Türk dövlətləri arasında muzeylər pulsuz olacaqSon illərdə türk dövlətləri arasında mədəni əlaqələrin inkişafı nəzərəçarpacaq dərəcədə inkişaf edir. Bu sahədə TÜRKSOY təşkilatının gördüyü işləri xüsusi ilə vurğulamaq lazımdır, bundan əlavə Türk Dövlətləri Təşkilatı tərəfidən bu birliyə daxil olan ölkələrin ortaq əlifba, bayraq və xəritəsinin yaradılması ölkələr arasında mədəni, siyasi, iqtisadi və sosial əlaqələrin daha da genişləndiyinin bariz göstəricisidir.
Eyni tarixi köklərə, adət-ənənələrə sahib türk dövlətlərinin əlaqələrinin genişləndirilməsi və mədəni bağların daha da möhkəmləndiriliməsi üçün türk dövlətlərinə rahat səyahət və həmin ölkələrin tarix, mədəniyyət və sənət aləmini daha yaxından öyrənməyə imkan verən muzeylərə girişin eyni kökdən gələn vətəndaşlar üçün əlçatan olması məsələsi aktuallaşır.
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı bildirib ki, artıq bu sahədə konkret işlərin həyata keçməsi üçün danışıqlar başlanıb.
“TÜRKSOY təşkilatı türk dövlətləri arasında mədəniyyət sahəsində fəaliyyət göstərən yeganə təşkilatdır. Biz də mədəniyyətin hər bir sahəsi üzrə fəaliyyət göstəririk. Bu sahəyə həmçinin muzeylərlə bağlı tədbirlər də daxildir. Bu sahədə fəaliyyət göstərən qurum – Türk Dünyası Muzeylər Birliyi də var. Bu birliyə daxil olan üzv ölkələrin müxtəlif muzeylərinin rəhbərləri iştirak edir, müəyyən fəaliyyət planları, iş birliyi, əməkdaşlıq sahəsində işlər görülür, eyni zamanda müxtəlif problemlərin həlli üçün görüşlər təşkil edilir və qarşılıqlı olaraq ölkələr bir-birləri ilə təcrübəsini bölüşür. Həmin tədbirlərdə də biz bir neçə dəfə türk dövlətlərinə daxil olan ölkələr arasında muzeylərə girişin pulsuz həyata keçirilməsi ilə bağlı təkliflər vermişik”.
Əksər ölkələrdə muzeylər yerli vətəndaşlar və turistlər üçün fərqli qiymətlər tələb olunur və təbii ki, xarici turistlərdən bəzən 3-4 qat daha çox pul tələb olunur. Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi vurğulayıb ki, Türkiyədə hər gün bu cür hallarla qarşılaşır:
“Türkiyədə muzeylərə giriş “yabancı”lar üçün fərqli qiymətlər nəzərdə tutulur və düşünürük ki, Türk Dövlətlər Təşkilatına daxil olan ölkələrin vətəndaşları nə Türkiyə, nə də digər türk dövlətləri üçün “yabancı” sayılmamalıdır. Türk Dünyası Muzeylər Birliyinin iclaslarında bu məsələ daim diqqətdə saxlanılır, eyni zamanda sözügedən sahə ilə bağlı protokollar hazırlanır”.
“TÜRKSOY –un Nazirlər Şurası ildə bir dəfə toplanır və burada mədəniyyət nazirlərinin toplantısı keçirilir və mövzu nazirlik səviyyəsinə çatdırılır. Sözsüz ki, orada alınan qərarlar da ölkələrin mədəniyyət nazirlərinə göndərilir və onlar da hökumətləri qarşısında bu məsələni qaldırırlar. Sözsüz ki, biz də bunun tərəfdarıyıq - Avropa Birliyində bu birliyə daxil olan vətəndaşlar həmin birliyə daxil olan ölkələrin muzeylərinə xüsusi güzəştlə gedir, biz də eyni ilə belə tendensiyanın olması müsbət hal olardı. Düzdür, biz Avropa Birliyi kimi bir təşkilat yaratmasaq da, gələcək bu prosesə doğru gedir və gələcəkdə Turan Birliyinin yaranması ilə sözsüz ki, bir çox iqtisadi, sosial, mədəni əlaqələrin inkişafı, güzəştlər tətbiq olunacaq. Mədəni sahədə birlik isə bugünlərdə müzakirə olunan mövzudur. TÜRKSOY bu kimi məsələləri qaldırır və onun qəbul edilməsi artıq ölkələrin öz üzərinə düşən məsələdir”,- deyə sonda Elçin Qafarlı qeyd edib.