TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 18-02-2022, 09:37
Bir anın müqəddəs nişanəsi


Bir anın müqəddəs nişanəsi
İlk dərs günü Jurnalistika fakültəsində çöhrəsində xoş təbəssümü, sevgi dolu səmimiyyəti ilə sanki tələbəyə: "Xoş gəlib, səfa gətirmisən" - deyən insanla qarşılaşdıq. Sözün əsl mənasında insanla! Sonra həmin insanı sevdik. Çox keçmədi ki, insanlığına da vurulduq. Bütün bunlar 2019 -cu ilə təsadüf edir. Oktyabr ayının tən ortası. Hər dəfə jurnalistika fakültəsinə daxil olanda sözü və özü bütöv olan bu insan özünün yüksək mədəni davranışı, xoş və səmimi münasibətilə payız havasının tutqunluğunu yaz günəşinə, fəslin soyuqluğunu isə yazın ilıq və isti havasına kökləyə bilirdi. Bu, Zaur Babayev idi. Şəxsi və iş həyatında hər zaman dəqiqliyi, səmimiyyəti sevən, düzgünlüyü və məsuliyyəti hər an həyat amalı hesab edən Zaur Babayev!
Zaur Babayevin məndə xüsusi maraq doğuran hekayələrindən biri haqqında danışacam, daha doğrusu yazacam. Uzun illər Bakı Dövlət Universitetində müəllim fəaliyyətilə məşğul olan Zaur Babayevin "Saat" hekayəsini oxuyarkən diqqətimi çəkən bir neçə fikir və mülahizələri bildirməyi özümə borc bildim.
Hələ yeniyetmə olarkən böyüklərin dilindən səslənən bir fikir mənim diqqətimi cəlb etmişdir. Nə idi o fikir? Eşidirdim: "Filankəs necə adamdır?" - sualına cavab olaraq deyərdilər ki, hələ onunla dostluq, yoldaşlıq etməmişəm. Bu deyimin fərqinə vardıqda, sözün dərinliyinə baş vurduqda, fikrin arxasında görünməyən tərəfləri araşdırdıqda ifadənin nə qədər öz dolğunluğu ilə yerində deyildiyini, özündə həyat həqiqətini, gerçəkliyini göstərdiyinin şahidi olmuş olursan. Bəzən adı - şanı - şöhrəti və müxtəlif titulu olan kəslər qarşısındakının qəlbinə toxunar, ciddi əsas olmadan qəlb qırar. Ancaq Zaur Babayevin "Saat" hekayəsini oxuyarkən gənc qəhrəmanın mənəvi bütövlüyünü, daxili dünyasının zənginliyini, qəlbinin böyüklüyünü sezmiş oluruq.
Hekayədə baş verən hadisələr demək olar ki, sanki hansısa bir dahinin fikirlərinin iqtibasıdır. Ancaq belə də bir fikir var ki, təsadüf zərurətdən doğur. Biz saatı adətən sol qolumuza - biləyimizə taxırıq. Sol qolumuz da qəlbimizə yaxındır. Hekayənin qəhrəmanı təmiz qəlbə sahib olan Zaur müəllimin qərib bir yerdə tələbəlik çağında başına gələn bu hadisə onun bütöv xarakterini, daha doğrusu iradəsinin gücünü, əzmini və daxilindəki gözlə görünən və görünməyən müsbət keyfiyyətlərini, çalarlarını oxucuya çatdırır.
Bu hekayədən hiss olunur ki, Zaur müəllim real həyat boyaları ilə yaxşı çəkilmiş mühitdə, müdrik əhatədə böyümüş, doğru tərbiyə almışdır. Ələlxüsus da ailə tərbiyəsi. O, mükəmməl ailə tərbiyəsi aldığı üçün daha erkən mərifət sahibi səviyyəsinə yüksəlməyə nail olub. Bu fikirlərimi oxucu, dinləyici, izləyici bəlkə hardasa çox da isti qəbul eləməsin. Yuxarıda da qeyd etdiyim kimi bu fikirlər Zaur müəllimi yaxşı tanıdığım üçün öz şəxsi yanaşmam və hekayədən gəldiyim qənaətimdir.
Belə bir misal var ki, "qərib ölkədə insanın nəinki dili, hətta boyu da qısıq olar".
Adi bir idman yarışmasına baxarkən rəqiblər arasındakı mübarizə kənardan asan görünər. Ancaq bu belə deyil. Əsla! Lakin "Saat" hekayəsindəki qəhrəmanın qərib ölkədə daxili məsuliyyəti, hadisələrə çevik yanaşması özünü çox aydın şəkildə göstərir. Hekayə qəhrəmanının yaddaşında təbii olaraq içkinin təsirindən "boşluq" yaranır. Daha sonra saatı qolunda görməyən hekayə qəhrəmanı elə zənn edir ki, səhər adəti üzrə qoluna taxdığı saatı dəhlizdə alışqan verdiyi həmin adam qarşısındakının düşdüyü vəziyyətdən sui-istifadə edərək götürmüşdür.
Müəllif özü də qeyd edir ki, bu saat müstəqil həyata qədəm qoyduğu anın müqəddəs nişanəsidir. Həm də bildiyim qədərilə o zamanlar "Luç" markalı saatı maddi tərəfdən hər biləyin daşımağa gücü çatmazdı. Atanın oğluna bu saatı əmanət etməsi bizlərə: "Zər qədrini zərgər bilər" - misalını xatırladır. Ancaq hər gənc ata əmanətini qoruya bilmir. Mövzudan uzaq düşmək istəməzdim, ancaq yeri gəlmişkən hekayədə ananın mənəvi böyüklüyü, ucalığını: "Əgər sənə qarşı hər hansı bir təcavüz, soyğunçuluq olarsa ən dəyərli əşyandan - saatdan keç" fikirlərini də görmüş - oxumuş oluruq. Bu da onu göstərir ki, ana təhsilli oldu-olmadı nə qədər müdrik, uzaqgörən xanım olub. Bütün bunlar, əlbəttə genlə gələn faktordu. Buradaca Famil Mehdi yaradıcılığına müraciət edək:

Bəs səni toxuyan? -
Kimdir o ana?
Yaşadı, yaratdı şöhrətsiz, adsız.
Dünyanın böyük bir sənətkarına,
Kimi müti dedi, kimi savadsız.


Bu məqamda hər kəsə maraqlı olacaq və bəlkə də çoxlarının bilmədiyi bir faktı söyləmək istəyirəm. Beləki, Azərbaycan qadınlarının sabahkı taleyində çox böyük rol oynamış Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım həm də Zaur müəllimin nənəsinə Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində dərs demişdir. Həmin məktəbin ilk məzunlarından biri məhz Zaur müəllimin nənəsi olmuşdur. (bax: Z.Babayev "Həyat Ağacım" kitabı)
Bəzən gözümüz qarşısında qiymətli sənət əsəri olan xalılarımıza baxarkən, oradakı əfsanələri, əsatirləri, orijinallığı, təbiətin sirli sehrini biz bir anlıq görürük.(sözsüz ki, bəsirət gözü açıq olanlar) Düşünək ki, heç bir akademiya, təhsil müəssisəsi görməyən nənələrimizin, analarımızın toxuduğu xalçada əsrlər boyu, hələ bu gün də elm aləmini düşündürən nə qədər sirlər var. Zaur müəllimin anasının fikrinin üzərində ona görə bu qədər dayandım ki, yalnız müdrik insanlar çox sonralar gələcək hadisələr haqqında əvvəlcədən xəbərdar olar.
Hekayənin sonu olduqca maraqlıdır. Zaur Babayev öz saatını yaşadığı mənzildə şkafın gözündə tapır. Ancaq dəhlizdə şübhələndiyi adamın da saatı hekayənin qəhrəmanının qolunda idi. Bu ona olduqca mənfi təsir edir. Səhərə qədər gözlərinə yuxu getmir. Bu anlaşılmazlıq və həmin vaxt baş verənlər qəhrəmanın rahatlığını pozur. Səhərə qədər gözünə yuxu getmir. Çaşqınlıq içində olması hekayə qəhrəmanını olduqca narahat edir. Qanunları mükəmməl bilməsi və ən əsas da daxili dünyasının saflığı, vicdanının səsi onu əsarət altına alır. İstəmədən yaranmış vəziyyətdən özgəsindən əldə etdiyi saat sanki onun bütün həyat zamanını dayandırır.
Hadisəyə baxanda qəhrəmanın keçirdiyi hissləri böyük rus klassiki Dostoyevskinin əsərlərindəki qəhrəmanların yaşadığı həyəcanla, təlatümlə müqayisə etmək mümkündür.
Hekayənin qəhrəmanı üçün soyuq Moskva havasında donmuş saatın buzu elə səhər Zaur Babayevin saatı milis (oxu: polis) bölməsinə aparması ilə əriyir.

Hekayə real boyalarla, kəskin sujetlə necə deyərlər gün kimi aydın yazı üslubu ilə seçilir. Qələm sahibinin güclü bədii yaradıcılığı, səriştə və təcrübəsi oxucunu həyəcanlı saxladığı kimi arxasınca da aparmağı bacarır. Bu da Zaur Babayevin böyük təcrübəsindən, zəngin müşahidə qabiliyyətindən, yaddaşının iti və aydın olmasından irəli gəlir.
Göründüyü kimi, elmi işlə bağlı Saratova gedən hekayə qəhrəmanı elmi iş rəhbərilə səmimi söhbət edir. İş elə gətirir ki, illər bundan əvvəl saat ətrafında baş verən hadisənin o zamankı qaranlığına günəş doğur. Hər iki tərəfin daxili saflığının günəşi istənilmədən illər bundan öncə yaranmış xoşagəlməz hadisənin qaranlığını nura boyayır. Həmin zaman: "Qəhrəman olmaq üçün bir an belə bəs edər" - fikirləri özünü hekayə qəhrəmanının hərəkətində tamlığı ilə tapmış olur.
Zaur müəllimin soyadı Babayevdi. «Baba» sözü bizə çox mətləblərdən xəbər verir. Baba adətimizin ifadəsi, baba bu günün nəslinin səbəbkarı, baba müdriklik, ucalıq və təbiətin özü qədər zənginliyin ifadəsidir. Məhz bu soyadın baba olması da onun lap erkən yaşlarından qətiyyətli, məsuliyyətli hərəkəti və insanlarla rəftarı bir müdrik insanın davranış və xüsusiyyətlərini xatırladır. Deyirlər ki, o kəslərlə otur-dur ki, o gənc yaşda da belə ağsaqqal kimi davranmış ola.
Zaur müəllim Moskva təhsili alsa da, ancaq onun qəlbindəki kökümüzə bağlılıq, milli adət-ənənəni paylaşmaq və ünsiyyət mədəniyyətinin mərtəbəsinin yüksəkliyi, onun daxili azadlığını əlindən ala bilməmişdir. O, özgələşməyib, əksinə daha da milliləşib. Ancaq bu özümüzünküləşməkdə, milliləşməkdə böyük bəşərilik var. Bəşərilik də odur ki, Zaur Babayev hər zaman öyrəndikləri, qazandığı təcrübəsi ilə qarşı tərəfi zənginləşdirir.

"Saat" hekayəsi adi bir hekayə deyil. Elə hekayədəki bu saat da adi bir hədiyyə deyildi. Bu saat Zaur Babayevin həyat yolu ilə birgə onunla addımladı. Həyatının hər bir anın mənasız keçməməsi üçün onun qarşısını aldı. Saatın əqrəbinin təkin səsi Zaur Babayevin sol biləyində onun nəbzi ilə bir vurdu, ailəsinin onun yanında olmasını hər dəfə saat əqrəbinin döyüntüsündə bildirdi.
Əliağa Vahidin dediyi kimi vaxtını, anını boş sərf etməyibdir, Zaur Babayev.

Açıq, aydın bütün bunlar onun təhsil aldığı illərlə yanaşı, digər vaxtlarda da ölçülü-biçili, saat dəqiqliyi qədər həyatının da məzmunlu olduğunu görə bilərik. Biz tələbələr Zaur Babayevi hər bir anın gözəlliyini, qədrini bilən bir şəxs kimi görürük və sevirik.

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!