Butov.az AzərTac - a istinadən xəbər verir ki, dekabrın 23 - də “Dərbənd” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli heykəltəraş, Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.AZƏRTAC-a istinadən xəbər verilir ki, tədbirdə birliyin üzvləri, Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin təmsilçiləri, tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
İctimai Birliyin sədri, professor Nurulla Əliyev tədbirdə çıxış edərək görkəmli heykəltəraşın keçdiyi ömür və yaradıcılıq yolundan, mədəniyyətimizi zənginləşdirən memarlıq nümunələrindən danışıb. Bildirib ki, 1927-ci il dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olan Ömər Eldarov Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ.Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutur. Onların içərisində xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Səttar Bəhlulzadənin, Niyazinin, Natəvanın xatirələrinə həsr olunan abidələri göstərmək olar.
Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak edir. 1958-1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində onun rəhbərliyi ilə bir neçə nəsil tişə ustaları yetişdirilib. O, 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektorudur.
N.Əliyev görkəmli sənətkarın fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini, onun Dövlət mükafatı, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif edildiyini və bu yaxınlarda Azərbaycanın ən yüksək mükafatı – “Heydər Əliyev” ordeninə layiq görüldüyünü diqqətə çatdırıb.
"Dərbənd" Xeyriyyə İctimai Birliyinin idarə heyətinin üzvü Rafiq Rəhimov heykəltəraşın şərəfli ömür yolu və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Tədbirdə İctimai Birliyin üzvləri Həci Əhmədov, Arif Babayev və başqaları çıxışlarında təsviri sənət sahəsində yüksək ixtisaslı milli kadrların yetişməsində onun xüsusi rolunu vurğulayıblar.
Xalq Rəssamının həyatı və çoxşaxəli fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Sonra Ömər Eldarov Azərbaycanın ən yüksək mükafatı – “Heydər Əliyev” ordeninə layiq görülməsindən şərəf hissi duyduğunu bildirib. Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən görkəmli heykəltəraş dünya incəsənəti tarixindən danışıb, Azərbaycanda da bu sənətin dərin köklərə malik olduğunu vurğulayıb.
Tədbir çərçivəsində İkinci Dünya müharibəsinin iştirakçısı Məzahir Əmirovun 100 illiyi də qeyd olunub.
İctimai Birliyin idarə heyətinin üzvü Fizuli Cəfərov hərbçinin şərəfli ömür yolu və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Bildirib ki, 1917-ci ildə Dərbənddə anadan olan Məzahir Əmirov Bakı Teatr Texnikumunu aktyorluq ixtisası üzrə bitirib. 1939-cu il ordu sıralarına çağırılanədək Şəki rayonunun Nuxa teatrında, Dərbənd Azərbaycan Dövlət Dram Teatrında aktyor kimi çalışıb. 1941-ci ildən 1944-cü ilədək Böyük Vətən müharibəsində iştirak edib. Böyük Vətən müharibəsində fəal iştirak etdiyi üçün “Hünərə görə” və “Döyüşdə göstərdiyi şücaətə görə” medalı ilə təltif olunub. Ordu sıralarından tərxis olunduqdan sonra əvvəlcə Dərbənddə, sonralar isə Bakıda öz fəaliyyətini xalq təsərrüfatının inkişafına həsr edib.
İctimai Birliyin üzvləri Rafiq Rəhimov, Əskər Seyidov və başqaları çıxışlarında onun hərbi fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər. Qeyd olunub ki, Məzahir Əmirovun dörd övladı da hərbçi olub və Dağlıq Qarabağ müharibəsində iştirak edib.
Tədbirdə Məzahir Əmirovun həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.
Sonda Məzahir Əmirovun oğlu Rüfət Əmirov ailəsi adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.