Professor: «525»də redaktə işinə ehtiyac qalmır Bu yaxınlarda Azərbaycan mətbuatında bir məktəb rolunu oynayan "525-ci qəzet"in 30 illik yubileyi qeyd olundu. Bu münasibətlə tanınmış qələm zahidləri, tanınmış jurnalistika nümayəndələri "525-ci qəzet"in ünvanına öz xoş arzularını çatdırdılar. Əlbəttə, belə diqqət təsadüfi deyil. Bu, adıçəkilən qəzetin indiyədək gəldiyi şərəfli yolla əlaqədardır.
"525-ci qəzet"in ilk sayı 1992-ci il noyabrın 17-də — Milli Dirçəliş Günü nəşr olunub. Nəşrə həftəlik qəzet kimi başlayan "525-ci qəzet" 1996-cı ildən həftədə iki dəfə, 1999-cu ildən gündəlik mətbu orqan kimi fəaliyyət göstərir. Qəzetin səhifələrində əsasən ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələr dərc olunur. Azərbaycan ziyalıları, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Xalq yazıçıları-Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud, Elmira Axundova, Xalq şairləri- Fikrət Qoca, Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, tanınmış şair və yazıçılar-Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli, Seyran Səxavət, Aqil Abbas, Əli Əmirli, akademiklər- İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri- Misir Mərdanov, Könül Bünyadzadə, Tehran Əlişanoğlu, elmlər doktorları -Vilayət Quliyev, Solmaz Rüstəmova-Tohidi, Aida Qasımova, Cahangir Məmmədli, Qəzənfər Paşayev, Nəsir Əhmədli, Qulu Məhərrəmli müntəzəm olaraq qəzetin səhifələrində öz yazıları, bədii əsərləri və məqalələri ilə çıxış edirlər. Onların, ustad qələm sahiblərinin məhz bu qəzeti seçmələri, sözsüz ki, "525"in məktəb statusu ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, alim, mərhum professor Şirməmməd Hüseynov təxminən 20 il ərzində Azərbaycan tarixi üçün əhəmiyətə malik araşdırma yazılarını müntəzəm olaraq məhz "525-ci qəzet"də dərc etdirirdi. Müxtəlif illərdə onun təşəbbüsü ilə qəzetin səhifələrində Azərbaycan mətbuatının klassik nümunələrindən - "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərindən seçmələr də yer alırdı.
Ötən 30 il ərzində ən mühüm hadisələrə diqqət çəkən, müasir Azərbaycan tarixinin şahidi və həmyaşıdı olan "525-ci qəzet" haqqında Bakı Dövlət Universitetinin professoru, nəzəriyyəçi Cahangir Məmmədli öz fikirlərini bölüşərkən bildirdi ki, bu ona ən doğma qəzetlərdəndir: "Jurnalistika fakültəsinin müəllimi olaraq, Azərbaycan mətbuatının hansı tonda olduğunu, eləcə də qəzetlərin tipologiyasını müəyyənləşdirmək medianı gündəlik olaraq izləmək mənim vəzifəmdir. Nəşrlərin içərisində bir qəzet var ki, onu "mənim qəzetim" adlandırmaq olar. Bu, "525-ci qəzet"dir. Qəzet ümumrespublika statusuna malikdir. Ola bilər, bu statusu rəsmiləşdirmiyiblər. Amma mənə elə gəlir ki, onun tematikasına, mövzu dairəsinə, əhatə kütləsinə görə "525-ci qəzet" ümumrespublika qəzeti adını, statusunu almağa layiqdir. Çünki biz burda ədəbiyyat problemlərini, milli-mənəvi dəyərlərimizi, milli və ictimai maraqlarımızı görürük. Bütün bunların hamısını "525-ci qəzet" öz səhifələrində əks etdirir. Ona görə də bu qəzet xalq arasında geniş yayılıb".
Professor qəzet və mətbuatın "öləziməsi" barədə fikirlərə də aydınlıq gətirib: "Düzdür, qəzetin baş redaktoru Rəşad Məcid bəzən deyir ki, artıq qəzet, mətbuat "ölmək" ərəfəsindədir. Amma mən bunu "525-ci qəzet" haqqında deyə bilmərəm. Çünki bu qəzet yaşayır və bu qəzetin oxucuları hələ də çoxdur. Hər sahədə müxtəlif dövrlərdə ləngimələr olur, illər əvvəl ədəbiyyatda olduğu kimi. Amma indi mətbuat və ədəbiyyat yenə öz inkişafından geri qalmır. Mətbuatın televiziya və internetdən geri qalmaması redaksiya kollektivinin peşakarlığından asılıdır. "525-ci qəzet"in əməkdaşları o peşəkarlığın nə olduğunu, oxucunu necə ələ almağı və Azərbaycan xalqına necə xidmət etməli olduqlarını bilirlər".
Cahangir Məmmədlinin fikrincə, "525-ci qəzet"i məktəb kimi səciyyələndirən amillər bunlardır:
"Onun əməkdaşlarının böyük bir qismi bizim jurnalistika fakültəsini bitiriblər. Ona görə də onlar peşəkarlığın nə olduğunu bilirlər. Onların yazılarında redaktə işinə ehtiyac qalmır. Bütün dil qaydalarına ciddi şəkildə diqqət olunan bu qəzetin ümumilikdə tipologiyası elə özü bir məktəbdir. Digər bir tərəfdən isə "525-ci qəzet"i Jurnalistika fakültəsi tələbələrinin yaradıcılıq laboratoriyası adlandırmaq olar. "525-ci qəzet"lə Jurnalistika fakültəsi tələbələrinin münasibətləri çoxdan, elə qəzet çapa başladığı dövrlərdən yaranıb. Niyə? Çünki, o qəzeti yaradanlar: Rəşad Məcid, Yusif Rzayev və digərləri- demək olar ki, bu qəzetin kollektivinin 90%-i BDU-nun jurnalistika fakültəsini bitirib. Buna görə də "525-ci qəzet" lə sözün əsl mənasında bir ailəyik. Rəşad Məcid uzun illər fakültəmizdə dərs deyib. Və tələbələrimiz ondan çox şey öyrənib.
Əlaqələrimizi gücləndirmək məsələsinə gəldikdə isə bu, fakültədə müəllimlərimizdən asılıdır. Hazırki dövrdə müasir jurnalistikanın inkişafı, sözsüz ki, qəzetlərə təsirsiz ötüşmür. Bu məsələ ilə bağlı Cahangir Məmmədli əlavə olaraq qeyd edib ki, Rusiyada "Komsomolskaya pravda" qəzeti çox əvvəldən, 30-cu illərdən çıxır: "Hətta bir çox qəzetlər, "Kommunist", "Pravda" və s. adlarını dəyişdi. Amma "Komsomolskaya pravda" öz adını dəyişmədi. Bu hərəkətlə qəzet dedi ki, istəyirsiniz oxuyun, istəmirsiniz oxumayın. Və, həqiqətən də, o qəzet diqqət çəkməyi bacarır. Saytlarında maraqlı məlumat olduqda, məlumatın geri qalanını qəzetdə dərc etməklə bir növ oxucunu bu qəzeti oxumağa sövq edir. Bizim "525"- in də çox maraqlı saytı var. Elə materiallar var ki, qəzetdə gedə bilər amma saytda yox və ya əksinə. Bu baxımdan sanki qəzetlə saytın bir dialoqu var və onlar bu vəhdəti çox yaxşı bacarır. Və bu qəzetin, saytı ilə özünün yeni formatlara ciddi münasibəti qəzetin yaranmasına, qorunmasına və ömrünün uzun olmasına xidmət edəcək".
Aysun İbrahimova,
BDU Jurnalistika fakültəsinin tələbəsi