Avropa Parlamenti Xorvatiyanın Avropada vizasız səyahət bölgəsi olan Şengen zonasına daxil olması barədə layihəni təsdiqləyib. Layihə 53 əleyhinə, 534 lehinə olmaqla, səs çoxluğu ilə qəbul edilib. Bununla da Xorvatiyanın Şengen ölkələri ilə iç sərhədlərdə kontrolsuz səyahət imkanının açılması istiqamətində növbəti hüquqi prosedur tamamlanıb. Yekun nəticə isə Avropa İttifaqı Şurasında üzv dövlətlərin konsensus yolu ilə qəbul edəcəyi qərardan asılıdır. Qeyd edək ki, Şengen zonasına ümumilikdə 26 ölkə daxildir. Bunlar Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya və Rumıniya istisna olmaqla, Avropa İttifaqı üzvləri və birliyə daxil olmayan Norveç, İslandiya, Lixtenşteyn, və İsveçrədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu Türkiyədə müalicəsini tamamlayaraq Vətənə geri qayıdıb. “YAŞAT” Fondundan verilən xəbərə görə, həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır. Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (//yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan bu addımı liderin siyasəti adlandırıb. “Cənab Putinlə biz liderin siyasətinin ehtiyaclarını yerinə yetirdik. Təbii ki, bir-birimizə inam olmasaydı, biz bu addımı ata bilməzdik və edə bilməzdik. Özünə inam və bir-birimizə hörmət də bizi belə addımlar atmağa sövq edir”, - prezident deyib. Ərdoğan, həmçinin nüvə enerjisilə bağlı birgə addımlardan da danışıb: “Nüvə enerjisi sahəsində aramızda olan həmrəylik və bundan sonra Sinopda nüvə enerjisində yeni bir addım, müdafiə sənayesi istiqamətində atdığımız addımlar, bunlar da təbii ki, bir-birinə hörməti təşviq edir. Ona görə də biz bu tədbiri uğurla başa vurduq. Biz indi izləyiciyik”.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın cənubunda yerləşən Xerson şəhərinə həyata keçirilən əks-hücumla əlaqədar qoşunlara Dnepr çayının qərb sahilindən geri çəkilməyi əmr edib. Bu barədə Ukraynadakı Rusiya qoşunlarına rəhbərlik edən komandan Sergey Surovikin məlumat verib. O bildirib ki, Xerson şəhərini təchiz etmək artıq mümkün deyil. "Biz əsgərlərimizin həyatını və bölmələrimizin döyüş qabiliyyətini xilas edəcəyik. Onları sağ (qərb) sahildə saxlamaq məqsədəuyğun deyil. Vəziyyəti hərtərəfli qiymətləndirərək, Dnepr çayının sol sahilində müdafiəyə çəkilməyi təklif edirəm. Qoşunların bəzilərindən başqa cəbhələrdə də istifadə oluna bilər", - deyə Surovikin qeyd edib.
ABŞ-da seçki ianələri rekord həddə çatıb - Siyasi qütbləşmə artır
ABŞ-da Konqresə keçirilən aralıq seçkilər təkcə siyasi deyil, həm də maliyyə analitiklərinin marağına səbəb olub. Partiyalar və onların donorları tərəfindən açıqlanan məlumatlara görə, bu il aralıq seçkilərdə ümumi ianələr 9,3 milyard dolları ötüb. Bu barədə partiyaların, namizədlərin və donorların hesabatlarını təhlil edən “OpenSecrets” tədqiqat təşkilatı məlumat yayıb. 2018-ci ildə keçirilən aralıq seçkilərdə ianələrin məbləği 7.1 milyard dollar olub. Ekspertlər builki rekord nəticəni ABŞ-da siyasi qütbləşmənin kəskinləşməsi ilə izah edir. Cari seçki dövründəki xərclər 2020-ci ildə Konqres seçkilərinə xərclənən 9,9 milyard dollardan bir qədər az olub. Həmin il Konqres seçkiləri prezident seçkiləri ilə eyni vaxtda keçirildiyi üçün xərclər daha çox olub. Bu seçkidə əsasən milyonçu və milyarderlər tərəfindən edilən böyük fərdi ianələr də rekord həddə çataraq 881 milyon dollar təşkil edib. 2018-ci ildə belə ianələrin həcmi 611 milyon dollar, 2014-cü ildə isə 232 milyon dollar olub. Bu il böyük fərdi ianələr edən iyirmi milyonçu və milyarderdən 14-ü Respublikaçılar partiyasını, qalanı Demokratları dəstəkləyib. Cari seçki dövrünün əsas siyasi donoru uzun illər Demokratları dəstəkləyən Corc Soros olub, hazırda onun sərvəti təxminən 6,7 milyard dollardır. Soros bu il 128 milyon dollar ianə edib.
Bakıda keçirilən dünya çempionatında kişilər arasında +90 kq J1 çəki dərəcəsində mübarizə aparan Azərbaycan paracüdoçusu İlham Zəkiyev gümüş medal qazanıb. O, finalda braziliyalı rəqibi A.Villiyam ilə qarşılaşıb. Həlledici görüşdə uduzan İlham Zəkiyev dünya ikincisi olub. Bununla da millimizin Dünya Çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc).
Rusiyanın Qafqaz planı - Zaxarova yeni layihədən söz açdı
Rusiya Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının ortaya çıxarılması üçün konkret layihələrin həyata keçirilməsi üzərində işləyir. Bunu bu gün keçirilən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. XİN rəsmisi qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi Üçtərəfli İşçi Qrup regionda kommunikasiyaların açılması üçün xeyli iş görüb. “Rusiya tərəfinin fəal iştirakı ilə Azərbaycan və Ermənistan xalqları arasında etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır”, - deyə Zaxarova bildirib.
Amerikalı aktyor Şon Penn Ukraynanın qələbəsinə inam rəmzi olaraq “Oskar” heykəlciyini prezident Volodimir Zelenskiyə təhvil verib. Bu barədə Ukraynanın Prezident Aparatı məlumat yayıb. Bildirilib ki, “Oskar” Ukraynada müharibə bitənə qədər qalacaq. Zelenski Pennə III dərəcəli “Xidmətə görə” ordenini təqdim edib, ona “səmimi dəstəyə və Ukraynanın dünyada məşhurlaşmasına verdiyi mühüm töhfəyə görə” təşəkkür edib.