsurlu” elan edilərək, 5 il müddətinə KQB-nin xüsusi psixiatrik xəstəxanasında məcburi “müalicəyə” məhkum edilirlər. Bu ədalətsiz qərara etiraz əlaməti olaraq Mustafa Cəmilev Daşkənd istintaq tədricxanasında 30 gün davam edən aclıq aksiyası keçirir.

1972-ci ilin sentyabrında azad olunaraq, “islah edilməmiş, antisovet baxışlı element” kimi xarakterizə ilə Gülüstan şəhərində (Özbəkistan) KQB-nin açıq nəzarətinə götürülür. Bu arada oradakı sovxozda mühəndis kimi çalışır.

1974-cü ildə isə, yenidən həbs və 1 illik məhkumluq. İttihamnaməyə görə, guya ordu sıralarına çağırışdan imtina edib. Əslində isə, KQB-nin yerli şöbəsinə məlumat daxil olmuşdu ki, Cəmilev Moskvaya səfər etməyə hazırlaşır. Belə ki, həmin il ABŞ prezidenti Nikson Moskvaya gələcəkdi və KQB çəkinirdi ki, Cəmilev Moskvada Niksona Krım tatarlarının hüquqlarının tapdanması barədə petisiya təqdim edər və ya aksiya təşkil etmək niyyətindədir. 

Bu cəzasını Mustafa bəy Omskdakı ciddi rejimli düşərgədə çəkir. Azad olunmasına 3 gün qalmış ona qarşı yeni cinayət işi açılır. Bu dəfə o, cəza müəssisəsində məhkumlar arasında antisovet təbliğatı üstündə ittiham edilir. Bu ittihama qarşı etiraz əlaməti olaraq Cəmilev aclıq aksiyasına başlayır. Artıq “Azadlıq” və “Azad Avropa” radiodalğalarında onun adı geninə-boluna çəkilirdi. Ölümədək aclıq elan etmiş Mustafa Cəmilevi zorən mədəsinə zond yeritməklə qidalandırmağa başlayırlar. 

Mustafa Cəmilevin bu məhkumluğunun sonuna yaxın məhkum düşərgəsində ona qarşı “anti-sovet təbliğatı və pantürkizm” ittihamı ilə yeni cinayət işi açılır. Lakin 15 günlük aclıq aksiyasından sonra, beynəlxalq mediada SSRİ-nin tənqidi kampaniyasından qurtulmaq üçün onu azad edirlər və xüsusi təyyarə ilə Daşkəndə gətirib 1977-ci ilin dekabrında SSRİ DİN-nin açıq nəzarəti altında azad buraxırlar.

Krım tatarları arasında onun nüfuzu o qədər yüksək idi ki, hətta Özbəkistandakı Krım tatarlarının digər məskənlərinə səfəri yasaq edilmişdi.

Amma Daşkənddən kənara çıxdığı üçün 1979-cu ildə il yarım müddətə həbsə məhkum edilir. Tezliklə bu məhkumluq 4 illik Yakutiyaya sürgünlə əvəz edilir. Məhkəmə iclası qapalı keçirilirdi, qohumları və Moskvadan gəlmiş akademik Saxarov məhkəmə zalına buraxılmadılar.

1980-ci ilin iyulun 20-də sürgündə Mustafa Cəmilev illərdən bəri onun yolunu gözləyən Safinar xanımla ailə qurur. Onlar sürgündə doğulmuş oğullarının adını Heysər qoyurlar.

Sürgün bitdikdən sonra Mustafa Cəmilev həyat yoldaşı və uşağı ilə birgə Krıma köçür. Üç gün sonra Krımdan çıxarılır. DİN-in açıq administrativ nəzarəti altında Daşkənd vilayətinin Yengiyol şəhərində yaşayıb çilingər işləyir.

1983-cü ilin noyabrında 6-cı dəfə “anti-sovet təbliğatı, millətçilik və pantürkizm” ittihamları ilə həbs edilir. Həmçinin, həbsi ərəfəsində Mustafa Cəmilevin atası vəfat edir. O, atasının cənazəsini Vətəndə - Krımda dəfn etmək üçün onunla həmfikir olmuş həmsoylarının müşayəti ilə Daşkənd hava alanına matəm yürüşü təşkil edir. “İğtişaşlara təşviq” maddəsi də yeni cinayət işinə əlavə edilir. 3 illik məhbəsi Maqadan vilayətinin “Uptar” adlı xüsusi rejimli düşərgədə keçir.

1986-cı ilin dekabrında düşərgə müdiriyyəti ona qarşı “azadlıqdan məhrumetmə yerlərinin qaydalarını pozmaq və məhkumlar arasında anti-sovet təbliğatı” ittihamı ilə yeni cinayət işi açır. Üç ilədək qapalı rejimli müəssisədə məhkumluğu nəzərdə tutan ittihamnaməyə baxmayaraq, birdən...

Artıq SSRİ-də “perestroyka” vüsət almışdı. Demokratik dünyanın Qorbaçov Rusiyası qarşısında qoyduğu tələblərdən biri də məhz, Krım tatar xalqının böyük oğlu Mustafa Cəmilevin azad edilməsi idi. Artıq 70-ci illərdən onun adı Krım tatarlarının lideri və görkəmli hüquq müdafiəçisi kimi bütün dünyaya bəlli idi.

İndi isə... Onu beş il sınaq müddətli üç il şərti cəza ilə azad edirlər. Mustafa Cəmilevin öz milləti uğrunda əzabları bitdi. İndi isə, milləti uğrunda mübarizəsinin yeni səhifəsi açılırdı. 1987-ci ilin aprelində Krım tatar fəallarının (KTF) ümumittifaq qurultayında Krım Tatar Milli Hərəkatının Mərkəzi Təşəbbüs qrupuna üzv seçilir. “Krım Tatarlarının Milli Hərəkatının xəbərləri” dərgisinin baş redaktoru işləyir.

KTF-in növbəti qurultayında Krım Tatarlarının Milli Hərəkatı Təşkilatı (KTMH) təsis edilir. “Krımoğlu” (Krım tatar ləhcəsində “Qırımoğlu”) təxəllüsünü almış Mustafa Cəmilev KTMH-in Mərkəzi Şurasının katibi seçilir. Elə həmin il də o, Krımın Baxçasaray şəhərinə köçür. Beləliklə də Krım tatarlarının öz Vətənlərinə dönüşü başlayır...

1991-ci ilin iyunundan bu günədək o, Krım Tatar Xalq Məclisinin əvəzsiz sədridir.

Haşiyə: Kremldən gəlmiş dövlət nümayəndələri o zaman Mustafa Cəmilevə bildirirlər ki, Rusiya KTMH-yə istənilən dəstəyi verəcək. Lakin bir şərtlə: Krım tatarları 1954-cü ildə Krımın Rusiyadan Ukraynaya verilməsi barədə qərarı tanımamalıdırlar və Krıma köçəndə də Rusiyaya birləşməyə can atmalıdırlar. Cavabında Krımoğlu onlara belə bir sual verdi: “Nəyə görə tarixi 1954-cü ildən başlayaq? 1773-cü ildə rus imperatriçası II Yekaterina Krımı işğal etdi və bizim qara günlərimiz o zamandan başladı. Tarixə qalsa, biz Krım tatarları gərək 1773-cü ildə Yekaterinanın Krım xanlığını ləğv edən manifestindən başlamalıyıq, sonra isə, 1954-cü il qərarına da gəlib çıxarıq. Unutmayın ki, tarixə qalsa, bu ərazi Krım tatarlarınındır. Krım xanlığı Krımda, Ukrayna və Rusiyanın cənubunu əhatə etmiş Türk sivilizasiyasının son dövlət qurumu idi. Türk və müsəlman xalqı kimi Rusiyanın tərkibində qalmağın nə olduğunu biz çox gözəl bilirik. Bu bir dəfə oldu, daha olmayacaq.” 

O, 1995-ci ilin noyabrın 8-də İzmir şəhər bələdiyyəsinin insan haqları sahəsində beynəlxalq mükafatına layiq görülür. Onun adına Ankarada park, Ankarada, Sunqurluda və digər Türkiyə şəhərlərində küçə, Səlcuq Universitetində mühazirə zalı, Kırıkkale Universitetinin kitabxanası var. O, Kastomonu və Kırıkkale şəhərlərinin fəxri vətəndaşıdır.

1998-ci ildə ona BMT Ali Komissarlığının qaçqınlar üzrə F. Nansen adına mükafatı verilir. Ukrayna Radasının (1998-ci il və 2002-ci il çağırışları) iki dəfə üzvü seçilib. 2009-cu il mayın 25-də Ukrayna ziyalıları insan hüquqlarının müdafiəsi sahəsində xidmətlərinə görə Nobel mükafatına layiq görülməsi üçün Mustafa Cəmilevin namizədliyini irəli sürdülər.

İsveçrənin “ISN Security Watch” media agentliyinin müxbiri Ben Cuda onunla görüşü belə təsvir edir. “Mustafa Cəmilev bəstəboydur. Onun kabineti Türk xalqlarının tarixi barədə kitablarla doludur. Zarafatından qalmayan Mustafa bəy mənə qəhvə təklif edərək deyir: “Biz Krım tatarları kosmosa uçmamışıq və elm sahəsində də uğurlarımız çox azdır. Lakin qəhvəni bizdən yaxşı heç kəs hazırlaya bilməz.” Həyatının böyük bir hissəsini öz xalqının azadlığı uğrunda mübarizəyə sərf edərək sovet həbs düşərgələrində keçirən bu insan iki yüz əlli minlik bir millətin əvəzedilməz lideridir."


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!