İxtisas seçimi: Təhsil haqqı aşağı olan universitetlərə axın varGələn həftədən qəbul imtahanlarında iştirak edən abituriyentlər üçün ixtisas seçimi başlayır. Proses avqustun 19-a qədər davam edəcək.
Azərbaycanda 2024/2025-ci tədris ilində ali təhsil müəssisələrində təxminən 60 min plan yerləri ayrılıb ki, bunun yarısı dövlət sifarişlidir. Yəni, tələbə adını qazanacaq təxminən 30 min nəfər ödənişli əsaslarla təhsil alacaq.
İxtisas seçimində müəyyən çətinliklərlə üzləşən abituriyentlər indi həm də təhsil haqlaının artırılması dərdi ilə qarşı-qarşıya qalıblar. Və müşahidələr göstərir ki, abituriyentlərin üz tutacaqları universitetlər təhsil haqqları aşağı olan ali təhsil müəssisələri olacaq.
Ekspertlər keçid ballarının artacağını proqnizlaşdırır, bu, onu deməyə əsas verir ki, dövlət sifarişli ixtisaslar uğrunda rəqabət olduqca sərt keçəcək.
Son həftələrdə qəbul imtahanlarında iştirak edən abituriyentlərin müzakirə etdiyi əsas mövzulardan biri təhsil haqlarıdır.
Modern.az Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin illik təhsil haqları ilə bağlı universitetlər üzrə müqayisəli araşdırma aparıb.
Ölkənin ən prestijli universitetlərindən hesab edilən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ili üçün illik təhsil haqları 2000-2500 manat arasında dəyişəcək.
Bu ali təhsil müəssisəsində “İqtisadiyyat” və “menecment” ixtisalarının illik təhsil haqqı 2300 manatdır.
Müqayisə üçün qeyd edək ki, Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi ali təhsil müəssisələrində həmin ixtisasın illik təhsil haqqı 3000 manatdır.
Özəl universitetlərdən Xəzərdə “iqtisadiyyat” ixtisasın illik təhsil haqqı 4000 manat, “menecment” ixtisasının isə 3000 manat olacaq. Qərbi Kaspi Universində hər iki ixtisasın qiyməti 2300 manatdır.
“Dünya iqtisadiyyatı” ixtisasının illik təhsil haqqı UNEC-də 2500 manat, BDU-da isə 3000 manat təşkil edir.
“Dizayn” ixtisasını isə UNEC-də ödənişli əsaslarla illik 2000 manata oxumaq mümkün olacaq.
Azərbaycan Memarlıq və İnşaat Universitetində bu ixtisasın illik təhsil haqqı 2300 manat, Qərbi Kaspi və Odlar Yurdu universitetlərində isə 2500 manatdır.
UNEC-də “Qida məhsulları mühəndisliyi”, “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisaslarının da illik təhsil haqqı 2000 manat olacaq.
“İstehlak mallarının ekspertizası və marketinqi” və “Ekologiya” ixtisasları da UNEC-də 2000 manat olacaq. Bakı Dövlət Universitetində isə bu ixtisasların qiyməti 200 manat artıq, 2200 manat təşkil edəcək.
Son dövrlər gənclərin ən çox üz tutduğu ixtisaslardan biri də marketinqdir. Bu ixtisasın illik təhsil haqqı UNEC-də 2200 manat, ADNSU-da 3000 manat, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə 2200 manatdır.
Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi, Kompüter elmləri ixtisasları ADNSU-da 3000 manat olacaq. UNEC-də isə bu ixtisasların qiyməti müvafiq olaraq 2500, 2200, 2200 manat olacaq.
II ixtisas qrupunda ən çox maraq göstərilən ixtisaslardan “Statistika” ixtisasını UNEC-də ödənişli əsaslarla 2000 manata oxumaq mümkün olacaq. Sənayenin təşkili və idarə olunması ixtisasının illik təhsil haqqı isə İqtisad Universitetində 2200 manat, Azərbaycan Texniki Universitetində 2200 manat, Azərbaycan Memarlıq və İnşaat Universitetində 2300 manat, Bakı Mühəndislik Universitetində 2300 manat olacaq.
İnformasiya əsrinin ən çox müraciət olunan ixtisaslarından hesab edilən İnformasiya texnologiyaları və sistemləri mühəndisliyini UNEC-də 2200 manata, ADNSU-da 2500 manata, Azərbaycan Texniki Universitetində 2200 manata, Azərbaycan Memarlıq və İnşaat Universitetində 2300 manata, Qərbi Kaspi Universitetində 2400 manata. Milli Aviasiya Akademiyasında 2500 manata oxuya bilərsiniz.