Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 4-05-2024, 07:50
İSMAYIL MƏRCANLI İMANZADƏNIN POEZIYASI


İSMAYIL MƏRCANLI İMANZADƏNIN POEZIYASI

İmanzadə İsmayıl Səlim oğlu-Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1993-cü ilin noyabr ayından müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşıb. 1980-cı ildən indiyə kimi 30 kitabı nəşr olunub. Əlliyə yaxın şeirinə Şəfiqə Axundova, Faiq Sücəddinov, Nadir Əzimov, Məlahət Həmidqızı, Razim Paşayev və Əfsanə Rəhbərqızı tərəfindən mahnı bəstələnib. Uşaqlar üçün yazdığı şeirlərin bir qismi orta məktəb dərsliklərində, uşaq şeirləri antalogiyasında dərc olunub. Şeirlərindən bir qismi xarici dillərə (rus, moldavan, türk, ingilis, serb...) tərcmə olunub. “Xocalı notları” adlı pyesi 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulub. Xeyli sayda nəsr əsərlərinin də (povest, hekayə, novella) müəllifidir.
1999-cu ildən Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinə rəhbərlik edir.

ŞƏHİDLİYİN ZƏFƏR NƏĞMƏSİ

Tanrı dəhgahınadır, Şəhidim, son səfərin,
Yadlara göz dağıdır, qazandığın Zəfərin.
Hamı sənə ürəkdən deyir, Əhsən, Afərin!
Vətən-yurd sevgisidir halal qazancın-varın –
Əbədi yolçususan nur saçan sabahların!

Qarı düşmən,- “Qarabağ-Azərbaycandır!”-dedin,
Torpağım, dağım-daşım ürəkdir-candır-dedin!
Şəhid ya Qazi olmaq, şərəfdir-şandır-dedin!
Nəqş elədin imzanı torpağa al qanınla –
Tanındın hər tərəfdə isminlə, ünvanınla!

Uğrunda can verdiyin bu ana torpaq sənin,
Döyüş günü səsini əks etdirən dağ sənin.
Bayraqdarı olduğun üçrəngli bayraq sənin,
Şəhid ucalığında vətən daşına döndün –
Azadlıq nəğməsinə, Zəfər marşına döndün!

Ünyetməyən məkana qalxıb ölümsüz oldun,
Andında, peymanında, ilqarında düz oldun.
Qarı düşmən önündə hər an yenilməz oldun,
Məzarın and yeridir, adın hər qəlbdə naxış –
Şəhidim, əhsən sənə, hünərinə min alqış!
31.10.2021

ARAZ NƏMLİ GÖZLƏRİMDƏN AXIRMIŞ...

Ürəyimdə sızıldayan dərd çayım,
Qismətindən hələ incik-pərt çayım.
Bakı-Təbriz qiyafəli mərd çayım,
Deyən varmı doluxsunub heç nədən,
Göz-göz olan yaraları qövr edən.
Qəm-qüssəsi gör necə də ağırmış -
Araz nəmli gözlərimdən axırmış!

Yaranışdan həm Sultandı, həm də Xan,
Bir düşməni gödənsökən, ev yıxan.
O birisi hürə-hürə vurnuxan,..
Bel sütunu Xoy, Ərdəbil, Qaradağ,
Qibləgahı Zəfər taclı Qarabağ...
İllər boyu bəxtinə qar yağırmış -
Araz nəmli gözlərimdən axırmış!

Xudafərin daş köynəkli dastanı,
Yağı bəlli, namərd aşkar, dost hanı...
Görən varmı heç möhləti-amanı,
“Gülüstan”da şux qaməti bükülən,
“Türkmənçay”da gözünə mil çəkilən.
Xəmirini kimlər dərddən yoğurmuş -
Araz nəmli gözlərimdən axırmış!

Həsrət yükü hələ o tay, bu taylı,
Bəd taleyi nə sovqatlı, nə paylı...
Hayqırtısı hərdən cəngli-haraylı,
Gorum çatlar qisas qalsa sabaha...
Gülsə üzü, deyərəmmi heç daha,
Tanrı ona gəc nəzərlə baxırmış -
Araz nəmli gözlərimdən axırmış!..
04.04.2023

GƏLMİŞƏM

Bir qalam kösövəm-odam,
Bükülmüş qolam-qanadam.
Çoxlarına hələ yadam,
Bir az uzaqdan gəlmişəm.

Tapdansam da torpaq kimi,
Dözdüm hər dərdə dağ kimi...
Yaşıl üzlü yarpaq kimi
Kökdən-budaqdan gəlmişəm.

Kürün avazı-səsiyəm,
Xan Arazın bəstəsiyəm.
“Qarabağ şikəstəsi”yəm,
Dildən-dodaqdan gəlmişəm.

Bələd olsam da “arxına”,
Qarışmamışam axına.
Əslim bəllidir çoxuna,
Halal torpaqdan gəlmişəm.

Alnım açıqdır, üzüm ağ,
Nə astaram, nə də yamaq...
Söz mülkünə min il qabaq,
Ya da lap çoxdan gəlmişəm.

Köhnə komayam, yuvayam,
Nə cəngəm, nə də davayam.
Bir udum suyam, havayam
Saflaşıb Haqdan gəlmişəm.
22.08.2023

OTUZ İL

Otuz il yanımdan yel kimi keçdi,
Əymədim qəddimi qərib eldə də.
Sandım dönük bəxtim yol azmış köçdü,
İşartı axtardım soyuq küldə də.

Hərdən yamanlıqla durdum üz-üzə,
Kölgəmi daşlayan çoxmuş heç demə!
Döndüm misra-misra kəlməyə-sözə,
Səsim bürünsə də qüssəyə, qəmə.

Otuz il boylandım Cəbrayıla mən,
Yuxumda dil açdı aranım, dağım.
Xəyalən adladım Xudafərindən,
Böyük Mərcanlıdan gəldi sorağım.

Otuz il səmtini itirdim köçün,
Heç demə içimdə boğulan səsmiş.
Bildim bu günlərə çatmağım üçün
Yurdumun bir udum havası bəsmiş!

Otuz il ələdim dostu, doğmamı,
Bildiyim çox şeyi üzə vurmadım.
Minnətsiz qazandım halal loxmamı,
Minnətli heç nəyə yaxın durmadım...

Düşmənlə savaşda zəfər müjdəli
Ərənlər yolların tilsimin qırdı.
Elə bil təzədən Tanrının əli,
Yaralı könlümdə toy-büsat qurdu...

O illər dönməyə geriyə bir də,
Mənim yurd həsrətim lal bir hənirmiş.
Hərdən sızlayanda Mingəçevirdə,
Qəlbim yurd yerimdə tüstülənirmiş...
29.02.2024

KAŞ, MƏNİM QARŞIMA HEÇ ÇIXMAYAYDIN...
(Uzun illərdən sonra təzədən qarşıma çıxan bir xanıma)

Dönük bəxtə əl açmağım əbəsdi,
Uğursuz bir sevgi boğulmuş səsdi...
Səni görən kimi ürəyim əsdi,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Bəlkə baxışların qəfil tufanmış,
Ötəri istəyin ömrü bir anmış!
Deyim, deməyimmi, ay dili yanmış,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Hara tələsirdin... bəs, niyə təkdin,
Dərə bilmədiyim güldün, çiçəkdin...
Səbrimi təzədən çarmıxa çəkdin,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Yəqin mürgülüdür hələ qismətin,
Çöhrəndə iz salıb həyan, ismətin.
Səni ovundurmaq çətinmiş, çətin
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Nə şirin xəyalsan, nə röya-yuxu,
Daşa dəyibdimi eşqinin oxu?
De, niyə bu qədər gecikdin axı,
Kaş, mənim qarşıma heç çıxmayaydın!

Bilsən-bilməsən də istəyim laldı,
Hər anım cavabsız sorğu-sualdı.
Getdin... yenə könlüm yaralı qaldı,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
06.03.2024

YAŞDA NƏ GÜNAH VAR AXI ...

Böhtanın tez çıxır boyu,
Nə çoxmuş iblisin tayı...
Kəsək bulandırır suyu,
Daşda nə günah var axı?!

Yamanlıq duranda üzə,
Dərd qənim kəsilir bizə.
Dildi kül üfürən gözə,
Başda nə günah var axı?!

Qəlb ömrün acısın dadan,
Yamanca fəndgirmiş nadan...
Gözdür adamı aldadan,
Qaşda nə günah var axı?!

Haqsızlıq səbri daşdıran,
Yalan söz göz qamaşdıran...
Ağılmış başı çaşdıran,
Yaşda nə günah var axı?!
09.10.2023

ÇAYIN SAHİLİNDƏ BİR QIZ AĞLAYIR

Siyah saçlarını oynadır külək,
Qəmli sinəsindən asılıb bilək.
Sanki göydən enmiş mələkdir, mələk
Nədənsə dayanıb yalqız ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Nəmli gözləriylə baxır sulara,
Bilən yox fikrində üz tutub hara.
Dönüb sərt küləyə, çevrilib qara,
Göyərmiş əlləri bumbuz, ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Əsir yarpaq kimi sızladıqca can,
Qəfil bir ölümmü axtarır hər an?
Asılıb durubdu göz yaşlarından,
Elə bil bənövşə, nərgiz ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Qəlbindən keçəni suya danışmır,
Çöküb çöhrəsinə həya-danışmır.
Nisgili gəlməyir saya-danışmır,
Gah dodaq səyriyir, gah üz ağlayır -
Çayın sahilində bir qız ağlayır!

Bəlkə o, cavabsız eşqə əsirdir,
Bəlkə bir kimsəsiz yetim-yesirdir?
Anlamaq olmur ki bu necə sirdir,
Lal haray hıçqırır, avaz ağlayır -
Çayın sahilində bir qız ağlayır!

İndi dünya ona qəfəs kimi dar,
Halına acımır nə dost, nə də yar.
Allahım, gəl onu özünə qaytar,
Dil dönüb kösövə, ağız ağlayır -
Çayın sahilində bir qız ağlayır!..
04.01.2014

XATİRƏLƏR
Nahaq yerə tutdum dilə,
Geri dönməz ta vaxt-vədə.
Zülmətdə qərq olan anlar
Ya qorxuymuş, ya hədə.

Hər gizli işin öz səmti,
Elə dərdin də tamı var.
Sevincin qəfildən gələn

Zülmət donlu axşamı var...

Bir quş kimi uçub getdi,
Səsim çatmaz ötən günə.
Uzalı qalıbdı əlim,
İmdadıma çatan günə.

Mən lal-dinməz dayanmışam,
Anlardı salan hay-həşir.
Xatirələr hürkən kimi
Sürüşüb ovcuma düşür.
01.01.2024

YAŞADIM

Baxan kimi bəxt üzümə qıyqacı,
Bildim yoxdu tənhalığın əlacı.
Xatirələr həm şirinmiş, həm acı,
Hərdən dönüb ötən anda yaşadım.

Qoşa gördüm bəzən sevinclə qəmi,
Həzm elədim həm artığı, həm kəmi.
Haqlı-haqsız daşladılar kölgəmi,
Zülmət donlu bir ünvanda yaşadım.

Bələd oldum sərt üzünə möhnətin,
Halallıqla baş girləmək çox çətin...
Arxasınca sürünmədim şöhrətin,
Təkcə təmiz adda-sanda yaşadım.

Avazımdı vərəqlərdə əkdiyim,
İlk eşqimmiş göz yaşıma bükdüyüm.
Misra-misra şəkilini çəkdiyim
Ay-ulduzlu asimanda yaşadım.
22.03.2024

HALIYAM

Yüyəninə əl atsam da hər anın,
Nə ürəyin səsin duydum, nə qanın.
Necə deyim qana həris dünyanın,
Hər səmtindən, hər izindən halıyam?

Əllərimdən çıxdı əli ömrümün,
Cavanlıqmış “gəlhagəli” ömrümün...
Qürub çağlı səksəkəli ömrümün,
Öynəsindən, pəhrizindən halıyam.

Halallıqdı söz mülkündən dərdiyim,
Qismətimmiş... özgəsinə verdiyim.
Düz otuz il gözlərimlə gördüyüm
Cəhənnəmin hər üzündən halıyam!..
27.03.2024


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!