Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
4-05-2024, 10:40
Qızdırması olan 41 yaşlı qadın xəstəxanada öldü


Qızdırması olan 41 yaşlı qadın xəstəxanada öldü

Sumqayıtda 41 yaşlı qadın xəstəxanada ölüb.
Hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb.
1983-cü il təvəllüdlü Turanə Lebey qızı Hacıyeva 2 gün öncə Qax rayonundan qızdırması olduğu üçün xəstəxanaya gətirilibmiş.
Faktla bağlı araşdırma aparılır.
4-05-2024, 10:21
Azərbaycan neftinin qiyməti 85 dollara düşüb


Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 85 dollara düşüb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,69 ABŞ dolları, yaxud 0,80 % azalaraq 85,27 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
4-05-2024, 07:50
İSMAYIL MƏRCANLI İMANZADƏNIN POEZIYASI


İSMAYIL MƏRCANLI İMANZADƏNIN POEZIYASI

İmanzadə İsmayıl Səlim oğlu-Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1993-cü ilin noyabr ayından müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşıb. 1980-cı ildən indiyə kimi 30 kitabı nəşr olunub. Əlliyə yaxın şeirinə Şəfiqə Axundova, Faiq Sücəddinov, Nadir Əzimov, Məlahət Həmidqızı, Razim Paşayev və Əfsanə Rəhbərqızı tərəfindən mahnı bəstələnib. Uşaqlar üçün yazdığı şeirlərin bir qismi orta məktəb dərsliklərində, uşaq şeirləri antalogiyasında dərc olunub. Şeirlərindən bir qismi xarici dillərə (rus, moldavan, türk, ingilis, serb...) tərcmə olunub. “Xocalı notları” adlı pyesi 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulub. Xeyli sayda nəsr əsərlərinin də (povest, hekayə, novella) müəllifidir.
1999-cu ildən Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinə rəhbərlik edir.

ŞƏHİDLİYİN ZƏFƏR NƏĞMƏSİ

Tanrı dəhgahınadır, Şəhidim, son səfərin,
Yadlara göz dağıdır, qazandığın Zəfərin.
Hamı sənə ürəkdən deyir, Əhsən, Afərin!
Vətən-yurd sevgisidir halal qazancın-varın –
Əbədi yolçususan nur saçan sabahların!

Qarı düşmən,- “Qarabağ-Azərbaycandır!”-dedin,
Torpağım, dağım-daşım ürəkdir-candır-dedin!
Şəhid ya Qazi olmaq, şərəfdir-şandır-dedin!
Nəqş elədin imzanı torpağa al qanınla –
Tanındın hər tərəfdə isminlə, ünvanınla!

Uğrunda can verdiyin bu ana torpaq sənin,
Döyüş günü səsini əks etdirən dağ sənin.
Bayraqdarı olduğun üçrəngli bayraq sənin,
Şəhid ucalığında vətən daşına döndün –
Azadlıq nəğməsinə, Zəfər marşına döndün!

Ünyetməyən məkana qalxıb ölümsüz oldun,
Andında, peymanında, ilqarında düz oldun.
Qarı düşmən önündə hər an yenilməz oldun,
Məzarın and yeridir, adın hər qəlbdə naxış –
Şəhidim, əhsən sənə, hünərinə min alqış!
31.10.2021

ARAZ NƏMLİ GÖZLƏRİMDƏN AXIRMIŞ...

Ürəyimdə sızıldayan dərd çayım,
Qismətindən hələ incik-pərt çayım.
Bakı-Təbriz qiyafəli mərd çayım,
Deyən varmı doluxsunub heç nədən,
Göz-göz olan yaraları qövr edən.
Qəm-qüssəsi gör necə də ağırmış -
Araz nəmli gözlərimdən axırmış!

Yaranışdan həm Sultandı, həm də Xan,
Bir düşməni gödənsökən, ev yıxan.
O birisi hürə-hürə vurnuxan,..
Bel sütunu Xoy, Ərdəbil, Qaradağ,
Qibləgahı Zəfər taclı Qarabağ...
İllər boyu bəxtinə qar yağırmış -
Araz nəmli gözlərimdən axırmış!

Xudafərin daş köynəkli dastanı,
Yağı bəlli, namərd aşkar, dost hanı...
Görən varmı heç möhləti-amanı,
“Gülüstan”da şux qaməti bükülən,
“Türkmənçay”da gözünə mil çəkilən.
Xəmirini kimlər dərddən yoğurmuş -
Araz nəmli gözlərimdən axırmış!

Həsrət yükü hələ o tay, bu taylı,
Bəd taleyi nə sovqatlı, nə paylı...
Hayqırtısı hərdən cəngli-haraylı,
Gorum çatlar qisas qalsa sabaha...
Gülsə üzü, deyərəmmi heç daha,
Tanrı ona gəc nəzərlə baxırmış -
Araz nəmli gözlərimdən axırmış!..
04.04.2023

GƏLMİŞƏM

Bir qalam kösövəm-odam,
Bükülmüş qolam-qanadam.
Çoxlarına hələ yadam,
Bir az uzaqdan gəlmişəm.

Tapdansam da torpaq kimi,
Dözdüm hər dərdə dağ kimi...
Yaşıl üzlü yarpaq kimi
Kökdən-budaqdan gəlmişəm.

Kürün avazı-səsiyəm,
Xan Arazın bəstəsiyəm.
“Qarabağ şikəstəsi”yəm,
Dildən-dodaqdan gəlmişəm.

Bələd olsam da “arxına”,
Qarışmamışam axına.
Əslim bəllidir çoxuna,
Halal torpaqdan gəlmişəm.

Alnım açıqdır, üzüm ağ,
Nə astaram, nə də yamaq...
Söz mülkünə min il qabaq,
Ya da lap çoxdan gəlmişəm.

Köhnə komayam, yuvayam,
Nə cəngəm, nə də davayam.
Bir udum suyam, havayam
Saflaşıb Haqdan gəlmişəm.
22.08.2023

OTUZ İL

Otuz il yanımdan yel kimi keçdi,
Əymədim qəddimi qərib eldə də.
Sandım dönük bəxtim yol azmış köçdü,
İşartı axtardım soyuq küldə də.

Hərdən yamanlıqla durdum üz-üzə,
Kölgəmi daşlayan çoxmuş heç demə!
Döndüm misra-misra kəlməyə-sözə,
Səsim bürünsə də qüssəyə, qəmə.

Otuz il boylandım Cəbrayıla mən,
Yuxumda dil açdı aranım, dağım.
Xəyalən adladım Xudafərindən,
Böyük Mərcanlıdan gəldi sorağım.

Otuz il səmtini itirdim köçün,
Heç demə içimdə boğulan səsmiş.
Bildim bu günlərə çatmağım üçün
Yurdumun bir udum havası bəsmiş!

Otuz il ələdim dostu, doğmamı,
Bildiyim çox şeyi üzə vurmadım.
Minnətsiz qazandım halal loxmamı,
Minnətli heç nəyə yaxın durmadım...

Düşmənlə savaşda zəfər müjdəli
Ərənlər yolların tilsimin qırdı.
Elə bil təzədən Tanrının əli,
Yaralı könlümdə toy-büsat qurdu...

O illər dönməyə geriyə bir də,
Mənim yurd həsrətim lal bir hənirmiş.
Hərdən sızlayanda Mingəçevirdə,
Qəlbim yurd yerimdə tüstülənirmiş...
29.02.2024

KAŞ, MƏNİM QARŞIMA HEÇ ÇIXMAYAYDIN...
(Uzun illərdən sonra təzədən qarşıma çıxan bir xanıma)

Dönük bəxtə əl açmağım əbəsdi,
Uğursuz bir sevgi boğulmuş səsdi...
Səni görən kimi ürəyim əsdi,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Bəlkə baxışların qəfil tufanmış,
Ötəri istəyin ömrü bir anmış!
Deyim, deməyimmi, ay dili yanmış,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Hara tələsirdin... bəs, niyə təkdin,
Dərə bilmədiyim güldün, çiçəkdin...
Səbrimi təzədən çarmıxa çəkdin,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Yəqin mürgülüdür hələ qismətin,
Çöhrəndə iz salıb həyan, ismətin.
Səni ovundurmaq çətinmiş, çətin
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Nə şirin xəyalsan, nə röya-yuxu,
Daşa dəyibdimi eşqinin oxu?
De, niyə bu qədər gecikdin axı,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Bilsən-bilməsən də istəyim laldı,
Hər anım cavabsız sorğu-sualdı.
Getdin... yenə könlüm yaralı qaldı,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
06.03.2024

YAŞDA NƏ GÜNAH VAR AXI ...

Böhtanın tez çıxır boyu,
Nə çoxmuş iblisin tayı...
Kəsək bulandırır suyu,
Daşda nə günah var axı?!

Yamanlıq duranda üzə,
Dərd qənim kəsilir bizə.
Dildi kül üfürən gözə,
Başda nə günah var axı?!

Qəlb ömrün acısın dadan,
Yamanca fəndgirmiş nadan...
Gözdür adamı aldadan,
Qaşda nə günah var axı?!

Haqsızlıq səbri daşdıran,
Yalan söz göz qamaşdıran...
Ağılmış başı çaşdıran,
Yaşda nə günah var axı?!
09.10.2023

ÇAYIN SAHİLİNDƏ BİR QIZ AĞLAYIR

Siyah saçlarını oynadır külək,
Qəmli sinəsindən asılıb bilək.
Sanki göydən enmiş mələkdir, mələk
Nədənsə dayanıb yalqız ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Nəmli gözləriylə baxır sulara,
Bilən yox fikrində üz tutub hara.
Dönüb sərt küləyə, çevrilib qara,
Göyərmiş əlləri bumbuz, ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Əsir yarpaq kimi sızladıqca can,
Qəfil bir ölümmü axtarır hər an?
Asılıb durubdu göz yaşlarından,
Elə bil bənövşə, nərgiz ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Qəlbindən keçəni suya danışmır,
Çöküb çöhrəsinə həya-danışmır.
Nisgili gəlməyir saya-danışmır,
Gah dodaq səyriyir, gah üz ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Bəlkə o, cavabsız eşqə əsirdir,
Bəlkə bir kimsəsiz yetim-yesirdir?
Anlamaq olmur ki bu necə sirdir,
Lal haray hıçqırır, avaz ağlayır -
Çayın sahilində bir qız ağlayır!

İndi dünya ona qəfəs kimi dar,
Halına acımır nə dost, nə də yar.
Allahım, gəl onu özünə qaytar,
Dil dönüb kösövə, ağız ağlayır -
Çayın sahilində bir qız ağlayır!..
04.01.2014

XATİRƏLƏR
Nahaq yerə tutdum dilə,
Geri dönməz ta vaxt-vədə.
Zülmətdə qərq olan anlar
Ya qorxuymuş, ya hədə.

Hər gizli işin öz səmti,
Elə dərdin də tamı var.
Sevincin qəfildən gələn

Zülmət donlu axşamı var...

Bir quş kimi uçub getdi,
Səsim çatmaz ötən günə.
Uzalı qalıbdı əlim,
İmdadıma çatan günə.

Mən lal-dinməz dayanmışam,
Anlardı salan hay-həşir.
Xatirələr hürkən kimi
Sürüşüb ovcuma düşür.
01.01.2024

YAŞADIM

Baxan kimi bəxt üzümə qıyqacı,
Bildim yoxdu tənhalığın əlacı.
Xatirələr həm şirinmiş, həm acı,
Hərdən dönüb ötən anda yaşadım.

Qoşa gördüm bəzən sevinclə qəmi,
Həzm elədim həm artığı, həm kəmi.
Haqlı-haqsız daşladılar kölgəmi,
Zülmət donlu bir ünvanda yaşadım.

Bələd oldum sərt üzünə möhnətin,
Halallıqla baş girləmək çox çətin...
Arxasınca sürünmədim şöhrətin,
Təkcə təmiz adda-sanda yaşadım.

Avazımdı vərəqlərdə əkdiyim,
İlk eşqimmiş göz yaşıma bükdüyüm.
Misra-misra şəkilini çəkdiyim
Ay-ulduzlu asimanda yaşadım.
22.03.2024

HALIYAM

Yüyəninə əl atsam da hər anın,
Nə ürəyin səsin duydum, nə qanın.
Necə deyim qana həris dünyanın,
Hər səmtindən, hər izindən halıyam?

Əllərimdən çıxdı əli ömrümün,
Cavanlıqmış “gəlhagəli” ömrümün...
Qürub çağlı səksəkəli ömrümün,
Öynəsindən, pəhrizindən halıyam.

Halallıqdı söz mülkündən dərdiyim,
Qismətimmiş... özgəsinə verdiyim.
Düz otuz il gözlərimlə gördüyüm
Cəhənnəmin hər üzündən halıyam!..
27.03.2024

4-05-2024, 07:32
GÜLNARIN RƏNGLƏR DÜNYASI


GÜLNARIN RƏNGLƏR DÜNYASI

Şəkinin Baş Zəyzid kəndində yaradıcılıq ezamiyyətindəyəm. Hər gün onlarla sakinlə görüşür, milli adət-ənənələrimizlə bağlı söhbətlər aparır, qədim yurd yerlərimizin tarixi, folklor və etnoqrafiyamızla bağlı müəyyən məlumatlar toplamağa çalışıram. Deməliyəm ki, yaxın iki aydakı görüşlərimizdən, söhbətlərimizdən belə anlaşıldı ki, bu yerlərdə illərlə toplasan belə tükənməyəcək zəngin milli-mənəvi dəyərlər xəzinəsi yatır.
Kəndimizin Seyid dayı adlı məşhur bir zurna ustası olub. Başının dəstəsi ilə saysız-hesabsız toy və el şənliklərini idarə edib. Hətta 1991-ci ildə kənd fəallarının böyük fədakarlığı sayəsində kəndimizdə ilk dəfə baş tutan milli Novruz bayramı şənliyinin musiqi bəzəyi də Seyid dayının adı ilə bağlıdır.
“Gülnarın rənglər dünyası” sərlövhəli yazıma Seyid dayını xatırlamaqla başlamağım heç də səbəbsiz deyil. Çünki haqqında söhbət açacağım gənc rəssam qızımız məhz Seyid dayının nəticəsidir. Doğru deyiblər ki, həyatda heç nə təsadüfi olmur. Bizə təsadüf kimi görünən hadisələrin alt qatında əslində böyük həqiqətlər gizlənir. Belə ki, mən Seyid dayı haqqında məlumat toplamaq məqsədilə onun oğlu Cəlal müəllimlə görüşmək qərarına gəldim və bu ailənin qonağı olarkən də Gülnar qızımızın bir-birindən gözəl əl işləri ilə tanış oldum.

Gülnar Məmmədli ziyalı ailədə doğulub. Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbinin 9 “a” sinif şagirdidir. Gülnarın babası Cəlal Məmmədov, atası Səxavət Məmmədov da həmin məktəbin idman müəllimləridir. Nənəsi Rəfiqə Məmmədova ibtidai sinif müəllimi, anası Günel Məmmədova tibb bacısıdır.
Cəlal müəllim hazırda təqaüdçü olsa da, bütün ailə üzvləri kimi onun da diqqəti istedadlı nəvəsi Gülnarın gələcək həyat yolunda tutacağı istiqaməti müəyyənləşdirməyə, ona dəstək olmağa yönəlib. Bunu onunla söhbətimiz zamanı açıqca hiss etmək olur:
“Hələ üçüncü sinif şagirdi olduğu zamanlardan hiss etdik ki, Gülnar dərslərini yaxşı oxumaqla yanaşı, televizorda izlədiyi cizgi filmi qəhrəmanlarının rəngli qələmlərlə şəklini çəkir. Düzü, əvvəlcə bunu adi bir uşaq həvəsi hesab etdik. Sonradan onun fırçadan, rəngli qələmlərdən heç cür ayrılmadığını, rəsm sənətini qəlbən sevdiyini gördük. İstəyirdik ki, həkimliyi seçsin. Dərslərindən ancaq əla qiymətlər alırdı, biologiyaya isə xüsusi həvəsi vardı. Bu fənni çox yaxşı oxuyurdu. Bununla belə, Gülnarın get-gedə rənglərə daha dərindən bağlandığını gördük. Ev tapşırıqlarını yerinə yetirdikdən sonra, boş vaxtlarında ancaq şəkil çəkdiyini görüb ona mane olmamağı qərara aldıq. Şəkil çəkmək onda heç də pis alınmırdı. Düşündük ki, nəvəmin rəssamlıq sənətinə bağlılığı adicə həvəs çərçivəsindən çoxdan çıxıb. Soraqlaşıb Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədovu tapdıq. Onun kurslarına yazdırdıq Gülnarı. Sahib müəllimin yanına gedəndə Gülnarın abstrakt mövzularda işlədiyi şəkilləri də özümüzlə götürmüşdük. Müəllim həm onun çəkdiyi şəkillərə baxdı, həm də bu şəkillərin izahatına qulaq asdı və dedi ki, Gülnarı bu sənətdən ayırmaq günahdır...”

Öyrənirik ki, o vaxtdan etibarən – bir ildən çoxdur Gülnar davamlı olaraq Sahib müəllimin rəsm kurslarına gedir. Artıq Sahib müəllimin fikri qətiləşib ki, Gülnarın bügünəcən çəkdiyi əsərlərdən ibarət fərdi sərgisi təşkil olunmalıdır. Müəllimi düşünür ki, gənc bir rəssam kimi o öz yaradıcılıq fəaliyyətini daha da genişləndirməli, onun sənət uğurları ətrafdakı istedadlı uşaqlara da sirayət etməli, onları da sənət yollarında uğurlar qazanmağa ruhlandırmalıdır.
Gülnar barədə daha ətraflı məlumat əldə etmək üçün Baş Zəyzid kənd tam orta məktəbində olduq. İnformatika müəllimi Sevda Balənmədova Gülnar barədə yazmaq istədiyimizi eşidəndə çox sevindi. Bu cür istedadların həqiqətən xüsusi diqqət və qayğı ilə əhatə edilməsinin vacibliyindən danışdı. Məktəbin əlaçı şagirdi kimi Gülnarı digər şagirdlərdən fərqləndirən bacarıq və qabiliyyətlərə malik olmasını həm də bütövlükdə təhsil aldığı məktəbin və doğulub böyüdüyü kəndin uğuru kimi dəyərləndirdi.
Məktəbin rəsm müəllimi Gülxatın Məhərrəmova hələ aşağı siniflərdə Gülnarın istedadını büruzə verdiyini, onun digər uşaqlardan fərqləndiyini müşahidə etdiyini söylədi. Onu da qeyd etdi ki, məktəbdə hansısa əlamətdar günlər və bayramlarla əlaqədar təşkil olunan sərgilərdə Gülnarın işləri həmişə diqqəti cəlb edib.

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sahib Məhyəddinov, biologiya müəllimləri Aynur Qədirova, Sevinc Nəsrullayeva, sinif rəhbəri Aytəkin Həmidova da Gülnarın bütün dərslərdə xüsusi fəallıq göstərdiyindən böyük razılıq hissi ilə danışdılar.
Gülnar əlaçıdır, dərslərindən həmişə yüksək qiymətlər alır. Çünki elmin bütün sahələri ilə dərindən maraqlanır, dayanmadan, durmadan mütaliə edir. Mütaliəsinin zənginliyi elə çəkdiyi rəsmlərdən bəllidir.
“Əsərlərimin əksəriyyətini hiss edib duyduqlarımdan, oxuduğum əsərlərdən aldığım məlumat və enerjidən əxz eləmişəm. Eyni zamanda, bu əsərlərdə dünyanın yaranış, törəniş və gələcəyə doğru inkişafını, təkamül prosesini rənglərin dili ilə verməyə çalışmışam. İşlərimin bir çoxunu sürrealist əsərlər təşkil edir. Bunlar mənim duyğu və düşüncələrimin inikasıdır” – deyir Gülnar.
Əsərlərinin bəzilərinin adlarını çəkməklə bu işlərin mövzu müxtəlifliyinə və məzmun dərinliyinə diqqəti cəlb etmək istərdim: “Qaranlığın rəqsi”, “Yerin yaradılması”, “Qanadlı arzular”, “Bəyaz işıq” və s…

Həqiqətən də, Gülnarın düşüncələri kimi, düşüncə və istedadının, təxəyyül və idrakının ortaq məhsulu kimi ortaya çıxan əsərləri adamı dərindən düşünməyə vadar edir. Düşünür və deyirsən ki, nə yaxşı bu bozbulanıq dünyada Gülnar və onun istedadlı yoldaşları kimi bəşəri ideallarla yaşayıb gələcəyə doğru inamla addımlayan gənclərimiz var. Çünki gələcəyimizi məhz bu cür azadfikirli, açıqdüşüncəli istedad sahibləri olan gənclərimiz quracaqlar. Gələcək onlarındır!

Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədovun Gülnar barədə dediklərindən:
“İlk dəfə Gülnarın işlərinə baxdıqda onda bu sənətə böyük həvəs olduğunu hiss etdim. Bir müəllim kimi ona bu sənətdə təkan verdim. Dərsində hər zaman çalışqandır. Gülnar Məmmədlinin özünəməxsus kompozisiyaları var. Gələcəkdə onun ali təhsil alıb, sənətdə daha da yüksək nailiyyətlər qazanacağına inanıram. Bu yolda ona uğurlar arzulayıram”.
Biz də Gülnara (Gül Nar) sevib-seçdiyi rəssamlıq sənətinin çətin və rəngarəng yollarında saysız uğurlar arzulayırıq.

Qiymət MƏHƏRRƏMLİ,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
Filologiya üzrə fəlsəfə doktoru, şair.

3-05-2024, 22:50
Sudan Prezidentinin oğlu Ankarada öldü


Sudan Prezidentinin oğlu Ankarada öldü

Sudan Prezidenti Abdulfettah əl-Burhanın oğlu Məhəmməd Fəttah əl-Burhan Rahman vəfat edib.
O, iki ay əvvəl Ankarada motosikletlə qəzaya uğrayıb və xəstəxanaya yerləşdirilib.
Onun bu gün dünyasını dəyişdiyi bildirilir.
3-05-2024, 20:51
Onun alimliyi vətəndaşlığından doğan alimlik idi

Görkəmli Azərbaycan alimlərinin elmi irsinin zənginləşdirilməsi istiqamətində tədqiqatlar davam edir
Onun alimliyi vətəndaşlığından doğan alimlik idi


Ümumittifaq Torpaqşünaslıq və Ümumittifaq Coğrafiya cəmiyyətlərinin üzvü, 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Partiya Komitəsinin katibi, 1952-1957-ci illərdə AMEA-nın akademik-katibi, Dünya Universitetinin elm və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, eləcə də 1968-1987-ci illərdə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru olmuş AMEA-nın həqiqi üzvü Həsən Əliyevin şəxsi fondu tədqiqatçıların sərəncamına verilib. Fondun zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Akademik Həsən Əliyevə məxsus çoxsaylı sənədlər elmi ekspertizadan keçirilərək arxiv siyahılarına uyğun olaraq fonda daxil edilib. Müxtəlif istiqamətli elmi, pedaqoji və yaradıcı fəaliyyəti özündə cəmləşdirən fondda Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə olunması və onların mühafizəsi, müxtəlif rayonların torpaq xəritələrinin tədqiqi, təbiətdən və təbii sərvətlərdən istifadənin elmi əsaslandırılması ilə bağlı Azərbaycan elminin dəyərli tədqiqat əsərləri Elmi irs şöbəsində daimi mühafizəyə cəlb edilib. Fondda görkəmli coğrafiyaşünas alimin elmi-populyar məqalələri, xəritələr, redaktə etdiyi əsərlər, beynəlxalq və ümumittifaq konfranslarındakı giriş nitqləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə dair sənədlər, səfər təəssüratları və xatirələri yer alıb. Akademikə məxsus fondda, həmçinin ətraf mühitə dair elmlər, kənd təsərrüfatı, ekologiya, bitkiçilik və coğrafiyanın inkişafına töhfələr verəcək araşdırmalar siyahılara uyğun şəkildə yerləşdirilib.
Azərbaycan xalqının təbiətə olan sevgisindən kənarda qala bilməyən Həsən bəy Zərdabi və Həsən Əliyev kimi dühaların vətənə olan eşqindən dolayı təbiətşünaslıq elmini seçmələri və Vətənin bənzərsiz gözəlliklərlə zəngin təbiətini qorumaq məqsədilə elmi yaradıcılıq yoluna çıxmaları cəmiyyətdə və elm aləmində maraqlı tendensiya yaradır. Azərbaycan təbiətində müxtəlif səbəblərdən torpağın xassələrinin tədricən pisləşməsi, torpaq strukturunun pozulması və torpağın münbitliyinin aşağı düşməsi nəticəsində baş verən deqradasiya prosesi zamanı – XIX əsrin II yarısı və XX əsrin II yarısında Həsən bəy Zərdabi və Həsən Əliyevin təbiətşünaslıq elminin inkişafı istiqamətində atdıqları addımlar, təbiətə kütləvi qayğı gərəkdiyini söyləyən SOS xarakterli çıxışlar, yazılar və əsərlər ölkənin nadir təbiət ünsürlərini qorumaq və Azərbaycan təbiətinə sevgi aşılamağı hədəf seçdi.
Təbiətşünas, pedaqoq, maarifçi-demokrat Həsən bəy Zərdabinin “Meşəni meşəbəyilərdən qorumaq lazımdır”, “Əgər meşələr qırılarsa, yayda müsəlləh sədası, qışda isə təzək tüstüsü göylərə ucalar” kimi deyimlərilə Tuqay meşələrini qırılmaqdan qurtarmaq, meşələrin su tənzimləyici, torpaqqoruyucu rolunu və onun quraqlığa qarşı ən əlverişli mübarizə vasitəsi olduğunu xalqa çatdırmaq amalı və akademik Həsən Əliyevin məqsədləri üst-üstə düşürdü. Akademik Həsən Əliyevin ilk variantı 1976-cı ildə, II təkmil nəşri isə 1982-ci ildə işıq üzü görən “Həyəcan təbili” əsəri də öz növbəsində Azərbaycan təbiətinin deqradasiyaya uğradığının, təbiəti mühafizə üçün ölkə əhalisinin əksəriyyətinin bir araya toplaşmalı olduğunun həyəcan siqnalına çevrildi. “Biz təbiətdən mərhəmət gözləməməli, onu öz iradəmizə tabe etməliyik” deyiminə istehza edən vətən aşiqi Həsən Əliyev “tabe elə görüm necə edəcəksən” deyərək “Həyəcan təbili” kitabında quruyan çeşmə və çaylarımızın, məhv edilmiş meşələrimizin ağrı-acısından danışaraq təbiətimizin müdafiəsinə qalxırdı.
Bütün varlığı ilə ana təbiətə bağlı olan, təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvəti sayılan torpağa xüsusi həssaslıq və duyarlıqla yanaşan Həsən Əliyev kimi alimlərin yeri və rolu danılmazdır. “Qırmızı kitab”a düşmüş canlıların, nadir bitki və heyvanlar aləminin növlərinin təhlükə ilə üzləşməsi, məhsuldar torpaqların tədricən sıradan çıxması, eroziyaya məruz qalmış və şorlaşmış torpaqların, qırılan meşələrin, sökülən çəmənliklərin, o cümlədən toksik maddələr və çirkab sularla zəhərlənmiş torpaqların üzləşdiyi təhlükələrdən xilas edilməsi yollarının araşdırılıb göstərilməsi onun müstəsna xidmətlərindəndir.
Alim əməyi və zəngin elmi tədqiqat işindən söz düşəndə öz peşəsinə, təbiətşünaslıq, coğrafiya və ekologiya elminə vurğunluqla “Mən xalqıma çox borclu olduğumdan borcumu ödəyirəm” deyərdi. Bu onun təbiəti sadəcə olaraq sevmək xatirinə sevdiyini deyil, onu dərk edərək sevdiyini göstərirdi.
Unudulmaz xidmətləri sırasında Azərbaycanda qoruqların təşkili, artırılması və onların qorunması, ətraf mühitin mühafizəsi məqsədilə cəmiyyətin təşkilatlanması və müxtəlif qurumların, ictimai nəzarət mərkəzlərinin işinə start verilməsi, bu istiqamətdəki fəaliyyəti elmi yöndə həyata keçirmək üçün şöbələrin yaradılması, 1970-ci ildə “Azərbaycan təbiəti” adlı elmi-kütləvi jurnalın nəşrə başlaması, o cümlədən arid, yəni quraq təbiəti olan alçaq dağlıq ərazilərdə meşəsalma fikrinin əsasının qoyulması idi.
AMEA Rəyasət Heyəti Aparatı Elmi irs
şöbəsinin əməkdaşı Gülnar Hacıyeva
3-05-2024, 20:42
“Turan yolu-Zəngəzurum” əsərinin təqdimatı olub - FOTO


“Turan yolu-Zəngəzurum” əsərinin təqdimatı olub - FOTO

Mayın 3-də Bakıda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə dekorativ tətbiqi sənət ustaları Lalə, Toğrul və İsgəndər Sərdarlıların ərsəyə gətirdiyi "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub.
Təqdimatda Sərdarlı ailəsinin müəllifi olduğu 50-yə yaxın əsər nümayiş olunub.
Sərdarlıların əl işləri Azərbaycan mədəniyyət tarixində ilk dəfə müvafiq qurumlar tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək, qeydiyyata alınan dekorativ tətbiqi sənət nümunələridir.
Bakı Yunus Əmrə İnstitutunun başqanı Selcuk Karakılıç, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və İstanbul millət vəkili Doğan Bekin sərginin əhəmiyyətindən danışıblar. Onlar Sərdarlılar ailəsinin yaradıcılığına xüsusi dəyər verdiklərini qeyd ediblər.
Çıxışlarda ailənin unudulmuş tətbiqi sənət nümunələrini yenidən fərqli məzmun və formatda ictimaiyyətə təqdim etməsinin əhəmiyyət vurğulanıb.
Azərbaycan Rəssamlar ittifaqının üzvü, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı bildirib ki, tədbirin əsas məqsədi unudulmaqda olan xalq sənəti nümunələrimizin günümüzə qayıdışını təbliğ etməkdir.
Daha sonra qonaqlar Sərdarlıların bir-birindən maraqlı əsərləri ilə tanış olublar.
Qərbi azərbaycanlılara məxsus tarixi memarlıq abidələrini, mədəni irs incilərini tərənnüm edən özünəməxsus üslubda işlənmiş dekorativ tətbiqi sənət nümunələri və digər əsərlər milli koloriti və orijinallığı ilə göz oxşayıb.
Sərdarlılar ailəsinin yaratdığı sandıq, mücrü və zinət əşyaları Azərbaycan mədəniyyət tarixində ilk dəfə olaraq sənət əsərləri kimi dəyərləndirilib.
Hazırda Sərdarlılar ailəsinin bir sıra əsərləri Macarıstan, Şimali Kipr, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.



3-05-2024, 20:22
Ulu Öndər Abşeron Rayonunda anıldı


Ulu Öndər Abşeron Rayonunda anıldı

Bu gün Xırdalan şəhərində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirildi. İcmanın Abşeron rayonu üzrə nümayəndəsi, İqtisad elmləri üzrə fəlsəfə doktoru Bilman Vəliyev qonaqları salamladıqdan sonra hər kəsi sayğı duruşuna dəvət etdi. Ulu Öndərin və şəhidlərimizin xatirəsi sükutla yad edildi. Ardınca dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu. Filmin nümayişi zamanı duyğulu anlar yaşandı. Ulu öndərin gənclik illərindən tutmuş müstəqil Azərbaycanın dövlət quruculuğuna qədər keçdiyi gərgin və qürurverici, şərəfli ömür yolu öz əksini tapmışdı filmdə.


Bilman Vəliyev uzun illər Abşeron rayonunda çalışdığından Heydər Əliyevin Abşeron rayonuna təyin etdiyi kadrların işinin şahidi olduğunu, özünün də 1980-ci illərdə Heydər Əliyevin xeyir-duası ilə Rusiyanın ali məktəbində təhsil aldığını bildirdi. Onun Gənclər siyasətinə dair nümunələr gətirdi.
Abşeron Rayon Ağsaqqallar şurasının sədri,

Şəhid atası Nizami Zalov Ulu Öndərin Naxçıvanın ağır günlərindəki fəaliyyətindən, Ordu quruculuğu siyasətindən, Azərbaycan gənclərinə müraciətindən, Füzuli istiqamətində gedən döyüşlər zamanı əsgərlərlə bərabər səngərə girib onların döyüş ruhunu, vətənpərvərlik hissini necə yüksəltməsindən danışdı. Onun bütün həyat və fəaliyyətini xalqa rəhbərliyin nümunəsi kimi səciyyələndirdi.

Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev Ulu Öndərin tərcümeyi halını- doğum günündən son gününədək, xronoloji ardıcıllıqla əzbərdən dedi. Azərbaycanda 2 fevralın Gənclər Günü kimi qeyd olunmasını da Heydər Əliyevin gənclərə olan diqqətinin təzahürü olaraq dəyərləndirdi.
Bilman Vəliyev Əməkdar müəllim Teyyibə Hüseynovanı “Heydər Əliyevin 100 illiyi (1920-2023)” yubiley medalı ilə təltif olunması münasibəti ilə təbrik etdi. Təbrikə görə minnətdarlığını bildirən Teyyibə xanım Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına nə qədər diqqət göstərməsini Ali Baş Komandanın qədim yurd yerlərimizə bağlılığının ifadəsi kimi səciyyələndirdi. O, İrəvanın 1918-ci ildə paytaxt olaraq ermənilərə verilməsindən, Zəngəzurun Sovet imperiyası tərəfindən haylara bağışlanmasından, Naxçıvanın ana vətəndən ayrı düşməsindən, Mehrinin, Qafanın ermənilərə bağışlanmasının acılarından yana-yana danışdı.

Qeyd etdi ki, 1929-cu ildə Naxçıvanın 657 kv km ərazisi ermənilərə verilmiş, ana yurdum Nüvədi də elə o vaxtdan əsir düşmüşdü . Məhz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra hayların torpaqlarımızı qayçılamasına son qoyuldu.
Azərbaycan əhalisinin deportasiya və soğyqırımına hüquqi-siyasi qiyməti də Ulu Öndər verdi.
Ziyalılar adından çıxış edən şair Sədayət Sədad Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Bizə qismət verdi Böyük Yaradan” şeirini oxudu. Şeir alqışlarla qarşılandı.

Bizi qurtarmaqçün böyük bəladan,
Haqq özü göndərdi bir müdrik insan.
Elmdə, hünərdə yox tayı inan!
Bizə qismət verdi Böyük Yaradan.

Siyasət elminin şahı, sultanı,
Yetirdi bizlərə Heydər babanı.
Sərvəti bol olan Azərbaycanı,
Bizə qismət verdi Böyük Yaradan.

Safdı əqidəsi, pakdı vicdanı,
Dünyaya tanıtdı Azərbaycanı.
Müdrik rəhbəri, müdrik insanı,
Bizə qismət verdi Böyük Yaradan.

Alovlu çıxışı, odlu nəfəsi,
Dünyaya səs saldı onun haqq səsi.
Çətin bir zamanda, əvəzsiz şəxsi,
Bizə qismət verdi Böyük Yaradan.

Aləmə yayıldı şöhrəti, şanı,
Yazılacaq neçə “Heydər” dastanı.
Hər yanda tanıdan eli - obanı,
Bizə qismət verdi Böyük Yaradan.

Dolandı dünyanı, gəzdi səngəri,
Tarix az yetirir belə sərvəri.
Bütün elmlərdən vardı xəbəri,
Bizə qismət verdi Böyük Yaradan.

Millət görməmişdi, belə rəhbər,
O, xalqı səslədi,xalq dedi Heydər !
Sədad deyir, bir inciydi bu bəşər,
Bizə qismət verdi Böyük Yaradan.

Sonda Xatirə şəkli çəkdirildi.












3-05-2024, 17:59
Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır - Zaxarova


Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır - Zaxarova

Ermənistan KTMT-dən çıxa bilər, ya da çıxa bilməz məsələsilə bağlı sual rəsmi İrəvana ünvanlanmalıdır. Biz erməni tərəfdaşlarımızın xarici siyasət kursunu, suveren hüququnu şübhə altına almırıq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
“Xatırladıram ki, Nizamnamənin 19-cu maddəsində KTMT-dən çıxmaq imkanı təsbit olunub. Bu halda dövlət KTMT üzrə öhdəliklərini həll etdikdən sonra çıxma tarixinə altı aydan gec olmayaraq rəsmi bildiriş göndərməlidir”.
Zaxarova deyib ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir və müvafiq öhdəlikləri, o cümlədən 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsi və 2002-ci il tarixli Nizamnaməni, habelə digər sənədlərlə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürməlidir.
Biz qəti əminik ki, istənilən halda KTMT Avrasiyada sülhün təhlükəsizliyinin, eləcə də ona üzv dövlətlərin təhlükəsizliyinin qorunmasına cavabdeh olan effektiv strukturdur və belə də qalacaq”.
3-05-2024, 17:33
Bu şəxslərə də elektron qaydada pensiya təyin olunacaq - Nazirlik


Bu şəxslərə də elektron qaydada pensiya təyin olunacaq - Nazirlik

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə edilən yeni dəyişiklik uşaqlara görə güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiya hüququ olan şəxslərə də pensiyanın proaktiv təyin edilməsinə imkan yaradacaq.
Bu vaxta qədər 5 və daha çox uşağı olan şəxslərə güzəştli şərtlərlə pensiya təyinatı üçün Qanunda həmin uşaqların səkkiz yaşınadək onlar tərəfindən tərbiyə etmə və böyütmə tələb olunurdu. Bu fakt da yalnız vətəndaşın təqdim etdiyi arayış əsasında təsdiq edilirdi.
Yeni dəyişikliklə artıq bu tələb aradan qalxıb və bu pensiya növünün də proaktiv təyinatına artıq maneə qalmır.
Eyni zamanda, Qanunun 8.1-ci maddəsində göstərilir ki, qadınlar öz uşaqlarından əlavə övladlığa və ya qəyyumluğa uşaq götürüb 8 yaşınadək tərbiyə etdikdə və uşaqların sayı öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda onların da 5 il erkən pensiya hüququ var. Yeni dəyişikliklə övladlığa və ya qəyyumluğa götürülən həmin uşaqların yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar olması şərti ilə bu hüquq yaranacaq.
Həmçinin əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərlə yanaşı, əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürmüş şəxslərə də uşaqlara görə güzəştli şərtlərlə pensiya hüququ veriləcək.
Bu da övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, müvafiq dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdırmaq məqsədi daşıyır.
Eləcə də bu vaxtadək ana vəfat etdiyinə və ya valideynlik hüququndan məhrum edildiyinə, yaxud ana ilə nikaha xitam verildiyinə görə 5 və daha çox uşağını və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara 5 il erkən pensiyaya çıxmaq hüququ verilirdi.
Yeni dəyişiklik həmin atalara artıq növbəti nikaha daxil olduqları halda da bu hüququn şamil olunmasını nəzərdə tutur.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!