TƏRANƏ DƏMİR YAZIR:Azərbaycanda ədəbi tənqid varmı?
Bu günkü ədəbiyyatımız oxucunu qane edirmi?
Kitaba tələbat niyə bu qədər aşağıdır?
Bayağı “əsər”lər gündəmi necə zəbt edib?
Niyə hər kəs məsuliyyəti üstündən atır?Hal -hazırda bütün sahələrdə olduğu kimi, ədəbiyyat da yeni tarixini yaşayır. Bu tarixin hansı özəllikləri var və oxucu ən çox hansı sözün acıdı? Ümumiyyətlə bu günkü ədəbiyyatımız oxucunu qane edirmi? Azadlıq və demokratiya pərdəsi arxasında hansı proseslər gedir və ədəbiyyat müasir standartlara cavab verirmi? Klassiklərdən nümunə götürülürmü və ya kökümüzdən tamamilə uzaqlaşmışıq?
Köksüz, qolsuz, budaqsız ədəbiyyat niyə müasirliyin simvoluna çevrilib?
Sual çoxdu. Elə verilən cavablar da…
Nəşriyyatlar bir ucdan kitab istehsal edir. Güclü və ya gücsüz. Mənalı və mənasız. Keyfiyyətli və keyfiyyətsiz. Axır ki, durmadan kitab dərc olunur. Bu boyda bolluğun içində bəs kitaba tələbat niyə bu qədər aşağı səviyyədədi? Oxucu ədəbiyyatdan uzaqlaşıb, ya ədəbiyyat oxucunu qane etmir? Elektron ədəbiyyat bəlkə kitaba olan tələbatı azaldıb?
Oxucu ona lazım olan materialları bir toxunuşla əldə edə bilirsə, bütün kitabxanalar hər kəsin evinə köçübsə, hər şey bu qədər asanlaşıbsa, demək kitab almaq və oxumaq səviyyəsi çox aşağı düşüb. Bununla belə oxucu sayının azalması kitab istehsalına təsir etmir. Bəlkə elə ədəbiyyatı gözdən salan faktorlardan biri də kəmiyyətdi. Mahiyyət və keyfiyyət arxa plana keçib. Ən ağrılı hal odur ki, məzmunsuz, bayağı, mənasız “əsər”lər gündəmi zəbt edib. Ən pisi də budur ki, bu yazıların təbliğatı da güclü gedir. Əsl sözü işıq üzü görə bilmir, pərdə arxasında qalır. Bu qədər bolluğun içində oxucu da çaş-başdı. Nəyin pis, nəyin yaxşı olduğunu anlamaqda çətinlik çəkir. Qərarsızdı oxucu. Ədəbiyyat fərdilikdən çıxıb, kütləviləşib. Üzü işıqlı, içi qaranlıq kitablar gündəmi zəbt edib. Yalançı təriflər, bir -birini təkrarlayan təqdimatlar kütləvi hal alıb. Qarşılıqlı “layk ” ( bəyəndim) azarkeşliyi formalaşıb. Söz keçib arxa plana. Nəticədə ədəbiyyatın bütün sahələrində durğunluq yaranıb.
Keçmişdə senzura vardı. Yerindən duran yazarlıq eşqinə düşmürdü. İstedad sözünü deyirdi. Yazarlar sözünü və özünü təsdiq edənəcən neçə qat qabıqdan çıxırdı. Oxucu isə ruhuna yaxın, doğma əsərləri alıb oxuyurdu. Bununçun xüsusi kitabxanalar və satış mərkəzləri vardı. Məcburiyyət və məhkumiyyət yox idi. İndi yazıçı, şair kitabını satmaqçun küçə alverindən belə çəkinmir. Özünə, şəxsiyyətinə hörmət edən, sözünə söykənən yazarlarsa zamanla ayaqlaşa bilmir. Çəkilib bir kənara. Narazılığını bildirməkdə də çətinlik çəkir. Çünki səsçoxluğu ilə qaraguruh ədəbiyyat öndədi. Qəribə abı -hava yaranıb ədəbiyyat sahəsində. Xoşa gəlməyən hallardan biri də odur ki, mənasız çevrə ədəbiyyatı formalaşıb. Əsəri oxumadan fikir bildirmək adət halına çevrilib. Ədəbi tənqid ədəbi tərifə keçib. Bunun bir tərəfi də maddiyyatla bağlıdı. Bir çox tənqidçilər fikrini satır bir növ. Demək burda dövran, zaman, yaşamaq faktoru da var.
Bəs ümumiyyətlə ədəbiyyatın qapısı tənqidə açıqdımı?Axı bilirik ki, ədəbi inkişafın bir mərhələsi də tənqiddən keçir. İdeal heç nə yoxdu. Əlbəttə ki, qərəzlə tənqidi də eyniləşdirmək olmaz. Ədəbi tənqid vicdanla, obyektiv və qərəzsiz olmalıdı. Bəs biz nə qədər tənqidə davam gətiririk? Ədəbi tənqid hansı mərhələdədi? Mən səni təriflədim, sən də buna qarşılıq verməlisən prinsipi ilə yanaşılmamalıdı sözə.
İndi başqa sahələrdə olduğu kimi bu sahədə də qohumbazlıq, dostbazlıq, yerlibazlıq hökm sürür. Həmçinin tapşırıq və sifarişlə yazılan yazılar (ədəbi təriflər) da az deyil. Tənqidin yolu çörək pulundan keçir. Senzura və qadağa da yoxdu. Heç nəyə söykənməyən, havadan asılı yazıları təbliğ və tərif etmə adi hal alıb.. Bunun gələcək travmalarından xəbərsiz tənqidçilər işin maddi tərəfini fikirləşirlər əsasən. Hər kəs məsuliyyəti öz üstündən atır. Hərə öz prizmasından yanaşır sözə. Yazarlar da, tənqidçilər də. Qəribə şöhrətpərəstlik azarı yaranıb ədəbiyyatçılarda. Hamı tərifə qaçır.
Axı əsəri təhlil edəndə onun müsbət tərəfləri ilə yanaşı, qüsurlarını və nöqsanlarını da açıb göstərmək lazımdı. Təpə -dırnaq heç nə ideal ola bilməz axı. Onu görmək, qeyd etmək və bu nöqsanların arada qalxması üçün yaradıcıya yol göstərmək lazımdı. Bu inkişaf deməkdi, yaradıcının sözə bir az da məsuliyyətlə yanaşmasına kömək etməkdi. Təkrar edirəm –qərəzsiz və məqsədsiz. Əsərin keyfiyyətinə və məzmununa toxunmadan, uçurub tökmədən. Əlbəttə söhbət əsl ədəbi nümunələrdən gedir. Bazar ədəbiyyatını təbliğ və təqdir etməksə ədəbi tənqidçilərin öz peşələrinə barmaqarası yanaşmalarının nəticəsidir.
Qaragüruhçu ədəbiyyat göbələk kimi artdıqca ədəbi tənqid də sıradan çıxır. Zənnimcə ədəbiyyata dövlət nəzarəti olmalıdı. Əks təqdirdə bizə miras qalan sözü çətin ki, qoruyub gələcək nəsillərə ötürə bilək. Həyəcan təbili çalmanın əsl vaxtı deyilmi?
Təranə DƏMİR,
AYB-nin və AJB- nin üzvü