Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 10-07-2025, 23:08
Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər


Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 10-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş Vüqar Eminov deyib ki, 1994-cü ildə Ağdamın Güllücə kəndində yaralı vəziyyətdə əsir götürülüb. Əvvəlcə Xankəndiyə, sonra Şuşaya aparılaraq həbsxanada saxlanılıb. Əsirlikdə saxlandığı müddətdə ona dəhşətli işgəncələr verilib. Hər gün rezin dəyənək, dəmir parçası ilə döyülüb, bədəninə elektrik cərəyanı verilib. Məcburi əməyə cəlb edilib, uzun müddət çətin işlərdə işlədilib. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında bildirib ki, onunla birlikdə saxlanılan bəzi əsirlər verilmiş işgəncələr nəticəsində dünyasını dəyişib. O, 1995-ci ildə əsirlikdən azad olunub.
Zərərçəkmiş Teyyib İsmayılov da Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində zərər çəkib. O, ifadəsində bildirib ki, bu müharibə nəticəsində yaralanıb və sağlamlığını itirib. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda bildirib ki, həmin vaxt Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizə iriçaplı silahlar və ağır texnika ilə hücum edib.
Məhkəmədə ifadə verən İmran Quliyev deyib ki, Ermənistan Xocalını işğal edəndə bacısı Zöhrə Quliyeva şəhid olub, özü isə yaralanıb. Düşmən ona bacısının nəşini götürməyə belə imkan verməyib. İ.Quliyev buna üç gündən sonra böyük çətinliklə nail olub. Qardaşı Zakir Quliyevin taleyindən isə indiyədək xəbər yoxdur. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda bildirib ki, həmin vaxt mühasirədə olan Xocalının dinc sakinləri hər gün atəşə tutulub.
Zərərçəkmiş Ramil Ələkbərov ailə üzvləri ilə Xocalıda Qala dərəsi adlandırılan yerdə yaşadıqlarını, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə - Xocalı soyqırımı zamanı ermənilərin mülki azərbaycanlıları atəşə tutduğunu, nəticədə ölənlərin olduğunu, özünün isə sağ ayağından yaralandığını, 200 nəfərdən çox azərbaycanlı ilə birlikdə girov götürüldüyünü bildirib. Həmin vaxt 12 yaşı olan zərərçəkmiş deyib ki, orada aralarından 12-13 nəfər girov şəxs ermənilər tərəfindən çölə çıxarılıb. Həmin şəxslərin hamısı güllələnərək qətlə yetirilib. Girovlardan bir qismi isə seçilərək avtomobillə naməlum istiqamətə aparılıb.
Ramin Əzizov Xocalı soyqırımı zamanı doğmalarının qətlə yetirildiyini söyləyib. O, hadisələr zamanı 14 yaşının olduğunu, ermənilərin atdığı “Alazan” raketinin partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər aldığını deyib. R.Əzizov fevralın 26-da digər azərbaycanlılarla birlikdə ermənilər tərəfindən girov götürüldüyünü, martın 3-də azad edildiyini bildirib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabda deyib ki, 26 gün girovluqda saxlanılıb. “Yaşımın az olmasına baxmayaraq, mənə də işgəncə verirdilər, döyürdülər. İşgəncə verənlərdən Edik adlı erməninin adı yadımda qalıb” . – deyə o əlavə edib.
Xocalı işğal olunanda zərərçəkmiş Mübariz Həmidovun isə 13 yaşı olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə atəş, partlayış və insanların qışqırıq səsinə yuxudan oyanıb. Ermənistan silahlı qüvvələri şəhərə hücüm edərək evləri yandırıb, insanları güllələyibər. Mülki əhali canını qurtarmaq üçün qarda, şaxtada ayaq yalın, başıaçıq Kətik meşəsinə üz tutub. Amma düşmən onlara qaçmağa da imkan verməyib. Yolda insanlara atəş açaraq güllə-boran ediblər. Mübariz Həmidov dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda deyib ki, o, canını birtəhər qurtararaq Ağdamın Şelli kəndinə gəlib. Hadisə zamanı anasını, dayısını və daha bir neçə nəfər doğmasını itirib. İndiyədək anasının taleyindən xəbər yoxdur. Həmin vaxt ayaqları donduğundan həkimlər onun barmaqlarından üçünü amputasiya etməli olub.
Ramin Bağırov Xocalı faciəsi zamanı azyaşlı olduğunu, yaxınları ilə birlikdə Dəhraz adlı yerdə girov götürüldüyünü bildirib. Onlar donuz fermasında saxlanılıb. Fevralın 29-da digər azərbaycanlılarla birlikdə girovluqdan azad edilib. Xocalı hadisələri zamanı əmisi və dayısı itkin düşüb, onlardan hələ də məlumat yoxdur.
Rövşən Xudayarov Xocalı soyqırımı zamanı 19 yaşının olduğunu, hücumla əlaqədar qardaşları, bacıları və digər doğmaları ilə birlikdə yaşadıqları ərazini tərk etmək məcburiyyətində qaldıqlarını bildirib. O, digər qohumları və həmyerliləri ilə birlikdə meşədə qaldıqlarını, fevralın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldükərini bildirib. Girov düşən zaman onlara atəş açılıb. Nəticədə ölənlər və yaralananlar olub. Həmin vaxt R.Xudayarov da yaralanıb.
Xaliq Mirzəyev ifadəsində 1996-cı ilin avqust ayında Gədəbəy rayonunun Qaravəlilər kəndində meşədə gəzərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü bildirib. 45 gündən sonra Azərbaycana qaytarılıb.
Vaqif Namazov ifadəsində Xocalı soyqırımı zamanı çoxsaylı qəlpə yaraları aldığını, qəlpələrdən təxminən 20-nin hələ də bədənində qaldığını bildirib. Qeyd edib ki, Ermənistan hərbçiləri onu girov götürərək Əsgərana aparıb. Fevralın 27-də isə Azərbaycana qaytarılıb.
Ceyhun Əbdülov ifadəsində Xocalıda anadan olduğunu, soyqırımı zamanı ailə üzvləri ilə Xocalını tərk etdiklərini bildirib. Həmin vaxt o yaralanıb və anası ilə birlikdə girov götürülüb. Zərərçəkmiş daha sonra Xankəndiyə aparılıb. Girovluqda üç ay saxlanılıb.
Mürvət Məmmədov deyib ki, onun ailəsi Qərbi Azərbaycandan məcburi şəkildə didərgin salınanlardandır. 1988-ci ildə Xocalıda məskunlaşıblar. Xocalı soyqırımı törədiləndə yaralanıb. Ailəsi ilə birlikdə girov götürülüb. Atasının və qardaşlarının başını kəsiblər. Onun gözü qarşısında isə Xocalıdan olan Əhməd adlı azyaşlı oğlanın isə əlinin içinə odlu silahla atəş açıblar. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabda deyib ki, 7 gün girovluqda saxlandığı zaman ona müxtəlif işgəncələr verilib. Onunla bərabər digər beş ailə üzvü də girovluqda saxlanılıb və işgəncələrə məruz qalıb.
“Atamın və qardaşlarımın başlarını kəsiblər. Onların indiyə qədər meyitləri tapılmayıb”, - deyə o əlavə edib.
Bildirib ki, yeddi gün girovluqda saxlanılıb, həmin müddətdə işgəncələrə məruz qalıb.
Ələsgər Abbasov ifadəsində 1992-ci ildə Qazax rayonunun kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə yaralandığını bildirib.
Vahid Quliyev 1992-ci ildə Qırmızıbazarda yaralanaraq əsir götürüldüyünü, 1 ay 4 gün sonra Azərbaycana təhvil verildiyini və həmin müddət ərazində amansız işgəncələrə məruz qaldığını deyib.
Səfər Sadıqov Fərrux dağı uğrunda gedən döyüşlərdə yaralandığını və əsir götürüldüyünü deyib. O, əsirlik müddətində müxtəlif ağır işgəncələrə məruz qaldığını söyləyib.
Mehman Yusifov, Əli İsmayılov, Adil Yusifov və Nazim Hüseynov 1992-ci ildə Qazaxın Quşçu Ayrım kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə Ermənistan ordusunun açdığı atəşlər nəticəsində yaralandıqlarını bildirib.
Təhsin Həsənov 1991-ci ildə, Famil Məmmədov 2003-cü ildə Qazax rayonunda girov götürüldüklərini söyləyib. Hər iki şəxs girovluqda olan zaman işgəncələrə məruz qaldıqlarını qeyd edib.
Mikayıl İbrahimov 1992-də Qazaxın Balacəfərli kəndində ermənilərin mülki avtomobili atəşə tutulması nəticəsində yaralandığını deyib.
Aydın Süleymanov 1995-ci ildə Qazax rayonunun Kəmərli kəndində heyvan otaran zaman girov götürülüb, 3 gün sonra Azərbaycana qaytarılıb. Həmin müddət ərazində müxtəlif işgəncələrə məruz qalıb və döyülüb.
Zaur Əliyev ifadəsində 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı atasının qabırğasının, əmisinin çənəsinin və dişlərinin qırıldığını deyib. Onların evi talan edilib, özləri Xankəndiyə aparılıb. Əmisi 4 ay, atası 5 ay qaldı girovluqda olub. Özü isə Ermənistanın Qafan rayonunda ermənilərdən birinin evinin həyətində damda saxlanılıb. İki həftə ayağından kəndirlə bağlı vəziyyətdə qalıb. Ümumilikdə 6 ay girovluqda saxlanılıb. Girov götürülən zaman onun 9 yaşı olub.
Bəşir Qarayev ifadəsində 1993-cü ildə girov götürüldüyünü, Şuşa həbsxanasında saxlanıldığını, həmin müddətdə işgəncələrə məruz qaldığını, ölən azərbaycanlı əsir və girovların həbsxananın həyətində basdırıldığını deyib.
Ömər Ələkbərov 2020-ci il noyabrın 9-da Xocavənddə yaralandığını, huşsuz vəziyyətdə əsir götürüldüyünü bildirib. O, əsirlikdə olduğu 34 gün ərzində işgəncələrə məruz qaldığını söyləyib.
Hamaya Alıyeva ifadəsində 1992-ci ilin aprelin 8-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərkən kənd sakinlərini qətlə yetirildiyini, həmin vaxt əri Kamal Abıyevin və qızı Ülviyyə Abıyevanın öldürüldüyünü deyib.
Vazeh Qaraşov Ermənistan ordusunun Ağdabana hücumu zamanı kəndin digər evləri kimi onun da evinin talan edildiyini bildirib.
Duman Müseyibov ifadəsində 1992-ci ildə Goranboyda qardaşının Ermənistan Silahlı Qüvvələri tərəfindən güllələnərək öldürüldüyünü, özünün isə yaralandığını bildirib.
Yalçın Süleymanov ifadəsində 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlər zamanı əsir götürüldüyünü, 2 il 11 ay Şuşada saxlanıldığını, həmin müdddətdə işgəncələrə məruz qaldığını, məcburi şəkildə işlədildiyini söyləyib.
Bayram Kərəmov 2020-ci il noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını, noyabrın 11-də əsir götürüldüyünü, dekabrın 14-də Azərbaycana təhvil verildiyini, əsirlikdə olduğu müddətdə müxtəlif işgəncələrə məruz qaldığını söyləyib.
Elxan Novruzov ifadəsində 1992-ci ildə Kəlbəcərdə yaralandığını və əsir götürüldüyünü bildirib. O, Ağdərə rayonunda saxlanılıb. Əsirlik müddətində döyülüb, çoxsaylı işgəncələrə məruz qalıb, o cümlədən dişləri çəkilib. E.Novruzov 4 il 1 ay əsirlikdə saxlanılıb, 1996-cı il mayın 10-da əsirlikdən azad olunub.
Samir Məcidov ifadəsində bildirib ki, Ağdam rayonu uğurunda gedən döyüşlərdə yaralanıb və Ermənistan silahlı qüvələri tərəfindən əsir götürülüb, Şuşa həbsxanasına aparılıb. O, 2 ay 6 gün əsirlikdə saxlanıldığı müddətdə ərzində işgəncələrə məruz qalıb, müxtəlif alətlərlə döyülüb.
Zaur Alıyev ifadəsində 8 ay əsirlikdə saxlanıldığını bildirib. Həmin müddətdə digər əsir və girovlar kimi ona da işgəncə verilib.
Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını cavablandırıblar.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmə prosesi iyulun 11-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!