Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin icra etdiyi “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının icrasına media dəstəyinin təşkili” layihəsi çərçivəsində bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinə media dəstəyi: mövcud durum və gözləntilər” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada KİV təmsilçiləri, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin sədri Elxan Şükürlü bildirib ki, layihənin məqsədi Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı təşəbbüslərə fəal media dəstəyinin verilməsi yolu ilə cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılmasıdır. O, dəyirmi masanın keçirilməsində də məqsədin Açıq Hökumət təşəbbüslərində KİV-in rolunu, bu məsələlərdə media-Qeyri-Hökumət Təşkilatları əməkdaşlığının müxətlif aspektlərini müzakirəyə çıxarmaq olduğunu və səslənəcək təklif və tövsiyələrdən gələcəkdə səmərəli şəkildə faydalanacaqlarını bildirib.
Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev isə çıxışında bildirib ki, Açıq Hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə növbəti “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib. Ə.Nuriyev bu plandan irəli gələn vəzifələrin daha yaxşı icra ediməsi üçün QHT-media əməkdaşlığını təşviq edən tədbirləri dəstəklədiyini qeyd edib.
Ə.Nuriyevin sözlərinə görə, Açıq Hökumətin ən mühüm prinsiplərindən biri informasiya əlçatanlığının təmin edilməsidir ki, bu istiqamətdə də KİV-lərin üzərinə böyük yük düşür: “İnformasiyanın əlçatanlığı hər bir cəmiyyətdə inkişafın zəruri elementlərindəndir. Xüsusən də vətəndaşların onları idarə edən hökumətin, dövlət orqanlarının fəaliyyəti barədə məlumatlı olması həm şəffaflığın təmin edilməsi, həm də problemlərə daha adekvat reaksiya verilməsi üçün çox vacibdir. Bu məsələlərdə isə KİV xüsusi rola malikdir. KİV bu məsələri aktullaşdırmaqda, təşviq etməkdə vətəndaş cəmiyyətinə böyük töhfələr verir. Eyni zamanda KİV-in bu fəaliyyəti islahatlar üçün ictimai etimad mühitinin yaradılmasına xidmət edir”.
Ə.Nuriyev qeyd edib ki, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması bu sahədə KİV-in təkliflərinə və əməkdaşlığına hər zaman açıqdır: “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planınında da informasiya açıqlığının təmin olunması ilə bağlı tədbirlər nəzərdə tutulub və KİV təmsilçiləri bu məsələlərdə daha fəal olmalıdırlar”.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İcraçı katibinin müavini Rauf Məcidbəyli isə çıxışında milli donor kimi Şuranın QHT-lərin Açıq Hökumət təşəbbüsləri ilə bağlı layihələrinə dəstəyindən söz açıb. R. Məcidbəyli bildirib ki, ümmumlikdə Şura 2016-cı ildə 542 təşkilatın layihəsini maliyyələşdirib: “Şura eyni zamanda QHT-lərə metodiki dəstək verir. Həmçinin vətəndaş cəmiyyətində gedən prosesləri izləyir, icra olunmuş layihələrin hansı səmərə verdiyini öyrənməyə çalışır”.
Səbuhi ALLHVERDİZADƏ