Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 16-12-2022, 13:29
Yusuf Zirvəsi

Yusuf Zirvəsi


Gənc tədqiqatçı Elmir Həsən Şair Təbibin dünyaşöhrətli azərbaycanlı-kimyaçı alim Yusuf Məmmədəliyevə həsr etdiyi “Yusuf zirvəsi” poemasına resenziya yazıb. "Bütöv Azərbaycan" qəzetinin bu günkü sayında dərc olunmuş həmin resenziyanın maraqla qarşılanacığını nəzərə alaraq "Butov.az"-ın oxucularına təqdim edirik:
Məşhur fransız yazıçısı və şairi Alfons de Lamartinin təbirincə desək, şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər, yaxud V.Belinskinin məşhur ifadəsi ilə "Şair həqiqəti sübut etmir, o onu göstərir".
Bu ifadələrdən yola çıxıb deyə bilərəm ki, yaradıcılıq insanın daxili ruhunu, mənəviyyatını bir başqa yöndə istiqamətləndirən istedaddır; həyatı öz pəncərəndən seyr etmək kimi.

Şair Təbib

Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbib yaradıcılığı da eynən bu cür poetik düşüncələri özündə cəmləyir.Müəlifin Azərbaycan SSR EA-nın akademiki və prezidenti olmuş kimyaçı alim Yusuf Məmmədəliyevə həsr etdiyi “Yusuf zirvəsi” poeması onun uşaqlıq çağlarından ta ömrünün sonuna qədər olan dövrü əhatə edir. “Yusuf zirvəsi” poemasını ədəbiyyatımızda böyük kəşflər etmiş bir alimin həyatını bu cür geniş təsvir edən ilk əsər hesab edə bilərik. Əsərdə böyük alimin zəngin elm,həyat yolu poetik üslubda işıqlandırılır. Əsərin proloq hissəsində şair özünəməxsus estetik ideallardan çıxış edərək çox gözəl şəkildə elm yolunun nə qədər müqəddəs olduğunu xüsusi obrazlılıqla təsvir edir:

Dahi zəkasının bir damla nuru,
Zülmət gecələri işıqlandırar.
Onun düşüncəsi, ağlı, şüuru,
Möcüzələr dolu bir aləm qurar.

Zirvələrə doğru hey yüksəlirlər,
Elmi çox dərindən duyan dahilər.
Deyirlər dünyaya az-az gəlirlər,
Zamanı arxada qoyan dahilər.


Məşhur yazıçı F.Dostoyevskinin fikrincə dahilər yüz ildən bir yetişirlər. Şair Təbib də buna bənzər fikirdən çıxış edərək bu cümləni bir daha təsdiq edərək qeyd edir ki, dahilər gələcək günləri daha gözəl təxmin edər, yalnız gələcək işlərin, uğurların ardınca gedərlər. Yusuf Məmmədəliyev Azərbaycan elmində xüsusi xidmətləri olmuş alimlərimizdəndir. Şair onun çətinliklərlə dolu keçən ömür yolunu bədii cəhətdən aydınlaşdırır. Misraların xüsusi poetik ifadələrlə işlənilməsi poemanın hər bəndinə məna zənginliyi bəxş eliyir.
Əksər insanları mürəkkəb həyat şəraiti daha zəngin yetişdirir, çünki onlar həyatın bərkinə-boşuna düşmüş şəxslər olaraq daha möhkəm iradəyə sahib olarlar. Yusufun da gəncliyi bu cür çətinliklərlə dolu keçib. Erməni-müsəlman davası bu çətin illərin ardından üstəlik Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və öz beşiyindəcə boğulması, süqutu, daha sonra ölkə ərazisində Sovet imperiyasının qurulması, əhalinin güzəranını daha da ağırlaşdırmışdı ki, bu həm də Yusufun uşaqlıq illərində ailəsinə, təhsilinə mənfi təsir göstərmiş, eyni zamanda valideynlərinin erməni-müsəlman davasında Cənubi Azərbaycana pənah aparması, qardaşı İlyasın vəfatı və s. durumlar gənc Yusufa ciddi təsir göstərsə də, bu yolda öz möhkəm iradəsini ortaya qoyaraq öz məqsədi uğrunda sona qədər gedərək təhsilini davam etdirməyə müyəssər olmuşdu:

Fəqət çox çəkmədi bu sakit zaman-
Arzu yollarını bürüdü duman.
Araya dövrün sərt havası düşdü,
Erməni-müsəlman davası düşdü.
Üz-üzə dayandı xeyir ilə şər,
Arvad-uşağını yığıb birtəhər
Hacı Heydər kişi keçdi Arazı,
Qaldı sinəsində övlad yarası-
Arazda ömrünü bitirdi İlyas,
Ailəyə kədər gətirdi İlyas...

Əssə də illərin sərt küləkləri,
Yusuf öz yolundan dönmədi geri-
Təhsil almağına o davam etdi,
Təbriz şəhərində məktəbə getdi.
Müəllimlər ona valeh oldular,
İti zəkasına heyran qaldılar.


Şairin poemasının hər bəndi incə detalları ilə zəngindir. Və hər bənddə tarixilik dayanır. Alimin həyatı və yaradıcılığı fonunda gərgin siyasi məqamlara geniş yer verilib ki, bu da əsərin məna yükünü daha da yüksəldir.

O vaxtlar İran da çalxalanırdı,
Azadlıq müjdəli işıq yanırdı.
Boğuldu inqilab, qanlar töküldü,
Nə qədər azəri türkləri öldü.
Şahid olub xeyli günaha, aha,
Ordubada döndü Yusufgil daha.


Akademikin o dövrdə - müharibədən sonra raket yanacağı kəşf etməsi onun SSRİ-də hörmətini bir qədər də artırmışdı. Hətta Nobel mükafatına namizəd olaraq onun adını vermək qərara alınsa da, böyük kimyaçı alimin əməyini qiymətləndirməyən, gözü götürməyənlər də az deyildi. Onların ədavətli niyyətləri sayəsində Yusufun namizədliyinin qarşısına sədd çəkdilər. Bu məqamı poetik düşüncələrlə misralara hopduran Şair Təbib həm də oxucunu hadisələri sona qədər diqqətlə izləməyə vadar edir.

Etdiyi kəşfləri alıb nəzərə,
Elmi dairələr çox haqlı yerə,
Məmmədəliyev - o böyük alimi
İrəli sürdülər namizəd kimi
Ona layiq Nobel mükafatına...
Lakin müzakirə etməkdən yana
Mərkəzi komitə iclas eylədi.
Xruşşov bəyənib xoş sözlər dedi.
Çox yüksək fikirlər səsləndi, fəqət
Oxundu anonim məktub nəhayət.
Guya dövlət sirri olduğu üçün,
Bu kəşflərə aid məlumat bu gün
Stokholma getsə təhlükəsi var,
Hərbi sirlərimiz aşikar olar...
Əslində bu kəşflər haqqında çoxdan
Hətta Ameruka mətbuatından
Xəbər yayılmışdı dünyaya,amma
İclasda danışan bir iblis sima
Qərəzli olaraq haqqı yandırır,
Şeytanın sözünə haqq qazandırır.
Beləcə, namizəd olmadı Yusuf,
Nobel mükafatı almadı Yusuf.


Əsərin dilinə gəldikdə isə əsər başdan-başa nitq aydınlığından ibarətdir. Müəllifin Azərbaycan dilinə bələd olması vacib önəm daşıyır. Üstəlik nəzm formasında yazılması onun bədii yükünü, identik anlaşılmasını müəyyən edir. Təbii ki, burda biz Səməd Vurğun intonasiyasını da duyuruq, xüsusilə "Komsomol" poeması sanki göz önümüzdə canlanır. Poema bir tərəfdən roman təsiri bağışlayır, çünki bütöv bir şəxsin həyat yoluna işıq saçan bu poema həm də bir xalqın istedadını, taleyini öz açıqlığı ilə ortaya qoyan bir şəxsin nümunəsində ömür romanıdır.
Hadisələr həzin ardıcıllıqla öz formasında nəql edilərək hiss olunmayacaq dərəcədə bir mətləbdən digər mətləbə keçid edilir. Bu yöndə yazılacaq əsərlərə bu gün ədəbiyyatımız ciddi ehtiyac duyur. "Yusuf zirvəsi" poemasının tarixilik kontekstində yazılması və öz elmi kəşfləri ilə sovet imperiyasına və onun vətən müharibəsindəki nailiyyətlərinə ciddi təsir göstərmiş Azərbaycanlı elm xadiminin əməyinin diqqətdə saxlanmasına müstəsnasız xidmətdir. Əsəri istər sosioloji, istərsə də strukturalist metod çərçivəsində uğurlu hesab etmək lazımdır. Bədii material olaraq ədəbiyyatımız üçün dəyərli yöndə yazılmış əsər kimi məxsusi bədii dəyər daşıyır.

Elmir Həsən
"Bütöv Azərbaycan" qəzeti
16 dekabr 2022-ci il


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!