İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 22-04-2015, 21:45
Dan üzü ağaranda

Etibar Etibarlı
Dan üzü ağaranda
(Zəfər poeması)
Bayrakları bayrak yapan üstündəki
kandır, Toprak, əgər uğrunda
ölən varsa, Vatandır!

Mehmet Akif Ersoy


I

İlin son ayıdır...Məşum bir gecə...
Hər yan vahiməli sükut içində.
Elə bil ay qorxur,
ulduz çəkinir-
gah batır, gah çıxır bulud içindən.

Dünən qovuşmuşdu burda Yerlə Göy,
Qiyamət günüydü, sanki yarışdı.
Güllə istisindən, top tüstüsündən
İlk qar da əriyib qana qarışdı.

Bu haqsız savaşda, bu haqsız cəngdə
Neçə ömür sönüb, neçə can yanıb.
Qırov əvəzinə, buz əvəzinə
yaralı kollarda qan salxımlanıb.

Dönüb qan gölünə Boğaziçi də,
(Gəmilər gecəyə atıb lövbəri).
İndi yadellilər yatıb marıqda,
sahilə tuşlanıb top lülələri.

Bu yanda oyaqdı yaralı torpaq-
Təpə oyum-oyum,
dağ səngər-səngər.
Nigaran dayanıb türk oğulları-
ürəyi ovcunda,sinəsi süngər.

Dünən dost itirib,
qardaş itirib,
Şəhid taleyini son ümid sanıb.
Torpaq qanad gərib övladlarına-
ağac qarsalanıb,
daş parçalanıb.

Solğun ay işığı düşəndə hərdən,
sanırsan bu torpaq
bir dağ qaladır.
O ki yağılara meydan oxuyan
türkün iftixarı-)
Çanaqqaladır.

Yadelli nə gəzir yad torpağında?!
Baş tutmur hiyləsi,
qəfil həmləsi.
Çünki keşikdədir türk oğulları
qəlbində, dilində
“ Vətən” kəlməsi.

Varmı elə millət dünya üzündə,
köksündə bu qədər
çarpaz dağ olsun?
Varmı belə millət, mərd oğlu-qızı
desin: “Mən ölsəm də
Vətən sağ olsun?!”

Anlamır tamahın əsiri düşmən,
Bu tarix məkrlə yazıla bilməz!
Ulu əcdadları haqqa tapınan
millətin torpağı
basıla bilməz!

Durub Çanaqqala bir heykəl kimi,
Güllə nişangahı,
göz hədəfidir.
Neçə özgə dildə danışanların
dilini yandıran söz hədəfidir.

Sabah son döyüşdü...
Əyilməz şəksiz!
Yenə Çanaqqala mərd qalasıdır.
Yeni Tarixini yazmalıdır türk,
ya da bir xalq kimi məhv olasıdır!

...Gecə keçir yarıdan,
ay batır,
zülmət çökür.
Torpaqmı?
İnsandımı hey yanıqlı ah çəkir?!
Dünya qara libasda...
Gecə sanki canlıdır,
çırpınır son nəfəsdə!
Bu inilti, sızıltı hansı səngərdən gəlir?
Yaralı necə dözsün,
nə yatır, nə dincəlir!
Sığındığı daş-kəsək,
yatağı, yeri nəmli...
Dərd kimisə dindirir,
oxuyur qəmli-qəmli.
Oxuyur ki, qəlbində intizarı ovutsun,
yaralı yoldaşları ağrıları unutsun.

Biz dünyadan geder olduq,
Gelenlere selam olsun.
Bilmeyenler nerden bilsin,
Bilenlere selam olsun.

Bizim üçün xeyir-dua
Qılanlara selam olsun.

Kim bilir, bəlkə indi məzarında Əmrənin
Vətənindən nigaran
ruhu oyaqdır yəqin.

Oxudu türk əsgəri, ürəklərə tab gəldi.
Nəğmə susdu bu yanda,
o yandan cavab gəldi.
Bir cavan da oxudu azəri ləhcəsində,
İliklərə işləyən həsrət vardı səsində:

Əzizim, kətan yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.

Bu yerlər qala yeri,
Bürc yeri, qala yeri.
Qiyamət o gün qopar,
El köçə, qala yeri.

Gecə qulaq kəsildi səsdəki məlahətə,
Dinləyən heyran oldu sözdə dərin hikmətə.
Türksoylunun əbədi himnidir bu bayatı,
Bir kimsə unudarmı bu anı, bu saatı?!
Vətən sevgisi yaşar
türkün nəğmələrində,
Orda ümid payı var
işıqlı səhərin də.
Türk daim “Vətən” deyib
dərdli bülbül tək ötər,
Torpağını itirmək-ona ölümdən betər!
Türk şəhidin ruhunu ocaq sanıb and içər,
Göz qırpmadan Vətənçin
şirin canından keçər!

...Qarşı tərəfdə düşmən
quzğun mürgüsündədir--
yuxusunda leş görür,
Onunçün “Vətən” sözü bihudə, əfsanədir.
Onunçun nə fərqi var-- bu savaş nə savaşdı,
Dini-imanı sərvət-
harda aş, orda başdı...
Dan üzü ağaranda

Səkkiz aydır göz dikib bu əyilməz qalaya,
Üç tərəfdən salsa da onu dəmir halaya,
Yağış tək yağdırsa da üstünə güllələri,
yenə fəth edə bilmir!
Bir addım gedə bilmir!
İnsanlığı unutmuş,
gözlərini qan tutmuş
bu insan qiyafəli iblisin nə vecinə!
Öləni, yarımcanı gərəksiz əşya kimi
tökür Boğaziçinə--
getsin cəhənnəm olsun,
balıqlara yem olsun!
Özgə torpaqlarına güllə atan kimsənin
əqidəsi sərvətdir,
talandır, qənimətdir.
O bədbəxt anlamır ki, qana bulaşmış sərvət
tale güldürə bilməz!

O türkü öldürsə də,
türkün ürəyindəki eşqi öldürə bilməz!

...Bayatı bitən kimi səssizlik hakim oldu.
Ovunan, ovsunlanan,
düşmənə nifrətindən alovlanan kim oldu?!
Nəğmədən sehrlənən Əhməd adlı çavuşu-
gənc bir dəliqanlını,
yurdsevər, yurdcanlını
şirin-şirin xəyallar dünyasından qopardı,
cənnətməkan sandığı doğma köyə apardı.

Qızıl payız nazlanır: bağlar bar üstündədir,
budaqlar əyim-əyim,
qırmızı gülöyşə nar,
günəş kimi sapsarı heyvalar üstündədir.
Həyət -baca tərtəmiz, hər bucağa əl dəyib,
Ev-eşik elə bil ki, bayram libası geyib.
Babası bir tərəfdə atını tumarlayır,
Ana əlində ütü əlbisə hamarlayır.

Enlikürək abisi evli dəliqanlıdır,
Gözəl-göyçək, həyalı ablası nişanlıdır.
Simavərə od salır,
ağzında yaşmağı var,
ayağında bəzəkli gəlinlik başmağı var.

Abla köçüb gedəcək günlərin bir günündə,
O da qol götürəcək bacının düyünündə.
Növbə ona gələcək -
sevinəcək, güləcək.
Axı, gözaltısı var-köyün gözəl qızıdır,
Əhd-peyman bağlayıb-hər ikisi razıdır.
Bundan böyük səadət!?
Fələyin işinə bax :
Gəldi dərd ardınca dərd.
Böyük Savaş başladı...
Əvvəlcə baba getdi, abisi də dalınca.
O yazıq da dünyadan kam almadı doyunca.
Növbə Əhmədə çatdı.
Olan ona da oldu,
xumar gözlü sevdiyi gözləri yaşlı qaldı.

...Bir evdə üç örpəkli,
Bir başı papaqlı yox.
Bu nə haqsız davadı.
İlyarımdır cəbhədə eşitdiyi top səsi,
gördüyü qan-qadadır.

Əhməd düşünürdü: yəqin köylərdə
başıörpəklilər qara geyirlər.
Analar, bacılar ağız açanda
Allahım, görəsən, nələr deyirlər?

Basdı beşatlanı köksünə bərk-bərk,
titrədi qəzəbdən, əsdi dodağı.
O güclə saxladı hönkürtüsünü,
nəmli gözlərinə sıxdı bayrağı.

Dönüb söykəndiyi daşa da baxdı,
(Daşın gen sinəsi çopur-şopurdu).
Hər dəfə dəyəndə düşmən gülləsi,
köksündən bir parça qəlpə qopurdu.

Öpdü, sığalladı doğmalarıtək,
sandı yanındadı dostu, qardaşı.
Necə sevməyəsən Vətəni, əgər
səni qoruyursa bir Vətən daşı!?
Çoxdan kövrəlməyi yadırğamışdı,
Nə oldu? Bəs bu nə
göz yaşı idi?
Nə səsdi?
Tanıdı hənirtisindən,
Alay komandiri, yüzbaşı idi.

Əhməd əzizini görənlər kimi
bu qəfil gəlişə yaman sevindi.
Qalxdı həbçitək, əl gicgahında:
-Salam, komutanım,
xoş gəldin,-dedi.

Yüzbaşı sevirdi öz əsgərini,
Qəlbində ehtiram, hörmət var idı.
Bu sadə, sevimli köylü balası
Igiddi,
alayın bayraqdarıydı.

Əl verdi yüzbaşı ona dost kimi,
Astadan danışıb hal-əhval tutdu.
Sanki ağır yükdən qurtuldu Əhməd,
Güllə yarasını tamam unutdu.
Dan üzü ağaranda

Əyləşdi çavuşla yüzbaşı qoşa,
daşa söykəndilər verib baş-başa.

...Səssizlik içində boğulur gecə,
Qulaq cingildəyir sükutdan, zinhar!
Nə insan fəryadı,
nə güllə səsi,
nə ölüm, nə itim, nə qan-qada var!

Zülmətə zilləyib baxışlarını,
iki dost oturub “daş” səngərində.
Çarpışır bayaqdan
ümidlə güman
sabahdan nigaran ürəklərində.

Çavuş
Yorğunsuz, komutan, dincəlin bir az,
Bu qədər yuxusuz dayanmaq olmaz.
Axı, neçə gündür ayaq üstdəsiz,
Görən də deyər ki, yəqin xəstəsiz.

Yüzbaşı
Canım, nə yorğunluq,
nə dinclik, yuxu?
Ağır yaralıdır əsgərin çoxu.
Bu qədər itkimiz getsin hədərmi?
Adamın gözünə yuxu gedərmi?
Mərmi az, güllə az...
Nə deyim daha?!
Ümid əsgərədir, bir də Allaha.
Yarın son döyüşdür...

Çavuş
Son döyüş?

Yüzbaşı
Bəli.
Cəbhədə olacaq nəyimiza varsa ,
Sonda haqq kimindir bilinməlidir.
Əgər Çanaqqala təslim olarsa,
“Türk” sözü tarixdən silinməlidir.
Kimin əməlidir?
Kimdir günahkar?
Dünya şahid olsun bu hərbə şahid.
Yarın, arkadaşım,
Yarın, inşallah,
ya qazi olarıq, ya da ki şəhid!

Çavuş

İnşallah, komutan, zəfər çalarıq,
Arzumuz çin olar, qisas alarıq.
Ancaq anlamıram bu qansızları:
rusu, ingilisi...fransızları,
dağ aşıb, su keçib, yol gələnləri.
qurdtək üstümüzə tökülənləri.
Axı, nə haqla?
Gəliblər bu qədər yaraq-yasaqla?
Biz ki, bir kimsəyə toxunmamışıq?!

Yüzbaşı
Söhbət toxunmaqdan
getmir, Əhmədim,
Türkün kökü-soyu qədimdir, qədim.
Türk atın belində çox yollar yordu,
qanı bahasına bir dövlət qurdu.
Başı bəlalardan açılmasa da,
düşsə də nahaqdan alova, oda,
yabanı ot kimi qalxdı, göyərdi.
Çavuş
Hə, böyük dədəm də belə deyərdi.
Yüzbaşı
Yazıq analar da burub boynunu
gözləyib ər yolu, oğul yolunu.
Sınıq könüllərdə sönüb arzu-kam,
Gəlinlər dul qalıb,
cavanlar nakam.
Dərd əksik olmayıb həyatımızda.
Qəmlidir mahnımız, bayatımız da.
Yəqin dinləmisən iki əsgəri,
Biri osmanlıydı, biri azəri.
Az qovğa görməyib dədələrimiz,
durub bu ölkənin keşiyində biz
göz bəbəyitək
qoruyaq gərək!
Türkün öz dövləti, zəngin sərvəti,
həm də gündən-günə artan qüdrəti
din ayrı, dil ayrı bir çox millətin
şirin yuxusunu qaçırır yəqin.
Sultan Mehmet Fateh,
o türk sərvəri
İstanbulu fəth edəndən bəri
Avropa, Rusiya yuxu da yatmır,
əli Mərmərəyə, Boğaza çatmır.
Ona görə də
min oyundan çıxır İngiltərə də.
Hindistan ən böyük Şərq ölkəsidir,
o da ingilisin müstəmləkəsidir.
Fransanın əli Əlcəzairdə,
Hakimi-dövrandır indi o yerdə.
Avropanın gözü daim şərqdədir,
Gizlin də deyil ki, məramı nədir.
Dünyanın qudurğan hegemonları,
dişinə yem bilir müsəlmanları.

Rusun ləşkəriylə azmı savaşdıq?
Qonşumuz yunana qucaq da açdıq.
Nə xeyri?
Duz yoxdu çörəyimizdə.
Ayıq olmalıyıq hər işdə biz də.
İndi anladınmı gözüdarlığı?!
Ən böyük əngəldir türkün varlığı.
Əgər fəth etsələr Çanaqqalanı,
Suiçimkimidir yerdə qalanı.
Sonra da İstanbul!
Son məqsəd budur.
İstanbul yoxdursa, türkün sonudur.

Nədənsə qəflətən
susdu yuzbaşı,
Ətrafı dinşəyib
saata baxdı.
Buludlar seyrəlib,
ay çıxıb üzə,
səmada ulduzlar
çıraq-çıraqdı.

Çavuş bilirdi ki,
iş nə yerdədir,
Niyə komutanı
tikan üstdədir:
hələ qayıtmayıb
kəşfiyatçılar.
Təki sağ-salamat
dönəydi onlar.

Çavuş
Abi, gələcəklər, qalma nigaran.
Üzü ağ çıxıblar çox sınaqlardan.

Yüzbaşı
Ölümə yollanıb beş dəliqanlı,
Ikisi azəri, üçü osmanlı:
Üsgüdarlı Səlim, Vanlı Kərəmlə
Bursalı Suat,
həm də azərilər-Məhəmməd, Murad.
Çavuş
Kimsə o dostların verməz yerini.
Neçə yol onlar
ölümdən qurtarıb biri-birini.
Bir dəfə Səlimi qorusun deyə
Murad sinəsini verib gülləyə.
Şükür ki, sağ qalıb...

Yüzbaşı
Çiyin-çiyinəyik ilk gündən bəri,
Vuruşur cəbhədə üç min azəri.
Biz qan qardaşıyıq, birdi qanımız,
Eynidi bəlamız, dost-düşmanımız.
Yüz il bundan əvvəl
(şahiddir zaman)
Əlbir-dilbir olub Rusiya, İran
böldülər ikiyə Azərbaycanı.
Töküldü minlərlə insanın qanı.
Rus çarı yeritdi siyasətini,
açdı iç üzünü, bəd niyyətini:
Möhkəmlətmək üçün cənub sədləri
Köçürtdü riyakar erməniləri
Əzəli azəri torpaqlarına.
Belə kölə tayfa gərəkdir ona.
Çarın sayəsində dövlət qurdu “yan”,
Oldu baş kəndi də qədim İrəvan.
Əsrin əvvəlində at oynatdılar,
Neçə yol günahsız qan axıtdılar.
Arxalı köpəkdir, üzü qaradır,
Qafqazın bətnində qara yaradır.
Gördünmü yedilər çörəyimizi,
Rusa, ingilisə satdılar bizi.
Gah casus oldular,
gah qan tökdülər,
Sonra tülkü kimi boyun bükdülər.
Düşmənin namərdsə,
çox böyük dərddir,
Xoşbəxt o xalqdır ki,
düşməni mərddir.
Osmanlı-azəri, yoxdu fərqimiz,
Eyni bir taleyi yaşayırıq biz!
Sözə ara verdi yüzbaşı birdən,
Tələsik sıçrayıb, qalxdı yerindən.
Dedi: ”Eşitdinmi həniri, Əhməd,
Mən getdim, bayraqsa sənə əmanət.
Bir kimsə bu yoldan dönməməlidir,
Göz nurum, bu bayraq enməməlidir.
Qaldır başın üstə dan ağaranda,
Bax, qoyma əlindən yerə bir an da!
Bilmirəm yaxındı, uzaqdı əcəl,
Gəl indi, son dəfə vidalaşaq, gəl!”-
Deyib qucaqladı çavuşu bərk-bərk,
Elə bil bir daha görüşməyəcək.

O getdi, gecədə görünməz oldu,
Qəhərdən əsgərin gözləri doldu.

Komandiri deyil sanki yüzbaşı,
qayğıkeş atası, qardaşı idi.
Çökmüşdü qəlbinə bir qərib nisgil,
Təkcə təsəllisi göz yaşı idi.

...Soyuq bir qış səhəri ağaranda dan üzü,
Qəmli-qəmli boylanıb, sönəndə dan ulduzu,
Top-tüfənglər oyanır,
lal səngərlər oyanır.
Yağır mərmi yağışı,
yağır güllə yağışı.
Qanla sulanır, qanla torpağın hər qarışı.
Yer-yurd od tutub yanır.
Boğaziçində neçə
yad ölkənin rəngbərəng
bayrağı dalğalanır.
Neçə dildə danışan rütbəli - rütbəsiz var.

Bu tayda bir rənglidir
ay-ulduzlu bayraqlar.
Əmrlər bir dildədir,
Fəryad da, qışqırıq da,
nalə də bir dildədir.
Yaralanan mehmetcik
bu dildə inildəyir,
Sağ qalan da bu dildə
“Vətən uğrunda!” deyir.

...Tüstü -duman gizlədib
əsrlərin şahidi qocaman bir limanı,
Səs-küy tutub dörd yanı.
Güllə hardan çovuyur?
Mərmi haradan gəlir?
Qan qoxusu, qan iyi sudan, qurudan gəlir.
Zor gücünə arxayın düşmən anlamamışdı:
Tutduğu yol yanlışdı--
Yad ayaq yad torpaqda bir addım ata bilməz.
Qara niyyətlə gələn kamına çata bilməz!
Hələ anlamamışdı:
Müqəddəs türk torpağı qaçar ayağı altdan,
Türk övladı çox keçib belə alovdan, oddan!
İndi dəhşətə gəlib cəhənnəm zəbanları,
Serlərin, müsyölərin titrəyir dabanları.
Türk qızı şaqqıldadır zağlı snayperini,
Yerə sərir dalbadal düşmən əsgərlərini.
Bir alayın silahı tək bir qıza tuşlanır,
Bir örpəkli yüzlərin əlində qurşunlanır.
O mənim qeyrət tacım!
O mənim ismət tacım!
Nakam gedir həyatdan,
Yaş tutur kiprikləri,
Dolaşır tüfənginə xurmayı hörükləri!

Seyid çavuş toplayıb gücünü, qüvvəsini
Ötürür xəzinəyə topun son gülləsini.
Atəş!... Boğaziçində nəhəng gəmi od alır.
Bu atəş səngərlərə səs salır, səda salır.
Yaşa, çavuşum, yaşa!
Bu dəmdə əmr verir
Ordunun komandanı Mustafa Kamal Paşa!
Əmr şimşəktək çaxır,
Yayılır səngər-səngər:
“Mən sizə, əzizlərim, ölməyi əmr edirəm,
Tutacaq yerimizi arxamızca gələnlər!”
Himəbənd türk əsgəri əmr gözləmiş kimi,
Əlbəyaxa döyüşə atılır bir şir kimi.
Süngülər işə düşür,
Qəzəb, nifrət döyüşür.
Can çəkişən yaralı, ümid, güman ağlayır,
Yerin müşkül halına buludlar qan ağlayır.

...Düşmənlər tab gətirmir-
Zədəli gəmilərdə qaçmağa üz qoyurlar,
Tarixdə bir ləkəli,
bir qara iz qoyurlar.
Sınır dor ağacıtək, sınır saxta vüqarı,
Əski parçası kimi tapdanır bayraqları.
Tufantək gəlmişdilər,
ilğım kimi itdilər.
Diri gətirmişdilər, ölü qoyub getdilər.
Sahibsiz ölülərə sahib çıxan türk oldu,
Sərvət hərislərinə bu son zəfər görk oldu!

...Əhmədin fərəhindən ürəyi atlanırdı,
Özünü bu dünyanın ən xoşbəxti sanırdı.
Eşidəndə yayılan qələbə müjdəsini,
Atmışdı beşatlanın sonuncu gülləsini.
Ən uca bir təpədə bayrağı sancıb yerə
sevinclə baxırdı o dumansız üfüqlərə.
Birdən sinəsi yandı--
köksündən qan fışqırdı.
Düşdü arxası üstə.
“Ana!”,-deyib qışqırdı.
Bayrağın dəstəyini buraxmadı o yenə,
Bayraq da örpək kimi sərildi sinəsinə.

Bir anda səs yayıldı:“Bayraqdarı vurdular!”
Döyüş dostları çatıb bir cərgəyə durdular.
Yüzbaşı da yetişdi,
dizləri üstə düşdü.
Ürəyində sağalmaz bir ayrılıq möhnəti,
O hönkürə-hönkürə qucaqladı Əhmədi.
Öpdü yaş tökə-tökə üzündən, yarasından,
Oğlutək doymamışdı o köylü balasından.
Od-ocaqsız yanırdı.
Şəhidin sinəsində qızıl qan buğlanırdı.
Əhməd köçdü dünyadan şərəfli insan kimi!
Çiyinlərdə getdi o
ölməz qəhrəman kimi!...

...Məğrur Çanaqqala - zəfər qalası,
Şöləsi sönməyən
çıraqdır indi.
Türkün şəhid qanı hopan bayrağı
Bayraqlar içində
bayraqdır indi.
Dan üzü ağaranda

Asan yazılmadı yeni tarixi,
Yolunda nə qədər
ölən-itən var.
Bu gün ədaləti, haqqı qoruyan
Böyük Türkiyə var!
Böyük Vətən var!...
19-27 mart 2015.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!