Kəlbəcərin turizm potensialı ilə bağlı yeni konsepsiya hazırlanıbKəlbəcərin turizm potensialı, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır.
Dövlət Turizm Agentliyindən bildirilib ki, qurum tərəfindən Kəlbəcərin turizm və rekreasiya resurslarının mövcud vəziyyətinin öyrənilməsi, resurslarının qiymətləndirilməsi, turizm dəhlizləri, turizm inkişaf potensialı və prioritet turizm məhsulları sahələri üzrə araşdırılma işləri aparılıb.
Qeyd olunub ki, məsələ ilə əlaqədar müvafiq hesabatlar və “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb:
“Sənəddə Kəlbəcərin 2040-cı ilədək il boyu turizm fəaliyyətlərinin təşkili və Cənubi Qafqaz regionunda ən çox səfər edilən turizm destinasiyalarından birinə çevrilməsi hədəflənir.
Kəlbəcər rayonunda turizmin inkişafını səciyyələndirən əsas amillər aşağıdakılardır:
Ərazinin relyefi: yüksəklik və meyilliliklər, maraqlı geoloji quruluşlar, kanyonlar, dik qayalıqlar
Landşaftı: bioloji müxtəliflik, meşə əraziləri, flora və faunanın zənginliyi
Su hövzələri: çaylar, göllər, termal və mineral su ehtiyatları, bulaqlar
İqlim şəraiti: ekoloji təmiz hava, illik qar yağıntısı, turizm və rekreasiyanın inkişafı üçün yaratdığı digər imkanlar
Tarixi, arxeoloji və memarlıq abidələri.
Yuxarıda sadalanan faktorlar Kəlbəcər rayonunda təbiət (ekoturizm), dağ turizmi (qış turizmi də daxil olmaqla), macəra, sağlamlıq, mədəni və kənd turizminin (aqroturizm daxil olmaqla) inkişafı üçün əlverişli zəmin formalaşdırır. Hayking, trekinq, istiqamət müəyyən etmə, mağara marşrutları, qayaya dırmanma, quş müşahidəsi kimi təbiət turizm fəaliyyətlərinin formalaşması potensialı mövcuddur.
Aktiv və macəra turizminin inkişafı istiqamətində Kəlbəcərin imkanları yüksək qiymətləndirilir. Rayonun sahib olduğu geniş su ehtiyatları hesabına burada yerləşən çay və göllərdə balıqçılıq, raftinq (salçılıq) və s. idman və rekreasiya fəaliyyətlərinin yaradılması mümkün hesab olunur”.
Qeyd edilib ki, bununla yanaşı, Kəlbəcər rayonu ərazisində özünəməxsus krater gölləri mövcuddur, onların ümumi sayı 30-a yaxındır:
“Bunlar arasında ən çox turizm məqsədli istifadə oluna biləcək göllər kimi Böyük və Kiçik Alagöllər, Böyükgöl, Dibgöl, Əyrigölü misal çəkmək olar.
Turizm baxımından önəmli hesab edilən abidələrin əksəriyyətinin dağlıq və dağ ətəyi ərazilərdə yerləşməsinə görə Kəlbəcəri açıq hava tarixi abidələr muzeyi də adlandırmaq olar. Kəlbəcərin tarixi-arxeoloji irsinin əsas hissəsini Qafqaz Albaniyası dövlətinin müxtəlif dövrlərinə aid memarlıq abidələri təşkil edir.
Bundan əlavə, Kəlbəcərin Alagöl, Zalxagöl və Qaragölün sahillərində, həmçinin Pəriçinqılı, Ayıçınqılıda, Dəlidağın ətəklərində və Lülpər sahələrində 8000-ə yaxın qayaüstü təsvirlər, Zar kəndinin yaxınlığında mağara düşərgəsi qədim yaşayış məskəni kimi turizm nümayiş obyekti olaraq istifadə edilə bilər.
Kəlbəcər, həmçinin termal və mineral su ehtiyatları baxımından zəngindir ki, bu da tarixən mövcud olan balenoloji və sağlamlıq turizminin inkişaf etdirilməsinə şərait yaradır”.