Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
Tarix : 22-10-2022, 10:27
" Nur ocağı" ədəbi məclisi Hənifə Şəbnəmin şeirlərini təqdim edir:


" Nur ocağı" ədəbi məclisi Hənifə Şəbnəmin şeirlərini təqdim edir:

Getdi
Oduma yanmağa pərvanə olan,
Dumantək başıma dolandı getdi.
Çal-çarpaz dağ çəkib sinəmin üstə,
Özü atəşimə qalandı getdi.
*
Öz evini yıxdı yad əlləriylə,
Məni də ağlatdı əməlləriylə,
Sevgimin yıxılan təməlləriylə,
Ağlı dərya kimi bulandı getdi.
*
Qayıt dedim, doğru yola gəlmədi,
Canımdan çox sevdim, üzü gülmədi,
Nə zaman ki peşkəş verdim almadı,
Axırda sevgimi diləndi getdi.
*
Xəyanəti oldu başına töhmət,
Əməlindən özü çəkdi xəcalət,
O qaldı məndəki sevgiyə həsrət,
Mənimsə varlığım talandı getdi.
*
Rəvadımı, Şəbnəm nələr yaşadı,
İllərin yükünü tənha daşıdı,
Köksümün altında sevgim üşüdü,
Yaş olub gözümdən selləndi getdi.
*
Onu xatırladı söhbətim, sözüm,
Ümüdə sarıldı yolunda gözüm,
Səngiyib qor oldu alovum, közüm,
Ürəyim odlara qalandı getdi.
Qaldım
Sən elə bilirsən yalqızam sənsiz?
Yox... könül dünyamda qəmimlə qaldım.
Gecə sübhə qədər verib baş-başa,
Yalqız otağımda şəmimlə qaldım.
*
Pıçıldaşdıq…şəm yandı, mən alışdım,
Gah qarğadım, gah arxanca danışdım,
Ağlayanda axıb gölə qarışdım,
Dəryada dərd dolu gəmimlə qaldım.
*
Köpük oldum atıb tutanda dəniz,
Söndüm varlığımdan qaldı təkcə iz,
Dağınıq köç oldum sahildə sənsiz,
Dərdimlə yol getdim, dəmimlə qaldım.
*
Burulğana düşüb gözümdən itdin,
Məzar daşı olub torpaqda bitdin,
Məni tənhalıqla imtahan etdin,
Kamantək inləyən simimlə qaldım.
*
Soruşuram, bəs sən özün necəsən?
Qadirsənmi, mənsiz hansı gücə sən,
İstəməzdim məndən erkən köçəsən,
Ocaq yeri kimi külümlə qaldım.
*
Ahımı naləmi gətirdim dilə,
Şəbnəm xəyalınla qarışdı selə,
Sənsiz bu dünyanı dolaşam belə,
Qayıdıb yenə də səninlə qaldım.
G E C Ə L Ə R
Gündüz məni üzən dərdi-sərimi,
Yer gəzirəm atmaq üçün gecələr.
Ruhum göylər gəzir, xəyalım yorğun,
Göz həsrətdi yatmaq üçün geçələr.
*
Kipriklərim qələm olur yazıram,
Yazdığımı göz yaşımla pozuram,
Bir neçə bənd söz içində azıram,
Öz başımı qatmaq üçün gecələr.
*
Sinəm qəfəs olur ürəyim bülbül,
Sevib sevilməyə möhtacdı könül,
Ah-fəğan eyləyib hey ötür dil-dil,
Gülüstanda ötmək üçün gecələr.
*
İstədim sevgimlə gözəlləşim mən
Kim qarğadı,dərdlə heykəlləşim mən.
Kiminlə bölüşüm yüngülləşim mən?
Qaçım gözdən itmək üşün gecələr.
*
Otağıma çökən zaman qaranlıq,
Sükut hakim, Şəbnəm olur qurbanlıq,
Öz-özümdə güc gəzirəm bir anlıq,
Dərdimi tərk etmək üçün gecələr.
HƏR BIR ŞƏHID MƏNIM DOĞMA BALAMDI
İstəmirəm qan tökülsün bir daha,
Döyüşən hər əsgər doğma balamdı.
Anayam, dözmürəm amana, aha
Şəhidlər yıxılan səngər qalamdı.
Birinin xonçada xınası qalıb,
Birinin üç günlük balası qaıb,
Birinin umudsüz anası qalıb,
Sarsılıram, çox ağrlı sitəmdi.
*
Bir şəhidin yasa dönən toy günü,
Anaların ərşə çıxan ah –ünü,
Üç rəngli bağrağa tökülən qanı,
Mənim çəkə bilmədiyim çiləmdi.
*
Məğrur qartalıdı, zirvədə dağın,
Şəhid, axan göz yaşıdı bulağın,
Azad eylədiyi qanlı torpağın,
Üzərində bağrı qanlı Laləmdi.
Şəhid mənim üçün, küllü aləmdi.
ELƏ BİLDİM O, SƏNSƏN
Səhər bağda bülbülün cəh-cəhinə oyandım,
Naləsindən kövrəlib özümü yalqız sandım.
Qulağıma səs gəldi,dönüb yana boylandım,
Elə bildim o, sənsən.
*
Durub eyvana çıxdım, seyr elədim səmanı,
Göy üzündə buludu, yerdəki boz dumanı,
Yarpaqlar pıçıldaşıb, meh oxşadı sinəmi,
Elə bildim o, sənsən.
*
Göy göyərçin budaqda, çırpındı hürkək-hürkək,
Həyacandan titrədim, ağacdakı yarpaqtək,
Saçıma sığal çəkib, yaxamı açdı külək,
Elə bildim o, sənsən.
*
Kəpənəklər çəməndə bir-biriylə yarışır,
Sevənlər sevilənlər bir an küsür barışır,
Bal arısı çiçəyə məhəbbətdən danışır,
Elə bildim o, sənsən.
*
Asta-asta zirvəyə qalxırdı bir dağ kəli,
Məğrur görkəmi ilə görünsə də nəşəli,
İçində yanan ocaq andırırdı məşəli,
Elə bildim o, sənsən.
*
Göydə ildırım çaxır, şıdırğı yağış yağır,
Odunu söndürməyə torpaq buludu sağır,
Buludlar seyrələndə qaranlığı nur boğur,
Elə bildim o, sənsən.
*
Salxım söyüd əyilib su içəndə bulaqdan,
Saralmamış bir yarpaq qopub düşür budaqdan ,
Bülbülün nəğməsini dinləyəndə uzaqdan,
Elə bildim o, sənsən.
*
Bir kölgə gözlərimdə, get-gedə canlanırdı,
Ud ağacına dönüb öz içində yanırdı,
Şəbnəmi bülbül ,gülə, çiçəyə qısqanırdı,
Elə bildim o, sənsən.

K Ö N L Ü M D Ə N
Ay Sona, o qədər bəyəndim səni,
Yaralı könlümün oldun həmdəmi.
Duyduqca hər şirin, hər xoş kəlməni,
Axşam-sabah görmək keçdi könlümdən.
*
Elə sandım yəqin bağda bülbülsən,
Səsinə vuruldum, nə şirin dilsən,
Gülü neyləyirsən, sən özün gülsən,
Öz bağımda dərmək keçdi könlümdən.
*
Dinləyib şerinin hər bir sətrini,
Çox istədim balam kimi xətrini,
Bənövşətək qoxulayıb ətrini,
Sinəm üstə sərmək keçdi könlümdən.
*
Şəbnəmin gözündə oldun bir mələk,
Qıvrım tellərini yolanda külək,
Sənə ana olub toxuyub çələng,
Saçlarını hörmək keçdi könlümdən.
BACARDIM
Yar yolunda canımı çox eyləsəm də fəda,
Doğmalaşa bilmədim hər an bənzədim yada,
Axan göz yaşım ümman oldu, mən özüm ada,
Qəvvas olub dəryada üzməyi də bacardım.
*
Vəfasıza uçmağa hər an qol-qanad oldum,
Yenə qəlbində uzaq, gözlərində yad oldum,
Verdiyi əzablardan nə qədər bərbad oldum,
O qədər tab gətirib dözməyi də bacardım.
*
Bu zalım zəmanəyə oldum günahsız qurban,
İnsan bir dəfə ölər ş, mən yüz yolla verdim can,
Yalvarıb mətləbimi arzuladım tanrıdan,
Düyün düşən bəxtimi çözməyi də bacardım.
*
Keşməkeşli həyatın sınağından dərs aldım,
İmtahanda meylimi kağız-qələmə saldım,
Qabarlı əlllərimin zəhmətiylə ucaldım,
Alnım açıq, üzüm ağ gəzməyi də bacardım.
*
Mənə çətin dərs verdi həyat adlı bu məktəb
Kirpiyim qələm oldu, göz yaşlarım mürəkkəb,
Sonradan ozan oldum mən Hənifə Şəbnəmtək
Dərdimi ağ kağıza yazmağı da bacardım.
GÖZLƏRİM
Nə zaman keçmişi seyrə çıxıram,
Qəhərdən kövrəlib dolur gözlərim.
Kirpiklərim şimşək kimi çaxnaşır,
Leysan yağan bulud olur gözlərim.
*
Yaş yandıran yanağımda iz qalıb,
Baxışımda nə işvə, nə naz qalıb,
Odu sönüb, kül altında köz qalıb,
Nuru azaldıqca solur gözlərim.
*
Dürna qatarına bənzəyir illər,
Şəbnəmi küləktək qovur fəsillər,
Xəzan gəlib yasa batıbdı tellər,
Heyfini özündən alır gözlərim.
BİLMİRƏM
Deyirlər ki, daha gileyli yazma,
Sevginin rəngini tuta bilmirəm.
Sinəmdə yurd salıb həsrət açısı,
Neyləyirəm söküb ata bilmirəm.
*
Gileylənmək elə bilmə asandı,
Göynərtisi yeddi başlı çibandı,
İçmək olmur sanki açı dərmandı,
Arasına şərbət qata bilmirəm.
*
Çözələnir yumaq kimi yaddaşım,
Dərya olub boğur məni göz yaşım,
Yar vəfasız olub, ölüb qardaşım,
Yorğanım od alıb yata bilmirəm.
*
Sən hardan biləsən mən nələr çəkdim?
Əllərim qoynumda boynumu bükdüm,
Neçə məzar üstə göz yaşı tökdüm,
Axıb dərya oldu bata bilmirəm.
*
A Şəbnəm, fələyin hər işi qandı,
Hökmünə tuş gəldim, ürəyim yandı,
Kənardan baxana döyüş asandı,
Zalımın felindən ötə bilmirəm.
MƏNİ DƏ ÖZÜNLƏ APAR
Karvanbaşı, aram elə, bir dayan,
Söylə görüm,hara gedir bu karvan?
Gündüzüm sınaqdı, gecəm imtahan,
Bu dünyanın qeylü-qalından qurtar,
Nə olar, məni də özünlə apar.
*
Çox tələsmə, yollar ömürdən gedir,
Tələsdikcə, gənclik bizi tərk edir.
Bilsən, həyat öndə nəyi vəd edir?
Eylə karvanını tələsən qatar,
Nə olar məni də özünlə apar.
*
Qayğılar artdıqca, zaman dayanır,
Ağrım baş qadırıb, dərdim oyanır,
Hisslərim bu yolu qurtuluş sanır,
Şəfasını gəzib axdaran apar
Nə olar məni də özünlə apar.
*
Qəm, kədər yükü var köçümdə mənim,
Sazaq, qırov tutub saçımda mənim,
Bir həsrət göynəyür içimdə mənim,
Yollar düyün düşən bəxtimi açar,
Nə olar məni də özünlə apar.
*
Sabahım arının pətəyindədirr
Qismətim tanrının ələyindədir
Tutmuşam əllərim ətəyindədir
Ya çək ətəyindən əlimi qopar
Ya da gəl məni də özünlə apar
*
Ağrıları söküb atmaq olarsa,
O karvanla çıxıb getməyə nə var,
Ərmağan eyləyib gözəlliyimi,
Şəbnəmi özünə qaytarmış olar,
Nə olar məni də özünlə apar.
AĞLADIM
Hərdən dəli könlümü, ovutsa da nəğmələr,
Bir anlığa başımı yovutsa da nəğmələr,
Otağıma sığmadı çəkiyim işgənclər
Ötən zor günlərimi yada salıb ağladım.
*
Gecələr yastığımı isladanda göz yaşım,
Özümdən uzaqlara apardı məni huşum,
Qayğılardan məhrumam, çəkən yox nəvazişim,
Hər tərəfli sevgidən yetim qalıb ağladım.
*
Gah alovlu baxışdan ,gah acı sözdən yandım
Gah bu zalım həyatdan, gah ömrümdən usandım,
Gizlincə gah qapıya, gah da yola boylandım,
Sonra da öz halına baxım gülüb ağladım.
*
Şehli bənövşə idim, yorğanım duman oldu,
Sevdim gah şirin xəyal, gah da bir güman oldu,
Mən ömür yaşamadım ötüşən zaman oldu,
O zamanın içində yaşa dolub ağladım.
*
Məni tənhalıqdan çox yaşadıqlarım üzür,
Al-əlvan otağımda tapa bilmirəm huzur,
Şəbnəm öz ağrısına axtarıb dözüm gəzir,
Tapmayanda huzuru naçar qalıb ağladım.
ÜRƏYİMİN
Aç sinəmi, köksümə bax, ay həkim,
Gör neçə yarası var ürəyimin.
Söylə, bu acını mən necə çəkim,
Sınmamış harası var ürəyimin?!
*
Neçə yolla fələk bölüb bağrımı,
Çəkən bilər məni bölən ağrımı,
İstəyirəm sizdən duyum doğrunu,
Bəlkə bir çarəsı var ürəyimin?!
*
Tutqun hava kimi gözü nəmliyəm,
Fikrim dalğın, payız kimi qəmliyəm,
Şərabdan yox, dərd əlindən dəmliyəm,
Alovlu kürəsi var ürəyimin.
*
Otuz il sinəmə baş qoyub yatan,
Sevirəm deməklə başımı qatan,
Sevgimi ötəri marağa satan,
Yar vuran yarası var ürəyimin?!
*
Ölümün gözünün içinə baxdım,
Çətin sınaqlardan üzü ağ çıxdım,
Qarşıma çıxanı səbrimlə yıxdım,
Koroğlu nərəsi var ürəyimin.
BU SEVGİ
Ürəyimi nişan alıb gözüylə,
Ağlımı başımdan aldı bu sevgi.
Ovsunlayıb məni şirin sözüylə,
Dağlarda kəməndə saldı bu sevgi.
*
Şirin xəyalınla qala yaparam,
Fərhad olub dağı-daşı çaparam,
Ruha dönüb varlığına hoparam,
Dedi, elə bildim baldı bu sevgi.
*
Yalanlara nə qədər çox inandım,
O qədər özümü bəxtəvər sandım,
Doğruları görüb alışıb yandım,
Ürəyimə bir od saldı bu sevgi.
*
Ağrısına şəfa gəzdim Rəbbimdə,
Könül əzabından susdu təbim də,
Ayın üzündədi, mənim qəlbimdə,
Lalə yanağında xaldı bu sevgi.
*
Mənim əzabımı yaşayan bilər,
Qəlbimin yükünü daşıyan bilər,
Məndən sevincimi apardı illər,
Niyə yaman gözə gəldi bu sevgi.
*
Keşməkeşli yollar saldı borana
Ud ağacı oldum mən yana yana
Payız oldu Şəbnəm köçdü arana
Mahnıtək dağlarda qaldı bu sevgi.
YUXUDA KƏNDİ GÖRDÜM
Xatirəm çözələnib al əlvan yumaq kimi
Məni məndən apardı dəcəl bir uşaq kimi
Sevincimdən qaynayıb daşanda bulaq kimi
Xəyalların içində yatıb yuxuya qaldım,
Gözlərimi yumanda hər yan çəməndi gördüm,
Yuxuda kəndi gördüm.
*
Xınalı kəklik kimi daşdan-daşa səkirdim,
Xallı kəpənək olub güldən şirə çəkirdim,
Ziyarətə bənzədib hər nə görsəm öpürdüm
"Sarı bulağ"a endim, "Bala təpə"yə cıxdım,
"Bayrambulağı"ndakı qurulan bəndi gördüm,
Yuxuda kəndi gördüm.
*
Qoca palıd yağışda başıma çətir oldu,
Hörüyümə ilişən kollar saçımı yoldu,
Səmada çaxan şimşək yerdə vahimə saldı,
Qorxumdan diksinəndə kolluqdan düzə çıxdım,
Cilovunu qoparan hürkək səməndi gördüm,
Yuxuda kəndi gördüm.
*
Kolların arasında bənövşələr boylanır,
Yağış çəməni yuyub, lalə alışıb yanır,
Meh əsib, şeh tökülür, çəmənlər qurulanır,
Sərçələr civildəşib, arılar şirə çəkir,
Təbiətin qoynunda nə varsa şəndi, gördüm,
Yuxuda kəndi gördüm.
*
Bir yanda "Şindi" dağı əzəmətlə ucalır,
Yamac gül-çiçək açıb zirvəsində qar qalır,
Yayda "Keçəl təpə"də nənələr binə salır,
Əyləşib süfrəsində nənəmə qonaq oldum,
Əlvan boğçasındakı noğulu qəndi gördüm,
Yuxuda kəndi gördüm.

NECƏ QAYTARIM
Sənə qurban olum, ay həkim bacı,
Söylə, bu dərdimin varmı əlacı?
Bülbültək gülşəndə çəkirəm acı,
Hafizəm azalıb, tükənib varım,
İtən yaddaşımı necə qaytarım?
*
Qış gəlməmiş,qırov tutub qaşımı
Yaşım deyil, dərd ağardıb başımı.
Dəryacan ağlımı,zəngin huşumu,
Aparan apardı , var intizarım,
İtən yaddaşımı necə qaytarım?
*
Üzərimdən qəfil əsən sərt külək,
Soldurub, yarpaqtək titrəyir ürək,
Bircə himə bənddi, qopub düşəcək,
Bu gündən sabaha yox etibarım
İtən yaddaşımı, necə qaytarım?
*
Dövlət istəmirəm, var istəmirəm,,
Sevməyi unutdum, yar istəmirəm,
Xəstə yatağında nar istəmirəm,
Gəldim dərmanımı sizdə axtarım?
İtən yaddaşımı, necə qaytarım ?
Şəbnəmə huşunu necə qaytarım?
SORUŞDUM
Mən yubandım, yoxsa zaman tələsdi,
Ötən gündən, aydan, ildən soruşdum.
Bu qocalıq nə tez qapımı kəsdi,
Üzərimdən əsən yeldən soruşdum.
*
Babalımı fələk yığıb boynuna,
Zər eləyib alət oldum oynuna,
Kimi sevdim torpaq aldı qoynuna,
Sorağını bağda güldən soruşdum.
*
Həsrət böyüdükcə səbrim daraldı,
Çəkdiyim naləmə güllər saraldı,
Başım çəkmədiyi daha nə qaldı?!
Yaşadığım qeylü-qaldan soruşdum.
*
Kürəyimə dərd şələsi bağlayıb,
Oda salıb yar sinəmi dağlayıb,
Xəyallarda dizimi qucaqlayıb,
Şəbnəmi axıdan seldən soruşdum.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!