20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 30-12-2013, 17:24
Yanmağımız və qanmağımız

Fazil Mustafa
Bir insanın - Azərbaycan vətəndaşının, Qarabağ qazisinin üzərinə benzin tökərək özünü yandırması hamımızı benzinsiz də olsa, yandırdı. Qarabağ qazisi yanmağı ilə ailəsinin çörəklə bağlı hər gün sabaha uzanan ümidsizliyini söndürmüş oldu. İndi artıq qadını, beş azyaşlı uşağı evdə çörək gözləməyəcəklər, bu çörəyi gətirə bilmədiyinə görə özünü yandıran kişini gözləyəcəklər. Çörək olacaq, ancaq illərdir o çörəyin dalınca sürünən o kişi olmayacaq. Tale fəlsəfəsinə görə, yanmağı ilə ölümünü tezləşdirmədi, yalnız və yalnız insanlara ədalətsizliyə, biganəliyə görə necə yanacaqları barədə sənədsiz, təlimatsız, kitabsız xəbərdarlıq gətirdi.

Bəs bundan sonra nələr olacaq? Bunu təsəvvürə gətirmək çətin deyil. İnsanlar rahatlıq tapmaq üçün keçici su, köpük, təsəlli və ya başqa vasitələrlə içlərindəki yanğının söndürülməsini istəyirlər. Azərbaycan cəmiyyətinin sakitləşdirilməsindən, söndürülməsindən rahat iş nə ola bilər ki? Kimsə cəzalanar, qazilərin könlünün alınması üçün səxavət kisəsinin ağzını bir azca aralarlar, şəhid ailələrinin üzünə bir az daha çox gülümsərlər və bir ay keçməmiş emosional duyğuların idarə etdiyi bir cəmiyyət Qarabağı unutduğu kimi, bu olayları da unudaraq səssizcə Əkrəmin daş yuxularının içində haçansa yeni bir həyəcanın baş verməsini gözlər.

İnsan intiharına son çarə olaraq baxmadığımdan, istisnasız olaraq intihar deyilən vaqiəyə heç vaxt haqq qazandırmadım. Ona görə də cəmiyyətin hadisəyə münasibəti ilə adekvat düşünmədiyimi ilk andan sezdiyimdən, edə biləcəyim ən doğru addım sadəcə susmaq idi. Hər an ağlasığmaz ədalətsizliklərlə qarşılaşan insan övladının hamısı mübarizəsini intiharla yekunlaşdırmağa başlarsa, bu həyatda ədalətsizliklərin durdurulması tamamilə mümkün görünməz. Biz acıyırıq, üzülürük, ancaq Yaradan üçün yaratdığı insanın bəlli bir həddə qədər dirəniş potensialı var və bunun kodu da Səbir anlayışının içində yer alır. Ancaq bu ölümün bəlkə də cəmiyyəti sarsıdan əsas tərəfi bir Qarabağ savaşında məğlubiyyət yaşamış və dönüşdən sonra illərlə bu savaşdan sonra müdhiş bir zənginliyə qovuşmuş bir dövlətdə yaşadığı çörək dalanının çörək səngərində çörək savaşını uduzmuş bir savaşçının seçdiyi son çarə olmasıydı.

Artıq hər şey bundan sonra başlayacaq. Ölkədə özünü yandırmağı reallaşdırmasa da, artıq qafaca özünü yandırmış minlərlə insanın xilas yolu necə tapılmalıdır? Qazilər üçün güzəştləri bərpa edin, veteranlar üçün təqaüdləri üç qatına artırın, qaçqınlar üçün bütün güzəştləri tanıyın, ancaq yenə də minlərlə bu kateqoriyadan olmayan insanların özlərini yandırmaq duyğusunu necə söndürəcəyinizi düşünməli olacaqsınız. Hər bir cəmiyyətdə insan ədalətsizliyə uğrayar, ancaq mədəni ölkələrdə bunun düzəliş yolu ədalət mühakiməsini gerçəkləşdirən mexanizmdir. Diqqət yetirin, ölümə səbəb bir obyektə sahiblənmək iddiasıdır. Hər iki tərəf öz mülahizəsinə görə haqlı ola bilər. Ancaq Qanunun haqlı saydığı kimdirsə, ədalət güvəni olan yerdə uduzan şəxs özünü yandırmağa varan bir seçimi yaxına buraxmamalıdır.



Ötən gün televiziya xəbər məkanlarında İsrail əsgərinin üzərinə qorxmadan yürüyən və çox yaxın məsafədən ayağına açılan rezin güllə atəşindən yaralanan fələstinli bir qadını heyrətlə seyr edirdim. Əsgərin üzərinə silahsız yürüyərək uşağına qarşı davranışını sorğulamaq istəyirdi. Davranışı ilə, xarakteri ilə qarşısındakı əsgəri yandırmışdı artıq o qadın. Yandığından atəş açırdı o əsgər. Bunun da adı bir xalqa qarşı ədalətsizlikdir, bir xalqın ağır şərtlər altında blokadada yaşamasıdır. Ancaq ən ağır durumda belə özlərini yandırmağı düşünmürlər. Ona görə də hər kəsin duyduğu, ancaq açıqca deyə bilmədiyi bir gerçək var: əslində yanan yalnızca bir Qarabağ qazisi deyildi. Ölkənin hüquq sistemiydi yanan. Yanan, ölkənin ədalət mühakiməsi adına boy göstərən qurumları idi. Çünki məhkəmə qərarlarından sonra insan özünü yandırmağa qərar verirsə, artıq bu nöqtədən düşünməyə başlamaq vacibdir.

Bu ölkənin hər bir vətəndaşında ədalətə güvən olmalıdır. İnsan məhkəmə qərarlarının ədalətliliyinə o qədər güvənməlidir ki, uduzanda belə ən son çarə deyib, həyatına qəsd etməsin. Bu hadisə göstərdi ki, faciəli bir yolla ömrünü bizlərə bağışlamış Qarabağ qazisini bir-iki gün acıyaraq xatırlamaq yetərli deyil. Əsas məsələ artıq illərdir yandırılmış Hüquq Dövləti ideyasını reanimasiyadan çıxarmaq, geriyə gətirməkdir.

Nazim Hikmət düşüncəsini indi fərqli anlayıram. “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, Necə çıxar qaranlıqlar aydınlığa?” deyirdi Nazim. Mən isə “Yanmaqla keçici bir aydınlıq olur, qalıcı bir işıq olmur” deyirəm Nazimə. Bəlkə belə daha məntiqli olardı: “Mən qanmasam, sən qanmasan, biz qanmasaq, Necə çıxaq qaranlıqlar aydınlığa?”

Yanmağımızın da, qanmağımızın da bir faydalı nəticəsi olmalıdır: Hüquq Dövləti...


Paylaş



Bölmə: Siyasət / Sosial / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!