Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 2-07-2025, 15:01
Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın iclası keçirildi


Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın iclası keçirildi

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.
İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli Şavkat Miromonoviç, əziz Qardaşım, bir daha Azərbaycana xoş gəlmisiniz deyirəm. Sizi və nümayəndə heyətinin üzvlərini salamlayıram.
Əminəm ki, Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Biz dostuq, qardaşıq, Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalandığı andan artıq müttəfiqlərik. Keçən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır.
Bu gün Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində biz hesabatları dinləyəcək, qəbul etdiyimiz qərarların yerinə yetirilməsi üzrə növbəti tapşırıqlar verəcək və minimum yaxın bir neçə ay müddətinə tədbirlər proqramını müəyyənləşdirəcəyik.
Ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm bünövrədir. Biz Özbəkistan-Azərbaycan qardaşlığının gözəl binalarını inşa edirik. Ölkəmizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istərdim.
Hökumət üzvləri və müxtəlif strukturların rəhbərləri səviyyəsində də müntəzəm təmaslar həyata keçirilir. Bu yaxınlarda Hökumətlərarası Komissiyanın növbəti iclası olub. Artıq dediyim kimi, bu gün nəticələri dinləyəcəyik. Əminəm ki, onlar prinsipcə bizi sevindirəcək. Həm də Sizinlə razılaşdığımız kimi və hökumətlərimizin üzvlərinə verdiyimiz tapşırıqlara əsasən, biz bütün qərarlara və onların yerinə yetirilməsinə nəzarət edirik.
Həmçinin qardaş Özbəkistanı tarixi hadisə - futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etmək istərdim. Bu, Özbəkistanın dünyanın aparıcı idman dövlətləri sırasında olduğu Yay Olimpiya Oyunlarından sonra son dövrlərdə idmanda ikinci tarixi nailiyyətidir. Bu nailiyyət həm də çox böyük potensialdan - insan potensialından, gənclik potensialından və təbii ki, dövlətin və Prezidentin düzgün siyasətindən xəbər verir. Biz buna öz uğurumuz kimi sevinirik. Əminəm ki, siz orada, o cümlədən Azərbaycanı da təmsil edəcəksiniz.

Prezident Şavkat Mirziyoyev: Mütləq.

Prezident İlham Əliyev: Beləliklə, əziz Qardaş, bir daha xoş gəlmisiniz. Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, bizim Dövlətlərarası Şuranın nəticələri yaxın vaxtlarda öz bəhrəsini verəcək. Bir daha xoş gəlmisiniz!

x x x

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi:

-Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım, çox sağ olun.
Həqiqətən də bu, gözlədiyimiz səfərdir. Biz Azərbaycana məmnuniyyətlə, öz evimizə, yaxın qardaşlarımızın yanına gəldiyimiz kimi gəlirik. Şəxsən öz adımdan, nümayəndə heyətimizin adından təyyarənin endiyi andan təkcə mənə deyil, həm də bütün nümayəndə heyətimizə göstərilən çox təntənəli qəbula görə minnətdaram. Mən buna görə ayrıca təşəkkür etmək istəyirəm.
Əlbəttə, son illər münasibətlərimiz indi Sizin də dediyiniz kimi, tamamilə başqa səviyyəyə yüksəlir. Bizim real uğurlarımız var. Sizin də qeyd etdiyiniz kimi, biz artıq müttəfiqik. Bu, artıq bütün mətləblərdən xəbər verir. Hökumətlərarası səviyyədə, müttəfiqlik diplomatiyasında bunlar onu göstərir ki, biz artıq yaxın qonşular, yaxın dostlarıq. Bütün razılaşmalarımız da yüksək səviyyədə olacaq, Sizinlə razılığa gəldiyimiz kimi, nəzarət olunacaq və həllini tapacaq.
Biz iki yaxın xalqıq və tarixdə ortaq tərəflərimiz, ruhən, əxlaq, dünyaya baxış nöqteyi-nəzərindən çoxlu ümumi cəhətimiz var, dilimiz birdir, mədəniyyətimiz birdir, bir çox məsələni həll edirik. Bu gün məhdud dairədə tariximizi çox xatırladıq. Əlbəttə, çox şey əldən verilib. Amma biz Sizinlə onların yerini doldururuq. Biz bu gün göstəriş verəcəyik, onların yerini dolduracağıq və nəzarətə götürdüyümüz bütün məsələlər mütləq yerinə yetiriləcək.
Əlbəttə, demək istəyirəm ki, dünən tarixdə ilk parlamentlərarası forum uğurla keçirildi. Mənə məruzə etdilər, sizin və bizim deputatlar danışdılar. Bu da münasibətlərin artıq başqa fərqli səviyyəsidir. Hökumətlərarası Komissiya çox yaxşı səviyyədə keçdi. İki sədr görüşür, bir-birini çox yaxşı başa düşürlər. Mənə çox xoşdur ki, onların real nəticələri var. Son vaxtlar Təhlükəsizlik şuralarının görüşləri oldu, bir yol xəritəsi imzalandı. Bu da çox məsələdən xəbər verir.
İlham Heydər oğlu, mən də Sizi təbrik etmək istəyirəm - Azərbaycanın minifutbol komandası dünya çempionudur. Böyük futbola bir addım qaldığını gördük və həqiqətən də sevindik.

X X X

Ali Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarına uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verdilər.
Sonra nəqliyyat, energetika, mədəniyyət nazirləri Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrinə uyğun olaraq öz sahələri üzrə məruzələrlə çıxış etdilər.
Daha sonra dövlət başçıları tərəfindən mövcud layihələrin icrası, əməkdaşlığımızın inkişafı baxımından yeni perspektiv layihələrin müəyyən edilməsi ilə bağlı tapşırıqlar verildi.




Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!