Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı .....                        Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək .....                        COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - Prezident .....                        COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                       
Tarix : 25-02-2022, 08:26
Ötən əsrin ikinci yarısından sonrakı ədəbiyyatımız...


Ötən əsrin ikinci yarısından sonrakı ədəbiyyatımız...

İnsan bəşər tarixinin ən ali yaradılmışı, ən qiymətli varlığıdır. O, yarandığı vaxtdan ta bu günümüzə qədər hər an ali insani hisslərini, ulu tanrı tərəfindən ona bəxş olunan ən qiymətli hiss, duyğu və sevgilərini inkişaf etdirmək, cilalamaq qayğısına qalmalı, özünü, yaşadığı cəmiyyəti kamilləşdirməlidir. Bu missiya zaman-zaman müxtəlif yollar və üsullarla edilmişdir. Özünü bəşəriyyətin rifahı naminə fəda edən dahilər, korifeylər öz elmi, ədəbi baxışları ilə kamilliyə aparan çığır açmağa cəhdlər göstərmişlər. Bu fədailərin ən böyük nümayəndələri sırasında qələm adamları-yazıçı və şairlər də xüsusi yer tuturlar. Bəzən bir şairin bir misrası bütün xalqı bir amal uğrunda səfərbər edə bilir. Bəzən bir kəlam bütün bir xalqın mübarizə leytmotivi olur. Məsələn: Mehmet Akifin bəşər övladına verdiyi dəyər onun yer üzünün əşrəfi olması fikrini bir daha təsdiqləyir:

Ey bu topraqlar üçün toprağa düşmüş esger,
Gökden ecdad enerek öpse o pak alnı deger
Sene dar gelmeyecek meqbere kimler qazsın?
Gömelim gel seni tarihe desem sığmassın...


Yaxud Tofik Fikrət təbirincə:

Millət yoludur, Haqq yoludur tutduğumuz yol,
Yaşa, ey sevgili millət, yaşa var ol!


Ötən əsrin ikinci yarısında ədəbiyyatımıza nəzər salsaq, bu illərdə hər şeydən öncə, "60-cıların" insana, onun mənəvi aləminə baxışlarının dərinləşdiyini görərik. İnsan amili hər zaman ədəbiyyatın əsas leytmotivini təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada "insanşünaslıq" adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam "60-cıların" "insan" mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. O dövrdə sosialist ideologiyasının ədəbiyyata qoyduğu məhdudiyyətlər, senzura, durğunluq yazarların yaradıcılığında açıq - aşkar sezilsə də bir çox tarixi roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.1960-cı illərdən başlayaraq Azərbaycan ədəbiyyatında yeni poetik tendensiyalar formalaşmağa başlayır. Bu baxımdan həmin dövrün ədəbiyyatşünaslıq problematikasının tədqiqi önəm daşıyır. Çünki əvvəlki illərin ölçülü, bəzən patetik ənənələrə söykənən şeirindən fərqli olaraq həyat həqiqətlərinə yeni rakursdan baxıb, orijinal tərzdə təsvir, təhlil edən, bənzədən, məna verən poeziya yaranmağa başlayır. "Altmışıncılar" poeziyası dedikdə, ilk növbədə, bu dövrün zahiri əlamətləri - şairin şairlə, siyasi rejimlə, senzurayla qarşıdurması diqqətimizi cəlb edib. Bütün bunlar, əlbəttə ki, məişətimizi, dramamızı təşkil edir, lakin incəsənətin əsl həyatı bu deyil. Poeziyanın öz hakimiyyəti var, öz senzurası var. O senzura ki, demokratiyanın ifrat dərəcəyə çatıb özbaşınalığa çevrilməsinə və ya demokratiyanın pozulması hallarına yasaqlar qoyur.
Bu poeziyanın aparıcı estetik tələbi olan müasirlik, özünü bədii fikrin fəlsəfi, psixoloji obrazlılıqla, beynəlxalq mövzuya həssaslıqla, analitik düşüncə tərzi ilə ifadəsində tapırdı. İnqilabi, azad insan pafosu isə lirik "mən"in əvvəllər olduğu kimi əməllərində, gur nitqində deyil, həyat hadisələrinə münasibətində, fərdi qənaətlərində özünü göstərirdi. Buna İsa İsmayılzadə, Ələkbər Salahzadə,Vaqif Cəbrayılzadə, Əli Kərim poeziyası misaldır. Sətiraltı mənalar, alleqoriya, rəmzlər vasitəsilə milli əsarətin, müstəmləkəçilik təzyiqinin, azadlıq ehtirasının ünvanı gah Afrikaya, gah Kubaya gah Vyetnama yönəlsə də, əslində Azərbaycan həqiqətlərinə aid idi. Vaqif Səmədoğlunun "Vətən şirin şeydir, şirindir, talan olsa da, şirindir tək-tük şeiri, mahnısı yalan olsa da" və yaxud "Qoy əzilsin əlimdə yumularkən gözlərim, tapılmamış dərmanın reseptitək Türkmənçay müqaviləsi" misraları kimi!
1990-cı illərə qədərki poeziyada Bəxtiyar Vahabzadənin "Latın dili", "Anamın kitabı", Xəlil Rza Ulutürkün "Laylam mənim, nərəm mənim", "Afrikanın səsi", Məmməd Arazın "Araz dili", Sabir Rüstəmxanlının "Sağ ol ana dilim" və s. əsərlər mətnarası, sətiraltı məqamlarla Azərbaycan xalqının və dilinin şanlı tarixini, soykökünü unutmağa qoymurdusa, 1990-cı illərin narahat, artıq dostun dost, düşmənin düşmən kimi üzə çıxdığı vaxtlarda, xalqçılıq, millilik, mübarizlik ideyalarının bayraqdarına çevrilir.
Yaxın tarixə nəzər yetirsək, görünür ki, sovet rejiminin "dissident" adını qoyduğu bu yazıçıların əsas müdafiəçisi isə yenə də Heydər Əliyev olub: "1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayında çıxış edərkən ümumilli lider deyir: "Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhvali-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərinin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Əgər o vaxtlar onlar təqib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə məhrum etməyiblərsə, demək, bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir".
Bəxtiyar Bahabzadə, M.Araz, X.R.Ulutürk kimi istiqlal şairlərinin yuxusuz gecələrdə kipriklərilə od götürərək misra-misra, qafiyə-qafiyə, rədif-rədif, təşbeh-təşbeh yaratdıqları əsərlərdə tərənnüm edilən yüksək vətənpərvərlik duyğuları xalqımızın azadlıq uğrunda tarixi mübarizəyə qalxmasında, Azərbaycanın dövlət müstəqilliyi qazanmasında mühüm amillərdən biri olmuşdur. B.Vahabzadə "Şəhidlər" poemasını sovet qılıncının dalı da, qabağı da kəsən bir vaxtda qələmə almışdı və imperiya qoşunlarını qatilə bənzətməsi böyük cəsarət tələb edirdi:
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Bu gün etiraf etmək çox ədalətli olar ki, B.Vahabzadə də ürəyinin qanı ilə yazıb hasilə yetirdiyi yüksək sənət nümunəsi olan əsərləri ilə, öz mübarək nəşi (cəsədi) ilə vətən torpağına azadlıq toxumu əkənlərimizdən biridir. O məlum dəhşətli günlərdə bir növ başsız qalmış parlamentin etiraz yığıncağını keçirməyə təşəbbüs göstərməsi, səngərdaşı, xalq yazıçısı İsmayıl Şıxlı ilə birlikdə buna nail olması, bu yolla da Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırması ilə böyük xalq şairimiz elə o zaman bu mənəvi haqqı yetərincə qazanmışdı.
Ötən əsrin ədəbiyyatından söhbət açarkən, 80-ci illərdə altmışdan çox roman yazıldığını qeyd etmək yerinə düşərdi. Əlbəttə, o fikirdən tamamilə uzağıq ki, bu romanların hamısı həqiqi novatorluq nümunəsidir. Lakin danılmaz bir həqiqət də var ki, bu altmış romanın içərisində kifayət qədər ədəbi nümunə var ki, onlar, doğrudan da, roman təfəkkürü ilə yazılmışdır. Onlarda milli ənənəyə yaradıcı münasibət və novatorluq keyfiyyətləri kifayət qədər aydın sezilir. Tədqiqata cəlb edilən bu tipli romanlar sırasında Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi", Elçinin "Mahmud və Məryəm", "Ölüm hökmü", İ.Əfəndiyevin "Geriyə baxma, qoca", "Üçatılan", S.Əhmədovun "Yasamal gölündə qayıqlar üzürdü", "Toğana", "Azıxa doğru", F.Kərimzadənin "Xüdafərin körpüsü", "Çaldıran döyüşü", İ.Hüseynovun (Muğanna) "İdeal", M.Süleymanlının "Köç", "Səs", "Günah duası", "Ceviz qurdu", Y.Səmədoğlunun "Qətl günü", Ç.Hüseynovun "Fətəli fəthi", S.Azərinin "Dalanda" əsərlərinin adlarını xüsusi qeyd etmək istəyirəm.
Yusif Səmədoğlunun "Qətl günü " romanını götürsək, romandakı tənqid həm də kütlə psixologiyasına, milli şüura mənfi təsir edən qorxu amilinə qarşı çevrilmişdir. Məhz bu dövrdə X.R.Ulutürk ''Qorx-qorxma'' adlı şerini yazır:
Qorxu hər mikrobdan təhlükəlidir,
Söndürür idraki, korşaldır beyni.
80-ci illərdə, xüsusən poeziyada X.Rza, B.Vahabzadə, S.Rüstəmxanlı, Söhrab Tahir, Ramiz Duyğun və b. yaradıcılığında milli qeyrət hissi təbliğ olunur, cəsarət, vətəndaşlıq borcu, ləyaqət insan şəxsiyyətini bütövləşdirən amillər kimi açılırdı və onların qənaətinə görə insanın həyatı qorxu ilə ləyaqətin mübarizəsindən keçir.
Yenidən roman janrına qayıtmaqla , M.İbrahimovun "Böyük dayaq" (1957), İ.Şıxlının "Dəli Kür" (1968), F.Kərimzadənin "Qarlı aşırım" (1972) əsərlərini xatırlatmağı özümə borc bildim. Bu əsərlərdə yazıçıların patriarxal həyat tərzini inikas obyektinə çevirmək meyli birləşdirir. Cahandar ağa və Kərbəlayi İsmayıldan fərqli olaraq, Rüstəm kişinin əxlaqi görüşləri, hətta ən yaxın adamları tərəfindən belə qəbul edilmir. Bu əsərlərdə bilavasitə patriarxal keçmiş təsvir obyekti götürülür və onun milli yaddaşda bərpası əsas yazıçı məqsədinə çevrilir. Patriarxal mühitdə yaşayan insanın həyat tərzi, düşüncəsi, ictimai və fərdi şüurunun, əxlaqının mahiyyəti konkert insan talelərində, onların hərəkət və əməllərində reallaşır. Lakin 80-ci illər nəsrində patriarxal insanın müasir taleyinə maraq daha aparıcıdır. Bu illərdə yaranan əsərlərin mühüm bir qismində patriarxal insan milli xüsusiyyətlərin daşıyıcısı və müəllif mövqeyinin ifadəçisi rolunda çıxış edə bilir.
İ.Məlikzadənin "Dədə palıd" (1980) və "Gümüşgöl əfsanəsi" (1983) povestlərindəki Bağır, Bənövşə, Ağbəyim, Rza, Elçinin "Dolça" povestindəki (1978) Ağababa, "Ağ dəvə" romanındakı Xanım xala, S.Əhmədovun "Azıxa doğru" (1982) əsərindəki Valeh müəllim, S.Azərinin "Dalanda" (1983) romanındakı Gülsafa, Qafar obrazları bu günkü həyatımızda patriarxal insanın, urbanizasiya mühitindəki taleyi haqqında həqiqəti ifadə edirlər.
90 -cı illərin ədəbiyyatına nəzər yetirsək, Azərbaycanın o zamankı tarixi, çağdaş həqiqətlərinə, istiqlal ideyasına çağırışlar Azadlıq meydanında mitinqlərdən başladığı kimi ədəbiyyatda da əks-səda verdi. Yəni cəmiyyətin, xalqın bəla və konfliktləri xarici, kənar qüvvələrin iştirakı, müdaxilələri ilə cərəyan edir, ideyanın bədii həlli növ-növ xarakterlərin, məkanların vasitəsilə həyata keçirdi. Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu. Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Eləcə də Qabilin həmişə aktuallığı ilə seçilən şerləri, "Nəsimi" poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim, Xəlil Rza, Cabir Novruz, Məmməd Araz, Fikrət Qoca, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Sabir Rüstəmxanlı, Famil Mehdi, Hüseyn Kürdoğlu, İlyas Tapdıq, Musa Yaqub, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Ramiz Rövşən kimi söz adamları daha çox seçilirlər. Yeni Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən biri də Anardır. Anar nəsrinin ilk orijinal və uğurlu örnəklərindən biri "Ağ liman" povestidir. Anar həm də görkəmli dramaturq və kino ssenariçi kimi tanınır. Tarixi mövzuda "Dədə Qorqud", "Uzun ömrün akkordları" kimi ssenariləri, "Şəhərin yay günləri", "Təhminə və Zaur" dramları Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklərdir.
Çoxşaxəli yaradıcılığı ilə seçilən Elçin də eyni ədəbi nəsilə mənsubdur. "Dolça", "Baladadaşın ilk məhəbbəti", "Şuşaya duman gəlir" povestləri, bir sıra hekayələri, "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" kimi romanları, "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim" kimi pyesləri Elçini müasir ədəbiyyatımızın ən görkəmli nümayəndələri sırasına qoymuşdur. Eyni zamanda məhsuldar ədəbiyyatşünas və tənqidçi olan Elçin "Tənqid və ədəbiyyatımızın problemləri", "Klassiklər və müasirlər", "Cazibə sahəsi" kimi qiymətli elmi monoqrafiyaların müəllifidir. Modern milli ədəbiyyatın qət etdiyi yol nə qədər məlumdursa, üz tutduğu istiqamət bir o qədər qeyri məlumdur.
60 - cı illərdən bu yana Azərbaycan ədəbiyyatına çağdaşlıq mövqeyindən yanaşmaq istədim. Repressiya dövrü, ikinci dünya müharibəsi, sovet ideologiyasının qoyduğu qadağalar, 70 -ci illərdən başlayaraq ədəbiyyatımızda gizli və sətiraltı mənalar, 90-cı illərdən bu yana, söz və fikir azadlığı, Qarabağ hadisələri, 30 illik torpaq həsrəti, böyük qayıdış, şanlı zəfərimiz… kimi bu mövzular dəfələrlə qələm sahiblərinin istedad süzgəcindən keçsə də, yenidən, daha orijinal tərzdə işlənməlidir.
Müstəqillik özü ilə bərabər ədəbiyyatımıza nə gətirdi: söz azadlığı, yoxsa xaos? Həm bu sualın cavabını, həm də yuxarıda qeyd etdiyim zaman kəsiklərini əks etdirən amillərin ədəbiyyatda hansı səviyyədə və necə əks olunmasını araşdırmaq ədəbi tənqidçilərin işidir. Əlbəttə, ədəbi-tənqid olmasa, ədəbiyyat inkişaf etməz!

Ümmü İSMAYIL,
Şəki şəhər 14 saylı məktəbin müəllimi



Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!