Tərlanə ABDULLAYEVA,
BDU Jurnalistika fakültəsinin tələbəsiAdını nə qoyum? Bu yazını: cəsarət dolu həyatın, "danışan" sükutların, mübarizənin müdrikliyinə, ağılla qəlbin savaşına, canlı bədənli ölü ruhlara, nifrətlə sevginin qovuşmasına və nəhayət, insan varlığının dərin qatlarında tapdığı adlara ithaf edirəm. “Hardan başlayım?”, “Mən kiməm?” və “Axı niyə?” ilə başlayan suallar günəşli, sərin mehli, hüzurlu havanın bir anda tufan əjdahasına çevrilməsi kimidir. O tufanda bir hissəsi rəngarəng çiçəklərlə, budaqlarında həzin nəğmə oxuyan bülbüllərlə dolu, digər hissəsi çatlamış, son nəfəsini verən, çökməsinə şahidlik edən qarğalar, ruhunu göylərə əmanət edən ağaclar var. Sənin səhnəndə rəqs edən düşüncələr, bir-birini boğan doğrularla yanlışlar, düyünlənmiş hisslərinlə ağacın köklərində birləşib. Başladığın, amma tamamlanmamış, qapı cəftəsindən “bitdi” yazılı asdığın plakat boy ataraq budaqlara çevrilib. "Bitdi" deyib, ruhunu, öz kainatını təmirə bağlayarsan, eyni ilə şəhərdə rastına çıxan “Müvəqqəti narahatlığa görə üzr istəyirik” ifadəsi kimi…
Bir əlində mala, digər əlində palçıq dolu vedrə ilə qəlbinin çatlamış divarlarına baxırsan. - Bacaracam, deyib aramsız nəfəslərlə dəridən-qabıqdan çıxırsan. İnsanların səndə yaratdığı yarım qalan sənət əsərlərini boyalarla deyil, suvaqla tamamlamağa çalışırsan. Çatları tamamlamaq üçün onun üzərinə təkcə suvaq çəkib malalamaq yetməz. Psixologiyada “Zeiqarnik effekti” adlı anlayış yarımqalan, tamamlanmamış mənanı ifadə edir. Buna əmin olmaq üçün sizə kiçik bir test tövsiyə edə bilərəm:
Yeməyinizi yarımçıq qoyub işə, məktəbə, universtetə və ya harasa getsəniz, daxildə tam doymadığınızı, sanki nəyisə evdə unutduğunuzu hiss edəcəksiniz. Adını qoya bilmədiyimiz problemlər, düşüncələr, hisslərin limanı yarımqalanlardır. Nəyi dinləyib, nədən başlamağı bilmədiyimiz üçün yanlış bildiklərimizlə bu həyata dirənərik. Milyard illərdən bu günümüzədək insanoğlu şüurunu dərk edərək daha çox xəyal edib, istiqamətini Aya tutdu, işığın saniyələr içərisində möcüzəsini kəşf etdi, texnologiyaya dayanmadan yeniliklər gətirdi, bir sözlə - ətrafında gördüklərindən dünyalar yaratdı və onlara ad verdi, amma adını özü seçmədi. Görəsən, adımıza uyğun taleyimizə biz qızıl uğurları yazırıq, ya taleyimiz bizi gəmisinə dəvət edib reallığı görmək üçün üstümüzə qılınc çəkər?
İnsanlar özlərinə sərf edən suallar verib, cavablarını istədikləri kimi yontub, cilalayarlar. Ritorik suallara cavabı ancaq cahillər tapar. Sualdan sual törətməyi müdriklər bacarar. Eyni sual ətrafında fırlanmağı qorxaqlar, sualın boğazını ülgüc kimi kəsməyi mərdlər bacarır. Qarışqa addımlarıtək fil addımlarına çatanlar bəşəriyyətdə ad qoydular. Özlərindən sonra mifik olmayan əfsanələr, gün keçsə də, ən yüksək zirvə nöqtəsindən enməyən silinməz yazılar, dünyaya gözünü açan körpələrə cəsarət və adlarının məğrurluğundan verdilər. Qəlbinin dərinliyində gizlədilmiş qutunun açarı, səsinin qüdrətini eşitmək üçün əzmkar dağlar, baxdıqca bütün dünyanı daxilində görən səma oldular. Adlarını qoymadıqlarımız açılmayan sandıq, melodiyasız notlar, səsli sükutlar, deyə bilmədiklərimiz, yaşanmamışlardır. Bəs sən həyatında adını qoya bilmədiyin daxilinin ecazkarlığına, sirrinə, görünməzliyinə və ən nəhayət dolub-daşan əks-sədasına nə ad verəcəksən?