Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 13-03-2021, 12:48
Canını Vətən yolunda qurban verən insan


Canını, saf qanını, günəşdən pak vicdanını Vətən yolunda qurban verən insan...

(Səməd Afiyətin 100 illik yubileyi münasibətilə)
Afiyət Səməd Hacı Abdulla oğlu 1921-ci ilin yanvarında Azərbaycanın Qazax şəhərində dünyaya göz açmışdır.
Atası XIX əsrin ortalarında Qazax şəhərinin bünövrəsini qoyanlardan biri olmuş və öz səxavəti, möminliyi ilə çox məşhurlaşmışdır. Sovetləşmənin ilk illərində bütün varidatını itirmiş, 1938-ci ilə qədər ibadətlə məşğul olmuşdur.
Anası Humay xanım evdar qadın olmuşdur.
Səməd Afiyət 1928-ci ildən 1938-ci ilə qədər Qazax şəhər orta məktəbində təhsil almış, bu illərdə də ədəbi yaradıcılıqla məşğul olmağa başlamış, yazdığı şeirlərini Qazaxda çıxan “Kommuna yolu” qəzetində dərc etdirmişdir.
Atası İran təbəəsi olduğundan 1938-ci ildə kiçik yaşlı Səməd də ailə üzvləri ilə birlikdə başqa vətəndaşlar kimi SSRİ rəhbərliyinin məlum qərarı əsasında Azərbaycanı tərk etməli və İrana getməli olmuşdur. İrana döndükdən sonra Cənubi Azərbaycanın Mərənd şəhərində məskunlaşmışdır. Səməd də burada apteklərin birində farmasept şagirdi kimi işə başlamışdır. Atası tez vəfat etdiyindən o, hələ gənc yaşlarından anası və kiçik yaşlı bacı-qardaşlarının güzəranını maddi cəhətdən təmin etməli, bir sözlə, ailəni dolandırmalı olmuşdur. Bununla belə Şimali Azərbaycandan İrana qayıtmış (əslində sürgün edilmiş) digər mühacirlər kimi Səmədin də fəaliyyəti, adi məişət həyatı, dost-tanışlarla görüşləri İranın xəfiyyələri tərəfindən izlənir və təqib olunurdu.
1941-ci ilin avqust ayının 25-də (İran tarixşünaslığında bu tarix "Şəhrivər hadisəsi" kimi yadda qalmışdır) İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Sovet qoşunları 26 fevral 1921-ci il tarixli Sovet-İran müqaviləsinə uyğun olaraq SSRİ-nin cənub sərhədlərindən gözlənilən faşizm təhlükəsinin qarşısını almaq adı altında İrana daxil olduqdan və xüsusilə bu ölkənin şimal-qərb nahiyyəsində, başlıca olaraq Azərbaycan əyalətində mövqe tutduqdan sonra Səməd Afiyət də Şimaldan gəlmiş digər mühacirlər kimi sözügedən təqiblərdən yaxa qurtardı.
Yaranmış nisbi sakitlik və demokratik şəraitdən istifadə edən 21 yaşlı gənc Səməd Afiyət mərkəzi Təbriz şəhərində yerləşən və antifaşist platformada siyasi fəaliyyətlə məşğul olan "Azərbaycan cəmiyyəti"nə üzv olur. Buradakı ciddi fəaliyyəti, vətənpərvər ruhu onu 1945-ci ilin sentyabr ayının 3-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaradılmış Azərbaycan Demokrat Firqəsinin sıralarına gətirir və ona firqənin təbliğat şöbəsinin müdiri kimi cox məsul bir vəzifə həvalə olunur. S.Afiyət də digər həmməsləkləri kimi S.C.Pişəvərinin yaratdığl Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında baş vermiş və 21 Azər hərəkatı adı ilə tariximizə həkk olunmuş milli-demokratik hərəkatda yaxından iştirak edir, Azərbaycan Milli Hökumətinin qurucularından birinə çevrilir, bu hökumətin sosial-iqtisadi və xüsusilə mədəni sahələrdə həyata keçirdiyi islahatlarda yaxından iştirak edir, bu yolda istedad və bacarığını əsirgəmir.
S.Afiyət 1945-1946-cı illərdə Təbrizdə fəaliyyət göstərən sovet məktəbində orta təhsilini təkmilləşdirmiş və sonra özü də müəllimlik fəaliyyəti ilə məşğul olmuş, həmin zamanlarda 89%-i kəndlərdə yaşamaqla 99%-i savadsız olan azərbaycanlıların maariflənməsində yaxından iştirak etmişdir.
S.Afiyət eyni zamanda ədəbi fəaliyyətini davam etdirir, ədəbiyyat xəzinəmizə yadda qalan şeirlər bəxş edir. Həmin zamanlarda Təbrizdə nəşr olunan, Cənubi Azərbaycanın demək olar ki, bütün şəhər, qəsəbə və kəndlərində yayılan Azərbaycan Demokrat Firqəsinin orqanı "Azərbaycan" qəzetində də gənc şairin yaradıcılığına diqqəti çəkən yazılara rast gəlinir. Belə ki, qəzetin 9 aprel 1946-cı il tarixli 168-ci sayında demokrat firqəsinin Təbriz şəhəri 5-ci rayon komitəsinin Azərbaycan Milli Məclisinin sədri Şəbüstərinin sədrliyi ilə aparılan və 800 nəfər firqə üzvünün iştirak etdiyi ciddi bir toplantı barədə yazısında şairlərdən cənab Kaşif və cənab Səməd Afiyətin sözügedən tədbir iştirakçıları qarşısında vətən və azadlıq haqqında yazdıqları şeirlərini oxuduqları qeyd edilir.
S.Afiyət 1946-cı ilin yanvarında Təbrizdə yaradılmış “Azərbaycan şairlər məclisi” adlı yazarlar birliyinin üzvü olmuşdur. Onun bu birliyin orqanı olan "Şairlər məclisi" toplusunun oktyabr-noyabr 1945-ci il tarixli 425 səhifəlik 3-4-cü sayındakı "Arzular" (adıgedən məcmuə, s.315) və "Əziz vətənim" (adıgedən məcmuə, s.316) ünvanında çap olunmuş şeirləri onun ciddi ədəbi yaradıcılıqla da məşğul olmasından xəbər verir.

Haşiyə: Sözsüz ki, Səməd Afiyətin ədəbi yaradıcılığı, xüsusilə də vətən və azadlıq haqqında şeirləri özündən 5 yaş kiçik qardaşı Məhəmmədrza Afiyətin də bir yazıçı, jurnalist, publisist, tərcüməçi kimi yetişməsində, formalaşmasında və tanınmasında ciddi rol oynamış, onun yaradıcılıq istiqamətini müəyyənləşdirmişdir. Məhəmmədrza Afiyət (Mərəndi) də 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub, o da 1938-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçmüş və orta məktəbi də Təbrizdə bitirmişdir. M.Afiyət 1946-cı ildə Sovet ordusunun Təbrizdə olan yüksək rütbəli hərbçiləri ilə Azərbaycana gəlib və burada hərbi məktəbə daxil olaraq təhsilini uğurla başa vurub. Sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ikinci ali təhsil alıb. O, uzun müddət jurnalistika sahəsi ilə məşğul olub. 30 ilə yaxın ADF orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Məhəmmədrza Afiyət mətbuatda çalışdığı dövrdə Nəriman Həsənzadə, Söhrab Tahir, Mədinə Gülgün, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə kimi yazıçı və şairlərlə işləyib, onlarla dostluq və əməkdaşlıq edib. Səməd Behrənginin uşaqlar üçün yazdığı “Çuğundur satan oğlan” (1960), “Balaca qara balıq” (1978) adlı hekayələrini və bir sıra digər mütərəqqi yazarların əsərlərini fars dilindən Azərbaycan dilinə tərcümə edən Məhəmmədrza Afiyət Azərbaycan ədəbiyyatında, xüsusilə də onun cənub qolunda ədəbi-bədii fikrin formalaşmasında mühüm rol oynamışdır. Müxtəlif illərdə onun “Alov” (1959), "Atamı istəyirəm" (1961), "Sərdari-milli Səttərxan" (1968 və 1980), “Məşrutə inqilabı və Pəhləvi dərbarının xəyanətləri” (1978) "Ürəkdə işıq" (1984) adlı kitabları nəşr edilib. M.Afiyət 24 aprel 2011-ci il tarixində 85 yaşında Bakıda vəfat etmişdir. Bu il (2021) onun 95 illik yubiley ilidir.

Bu sırada qeyd edilməlidir ki, S.Afiyət 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin qərarı ilə Bakıya təhsilə göndərilən 11 nəfərdən biri olmuşdur. Təəssüf ki, 1946-cı ilin dekabr ayının 12-də xarici imperializmin maliyə və hərbi dəstəyi ilə şah rejimi tərəfindən Azərbaycandakı milli-demokratik hərəkat qan dəryasında boğulduqdan sonra Bakıya təhsilə gəlmiş digər nümayəndələr kimi o da geriyə qayıda bilmir. Bakıda o zamankı Məşədi Əzizbəyov adına Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olan S.Afiyət 1951-ci ildə bu ali təhsil ocağını "Fərqlənmə diplomu" ilə bitirir.
Elə həmin ildə də adıgedən institutun Petroqrafiya kafedrasında aspirant olaraq saxlanılır. 1956-cı ildə dissertasiya işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alır. 1951-ci ildən Sənaye İnstitutunun Petroqrafiya kafedrasında müəllim kimi fəaliyyətə başlayan S.Afiyət alimlik dərəcəsinə nail olduqdan sonra elə həmin kafedrada baş müəllim və daha sonra isə dosent vəzifələrində həm pedaqoji, həm də elmi fəaliyyətini davam etdirmiş, müxtəlif geoloji fənlər üzrə tələbələrə mühazirələr oxumuş, seminar dərsləri aparmış, 40 ilə yaxın kafedranın Azərbaycanın müxtəlif bölgələrində apardığı çöl tədqiqat işlərinə rəhbərlik etmişdir.
Onun geologiya-mineralogiya ixtisası üzrə fəaliyyətilə bağlı 1983-cü ildə "Alim və pedaqoq – Səməd Afiyət" ünvanında çəkilmiş bir sənədli filmdə deyilir: "[İranın] Sovet İttifaqında alimlik adı almış istedadlı övladlarından biri də geoloji-mineraloji elmləri namizədi Səməd Afiyətdir. Səməd müəllimin yeganə arzusu vətəninin təbii sərvətlərini aşkara çıxarmaqdır. Sənayeləşmə yolunda ilk addımlarını atan İranda, Afiyətin vətənində nə qədər kəşf edilməmiş zəngin sərvət yataqları vardır" (https://www.youtube.com/watch?v=iyBXuj3jtsk). Sözsüz ki, filmin çəkildiyi həmin dövrdə siyasi konyekturaya uyğun olaraq Səməd Afiyətin vətəni Arazın o tayındakı Azərbaycan deyil, sadəcə İran adlandırılmışdır.

Lakin sonralar sağlamlığında yaranmış ciddi problemlə bağlı (sağ gözü görmə qabiliyyətini tamamilə itirdiyinə görə) 1998-ci ildə, özünün təbiri ilə desək, uzun illər çalışdığı, pedaqoji və emi fəaliyyətlə məşğul olduğu, qurub-yaratdığı doğma ocagından ayrılmalı olmuşdur. Səməd müəllim bu ayrılığı özü üçün bir fəlakət adlandırırdı...
S.Afiyət istər Güneydə, istər Quzeydə yaşadığı müddətdə təhsil işləri, pedaqoji və elmi fəaliyyəti ilə yanaşı Azərbaycan Demokrat Firqəsindəki ictimai-siyasi fəaliyyətindən bir an belə kənarda qalmadı, əksinə ən məsul vəzifələri icra etdi, bununla da xalqına, vətəninə xidmət etmiş oldu.
1946-cı ilin dekabrın 12-də Azərbaycan Milli Hökuməti şah qoşunlarının amansız hücumlarına məruz qaldı, minlərlə Azərbaycan fədaisinə, firqəçiyə divan tutuldu, qocalar, cavanlar, uşaqlar güllələndi. Bəzilərini diri-diri yandırdılar, ocaqlar üzərində quraşdırılmış böyük qazanlarda qaynatdılar, əl-ayaqlarından arabalara qoşub müxtəlif istiqamətlərə dartaraq parça-pasrça etdilər, dar ağaclarından asdılar. 100 minə yaxın azərbaycanlı ab-havası pis olan İranın cənub rayonlarına sürgün edildilər. Müvafiq qərar üzrə qardaş qırğınına yol verməmək, beynəlxalq avantüranın qarşısını almaq məqsədilə cəbhə bölgəsində şah qoşunu ilə döyüşdən geri çəkilən xalq qoşunu hissələri, fədai dəstələri, eləcə də şah cəlladları və yerli feodalların silahlı quldur dəstələrinin hücumlarından canlarını qurtara bilən minlərlə azərbaycanlı, xüsusilə Azərbaycan Respublikası ilə sərhəd bölgəsində yaşayan ailələr qarlı qışın soyuq günlərində Şimala pənah gətirdilər.
Məhz o günlərdə həmin pənahəndələri Respublikanın müvafiq bölgələri, şəhər və qəsəbələri üzrə yerləşdirmək, uşaqları və gəncləri məktəblərə cəlb etməklə onların təhsilini təşkil etmək kimi cöx ciddi və ağır məsələlər həlli vacib olan ən mühüm problemlər sırasında qarşıda dayanırdı.
Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi Bakıda bu işi S.Afiyətin rəhbərlik etdiyi şöbəyə həvalə etdi. S.Afiyət ADF MK-nın üzvü olmaqla uzun illər təhsil-məişət məsələləri üzrə firqə sədrinin müavini olaraq yorulmadan sədaqətlə çalışdı, əlindən gələni heç kimdən əsirgəmədi.

Haşiyə:[b][/b] 1974-cü ildə Mingəçevir şəhərində orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün işlərimi BDU-nun Şəqşünaslıq fakültəsinin fars filologiyası şöbəsinə vermişdim. İmtahanları verib həmin fakültənin fars filologiyası şöbəsinə qəbul olduqdan sonra Pişəvəri fədaisi və ADF üzvü olan atam Zülfəli kişi sevincək müjdə vermək üçün mənimlə Mərkəzi Komitəyə getdi. Atam məni təhsil şöbəsinə apardi. Orada ilk dəfə Səməd müəllimi gördüm. Üzündə aydın sezilən bir təbəssüm və gözlərindən süzülən bir sevinc gördüm. Atam əlində tutduğu qəbul olunmağım haqqında bildirişi Səməd müəllimə verdi, o da diqqətlə kağızı nəzərdən keçirdikdən sonra üzünü atama tərəf tutub dedi: "Zülfəli kişi, İranda molla azdır ki, birini də burada yetişdirək?" Atamın tərəddüdünü görüb dərhal "mən ora mollalıq etmək üçün daxil olmamışam, yaxşı təhsil alıb atamın qohum-əqrabası ilə, oradakılarla əlaqə qurmaq istəyirəm, bu ayrılığın, bu mühacirətin səbəblərini öyrənmək istəyirəm" deyə Səməd müəllimin atama ünvanladığı sualı cavablandırdım. O da xəfifcə gülümsədi, mənimlə üzbəüz dayanaraq sağ əlini sol çiynim üzərinə qoyub atama sarı baxaraq dilləndi: " Zülfəli kişi, daha sənin bu uşağın təhsili ilə işin olmasın, bu gündən onun təhsili ilə biz maraqlanacaq və lazım olan hər bir dəstəyi də verəcəyik...". İllər keçdi. Ali təhsilimi başa vurduqdan sonra Səməd Afiyət və Lütfəli Ərdəbili (fələki) məni uzun illər çalışdığım və bu gün rəhbərlik etdiyim AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinə işləmək üçün yönəltilər, Cənubi Azərbaycanın 21 Azər hərəkatından sonrakı dövrünə aid elmi araşdırmalarıma, tədqiqat işlərinə lazım olan ilk mənbə, arxiv sənədləri və ədəbiyyat cəhətdən ciddi dəstək verdilər. Bütün bunlar üçün firqədəki bütün başqa həmməsləklərimiz kimi Səməd müəllimə çox minnətdaram...
S.Afiyət bütün işgüzar fəaliyyəti dövründə müxtəlif sahələr üzrə milli ruhlu gənc kadrların hazırlanmasında gərgin əmək sərf etmiş, sözün həqiqi mənasında bu sahədə böyük işlər görmüş, nəzərəçarpacaq nəticələr əldə etmişdir. O, əslində özünü tamamilə bu işə həsr etmişdi. Belə ki, İrandakı azərbaycanlıların fars şovinistlərinin milli zülm siyasətindən nicatını milli ruhlu kadrların, bir sözlə gənc nəslin yetişməsində, onların təşkilatlanmasında, gələcək milli mübarizələrində görürüdü. Bu, onun əsas hədəfi və həyat şüarı idi.
S.Afiyət işlədiyi yerdə, çalışdığı sahədə həmişə yoldaşları, həmkarları, həmvətənləri və həmməsləkləri ilə möhkəm bağlar qurmağa, hər vasitə ilə bu birliyi və vəhdəti əməlləri ilə nümunə olaraq gənc nəslin ruhuna ötürməyə çalışmışdır. O, ADF-nin və İranlı Siyasi Pənahəndələr Cəmiyyətinin xətti ilə təşkil edilən bütün siyasi, ictimai və mədəni tədbirlərdə iştirak etmiş, onlardan xalqı və vətəninin azadlığı yolunda mübarizə ruhunun formalaşması və möhkəmlənməsi işində istifadə etməyə çalışmışdır.

S.Afiyət ADF və İranlı Siyasi Pənahəndələr Cəmiyyəti tərəfindən "Dostluq bağı"nın yaradılmasının təşəbbüskarlarından biri və eyni zamanda onun salınmasında ən fəal iştirakçılardan biri olmuşdur.
Səməd Afiyət eyni zamanda da ailəcanlı bir insan idi. Onu daima ailə üzvləri və qohum-əqrəba arasında, onların əlamətdar tədbirlərində, eyni zamanda da xeyir-şər məclislərində görmək olardı. Lazım gəldikdə imkanı olduğu qədər dostlarına köməyini əsirgəməzdi.
Mərhum Səməd Afiyətin həm uzun illər çalışdığı Sənaye İnstitutunda, həm də Firqədəki gərgin, işgüzar, sədaqətli və faydalı fəaliyyəti dəfələrlə Respublika və İttifaq səviyyəsində dəyərləndirilmiş, müvafiq qaydada mükafatlandırılmışdır.
Onun da fəaliyyəti ADF-nin digər strukturlarının rəhbərlərinin fəaliyyəti kimi ulu öndər, milli lider Heydər Əliyevin diqqət mərkəzində olmuş, xidmətləri lazımınca dəyərləndirilmişdir.
1983-cü ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Respublika əhəmiyyətli təqaüdçü olmuşdur.

S.Afiyət keçmiş günləri xatırlayarkən həmişə xüsusi olaraq qeyd edərdi ki, "cənab Heydər Əliyev bizim bütün işlərimizdə bizə dəstək olub və lazım olan köməkliyi göstərmişdir".

Səməd Hacı Abdulla oğlu Afiyət səhhətində yaranmış problemlərlə bağlı iki dəfə infarkt keçirmiş, ürək və böyrək çatışmazlığı üzündən 2009-cu il yanvarın 3-də Bakıda vəfat etmişdir.
S.Afiyət yadigar qoyub getdiyi işləri ilə tərbiyə edib yetişdirdiyi mübariz nəslin yaddaşında, ruhunda əbədi yaşayacaq, uzun illər uğrunda mübarizə apardığı məqsəd və məramlar həyata keçəcək. O gün mütələq gələcək. Ruhun rahat osun, Səməd Afiyət...

Səməd Bayramzadə,
dosent, tarix üzrə fəlsəfə doktoru,
Bakı, 13 mart 2021-ci il.


Səməd Afiyətin "Şairlər məclisi" toplusunun oktyabr-noyabr 1945-ci il tarixli 3-4-cü sayında çap olunmuş şeirləri (səh.315-316).
Arzular

Mən qələmlə silahlandım, sən də götür silahı,
Üzümüzə gülümsəsin azadlığın sabahı.
Qoy ucalsın ərşə qədər bizim məğrur səsimiz,
Qoy göylərin qatları da bilsinlər ki, kimik biz.
Qoy tarixlər dastanını başlasınlar bu gündən
Nəqş olunsun tarixlərə qızıl xətlə bu Vətən.
Qoy gəlinlər adımızı xalçalarda toxusun,
Qoy aşıqlar şənimizə məclislərdə oxusun.
Qoy analar iftixarla desin, oğlum əsgərdir,
Sevdim, halal olsun, o, bir qalib gəlmiş nəfərdir.
Qoy qızlar da bizim üçün təzə bahar fəslitək,
Hər gülşənin qucağından dərib versin bir çiçək.
Beşiklərdə rahat yatsın bizim körpə balalar,
Onların xoş günlərini salamlasın ilk bahar.
Geniş nəfəs alsın bizim ana vətən torpağı,
Üzərində dalğalansın xalqın milli bayrağı.
Azərbaycan yurdumuzdur, Azərbaycan canımız,
Azərbaycan deyib vursun ölənədək qanımız.


Əziz vətənim.

Yenə tüğyan edib qəlbimdə sözlər,
Nitqə gəlmək üçün məqamı gözlər.
İstərdim, hər zaman yazaydım bunu,
Elimdə bahartək açılsın üzlər.

***
Ey ana vətənim, gözəl vətənim,
Qurbandır adına vücudum, tənim.
Sənin bayramına təbriklər demək
Vəzifəmdir mənim, fəxrimdir mənim.

***
İnan, xalqım kimi mən də canımı,
Lalətək qızaran bu saf qanımı
Qoymuşam, ey Vətən, sənin yolunda,
Günəşdən pak olan bu vicdanımı.

***
Gül açdı qəlbimdə bütün arzular,
İndi azadlıq var, indi bahar var.
İndi şair qəlbim ürəkdən deyir:
Bayramın xoş gəlib ey azad diyar.

***
Getdi ürəklərin qüssəsi, qəmi,
Yandı od yurdunun sönməyən şamı.
Daha xoş gələcək, pişvaz edəcək
Qəyur millətimi, azad ölkəmi.

***
Tarixlər yazacaq fəxrin, vüqarın,
İzi qalmayacaq tikanın, xarın.
Vətən qaldıracaq sinəsi üstə
Şanlı heykəlini böyük sərdarın.

***
Yenilməz güc verib bu torpaq mənə,
Böyük arzularım sığmır sinəmə.
Heç dərdim olmazdı, inanın, dostlar
Qurban kəsilsəydim əziz Vətənə.

***
Ölsəm də qəbrimin üstündə hər gün,
Üfüqdən boylanıb qızaran o gün
Deyəcək, ey şair, eşq olsun sənə
Öyün millətinin adilə, öyün!


Paylaş



Bölmə: Maarif / Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!